Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məni itirməyin», sayfa 2

Yazı tipi:

Dəvəçi

Dəvəçi can verirdi. Ev-eşiyindən uzaqda, qürbət diyarda, səhranın ortasında, quyu üstündəki ağacın kölgəsində. Düz üç gün idi ki, bədəni od tutub yanırdı. Gah titrəyir, günün qızmarında kürkə bürünürdü, amma titrəməsi kəsmirdi, gah da elə bil bədəninə qor dolurdu, istidən dili-dodağı təpiyirdi. Yaxasını, başını açıb qumun içində eşələnirdi. Evdə olsaydı, qızı başına fırlanar, ayağını ovxalayar, kürəyini ovub tez-tez alnına sərin dəsmal qoyardı. Arvadı gecəli-gündüzlü yastığının dibini kəsdirərdi. Amma burada heç kəsi yox idi. Bir dəvəsi idi, bir də özü. Yazıq dəvə əldən düşmüşdü. Kişinin gah başına dolanırdı, gah da ayağına. Bircə ona gücü çatırdı ki, tez-tez ağzını su ilə doldurub sahibinin üzünə çiləyirdi. Kişi nəfəsini dərib bir azca dincəlirdi. Dəvənin ona yazığı gəlirdi. Axı neçə il idi ki, ünsiyyət bağlamışdılar. Birlikdə səhralar aşmış, susuz çöllər keçmiş karvanlara başçılıq edərək, diyardan-diyara keçmişdilər. Elə vaxt olmuşdu ki, qum boranına düşmüşdülər. Dəvə yerə yatmışdı. Sahibi isə onun böyrünə qısılaraq canını ölümdən qurtarmışdı. Necə deyərlər: duz-çörək kəsmişdilər.

Dəvə sahibinin xəstələnməsini çox görmüşdü. Bilirdi ki, qara qızdırma onun canından əl çəkmir. Bir gün titrəməsi tutur, o biri gün isə heç nə olmamış kimi ayağa durur və yola düşürdülər. Amma, deyəsən, bu dəfə kişinin azarı ağır gəlmişdi, üç gün idi, yerindən tərpənə bilmirdi. Halının ağır olduğunu dəvəçi özü də başa düşmüşdü.

Kişinin halı axşamüstünə yaxın yenə dəyişdi. İstisi qalxdı, gözünün qabağında yer-göy fırlandı. Onu qara basdı. Dəvəçiyə elə gəldi ki, evdədir, evlərinin lap qabağında axan çayın sahilində, taxtın üstündə uzanıb, amma istidir, göydən od yağır. O, əlini gözünün üstünə qoyub mavi boşluqlara baxırdı. Gördü ki, bir qaraquş qanad açıb göyün üzündə süzür. Quş süzdü, süzdü və birdən qanadlarını yığıb şığıdı, bir göz qırpımında aşağı endi və kişini caynağına alıb göyə qaldırdı, buludların arası ilə uçdular, çayı üzüaşağı, üzüyuxarı getdilər. Ona elə gəldi ki, qov kimi yüngüldür, onu qaraquş caynağında aparmır, özü uçur. İstəsə, dağların lap zirvəsinə qalxıb xar qardan götürər. Elə də oldu. Dağların üstü ilə uçdular. O, əlini uzadıb xışma-xışma qar götürdü, ağzına təpişdirdi, amma yanğısı sönmədi. Əksinə, qar cızıltı ilə əriyib yoxa çıxdı. Kişi əlini bir də qara uzatmaq istədi və elə bu an gördü ki, quş onu caynağından buraxıb, başıaşağı, daş kimi yerə enir. Bircə andan, yalnız bircə andan sonra parça-parça olacaq. Çığırdı, səsi gəlincə bağırdı və özü səsinə diksinib gözünü açanda gördü ki, dəvəsi yenə ordunu doldurub üzünə su çiləyir.


