Kitabı oku: «Aya Səyahət»
© «Altun kitab» MMC – 2020
1
ABŞ-da vətəndaş müharibəsi illəri idi. Həmin vaxt Merilend ştatının əsas şəhərlərinin birində – Baltimorda «Topçular klubu» yaradılmışdı. Müharibə insanların döyüş əhvali-ruhiyyəsini əməllicə yüksəltmişdi. Odur ki hamı işini-gücünü atıb bu kluba üzv yazılırdı. İş o yerə çatmışdı ki, hətta ticarətçilər belə piştaxtalarını tərk edir, «Topçular klubu» na üzv olur, bir göz qırpımında zabitə çevrilirdilər.
Amerikanlar artilleriya sahəsində avropalıları ötmüşdülər: qısa vaxtda çox uzaq məsafələri vuran qeyri-adi ölçüdə toplar yaratmışdılar. Əslində, burada təəccüblü heç nə yoxdur: axı yankilər dünyada ən yaxşı mexaniklərdir. Onlar sanki mühəndis doğulublar.
1861–65-ci illərdə baş verən vətəndaş müharibəsi şimallılarla cənublular arasında gedirdi. Bu savaş zamanı topçular xüsusi hörmət qazanmışdılar. Çünki döyüşlərin taleyini daha çox onların bacarığı, məharəti həll edirdi.
Elə Baltimordakı «Topçular klubu» da buna görə yaranmışdı. Cəmi bir ayda kluba saysız-hesabsız üzv yazıldı. Şərt isə sadə idi: kluba üzv olmaq istəyən şəxs ya yeni top icad etməli, ya da mövcud olanlardan hər hansı birini təkmilləşdirməli idi.
Nəticədə ABŞ-da az qala hamı ixtiraçı olmaq fikrinə düşmüşdü. Amerikalılar nəhəng silah icad etmək üçün bir-biri ilə yarışırdılar. Hər kəs digərindən daha uzaq məsafəni vura bilən top düzəltməyə çalışırdı. Bu zaman arzuedilməz hadisələr də baş verirdi; məsələn, həmin topların sınağı zamanı bir də görürdün, mərmi təsadüfən yaxınlıqdan keçən kiməsə tuş gəldi və onu param-parça etdi. Belə qurbanların sayı-hesabı yox idi.
İnanmazsınız, amma «Topçular klubu» nun hər bir üzvü «orta hesabla» iki min üç yüz yetmiş beş adam qətlə yetirmişdi!
Belə çıxırdı ki, müharibə bir qıraqda qalmışdı, bu klub üzvlərinin özləri insan nəslinin kökünü kəsməyə girişmişdilər. Hətta özləri də savaşa qoşulduqlarından döyüş meydanında həlak olan klub üzvləri də az deyildi. Lakin bütün bunlar «Topçular klubu» nun üzvlərini öz inadkarlığından geri döndərə bilmirdi.
Di gəl, günlərin bir günü baş verən bir hadisə onların kefinə əməlli-başlı soğan doğradı. Belə ki, şimallılarla cənublular bir-birini qırmaqdan əl çəkdilər: sülh müqaviləsi imzalandı və vətəndaş müharibəsi başa çatdı! Bununla da atəş səsləri kəsildi, qısalüləli topların gurultusu susdu. Digər silahlar kimi toplar da öz vəzifəsini başa vurdu və onları cəbbəxanalara yerləşdirdilər. Qanlı-qadalı müharibə əvvəlcə acı xatirələrə çevrildi, sonra isə, ümumiyyətlə, unudulmağa başladı. Amansız döyüşlərin getdiyi torpaqlar pambıq tarlalarına çevrildi. İnsanların göz yaşları qurudu, onlar əyinlərindəki matəm libasını çıxarıb adi həyata qayıtdılar.
Beləcə, «Topçular klubu» nun üzvləri işsiz-gücsüz qaldılar. Artıq onlara ehtiyac yox idi.
Düzdür, bəziləri hələ də yeni və nəhəng silahlar icad etmək üçün dəridən-qabıqdan çıxırdılar. Lakin bir halda ki həmin silahlara artıq ehtiyac qalmamışdı, bunun nə mənası vardı?
