Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Türfə», sayfa 3

Yazı tipi:

Mən nədənsə qızardığımı hiss etdim.

– Bu nə sözdü, İsmeyil əmi! Mən sizə məmnuniyyətnən qulluq eləməyə hazıram! – dedim. – Amma məktəbə təyinat da almışam. Ədəbiyyat fənni üzrə.

İsmayıl əfəndiyə ilk dəfə idi ki, “əmi” deyirdim. Deyəsən özü də bunun fərqinə vardı. Dodaqucu gülümsündü.

– Sağ ol! Çox sağ ol! – dedi. Sonra ciddiləşib bir xeyli susdu. Bu dəfə fikirli-fikirli:

– Bilirsənmi, əzizim, mənim işlərim xeyli çətinləşib, – dedi. – Tez-tez GEPO-ya çağırırlar, danışdırırlar. GEPO-nun sədri Şir Abbas özü Türfəyə gəlir, moizələrimə qulaq asır, gedəndə hər dəfə deyir: “Camaatı yoldan azdırırsan. Belə olmaz”. Diyəsən tutacaqlar məni. Həbs eləyəcəklər. Türfədə işin səmti dəyişə bilər, uzun illər ərzində zəhmətimiz hədər gedər… İndi sənə açığını deyim. Osman Sarıvəlliyə “Hürufiliyi mən anlatmışam, seminariyada “Hürufilik”dən dərs keçilməyi də mənim təklifimnən olub. Şir Abbas mənə təklif eləmişdi ki, Nəkşibəndilikdən əl çəkim, gedim seminariyada – pedaqoji məktəbdə direktor olum. Təklifini qəbul eləmədim. Dedi: “Mən səni xilas eləmək istəmirəm. Direktor ol!” Axırda dedim: “Fikirləşərəm”. Getmədim. Başıma bir iş gəlsə, bilirsənmi nə olar? “Quran” gətirərlər Türfəyə, din gətirərlər, pir kimi bir şeyə döndərərlər ziyarətgəhimizi. Mənim sözümə baxsan, məktəbdə dərsini də deyərsən, Türfəyə də ayaq açarsan, moizələri yazarsan, öyrənərsən. Həftədə bir dəfə, cümə axşamları məclisimiz olur, zəvvarlara dərs deyirəm, Yunus İmrədən, Seyid Nigaridən şeirlər oxuyuram, lazım gələndə izah eləyirəm şeirləri… Qurban kəsilir Türfədə, kasıblara, yetimlərə, xəstələrə, əlillərə qurban payı paylanır. Əlim başımda olmasa, hər şey dəyişər Türfədə… Nəzir-niyaz yığılır, dərvişlərə məvacib verirəm yığılan puldan. Dərvişlər məvacibsiz qalarlar, dağılışarlar… Bax belə bir təhlükə ərəfəsində göndərilibsən sən mənim yanıma… Amma təkid eləmirəm. Get anannan da məsləhətləş. Molla Əhədnən, Əsəd müəllimnən də məsləhətləş… Sən çox cavansan. GEPO hələlik dəyib-dolaşmaz sənə. Bir qədər gəlib-gedərsən Türfəyə. Çətinliyə düşsən, yenə məsləhətləşərsən dost-tanışlarnan, lazım olsa ara verərsən Türfədə fəaliyyətinə…

Bu qəlibdən fikirləri mənə çox dedi. Yenə Bağlar, planetlər, SafAğ elmi haqqında bir aləm şey danışdı. Mən qayğılandım, gərginləşdim.

Susurdum.

Axırda İsmeyil əmi mənə Türfəyə getməyi, müqəddəslərin qəbirlərini ziyarət etməyi məsləhət gördü.

Axşam idi. Şər qarışırdı. Astanbəyli kəndinin girəcəyində təpə döşündə, sıx-sıx əkilmiş dağdağan ağaclarının arasında, qəbiristanda qaranlıq düşdüyünü görüb o günü Türfəyə gedə bilmədim.

Axşam evdə İsmeyil əmi ilə görüşümü bütün təfərrüatı ilə anama danışdım. Anam bir xeyli fikrə gedib, birdən heç gözləmədiyim halda EySarın adını çəkib:

– ƏlAğ EySar özü köməyin olsun, ay oğul, – dedi. Mənim ürəyim çırpındı. Çünki anamın İsmeyil əmidən, üstəlik də atamdan dərs aldığını unutmuşdum. Buna görə də birdən-birə EySarın adını eşidəndə həyəcanlanmaya bilmədim. Anamın boynunu qucaqlayıb üzündən öpdüm.