Döyüküb ətrafa boylandı. Gün yaxmağa hazırlaşırdı. Ağacın kölgəsi yerini dəyişmişdi. Kişinin üzünə gün düşmüşdü. Bunu hiss edən dəvə sahibinin üstünə uzandığı palazdan yapışdı, sürüyüb kölgə düşən tərəfə gətirdi. Kişi torlanan gözlərini dəvənin üzünə zillədi. Dəvə onun nə demək istədiyini başa düşdü və palazı sürüyüb lap ağacın dibinə gətirdi. Sahibinə kömək elədi ki, kürəyini ağacın gövdəsinə söykəsin. Dəvəçi bir balaca nəfəsini dərdi, gözünü dolandırıb ətrafa baxdı və əli ilə işarə etdi ki, dəvə yaxına gəlsin. Dəvə sahibinin önündə diz çöküb yerə yatdı. Göz-gözə baxdılar. Birdən dəvə boynunu uzadıb sahibinin dizi üstə qoydu. Kişi əlini qaldırıb onun yumşaq tükünü sığalladı.

– Deyəsən, ölürəm, gəl halallaşaq.

Dəvə başını qaldırıb sahibinin üzünə baxdı. Dəvəçi gördü ki, heyvanın gözləri yaşarıb, az qalır insan kimi hönkürüb ağlasın.

– Səni çox incitmişəm. Elə vaxt olub ki, iki dəvənin yükünü sənə yükləmişəm, üstəlik özüm də belinə minmişəm. Gecələr də sənə rahatlıq verməmişəm, karvanın birini yola salan kimi o birini götürüb ay işığında yola çıxmışam. Sir-sifətindən görmüşəm ki, narazısan, amma üstünü vurmamışam, yolu yola calamışam. İncimə, əlacım olmayıb, arvad-uşağımı saxlamaq üçün çörək qazanmalıydım. Elə bilirsən, mən özüm əziyyət çəkmirdim? Elə bilirsən, bu çöl-biyabanda gecəli-gündüzlü yol getməkdən xoşum gəlirdi? Evdə, arvad-uşağın yanında rahatca oturmaq istəmirəm? Mən səndən çox razıyam. Sən olmasaydın, biz acından ölərdik. Sənin əməyini itirmək olarmı? Bilirəm, xətrinə də dəymişəm, sənə ağır söz də demişəm, hətta bəzən hirslənib döymüşəm də. Amma sağ ol, üzümə qayıtmayıbsan. Tək bircə dəfə, doğrudan da, nər kimi qızdın, məni qabağına salıb qovdun, az qaldın ki, çığnayıb öldürəsən, amma axırda yazığın gəldi, üzümə lomba ilə tüpürdün və bununla da hirsin yatdı. İndi, deyəsən, axırım çatıb, gedirəm. Aramızda nə olubsa, halal elə.

Kişi nəfəsini dərib dayandı. Dəvə başını onun dizinin üstündən xeyli qaldırmadı. Nəfəsi ilə sahibinin soyuq əlini isitdi. Birdən adam kimi dilə gəldi:

– Hər şeyi sənə halal edirəm, bütün günahların-dan keçirəm, amma bircə şeyi sənə bağışlaya bilməyəcəyəm.

Kişi elə bil diksinib dirçəldi. Dəvə sahibinin sual dolu gözlərinə baxdı.

– Yadındadırmı, bir dəfə yorulub lap əldən düşmüşdüm. Yüküm ağır idi. Üstəlik, ölən iki dəvənin dərisini də mənə şəlləmişdin. Ayağım yerimirdi, istidən dilim ağzımda yanırdı. Neçə dəfə üzünə baxdım, ya yükümü azalt, ya da qoy bir az dincəlim, dedim, fikir vermədin. Mən həmişə karvanın qabağında getmişəm, başçı olmuşam, sən buna da qiymət vermədin. Zırpı bir eşşəyi çəkib gətirdin, mənim noxtamı onun quyruğuna bağladın. Bax, bunu sənə heç vaxt bağışlaya bilməyəcəyəm, heç vaxt!

Dəvənin gözləri qupquru idi. Kişi isə kürəyini ağaca söykəyib dayanmışdı. Onun ayaqları, əlləri soyuyub buza dönmüşdü.

