Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məni itirməyin», sayfa 4

Yazı tipi:

Bəs zınqırovu kim asacaq?

Neçə gün idi ki, Boz dağın ətəyində, düzənliyin ortasındakı tənha çinarın kölgəsində, böyük müşavirə gedirdi. Buraya dünyanın hər yerindən sürü-sürü siçan toplanmışdı. Onlar öz yığıncaqlarına siçovulları, kəsəyənləri, sünbülqıranları da dəvət etmişdilər… Lakin bunlar öz nümayəndələrini göndərmişdilər ki, elə-belə sakitcə danışılanlara qulaq assınlar. Hətta taxıl zəmilərində, kövşənlik və çöllərdə yaşayan siçanlar da belə bir toplantıya gəlməkdən boyun qaçırmışdılar. Demişdilər ki, bizə dəyib-toxunan yoxdur, orada nə işimiz var, durduğumuz yerdə başımızı niyə qalmaqala salırıq. Toplaşanlar əsasən ev siçanları idi. Onların dərdi böyük idi: kimisi gözünün ağı-qarası yeganə oğlunu itirmiş, kimisinin boy-buxununa valeh olduğu nər kimi ərini əlindən almışdılar, kimisi də bir sürü balası ilə qalmışdı tək. Burada atadan, anadan yetim qalan körpələr də vardı. Hamısının ürəyi yaralı idi, hamının dərdi böyük idi. Sir-sifətlərindən hiss olunurdu ki, bu saatın özündə də vahimə içindədirlər, bir yerə toplaşıb özlərinə ürək-dirək versələr də, tir-tir əsirlər.

Yığıncağı cantıraq, tükləri cod, uzun bığlı, başı bəlalar çəkmiş yaşlı bir siçan açdı. O, əvvəlcə belini donqarlandırdı, qəzəbindən tükləri pırpızlanıb gözlərinə qan sağıldı. Hamı gördü ki, ağsaqqal əvvəlcə ehtiyatla ətrafı imsilədi. Onun burun pərələri oynadı, bığları tərpəndi, gözləri sağa-sola döndü və arxayınlaşdıqdan sonra boğazını arıtlayıb, sözə başladı:

– Mənim əzizlərim, ulu əcdadlarımızın yazıq törəmələri, hamınıza məlumdur ki, başımızın üstünü təhlükə almışdır. Əgər belə getsə, yaxın gələcəkdə kökümüz tamam kəsilə bilər. Gözümüz baxa-baxa kişilərimizi, arvadlarımızı parçalayırlar, gül balalarımızı bircə şapalaqla yığıb boğurlar. Qoymurlar ki, nəfəs alaq. Aclıq vadar eləyib yuvamızdan aralanan kimi üstümüzü alırlar. Artıq buna dözmək olmaz, bıçaq sümüyə dayanıb. Buraya toplaşmaqda məqsədimiz birləşmək və ümumi düşmənə qarşı əlbir olub tədbir tökməkdir.

Siçan sinəsini boşaldıb danışığına ara verdi. Əyləşənləri süzdü və gördü ki, hamının yaralı yerinə toxunub, hamının ürəyindən xəbər verib. Onu din-ləyənlərin qəzəbdən gözləri qızıb. Bu saat ölümə də göndərsən, gedərlər. Sevindi. Həmcinslərinin qeyrət damarına toxuna bildiyinə, onları kişiləşdirdiyinə görə qürurlandı.

Yığışanların arasından birisi dazıya-dazıya qabağa çıxdı, gəlib düz başçının yanında dayandı. Əvvəlcə əlini dik-dik dərisinə çəkdi, tükü tökülmüş belini, qarnını qaşıdı, elə bil nə günə düşdüyünü camaata göstərirdi, sonra dal ayaqları üstünə qalxıb burnunu, bığını oynatdı.

– Mən anayam, – deyə sözə başladı. Amma bala üzünə həsrət qalmışam. Onları doğuram, nə zillətlə böyüdürəm, boya-başa çatdıranda əlimdən alırlar. Bu pişiklər sinəmizə dağ çəkir, ahımız-ünümüz göyə qalxır, amma nə səsimizi eşidən var, nə köməyimizə çatan. İkicə gün bundan qabaq sonbeşiyimi günə çıxarmışdım. Yazıq tifil işıq üzü gördüyünə elə sevinirdi ki, bilmirdi, nə etsin. Gah başıma dolanır, gah böyrümə qısılır, gah da məndən xeyli aralanıb dal ayaqları üstünə qalxır və sinəsini günə verib isinirdi. Elə göyçək, elə qəşəng idi ki, belə yaraşıqlı balam olduğuna heç özüm də inana bilmirdim. Gözüm çıxsın, deyəsən, balamı gözə gətirdim.

