Kitabı oku: «Saz», sayfa 2
Qoca bu fikirlərə necə qapıldısa, qaranlıqda bir yanının üstünə çökə-çökə, tərəddüdlə, dayana-dayana gəlib salam verib, beş addım aralıda, su quyusunun dikdirinin kənarında oturan adama diqqət yetirmədi. Yalnız feldşer ayağa qalxıb, həmişkitək yorğun və xəcalətli səslə: Gecən xeyrə qalsın, – deyəndə qoca onu gördü.
– Hacı?.. Ay oğul, sənsənmi? Çoxdanmı buradasan? Dayan görüm!..
Feldşer dayanmadı.
– Yaman darıxdım, gəldim ki, bir az saza qulaq asım, İsfəndiyar əmi… Gecən xeyrə qalsın.
Qoca təəccüblənmişdi. Nə əcəb belə, çağırılmamış gəlib Hacı? Yarası köhnəlmişdi, daha utanmırdı yazıq.
– Əylən! Belə getmə… Heç bilmirəm nədəndi, halım xarabdı, oğul. Əvvəl saz dadıma çatardı. İndi o da belə oldu. Necə deyim, heç bilmirəm necə başa salım. Tilsimləndi Bəhmənimin sazı, oğul. Çalammıram daha. Əlim gəlmir.
Hacının nazikcə qaraltısı dik dartılıb hərəkətsiz qaldı.
– Necə yəni tilsimləndi, ay İsfəndiyar əmi?!
Qoca fikrə getdi. Necə danışsın, necə izah etsin?
Kətildə oturub körük basdığı yerdəcə yatıb röya görmüşdü. Daha doğrusu, heç nə görməyib ancaq Bəhmənin səsini eşitmişdi: “Günlərin birində idarədən evə dönəndə qulağına Təvər sazda “Divanı” gəlsə, bil ki, qayıtmışam, baba”.
Qoca diksinib oyanmış və indi Hacının qaraltısına baxa-baxa necə hərəkətsizdisə, beləcə donub qalmışdı: “Bu nəydi eşitdim, ya rəbbi?!”
İkinci dəfə mürgüləyib yenə Bəhmənin səsini eşitmişdi: “Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. Qoca yenə diksinib oyanmış, bu dəfə heyrət əvəzinə xof içində evə yüyürmüşdü. Sazı köynəkdən çıxarıb, barmaqları titrəyə-titrəyə simlərə toxunmuşdu. Bir il bundan qabaq Bəhmənin əlləri ilə çəkilib “Divani” üstündə köklənmiş simlərin bu bir ildə kökdən düşməməsi mümkün olan şeydi, əmma bu da qocaya hikmətli bir əlamət kimi görünmüşdü. Və sazı divardan asıb, əl vurmağı qadağan eləmişdi.
Röyasını olduğu kimi danışdı, köksünü ötürdü.
– Əl vursam, qorxuram kökdən düşər. Onçun deyirəm, tilsim deyilmi?!
Hacı ağır-ağır başını tərpətdi.
– Tilsimdi. Nəsə belə şeydi. Əmbə burası da var ki, səni saxlıyan o sazdı. Açığı, elə mən özüm də sabah-sabah fikirləşirəm ki, axşam İsfəndiyar əmi çalacaq, oxuyacaq. Əmbə gələmmirəm, qıraqdan qulaq asıram. Bu axşam heç bilmirəm nə oldu, mən də elə sən təki doldum, köyrəldim, yaxın gəldim… Gecən xeyrə qalsın.
Sol ayağının üstə çökə-çökə aralandı, qaranlıqda gözdən itdi.
İsfəndiyar kişi qəhərlənmişdi.
– Yaxşı olmadı… Heç yaxşı olmadı. Bəlkə Çürükdən, bir ayrı, köhnəsi olar, saz istəyim? Yox, Abı nəsə deyər, bağrım çatlayar. – Heç hiss eləmirdi ki, öz-özünə danışırdı.
4
Dəmiryolun qırağında “Məhərin budkası” adlanan tikili, – qırmızı kərpicdən xırdaca bir qalaça kimi qaldırılıb, hər iki mərtəbəsində bir cüt xırdaca pəncərəsi qaralan yarımstansiya, əslində “Məhərrəmin budkası” adlanmalı idi. Əmma Məhərrəmin dul anası Mələk qarı ilə qızları Pəri, Tubu da “Məhərrəm” əvəzində “Məhər” dediklərinə görə bütün Qurbanlı “Məhərin budkası” deyirdi. On-on beş ildi ki, Məhər Moskvaya gedib, ordan Bakıya köçüb, “Çekist Məhərrəm”, “Məhərrəm Abbasoviç” olmuşdu. Anası Mələk qarı, eynilə Axsaq Hacı kimi axsayan “Teymurləng” ləqəbli uzunhoqqar böyük oğlu, gəlini, nəvələri ilə birlikdə o “budka”-dan Orta kənd Tahirliyə köçəndən sonra üç para kəndin üçü üçün də əlverişli olan o yarımstansiya bağlanmışdı. Əmma hərdən gecələr o xırdaca pəncərələrdə, iki mərtəbənin ikisində də işıq parıldayırdı. Qurbanlının dəmiryol səmtində, kiçicik, çəpərsiz bağla qovaq ağacı nəzərə alınmasa, tamam açıqlıqda olan təkotaqlı, uzun balkonlu evin həyətindən boylananda pəri ilə Tubu o xırdaca pəncərələrin parıltısını görüb, gözlərini silirdilər. Çünki əvvəllər o pəncərələr Məhər, arvadı, uşaqları ilə Bakıdan gələndə parıldayıb, öz işığı ilə Pərini, Tubunu, İsfəndiyar kişini görüşə, qonaqlığa çağırardı. Müharibə başlayandan sonra isə, o xırdaca pəncərələr parıldayanda Qurbanlıdan baxanların hamısı bilirdi ki, “budka”-dakı işığı daha Məhər yox, “İstrebitlnıy batalyon” – “Qırıcı batalyon” adlanan silahlılar dəstəsinin komandiri, sovet sədri Qurban kişi – Qılınc Qurban yandırırdı, “batalyon”un üzvləri, o cümlədən üç para kəndin kolxoz sədrləri o işığa yığışanda Qılınc Qurban “soveşşani” keçirib, “voyenni svodka”, qaçaq-quldur, “şpiyon”-filan barədə danışardı.