Şahın oğlu

Günlərin bir günü çapar çapdı, qasid gəldi və şaha xəbər verdilər ki, oğlun arvad-uşağı ilə sərhədi keçib sənin torpağına ayaq basmışdır, bir-iki günə karvanlı, kəcavəli paytaxtda olacaq, qarşıla. Şah bu xəbərdən heç nə başa düşmədi və fikir-zikir içində, ayağında qızıl haşiyəli başmaq, çiynində kəşmiri ipəkdən xələt, al-əlvan naxışlı xalılar döşənmiş otaqlardan keçə-keçə arvadının yanına gəldi. Qızıl bilərzikli qolları buğum-buğum olan ətli-əndamlı xanım şahı görən kimi buruq-buruq saçlarını çiyninin üstündən geri elədi, baş örtüyünü tələsik götürdü. Yaxasının açıq yerini örtdü və məxmər döşək üstündən qalxıb, taxtdan yerə düşdü, əlini sinəsinə qoyub şahın önündə baş əydi. O, intizar və ehtirasla gözlədi ki, kişisi həmişəki kimi əbasını çiynindən atacaq, qollarını belinə dolayıb onu qucaqlayacaq, əvvəlcə əlini arvadının göbəyinə çəkəcək, sonra nəfəsi təngiyə-təngiyə boyun-buxağından öpəcək. Ancaq şahın ona toxunmayıb taxtın üstündə qayğılı-qayğılı oturduğunu görəndə ürəyindən keçənlərdən utanıb, həyalı gəlin kimi qızardı, azacıq sonra isə ərinin sərt baxışlarından təşvişə düşdü. Kirimişcə ərinə yaxınlaşıb yanında oturdu. Pişik qılıqlı, işvəli, nazlı xanım bir an içində dönüb hökmdar arvadına çevrildi. Şahın gözlənilməz sualı onu diksindirdi:

– Arvad, mənim oğlum yoxdur, bəlkə, sənin var?

– Bu nə sözdür, qibleyi-aləm, mən ki on dörd yaşımdan sənin yanındayam.

– Onda bu oğul haradan peyda oldu?

Xanım çaparın gətirdiyi naməni ərinin əlindən aldı, dönə-dönə oxudu, ərinə baxdı və gördü ki, şahın rəngi dümağdır, əlləri əsir.

– Gələn kimi o dələduzun boynunu vurduracağam.

– Yox, qibleyi-aləm, əl saxla, yoxsa nahaq qan tökmüş olarsan. O adam hər kimsə, sənə pənah gətirib, insaf elə.

Kişi dəfələrlə ağıllı tədbiri ilə onu dardan qurtaran arvadının qayğılı səsini eşidib yumşaldı və gözünü xanımın ağıllı gözünə zillədi:

– Bəs nə eləyim?

– Onu adına layiq, şah oğlu şah kimi qarşıla.

Şəhərə car çəkdilər, xəbər verdilər ki, şahzadə uzun və uzaq səfərdən qayıdır, toy-bayramdır, hamı qırmızı geyinsin, al qumaşa bürünsün, əllərinə xına yaxsın, yollara çıxsın. Kasıblara, yetimlərə şirni paylansın, xələt verilsin. Eyvanlara gəbə salınsın, yollara, gələn əziz qonaqların ayaqları altına gül-çiçək səpələnsin. Şahın atlı qoşunu da, saray əyanları da, lap nökər-naib, qulluqçu-qaravaş da bəzənib-düzəndilər, geyinib-kecindilər. Tar-qaval, zurna-balaban səsi bir-birinə qarışdı, şeypurlar guruldadı. Şah qırmızı geyinib taxta çıxdı, arvadını da yanında əyləşdirdi.

Karvan saraya yaxınlaşdı. Şah dəvələrin zınqırov səsini eşitdi. Sonra öndə, at belində gələn cavan oğlanı gördü. Onun enli kürəyi vardı, qaşları çatma idi. Şəvə kimi qara, eşmə nazik bığı ağ sifətinə yaraşırdı. Yəhərin üstündə yanpörtü oturmuşdu. Şahzadələrə məxsus ağ ipək çalmasının ortasında yumurta boyda yaqut parıldayırdı. Altındakı gümüş döşlüklü at oyur-oyur oynayır, ürəyini gəmirib çeynəyirdi. Oğlan onun ayağının altına gül-çiçək səpənlərə ehmalca baş əyib gülümsünürdü.

Atın başını tutdular. Oğlan sıçrayıb yəhərdən düşdü, sonra arxada yerə yatmış dəvənin belindəki kəcavədən çıxan gəlinə kömək elədi. Qız ipək paltarda idi. Beli üzükdən keçərdi. Yerişindən-yürüşündən incəlik duyulurdu, zəriflik tökülürdü. Şahzadə onun əlindən tutub irəli çıxanda camaatın arasından heyranlıq bildirən bir pıçıltı keçdi. Oğlan arvadı ilə birlikdə qəti addımlarla pillələri çıxdı və şahın qabağında diz çökdü, onun əlini öpdü.

