Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kapitan qrantın uşaqları»

Yazı tipi:

Köpəkbalığı

1864-cü il iyulun 26-da Şimal kanalı ilə gözəl bir ingilis gəmisi üzürdü. Gəminin adı “Dunkan” idi. Onun sahibi Eduard Qlenarvan və əmisi oğlu mayor Mak-Nabs gəminin göyərtəsindən ətrafı seyr edirdilər. Bu vaxt “Dunkan”ın növbətçi matrosu gəminin arxasınca iri bir balığın üzdüyünü gördü və dərhal bunu kapitan Con Manqlsa xəbər verdi. Manqls isə xəbəri Qlenarvana çatdırmaq üçün onun yanına getdi.

Qlenarvan kapitandan bunun hansı balıq olduğunu soruşdu. Kapitan dedi:

– Ser, məncə, bu, nəhəng bir köpəkbalığıdır.

– Bu sularda köpəkbalığı? – Qlenarvan təəccübləndi.

– Bəli, ser, – kapitan dedi. – Bu, köpəkbalığının elə bir cinsidir ki, ona bütün dənizlərdə rast gəlmək olar.

Qlenarvan əmr etdi ki, matroslar həmin balığı tutsunlar. Gəminin sahibi, onun xanımı Elen, mayor Mak-Nabs nəhəng yırtıcının necə ovlanacağına baxmaq üçün kapitan körpücüyünə qalxdılar. Buradan köpəkbalığını asanlıqla görmək olurdu. Bu dəniz yırtıcısı gah sulara baş vurur, gah da gəminin dalınca sürətlə üzürdü.

Kapitan Manqls matroslara əmr etdi ki, yoğun bir kəndirin ucuna qarmaq bağlayıb suya atsınlar, qarmağa isə yekə bir piy parçası keçirsinlər. Matroslar kapitanın əmrini dərhal yerinə yetirdilər. Çox keçmədi ki, piyin iyini duymuş köpəkbalığı güllə kimi ona sarı cumdu. Elə həmin andaca piy köpəkbalığının yekə ağzında yox oldu. Balıq kəndiri dartan kimi özünü qarmağa keçirdi. Matroslar dərhal kəndiri dartmağa başladılar. Dəniz yırtıcısı sudan çıxarıldığını hiss edib dəhşətlə çırpındı. Ancaq təcrübəli matroslar balığı dartıb göyərtəyə çıxara bildilər. Balıq göyərtədə də sakitləşmək bilmirdi. Matroslardan biri dərhal ona yaxınlaşdı və balta ilə balığın çırpınan quyruğunu üzdü. Artıq köpəkbalığının heç bir qorxusu yox idi.

Gəmidəkilər ovlanmış balığın qarnını yarmağa başladılar. Əslində, ovlanmış köpəkbalıqlarının qarnını yarmaq qədim bir adət idi. Axı qarşılarına çıxan hər şeyi udan bu yırtıcıların qarnından ən gözlənilməz şeylər çıxırdı.

Matroslar balığı tikə-tikə etməyə başladılar. Elə bu vaxt matroslardan biri köpəkbalığının mədəsində zorla gözə görünən əşyanı göstərib uca səslə dedi:

– Bu nədir?

Kapitanın köməkçisi bu əşyanın şərab şüşəsi olduğunu deyəndə əvvəlcə hamı təəccübləndi. Amma bir az diqqətlə baxandan sonra köməkçinin haqlı olduğunu anladılar. Qlenarvan tapşırdı ki, şüşəni köpəkbalığının qarnından çıxarsınlar və yaxşıca yuyub kayuta gətirsinlər.

Qlenarvan, arvadı Elen, mayor Mak-Nabs və Con Manqls kayuta düşdülər. Az sonra kapitan köməkçisi ağzıbağlı şərab şüşəsini kayuta gətirdi. Hamı şüşənin içindəki ilə maraqlanırdı. Qlenarvan dedi:

– Darıxmayın, əzizlərim, indi biz onu açar və içində nə olduğunu öz gözlərimizlə görərik.

Şüşəni açmazdan əvvəl gəmi sahibi onu diqqətlə nəzərdən keçirdi. Amma şüşənin içi görünmədiyindən orada nə olduğunu demək mümkün deyildi.