“Axşam qisməti”ni könülsüz-iştahsız yeyib, dəmir camı, qarğı qaşığı quyunun üstündə həmişə su ilə dolu olan vedrənin suyu ilə yuyub, aparıb balkonun altında pəncərənin qabağına qoydu, yenə qovağın altına qayıdıb, üstünü kül basan təzəkləri çəkməsinin burnu ilə tərpədə-tərpədə közərtdi, daimi yerində oturub, yenə də sinəsində bərk ağrı hiss edib, orta pəncərənin arxasında, divarda köynəyi qaralan saza baxdı, nigaran, narahat dönüb ambulatoriya səmtinə, sonra Məhərin budkasının parıldaşan pəncərələrinə boylandı.
Müharibə başlanandan bu vaxta qədər içərisi palçığı çıxarılmayan kanaldan sızan sularda – gölməçələrdə, bol şehdən bozlaşmış çəmənlikdə, tala-tala qaralan göy qamışlıqlarda qurbağalar quruldaşırdı. Budkadan solda dəmiryol boyunca solğun bir fənər işığı axırdı: drezen keçirdi. Qurbağaların qurultusundan təkərlərin səsi eşidilmirdi. Arada necə oldusa qurbağaların hay-küyü azaldı, drezenin uğultusu, təkərlərinin taqqıltıları eşidildi. Sonra işıq yavaşıyıb dayandı. Budkanın yanında, qırmızı simoforun altında drezendən kim isə düşdü. Göyün üzünü çərmə tutub qaranlığı qatılaşdırsa da, fənər relslərin üstündə ancaq bir tikə yeri işıqlandırsa da, İsfəndiyar kişi drezendən duşən adamın sürətlə kəndə yönəldiyini gördü.
Məhərin budkasının yanında drezen dayanması, drezendən adam düşüb kəndə gəlməsi nadir hadisə deyildi. Alverçi Xeyrə, yaxud yetim poçtalyon qız vaxtlı-vaxtsız vağzala gedəndə, drezendə işləyən oğlana pul verib həmişə onunla qayıdırdılar. Hərdən stansiyada bir neçə saatlığa, bəzən bir günlüyə eşalon dayanırdı, dəmiryola, vağzala yaxın pambıq sahələrində işləyən arvadlar kətmənləri atıb kəndə yüyürürdülər, süd, qatıq, ərik, alça aparıb əsgərlərə paylayırdılar, gecikib qaranlığa düşəndə onlar da drezenə doluşub qayıdırdılar… Başqa vaxtlar, gecə yarısında yarımstansiyaya drezen gəlməsinə İsfəndiyar kişi o qədər də fikir verməzdi. İndi bəs niyə belə diqqətlə baxdı? Nədən birtəhər oldu? Məsafənin xeyli uzaqlığına və düşən adamın yalnız qaraltısını gördüyünə baxmayaraq, İsfəndiyar kişiyə elə gəldi ki, onun əynində əsgər paltarı var. O adam budkanın gur işıqlı pəncərəsinin qabağından ötəndə hətta belində arxa çantasını gördü.
Qoca dik atıldı, qaranlıqda ağrıdan qıvrılıb, cığır-filan seçmədən üzünü birbaş Məhərin budkası tərəfə tutub, burda hər addımda bitən xırda ulğun kollarına, keçən ildən qalma yovşan, biyan köklərinə ilişə-ilişə gedib, dayanıb, ürəyinin döyüntüsündən başqa heç nə eşitməsə də, heç nə görməsə də çəmənə hay saldı:
– Ay adam! A gələn!.. Ay oğul, kimsən? Əsgərsənmi?! Mən İsfəndiyaram. Dəmirçi İsfəndiyar. Qocalığın üzü qara olsun, qaraltını seçəmmirəm. Səsini çıxart, görüm kimsən?
Dinlədi. Qaranlıqda qurbağaların qurultusundan və qulaqları dibində fırlanan ağcaqanadların vızıltısından savayı heç nə eşidilmirdi.
– A gələn, səsini niyə çıxartmırsan?..
Yenə də heç nə eşidilmədi.
Sonra birdən su şırıldadı. Yüz addımlıqda kim isə gölməçəyə düşdü. İsfəndiyar kişi bunun bayaqkı əsgər olduğuna şübhə etmədi. Gölməçəyə girməyindən də məlumdu ki, ayaqlarında su keçirməyən “girzovıy sapoq” – əsgər çəkmələri vardı. Cığırı bir yanda qoyub suya girib, qar-qamışı xışdaya-xışdaya kəsəsinə kəndə gedirdi. Bir tərəfi yəqin ki, buludun altına düşüb kölgələnmiş, o biri tərəfi isə süd kimi ağaran gölməçənin içində elə bil at çapırdı.
