Kitabı oku: «20000 lyö su altı ilə», sayfa 2
Naməlum balina
Əvvəlcə mən suya batdım. Yaxşı üzə bildiyim üçün özümü itirmədim. Suyun üzərinə çıxaraq, ilk növbədə, freqatı aramağa başladım. Görəsən, gəmidəkilər mənim suya yıxıldığımı gördülərmi? Kapitan Faraqut dənizə qayıq saldımı? Qaranlıqda getdikcə uzaqlaşan qara bir nöqtə gördüm. Başa düşdüm ki, bu, freqatdır.
– Mənə tərəf gəlin, mənə tərəf gəlin, – deyə mən çığırır və üzərək freqata çatmağa çalışırdım.
Əynimdəki paltar üzməyi çətinləşdirirdi, nəfəsim tutulur, batırdım…
– Kömək edin!
Bu mənim son çığırtım idi. Artıq batdığımı hiss edərək ümidsizcəsinə çabaladım.
Birdən qüvvətli bir əl çiynimdən yapışdı və məni suyun üzünə çıxardı.
– Əgər ağam lütf edib çiynimə söykənsə, daha rahat üzə bilər.
Mən sədaqətli Konselin qollarına sarıldım.
– Bu sənsən? – deyə səsləndim. – Deməli, təkan səni də dənizə atdı, eləmi?
– Heç də yox. Cənab professorun xidmətində olduğum üçün onun ardınca dənizə atılmağı özümə borc bildim.
– Bəs freqat?
– Ağam onun yardımına bel bağlamasa, daha yaxşı olar. Mən dənizə atıldığım anda növbətçi matros “vint və sükan qırıldı!” deyə bağırırdı. Nəhəngin dişləri onları qırdı. İndi gəmi dalğaların ümidinə qalıb.
– Deməli, məhv olduq?
– Ola bilər. Lakin ixtiyarımızda bir neçə saat var. Bir neçə saata çox iş görmək olar.
Konselin soyuqqanlılığı məni ürəkləndirdi. Mən daha artıq sürətlə üzməyə başladım. Lakin paltarım mənə yenə də mane olurdu. Konsel bunu anladı.
– Xahiş edirəm, ağam paltarını kəsmək üçün mənə izin versin.
O, paltarımı başdan-ayağa cib bıçağı ilə cıraraq mənə soyunmağa kömək etdi. Mən də onun paltarını kəsməyə kömək etdim. Biz yanaşı üzməyə başladıq.
Sükanı qırılmış gəmi küləyin əksinə üzə bilməzdi. Biz Faraqutun bizə qayıq göndərəcəyinə ümid edə bilərdik. Bunu anlayıb mümkün olduqca su üstündə qalmağa qərar verdik. Qüvvə sərf etməmək üçün növbə ilə qollarımızı çarpazlayıb su üstündə qalacaq, digəri üzərək onu irəliyə itələyəcəkdi. Bu halda günəş çıxanadək su üstündə qala bilərdik.
Sular sakit və ləpəsiz idi. Lakin gecə saat birə yaxın özümdə ölümcül bir yorğunluq hiss etdim. Qollarım və ayaqlarım tamam keyləşmişdi.
Konsel məni də çəkib aparmalı olurdu. Zavallı gənc çox çəkmədən ağır-ağır nəfəs almağa başladı.
– Məni burax!.. Burax məni!.. – deyə əmr etdim.
– Ağamı tərk edim? Heç vaxt!
Bu anda küləyin şərqə tərəf qovduğu buludların arasından Ay göründü. Okeanın səthi işıqlandı. Mən başımı qaldırıb freqatı gördüm. O bizdən beş mil qədər aralı idi. Bağırmaq istədim. Lakin bu məsafədən səsimizin eşidiləcəyinə heç inanmırdım.
Konsel isə bir neçə dəfə:
– Kömək edin!.. Kömək edin!.. – deyə qışqırdı.
Biz bir saniyə dayanıb qulaq asdıq. Bu nədir?.. Sanki qulağımıza bir səs gəldi.
– Eşitdinmi?
– Bəli, bəli!
Konsel yenə bağırdı. Artıq heç bir şübhə yox idi. Konselin bağırtısına bir insan səsi cavab verdi.