– Səhər məni tez oyat, – dedim. – Dərslər bağlanmamış Əsəd müəllimi görüm, təyinatımı verim, həm də İsmeyil əmiynən söhbətimi danışım, görüm nə deyir.

2

Səhər anamın məni oyatması lazım gəlmədi. Bütün gecəni yorğan-döşəyin arasında çevrikə-çevrikə qalıb yata bilməmişdim. Odur ki, anamın çay-çörək hazırlamasını da gözləməyib məktəbə getdim.

Məktəbimiz üz-üzə tikilmiş, hərəsi üç sinifli üç ayıbalası binadan ibarət idi. Geniş həyətin ortasında nə zamansa qurumuş, qabığı tər-təmiz töküldüyünə görə gövdəsi şumallaşmış quru ağac ağarırdı. Ağacın lap alçaqdakı budağından ağır dəmir zəng asılmışdı. Müəllimlərdən məktəbə hansı tez gəlsəydi, o da zəngi çalardı. Kilsə zəngi kimi zil gumbultu bütün kəndə yayılıb camaatı da oyadırdı. Bu dəfə zəngi vurmaq mənim öhdəmə düşdü. Özü də deyəsən çox çaldım. Birinci Əsəd müəllim özü gəldi. Gülüb: – Bəsdi, bəsdi, ay təzətoylu! – dedi. Elə oradaca, ağacın yanında təyinnaməni verdim, oxudu.

– Xoş gəlibsən, – dedi. – Amma bəri başdan deyim ki, dərs yoxdu. Ədəbiyyat dərslərini özüm deyirəm. Ailəm çoxdu, dərsdən əl çəkə bilmərəm. Sənə hələlik həftədə, on gündə bir-iki saat verərəm, məvacib yazaram. Sonrasına baxarık. Razısanmı?

Əlbəttə, razılaşdım. Sonra dərslərin başlanmasına hələ yarım saat qaldığına görə elə buradaca söz açıb İsmeyil əfəndi ilə görüşümü, qocanın təklifini danışdım. Sözümü təzə qurtarmışdım ki, müəllimlər gəldilər, mənlə görüşdülər, seminaryanı qurtardığıma, təyinnnaməyə görə təbrik elədilər. Şagirdlər gələndə həyətdəki bu qeyri-adi yığıncaqla maraklandılar. Səlim müəllimin şagirdlərlə çox sadə rəftarına mən çoxdan bələd idim. Buna görə də yuxarı sinif şagirdləri mənlə görüşəndə Əsəd müəllim zarafatyana danışıb:

– Hələlik Astanbəyli Türfəsində mollalıq eliyəcək istəkli eloğlunuz, sonrasına baxarıq, – dedi.

– Molla?.. Molla!.. Molla!.. – deyə şagirdlər öz aralarında pıçıldaşdılar. Bu pıçıltıdakı təəccüb mənim dikqətimi cəlb etdisə də şagirdlərə heç nə demədim.

Dərsin başlandığını xəbər verən kiçik zəng cingildədi. Şagirdlər sinifə, müəllimlər müəllimlər otağına getdilər. Həyətdə tək qaldım. Ürəyimə nə isə çox qəribə, anlaşılmaz qəriblik hissi gəldi. Belə bir hissi Astanbəyli kəndinin qurtaracağında, Türfənin yanında dayananda da hiss eləmişdim. Elə bil haradasa qərib bir məkanda yol ayrıcında qalmışdım, hayana gedəcəyimi bilmirdim.

Evə qayıdanda, çay içib qaymaqla çörək yeyəndə də, o günü qapı-bacada qurdalananda da, axşamısı kəndin ortalığındakı mal töylələrinin qabağında anam inəklərimizi sağına gedəndə ona qoşulub inəklərimizi yoluxanda da, sağınçıların əllərində alovları titrəşən qara çıraqların işığında da qəriblik hissindən yaxa qurtara bilmədim. Yalnız lap axşamdan yatağa uzananda gözlərimə yuxu gedəndə yarıyuxulu fikirləşdim ki, bu qəriblik məndə təzə hissdir; seminariyadan, müəllimlərimdən, yoldaşlarımdan ayrılıb yeni şəraitə düşmüşdüm və bu şəraitdə məni nə gözlədiyini bilmirdim.

