Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Şəppəli», sayfa 3

Yazı tipi:

Mursaquluya sarı çevrilib, birdən səsini qaldırdı:

– İndi mən necə Məmmə, Məmmə deməyim, a Mursaqulu?! Necə yəni yığışdır bu Məmməni?! Sən mənə de görüm, hansı dili qurumuş deyib sənə o xəbəri?! Məmmə hara, bu xəbər hara, a Mursaqulu?!

Baş mühasib cavab əvəzində qeyri-müəyyən bir tərzdə “hm!” eləyib ayağa qalxdı, hər iki əli böyrəklərinin üstündə, qaməti əyili, qapıya doğru addımladı. Kandarda toplaşanlar çəkilib hörmətlə baş mühasibə yol verdilər, sonra bir-birinə baxıb onun arxasınca çıxdılar.

Bir az sonra kontorun həyətində, camaatın arasında Mursaqulu, bayaqkı qışqırtısının əksinə, hüznlü, dərdli səslə deyirdi:

– Şəppəli dözməz bu dərdə… Şəppəli öləcək…

… Telefonda əvvəlcə Zemfira balanın səsi eşidildi. Şəppəlinin ürəyi çırpındı: “Şükür! Şükür! Dar gündə Məmmənin yanındadı!..”

– Zemfira bala! Ay mənim gözəl gəlinim! Şirin gəlinim! Tanımadın?! Dyadya Buratinodu də!..

Zemfira bala susurdu. Niyə?.. Dəstəkdən Məmmənin səsi gəldi:

– Dayı, hardan danışırsan?

Şəppəli təəccübləndi.

– Necə hardan, ay oğul? Həmişəki yerdən, “Nərgiz”in yanından!

– Gəl, dayı, gözləyirik.

– Bıy… – Şəppəli mat-məəttəl qaldı. O tərəfdə isə dəstək asıldı: “Düt-düt!..”

Şəppəli budkadan çıxdı. İkinci mərtəbədə taybatay açıq, gurişıqlı pəncərələrə, sonra nübar yemişlərlə dolu iki səbət və içərisində erkək cəmdəyi olan taxta çamadana baxdı. Bu nə müsibət idi cavanlar göstərdilər? Necə yəni “gəl, gözləyirik?”

Şəppəli bir müddət gözlərini pəncərələrdən ayırmadı. Orda heç kəs görünmürdü. Kafe ilə evin arası iyirmi addım olmazdı. Əmma meydançanı keçənə qədər kişinin nəfəsi qaraldı.

Kəmərini səbətlərin qulplarına keçirib çiyninə almışdı. Çamadan əlində idi. Bir tərəfdən çiyni üzülürdü, o biri tərəfdən qolu. Qıçları titrəməyə başlayırdı.

Bir dəfə, həmin dağətəyi kahaların qabağında, həmin çəmənlikdə ətlik üçün tərəzidə qoyun çəkiləndə çobanlar bir-birinə göz elədilər, Şəppəlini hop götürüb tərəzinin üstünə atdılar. Azca əvvəl burmabuynuz bir qoçun çəkisi qırx kilo gəlmişdi. Şəppəlininki otuz kilo gəldi və Şəppəli bundan çox məyus oldu. Öz cürəfəsizliyini, əlbəttə, bilirdi. Əmma ömründə bir dəfə də tərəziyə qalxmadığından, bu dərəcədə vəznsizliyindən xəbəri yoxdu. Buna görə də məyus oldu. Bəraət üçün dedi: “Stol adamıyam, qardaş. Stol canımı alıb”. Bəraət üçün dedi, əmma əslində bu həqiqət idi: Şəppəlinin bədəni, demək olar ki, əzələdən məhrum idi. Bu əzələsiz bədənin indi təxminən yetmiş kilo, yəni özündən iki kərə ağır yükü qaldırması möcüzə idi. Əmma Şəppəli bu barədə fikirləşmirdi. Orda, mənzildə nə isə ciddi bir şey olmuşdu. Əgər Zemfira bala pəncərədə görünüb “dyadya Buratino!” qışqır-mırdısa, yəni sevinmirdisə və əgər Məmmə qarşılamağa, kömək eləməyə çıxmırdısa, demək, nə isə bir hadisə baş vermişdi.

Meydança, nəhayət, qurtardı.