– Xoş gördük, ata.

– Xoş gəlmisən, bala. Sən də xoş gəlmisən, qızım, qədəmlərin yüngül olsun.

Şah əvvəlcə “oğlunun”, sonra da al-qumaş içində su sonası kimi cilvələnən, incəbel gəlinin alnından öpdü. Xanım onların hər ikisini qucaqladı, önündə ədəblə diz çökən gəlinin başını sinəsinə sıxdı, onun müşk-ənbər qoxuyan saçından, alnından öpdü. Qulluqçular yenicə dil açan totuq bir oğlan uşağının qolundan tutub irəli gətirdilər. Uşaq qaz kimi yanlarını basaraq qaçdı və “baba” deyib şahın qucağına atıldı. Şah bu qanıqaynar uşağın üzündən öpüb dizinin üstünə aldı. Oğlan əldən-ələ gəzdi.

Hökmdar o gün “oğlunun” şərəfinə gecəyarıyacan davam edən böyük bir ziyafət verdi.

Qonaqlıqdan sonra oğlan arvad-uşağını yuxuya verib şahın hüzuruna gəldi və gördü ki, hökmdar arvadı ilə yanaşı oturub onun yolunu gözləyir. Heç nə demədən ikiqat əyilib təzim etdi və hökmdarın sorğu-sualını gözləmədən əlini qoynuna salıb qat kəsmiş bir kağız çıxartdı, sakitcə ona verdi. Şah kağızı aldı, ehmalca açdı, öz qolunu və möhürünü görəndə diksindi, xəttini də tanıdı. Oxudu və qaşlarını çatıb dördcə kəlmədən ibarət olan bu məktubu harada, nə şəraitdə, nə vaxt yazdığını yadına salmağa çalışdı.

…Həmişəki kimi təğyir-libas olub gəzirdi. Əlində əsa vardı, ayağında çarıq. Saç-saqqalı uzanmışdı. Hava isti olduğundan tər içindəydi. Ciyəri yanırdı. Susuzluqdan dili, ağzı qurumuşdu. Şəhərin küçələrini, karvansaraları gəzməkdən yorulmuşdu. Bir içim su tapmaq məqsədilə yolunu bazardan saldı və elə girəcəkdə tığlanmış qarpızları görəndə ayaq saxladı, ürəyindən keçirtdi ki, elə yaxşı oldu, birini alıb kəsərəm. Həm susuzluğum dayanar, həm də nübar eləyərəm. Qarpızsatana yaxınlaşdı, pul üçün əlini cibinə saldı. Qarpızsatan yetişmiş iri bir qarpız seçdi.

– Buyur, baba dərviş, nübardır.

– Neçəyədir?

– On dinara.

Şah əlini cibindən çıxartdı. “Çox bahadır”, – dedi. Ağzının suyu axsa da, pula qıyıb qarpızı ala bilmədi.

Elə bu vaxt başı papaqlı, çiyni yapıncılı, əli çomaqlı bir çoban yanlarını basa-basa gəlib özünü qarpız tağının üstünə saldı. Heç nə soruşmadan bir yekəsini seçib götürdü, pulunu verdi. Əlini cibinə salıb bıçaq axtardı, tapmadı. Oyan-buyana boylandı və birdən qarpızı yerə çırpıb paraladı. Dişinə çəkib iştaha ilə yedi. Şah udquna-udquna çobana baxdı. Qarpızın suyu onun ağzından, çənəsindən şoralanıb sinəsinə tökülürdü. Padşah fikirləşdi: “Şah olasan, ürək eləyib bir qarpız ala bilməyəsən, amma Allahın bir çobanı səndən cəsarətli çıxa”, – və kağız götürüb bir neçə söz yazdı. Kənara çəkilib gözlədi. Çoban yanından ötəndə kağızı onun ayağının altına atdı. Çoban tələssə də, kağızı gördü. Götürüb o üz-bu üzünə baxdı və birdən yüyürüb şaha yaxınlaşdı.

– Baba dərviş, bu kağız mənlə danışmır, oxu görək nə yazılıb?

Şah oxudu: “Bu dünya quyruqdur, bacarıb yeyənə. Şah oğlu Şah Abbas”.

