Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi», sayfa 3

Yazı tipi:

“Xətircəm gedin, Vaqif müəllim”

…di gəl ki, bu axşam da əvvəlcədən nəzərdə tutduğu kimi hərəkət edə bilməyəcəkdi. Axşam üçün artıq razılaşdırdığı planı dəyişməli idi. Əvvəlcədən nəzərdə tutulmayan bir görüşü heç cür buraxa bilməzdi.

Firəngizin sözünü yerə salmaq, bunun üçün lap elə yüz dənə olsa da bəhanə uydurmaq, əslində, sui-qəsd kimi bir şeydir.

Qəzetdən intervü üçün gələnləri xeyriyyə işləri üzrə müavini Qüdrət müəllimin yanına göndərməyi qərara aldı. Qüdrət müəllimi yanına çağırdı. Özünü işinin peşəkarı sayan Qüdrət müəllim yaşda Vaqifdən böyük idi, amma özünü bəzən uşaq kimi aparırdı. Qüdrət müəllim Vaqifi dinləyib üzdə göstərməsə də, ürəyində bərk sevindi. Əlindəki dəftəri açıb ona təkrar-təkrar deyilənləri bir əmr kimi yazmağa hazır şəkildə durdu.

– Vaqif müəllim, hansı məsələlərin üstündə xüsusi dayanmamı istərdiz? – Qüdrət müəllimin səsi quru çıxdı, o, bütün vücudu ilə peşəkar ciddilik tərzi aldı. Sanki hansısa dünya problemini həll etməyə gedəcəkdi.

– Çox da özünü həlak eləmə, bir az yumşaq ol. Gedişata baxarsan. Bunlar bizdən xeyli yazıblar. İşimizi ümumi şəkildə bilirlər. Bu hissəni onlara burax. Sən son proyektdən danış. Avropadakı türk təşkilatları ilə əlaqəmiz onlar üçün çox maraqlı olmalıdır. Türk qardaşlarımızın bizə göndərdikləri dərmanlar, bu dərmanların cəbhə bölgəsində birbaşa əsgərlərə paylanması. Məncə, bunların üzərində dayansan, yaxşı olar.

– Dərmanların qruplaşdırılması üçün yaradılan komissiyalar, sizin bir dəstə adamla cəbhə bölgəsinə getməniz… Dərmanları özünüzün bir-bir əsgərlərə verməniz… – Qüdrət müəllimin özündənarxayınlığı səsinə də sirayət etdi.

– Hə. Daha o tərəfini də deyərsən ki, biz nə üçün dil və tibb komissiyaları yaratdıq.

– Hansı tərəfi deyirsiz? – Qüdrət müəllim çox səmimi şəkildə söhbətin nədən getdiyini başa düşməyib bir anlıq çaşdı.

– Qüdrət, biz niyə alman dili mütəxəssislərini Universitetdən bura çağırdıq? Niyə hər dərmanın adını bizim həkimlər komissiyamızın üzvləri üçün bir-bir aydınlaşdırdıq? On gün gəlib burda iş gördü adamlar… Niyə??

Qüdrət susub qaldı. Vaqif düşündü: “Doğrudanmı, o boyda həngamənin bu adama heç bir dəxli olmadı?!”

Vaqifin ürəyi qısıldı, yenə də Qüdrət müəllimə sadə bir məsələni balaca uşaq kimi izah etmək, necə deyərlər, çeynəyib-çeynəyib ağzına qoymaq lazım gəlirdi.

Cavab hələ də gəlmirdi.

“Bu adam mənim axırıma çıxacaq…”

– Bunu axı mən dəfələrlə demişəm. Onun üçün ki, alman dərmanları, Qüdrət, Almaniya bazarı üçündür. Yəni, onların daxili ehtiyacı üçün. Bu dərmanların adı beynəlxalq standartlara uyğun deyil. Bizim həkimlər o adları bilmirlər. Onlar üçün o adları tərcümə etmək lazım idi. Yüz dəfə danışmışıq axı bunu…Yadından çıxıb? – Vaqif müəllimin səsi codlaşdı.

– Aydındı, Vaqif müəllim, aydındı. Narahat olmayın, aydındı. Burda nə var ki… “Mən özüm yüz dəfə səndən də yaxşı intervü vermişəm. Məni öyrədənə bax…”

Vaqif anladı ki, daha bundan o tərəfə Qüdrət müəllimə təsir edib intervüyə hazırlaşdırmaq mümkün olmayacaq. Qüdrət bir nöqtəni beyninə yanışdırdısa, o nöqtəni o beyindən çıxarmaq asan məsələ deyil.