Şəppəli səki boyunca düzülmüş cökələrin altındakı yaşıl ot zolağını – “qazonu” da müvəffəqiyyətlə keçdi. Ayağını səkiyə qaldıranda isə birdən xırp dayandı: nə kökə düşmüşdüsə, kişinin cəmi bir qarış hündürlüyə qalxmağa taqəti çatmadı. Beləcə, bir ayağı “qazon”da, o birisi səkidə, ilişib qaldı.

Məmmənin pəncərələri lap yaxında, onun başının üzərində idi. Əmma Şəppəli Məmməni çağırmadı. Əvvəla, çağırmaq istəsə də səsi çıxmazdı. İkincisi də, tamam mübaliğəsiz demək olar ki, öz qeydinə qalmırdı: beynində yalnız bayaqkı fikir dolanırdı: orda – yuxarıda nə isə olmuşdu. Məmmə gör nə halda idi ki, qarşılamağa çıxmırdı.

Şəppəlini təpədən-dırnağa tər basdı. Gözləri qaraldı. Çamadan əlindən düşdü.

Birtəhər əyilib səbətləri də səkiyə qoymaq, tezcə yuxarı qalxmaq, nə baş verdiyini öyrənmək istədi. Bu vaxt Məmmənin “paradnısından” kim isə səkiyə çıxdı. Dayanıb Şəppəliyə baxdı. Sonra arxasınca çıxan “zənən”in qolundan tutub sürətlə addımladı.

Şəppəli bu bəstəboy, şlyapalı adamı professor Məmmədəliyə – “Məmmənin özü kimicə, cavanca qayınatasına” oxşatdı. Əmma buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi ki, professor onunla üz-üzə gəlib, dindirməyib, heç olmasa dilucu salam verməmiş gedə bilər. Şəppəli zənənə diqqət yetirdi və… əhvalı nə qədər xarab olsa da, o zənənin gözəl, zərif qamətini tanımaya bilmədi. Bu şlyapalı adamın professor Məmmədəli olduğuna şübhəsi qalmadı.

– Professor!.. Ay oğul!..

Səbətlər aşırılıb düşdü, yemişlər dığırlanıb səkiyə dağıldı. Əmma Şəppəlinin gözünə yemiş-zad görünmürdü:

– Zemfira bala!.. Ay oğul!.. A qohum!..

Sürətlə uzaqlaşıb, elə bil nə isə qorxunc bir təhlükədən qaçan qohumlarından Şəppəlinin yadında həmişəlik olaraq iki şey qaldı: parça mağazasının vitrininin işığında, professorun əsəbi əlində parıldayıb gözlərini qapayan qara sağanaqlı, tutqun şüşəli gözlük, bir də gedə-gedə dönüb “dyadya Buratino”ya baxan Zemfira balanın yanağında yaş damlası.

Başıdumanlı, yenidən yüklənib ikinci mərtəbəyə qalxanda, qapını açan kimi danışmağa başladı:

– Professornan gəlinimin elə getməyi belimi sındırdı. Aranızda nəsə olub. Əmbə hələ onu xəbər almıram, o qoy dursun. Əvvəlcə mənə de görüm, dayıyın Məmməsisən, yoxsa Mursaqulu deyən Məmmə?! Bax, nəm-nüm eləmə, baş-ayaq vurma, sənə qurban olum. Birdəfəlik açıqca de ki, ya birdəfəlik ölüm, ya dirilim. Bu saat mən yarımcanam!.. Birbaşa, açıqca!.. Mursaqulu o xəbəri deyib-deməyib, yenə dodağım çimildəşir. Əgər sən təmizsənsə, düz yolun yolçususansa, ağzımı-burnumu yox, istər var bir şaqqamı şəppə vursun, vecimə almaram, başın haqqı, indiyəcən necə yaşamışamsa, indən belə çalışıb birə beş qat artıq kefnən yaşayacam! Yox, əgər ürəyin ləkəlidisə, onu da, dediyim kimi, lap açıqca, utanıb-eləmə birbaşa de, mən də işimi bilim, oğul, xəbər verim sovxoza, qəbrimi qazıb hazırlasınlar, gedim girim içinə, uzanım, torpaqlasınlar üstümü, qurtarsın getsin. Onsuz da, yaranıb-yaranmamışam, fələkdən şapalaq yemişəm. Bir dəfə, lap cavan vaxtımda, təcrübəsizliyimin üzündən haqq-hesabı dolaşıq salmışdım, məni silistə çəkdilər, dedilər, “sosialist əmlakını dağıdırsan”. Bir onda fələyin şapalağı dəydi, ağzım əyildi, öz doğmaca əmim qızı – nişanlım məndən üz döndərdi. O əyrimi Oruc düzəltdi. Sonra da sən düzəltdin. Məni yaşadan sənsən, sənə qurban olum! Sən mənim işıqlı dünyamsan! Əgər dilim qurusun, belə deyilsənsə, daha mənim yaşamağımın nə mənası var?!