– Kim?

– Şah Abbas.

Çobanın qaşları çatıldı, ani fikrə getdi və birdən gözləri qığılcımlanıb alovlandı. Kağızı şahdan alıb yola düşdü.

İndi şah həmin kağızı əlində tutub oğlanın üzünə baxırdı.

– O çoban mənəm, – deyə oğlan şahın qabağında diz çökdü. Bu kağızı tapandan sonra ağamın sürüsünü bir baş bazara haylayıb satdım. Özümə yeddi yoldaş tapdım, yeddi yəhərli-yüyənli at aldım, oğlanları dərziyə aparıb paltar tikdirdim, geyindiribkecindirdim, özümə də şahzadə libası tikdirdim. Bəzəndik, yaraqlandıq və yola düşdük. Ölkələr basa-basa gəlib Misir padşahının torpağına çıxdıq. Özümü sənin oğlun kimi qələmə verdim. İnandılar. Boy-buxunumuz, bər-bəzəyimiz onları çaşdırdı. Xəbər padşaha çatan kimi dalımızca çapar göndərdi, bizi sarayına apardı. Eşidəndə ki, sizin oğlunuzam, az qaldı düşüb taxtını mənə versin. Bizi buraxmadı. Bir gün qırx qaravaşı ilə bağda gəzən şah qızını gördüm və o gündən yorğan-döşəyə düşdüm. Misir padşahı arif imiş, dərdimi bildi və qızını mənə təklif elədi. Sən demə, qız da mən dərddə imiş. Cah-cəlalla toyumuz oldu. Evləndik, oğlumuz da oldu. İndi, qibleyi-aləm, öz ayağımla gəlmişəm. Başım sizin hüzurunuzdadır, nə fərman versəniz, tabeyəm.

Şah dinmədi. Saqqalını qaşıya-qaşıya fikrə getdi. Xeyli sükutdan sonra dönüb arvadının üzünə baxdı. Xanım yavaşca yerindən durdu. Əli sinəsində padşahın qabağında diz çöküb fərman gözləyən oğlanın qolundan tutub qaldırdı.

– Yaxşı eləmisən, bala, halal xoşun olsun.

İlğım

O, dayandı. Əlini gözünün üstünə qoyub, üfüqlərə qədər uzanan sonsuzluqlara baxdı. Su kimi qırçınlanıb axan sarı, narın qum ləpələrindən başqa, heç nə görmədi. Bu ləpələr balaca bir titrəyişdən hərəkətə gələrək yeriyir, tozlana-tozlana irəliləyir və mavi səmanın qurtaracağına doğru yüyürürdü. Göydən od ələnirdi. Adamın düz başının ortasında dayanan günəş kəhrəba kimi sarı səhra qumlarını qovurub qıpqırmızı edirdi. Nəfəs aldıqca boğaz quruyur, tüpürcək adamın dilinə yapışırdı.

Kainatın bu sonsuz sakinsiz diyarında təkcə dayanan insan övladı dincəlmək istədi. Onun qarşısında hələ uzun yol vardı. Nəfəsini dərib yorğunluğunu almalı idi. Ətrafa boylandı. Kölgəlik axtardı. Yastıyapalaq saksaul kolundan başqa, gözünə heç nə dəymədi. Topuğa qədər isti quma bata-bata ora yaxınlaşdı. Əsasını, torbasını atıb oturmaq istərkən fışıltı eşidərək, geri sıçradı. Gördü ki, bir ilan quyruğu üstə qalxmışdı. Göz-gözə dayandılar. Hər ikisinin gözü qonur idi, hər ikisi döyüşü udmaq istəyirdi. Kim bir balaca qorxsa, geri çəkilsə, basılmış olacaqdı. İnsan övladının geri çəkilmək fikri yox idi. Əksinə, hazır dayanmışdı ki, ilan üstünə atılsa, boğazından yapışsın. Deyəsən, bunu ilan da duydu, asta-asta aşağı yatdı və sürünüb uzaqlaşdı.