Konsel mənim çiynimə söykənərək yarıya qədər qalxıb sudan boylandı və yenidən suya yıxıldı.
– Mən… – deyə pıçıldadı. – Mən… gördüm… Yaxşısı budur ki, səsimizi kəsək.
Axı Konsel nə görmüşdü? Nədənsə bu an ağlıma nəhəng gəldi.
Konsel məni yenə suyun üzərində irəliyə itələyirdi. Mən get-gedə gücdən düşürdüm. Həyat ilə vidalaşmaq üçün son dəfə başımı qaldırdım.
Elə bu əsnada bərk bir şeyə toxundum və ondan yapışdım. Sonra sudan çıxarıldığımı hiss etdim. Elə bu an huşumu itirdim.
Görünür, məni ovduqları üçün tez özümə gəlmişəm.
– Konsel…
– Ağam məni çağırdı?
Konselin səsi gəlsə də, mən Ay işığında onun deyil, mənə tanış olan başqa bir adamın üzünü gördüm.
– Ned! – deyə mən səsləndim.
– Özüdür ki var, professor. Qazandığım mükafatın belinə minib gəzirəm. Mən ancaq burada anladım ki, çəngəlim niyə ona batmadı. Bu heyvan polad təbəqə ilə örtülüb…
Kanadalının sözü mənim fikrimdə ani bir dəyişiklik etdi. Mən qalxıb yarıdan çox hissəsi suda olan bu varlığın kürəyində özümü tarazladım. Onun üzərini ayaqlarımla taqqıldadıb döydüm. Yox, bunun gövdəsi heyvan gövdəsi deyildi… Artıq anladım. Biz polad gövdəli sualtı qayığın üstündə idik. Konsellə mənim gedəcək başqa yerimiz yox idi.
– Əgər belədirsə, – mən sözə başladım, – bu gəmi mühərrik və mexanizmlərə malik olmalıdır. Deməli, içərisində onu idarə edən adamlar da var.
– Əlbəttə, – deyə çəngəlçi cavab verdi. – Lakin bu üç saat ərzində mən bu üzən adada heç bir həyat əlaməti görməmişəm.
Elə bu an gəmidə bir qaynama qurultusu eşidildi və gəmi hərəkət etməyə başladı. Xoşbəxtlikdən sualtı gəmi yavaş sürətlə gedirdi. Biz cəld tərpənib onun burun tərəfində olan səksən santimetrlik dikdirdən tutan kimi Ned dedi:
– Onun dənizin üstü ilə üzməsinə etirazım yoxdur. Lakin bu cənab suya cummaq fikrinə düşsə, o zaman başımıza nə gələcəyini təsəvvür etmək çətin deyil.
Mən sualtı gəminin üstündə bir qapı, ya dəlik tapmaq ümidi ilə onun üzərini axtarmağa başladım, lakin heç nə tapa bilmədim. Səhərin açılmasını gözləmək lazım idi.
Hava, nəhayət, işıqlaşanda mən gəminin üzərini yenidən nəzərdən keçirmək istəyirdim ki, birdən o, sürətini artıraraq suya cummağa başladı.
– Sizi lənətə gələsiniz, şeytanlar!.. – deyə Ned gövdəni var gücü ilə təpikləməyə başladı. – Bizi içəri buraxın!..
Lakin onun səsi qulaqbatırıcı gurultuda itirdi. Bəxtimizdən gəmi qəflətən dayandı.
Gəminin içərisindən bir qapaq cırıltısı eşidildi və oradan bir adam baxaraq nə isə qışqırdı və yox oldu. İçəridən səkkiz nəfər çıxaraq heç bir söz demədən bizi gəminin içərisinə apardı.
“Hərəkətdə olan mühit daxilində hərəkət”
Hər şey elə sürətlə baş verdi ki, bir-birimizə bir kəlmə deməyə belə fürsət tapa bilmədik.
Ensiz qapaq örtüləndə qatı qaranlıqda qaldıq. Bizi bir otağa salıb qapını arxamızca cingilti ilə örtdülər.
Ned bu kobud rəftardan qəzəblənmişdi:
– Lənətə gəlmişlər! Bunların rəftarına bir baxın! Bəlkə də, adamyeyəndirlər. İndidən deyirəm ki, məni yemələrinə imkan vermərəm.