Vaqif narazı bir halda söhbətin bitməsi işarəsini verdi. Qüdrət müəllim dərhal dəftər-qələmini götürüb nədənsə işgüzar bir qaş-qabaq içində, Vaqifə elə gəldi ki, üzərinə düşən məsuliyyətin ağırlığını beynində götür-qoy edə-edə, əslində isə, Vaqifi ürəyində yamanlaya-yamanlaya cabinetdən çıxdı.

Gec idi, Firəngiz ilə görüş vaxtına az qalırdı. Vaqif müəllimin ürəyinin dərinliyindən bir nigarançılıq boylanmaqdaydı. Diplomatını əlinə alıb otağından çıxarkən bir gözü telefonda, köməkçisi Rüxsarəyə belə dedi:

– Gözdə-qulaqda olun, Qüdrət intervü verəndə yanında bir adam olsun. Buna mənim inamım yoxdu. Heç olmasa Nəmidə… Ehtiyac olsa, cavablara düzəliş eləsin.

– Oldu, Vaqif müəllim, siz xətircəm gedin. Biz həll edərik. – Rüxsarə onu arxayın etdi.

İntervü alanlar bir saatdan sonra gəlməli idilər. Vaqif Rüxsarənin sözlərinə baxmayaraq işdən nigaran getdi.

Bənövşəyi şarf

İşdən çıxan kimi Vaqifə elə gəldi ki, o tamam başqa bir dünyaya düşdü. Asudə nəfəs aldı. Xeyli yüngülləşdi. Bu başqa dünya ona nələr verəcəkdi, Vaqif bunu hələ bilmirdi, amma ümid eləyirdi ki, istədiklərini bu yeni və başqa dünyadan ala biləcək.

Küçələrdə maşınların sayı gözlənilməyən dərəcədə az idi.

…Vaqif görüş yerinə çatanda maşının yan pəncərəsindən baxıb gördü ki, Firəngiz artıq rəngbərəng kuklalar kimi bəzənmiş qəzet kioskunun yanında durub onu gözləyir. Qızın ətrafı qəribə səslər ahəngini içinə yığmışdı. Vaqifin sevdiyi bənövşəyi şarf qızın boynunda idi. Maşın düz bənövşəyi şarfın yanında dayandı.

– Salam. – Firəngiz maşının qapısını açıb içəriyə, onun yanına elə cəld keçdi ki, daha doğrusu, elə cəld özünü qabaq oturacağa atdı ki, elə bil, buna cavab olaraq maşının dayanması ilə yerindən tərpənməsi az qala eyni vaxtda baş verdi. Yerini rahatlaya-rahatlaya Firəngiz şarfı, nədənsə, boynundan açıb arxaya çevrilmədən arxa oturacağa atdı. “Belə…”

Aeroport yoluna qədər heç biri dinmədi. “…Bu adam heç birsöz demədi. Elə bil, üç gün deyil, bir saatdır ayrılmışıq…”.

Şarfı bilə-bilə arxaya atdı. Bilir ki, bu şarf mənim xoşuma gəlir, onunçün belə edir…”

Daha heç biri heç nə barədə düşünmədi. Aralarındakı sükut az qala haray çəkməyə başladı. Elə ki, aeroport yoluna çıxdılar və maşınların gediş-gəlişi tək-tük oldu, Vaqif üzünü Firəngiz tərəfə döndərmədən yenə də irəli baxa-baxa, bir qədər zarafatvari şəkildə, bir qədər də saymazyana:

– Hə, nədi susmusan? Nə vacib işin varmış? – deyə bu lal sükutun daha da uzanmaması üçün soruşdu.

Vaqif səsinə şuxluq verməyə çalışdı. Firəngiz tezinciyən idi. Qızın bugünkü halı isə, Vaqif hiss edirdi ki, ən azından, qorxuludur. Hələ telefonla danışdıqları vaxt Vaqifin dalağı sancmışdı. “Vaqulya, səninlə vacib, özü də çox vacib işim var…” – deyən Firəngizin səsindən duyulurdu ki, Vaqif hansısa qurulmuş bir plana qurban gedir. Bəzən Firəngizin heç bir işi olmadığı vaxt da özündən nəsə uydurub onu zorla görüşə çıxarmağı vardı. Öz istəyinə o, hər şeyi qurban verə bilərdi. Vaqifin işini-gücünü, halını, yorğunluğunu, vacib görüşlərini saymaza alardı. “Bu da belə bir plan olmasın?!”

Firəngizdən səs çıxmırdı. “Ölsəm də, danışmaram”.