O, gözünü ilanın əyri-üyrü izindən çəkmədən oturdu. Ayaqlarına baxdı. Cadar-cadar idi. Yolların isti qumu dərisini yandırmışdı. Çınqıl daşlar pəncəsini doğramış, dabanını çatlaq-çatlaq eləmişdi. Ayağının altı qalınlayıb gönə dönmüşdü. Bədəni qovrulub yanırdı. Əynindəki paltarları cırıq-cırıq idi. Uzandı. Bir azca sərinləmək istədi. Qumu eşib bədəninə tökdü. Qovrulub dənələnmiş narın qum onun qaralıb yanmış qollarının, baldırlarının, sinəsinin qarsımış tüklərinin arasından süzülüb axdı. Elə bil bədəninə qor doldu.

Bağlamasını açdı. Bir parça quru çörək çıxarıb gövşədi. Boğazından ötsün deyə üstündən bircə qurtum su içdi. Dirsəklənərək yenə irəli, sonsuz qum səhrasına baxdı…

O, çoxdan yola çıxmışdı, lap çoxdan. Onda cavan idi, ətli-canlı, gırdın1 budlu bir cavan. İki adam qolunu qanıra bilmirdi. Bircə əli ilə öküzün boynunu qanırıb dizini yerə gətirirdi. İndi isə qupquru quruyub qaxaca dönmüşdü. Saç-saqqalı ağarmışdı. Bir insan ömrünü artıq başa vururdu. Xəbəri yox idi ki, bir insan ömrü yollarda puça çıxmış, amma hələ də gedirdi, hələ də axtarırdı. Hələ də yollarda idi. Ulu babaların keçdiyi, Adəm atadan sonra dünyaya gəlmiş ən qədim əcdadlarının başladığı, ancaq axırına çata bilmədikləri yolda.

O zaman dünya səhrayi-kəbir idi. Üfüqdən-üfüqə uzanan bu sonsuz, sehrli-sirli dünyada yaradanın nələr xəlq etdiyindən heç kimin xəbəri yox idi. Ancaq onu bilirdilər ki, cənnətdən sonra bura pis idi, çox pis! Burada, gah soyuq ruzigarın öz acı nəfəsi ilə hər şeyi buza döndərdiyi, gah da günəşin od ələyib bütün aləmi yandırıb-yaxdığı bu bəhrəsiz diyarda qalmaq çətin idi. Onlara demişdilər ki, Məğribdən Məşriqə bir yol uzanır, o yol ilə getsəniz, üfüqün o üzündə gözəl bir diyar var, ora çatarsınız. Elə bir diyar ki, dağlar baş-başa verib, çaylar çeşmələrdən, irmaqlardan güc alıb daşlanır, şəlaləyə dönüb sıldırım boşluqlardan tökülür, sonra da düzənliklərə axıb hər yeri çəmənliyə, gül-çiçəyə döndərir. Vadilər meşədir, ormanlıqdır. Orada nə istəsəniz, tapacaqsınız. Ceyran-cüyür ovlayacaq, qızıl-gümüş sularda çiməcək, ətirli gül-çiçək içində yatacaqsınız. Quşlar öz nəğmələriylə sizə laylay çalacaq, bihuşdarı ağaclarının ətri sizi məst edəcək. Orada çaylardan su yerinə bal-yağ axır. Nə soyuq ruzigar görəcəksiniz, nə də qızmar günəş.

Yola çıxdılar. Elliklə, obalıqla. Daşlı-kəsəkli yollar aşdılar, səhralar keçdilər. Yolda anadan olan uşaqlar əvvəlcə qucaqda gəzdilər, sonra analarının əlindən tutub yeridilər. Bir də gözlərini açıb gördülər ki, onların əlindən tutanların əlindən tutmaq lazımdır. Dünənki uşaqlar indiki qocaların əlindən tutası oldular. Yenə qatarlaşıb irəlilədilər, ancaq üfüqü aşa bilmədilər. Yaxınlaşdıqca üfüq uzaqlaşdı, əlçatmaz bir məsafəyə döndü.

Gözəl diyar əvəzinə yollarının üstünə buzlaqlar çıxdı, ilanlı-əqrəbli düzənliklərlə qarşılaşdılar. Cavanlar ayaq saxlayıb dayandılar, geri qayıtmaq istədilər, ancaq qocalar razı olmadılar. “Biz heç, barı siz o diyara çatın, xoş gün görün”, – deyə onları dilə tutdular. Yenidən yola düşdülər. Buzlaqlar keçdilər, bələnlər aşdılar, ölənlər də oldu, yollarda qalanlar da. Əldən-ayaqdan düşənləri dallarına aldılar, elə hey irəlilədilər, gecəli-gündüzlü yollarda oldular. Bir də gözlərini açıb gördülər ki, qocalardan heç kəs qalmayıb. Kədərləndilər. Valideynlərini ağ günə çıxarda bilmədiklərinə görə özlərini danladılar. Ancaq onu bilmirdilər ki, ölənlər də uşaqlarına bir gün ağlaya bilmədiklərinə görə bu dünyadan əli uzanıqlı, ürəyi nisgilli getmişdilər.