– Sakit olun, Ned, – Konsel sakitcə dedi. – Biz hələ tavada deyilik.
– Düz deyirsən, tavada deyilik, lakin sobadayıq. Yaxşı ki, bıçağım üstümdədir. Biri mənə toxunmaq istəsə…
Mən qaranlıqda ehtiyatla bir neçə addım atdım. Nə bir qapı, nə bir pəncərə tapdım.
Yarım saat keçdi. Lakin vəziyyət dəyişmədi. Birdən parlaq bir işıq yandı. Bu, elektrik işığı idi.
Ned bıçağı əlində sıxaraq müdafiə vəziyyəti aldı.
Bu sirli gəmidə işığın yanmasının səbəbi aydın idi. Qapı açıldı. Kayuta iki adam girdi. Hər ikisinin başında susamuru10 xəzindən papaq, ayaqlarında suiti dərisindən uzunboğaz dəniz çəkmələri, əyinlərində mənə bəlli olmayan parça növündən rahat geyimləri vardı. Onlardan biri gödəkboylu, əzələli, iribaşlı, uzunbığlı və iti baxışları olan bir adam idi. İkincisi ucaboy idi. Başını vüqarla dik tutması özünə inamlı olduğunu göstərirdi. Qara gözləri soyuq bir qətiyyətlə parlayırdı. Sakit və kəskin baxışlarından nəciblik sezilirdi. İri alnı, düz burnu vardı. Ona otuz beş-əlli arası yaş vermək olardı.
Bu ucaboy şəxs dönüb yanındakı adamdan mənim anlaya bilmədiyim dildə nə isə soruşdu. Sonra onun sual ifadə edən baxışları mənə sarı döndü.
Mən təmiz fransız dilində başımıza gələnləri qısaca nağıl etdim. Görünür, o məni anlamadı. Dalğınlıqla, lakin ehtiramla məni dinlədi.
İndi ingiliscə danışmaq imkanı qalırdı. Kanadalı ingiliscə çox qızğınlıqla danışırdı. Hansı bəşəri qanunla onu bu qaranlıq zindana atdıqlarını soruşur, azadlığını əlindən alanları məhkəmə ilə hədələyirdi.
Görünür, onlar bu dili də bilmirdilər. Mən özümü itirmiş halda bildiyim dilləri xatırlayan vaxt Konsel dedi:
– Bilirsiniz ki, mənim doğma dilim alman dilidir. Ağam izin verərsə, mən onlarla alman dilində danışardım.
Konsel tam sakit halda bütün başımıza gələnləri almanca təkrar etdi. Lakin bu da nəticəsiz qaldı. Sonra mən latın dilində sözlərin qol-budağını sındıra-sındıra danışmağa başladım. Bunun da faydası olmadı.
Belə olduqda yad adamlar öz dillərində bir-birinə nə isə dedilər və çıxıb getdilər. Qapı onların arxasınca örtüldü.
– Bu nədir axı? – Ned hiddətlə dilləndi. – Bu cahillərlə neçə dildə danışdıq, amma bizi anlamadılar.
– Dostlar, gəlin ruhdan düşməyək, – mən dedim.
– Bunlar yaramazlardır.
– Çox yaxşı, bəs görəsən, onlar haralıdır? – Konsel təmkinini pozmadan soruşdu.
– Yaramazlar ölkəsindən! – Ned səsləndi.
– Əziz Ned, sənin dediyin ölkə coğrafiya xəritəsində qeyd edilməyib. Bunlar nə ingilis, nə fransız, nə də almandırlar. Onlar zahirən cənub adamlarına bənzəyirlər. Dilləri də mənə heç tanış gəlmir, – mən dedim.
– Bütün dilləri bilməməyin pis tərəfi bax budur, – Konsel dedi.
Elə bu an qapı açıldı. İçəri bir nəfər girdi. Bizə qeyri-adi parçadan hazırlanmış gödəkcə və şalvar gətirdi.
Mən tələsik geyinməyə başladım. Yoldaşlarım da mənə baxaraq geyinməyə başladılar. Biz geyinərkən xidmətçi masanın üstünə üçadamlıq qab-qacaq qoydu.
– Bax belə! – Konsel səsləndi. – Bu, gözəl başlanğıcdır.