Siçan səsini kəsib hıçqırdı. Onun çiyinləri qalxıb-endi. Əlləri ilə üzünü tutsa da, hönkürtüsünü saxlaya bilmədi. Sədr də qəhərləndi və gözünü gəzdirəndə gördü ki, oturanlardan çoxunun əlində dəsmal var.

Ana siçan özünü toxdadıb sözünə davam etdi:

– Birdən haradansa peyda olan pələng kimi bir pişik üstümüzə atıldı, balama elə bir pəncə ilişdirdi ki, tifil yumaq kimi göyə qalxıb yerə dəydi. Qışqırtısını eşitdim, məni çağırırdı. İstədim, özümü qabağa atam, balamı alam bu əjdahanın əlindən, amma pişiyin üstümə yeridiyini görüb qaçdım, özümü yuvaya güclə saldım. Pişik qapının ağzında xeyli dayandı. Gördü ki, çıxmayacağam, geri qayıtdı. Mən tab gətirmədim, ana ürəyidir, dözmədi, burnumu çıxartdım, yuvadan gördüm ki, balam hələ sağdır. Qorxa-qorxa yuvamıza doğru sürünür, pişik isə gözə görünmür. Sevindim. Astadan çağırdım. Səsimi eşidən kimi ürəkləndi və özünü üstümə salmaq istədi. Düz yuvanın ağzınacan gəldi. Az qaldı əlim əlinə dəysin. Amma pişik yenə peyda olub balamı əlimdən aldı. – Siçan yenidən qəhərləndi, yaş boğdu onu. – Birdəfəlik öldürsə, yaxşı idi, balamın da canı qurtarardı, mənim də. Amma elə eləmədi. Yazıq tifillə oynamağa başladı. Onu buraxdı, sonra yenə tutdu. Bax, beləcə, gözümün qabağında oynatdı, oynatdı, sonra da boğub yedi. Ona qulaq asanlar qəzəbləndilər.

– Buna dözmək olmaz.

– Bizim düşmənimiz pişiklərdir.

– Pişiklərə ölüm!

– Onların kökünü kəsmək lazımdır!

– Yox olsun, pişiklər!

Hamı ayağa qalxdı. Siçanların ağsaqqalı təşvişə düşdü, qorxdu ki, bu saat yürüş edib, aləmi bir-birinə qatarlar. Ara yerdə nahaq qan axar, əllərindən də bir şey gəlməz. O bilirdi ki, vaxtsız qızışmaq olmaz. İzdihamı sakitləşdirmək istədi.

– Mənim əzizlərim, pişiyə hücum çəkib onu öldürmək bizim işimiz deyil, ağlınızı başınıza yığın, ona gücümüz çatmaz. Ara yerdə qırğına gedərsiniz.

– Olsun. Belə yaşamaqdansa ölmək yaxşıdır.

– Səbir elə, oğul, qızışmış başda ağıl olmaz.

Elə bil camaatın üstünə su ələndi. Qəzəblər qorlanmış kül kimi işıldayıb söndü.

Bayaqkı cavan siçan dilləndi:

– Bəs nə edək, ağsaqqal? Əl-ayağımızı boş qoyub oturaq?

Yığıncağın başçısı bildirdi ki, bu cavan siçanın ürəyi dağlıdır. Pişiklər onun ata-anasını bir həftə bundan qabaq gözünün qabağında parçalayıb. İndi onun gözü qızıb, özünü oda-alova atmağa hazırdır. Əgər ona rüsxət versən, ağına-bozuna baxmadan atılacaq pişiyin üstünə və özü də qurban gedəcək.

– Səbir elə, bir tədbir tökərik.