Bir gün səhrada yağışa düşdülər. Göy şaqqıldadı, buludlar kəllə-kəlləyə gəldi. Elə bil ağrıdan gözlərini yumub, selləmə yağış axıtdılar. Çöllərin tozu yatdı. Bədənlərə sərinlik gəldi. Yağış birdən başladığı kimi birdən də kəsdi. Göyün üzü çimib sığallanan gəlin sifəti kimi tərtəmiz oldu. Birdən insanlar gördülər ki, səmada iki göy qurşağı var. Sarı, yaşıl, göy və qırmızı zehli qurşaq. Biri qabaqda idi, o biri arxada. Sevindilər. İnandılar ki, cənnətmisal diyara gəlib çatıblar. Bu qurşağın altından keçən kimi orada olacaqlar. Ancaq bilmədilər, hansı qurşağın altından keçsinlər: irəlidəkinin, yoxsa arxadakının. Uşaqlar qocaların əlindən tutub qabağı göstərdilər, qocalar isə arxadan qorxduqları üçün geri qayıtmaq istəmədilər. İrəli getdilər. Sevinə-sevinə, qaça-qaça, üzü günəşə, göy qurşağına doğru. Göy qurşağı cazibədar idi, özü də lap yaxındaydı, əlini uzatsan, çatardı. Qaçdılar, çalışdılar ki, onun altından keçsinlər. Ancaq onlar yaxınlaşdıqca göy qurşağı geri çəkildi və birdən gülə-gülə, öz gözəlliyi ilə insanları heyran qoya-qoya yoxa çıxdı.

İnsan övladları dayandılar. Məyus-məyus səhraya boylandılar.

…Saksaul kolunun dibinə arxası üstə uzanıb gözünü səmaya zilləyən insan övladı bunları xatırladı, ulu babaları haqqında eşitdiklərini yada saldı və özünün keçib gəldiyi ömür yolunu gözləri önündə canlandırdı…

Yollarda qalanlar çox oldu. Sağa buruldular, sola qanrıldılar, bəziləri də “daha gedə bilmirik” dedilər. O isə yolundan dönmədi. Axı düz iki dəfə aydınca görmüşdü ki, səhranın ortasında yaşıl bir diyar var. Həmin diyarda çaylar axır, sular ləpələnir… Sinəsi güllü-çiçəkli dağların başı qardır. Hətta suların, dağların sərinliyini üzündə hiss etmiş, ceyran-cüyür səsini eşitmiş və yəqinləşdirmişdi ki, ulu babalarından tutmuş indiyə qədər axtardıqları cənnətmisal diyar elə budur. Gözünü cənnətmisal diyardan çəkmədən, bir azdan orada olacağı ümidi ilə irəliləmişdi. Ancaq əli boşa çıxmışdı. Qaranlıq qarışanda həmin diyar zülmətə bürünmüş, səhər açılanda isə tamam yoxa çıxmışdı. Həm də bu yuxuya bənzər cənnətmisal diyarı iki dəfə görmüşdü. İkisində də birdən-birə peyda olmuş, birdən-birə də yoxa çıxmışdı. Bu nə sirr idi, başa düşə bilmirdi…

…Yola düşməzdən əvvəl uşaqlarını bir kənara çəkmiş, “siz dincəlin, mən gedirəm, ‒ demişdi, ‒ oranı tapacağam, arxayın ola bilərsiniz, mütləq tapacağam. Onda gəlib aparacağam, darıxmayın”. Gecəni gündüzə qatmışdı, gündüzü də gecəyə, elə hey irəliləmişdi. O vaxtdan nə qədər keçdiyini bilmirdi, uşaqlarının başına nə iş gəldiyindən xəbərsiz idi. Amma ümidini itirməmişdi. Elə dünən də səhranın ortasındakı həmin gözəl diyarı açıq-aşkar görmüşdü. Haradasa lap yaxındaydı, gəlib çatmışdı.