– Görək, bizə nə yedirəcəklər, – deyə Ned donquldandı.
– Bunu tezliklə biləcəyik, – deyə Konsel cavab verdi.
Masanın arxasında oturduq. Şübhəsiz ki, mədəni insanlar arasında idik.
Masaya qoyulan su təmiz və şəffaf idi. Yeməklər arasında çörək və çaxır yox idi. Balıqdan hazırlanmış bəzi gözəl yeməkləri tanıdım. Qalan xörəklərin nədən hazırlandığını demək çətin idi.
Nahar dəsti şıq və gözəl idi. Hər çəngəl, qaşıq, nimçə və dəsmalın üzərində belə bir deviz həkk edilmişdi:
“Mobilis in mobile N”
Yəni “Hərəkətdə olan mühit daxilində hərəkət!” Bu deviz sualtı gəmiyə tam uyğun idi. Sondakı “N” isə sualtı gəmi kapitanının adının baş hərfi olmalı idi.
İndi mən başımıza nələrin gələcəyindən qorxmurdum. Yeyib doyduqdan sonra yuxuya təbii bir ehtiyac yarandı.
– Mən böyük məmnuniyyətlə yatardım, – Konsel mızıldandı.
– Mən artıq yatıram, – Ned ona cavab verdi.
Hər ikisi döşəmədəki həsirin üstünə sərilib dərin yuxuya getdilər.
Mənsə yuxuya gedə bilmirdim. Fikirlər beynimi çulğalamışdı. Lakin çox keçmədən mürgü dumanları mənim beynimi də sardı.
Ned lend həyəcan içində
Görünür, çox yatmışdım. Çünki oyandıqda özümü çox yüngül və rahat hiss etdim. İlk oyanan mən idim. Yoldaşlarım hələ də ölü kimi yatırdılar.
Kayutumuzu diqqətlə gözdən keçirməyə başladım. Biz yatan vaxt heç bir dəyişiklik olmamışdı. Yalnız masanın üstü yığışdırılmışdı.
Hiss edirdim ki, nəfəs almaq çətinləşib. Sanki oksigen çatışmırdı. Bu vəziyyətə çox davam gətirə bilməyəcəyimi düşündüm. Elə bu vaxt kayuta duz qoxusu verən təmiz hava cərəyanı dolmağa başladı. Bu, yodla dolu saf dəniz havası idi. Mən ağzımı geniş açıb havanı acgözlüklə udurdum.
Ned və Konsel eyni vaxtda oyandılar. Gözlərini ovuşdurub gərnəşdilər və cəld ayağa qalxdılar. Ned hələ də qəzəbli idi:
– Qulaq asın, professor, bunlar bizi bu qəfəsdə çoxmu saxlayacaqlar?
– Doğrusu, Ned, bu barədə mən də siz bildiyiniz qədər bilirəm.
– Mütləq bir şey etmək lazımdır, – inadkar çəngəlçi deyirdi.
– Ned, axı nə etmək olar?
– Xilas olmaq!
– Yerüstü həbsxanadan qaçmaq son dərəcə çətindir. Sualtı həbsxanadan qaçmaq isə qeyri-mümkündür.
Ned karıxmış halda susdu. O belə hesab edirdi ki, bu gəmidə vur-tut iyirmi adam ola bilər və biz onların öhdəsindən gəlib gəmini ələ keçirə və xilas ola bilərik. Mən onu sakitləşdirməyə çalışdım və xahiş etdim ki, səbirli olacağına söz versin. Ned çox da inandırıcı olmayan səslə buna söz verdi.
…Vaxt keçir, aclıq özünü kəskinliklə göstərir, gəmi xidmətçisi isə görünmürdü. Sonrakı iki saatda kanadalının səbri tamam tükəndi. Boş yerə çığırıb qışqırmağa başladı. Mən ölü kimi görünən bu gəminin dərinliklərində bir hənirti belə eşitmirdim. Bu məzar səssizliyi dəhşətli idi.
Gəminin kapitanı barədə ümidlərim də sönməkdə idi. Bu adam, doğrudanmı, bizi aclıqdan öldürəcəkdi? Məni dəhşət bürümüşdü. Konsel yenə də sakit idi. Ned isə getdikcə daha da qəzəblənirdi.