Kayutdakılar nə qədər çalışsalar da, şərab şüşəsinin ağzını aça bilmədilər. Nəhayət, onu sındırmağa məcbur oldular. Şüşənin divarlarına üç kağız parçası yapışmışdı. Kağız parçaları rütubətdən saralmışdı. Orada yazılan sözlər isə zorla oxunurdu.

Kağızlara diqqətlə baxan Qlenarvan dedi:

– Bu kağızlar ingilis, fransız və alman dillərində yazılıb.

‒ Yəqin ki, onlar eyni mətndən ibarətdir, ‒ kapitan dedi.

– Bu, şübhəsizdir, – Qlenarvan dərhal razılaşdı.

Onlar kağızları yan-yana düzüb yazını oxumağa çalışdılar. Uzun cəhddən sonra Qlenarvan kağızlarda yazılmış mətni, təxmini də olsa, bərpa edə bildi. Onun fikrincə, sənədlərdə aşağıdakılar yazılmışdı:


“1862-ci il iyunun 7-də, Qlazqodan çıxmış “Britaniya” gəmisi qəzaya uğrayıb. Gəmidəki iki matros və kapitan Qrant sahilə çıxmağa çalışacaqlar. Orada hindulara əsir olacaqlar. Onlara kömək edin”.

Hər şey aydın idi. Bu şərab şüşəsini qəzaya uğramış gəminin sərnişinləri dənizə atmışdılar. Onlar bu yolla xilas olacaqlarına inanırdılar.

Elen dərhal üzünü əri Qlenarvana tutub dedi:

– Əzizim, biz onlara kömək etməliyik!

Qlenarvan razılaşdı:

– Doğrudur, Elen, biz onları xilas etməliyik. Buna görə də tələsmək lazımdır.

Meri və Robert

“Dunkan” limana çatdıqdan dərhal sonra Qlenarvan Elenlə yaşadıqları qəsrə gəldi. Axşamayaxın gəmi sahibi kapitan Qrantın axtarışlarını təşkil etmək üçün Londona yola düşdü.

Onların yaşadığı qəsr dağlıq ərazidə yerləşirdi, hər tərəfi yaşıllıq və gül-çiçək idi. Gəmi sahibinin otuz iki yaşı var idi, arvadı isə ondan on yaş kiçik idi. Qlenarvanla Elen cəmi üç ay idi ki, evlənmişdilər.

Bu üç ayda ilk dəfə ərindən ayrılan sarışın və alagöz Elen kədərli halda öz otağında oturmuşdu. Bu vaxt qulluqçu içəri daxil olub gənc bir qızla oğlanın gəldiyini xəbər verdi, dedi ki, onlar mister Qlenarvanı soruşurlar. Elen qulluqçuya tapşırdı ki, onları içəri buraxsın.

Qulluqçu çıxdı. Çox keçmədi ki, bir oğlanla bir qız içəri daxil oldular. Bacı-qardaş olduqları ilk baxışdan hiss olunurdu. Çünki bir-birinə çox oxşayırdılar. Qızın on altı yaşı, oğlanın isə on iki yaşı olardı.

Onlar Elenin qarşısında dayandılar.

– Sizin mənə sözünüz var? – Elen soruşdu.

– Yox, biz mister Qlenarvanla görüşmək istəyirdik, – qız utancaq səslə cavab verdi.

– Mister Qlenarvan indi evdə yoxdur, – Elen mehribancasına dilləndi. – O, Londona gedib. Amma siz sözünüzü mənə də deyə bilərsiniz.

Əl-ələ tutmuş qızla oğlan bir-birinin üzünə baxdı. Sonra qız yenə utancaq səslə soruşdu:

– Siz mister Qlenarvanın arvadısınız?

– Bəli, – Elen dedi. – Bəs siz kimsiniz?

– Mənim adım Meridir, bu isə qardaşım Robertdir, – qız cavab verdi. – Biz “Britaniya” gəmisinin kapitanı Qrantın uşaqlarıyıq. Qəzetdən oxuduq ki, mister Qlenarvan atamızla bağlı sənədlər tapıb.

Elen qızı qucaqladı:

– Əzizim Meri, qəzet doğru yazıb.

– Bəs atam sağdır? – qız həyəcanla soruşdu.