Hamı fikrə getdi. Bu dəfə ön cərgədə oturan yaşlılardan biri ayağa qalxdı. Tam sakitlik olandan sonra müdriklərə məxsus hikmətlə dilləndi:

– Bizim pişiyə gücümüz çatmaz. Hamımızı bir-bir qırar. – O, sözünə ara verdi. Gördü ki, yığıncaqdakılar nəfəslərini içəri çəkib onun nə deyəcəyini gözləyirlər. Ürəkləndi. – Amma bunun başqa çarəsi var. Biz pişiyin boynuna zınqırov asmalıyıq. – Uğultu başladı. Başa düşdü ki, hamı təşviş içində pıçıldaşır. Fikrini aydınlaşdırmağı lazım bildi. Səsini ucaltdı. – Bəli, bəli. Biz pişiyin boynuna zınqırov asmalıyıq ki, yaxınlaşanda zınqırov səsindən bilək ki, pişik gəlir. Dərhal qaçıb gizlənək. Bizim çıxış yolumuz ancaq budur.

Ortalığa yenidən sükut çökdü. Birdən yuxudan ayılmış kimi ayağa qalxıb əl çaldılar. Bu, əl çalmaq deyildi, şaqqıltı idi. Ürəkdən gələn sevincin əks-sədası olan şaqqıltı!

Təklif bəyənildi. Haradansa qəşəng bir zınqırov da tapıb gətirdilər. Bu zınqırov elə zınqırov idi ki, adamın nəfəsindən də titrəyib zınqıldayırdı. Əgər onu pişiyin boynundan assalar, düz yarım verstdən səsi eşidiləcək və hamı vaxtında qaçıb gizlənə biləcəkdi.

Yığıncağın ağsaqqalı ayağa durdu. Zınqırovu başının üstünə qaldırıb cingildətdi:

– Mənim əzizlərim, axır ki, məsləhətləşdik və dərdimizə çarə tapdıq. Hamınız bir səslə bəyəndiniz ki, bu zınqırovu pişiyin boynundan asaq. İndi deyin görüm, bu zınqırovu pişiyin boynundan kim asacaq?

Heç kimdən səs çıxmadı. Elə bil yığıncaqdakıları dəyişmişdilər, bir az bundan qabağ əsib-coşanlar deyildilər.

Başçı zınqırovu cingildədib bir də soruşdu:

– Hə, nə oldu, niyə dinmirsiniz? Kim istəyirsə, qabağa çıxsın.

Siçanlar əvvəlcə bir-birlərinin üzünə baxdılar. Sonra bir-birlərini dümsüklədilər. Hər kəs öz qonşusunu qabağa itələmək istədi, hamı dartındı. Qabaqda oturanlar dönüb ehtiyatla geri baxdılar və gördülər ki, heç kəs qalmayıb, bir-bir sivişib aradan çıxıblar. Ön cərgədəkilər təşvişə düşdülər və birdən ayağa durub qaçanların dalınca Boz dağın ətəyindəki çöllüyə doğru yürüdülər. Əlində zınqırov, meydanda tək qalan başçının səsi eşidildi:

– Bəs bu zınqırovu kim asacaq, kim?!

Xasiyyətimdir

Sular göz yaşı kimi dumduru idi. Çayın dibindəki bülöv daşları aydınca görünürdü. Bu daşların üstü ilə sürüşən bıçqıl4 balıq sürüsü gah suyun üzünə qalxır, gah da küyülləşib çayaşağı şütüyürdü. Hava aydın və tərtəmiz idi. Təkəmseyrək gözə dəyən ağ buludların kölgəsi suyun üzündə ağ ləkə kimi axırdı. Sahil boyu uzanmış meşənin əksi isə suyun dərinliyindən adamın üzünə boylanırdı. Lal axan çayın üzü qırçın ləpələrdən qaysaq bağlamışdı.

Tısbağa elə bil bu gözəlliklərdən vəcdə gəlmişdi.

Gah sularda baş vurub lap dərinliklərə enir, gah çayın dibində yırğalanan ağac kölgələrinin arasında itir, bıçqıl balıqların dalınca düşür, gah da süzüb suyun o üzünə çıxırdı. Onun tər-təmiz yuyulmuş çanağı naxış-naxış, xal-xal parıldayırdı.

Tısbağa çox üzdü: çayyuxarı, çayaşağı getdi, sonra nə fikirləşdisə, çayı eninə keçib qarşı sahilə gəldi və dincini almaq üçün bir qayanın üstünə çıxdı. Burada sahil çox qüssəli idi. Nə bir ağac vardı, nə də kölgəlik. Otlar yanıb külə dönmüşdü. Gün hər yeri təndir kimi qarsıyırdı.