Yenə bir qədər sükut içində yol getdilər. Təzə maşın sürəti yağ kimi canına çəkirdi. Vaqif bir müddət ləzzətlə maşından gələn ahəngdar motor səsini dinlədi. Maşın ki təzə idi, onun ən kiçik müdaxiləsinə belə anında cavab verirdi. Hətta ona hərdən elə gəlirdi ki, maşın onun təkcə əl, ya ayaq hərəkətini deyil, fikirlərini də oxuya bilir. Sözəbaxan bir uşaq kimi nə istəsə onu da yerinə yetirir. Təzə maşın balaca uşaq kimi olur. Köhnələndə, yəni uşaq böyüyəndə, maşın kimi o da sözə baxmaya bilər.

– Saat 10-da evdə olmalıyam. – Handan hana Firəngizin səsi çox uzaqdan, nəhayət ki, təşrif buyurub gəldi. Bu, daha çox bir pıçıltı idi.

“O zaman bağa nəyə gedirik?!” Vaqif bu axşamkı görüşlə bağlı müxtəlif variantları beynindən keçirməyə başladı. “Hara getsək…” – nə qədər düşündüsə ağlına maraqlı heç nə gəlmədi.

Yenə bir qədər sükut içində yol getdilər. Birdən Vaqifin, elə bil, beyni işıqlandı:

– Elə isə gedək dəniz qırağına, bir az hava alaq. Gör bir nə gözəl havadı. Nə deyirsən?

– Bax da… – Bu dəfə qızın səsi əməlli-başlı incik çıxdı.

– Çay içəkmi bizim yerdə? O vacib dediyin iş nə idi, nigaran qaldım…

– Çay içmək pis olmazdı. Aslanın yanını demirsən?! Ora gözəl yerdi… – Firəngiz bir balaca ara verib Vaqifin o biri sualına belə bir laübali cavab verdi. – Səni görmək istədim. Bu vacib ola bilməz?!

Əlbəttə, bu dəfə də hər şey Vaqifin təsəvvür etdiyi kimi idi. Bu görüşün vacibliyi adi şıltaq idi, vəssəlam. “Hayıf o intervüdən. Qüdrət onun içinə… qoysun, sən də bax”. Vaqifin qanı qaralsa da bu, bir azdan maşının şüşələrini yalayan sərin payız mehi kimi uçub getdi. Maşın dəniz kənarına yaxınlaşdıqca onun da əhvalı düzəlməyə başladı. “İş həmişə var, bu gözəl hava isə…”

Vaqifin getmək üçün nəzərdə tutduğu “sevimli yer”i Bilgəh sanatoriyasını ötüb keçdikdən dərhal sonra, dənizə tərəf başlayan kəskin enişin dibində yerləşən “Şəbəkə” adlı restoran idi. Bu restoran Bilgəhdə düz dənizin qırağında tikilmişdi. Gözəl yer idi. Kəskin eniş şəbəkə kimi burula-burula səni “yalançı” (psevdo) çin üslubunda tikilmiş bu restoranın qabaq qapısına qədər gətirirdi. Restoranın arxa tərəfindəki balkondan isə düz dənizin qırağına qədər piyada getmək olurdu. Stollardan bəzisini restoranın içindən çıxarıb dənizin lap kənarına gətirib qoymuşdular. Yemək yeyən üçün yeməyi bura gətirirdilər, çay içən üçün çayı. İstəsəydin, ayaqqabını çıxara bilərdin və dənizin ləpələri hərdən ayaqlarını yalayacaqdı… Şairlər deyən kimi, dənizin məşum, ləpələrin romantik pıçıltısı buranı sevgililərin sevimli yerinə çevirmişdi. Burda onların da bəyənib-seçdikləri yer var idi. Bu yer qumların arasında itib batmış qoca bir qayalığın yeganə iri gözünün bərəldiyi bir az kənar yer idi. Stollarını bu bərəlmiş gözün yanına qoydurardılar. “Şəbəkə”yə tez-tez getmələrinin əsas səbəbi isə Vaqifin orada işləyən dostu Aslan idi. Aslan “bufetçik” idi, restoranın “canı” devin canı quşda olan kimi onun əlində idi, çox şeyi o idarə edirdi. Aslanın «Şəbəkə»də olması Vaqifə münasib idi – bu, istənilən an gərginləşə biləcək söhbətin mülayimləşməsi, hər hansı münaqişənin zarafat üslubuna keçməsi demək idi.