– Bunu demək tezdir, Meri, – Elen dedi, – amma ümidimizi üzməməliyik.

Uşaqlar ağlamsınan kimi oldular. Elen onlara təskinlik verməyə çalışdı:

– Qlenarvan Londona gedib ki, orada lazımi adamlarla görüşsün və kapitan Qrantı axtarıb tapmaq üçün hökumətdən kömək istəsin. O, sabah qayıdacaq. Gəlin ümid edək ki, siz tezliklə atanıza qovuşacaqsınız.

Elen bunu deyib uşaqları bərk-bərk qoynuna sıxdı.

Həmin gecəni Meri və Robert Elengildə qaldılar. Onlar Qlenarvanın Londondan hansı xəbərlə qayıdacağını səbirsizliklə gözləyirdilər…

“Dunkan”ın yola düşməsi

Qlenarvan Londondan ümidsiz qayıtdı. Kapitan Qrantın axtarışı üçün kömək edən tapılmamışdı. Hamı bunun mənasız və təhlükəli bir iş olduğunu deyirdi.

Qlenarvan evə gələndə iki yad uşağı görüb təəccübləndi. Elen Meri və Roberti Qlenarvana təqdim etdi. Sonra isə ərindən hansı xəbərlə gəldiyini soruşdu. Qlenarvanın kədərli halda susmasından başa düşdü ki, o, Londondan heç də xoş xəbərlə qayıtmayıb. Uşaqlar da bunu başa düşüb hıçqırdılar.

Elen və Qlenarvan uşaqları sakitləşdirməyə çalışdılar. Bu vaxt mayor Mak-Nabs da gəldi. O da vəziyyətdən hali oldu və Qlenarvandan soruşdu:

– Belə çıxır ki, başqa ümid yoxdur?

Qlenarvan çarəsiz halda çiynini çəkdi.

Birdən Elen Qlenarvana tərəf getdi, onun əllərini ovcunda sıxaraq dedi:

– Əzizim, sən toyumuzdan əvvəl məni gəmi səyahətinə çıxaracağını demişdin, yadındadırmı?

– Yadımdadır, – Qlenarvan cavab verdi.

– Səncə, yad əllərə əsir düşmüş üç insanı xilas etmək belə bir səyahət üçün yaxşı bəhanə deyilmi?

Hamı təəccüblə Elenə baxdı.

– Mən təklif edirəm ki, kapitan Qrantı axtarmağa özümüz gedək! “Dunkan” möhkəm və davamlı gəmidir. Onunla bütün dünyanı dolaşmaq olar. Gedək, Qlenarvan, gedək kapitan Qrantı tapaq!

Elenin cəsarət və mərhəmət dolu təklifindən həyəcanlanmış Qlenarvan onu qucaqladı. Meri və Robert intizarlı baxışlarla Qlenarvanın cavabını gözləyirdilər.

– Gedək! – Qlenarvan üzünü uşaqlara tutub dedi.

Uşaqlar sevincdən qışqırdılar:

– Urraaa!

Qəsrin xidmətçiləri də uşaqlara qoşulub “ura” qışqırdılar.

Bundan sonra Qlenarvan kapitan Con Manqlsa gəmini tez bir vaxtda səyahətə hazırlamağı tapşırdı. İki gündən sonra Qlenarvan, arvadı Elen, mayor Mak-Nabs, Meri və Robert, aşpaz və matroslardan ibarət heyətlə “Dunkan” gəmisi kapitan Qrantın axtarışı üçün yola düşdü.

Gəmidə naməlum adam

Səfərin ilk günü dəniz çox coşqun idi. Axşama doğru isə sərin külək əsməyə başladı. Bu vaxt Meri və Robert Qlenarvanın kayutunda idilər. Meri Qlenarvana ilə onun arvadı Elenə öz ailələri haqqında danışırdı:

– Anam Roberti dünyaya gətirərkən ölüb. Atam isə əslən şotland idi. O düşünürdü ki, Şotlandiyanı İngiltərə əsarət altında saxlayır. Ona görə də Şotlandiyanın azadlığı üçün fikrində müxtəlif planlar qururdu. 1861-ci ildə, yəni üç il əvvəl atam Sakit okeandakı adaları tədqiq etmək üçün gəmi səyahətinə çıxdı. 1862-ci ilin mayınadək ondan tez-tez xəbərlər alırdıq. Amma sonradan xəbərlərin arası kəsildi. Çox keçmədi ki, biz gəminin qəzaya uğradığını eşitdik.