Uzandığı yerdən durub yola düşmək istədi. Ayaqları sözünə baxmadı. Sızıltıdan bədəni göynədi. Qərara aldı ki, bir azca mürgüləyib dincini alsın. Xəyalından keçirdi ki: “Bu dəfə mütləq oranı tapacağam, daha gözümdən qoymaram”. Ayaqlarını uzadıb başını torbasına söykədi.

Nə qədər yatdığını bilmədi. Gözünü açanda onu gördü ki, səhra istidən od tutub yanır. Narın qumlar qovrula-qovrula yeriyir, yeridikcə qum təpəcikləri ovulub axır və qırçınlanıb dəniz ləpələri kimi bir-birini qovur. Gözünü hərləyib göyün üzünə baxdı və başa düşdü ki, çox yatıb, lap çox. Əsasını götürdü, torbasını çiyninə aldı və birdən diz çökdü.

Qarşıda, günəşin qarsıyıb yandırdığı bu sonsuz qumlu səhranın ortasında məxmər kimi yaşıl bir çəmənlik vardı. Bu çəmənliyin ətəyini üzü göz kimi hamar və parlaq olan sular yalayırdı. Dağların zirvəsi yenə qar idi, sinəsində isə gül-çiçək ləpələnirdi, sular şırıldayırdı. Ceyran-cüyür mələşməsi eşidilirdi. Bu, həmin diyar idi. Çoxdan bəri axtardığı və iki dəfə apaşkar gördüyü cənnətmisal diyar. Bu, həqiqət idi, bu cür qarabasması ola bilməzdi, quşların səsinə qədər eşidilirdi. Suların sərinliyi üzə vururdu, çiçəklərin ətri sinəsinə dolurdu. Əllərini göyə qaldırdı. “Şükür kərəminə, ey yeri-göyü yaradan, ‒ dedi, ‒ axır ki, məni mənzilə çatdırdın!”

Ayağa durdu. Torbasını, əsasını atdı, qollarını açdı, heç nəyə fikir vermədən irəli cumdu. Elə bil uçurdu. Addımının birini burada atırdı, birini də təpənin o üzündə. Mənzilə lap az qalırdı, əlini uzatsan, çatardı. Artıq şübhə ola bilməzdi. Hər şey aydınca görünürdü, hər şey göz qabağındaydı. Ürəyi az qalırdı partlayıb sinəsindən çıxsın. Amma buna fikir vermədi. Tövşüyə-tövşüyə, ayaqları dolaşa-dolaşa, üzü Məşriqə tərəf, gözəl diyara doğru qaçdı.

Birdən dəhşət içində dayandı. Gördü ki, gözəl diyarın üstünə narın bir kölgə çökür. Keçən dəfə də belə olmuşdu. Əvvəlcə xəfif duman tül pərdə kimi hər yeri bürümüşdü. Azacıq sonra isə bu gözəl diyarın özü kölgəyə dönüb görünməz olmuşdu. O qorxdu, yerindən tərpənə bilmədi. Dizi üstə qumluğa çökdü. Əllərini göyə qaldırdı. Bu dəfə dua üçün yox, fəryad üçün. Hönkür-hönkür ağladı. “Bu nə işdir, mənim başıma gətirirsən, ey Tanrı, hüzurunda nə günah işlətmişəm”. Gözündə yaş üfüqlərə baxdı. Gördü ki, tülə bürünmüş cənnətmisal diyar öz yerindədir, əvvəlki kimi cilvələnib bərq vurur.

Yerindən tərpənə bilmədi. Qorxdu ki, ayağa qalxsa, həsrətini çəkdiyi, ulu əcdadlarından tutmuş bu günə qədər axtardıqları o gözəl diyar yoxa çıxar. Əli göydə, gözü üfüqdə, dizi üstə quruyub qaldı.

1.Dilimizdə mişarla eyni boyda kəsilmiş yoğun odun parçalarına girdin (dialektlərdə: gırdın) deyirlər. Bu, girdə sözü ilə bağlıdır, “dairəvi parçalar” deməkdir.
₺143,21

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
11 nisan 2023
Hacim:
14 s. 24 illüstrasyon
ISBN:
978-9952-311-02-0
Telif hakkı:
TEAS PRESS
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 4,3, 3 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 11 oylamaya göre