– Ay adam! Ay oğul! Bəridən gəl, bəridən! – Qocanın səsi qırılıb zəiflədi. – Nə yaman tələsirsən, ay anan-bacın ölsün! Kimsən, kimi sevindirməyə gedirsən, ay həsrətli oğlan?! Kimin oğlusan, kimin qardaşısan, kimin ərisən? Hansı bəxtəvərin evinə gedirsən?.. Bəlkə… – Bu “bəlkə”nin dalınca gələn sözləri deməyə İsfəndiyar kişinin cəsarəti çatmadı.
Əsgər sürətlə, şarap-şurupla gölməçəni adlayıb keçdi. Uzaqda yenə çəkmələrin çappır-çuppuru eşidildi.
İsfəndiyar kişi geri döndü. Ancaq tələsmədi. Əksinə, qalın çəmən otlarının, biyanların arasında ayaqlarını sürüyə-sürüyə, yavaş-yavaş bir neçə addım atıb, dayanıb, kəndə qulaq verdi. Gecənin bu vaxtı kəndə əsgər gələndə və ya kimdənsə şad xəbər çıxanda dərhal məlum olurdu: kənddə qışqırışma, muştuluqlama, ağlaşma, gülüşmə başlanırdı, adamların səs-küyü itlərin hürüşməsinə qarışırdı. İndi bəs niyə sakitlikdi? Bəlkə xəyallanmışdı qoca, gözü alacalanmışdı?
Addım-addım kəndə yaxınlaşıb dayanırdı, dinləyirdi, yenidən yeriyib yenə dayanırdı, bir də dinləyirdi. Sifətini soyuq tər basmışdı: ürəyi də elə bil hərdən dayanıb, qaranlığa qulaq kəsilirdi.
Hardasa, deyəsən, Məhərin budkası səmtində at fınxırdı. Yüyənin gəmi atın dişlərinə toxunub cingildədi. Gölməçədəki şappıltıdan sonra səslərini kəsmiş qurbağalar ordaburda vaqqıldamağa başladılar. Kəndin ucqarında, ulduzları sayrışan bir parça buludsuz göy altında nəhəng ot tayasıtək qaralan qovağın başında hacıleylək dimdiyini şaqqıldatdı. Kənddən, camaatdan isə şadlıq bildirən bir şey eşidilmədi.
– At bu dəfə lap yaxında fınxırdı. İsfəndiyar kişi baxıb, yastı rus yəhərinin ortasında dimdik oturmuş xırdaca qaraltısından sovet sədrini – Qılınc Qurbanı tanıdı.
– A Qurban, sənsənmi?
– İsfəndiyar kişi?.. Gecəquşu təki bu vədə çöldə-biyabanda nə gəzirsən, a kişi? Dana, buzov itiribsən nədi?
Qoca dedi:
– Məhərin budkasının yanında drizindən adam düşdü. Ona baxırdım.
Qılınc Qurban bir ara duruxub, soruşdu:
– Nə adamdı?
Qoca dedi:
– Əsgərə oxşatdım, vayenniyə… Özü də bu yana gəldi, bizim kəndə sarı… Belində arxa çantası. Mən bilən, əsgəriydi, a Qurban.
Qılınc Qurbanın damağında papiros közərib quru dodaqlarını, xırdaca burnunun ucunu və qırışlar arasında iri, düşüncəli gözlərini işıldatdı. Qaranlıqda qoxusu düzənliyi götürmüş göy biyanların ara-bərəsində burnunu gəzdirib otlardan xırp-xırp qopararaq ağzında yüyəninin gəmini cingildədə-cingildədə çeynəyən atın başını çəkib kəndə tərəf baxdı.
– Əsgər gələ, kənd də belə lal-dinməz ola?
Qoca dedi:
– Mən də elə ona mat qalmışam, a Qurban.
Qılınc dedi:
– Yəqin gözün alacalanıb.
– Olar, olar… Vallah, nə desən olar… – İsfəndiyar kişi səsində titrəyiş hiss edib, bir-iki ağız “ühü-ühü” elədi. – Görükür, doğrudan, gözüm alacalanıb.
– Yeri yıxıl yat, yeri! – Sovet sədri atını tərpətdi. – Mən də deyirəm, gecə vaxtı, görəsən, bu nə qaraltıdı burda. Get yıxıl yat. İlişərsən, yıxılarsan, baldırın-başın sınar, bu zülmətdə hoyuna yetişən tapılmaz!
İsfəndiyar kişinin fikri hələ də kənddə idi. “Baldırın-başın sınar” sözləri xəyalını uzağa aparsa da, kəndə boylanırdı. Sovet sədrinin xeyli gedəndən sonra cilovu çəkib atın başını geri döndərdiyini, papirosun közərtisindən işıldayan gözlərlə ona necə diqqətlə baxdığını hiss eləmirdi. Axı, əsgəri tamamilə aydınca görmüşdü. Əynində paltarını, belində arxa çantasını, hətta başında pilotkasını da seçmişdi. Bu dərəcədə də göz alacalanar?.. Yerə girdi, göyə çıxdı, hara qeyb oldu o adam?!
Atın göy ot qoxuyan isti nəfəsi yan tərəfdən qulağına vurdu, İsfəndiyar kişi diksinib başını qaldıranda yenə sovet sədrini gördü.
Qılınc Qurban hirslənmişdi:
– Sənnən deyiləmmi, a kişi? Niyə dillənmirsən?
İsfəndiyar kişinin sifəti alışıb-yanırdı. Əyilib əlini sərin ota çəkdi, buz soyuqluğunda şehdən islanmış ovcunu alnına sürtdü, köynəyinin açıq yaxasından uzadıb ürəyinin üstünə çəkdi. Ağır-ağır dedi:
– Üstünə yüngüllük, əhvalım yaman birtəhərdi bu axır vaxtlar, a Qurban. Nə deyirdin, eşidəmmədim?