Şəppəli Məmmədən pis cavab eşitmək qorxusu ilə, özü də hiss etmədən vaxtı uzadırdı. O divanda, Məmmə isə divanla üz-üzə divarı başdan-başa tutmuş kitab rəflərinin tən ortasından yataq otağına açılan qapının arasında, alçaq kürsüdə oturub, başını sinəsinə əyib aramsız siqaret tüstülədirdi. Onun böyründə yataq otağında üstünə yaşıl ipək çəkilmiş qoşa taxt, bir açıq jurnal və Zemfira balanın rəngli portreti görünürdü. Əvəllər Bakıya gələndə və Zemfira balanı burda tapmayanda, onun əvəzində Şəppəli həmin bu rəngli, elə bil canlı portreti öpürdü, “gəlininin” çiyinlərinə dağılmış sarı saçları arasında tamam gözlənilməz təsir bağışlayan zil qara, gülümsəyən gözlərinə baxıb başını bulayırdı: “Ay kələkbaz şeytan!..” Bu sözləri o, heç də nə isə demək xatirinə demirdi. Bu sözlərin arxasında böyük bir aləm vardı.

Professorun ailəsi ilə ilk tanışlıqdan cəmi bir həftə sonra Zemfira bala sovxoza, “dyadya Buratino”nun üstünə məktub yazmışdı. Şəppəli məktubu Pəricahana göstərdi, tərcümə edib başa saldı ki, Zemfira bala Məmmə ilə zaksa getmək üçün onlardan, yəni Pəricahanla Şəppəlidən izin istəyir.

Pəricahan gələcək gəlininin tamam ayrı bir aləmin adamı olduğunu lap ilk baxışdan hiss etmişdi. Zemfiranın qayınanası ilə öz dilində sərbəst danışa bilməməsi, çox zaman Məmmənin tərcüməçilik eləməsi bir yandan, gəlinin musiqi məktəbində “artistlik oxuması”, qaynanasının qabağında “üzü o yana oturub” “dalını dingildədə-dingildədə” pianinoda öz “saçin-enisini” çalması da bir tərəfdən Pəricahanı açmırdı. Ancaq sonralar, Məmmənin “Zemi”ni çox istədiyini nəzərə alıb hər şeyi qəbul etdi. Bir dəfə Şəppəli ilə Zemfira haqqında danışanda hətta gülümsədi də: “Şirin şeydi”, – dedi. “Təki oğlum xoşbəxt olsun, mən gəlinimin dilini qanmasam da dözərəm”, – dedi.

Şəppəli hiss edirdi ki, arvad “dili qanmamağa” hünərlə dözürdü. Məktub və zaks söhbətinə isə dözə bilmədi. Heyrət nişanəsi olaraq dırnaqlarını üzünə çəkdi: “Allah, mənə ölüm ver! Bu nə təhər gəlindi?! Bircə həftə bundan qabaq barmağına üzük taxmışıq, hələ heç nişan toyunu da eləməmişik, bu nə üznən zaks istəyir?! El nə deyər bizə! Bir də, niyə Məmmə özü yox, bu yazır sənə, a kişi?!”

Nə üçün Məmmənin yox, gəlinin yazdığını Şəppəli də başa düşmürdü. Əmma zaksın nəyə lazım olduğunu bilirdi, bu barədə məktubda yazılmışdı, hələ Şəppəli o yeri tərcümə etməmişdi. Pəricahana izah etdi ki, Bakı Sovetində Məmmənin adına birotaqlı mənzil yazıblar. Həm də şəhərdən kənarda, “lap biyabanda”, beşinci mikrorayon deyilən yerdə vermək istəyirlər, cavanlar isə, Zemfira balanın yazdığı kimi, “Baksovetə kələk gəlmək”, kəbin kağızını təqdim edib ikiotaqlı mənzil almaq istəyirlər. Zemfira bala yazırdı ki, “kəbin şəhadətnaməsi əlimdə olsa, Məmmənin qolundan tutub özüm gedəcəm Baksovetə”.