Aylar keçdikcə «Topçular klubu» nun yerləşdiyi binadan yavaş-yavaş əl-ayaq kəsildi, masaların üstündəki qəzetləri kif basdı. İndi burada tək-tük yankiyə rast gəlmək olardı. Onlar da bütün günü mürgü döyməklə məşğul idilər. Həmin yankilərdən biri – Tom Qanter elə hey donquldanırdı.
– Burada adam lap dəli ola bilər! – o, bir dəfə dedi. – Gör nə vaxtdır işsiz-gücsüz oturmuşuq! Bu nə həyatdır!
– Hə, xoşbəxt günlərimiz geridə qaldı! – Bilsbi adlı başqa bir yanki onunla dərhal razılaşdı. – Dünənəcən sanki cənnətdə idik! Dayanmadan qısalüləli ağır toplar icad edir, onunla düşmənə atəş açırdıq. İxtira uğurlu alınıbsa, hərbi rəhbərlik gəlib şəxsən adamın əlini sıxırdı. İndisə müharibə yoxdur və hamı gedib işinin-gücünün dalınca. Biz isə avara qalmışıq!
– Düz deyirsən, Bilsbi! – bu dəfə polkovnik Blemsberi dilləndi. – Aqibətimiz heç yaxşı olmadı!..
– Ən pisi isə odur ki, bundan sonra üfüqdə yeni müharibə də görünmür! – Maston dərin ah çəkdi. – Hərçənd elə bu səhər mən yeni mortiranın1 çertyojunu hazırlamışam. Bu silah istənilən müharibənin gedişini dəyişə bilər!..
– Doğrudan? – Mastonun bu yeni icadının uğurlu sınağını qeyri-ixtiyari şəkildə gözləri önündə canlandıran Tom Qanter dilləndi.
– Doğrudan! – Maston qətiyyətlə cavab verdi. – Ancaq adama deyən gərək, belə mürəkkəb hesablamalar üzərində nəyin naminə baş sındırmısan? Axı çətin bir də müharibə olsun.
– Sizinlə razıyam, – polkovnik Blemsberi dedi. – Lakin Avropada müharibələrin hələ də davam etdiyini unudursunuz. Bu icadınız orada çox işə yaraya bilər.
– Onlardan bizə nə?
– Necə yəni «onlardan bizə nə»? Bəyəm avropalılara öz xidmətimizi təklif edə bilmərik?
– Siz nə danışırsınız?! – Bilsbi çığırdı. – Başqa xalqların naminə silah ixtiraçılığı ilə məşğul olmaq?
– Heç məşğul olmamaqdan daha yaxşıdır! – polkovnik bəyan etdi.
– Əlbəttə, yaxşıdır! – Maston əlavə etdi. – Amma bu haqda düşünməyə də dəyməz.
– Niyə? – polkovnik təəccüblə soruşdu.
– Çünki Köhnə dünyada, yəni Avropada hərbi karyera qurmaq elə də asan deyil. Orada hərbi xidmətə podporuçik rütbəsindən başlamasalar, axırda komandan olmağı ağıllarının ucundan da keçirmirlər. Bizdə isə bu, su içimi kimi bir şeydir. Bir-iki silah icad etmisənsə, vəssalam! «Topçular klubu» nun üzvləri arasında adi ticarətçidən polkovnikə çevrilən azdır?!
– Belə çıxır, əlacımız bircə tütün əkməyə, ya da balina yağı satmağa qalır! – Tom Qanter məyus səslə dedi.
– Necə?! – Maston sanki ildırım vurubmuş kimi bağırdı. – Biz yeni odlu silahlar icad etmədən ömrümüzü başa vuracağıq? Bu ki faciədir! Yəni, doğrudan, tale bir daha üzümüzə gülməyəcək və bir də heç vaxt müharibə görməyəcəyik?
– Hə, Maston, – polkovnik Blemsberi dedi, – artıq bəxtimiz bağlanıb. Çətin ki bir daha müharibə olsun.
– Düz sözə nə deyəsən! – Maston yenidən dərin ah çəkdi. – Yeni müharibə üçün minlərlə bəhanə tapmaq olar. Di gəl, savaşdan ötrü, sadəcə, bəhanə kifayət deyil. Gərək Birləşmiş Ştatların prezidenti də müharibə arzusunda olsun. Görəsən, o, yeni savaşa başlamaq fikrinə necə baxardı?