– Deyirəm, o axsaq ferşil sənin eviyin böyründə-başında nə hərlənir elə?! – Qılıncın səsi sərtləşdi: – Çalırsan, oxuyursan, Çürüyün dediyini deyirsən. Bu barədə də sözüm var sənə. Bir vaxt taparam, gələrəm, danışarıq. İndi dediyim ayrıdı. Böyrü üstə çökə-çökə gedib oturur quyunun dikdirində. Qayıdanda dümağ yaylıq əlində elə gözünü silir. Niyə ağlayır o elə, sən bilən?
– Hacı? Nə olar hərlənəndə, a Qurban? Oğlumun baldırını elə sağaltdı ki, o cür sınığın heç izi də qalmadı.
İsfəndiyar kişi bu gözlənilməz söhbətdən necə üşürgə-ləndisə, hətta drezendən düşən əsgəri də unutdu.
– Sən bunu niyə xəbər alırsan ki, a Qurban, başına dönüm?
Qılınc dedi:
– Axsağın bir də ayağı dəyməsin o tərəfə!
Qoca hiddətləndi:
– Bıy! Bu nə söhbətdi, a Qurban?!
Qılınc çox ciddi idi.
– Boş söhbət deyil hər halda. Ehtiyatlı ol, İsfəndiyar kişi, xataya salmasın bizi o axsaq gədə! Özün də get yıxıl yat! Gecənin bu vaxtı çöllü-biyabanda gəzib evini kişisiz qoyma! Çox cavandılar gəlinlərin!
Qocanın səsi boğuldu:
– Mənim gəlinlərim… hərəsi bir kişidi! Allaha and verirəm bir də belə söz gətirmə dilinə, a Qurban!
Qılınc Qurban sərt hərəkətlə cilovu çəkib, dabanlarını atın böyürlərinə çaxdı. Nal səsləri yumşaq nəm torpaq üstündə küt tappıltılarla sürətlə uzaqlaşdı. İsfəndiyar kişinin fikri də o tappıltılar arxasınca getdi.
5
Sovet sədri Qurban kişi – Qılınc Qurban balaca, arıq, quru, el içində deyildiyi kimi “qayışbaldır” kişi idi. Yeriyəndə alov kimi yeriyirdi. Danışanda od kimi danışırdı. Kənddə söyləyirdilər ki, “Sovet hökuməti təzə qurulanda”, yəni iyriminci illərdə bu balaca kişi hər əlində bir mauzer, təkbaşına yüz qaçağın üstünə gedərmiş. Gah çoban, gah dərviş, gah da dilənçi libasında qaçaqlara lap yaxınlaşandan sonra, birdən cır-cındırının altından mauzerləri çıxarıb özünü daşın dalına verərmiş. İsfəndiyar kişi bu deyilənlərin heç birini öz gözü ilə görməmişdi, əmma hamısına inanırdı. Çünki Qılıncın indisinə yaxşı bələd idi.
Söz düşəndə tay-tuşlarının arasında inamla, qətiyyətlə deyirdi: “Qılınc Qurban əvəzsiz adamdı”.
Sovetliyin üçpara kəndinin üçündə də kabineti, katibi və çiyni beşaçılanlı milisioneri vardı. Səhər-səhər üç kabinetin üçündə də ərizələrə baxır, lazımi kağızlara qol çəkir, ət, yağ, yumurta vergilərini verməyən adamların evlərini gəzir, şikayətçilərin şikayətlərini heç bir kağızda, dəftərdə qeydə almadan hamısını yaddaşında saxlayıb, hamısını da “atüstü”, “ayaqüstü” həll eləyir, yəni bu günün işini sabaha qoymadan hamını razı salır, camaat çöllərə – sahələrə dağılışandan sonra o da yoxa çıxıb ya kabinetlərindən birində, ya da evində yatırdı. Gecələr isə, xüsusən müharibə başlanandan bəri, bəzən hətta səhərə qədər at belində olurdu. Kəndlərin arabərələrində, dörd-dövrələrində “çərx vururdu”. Gecənin bir aləmində, qaranlıq küçələrin hansındansa guruldayıb keçən nal səsləri eşidiləndə oyaq olanlar deyirdilər: “Qılınc genə qından çıxıb. Görəsən kimi kəsməyə getdi”. Bunu şəksizşübhəsiz hökm kimi deyirdilər. Çünki Qılınc Qurban hər saatda qından çıxmır, çıxanda isə mütləq kəsirdi. Məhz bu xasiyyətinə görə çoxdandı ki, kəndlərdə oğru-əyri yox idi.
Müharibə başlayalı ətraf kəndlərdən, dəmiryol vağzalından ara-sıra bəd xəbərlər gəlirdi: “Anbarı yarıblar”, “İlxıdan at aparıblar”, “Vaqonun qapısını sındırıb taxıl çıxarıblar” və sair. Qurban kişinin sovetliyində – üç para kənddə isə əmin-amanlıq idi. Burda arvadlar ərlərini Qılınc Qurbanla qorxudurdular. Uşaqlar savaşanda bir-birini Qılınc Qurbanla hədələyirdilər. Günahkar olan tərəf dərhal səsini xırp kəsirdi. Çünki əks təqdirdə sovet sədri qından çıxa bilərdi.