Bunu deyəndə Merinin səsi titrədi, o kövrəldi və Roberti qucaqladı.

Qlenarvan uşaqları qucaqladı.

– Axı Qrant gəmi kapitanı idi, adaları tədqiq etmək onun nəyinə lazım idi? – Elen soruşdu.

Meri göz yaşını silib dedi:

– Atam kimsəsiz ada tapıb ora Şotlandiya adı vermək, orada azad Şotlandiya dövləti qurmaq istəyirdi.

Qlenarvan və Elen kapitan Qrantın vətənpərvərliyinə, azadlıq eşqinə heyran qalmışdılar.

Beləliklə, “Dunkan”ın ilk səyahət gününü gəminin sakinləri kayutlarında keçirdilər. Amma ertəsi gün külək dayanmışdı, hava sakit idi. “Dunkan”ın sərnişinləri göyərtəyə qalxaraq bu sakit və təmiz havanı doyunca udmaq, dənizin gözəl mənzərəsini seyr etmək istəyirdilər. Kapitan Con Manqlsın isə əhvali-ruhiyyəsi daha yüksək idi. O durmadan gəmini tərifləyirdi. Günortaya yaxın sərnişinlər göyərtəni tərk etdilər, təkcə mayor Mak-Nabsdan başqa. O, siqaret tüstülədə-tüstülədə öz-özünə nə barədəsə danışırdı. Mayor qəribə adam idi: heç vaxt əsəbiləşməz, ən təhlükəli vəziyyətlərdə belə təmkinini pozmazdı. Təklikdə siqaret çəkə-çəkə öz-özünə danışmaq isə onun sevimli adətiydi.

Mayor bir neçə dəqiqə öz-özünə danışdı, sonra kayuta düşmək istədi. Bu vaxt göyərtədə qırx yaşlarında ucaboy, arıq, enli alnı, uzun burnu və yekə ağzı olan bir adam gördü. Mak-Nabsın yerinə kim olsaydı bu adamı görüb heyrətlənərdi, çünki indiyə kimi gəminin sərnişinləri arasında beləsinə rast gəlməmişdi. Amma mayor bu vəziyyətdə də təmkinini pozmadı.

Bu zaman göyərtəyə qalxmış aşpaz naməlum adamı görüb öz-özünə donquldandı: “Lənət şeytana, bu adam hardan gəlib çıxdı? Yoxsa mister Qlenarvanın dostudur?”

– Siz aşpazsınız? – naməlum adam soruşdu.

– Bəli, – aşpaz cavab verdi, – amma mən sizi tanımıram.

– Mən altı nömrəli kayutun sərnişiniyəm, – naməlum adam dedi. – Bəs kapitan hanı? O, gəmini başlı-başına buraxıb?

Bu vaxt Con Manqls göyərtəyə qalxdı.

– Budur, kapitan da gəldi! – aşpaz dedi.

Naməlum adam dərhal kapitanın qarşısına keçdi və salam vermək üçün əlini ona uzatdı:

– Sizinlə tanış olmağıma şadam, kapitan Berton!

Con Manqls naməlum adamın salamını alıb təəccüblə dedi:

– Mən kapitanam, amma Berton deyiləm.

– Aha, yoxsa kapitanı dəyişiblər? Nə isə, dostum, siz “Şotlandiya” gəmisindən razısınızmı?

– “Şotlandiya” gəmisi? – Con Manqls daha da təəccübləndi.

– Məgər bu, “Şotlandiya” gəmisi deyil?

– Əlbəttə yox! Siz “Dunkan” gəmisində üzürsünüz, – kapitan dedi.

Bu vaxt Qlenarvan, Elen və Meri də göyərtəyə qalxdılar. Kapitan Manqls Qlenarvanı naməlum adama təqdim etdi:

– Bu, mister Qlenarvandır. O, “Dunkan”ın sahibidir.

Qlenarvan naməlum adamla mehribancasına salamlaşdı:

– Deyəsən, mən sizi tanımıram.