Zemfira bala məktubun bir yerində yazırdı: “Çox çətinliyə düşsəm, deyəcəm hamiləyəm. Bununçün də kəbin lazımdır”. Şəppəli əvvəlcə nəzərdə tutmuşdu ki, bu sözləri Pəricahana çatdırmasın. Əmma özü də bilmədən, məktubun ahənginə qapılıb “deyəcəm hamiləyəm” sözlərini də tərcümə etdi və bununla da Pəricahanı dəhşətə gətirdi.

Arvad bütün gecəni söyləndi, “ağzı əppək kəsməyən, qeyrətsiz” oğlunu asıb kəsdi. Şəppəli bərk peşmanlamışdı. Axı necə oldu ki, məktubun “o yerini” də tərcümə etdi? İndi neyləsin, nə çıxış yolu tapsın?.. Əgər Məmmə ilə Zemfira bala əvvəlcədən geniş mənzil almağa çalışırdılarsa, bununçün kimə isə “bir balaca kələk gəlmək” istəyirdilərsə, burda böyük qəbahət yoxdu, bunu onlara bağışlamaq olardı. Əgər Zemfira bala bu qədər açıq-saçıq yazırdısa, bunu da bağışlamaq lazımdı, çünki, axı Zemfira bala, ümumiyyətlə açıq təbiətli qızdı. Bəs bunları Pəricahana necə başa salasan?..

Şəppəli poçta getdi. Professorun evinə zəng vurub Zemfira balanı telefona çağırdı, dedi ki, Bakı Sovetindən savayı, Pəricahan anaya da “kələk gəlməsələr, iş düzəlməz”, yəni kəbini kəsdirib Pəricahan anadan gizlin saxlamalıdırlar.

Kəbin də kəsildi, mənzil də alındı, professorun puluna cehiz – “stolovı” və “spalni” də alındı. Əmma, Zemfira bala, Şəppəlinin dediyi kimi, “Pəricahan anadan bir balaca sızdı”. Məhz “sızdığına”, yəni qorxduğuna görə idi ki, “dyadya Buratinonu” qarşılayıb, onun boynuna sarılıb öpüşəndən sonra, göz vurub birinci növbədə soruşurdu: “Kələyimizin üstü açılmayıb?..” Şəppəlinin hər dəfə Bakıya gələndə gəlinini mənzildə tapmayıb portreti önündə dediyi: “Ay kələkbaz şeytan” sözlərinin arxasında belə bir aləm gizlənirdi.

Cavanların xoşbəxtliyi üçün “bu qədər qüvvə” sərf edəndə “azdan-çoxdan bir iş” görə biləndə, Şəppəli ürəyində indiyə qədər duymadığı hisslər duyurdu. Bu hisslərdən bəzən kövrəlib gizlincə gözlərini silirdi. Bəzən isə hisslərini bölüşmək üçün adam axtarırdı. Tapmayanda əlacsız qalıb üzünü şərti dosta tuturdu:

– Bəri bax, a Mursaqulu, bilirsənmi nə fikirləşirəm?.. Ailə, oğul, uşaq, hamısı yalan söhbətdi. İnsan-insana yaxşılıq eliyəndə, baxırsan ki, lap yadın yadı da gəlib sənnən dostdoğmaca canbir qəlbdə oğul-uşaq olur! Məsələn, Zemfira bala mənim nəyimdi? Heç nəyim! Əmbə di gəl sən məhəbbətə bax!..

Şərti dostun “hə”, “hm” – qeyri-müəyyən mızıltılarından bezib kəndə, vaxt tapıb Pəricahan arvadın yanına gedirdi.

– Bizim Mursaquluya söz danışanacan bir kor quyuya danışasan, quyudan qamış bitə, kəsib tütək eliyəsən, həmdərd ola sənnən! – deyib söhbəti burda təzələyirdi: – Mənim əqidəm belədi ki, Pəricahan, insan-insana arxa-dirək olmalıdı. Onda həyat bal dadır, Pəricahan! – deyirdi.

Bu hisslərini Bakıda Məmmənin özü ilə də bölüşürdü:

– Sən yaxşı yol tutubsan, sənə qurban olum. Bu qədər ki, sən yaxşılıq eləyirsən adamlara, məktubnan üstünə göndər-diklərimin hamısını ki, belə can-dildən çalışıb sağaldıb qaytarırsan, bir vaxt gözünü açıb görəcəksən, bütün el-oba hamı sənin can-ciyərindi! Özgə nə lazımdı insana bu fani dünyada?! Düz demirəmmi, a qurban olum?..