Demə, yeni şəraitdə son dərəcə gözlənilməz hadisələr olacaqmış.

Səhərisi axırıncı – yeddinci sinif şagirdlərindən qısaboy sısqa bir oğlan gəldi: Son vaxtlar çox sınıxdığından, zorla tanıdım.

– Zeynal deyilsənmi? – dedim.

– Hə, – dedi. – Əsəd müəllim tapşırdı sənə deyim ki, sabah dərsə gələsən.

– Yaxşı, gələrəm, – dedim və Zeynalın nə üçün bu qədər sınıxdığını soruşmaqdan özümü zorla saxladım.

Səbəbi çox qanqaraldıcı hadisəni xatırlatmaqdan çəkinməyim oldu. Yanvarın əvvəlində bedkom sədri Zaloğlu Qazaxdan gəlib, camaatı kəndin ortalığına yığıb xəbər vermişdi ki, çoxdan bəri haqqında məzəli-məzəli söhbətlər gedən “kolxoz”u qurmağın vaxtı çatıb. “Kolxoz” haqqında söz-söhbətdən biri bu idi ki, kəndin özü boyda bir yorğan gətiriləcək, bütün camaat o yorğanın altında yatacaq. Bu söhbətə hamı gülsə də, gülməyənlər də vardı. “Var-dövlətimiz bir yorğanın altında yatacaq, özümüz yox”, – deyirdilər. Zaloğlu xəbəri danışanda var-dövlət haqqında söhbət doğru çıxdı. Dedi: “mal-heyvanımızı kolxoza qoyacaqsınız, ferma olacaq, ferma müdiri təyin olunacaq. Qədir kişi kimi çoxlu sürüləri olan adamlara qolçomak deyiləcək, sürüləri əllərindən alınacaq, bütün camaatın olacaq”.

Yığıncaq axşama qədər dağılmadı. Axşam isə qanqaralığın əvəzində gülməli bir hadisə oldu. Adı çəkilən Qədir kişi ovcunu böyründə gizlədib Zaloğlunun qabağına yeriyib pıçıltı ilə nə isə deyirdi. Camaat maraqlandı, məlum oldu ki, Qədir kişi ovcunda qızıl tutub, “Ay Zal, ay Zal, əlimə bax!” – deyə dalbadal təkrar edir, Zaloğlu Zal isə özünü eşitməzliyə vurur, yalnız hərdən “A kişi, əl çək, güllələdərəm!” – deyir. Bu əhvalatın üstündən heç iki gün də keçmədi, məlum oldu ki, Zaloğlu gedib GEPO-ya – Şir Abbasa şikayət eləyib ki, Ələsdəki Qədir kişi on sürü, on min qoyunnan “kolxoza” vermək əvəzinə ona – Zaloğluna rüşvət təklif eləyir. O həftə Şir Abbas gəldi, nə gəldi: Qədir kişini çağırtdırıb begkom idarəsinin divarına söykədi, özü ilə gətirdiyi Partizan Əli adında əli tüfəngli adama: “İşini gör!” – dedi və Partizan Əli “işini gördü”: Qədir kişini güllələdi.

Zaloğlu : “Sürülərini kolxoza verməyənlərə görk olsun bu qolçomaq Qədirin meyidi!” – dedi.

Qohumları Qədir kişini kilimə büküb apardılar, ağlaşmasız, səssiz-küysüz dəfn elədilər. O gündən Qədir kişinin ölüsünün adı “Əlimə bax Qədir”, sonra “Qolçomak Qədir” qaldı. Qədir kişinin oğlu Zeynalın adı isə “Qolçomaq oğlu” qaldı. Dedilər “Qolçomaq oğlunu məktəbdən qovacaqlar”. Təkcə Əsəd müəllim idarənin qabağında: “Hamı eşitsin, Stalin yoldaş deyib “oğul ataya cavabdeh deyil” – dedi. Qolçomak oğlunun özünə isə: “Dərsinə gəl, bala,” – dedi.