Tısbağa özünü xeyli günə verdi. Çanağı qurudu, bədəni isindi. Dərindən nəfəs alıb ətrafı dinşədi. Qurbağaların qurultusu və cırcıramaların cırıltısından başqa, heç nə eşitmədi. Amma orada, qarşı sahildə, bülbüllərin cəh-cəhi şaqqıltıya çevrilib meşəni titrədirdi.

O, özünü suya atmaq istədi. Elə bu vaxt hiss etdi ki, kim isə dərindən ah çəkib köksünü ötürdü. Qanrılıb baxdı. Bir az aralıda dayanan əqrəbi gördü. Onun çox məhzun görkəmi vardı. Boynu bükülmüş, rəngi sapsarı saralmışdı. Elə fağırlaşmışdı ki, yağının da yazığı gələrdi.

– Nə olub, əqrəb qardaş, niyə ah çəkirsən?

– Niyə ah çəkməyim, qalmışam bu cırcıramalı ilan mələyən çöllərdə. Ha istəyirəm, o taya keçəm, amma aranı su kəsib.

– Sənin o tayda nə işin var, bura elə əsl yerindir.

– Nə danışırsan, tısbağa qardaş, ora hara, bura hara. Orada təkcə elə quşların səsinə qulaq asmaq nəyə desən, dəyər. Hələ gül-çiçəyi, heykirişən maralları, cığalı qırqovulları demirəm. Neynəyim, qalmışam baxa-baxa, əlacımı Allah kəsib. Sənin kimi üzmək də bilmirəm ki, çayı adlayıb özümü verəm meşənin sərinliyinə. İnsafa gəlib kömək əlini uzadan da yoxdur.

– Yəni sənə kömək ediləsidir? Kim əlini uzadırsa, qolunu dibindən çalırsan.

– Vallah yalan sözdür. Düşmənlər, bədxahlar adımı “vayqanlı” qoyublar. Yer üzündə məndən ürəyiyumşaq, xeyirxah bir varlıq yoxdur. Özün de, axı durduğum yerdə niyə pislik etməliyəm, əlimdən tutanı niyə çalmalıyam?

– Nə bilim, özündən soruş. Yadına sal, gör nə qədər adam çalmısan. Özü də xeyirxahları, qolundan tutanları.

– Görürəm, mən bədbəxtə sən də inanmırsan, sən də deyilənlərə qulaq asırsan.

Tısbağa gördü ki, əqrəb üşütməli təkin birdən-birə büzüşdü, rəngi qaralıb kömürə döndü, boynunu sağa-sola əydi, başı da balacalaşıb titrədi, boğazını arıtlayıb nəsə demək istədi, amma səsi çıxmadı, əli-ayağı əsdi. Bir azca da keçsəydi, dığırlanıb suya düşəcəkdi. Ürəyində özünü danladı ki, yazığın nahaq könlünə dəydim.

– Yaxşı, toxtaq ol, de görüm, məndən nə istəyirsən?

– Heç nə, – deyə əqrəb dilləndi. Onun səsi elə bil quyunun dibindən çıxırdı. – Məni o üzə keçir. Bu yaxşılığının əvəzini mən verə bilməsəm də, xaliq verər.

Tısbağa zənlə onun sir-sifətinə, soğulmuş gözlərinə baxdı. Xəyalından keçirtdi ki: Bəlkə, elə, doğrudan da, bu yazığın adı pisliyə çıxıb, Allahın fağırıdır.

– Yaxşı, gəl, min belimə.

Yay kimi sıxılıb balacalaşan əqrəb elə bil birdən-birə açılıb pardaqlandı. Onun boy-buxunu düzəldi, qaməti şahrazlandı. Tısbağa onun qan çəkmiş sarımtıl gözlərində qığılcım kimi alışıb yanan sevinci, rəngindəki boğumtulluğun çəkildiyini gördü və bir varlığı sevindirdiyinə görə özündən razı qaldı. Başa düşmədi ki, əqrəb bütün bədəninə hopmuş, gözlərinə sığılmış, rənginə çökmüş zəhərini içəri çəkdi, tüpürcəyinə qatıb dişinin dibinə yığdı.

– Yox, belinə minə bilmərəm.

– Niyə?

– Sürüşüb suya düşərəm.

– Bəs harama minəcəksən?

– Boynuna.

Tısbağa fikrə getdi. Əqrəbin əl-ayağının onun boynuna toxunacağını təsəvvürünə gətirəndə əti çimçişdi. Əqrəb bunu hiss etdi.