– Pis! – Bilsbi sakitcə dedi.
– Elə isə şərəfimə and olsun ki, – Maston çığırdı, – növbəti seçkidə mən ona səs verən deyiləm!
– Heç bizim səsimizə də ümid bəsləməsin! – digərləri də bir ağızdan dilləndilər.
– Beləliklə, – Maston dedi, – son sözüm budur: əgər yeni icad etdiyim topu əsl döyüş meydanında sınaqdan keçirməyə imkan yaratmasalar, «Topçular klubu» ndan çıxacağam.
– Elə biz də! – yoldaşları bu dəfə də onu dəstəklədilər.
Aydın görünürdü ki, belə getsə, tezliklə «Topçular klubu» nun izi-tozu da qalmayacaq.
Lakin bu söhbətdən cəmi bir gün sonra gözlənilməz hadisə baş verdi. Bütün klub üzvləri belə bir məktub aldılar:
«Baltimor, 3 oktyabr.
«Topçular klubu» nun sədri olaraq klub üzvlərinə bildirirəm ki, bu ayın 5-də ümumi iclas çağırılır. İclasda hər kəsin marağına səbəb olacaq bir xəbər çatdıracağam. Ona görə də klub üzvlərindən xahiş edirəm ki, işlərini təxirə salıb iclasa təşrif buyursunlar.
Hörmətlə,sizin İmpi Barbiken P.P.K.».
2
Oktyabrın 5-i axşama yaxın «Topçular klubu» na artıq xeyli adam toplaşmışdı. Klubun Baltimorda yaşayan üzvlərindən sədrin dəvətini yerə salan yox idi. Üstəlik, başqa şəhərlərdə yaşayan üzvlərin bir çoxu da böyük maraq və həvəslə iclasa gəlmişdi. Elə buna görə də indi klubun yerləşdiyi binanın qapısı ağzında böyük izdiham yaranmışdı. Hər kəs klub sədrinin çatdıracağı mühüm xəbəri intizarla gözləyirdi. İçəri klub üzvlərindən başqa kimsə, hətta şəhərin ən adlı-sanlı adamları da ayaq basa bilməzdi. Hamıya aydın idi ki, klub sədri ciddi səbəb olmasa, kimsəni boş yerə bura toplamazdı.
Qırx yaşlı İmpi Barbiken təmkinli və sərt görünüşə malik bir adamdı. Hər kəs onu ciddi və dəmir iradəli adam kimi tanıyırdı. Düzdür, cəngavərliyə meyilli biri deyildi, lakin macəraları xoşlayırdı. Qısası, təpədən dırnağa yanki idi.
Barbiken böyük sərvət sahibi idi. O bu sərvəti ağac ticarəti ilə məşğul olaraq qazanmışdı. Vətəndaş müharibəsi başlayanda artilleriya rəisi təyin olunmuşdu. Elə həmin vaxtdan da yeni top icad etməyə girişmişdi, qısa vaxtda bir neçə ixtirası ilə məşhurlaşmışdı.
Barbikeni «Topçular klubu» nun üzvlərindən fərqləndirən bir cəhət də vardı: əl-ayağı salamat idi! Məsələ bundadır ki, klub üzvlərinin, demək olar, hamısı müharibədə bədəninin bir hissəsini itirmişdi: kimi əlini, kimi qolunu, kimi ayağını, kimi gözlərini və ya qulaqlarını… Barbikenin isə heç burnu da qanamamışdı.
İclas zalından asılmış iri saat, nəhayət, 8-i vurdu. Barbiken bir göz qırpımında ayağa qalxdı. Bayaqdan ətrafı bürümüş uğultu anındaca kəsildi. Sədr bir qədər təntənəli şəkildə sözə başladı:
– Möhtərəm həmkarlar! Bildiyiniz kimi, iş o yerə çatıb ki, «Topçular klubu» nun üzvləri xeyli vaxtdır işsiz qalıblar. Vətəndaş müharibəsinin davam etdiyi bir neçə il ərzində işlərimiz yağ kimi gedirdi. Elə ki müharibə başa çatdı, klubumuz boş-bikar qaldı. Üfüqdə isə heç bir yeni savaş gözlənilmir. Heç nədən çəkinməyərək bəyan edirəm ki, bizim müharibəyə ehtiyacımız var, özü də tez vaxtda! Yalnız belədə biz əvvəlki qızğın iş günlərimizə qayıda bilərik.