O vaxtdan iyirmi günə qədər vaxt keçmişdi, Zeynal adamların gözü qabağındaca ətini töküb arıqlamış, lap sısqa, uzunburun bir oğlana çevrilmişdi. Mən Zeynalı evə çağırdım, bir nəlbəki qaymağa qonaq elədim. Səhərisi Əsəd müəllimin çağırışı ilə məktəbə gedəndə isə, sinif otağının qabağında qəmli-qəmli boynu bükük dayanmış “Qolçomak oğluna əl verdim.

– Çox fikir eləmə. Dərslərində möhkəm ol,” – dedim. Zeynal isə cavabımda “Sənə qurban olum!” – deyib ağladı.

Demə, Əsəd müəllim arxamızda dayanıb bizə baxırmış.

– Fikir eləyir ki, məktəbdən qovulacaq. Bu məktəbə cavabdeh mənəmsə, mən sənə deyirəm: Sən, bala, nəinki məktəbimizi bitirəcəksən. Səni mən özüm seminariyaya da qəbul elətdirəcəm! – dedi.

Direktoruma fəxrlə baxdım.

– Sağ olun, Əsəd müəllim, insafınıza, ədalətinizə görə çox sağ olun! – dedim. Və burada birinci dəfə Əsəd müəllimin can-cüssəsinə diqqət yetirdim. Bu vaxta qədər nəzərimdə görkəmli boy-buxunu olan Əsəd Abuzər oğlu bədəncə lap balaca imiş. Qolları bədəninə görə xeyli uzun, əlləri isə iri, ətli idi. Mənim əvvəlki təəssüratımla bugünkü təəssüratımın təzadlı olmağının səbəbi isə bu idi ki, atamın vəfatından keçən illərdə və xüsusilə bu son üç ildə Əsəd müəllim əməlli-başlı qocalmışdı, sümüyü xırdalaşmış, yalnız qolları, əlləri dəyişməmişdi.

Mənə baxıb:

– Bu gün dərsim Mirzə Ələkbər Sabirdəndi, – dedi. – Sabirdən bir şey bilirsənmi?

Dedim:

– Şeirlərinin çoxunu əzbər bilirəm.

– Çox yaxşı. Gəl səni sinifə təqdim eləyim.

Zeynal Əsəd müəllimin münasibətinin müqabilində bir söz deməsə də, xeyli dirçəlmişdi.

Təqdim eləmək nəyə lazımdı, Əsəd müəllim, – dedi.

– Bizə dərs də deyəcək, mollalıq da eliyəcək.

Aydın idi ki, Zeynal açılışdığına görə çox danışdı, artıq sözləri də buna görə dedi. Onun artıq sözlər danışdığına Əsəd müəllim də diqqət yetirdi.

– Yaxşı, yaxşı, keç sinifə, – dedi.

Biz sinifə girəndə uşaqlar partaları taqqıldadaraq cəld ayağa qalxdılar.

Əsəd müəllim:

– Əyləşin, – dedi və məni göstərdi: – Eloğlunuz Astan müəllim Mahmud oğlu Əfəndiyevi tanıyırsınız. Mən dərsə gəlməyəndə o sizə ədəbiyyatdan dərs deyəcək. Ədəbiyyat, bilirsiniz, elmlərin cəmi deməkdir. Elmlərin cəmi isə yüksək bilik və mənəviyyat deməkdir. Astan müəllim sizin mənəviyyatınızı zənginləşdirəcək. Hörmətini saxlayın.

Belə uca, mənalı sözlər deyib getdi.

Mən maraqla üzümə dikilmiş nəzərlər altında sinifə göz gəzdirdim və ilk baxışdanca heyrətdən donub qaldım. Sinifdə on nəfər oğlan və bircə qız vardı. On nəfər partalarda iki-iki oturmuşdu. Qız isə divarın dibində, birinci partada təkcə oturmuşdu. Gözüm ona sataşar-sataşmaz, dediyim kimi, donub baxa-baxa qaldım. “Necə gözəldi! İlahi necə gözəldi!” – deyib ürəyimin çırpıntısını eşitdim.