Vəziyyətin belə qəliz həddə çatdığı an qapı açıldı və gəmi xidmətçisi göründü. Mən özümü yetirənədək kanadalı bu bədbəxtin üstünə atıldı. Onu yerə yıxıb boğazından yapışdı. Xidmətçi onun qolları arasında boğulurdu. Konsel onu çəngəlçinin əlindən almağa çalışır və mən də onun köməyinə hazırlaşırdım ki, birdən fransızca deyilən bir neçə sözdən mən yerimdəcə qurudum:
– Sakit olun, mister Lend və siz, cənab professor, rica edirəm, məni dinləyin!..
Nəhayətsiz dərinliklər adami
Ned cəld yerindən sıçradı. Boğulmaqdan canını qurtarmış xidmətçi də ağasının işarəsi ilə səndələyərək dinməzcə kayutdan çıxdı. Biz heyrət içində qalmışdıq.
Fransızca danışan kapitan əli qoynunda diqqətlə bizə baxdı. Onun dayanıb susması bir neçə saniyə çəkdi.
– Cənablar, – deyə, nəhayət, kapitan danışdı, – mən fransızca, ingiliscə, almanca və latınca eyni dərəcədə sərbəst danışıram. İlk görüşümüzdə sizə cavab verə bi-lərdim. Lakin mən sizə bir qədər fikir vermək, haqqınızda bir qədər düşünmək istədim. İndi bilirəm ki, təsadüf məni Paris Təbiət Tarixi Muzeyinin professoru Pyer Aronaks, onun xidmətçisi Konsel və “Abraham Linkoln” freqatının çəngəlçisi Ned Lend ilə rastlaşdırıb.
Mən razılıq əlaməti olaraq başımı tərpətdim. Bu adam fransızca çox səlis danışırdı. Lakin fransıza bənzəmirdi.
– Şübhəsiz, sizinlə görüşməyə xeyli gec gəldiyimi zənn edirsiniz. Lakin sizinlə necə rəftar edəcəyimi düşünməliydim. Kədərli bir vəziyyət sizi bəşəriyyətlə əlaqəsini kəsmiş bir adamla görüşdürdü. Bununla da, siz mənim tənhalığımı pozdunuz.
– İstəmədən, – deyə mən səsləndim.
– İstəmədən? Məgər “Abraham Linkoln” bütün dənizləri məhz məni ovlamaq üçün gəzmirdi? Yoxsa mərmiləriniz istəmədənmi mənim gəmimə dəyirdi? Bəlkə, mister Lend də öz çəngəli ilə məni istəmədən nişan almışdı?
Bu təntənəli sözlər qarşısında cavabsız qalmadım:
– Cənab, sizin Amerikada və Avropada yaratmış olduğunuz hay-küy, şübhəsiz, sizə bəlli deyil. “Abraham Linkoln” sizi təqib edəndə böyük bir dəniz heyvanı ovuna çıxdığını güman edirdi.
Kapitanın üzündə təbəssümə bənzər əlamət sezildi. O daha sakit bir səslə sözünə davam etdi:
– Cənab Aronaks, yəni “Abraham Linkoln” bunun sualtı gəmi olduğunu görüb bizi topa tutmayacaqdı?
Nə deyəcəyimi bilmədim. Əmindim ki, kapitan Faraqut buna tərəddüd etməzdi. Cavab verməyib susdum.
Kapitan sözünə davam etdi:
– Beləliklə, mənim sizinlə bir düşmən kimi rəftar etməkdə haqlı olduğumu anlayırsınız. Mən sizi gəminin göyərtəsinə çıxarar və suya cumar, sizi tamam unudardım. Məgər buna haqqım yox idi?
– Bu, mədəni bir adamın deyil, bir vəhşinin haqqı olardı…
– Cənab professor, sizin nəyə “mədəni adam haqqı” dediyinizi bilmirəm. Mən cəmiyyətlə əlaqəni yalnız öz bildiyim səbəblərə görə kəsmişəm. Mən bu cəmiyyətin qanunlarına boyun əymirəm və sizə də təklif edirəm ki, onları mənə xatırlatmayın.
O bu sözləri kəskinliklə dedi. Gözləri qəzəb və nifrətlə yanırdı.