Bu balaca, arıq-uruq kişi, ədalət mücəssəməsinə çevrilib, necə deyərlər, ümumxalq məhəbbəti qazanmışdı. Əlbəttə, təkcə asıb-kəsməklə yox. Bütün kənddə elə bir ev, elə bir həyət yoxdu ki, orda heç olmasa həftədə bir dəfə sovet sədrinin səsi eşidilməsin. Elə bir əsgər ailəsi tapılardımı ki, fikri-zikri, dərdi-azarı Qurban kişidən gizlin olsun? Çox çətin, tək-tük. Bəlkə də heç tapılmazdı. Bu və ya başqa əsgər ailəsində buğda çörəyi və ya qarğıdalı cadı yeyildiyi də, bu və ya başqa əsgər arvadının harda addımını necə atdığı da – hər şey sovet sədrinin elə bil ovcuna yazılmışdı, əlini açanda oxuyurdu. Əgər Qılınc Qurban kiminsə həyətindən ayağını kəsirdisə, deməli, bunun səbəbi vardı. Kiminsə salamını almırdısa, deməli, bunun da səbəbi vardı. Sovet sədrinin bircə addımı və ya bircə kəlməsi də mənasız hesab olunmurdu. Elə buna görə də İsfəndiyar kişi onun arxasınca baxa-baxa qaldı. Drezendən düşən əsgəri tamam unutdu. Sonra isə hardansa – lap yaxından onun səsini eşitdi: “Mənim gözüm də, yaddaşım da məktəb uşaqlarının o kapirovalnı bumaqasındandı, İsfəndiyar kişi. Mənim gördüyümə, eşitdiyimə yaxşı diqqət yetir sən”.
Evlərin bozaran qamış damları arasında sovet sədrinin özü kimi alçacıq və özü kimi ayaqdan iti Boz atının qaraltısı görünüb yox oldu.
“Ehtiyatlı ol, İsfəndiyar kişi, xataya salmasın bizi o axsaq gədə!” Bu nə söz idi, bu nə eyham idi?! İsfəndiyar kişi hiss etdi ki, bu saatca Qurbanı görməsə, soruşub bu dəhşətli eyhamın səbəbini öyrənməsə səhərə qədər gözünə yuxu getməyəcək.
Yaxşı ki, nal səsləri yenidən eşidildi. Eyni ilə bayaqkı kimi, Qılınc Qurban yenə də qəfilcə qaranlıqdan peyda olub, atının başını çəkdi.
– A kişi, genə sənsənmi bu?!
İsfəndiyar kişi yeriyib əlini yüyənin qanadına atdı. Ürəyi ağrıyıb, sıxılıb-açılıb üzüntü ilə döyündü. Əmma qoca həmin eyham barədə birbaşa söz açmaq istəmədi.
– Xeyir ola, nə yaman gəşt eləyirsən, a Qurban? Bir şeyzad olmayıb?
Qılınc bərk tutuldu:
– İzin ver əvvəlcə səndən xəbər alım, İsfəndiyar kişi! Mənim gecələr gəşt eləməyim təzə şey deyil, bəndə-bərəyə baxmasam canım rahat olmur. Mənim azarım çoxdan bəllidi. Əmbə bax, dəmirçi İsfəndiyarın gündüz axşamacan zindan döyəcləyib, gecələr çöllü-biyabanda gəşt eləməyini başa düşəmmirəm! Nədi dərdin, a kişi?!
– Mən ki dedim, a Qurban.
Qoca əlini ota-şehə çəkib ürəyinin üstünə çəkdi.
Qılınc hirsli idi:
– Nə dedin sən? “Drizindən adam düşdü!..” Gün doğandan gün batana qədər neçə adam düşür o drizindən! Bu voyenni vremyada cəmaatın çoxu elə voyenni paltarı geyinmirmi! Başqa vaxtlar kürəyini çəkmirsən ağacın gövdəsindən: “Gəl, ey Şeşpayi-bəhrim!” Əmbə indi belə! Niyə?!
Qoca lap pərt olub yumruğunu ürəyinin üstünə çırpdı.
– Bu zəhrimar ürək deyilən də qoymur sözümü deyim. Heç olmasa sən bir az səbirnən danış mənnən, a Qurban!
Qılınc Qurban qara meşin pencəyin cibindən “Kazbek” qutusu çıxarıb təzə papiros yandırdı.
– De görüm nə gəzirsən burda? Niyə gizlədirsən?!
– Bıyy! Allah insaf versin sənə! Gizlətmək nədi?! Vallahbillah, elə o drizindən düşən qaraltıya görə burdayam, a Qurban!
– Ayrı səbəb yoxdu?
– Yoxdu, a Qurban.
Qılınc bir az düşünüb dedi:
– İzin ver inanmayım, İsfəndiyar kişi!
Qoca lap pərtləşdi:
– Əstəğfürüllah! Mən saç-saqqalda adama niyə inanmırsan, ay başına dönüm?! Ayıb deyil?!
Qılınc, deyəsən, xəcalətləndi:
– Zamana xarabdı, İsfəndiyar kişi, – dedi. – Dərd-azar çoxalıb, dolanmaq çətinləşib, lap sən saç-saqqalda adamın da, baxırsan ki, nəsə bir xəlvət işi var. Mən, necə ki, bir yerli hökumət, belə şeylərin yanından düz ötəmmərəm, İsfəndiyar kişi! Düzünü de!.. İncimə, düzünü de görüm bu xəlvətdə nə işin var?
– Ay oğul, mənim nə xəlvət işim?
– Niyə qax-qurud olub qalıbsan burda?!
– Başına dönüm, demədimmi?! Drizindən adam…
Qılınc pərtləşdi:
– Adam düşdü də, çıxdı getdi də, İsfəndiyar kişi!.. Şəhərlərdə gecə saat on ikidən sonra kamendatnı çasdı. İşıq yandırmağa da qoymurlar. Bəlkə mən də komendatnı ças eləyim?! Eliyəcəm! Mən də günü sabah car çəkəcəm ki, gecə saat on ikidən sonra eşikdə qalmaq qadağandı.
İsfəndiyar kişinin, necə deyərlər, əli-ayağı yerdən üzüldü.