Qız da mənə baxırdı. İri-iri açılmış yam-yaşıl, qabarıq, bir az süzgün gözləri heyrətdən böyümüşdü. Bu böyümüş gözlərin parıltısında məhəbbətlə, həsrətlə dolu qığılcımlar qaynaşırdı… mən mərhum atamın qara şəvə saqqallı sifətini, qabarıq, yam-yaşıl gözlərini heç vaxt unutmurdum. Özümün atama oxşadığıma isə fikir vermirdim. Yalnız bu qızın gözlərinin yam-yaşıl rənginə heyrətlə baxanda özümün gözlərimin eyni ilə onunku kimi olmağından daha çox heyrətləndim.

Sinifdə kim isə açıq mənalı – eyhamlı ifadə ilə “ıhı”, “ıhı” elədi. İstər-istəməz dönüb baxdım. Gözlərim sol divarın dibində birinci partada oturmuş uzun oğlanın istehza ilə qıyılmış qıyıq gözləri ilə qarşılaşdı.

Oğlanın gözləri mənim vəziyyətimə açık-açığına gülürdü, iynələyirdi, sancırdı.

Mən oğlanın istehzasına əhəmiyyət verməməyə, özümü ələ almağa çalışıb, müəllim stolunun arxasında oturub, sinif jurnalını açdım, ilk tanışlıq üçün siyahını oxumağa başladım. Şagirdlər bir-birinin ardınca “Mənəm”, “mənəm” deyirdilər. Axırıncı oğlanın – Qüdrət Abbas oğlunun adını, familiyasını oxuyanda birinci partadakı oğlanın ötkəm səsini eşitdim; “mənəm” əvəzində “Burdayam”, – dedi. Başını qaldıranda gözlərinin iynə istehzasını yenə üzümdə gördüm, istər-istəməz başımı endirib siyahıda axırıncı şagirdin – Calla Zal qızının adını, familiyasını oxuyub, özümdən asılı olmayarak yenə qıza baxdım və yenə həmin heyrətdən böyümüş, məhəbbət və həsrətlə dolu gözləri gördüm. Qız niyə belə baxırdı? Mən özümü adi, sadə bir oğlan saydığım halda gözəllər görəli mənə niyə ilk baxışdan vurulmuş kimi baxırdı !

Qarşımda yerə öldürücü istehzanın “ıhi, ıhı”sını və arxa cərgələrdə pıçıltılı gülüşlər eşitdim. Məni tər basdı. Cəld ayağa qalxdım. Ömrünü sabun bişirməklə keçirmiş xəstə Sabirin acınacaqlı həyatını necə danışdığımı bilmədim. Arada gözüm Calla Zal qızına sataşdıkda ürəyim daha şiddətlə çırpınırdı. Calla isə qətiyyən özünü itirmədən, eyni heyrətlə, məhəbbətlə, həsrətlə baxırdı. Dərs saatı elə bil birə iki uzanırdı. Sabirin tərcümeyi-halını danışıb qurtarıb, şeirlərin təhlilinə başladım. Birinci şeiri – “Fəhlə, sən də özünü insanmı sanırsan? Əbləh gəda, insanlığı asanmı sanırsan?” bəndindən başlayarak mümkün qədər sakit oxumağa, sakitcə də təhlil etməyə çalışdım:

– Şeir fəhlə sinfinə düşmən sinfin adından, böyük sarkazmla yazılıb, – dedim və bu an eşiyə zəngin çalındığını eşidib dərhal səsimi kəsdim və cəld eşiyə çıxdım.

Pencəyimin altında köynəyim tərə batmışdı. Sifətim də, saçlarım da tər içində idi.

Belə halda müəllimlər otağına getməyib həyətdə – meydanda bir xeyli gəzindim. Yalnız az-çox sakitləşəndən sonra müəllimlər otağına gedib salam verdim. Həyətdə görüşdüyümüzə baxmayarak müəllimlər yerbə-yerdən ayağa qalxıb əl verdilər, “Xoş gəlmisən” – dedilər. Mən bu münasibətdə atama hörməti hiss etdim, nisbətən sakitləşdim. Əmma bu an Əsəd müəllimin gülüşlə birgə səsini eşitdim.

– Qızı gördün? Calla Zal qızına necə baxdın?

Əsəd müəllim dal divarın dibində, uzun stol arxasında təkcə oturub gülümsəyirdi: sualının mənasını, eyhamını başa düşməyib mümkün qədər sakit:

Ücretsiz ön izlemeyi tamamladınız.

₺41,97