– Hə, müharibə! Müharibə vacibdir! – Maston qışqırdı.
– Lakin hazırda bu, mümkün deyil, – Barbiken sözünə davam etdi. – Silahlarımızı döyüş meydanlarında işə salmaq, yeni silahlar icad eləməyə həvəslənmək üçün çox gözləməli olacağıq. Taleyimizin bu acı qisməti ilə barışmalı və fəaliyyətimizi başqa istiqamətdə davam etdirməliyik.
İclasdakılar hiss etdilər ki, sədr, nəhayət, mətləb üstünə gəlir. Odur ki ona daha diqqətlə qulaq asmağa başladılar.
– Əzizlərim, artıq bir neçə aydır, özümə belə bir sual verirəm: görəsən, öz işimizə sadiq qalmaq şərtilə başqa nə iləsə məşğul ola bilərikmi? Bu sual üzərində uzun müddət baş sındırdım, hesablamalar apardım. Axırda belə qənaətə gəldim ki, dünyada hələ heç kimin ağlına gəlməyən, qısa vaxtda şöhrəti bütün yer üzünə yayılacaq bir işə qol qoya bilərik. Əminəm ki, bunu ancaq siz bacararsınız.
– Deyirsiniz şöhrəti bütün yer üzünə yayılacaq? – klub üzvlərindən kimsə soruşdu.
– Bəli! Bu elə bir işdir ki, bütün dünyaya səs salacaq. Özü də sözün həqiqi mənasında! – Barbiken cavab verdi.
– Sədrin sözünü kəsməyin! – yerbəyerdən səslər eşidildi.
– Möhtərəm həmkarlar, – Barbiken sözünə davam etdi, – yəqin ki, hər biriniz Ayı dəfələrlə görmüsünüz. Təəccüblənib soruşa bilərsiniz ki, bəyəm onu görməyən var? Haqlısınız. Sözümün canı başqadır. Ayı siz də, başqaları da dəfələrlə görüb. Ancaq indi söyləyəcəklərim heç də hər kəsin ağlına gələ biləcək iş deyil. Lap gəlsə belə, onu gerçəkləşdirmək çətin ki, bizdən başqa kiməsə qismət olsun. Xahiş edirəm, məni səbirlə dinləyin. Mən Ayın – bu səma cisminin adını boş yerə çəkmədim. Mən sizi onu fəth etməyə aparacağam. Mənə inanın və çağırışıma səs verin. Bəlkə də, qismətimizdə «səma Kolumbu2» olmaq yazılıb!
– Yaşasın Ay! – «Topçular klubu» nun üzvləri bir ağızdan qışqırdılar.
– Doğrudur, indiyəcən Ay kifayət qədər ətraflı öyrənilib, – Barbiken davam etdi: – Onun kütləsi, sıxlığı, həcmi, tərkibi, hərəkəti, Yerlə arasındakı məsafə və Günəş sistemindəki rolu çoxdan dəqiq müəyyənləşdirilib. Qısası, bizə Ay haqqında hər şey məlumdur, lakin indiyədək onunla birbaşa əlaqə yoxdur.
Auditoriyadan səs çıxmırdı. «Topçular klubu» nun üzvləri səssiz-səmirsiz, heyrət və maraq içində sədrə qulaq asırdılar. Hamının tamamilə ona diqqət kəsildiyini görən Barbiken sözlərinə davam etdi:
– İcazənizlə sizə bir neçə maraqlı əhvalat xatırladım. Hələ on yeddinci yüzillikdə David Fabrisius adlı bir nəfər öyünürdü ki, guya o, Ayda yaşayan varlıqları görüb. Min altı yüz qırx doqquzuncu ildə Sirano de Berjerak adlı başqa birisi isə öz kitabında Aya yola düşən ekspedisiyadan danışırdı. Sonralar məşhur fransız yazar Fontenel bütün bunlardan ilhamlanaraq «Başqa dünyalar» adlı kitab qələmə aldı. Ancaq hazırda elm çox inkişaf edib. Yazıçıların fantaziyaları sürətlə həyata keçir, həqiqətə çevrilir. Min səkkiz yüz otuz beşinci ildə yayılan bir kitabçada məşhur astronom Con Gerşelin mükəmməl teleskop yaratdığı yazılmışdı. O həmin teleskopla Ayı xeyli yaxınlaşdıra bilirdi. Bu zaman Ay sanki səksən yard3 məsafədəymiş kimi görünürdü. Lakin çox keçmədən məlum oldu ki, kitabçada yazılanlar uydurmadan başqa bir şey deyil. Fransada hamı deyilənləri ələ salıb gülməklə məşğul idi.