– Tısbağa qardaş, məndən çəkinmə, əl-ayağım təmizdir.

– Yaxşı, qoy sən deyən olsun.

Onlar çayı keçməyə başladılar. Tısbağa suya batmamaq və əqrəbi islatmamaq üçün boynunu yuxarı tuturdu. Əqrəb isə onu mehribanlıqla qucaqlayır, arabir əlini başına çəkib tumarlayırdı.

Sahilə az qalırdı. Tısbağa çalışırdı ki, çayı tez keçsin, boynuna minmiş əqrəbi tez atsın və nəfəsini dərib sərbəstcə sulara baş vursun. Xəbəri yox idi ki, əqrəb yol boyu onun boynuna göz qoyur, haradan və necə çalacağı haqqında fikirləşirdi. Onun gözləri hərislikdən alışıb yanır, bədənindən öz ovunu indicə ələ keçirəcək xəbis bir vəhşinin sevinc giziltiləri keçirdi. Əgər suda boğulacağından qorxmasaydı, elə indicə çayın ortasında tısbağanı çalardı. Birdən tısbağa qışqırdı.

– Boynumu niyə sıxırsan?

Əqrəb özünə gəlib qollarını boşaltdı.

– Vallah, elə bildim, sürüşüb suya düşürəm.

– Yaxşı, bir də elə eləmə, nəfəsim darıxır.

Tısbağa sürətini artırdı və azacıq sonra güllü-çiçəkli sahilə yan aldı. Əqrəb dikəldi. Gözü ilə hara çıxacağını müəyyənləşdirdi və tısbağanı boynundan çalmağı ilə sıçrayıb quruya atılmağı bir oldu. Tısbağa ağrıdan qovruldu və nə baş verdiyini ayırd edənəcən gözləri torlandı. Özünü tarazlayıb baxdı və gördü ki, əqrəb güllü-çiçəkli sahildə dayanıb, özü də əli belində. Tısbağa bədənindəki ağrıları unutmağa çalışdı, belə bir əqrəbi bu gözəl diyara gətirdiyinə peşman oldu, özünü danladı və yanıb-yaxıldı ki, mən heç, bir can borcluyam, amma bu həşərat başqalarını da aldadacaq, dost cildinə girərək hamını bir-bir çalacaq. Tısbağa sıçrayıb sahilə çıxmaq və onu ayağı altına alıb xıncım-xıncım etməyi ürəyindən keçirtdi, ancaq hiss etdi ki, taqəti yoxdur, elə bil bədəninə qor dolub, alışıb yanır. Başa düşdü ki, əqrəbin zəhəri onun canına, qanına, ürəyinə işləyir. O, son dəfə gücünü toplayıb suyun üzünə çıxdı.

– Məni niyə çaldın, ay namərd?

Əqrəb üzünü artıq gözləri tutulan və asta-asta suyun dibinə enən tısbağaya çevirdi.

– Məndən incimə, qardaş, xasiyyətim belədir, çalmasam, dura bilmərəm.

Xoruzbeçə

Yazın ilıq nəfəsi həyəti yamyaşıl etmişdi. Arxın üstündəki salxım söyüd saçaq-saçaq yarpaqlamışdı. Otlar püskürüb qalxmış, çiçəklər cücərmişdi. Böcəklər cana gəlmişdi. Onlar çəpərin dibində gəzişir, özlərini günə verib qoşalaşırdılar. Hər yerdə cücərmə, canlanma və sevinc hiss edilirdi. Toyuqlar həyətə səpələnmişdilər. Onlar dimdikləri ilə yeri eşir, nəsə yeməli bir şey tapır, qırtıldayıb bir-birini çağırır, öz aralarında özlərinin başa düşəcəkləri dildə danışırdılar. Qız kimi sığallı fərələr isə qoşa-qoşa gəzib nazlanır, ətraflarında fırlanan beçələri gözaltı süzüb ürəklərində onlara gülürdülər. Gülürdülər ki, hələ onlar fərələrə yaxınlaşıb söz deməyə cəsarət eləmirdilər. Elə uzaqdan-uzağa dolaşır, gözləri fərələrin gözlərinə dəyəndə pipikləri həyadan qıpqırmızı olurdu. Onlar hələ başa düşmürdülər ki, dişi cinsi cəsarəti, gücü, bir az da kobudluğu çox sevir. Onların xoşu gəlir ki, erkək zəhmli, qüdrətli olsun, öz inadı və geriçəkilməzliyi ilə qarşısındakını sındırsın, özünə ram eləyib quzuya döndərsin.