Şəppəli belə danışanda, qəribə idi ki, şərti dost kimi Məmmə də susurdu. Yalnız hərdən, Şəppəli “düz demirəmmi?” – deyib təkidlə xəbər alanda Məmmə sakitcə gülümsəyib təsdiq edirdi və bu vaxt kişi özünü saxlaya bilməyib onu qucaqlayırdı. “Mənim doktorum! Mənim balam! Gözümün işığı!..” Nəhayət, Məmməni də kövrəltdiyini görəndə daha dözməyib yaxasından əl çəkirdi…

Bu gün onlar bu hisslərdən uzaqdılar. Birisi divanda, o birisi kürsüdə oturub mətbəxə qədər hər yerin pəncərələrinin taybatay açıldığına baxmayaraq, havası tərpənməyən mənzildə “təmizlik”, “insanlıq”, “böhtançılıq”, “arxasızlıq”, “məhkəmə”, “on dörd il həbs cəzası”, “səssiz-səmirsiz yoxa çıxan ata, dost” və sair haqqında düşünürdülər. Məmmənin susqunluğu, yorğun və qapalı görkəmi getdikcə Şəppəlini daha çox qorxudurdu. Məmmədən pis cavab, Mursaqulunun sovxoza apardığı xəbərə uyğun bir bəd kəlmə eşitsə, bütün həyatının birdən mənasızlaşacağını, “Məmmə” adlı işıqlı dünyasının qaralacağını fikirləşdikcə Şəppəlinin səsi titrəyirdi.

– Atan rəhmətlik, bədbəxt Oruc o boyda sovxoz yaratdı. Fəhlələrnən bərabər, toz-torpağın, palçığın içində tütün şitili əkə-əkə, on-on iki sırxananı1 böyük sovxoza çevirdi, dördcə yüz qoyunu gətirib iyirmi minə çatdırdı. Dələduz, yırtıcı köpək uşaqları dolaşdırıb güdaza verməsəydilər, atan günü bu günəcən təmiz adnan, şan-şöhrətnən qulluq elərdi. Sən Orucun oğlusan! Mən inanmıram ki, sən əyri yola getmiş olasan. Rüşvət hara, sən hara, a sənə qurban?! Rüşvət elə zəhrimardı ki, adamın yerişinəcən, oturuşuna-duruşunacan dəyişirik eləyir. Bə nə! Adamın baxışınacan dəyişdirir o zəhrimar! Otuz ildə mən başımın tükü sanı görmüşəm o cür dəyişirik olanları!.. Biri vardı, əvvəl tanımırdım mən onu, dombagöz, yekəqarın adamdı, bir dəfə xahiş elədi, maşınını yudurtdu mənə, sonra gedəndə ikicə kəlmə “sağ ol” da demədi. Baxdım dalınca, Mursaquluya dedim: “Kimdisə, bu adamyeyən adamdı”. Mursaqulunun mənə acığı tutdu, dedi: “Məsələ qarında deyil”. Məni yaman yandırmışdı o adamın mənnən rəftarı. Harda maşın görürdüm, o saat gəlib dururdu gözümün qabağında. Bildirrəri, bir də görürəm Mursaqulu gəlib dayanıb stolumun qabağında, altdan-altdan mənə baxıb başını sambayır. Deyirəm nə olub, başını niyə sambayırsan, a Mursaqulu? Nə desə yaxşıdı? “O adam ki, o illəri sənə maşın yudurtmuşdu ha, doğrudan da o adamyeyənmiş, a Şəppəli! Sənin gözün nə yaman itiymiş, a Şəppəli!” Demə o adam Bursaqulunun dost-doğmaca əmisi nəvəsiymiş. Gedib onun yanına ki, bəs, əminəvəsi, rayonda adın tutulur, hörmətin var. Zəng elə, mənə bir yaxşı yerə bir yaxşı putyovka versinlər, gedim böyrəklərimə bir əlac eləyim. Əvvəl bir söz deməyib, götürüb zəng vurub putyovkanın yerini eləyib.

1.Zirxanə – qazma dam.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺36,20
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Telif hakkı:
Hədəf nəşrləri