– Bu, eyni zamanda Con Gerşeli ələ salmaqdır. Con Gerşeli ələ salmaq isə elə amerikanları ələ salmaq deməkdir, çünki o, ingilisdir! – Maston bağırdı. – Bu da sizə müharibə üçün bəhanə…
– Dostum, özünüzü ələ alın! Fransızlar ingilisləri ələ salmazdan öncə özləri gic vəziyyətində qalıblar. Axı onlar əvvəlcə kitabçada yazılanlara inanmışdılar! Nə isə, mətləbdən uzaqlaşmayaq. Tarixə bu qısa ekskursla onu demək istəyirəm ki, əslində, Ayı daha yaxından və dərindən öyrənmək üçün elmi cəhdlər olub; məsələn, bir neçə il əvvəl alman riyaziyyatçılarından biri Sibir çöllərinə elmi ekspedisiya göndərməyi təklif edirdi. Orada reflektorların4 sayəsində nəhəng həndəsi fiqurlar çəkmək mümkün idi. Bu fiqurlar o qədər parlaq olacaqdı ki, Aydan belə görünəcəkdi. Belədə selenitlər5 eyni şəkildə onlara cavab verəcək, bununla da Ayla birbaşa əlaqə imkanı yaranacaqdı. Lakin riyaziyyatçının bu fikri, deyəsən, ağlabatan görünmədi, elə fikir olaraq da qaldı. Bir sözlə, Yerlə Ay arasında rabitə yaratmaq indiyədək kimsəyə qismət olmayıb. Əminəm ki, biz bunu bacara bilərik. Çünki Aya səyahət etmək üçün asan və etibarlı üsul tapmışam. Sizi də bura elə həmin üsulla tanış etmək üçün toplamışam.
Dinləyicilər bu sözlərdən sonra Barbikeni böyük şövqlə alqışlamağa başladılar. Onlar natiqin söylədiklərinə əməllicə heyran qalmış, möhkəm həyəcanlanmışdılar. Elə ki alqışlar kəsildi, Barbiken bu dəfə daha təntənəli şəkildə danışmağa başladı:
– Ballistika6 elminin son illər hansı uğurlara imza atdığı hamınıza məlumdur. Elə bu uğurlardan çıxış edərək özümə belə bir sual verdim: Aya top atmaq olarmı? Buna nail ola biləcək silah icad etmək mümkündürmü?
Bu sözlər zalda uğultuya səbəb oldu. Dərhal da uğultu kəsildi və ortalığa dərin sükut çökdü. Bu lap fırtına öncəsi səssizliyə bənzəyirdi. Həqiqətən də, bir neçə saniyə zalı güclü alqış səsi bürüdü. Alqışlar o qədər güclü idi ki, az qala divarlar silkələnəcəkdi. Barbiken nitqini davam etdirməyə çalışdı, ancaq bu, mümkün olmadı. O yalnız on dəqiqədən sonra yenidən danışa bildi.
– İmkan verin, sözümü bitirim, – təmkinini itirməyən Barbiken dedi. – Mən bu barədə dərindən düşünmüşəm, ciddi hesablamalar aparmışam. Axırda belə qənaətə gəlmişəm ki, dəqiq nişan alınaraq atılmış və saniyədə on iki min yard sürəti olan mərmi Aya çata bilər. Əziz klub üzvləri, sizi bu mühüm təcrübəni həyata keçirməyə dəvət edirəm. Hə, nə deyirsiniz?
3
Barbiken çıxışını tamamladıqdan sonra hər tərəfdən «Ura!» sədaları ucaldı. Sanki yer-göy yenidən lərzəyə gəldi.