– Mən indi özümü təqdim edərəm, – naməlum adam dedi. – Adım Paqaneldir, coğrafiya alimiyəm. Araşdırma aparmaq üçün Hindistana gedirəm.

– Axı biz Hindistana yox, tamam başqa istiqamətə gedirik.

– Necə? – bayaqdan kefi kök olan Paqanel qışqırdı. – Bu necə ola bilər axı? Məni Hindistanda gözləyirlər. Əgər getməsəm, bu mənim nüfuzuma zərbə olar.

– Bunda bizim günahımız yoxdur, – Qlenarvan dedi, – axı sizə kim deyib ki, bu gəmi Hindistana üzür.

– Dayan, dayan, – Paqanel kapitana sarı çevrildi, – dediniz ki, bu, “Şotlandiya” gəmisi deyil?

– Əlbəttə yox! – kapitan cavab verdi.

– Aman Allah! – Paqanel dərindən köks ötürdü, – huşsuzluğum məni yenidən bəlaya saldı. Mən fikirli olduğumdan gəmiyə səhv minmişəm.

Bunu deyib coğrafiya alimi “Dunkan”ın haraya və nə məqsədlə üzdüyünü soruşdu. Qlenarvan hər şeyi olduğu kimi ona danışdı. Paqanel kapitan Qrantın başına gələnlərə təəssüfləndiyini bildirdi:

– İş ki belə gətirib və mənim Hindistana getmək niyyətim puça çıxıb, onda bu səyahətdə sonadək sizinlə olacağam!

Paqanelin bu sözləri gəmidəkiləri sevindirdi. Axı o, coğrafiya alimi idi və bu səfərdə onun səyahətçilərə çox köməyi dəyə bilərdi. Beləliklə, “Dunkan”da yaxşı adamların biri də artdı.

Kapitan Qrantın izi ilə

“Dunkan” okean sularında qırx iki gün üzdükdən sonra Çiliyə çatdı. Gəmi limanda lövbər saldıqdan sonra Qlenarvan və Paqanel sahilə çıxaraq burada kapitan Qrant və ya “Britaniya” gəmisi ilə bağlı yerli sakinlərdən məlumat əldə etməyə çalışdılar. Amma nə qədər çalışsalar da, heç nə öyrənə bilmədilər. Onlar gəmiyə qayıdıb axtarışların sonrakı marşrutunu dəqiqləşdirməyə başladılar. Qərara gəldilər ki, Kordilyer dağlarını aşaraq Çilidən Argentina ərazisinə adlasınlar. Hamı bu qərarı bəyəndi. İndi bir şeyi dəqiqləşdirmək lazım idi: qarşıdakı uzun, yorucu, bəlkə də, təhlükəli səfərə kimlər çıxmalıdır? Gəmidə kimlər qalmalıdır?

Paqanel öz fikrini dedi:

– Məncə, adam nə qədər az olsa, bir o qədər yaxşıdır. Axı biz müharibəyə getmirik, kəşfiyyata gedirik. Yaxşı olar ki, səfərə mister Qlenarvan, mayor Mak-Nabs və mən, yəni sizin itaətkar nökəriniz Paqanel getsin.

– Bir də mən! – deyə Robert səsləndi.

– Sən uşaqsan, Robert, – Meri qardaşına etiraz etdi.

– Uşaq? – Paqanel təəccübləndi, – Robert uşaq deyil, gənc və zirəkdir. Səyahət onu daha da möhkəmləndirəcək. Beləliklə, biz dördümüz, bir də gəminin üç matrosu səfərə hazırlaşmalıyıq.

Hamı Paqanelin təklifi ilə razılaşdı. Qlenarvan Elen və Merini kapitan Con Manqlsa tapşırdı. Onlar kəşfiyyat dəstəsi ilə gəminin okean sahilində növbəti görüş yerini müəyyənləşdirdilər.

Ertəsi gün gəmini tərk edənlər özləri ilə yemək və ərzaq götürdülər. Nəhayət, Qlenarvan dedi:

– Yola düşmək vaxtıdır!

Elen kövrəldi, Meri həyəcanlandı. Qlenarvan onları qucaqladı:

– Biz kapitan Qrantı da tapıb sağ-salamat sizin yanınıza qayıdacağıq, – deyə onları ürəkləndirməyə çalışdı.