– A Qurban, başına dönüm, kənd yeridi, gecə sabaha qədər minbir iş-gücü olur camaatın.
Papirosun közərtisində Qılıncın gözləri qıyıldı:
– Olur, əlbəttə! Elə ona görə deyirəm ispalkom da elə komendat təki olub, İsfəndiyar kişi. Genə deyirəm, gecənin bu vaxtı eşikdə adam görəndə yanından düz keçəmmərəm. Nədi dərdin?!
İsfəndiyar kişinin fikri haçalanmışdı. Nə idi demək istədiyi? Niyə yadından çıxdı?
– Dərd deyəndə… Allah sənə dərd verməsin, a Qurban, dərdim çoxdu, oğul… – Nəhayət, yadına düşdü: – Bayaq o nə sözüydü dedin, başına dönüm, o nə eyhamıydı?! Ehtiyatlı ol, deyirsən, xataya salmasın bizi o axsaq?! Dedin, atını qamçıladın, getdin, mən də ki, özün demişkən, qax-qurud olub qaldım burda. Bayaqdan bəri kəndin arasında qaraltına baxa-baxa elə onun fikrini eləyirəm ki, bu nə eyhamıydı Qurban vurdu?! Oxunu atıb, yayını gizlətmə, başına dönüm!..
Qılınc papirosu necə sümürdüsə, burnunun üstünə, qulaqlarının dibinə qədər xırda-xırda qırışlarla örtülmüş qarayanıq sifəti işıqlandı. Bu bir əlcə çirkin sifətə yabançı kimi görünən iri, qayğılı, hətta gözəl gözləri parıldadı.
– Bir söz xəbər alım səndən… Yadındamı, Molla Gülənin molla məktəbi vardı Orta kənd Tahirlidə?
Qoca dedi:
– Yadımdadı. Lap yaxşı yadımdadı ki, dərsini bilmiyən uşaqların ayaqlarını qaldırıb falaqqaya qoyardı, çubuqnan döyüb qançır eliyərdi. Getdin Molla Gülənin özünün ayaqlarını falaqqaya qoydun, şallaqnan döydün qançır elədin. Sonra da məktəbi bağladın, əvəzində savad kursu açdırdın. Sənnən bərabər mən təki yaşı ötkün adamlara latın əlifbası öyrətdilər. Əski əlifbanın əvəzində.
– Bunun hamısı öz yerində, İsfəndiyar kişi. Qara damda8 molla məktəbini bağlayanda dedim günlərin birində bolşevik qanı tökəcək bu Molla Gülən. Tökdümü? Qorxma o qaniçəndən açıq danış mənnən.
Bu söhbət daha gözlənilməz oldu. Qoca Molla Gülən adında qorxunc adam haqqında eşitdiyi, bildiyi qorxunc hadisələri dilinə gətirmək istəmədi. Qılınc özü sadaladı:
– Mənim baş yoldaşıma, əri təki beli mauzerli Fənərimə zəhər verdi, bu bir. Tahirli məktəbinin direktoru Tahir müəllimin baş yoldaşını yəni özünün doğmaca bacısıqızını gündə bir dəfə təpiknən döyə-döyə öldürdü, bu iki. Çekist Məhərrəmin qardaşı “Teymurləng”ə guya kiminsə çoyutma gülləsi dəydi, bu üç. Mən, Qılınc Qurban, Bakıda Mərkəzi Komitədən başlamış, bu dörd dövrəmizdəki ən xırda-mırda kəndə-kəsəyə qədər hər yerdə xüsusi avtoriteti olan, sinəsi ordenli, medallı bolşevik, o qaniçən sinfi düşmənimizi hələ də tutdurammıram. Niyə bilirsən? Hardan biləsən? Gündüz zindan, çəkic, axşam saz: “Gəl, ey Şeşpayi-bəhrim!..” Sən təki beşcə, üçcə ağsaqqal, zəhmətkeş proletariat, vaxtında, mən xəbərdarlıq eliyəndə sözümə söykək olsaydınız, elə o məktəbi bağlayandaca basdırardım o qaniçəni, Sibir bəri yanında qalardı! Dillənmədiniz heç biriniz, duasından, cadusundan qorxdunuz Molla Gülənin. Sonra qardaşı Rusetdən gəldi, NKVD nəçənniyi oldu, sizdi, mənni, hamımızın gözünün odunu aldı. Molla Gülən kimi yağı, sinfi düşmən NKVD-yə agentlik eliyə-eliyə Kommunist Bolşeviklər Partiyasına üzv olub indi!.. De görüm, niyə deyirəm bunu sənə?
İsfəndiyar kişi fikrini yığmağa çalışdı.
– Qandığım budu ki… qınayırsan məni ki, vaxtında zəhmətkeş füqərayi-kasıb proletariat təki söykək durmadıq sənin sözünə.
– Sözümə yox xəbərdarlığıma, İsfəndiyar kişi! Xəbərdarlığıma! İyirmi beşinci ildə mən Molla Gülənin falaqqasını baltanın altında xınc-mınc eliyəndə xəbərdarlığıma göz yummasaydınız bu qədər insan öldürə bilərdimi o molla?!
Sinfi düşmənlərimizi NKVD-yə doldura bilərdimi?! İndi de görüm, o axsaq gədə sizin qapıdan gedəndə niyə ağlayır?! Molla Gülən hər axşam ambulatoriyanın qabağında nə gəzir?! Malareyası, qızdırması-zadı yoxdu! Buğa təkidi! Kimsəsiz yetim adıyla saxladığı qıznan keyfdədi buğa köpəyoğlu. Bu heç. Axsağı sənin qapına göndərən Molla Gülən deyilmi, kişi?!