Barbiken təmkinini pozmadan yoldaşlarına yenə nəsə demək istədi. Lakin klub üzvləri ona ağzını açmağa imkan vermədilər. Onlar sədri qolları üstə qaldırıb küçəyə apardılar. Orada Barbikeni coşqun kütlə qamarladı. «Ura!», «Əhsən!» səsləri daha da yüksəldi.
Bu vurhavurda sanki söhbətin ondan getdiyini anlayan Ay zülmət gecəni işıqlandırırdı. İndi bütün gözlər ona tuşlanmışdı: bəziləri əl yelləyərək Ayı salamlayır, digərləri gözəl sözlərlə bu səma cisminə səslənirdilər. Bəziləri isə onu yumruğu ilə hədələyib «Darıxma, səni fəth etməyimizə çox qalmayıb» deyirdilər. Bir qədər sonra isə yankilər artıq özlərini Ayın sahibi kimi aparırdılar. Adama elə gəlirdi ki, Ay indi Birləşmiş Ştatların bir parçasına çevrilib.
Bütün bu hay-küy düz gecə saat 2-dək davam etdi. Barbiken, nəhayət, izdihamın əlindən qurtulub evinə qayıda bildi. O özünü hədsiz dərəcədə əzgin hiss edirdi. Hərçənd onun yerinə lap Herakl7 da olsaydı, çoxdan yorulub əldən düşmüşdü.
Səhəri gün Barbikenin təklifi ABŞ-ın bütün böyük şəhərlərinə yayıldı. «Topçular klubu» nun başda Nyu-York, Boston, Vaşinqton, San-Fransisko olmaqla iri şəhərlərdəki üzvləri teleqraf vasitəsilə məsələdən xəbər tutdular. Birləşmiş Ştatların dörd bir yanında klubun 30 mindən çox üzvü vardı. Onların hamısı Barbikendən dəvət məktubu alsa da, çoxu iclasa gedə bilməmişdi. Odur ki dünən axşamdan intizar içində idilər. Bilmək istəyirdilər ki, sədri təcili şəkildə belə bir iclas çağırmağa hansı vacib məsələ məcbur edib. Budur, indi onlar hər şeydən məlumatlıdırlar və Barbikenin niyyətini öyrəndikdən sonra bərk həyəcanlanıblar.
Növbəti gün isə Birləşmiş Ştatların, demək olar, bütün qəzet və jurnalları «Topçular klubu» sədrinin Ayı fəth etmək fikrinə düşməsindən yazırdı. Bu yazılanları bir-birindən maraqlı suallar müşayiət edirdi: Ayda həyat əlamətləri varmı? Ayın Yerdən görünməyən hissəsində nə var? Ayda hər şey sabitdir, yoxsa orada tez-tez hansısa dəyişikliklər baş verir?
Hələlik söhbət bu göy cisminə top atmaqdan gedirdi. Lakin hər kəs başa düşürdü ki, qarşıda onları çox möhtəşəm bir təcrübə gözləyir. Bəzi yankilər qəti əmin idilər, bəziləri isə, sadəcə, ümid edirdilər ki, Ayın sirlərini açmaq amerikalılara qismət olacaq.
Qəzet və jurnalların az qala hamısı Yerin peyki ilə bağlı bütün suallara tezliklə cavab tapılacağına ürəkdən inanırdılar. Hətta Boston Təbiətşünaslıq Cəmiyyəti, Albani Elm və İncəsənət Assosiasiyası, Nyu-York Coğrafiya və Statistika Cəmiyyəti, Filadelfiya Fəlsəfə Cəmiyyəti bu işdə «Topçular klubu» na maddi dəstək belə təklif etdilər.
Gərək düzünü deyəsən: o zamanadək hələ heç bir elmi ideya bu qədər dəstək görməmişdi. Barbikenin təklifinə kimsə nə şübhə, nə də əndişə ilə yanaşırdı. Halbuki Avropada bu cür təklifləri məsxərəyə qoyan, ələ salan xeyli insan tapılardı. Amerikada isə bir nəfər də belə adam tapa bilməzdin. Çünki elə şeylər var ki, Yeni dünyada onları ələ salmaq qadağandır…
Ücretsiz ön izlemeyi tamamladınız.