Hamı bir-biri ilə vidalaşdı. Qlenarvan, Paqanel, Mak-Nabs, Robert və üç matros gəmini tərk etdilər. “Dunkan”ın lövbərləri qaldırıldı. Bu gözəl və möhkəm gəmi sahildən uzaqlaşdı. Gəmidəkilərin havada yellənən əlləri sanki kapitan Qrantın axtarışına çıxan dəstəyə uğur arzulayırdı.

Sıldırım dağlardan keçid

Qlenarvan Kordilyer dağlarını keçmək üçün yerli adamlardan dörd bələdçi tutdu. Kordilyeri aşdıqdan sonra isə Argentinada da bələdçi tutmaq fikrində idi.

Dəstə ərzağı və silahlarını bələdçilərə məxsus qatırlara yükləyib yola düşdü. Hava gözəl idi, göy üzü buludsuz idi. İki gün ərzində səyyahlar heç bir çətinlik və maneə ilə qarşılaşmadılar. Amma üçüncü gün onlar dağların sıldırım ətəklərindən keçməli oldular. Bu çox təhlükəli idi. Bir azdan dəstə yalnız bir adamın keçə biləcəyi cığıra rast gəldi. Başqa yol olmadığından onlar bu dar keçidlə irəliləməyə məcbur idilər. Ən pisi o idi ki, bələdçilər burdan o yana getmək istəmirdilər. Belə olduqda Qlenarvan onların pulunu verib yola saldı.



Bir azdan onlar dar cığırdan genişliyə çıxdılar. Kordilyer dağlarına qalxmaq üçün isə bütün gecəni dırmaşmalı oldular. Getdikcə dağa qalxmaq çətinləşirdi. Üstəlik, qalın qar onlara mane olurdu. Səyyahlar addım atmazdan əvvəl qarın altında uçurum olmadığına əmin olmaq üçün əllərindəki ağacı qara batırmalı olurdular. Qabaqda matroslardan biri gedirdi. Onun arxasınca düzülmüş yoldaşları addımlarını ancaq matrosun izi ilə atmağa çalışırdılar.

Dəstə gündə yalnız bircə dəfə − səhər yemək üçün dayanırdı. Günün qalan hissəsini Kordilyer dağlarını tez aşmağa sərf edirdilər. Onlar Argentinaya çatıb kapitan Qrantı mümkün qədər tez tapmağa çalışırdılar.

Günorta dəstə Kordilyer zirvələrinin arasında yerləşən böyük və tamamilə boş sahəyə gəlib çıxdı. Robert möhkəm yorulmuşdu. Hamı hiss edirdi ki, bu çətin yolu sonadək getməyə onun gücü çatmayacaq. Ona görə də Qlenarvan dayanmaq əmri verdi. Amma Paqanel təklif etdi ki, Roberti, lazım gəlsə, çiyinlərdə apara bilərlər. Coğrafiya alimi əlavə etdi:

– Biz dayanmamalı və bu zirvəni tez aşmalıyıq!

Hamı Paqanellə razılaşdı. Robert də iradəsini toplayıb hələ ki yeriyə bildiyini dedi.

Axşamayaxın yorğunluq bütün səyyahları əldən salmışdı. Onların çoxu tez-tez büdrəyir, yıxıla-dura yeriyirdi. Bəziləri isə yıxıldıqdan sonra heç dura da bilmir, sürünə-sürünə gedirdilər.

Qlenarvan narahat idi: bu uca, kimsəsiz, soyuq və qarlı dağların başında onları nə gözləyir? Bunu heç kim deyə bilməzdi.

Artıq dəstənin irəli getməyə taqəti qalmamışdı. Soyuq az qala onların sümüklərinə işləyirdi. Bu vaxt mayor əlini Qlenarvanın çiyninə qoyub həmişəki kimi sakit və təmkinli səslə dedi:

– Daxma!

Ücretsiz ön izlemeyi tamamladınız.

₺34,67
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
5 s. 10 illüstrasyon
ISBN:
9789952241242
Telif hakkı:
Altun Kitab
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 4,5, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,5, 13 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 4,9, 8 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 11 oylamaya göre
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 7 oylamaya göre