Ağlımdan keçdi ki, onun keçmişində nə isə dəhşətli bir sirr gizlənir. Mən maraq və dəhşət qarışıq bir hislə ona baxırdım. Kapitan düşüncəli halda kayutda gəzişdi. Sonra yenidən danışmağa başladı:
– Bu dəfə mərhəmət hissi mənə bir nəticəyə gəlməyə kömək etdi. Sizi buraya təsadüf atdığı üçün burada qalacaqsınız. Burada sərbəst olacaqsınız. Əvəzində qarşınıza çox kiçik bir şərt qoyulacaq. O şərtə tabe olmaq barədə verdiyiniz söz məni təmin edəcək.
– Əminəm ki, şərtiniz namuslu bir adamın qəbul edəcəyi şərt olacaq…
– Şübhəsiz! Şərtim budur: ola bilər ki, gözlənilməz səbəb üzündən sizi bir neçə saatlığa, bəlkə də, bir neçə günlüyə öz kayutunuzda bağlı saxlamağa məcbur olum. Buna etirazsız tabe olacağınıza söz verin. Çünki sizin bilməməli olduğunuz şeylər var.
Deməli, burada görülməsi lazım olmayan hadisələr baş verirmiş…
– Biz qəbul edirik, – deyə mən cavab verdim. – Lakin… kapitan, bir sual verməyə icazə verin!
– Buyurun!
– Bizə verilən sərbəstliyi necə anlaya bilərik?
– Siz bütün gəmini gəzə bilər, baş verən hər şeyə, bəzi istisnalar olmaqla, diqqət yetirə bilərsiniz. Siz mənim özüm və yoldaşlarım kimi sərbəst olacaqsınız.
– Lakin bağışlayın, kapitan, bu ki dustağa həbsxana daxilində verilmiş sərbəstlikdən başqa bir şey deyil. Biz bununla kifayətlənə bilmərik.
– Bununla kifayətlənməli olacaqsınız.
– Ömürlük?
– Bəli. Cəmiyyət qanunlarından əl çəkmək lazım gələcək. Özü də bu siz düşündüyünüz qədər ağır deyil.
– Mən, – deyə Ned Lend səsləndi, – qaçmağa çalışmayacağıma söz vermirəm.
– Siz öz gücünüzdən sui-istifadə edirsiniz! Bu, insafsızlıqdır! – özümü saxlaya bilməyib qışqırdım.
– Xeyr, cənablar! Bu, mərhəmətdir. Siz mənə əsir düşmüş adamlarsınız. Mən sizi okeana tullaya biləcəyim halda, bağışlayıram. Siz mənə hücum etdiniz! Mənim varlığımdan xəbər tutdunuz. Dünya bunu bilməməlidir. Sizi gəmimdə saxlamağa məcburam.
– Beləliklə, kapitan, bizə ölümlə əsarətdən birini seçməyi təklif edirsiniz.
– Tamamilə doğrudur.
– Dostlarım, – deyə mən Konsel və Nedə müraciət etdim, – görünür, mübahisə etmək mənasızdır.
Kapitan yumşaq bir tonla sözünə davam etdi:
– Cənab Aronaks, sizi tanıyıram. Bu təsadüfdən şikayət edə bilməzsiniz. Burada daim istifadə etdiyim kitablar arasında öz kitabınızı da tapa bilərsiniz. Mən tez-tez onu oxuyuram. Lakin siz hələ çox şeyi görmədiyiniz üçün hamısını bilmirsiniz. Siz möcüzələr ölkəsinə səyahət edəcəksiniz. Gözləriniz önündə canlanan mənzərələrdən doymayacaqsınız. Mən bundan öncəki saysız- hesabsız səyahətlərimdə gördüklərimə yekun vurmaq üçün son səyahətə çıxmağı qərara almışam. Bu işdə mənə kömək edəcəksiniz. Siz yeni bir dünyaya düşmüsünüz, professor!
Bu sözlər mənim ən həssas nöqtələrimə toxunmuşdu.
– Daha bir sualım var, – kapitan getmək istəyərkən ona üz tutdum.
– Eşidirəm, cənab Aronaks!
– Sizi nə adla çağıraq?