Qocanın dodaqları titrədi:
– Allah, amandı! Nələr danışırsan, a başına dönüm! Molla Gülən niyə göndərsin onu?!
İsfəndiyar kişi atın pis qoxulu fınxırtısından dala çəkilib, yenə irəli durdu, yüyənin qanadından yapışdı.
– Mollanın nə işi var mənnən?!
– Sənnən deyil, mənnəndi! Təzə partkomumuz Komsomol Bənövşəynəndi! Otuz yeddinci ilin tutqularından sonra orda-burda tək-tük qalan kommunistlərnən – bolşeviklərnəndi işi.
İsfəndiyar kişi heyrət içində heç nə anlamırdı.
– Bir az açıq de sözünü, a Qurban, başına dönüm!
Qılınc öskürə-öskürə papirosu atıb, təzəsini yandırdı.
– Yanıram ey! Od tutub yanıram ki, iyriminci ildən bu vaxta qədər iyirmi bir il müddətində sinfi düşmənin kökünü kəsməmişik! Əksinə, otuz yeddidə dirçəlib, vəzifə tutub, qol-qanad açıb ev yıxır, ocaq qaraldır indi. Qılınc Qurban da dövrəsində istribitelni batalyonu, çiynində beşaçılanı, mağmın qalıb heç nə eliyəmmir! NKVD-yə dürtülən it xılı Gülənovların qabağında qul olub mənim bu gözəl cəmaatım! Dəmirçi İsfəndiyar qul olmasa, belə zillət çəkərəmmi mən?! Sənin sümüyü sınan Bəhmənini vayenkomata aparanda dedm, a bala, deyəsən, axsayırsan axı sən, bron9 alım sənə, qayıt evinə. Vayenkomata həkimlərin kəmisyəsinə də dedim: “Bu Bəhmən yaralıdı, bron verin hələ qalsın”. Bir də gördüm nə?! Mollaynan qardaşı durub baş həkimin arxasında, asta-asta: “Bas! Bas bunu getsin!” – deyirlər. Bildin?
Qoca köksünü ötürdü.
– Mən neyliyə billəm, a Qurban?!
– Necə “neyniyə billəm”, a kişi?! Axsağa deyəmməzsənmi ayaq açma bu qapıya, cəhənnəm ol, get ambulatoriya xarabanda otur! Qov onu deyirəm! Qovala!
– Niyə axı, ay Qılıncımız?! Niyə qovum mən o bədbəxti?! Mollaynan onun nə alveri?!
Qılınc başını buladı.
– Yaxşı qulaq as! Molla onu verbovat eləyir, yəni ki, çalışır tora salsın. Onçun göndərir sənin qapına. Bir də o vaxt ayılacaqsan ki, kəndə hay düşüb, bəs deməzsənmi, Axsaq Hacı əvvəl bacılardan birini almaq istəyirdi, indi ikisini birdən döşdəyib!..
İsfəndiyar kişi birdən-birə titrətmə tutmuş kimi, başdan-ayağa əsdi:
– Nalayiq söz danışma!
Qılınc Qurban ətrafa boylandı.
– Bağışla, a kişi, əgər o axsaq gədə NKVD-yə agentliyə razılıq versə, onun yox, sənin yaxandan yapışacam mən. Məhərrəmin bacılarının, əsgər arvadlarının adına söz çıxsa, yəni əsgər namusu tapdalansa, o cür əzizlədiyin axsağa da yazığım gəlmiyəcək, vayenni tribunala verəcəm! Bu, deməli, belə: xəbərdalığımı elədim. İndi genə soruşuram: açıq de görüm, gecə vaxtı neynirsən burda?! Drizini-filanı burax getsin! De, kişi! Onsuz da öyrənəcəm!
Əlacsızlıqdan Qoca hətta boynunu bükdü.
– Başına dolanım, qurbanın olum, a Qurban, şübhəynən baxma mənə. İnan mənə! Kiçiyim Bəhməni yuxuda görmüşəm. Nəsə damıb ürəyimə ki, nəsə olacaq. Onçun belə narahatam, drizinə-filana baxıram. Ayrı bir şey yoxdu! İnan!
Qılınc Qurban dərindən nəfəs alıb, deyəsən, bir az sakitləşdi.
– İndi bir sözüm də var. Onu da deyim, qurtaraq.
– Buyur, buyur, başına dönüm!
– Mənim ikidən-birdən əssasız söz danışdığımı eşidibsənmi?
Qoca dedi:
– Yadıma gəlmir… Bu agent-filan söhbəti də, görürəm, əsaslıdı. Molladan nə desən çıxar.
– Yaxşı kişisən…
Sovet sədri yenə cilovu dartdı, atın otu çeynəyib qurtarmasını, yəni gəmin cingiltisinin kəsilməsini gözlədi. Cingilti kəsilib tamam sakitlik çökəndə, yəhərdə burulub yenə ətraflara boylandı.
– Gecə vaxtı qurbağa dillənmiyəndə bizim bu düzdə adamın pıçıltısı da bir verstliyə gedir. Bəlkə gedək evdə söhbət eliyək?
İsfəndiyar kişi səbirsiz idi.
– Mənim evim-eşiyim qurbandı sənə. Əmbə, başına dönüm, de görüm nədi axı?
– Qulağını bəri tut… Axsaq ferşil özü də düz adam deyil. Gedib Çürükdən soruşub ki, “Şeşpayi-bəhri” nədi elə? Dəmirçi niyə elə həmişə Şeşpayi-bəhri çağırır? Yaxşı ki, Çürük açmayıb sirri. Sənin başını yemək istəmirmi o gədə?
– Nə danışdığındı, a Qurban?! Hacı?! Hacı soruşub?!