Toyuqlar içində bir xoruz da vardı. Ucaboylu, qədd-qamətli. Onun saqqalı, pipiyi qıpqırmızı qan rəngində idi. Boynuna elə bil göy qurşağının rəngi çökmüşdü. Quyruğunun lələkləri də, boynunun tükləri də par-par parıldayırdı. Elə qəşəng, elə yaraşıqlı idi ki, iki göz istəyirdi ki, tamaşasına dursun.

Toyuqlar elə bil özlərini ona göstərmək istəyirdilər. Qoşa-qoşa yanından keçib baş əyir, azacıq uzaqlaşan kimi öz aralarında pıçıldaşırdılar. Fərələr, beçələr də onun yanından hörmətlə adlayır, həyətin təmkinli, ağır taxtalı bu ağsaqqal başçısına ehtiram göstərirdilər.

Xoruz bunların hamısını görürdü. Onun nəzərindən heç nə yayınmırdı. O çalışırdı ki, hər şey yerində olsun, heç kəs heç kəsin payını əlindən almasın, heç kəs cızığından çıxıb yolunu azmasın, hamı əmin-amanlıqla dolansın. Özünü pis aparanları dərhal dimdiyi ilə vurub cəzalandırırdı. Çox həssas idi, heç nə gözündən qaçmırdı. Bəzən dimdiyi ilə yeri eşib tapdığı yemi cücəli toyuqlara verirdi. Göyün üzündə bir çalağan uçanda təhlükə yaxınlaşdığını xəbər verir və çalışırdı ki, həyətdəkilər vaxtında qaçıb gizlənsinlər. Özü isə meydandan çəkilmirdi, əgər çalağan üstlərinə şığısa, döyüşə hazır vəziyyətdə dayanırdı. Bilirdi ki, meydandan qaçmaq olmaz və dəfələrlə qaçmayıb döyüşmüşdü də. İndi ilıq yaz havası ona da təsir edirdi. Hərdənbir qanadını gərib yerlə sürüyür və xoşu gəldiyi toyuğun ətrafında fırlanırdı.

Gün günortadan əyilincə beləcə gəzib dolandılar. Gün şaxıyanda isə xoruz həyətdəkiləri dincəlmək üçün çardağın altına topladı və gördü ki, xoruzbeçələrdən biri yoxdur. Gözü ilə hər yeri axtardı və birdən əli üzündəcə dayandı. Gördü ki, axtardığı xoruzbeçə qara damın üstündə gəzir, özü də çox qəribə tərzdə. Addımlarını ehtiyatla atır, ayağının birini qaldırır, xeyli eləcə dayanıb gözü ilə ayağının altını yoxlayır, ondan sonra addımını atır, nəfəsini dərir və ehmalca o biri ayağını yerə basır. Elə bil nədənsə ehtiyatlanır, nəyi isə sınaqdan keçirirdi. Xoruz bu arıq, cələfsiz, qılçaları iynə kimi olan xoruzbeçənin niyə belə yeridiyini anlamadı.

Maraqlandı.

– A bala, niyə elə yeriyirsən?

– Qorxuram, xoruz baba.

– Nədən qorxursan, oğul?

– Qorxuram, damın kərənləri ayağımın altına tab gətirməyib qırıla və ağırlığımdan dam uça.

Xoruz nə qədər çalışdısa da, gülməyini saxlaya bilmədi və birdən qanadlarını çırpıb elə qəhqəhə çəkdi ki, həyət-baca şaqqıldadı. Hamı dayanıb təəccüblə xoruza və damın üstündə şəstlə durub özünü çəkən xoruzbeçəyə baxdı.

– Qorxma, bala, – deyib xoruz gülməyinə ara verdi. – Mən o damın üstündə çox gəzmişəm. Amma nə kərən qırılıb, nə də dam uçub. Özündən bədgüman olma, bala, ayağını yerə bərk bas, belə tez havalanıb yerişini itirmə.

Həyəti qaqqıltı başına götürdü və uzun zaman ara vermədi.

Belə məmləkətdə…

Birdən-birə göy şaqqıldadı, səhranı amiranə bir səs bürüdü:

– Ey bəni-insan, ayaq saxla!