– Mən sizin üçün kapitan Nemo, siz və yoldaşlarınız isə mənimçün “Nautilus”un yolçuları…
Kapitan Nemo uca səslə xidmətçini çağırdı. Mənə tanış olmayan dildə ona nə isə əmr etdi. Sonra kanadalıya və Konselə tərəf dönərək:
– Siz səhər yeməyinizi öz kayutunuzda yeyəcəksiniz. Bu adamın arxasınca getməyinizi rica edirəm.
Konsel və Ned otuz saatdan çox dustaq qaldığımız bu qəfəsdən, nəhayət ki, çıxdılar.
– İndi isə, professor, səhər yeməyi bizi gözləyir. Sizə yol göstərməyə icazə verin, – deyə o mənə müraciət etdi.
Mən kapitanın arxasınca gedib işıqlı bir dəhlizə çıxdım. O, kayutlardan birinin qapısını açdı və məni içəri dəvət etdi.
Bura gözəl zövqlə bəzənmiş yemək otağı idi. Bufetlərin gözlərinə düzülmüş nəfis qab-qacaq, çini və gümüş qablar par-par yanırdı. Salonun ortasında çox zəngin hazırlanmış bir masa dururdu.
Kapitan Nemo mənə kətili göstərərək:
– Əyləşin və yeyin, – dedi. – Yəqin, lap acsınız.
Təklifin təkrar olunmasını gözləmədim. Bir neçə balıq xörəyi və bilmədiyim ərzaqdan hazırlanmış ləzzətli yeməklərdən daddım.
Kapitan mənə diqqətlə baxırdı. Mən heç nə soruşmasam da, dilimin ucunda olan suala özü cavab verdi:
– Bu xörəklərin çoxu sizə tanış deyil. Lakin onları çəkinmədən yeyə bilərsiniz. Bunların hamısı sağlam və qidalıdır. Mən dünya yeməklərindən çoxdandır ki, əl çəkmişəm. Buna baxmayaraq, özümü çox gözəl hiss edirəm. Ekipaj üzvlərim də mənim kimi çox sağlamdırlar.
– Deməli, bunların hamısı dəniz məhsullarıdır?
– Bəli, professor! Dəniz mənim bütün ehtiyaclarımı təmin edir. Tor atır, sualtı meşələrdə ova çıxıram. Mənim malikanəm çox genişdir. Özü də ondan təkcə mən istifadə edirəm. Mən heç vaxt torpaq üstündə yaşayan heyvanların ətindən yemirəm.
– Bəs bu? – mən içərisində bir parça ət olan boşqabı göstərdim.
– Dəniz tısbağasının can ətidir. Bu qovurma isə delfinin qara ciyərindən hazırlanıb. Mənim aşpazım öz işinin ustasıdır. Balıq xörəkləri hazırlamaqda onun rəqibi yoxdur. Bu qaymaq balina südündən hazırlanıb. Bu qənd Şimal dənizinin yosunlarından alınıb.
Maraq xatirinə bu xörəklərin hamısından dadırdım.
– Dəniz mənim tək yeməyimi deyil, paltarımı da verir. Əyninizdəki bu paltar balıqqulağı qumaşından toxunub, molyuskların11 tünd-qırmızı rəngi ilə boyanıb. Kayutda masaüstü ətir bir çox dəniz bitkilərindən alınıb. Yazıda istifadə edəcəyiniz qələmucu balinanın bığından, mürəkkəb isə başqa bir balığın vəzilərindən alınıb. İstifadə etdiyim hər şey dənizdən alınıb və bir zaman yenidən dənizə qayıdacaq.
– Dənizi sevirsinizmi, kapitan?
– Dəniz mənim üçün hər şeydir. Yer üzündə həyat dənizdən başlanmışdır və kim bilir, bəlkə, elə dənizlə də bitəcəkdir. Dənizdə sakitlik var. İnsan özünü yalnız burada müstəqil hiss edir.
Kapitan birdən susdu. Bir neçə dəqiqə həyəcan içində otaq boyu addımladı. Sonra simasında yenidən soyuqqanlı əzəmət və qürur göründü:
– İndi isə, professor, “Nautilus”u gəzmək və gözdən keçirmək istəyirsinizsə, sizi müşayiət etməyə hazıram.
Ücretsiz ön izlemeyi tamamladınız.