– İstəyirsən lap açıq danışım?
– Əlbəttə, əlbəttə! Açıq de, başına dönüm.
– Ferşil barədə qulağıma bir söz də dəyib.
– Nə söz?!
– Deyirmiş, davadan qabaq axsaqlığıma görə gəlmədilər mənə o bacılar. Allah mənim Allahımdı, dava saldı ki, dünya axsaqnan dolsun. Bundan sonra bayramımdır, deyirmiş, dul gəlinlərin harda göyçəyi var onu alacam!
İsfəndiyar kişi fikirləşmədən, qətiyyətlə əlini yellədi.
– Bekara sözdü! Hacını tanıyıram mən!
– Tanımırsan, İsfəndiyar kişi!
– Dünyasında inanmaram! Ferşilin dilindən elə söz çıxmaz!
Qılınc Qurban papirosunu sümürə-sümürə yenə o yanbu yana baxdı.
– İstəyirsən bir az da açıq danışım.
İsfəndiyar kişi başını dik qaldırıb gözlədi. Bu dəfə Qılınc da tələsmədi.
– Biz, bolşeviklər, özümüz düzük, başqalarını da düz bilib, səhv eləmişik həməşə. İnsan çiy süd əmib, İsfəndiyar kişi. Bu dava zəhrimar da yaman xarab eləyir adamı. Sən də bizdənsən, hamını öz ürəyinnən ölçürsən…
– Bu açıq danışmaq olmadı!
Qılınc Qurban birdən nə isə qət etmiş kimi, əlindəki şallağı yəhərin qaşına vurdu.
– Yaxşı, lap açıq olsun!.. Sənin evində gözü var o gədənin! Ağlamağı həm hirsindəndi, Molla Güləndən qurtarammır yaxasını, həm də sənə hörməti var, hələ əli gəlmir sənə nəsə eləməyə. Əmbə eliyəcək, İsfəndiyar kişi! Hökmən nəsə eliyəcək! Malareya-zad dərmanı versə, içmə! Cavanlığında sənin səsini batıran adam da Molla Gülənnən barabər hərlənir o axsağın böyründə-başında. Axsaq agentliyə razılıq verməsə, o adamnan Molla Gülən, hökmən, hökmən məcbur eliyəcəklər zəhər versin sənə o gədə, yəni cinayət eləyib tutulsun. Bu da, deməli, belə: bu xəbərdalığımı da elədim… Di get, yıxıl yat! Gecən xeyrə qalsın!
Qoca yüyəndən yapışdı.
– Əylən!.. Əylən, a Qurban! Bu nə xasiyyətdi səndə, odalov doldurursan adamın içinə! Çürükdən, deyirsən, soruşub, Çürük də, deyirsən, açmayıb sirri. Nolardı açanda?!
Qılınc yüyəni çəkib atın başını qocaya tərəf döndərdi.
– Sən o dəstanı yaddan çıxardıbsan, nədi?!
– Yooox… Cavanlıqda Çürükdən, Abıdan nə eşitmişəm, kəlməsinəcən qulağımdadı, a Qurban! Üstəlik, əski əlifbaynan qıyma-qıyma yazmışam. Alı dəftərdi! Rəhmətlik arvadın sandığında, elə bilirsən bu gün qoyulub. Hər il qış düşəndə, gecələr uzananda çıxardıram dəftəri, yaddaşımı təzələyirəm. Bə nə! İtirdiyim səsimdi, aşıqlığımı itirməmişəm, a Qurban! “Şahzadə Qasım”ın harasından deyirsən, orasından xəbər verim! “Batin” – gizlin dəstan olsa da…
– Deməli, bilirsən ki, “altıayaqlı dəniz atı” deyilən “Şeşpayi-bəhri” əslində ayrı şeydi?
– Əlbəttə!..
– Bilikli, məlumatdı adam olduğunu çoxdan bilirəm mən. Elə buna görə də lap mat-məətəl qalmışam ki, o cür məxfi dastanı xatalı saymırsan sən!
– Niyə sayım ki?! “Şahzadə Qasım” o vaxt məxfiydi ki, dini-İslam vardı, a Qurban. Lenin dini məhv eliyəndən sonra batin dastanlarımızın hamısını kitabda çap eləmirmi hökumət?! Özümüz də açıq danışmırıqmı?!
– Uşaqların kitablarında çap olunanlar min bir əldən keçib, xəlbirlənib, ələklənib, a kişi! Aşıqların sinəsində məxfidən də məxfidi dastanlarımız indi.
– Gizlin şeyləri demirlər axı!
– Nə olsun?! Mən deyirəm təhlükəlidi! Qılınc Qurban deyir bunu sənə! Din vaxtı “Şahzadə Qasım” niyə məxfiydi? Dəftərində varmı bu?
– Əlbəttə.
– De görüm!
– Uzundu axı, a Qurban.
– Sən gödək elə.
– Ay başına dönüm, bunu gecə səhərəcən danışırlar Çürüknən Abı, genə qurtarmır. Danışsaq, gərək ondan başlayasan ki, müsəlman deyilik. “İslam” deyiləndən min-min il əvvəldən məlumdu ki, “Allah” da, “peyğəmbər” də, “din” də həqiqətdən xəbərsiz ərəbin sözləridi. Qılıncı xirtdəyimizə dirənib millətimizə zornan “lailahəilləllah” dedirtməyiblərmi, həqiqəti açıq deyən alimlərimiz gizlənib batin olmayıblarmı?! Mənim şəyirdlik elədiyim vaxtlar Çürük Aşığnan Xızr Abı da batiniydilər. Aşkarda “Nəqşi Bənd” deyirdilər, xəlvətdə “Nəqşi Bağ”10 deyirdilər.