Əlində əsa, başında çalma, çiynində xurcun, uzun əbasının ətəkləri yellənə-yellənə yol gedən insan övladı səhranı başına götürən bu zəhmli səsdən diksindi. Vahimə içində ətrafa boylandı və qumlu təpələrdən, haradasa xışıldayan sirkan kollarından başqa, heç nə görməyəndə dilinə kəlmeyi-şəhadət gətirib yoluna davam etmək istədi. Amma ikicə addım atmamış zəhmli səs yenidən səhranı başına götürdü.

– Sənə dedim, ayaq saxla!

O, bu dəfə əsasını, çiynindəki xurcunu kənara atıb dizi üstə yerə döşəndi. Alnını quma sürtdü, sonra diz çöküb əllərini göyə qaldırdı.

– Ey yeri-göyü yaradan, mən nə günah işləmişəm?

– Kişi, ayağa dur.

İnsan övladı bir az sakitləşdi, ayağa qalxdı, əlini sinəsində çarpazlayıb qul kimi dayandı.

– Ey bəni-adəm, bu yol ilə düz gedərsən, yeddi səhra, yeddi bələn, yeddi çay keçərsən. Qabağına güllü-çiçəkli, bağ-bağatlı, axar-baxarlı bir diyar çıxacaq, orada dayanarsan. Səni həmin məmləkətə peyğəmbər təyin edirəm.

İnsan oğlu tir-tir əsdi, eşitdiklərinə inana bilmədi. Ona elə gəldi ki, axşamüstüdür, bu kimsəsiz səhrada onu qara basır. Dodaqlarını tərpədib dilinə kəlmeyi-şəhadət gətirmək istədi ki, şər qüvvələr başından dağılsın. Elə bu vaxt yenə həmin zəhmli səsi eşitdi:

– Niyə durmusan, yola düş, uğurun xeyirli olsun…

Kişi tələsik əsasını götürdü, xurcununu çiyninə aldı, vahimə içində, tez-tez dönüb geri baxa-baxa, ətəyi yellənə-yellənə yola düşdü. Yeddi bələn aşdı, yeddi çay adladı, yeddi səhradan keçdi, qırx gün-qırx gecə ayaq döyəndən sonra deyilən yerə gəlib çatdı. Nəfəsini dərib boylandı. Uzaqda solğun işıq gördü. İşığa üz tutdu. Gəlib bir dəyirmana çıxdı.

Dəyirmançı bayırda insan hənirtisi duyub qapını açdı. Başında çalma, əlində əsa, çiynində xurcun, uzun əbasının ətəyi yellənən saç-saqqal basmış, dərvişanə kişini görəndə başa düşdü ki, qarşısında dayanan insan uzun yol yorğunudur, ayaq üstə güclə dayanır.

– Yolun hayanadır, qərib qardaş?

– Elə sizin diyara gəlmişəm. Gecələməyə yer verərsənmi?

– Buyur, buyur, qərib qardaş, bu nə sözdür, qonaq Allah qonağıdır.

Qərib ikiqat əyilib qapıdan içəri keçdi. Alaqaranlıqda, evin ortasında xeyli dayandı. Gözü qaranlığa alışandan sonra gördü ki, evin kərənləri, pərdiləri ocaq hisindən qapqara qaralmışdır. Küncdə balaca bir taxt var, üstünə nimdaş kilim, yamaqlı mütəkkə, mitil yorğan-döşək atılmışdır. Qara aftafa hisli buxarıda qaynayır. Dəyirmançı onun altına döşəkcə atdı, mütəkkə gətirdi. Qərib əbasını çıxardıb ayağını soyundu. Mütəkkəyə dirsəklənib gərnəşdi, sümükləri şaqqıldadı. İndi başa düşdü ki, yaman yorulmuşdur. Ayaqları şişib və bütün bədəni gizildəyir.

Dəyirmançı qonaqdan heç nə soruşmadı. Çay gətirdi, su gətirdi. Ortaya yamaqlı süfrə saldı. Üstünə pendir-çörək, süzmə-qatıq qoydu.

Qonaq duzsuz dəyirman kömbəsindən, pendir-süzmədən iştahla yedi. Üstündən bir-iki cam çay içdi, özünə gəldi. Elə bu vaxt qapı cırıldadı. Qıllı boz bir it qabaq ayaqlarının üstündə sürünə-sürünə içəri keçdi. Dəyirmançı dönüb ona tərs-tərs baxanda it zingildədi və qapının dalında büzüşüb yerini rahatladı.

Yatmazdan əvvəl qonaq bayıra çıxdı. Göyün üzü tərtəmiz idi. Ulduz ulduzu çağırırdı. Hava elə xoş, elə aydın idi ki, adam nəfəs almaqdan doymurdu. Dəyirmanın yeknəsəq taqqıltısı, suların şırıltısı, qamışların xışıltısı, gecə böcəklərinin cırıltısı bir-birinə qarışmışdı. Haradansa anadillər səsləşirdi. Qonaq sinədolusu nəfəs aldı. Gərnəşdi. İçəri, dəyirmanın tozlu-unlu havasına qayıtmaq istəmədi. Qərara aldı ki, içəridən palaz, yorğan-döşək gətirsin, elə damın üstündə, açıq havada yatsın. Fikrini dəyirmançıya söylədi, kişi razı olmadı. “Bu gecə qar yağacaq, – dedi, – içəridə yat”. Qonaq göydə sayrışan ulduzları, ilıq havanı yada saldı, “belə havada qar yağmaz”, – deyə etiraz etmək istədi, ancaq dinmədi. Sakitcə taxta yaxınlaşıb paltarını soyundu, dəyirmançının mitil yorğan-döşəyinin arasına girdi. Yatmazdan əvvəl dedi: “Mən yorğunam, yatıb yuxuya qalaram, ilkindi çağı məni oyat ki, səhər namazını vaxtında qıla bilim”. Dəyirmançı başını tərpətdi. Qonaq yerin içində dirsəkləndi.

– Niyə soruşmursan, kiməm, hara gedirəm?

– Qonaqdan söz soruşmazlar. Lazım olsa, özü deyər.

– Elə isə qoy deyim: Xudavəndi-aləm məni sizin məmləkətə peyğəmbər göndərib.

Dəyirmançı gülümsəmək, bu qəribə qonağın sözlərinə inanmamaq istədi. Amma birdən “ey dili-qafil, özünü saxla” deyib susdu.

Qonaq dərhal yuxuya getdi. Dəyirmançı isə yerinin içində xeyli eşələndi. Ev sahibi səhər tezdən qonağı qaldırdı. Qonaq dəstəmaz aldı, namazını qıldı və əbasını çiyninə salıb bayıra çıxdı. Gözlərinə inanmadı. Hər yeri qar basmışdı. Yollar, cığırlar itmiş, sular sırsıra buz bağlamışdı. Qar adamın dizinə çıxırdı. Dinməz-söyləməz geri qayıtdı. Gözlərini dəyirmançının üzünə zillədi:

– Bu sirdən məni agah elə, ey Allahın bəndəsi. Burada məscid, münəzzim yoxdur, amma məni düz vaxtında qaldırdın, namazımı qıldım. Gecə göyün üzündə ulduz ulduzu çağırırdı. Sən dedin, qar yağacaq. Sözün düz çıxdı. Sən bunları haradan bilirsən?

Dəyirmançı gülümsündü:

– Burada elə bir sirr yoxdur. Axşam fikir verdinmi, it sürünə-sürünə içəri girdi. Onda bildim ki, gecə qar yağacaq. Səhər damın üstündə ulaşan çaqqalların səsini eşitdinmi?

– Eşitdim.

– Bax səhər-səhər çaqqallar damın üstündə ulaşanda bilirəm ki, namazın vaxtıdır.

Qonaq başını aşağı salıb xeyli fikrə getdi. Sonra sakitcə paltarını geyindi, xurcunu çiyninə, əsasını əlinə aldı. Dəyirmandan çıxıb gəldiyi yolla geri qayıtmağa başladı. Dəyirmançı yüyürüb onun yolunu kəsdi:

– Ay peyğəmbər, cəddinə qurban olum, hara gedirsən?

Qonaq köksünü ötürdü:

– Bir ölkədə ki, müəzzin çaqqal ola, münəccim də boz köpək, mən belə məmləkətdə peyğəmbərlik eləyə bilmərəm.

4.Hamısı bir biçimdə, balıq sürüsünün düzümü

Ücretsiz ön izlemeyi tamamladınız.

₺143,21

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
11 nisan 2023
Hacim:
14 s. 24 illüstrasyon
ISBN:
978-9952-311-02-0
Telif hakkı:
TEAS PRESS
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 4,3, 3 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 11 oylamaya göre