… Vaqif və Firəngiz hələ Aeroport yolunda olarkən “Şəbəkə”də onların düz dəniz qırağında quma batmış qayalığın bərəlmiş yeganə gözünün yanındakı sevimli stollarının arxasından iki nəfər – yaşlı kişi və gənc qadın ayağa qalxdılar və xörəkpaylayan oğlana yediklərinin pulunu ödəyib tələsmədən, bir-birinə qısıla-qısıla çıxışa doğru yönəldilər. Kənardan baxan onları bir adam kimi görərdi. Stol boşaldı və xörəkpaylayan oğlan stolun üstünü təmizləməyə, qab-qaşığı, şüşələri, stəkan-badələri yığışdırmağa başladı…

– Sən məni, doğrudan, sevmirsən? – Maşın aeroport yolunun enişinə, şəhərə doğru gedəndə isə yoxuşuna çatanda qaşqabağını tökmüş Firəngiz maşının qabaq şüşəsindən təsəvvür etmədiyi uzaqlara baxa-baxa sükutu pozdu. Aşağıda sol tərəfdə aeroportun enmə zolaqlarına bir-birinin dalınca uçub enən təyyarələr gözə dəyməyə başladı. Maşın sürətini artırdı.

Ünsiyyətdə olan iki adam arasında “sevirsən, sevmirsən…” sorğu-sualından daha gözəl, daha ləzzətli və daha maraqlı heç nə ola bilməz. İllah da ki, bu sorğu-sual bir-birini sevən iki adam arasında olsun.

– Allahdan qorx. – Vaqif məsələni zarafat məcrasına salmaqdan hələ də ümidini kəsməmişdi. O, özünü ilıq bir mübahisənin içində hiss elədi. Kefi bir az düzəldi.

– Sən məni… – Firəngiz “Allah” sözündən həqiqətənmi qorxdu, ya da qorxan kimi oldu, amma nə oldusa, sözünü tamamlamadı. Ya da ola bilər ki, tamamlamaq istəmədi.

– Sən sözlü adammışsan ki… Belə bir… axmaq sözü sənə kim dedi? Quşlar xəbər gətirdi?!

– Heç kim. Quşların bura dəxli yoxdu. Onları qatma söhbətə. Mövzunu çaşdırma. Mən özüm bu fikrə gəlmişəm. Sən məni sevmirsən. Onun üçün də sənin cavabına mənim ehtiyacım yoxdur.

– Həəə, quşların da məsələyə dəxli yoxdusa, deməli, məsələ, həqiqətən, qəlizdi. Çox mürəkkəb problemdi. Müxtəlif tarixi rəqəmlərə baş vurmaq lazım gələcək. Razısan mənimlə?!

Bu, Vaqifin dostu Rizvanın iki kəlmədən bir yeri gəldi-gəlmədi işlətdiyi və yaxın dostların söz lüğətinə daxil olmuş ifadə idi. “Ay Rizvan, oyunun olsun, yaxşı söz salmısan mənim ağzıma. Razısan mənimlə?!”

– Bəlkə bu məsələni biz çay içə-içə təhlil edək? Məsələn, kiçik bir dəyirmi masa formatında… Nə deyirsən? Razısan mənimlə? – Vaqif bir daha Rizvanı təkrar etdi.

– Sən nə danışırsan?! Təhlilə ehtiyac-filan yoxdu. Razı deyiləm səninlə. Yox bir, dəyirmi masa… Ələ salmısan məni? Məni evə apar. Evə istəyirəm. Əlbəttə, əgər qaçırmaq fikrin yoxdusa… “Heç vaxt inanmaram ki, bu adam məni götürüb qaçırsın. Elə bircə bu qalmışdı. Bu olsa-olsa hansısa başqa bir dünyada ola bilər…”

Maşın aeroportu sürətlə arxada qoydu. Vaqif artıq hər şeyi anlamışdı. Bir halda ki, mövzu əvvəlcədən müəyyənləşib, deməli, məsələ o düşündüyündən daha qəlizdir. Ona görə də dərhal qərara aldı ki, qızın sözlərinə heç bir fikir verməsin. Ümid “Şəbəkə”yə və Aslana qalırdı.

Firəngiz maşının aeroport döngəsində şəhərə tərəf, yəni evə tərəf geri dönmədiyini sanki görmədi və özünü o yerə qoymadı. “Deməli, qaçırır…” Firəngizin yan pəncərəyə dikilib qalmış gözlərinin içinə ilıq bir təbəssüm doldu, dodaqları qaçdı.

Payızın ortaları olsa da, əsasən, yay restoranı kimi tanınan “Şəbəkə”nin hələ də gur vaxtı idi. Aslan bufetin piştaxtasının arxasında onları uzaqdan görüb xörəkpaylayanlardan birini tez yanına çağırdı, Vaqifə əl elədi, “siz gedin oturun, mən sonra sizə yaxınlaşaram…” Vaqif və Firəngiz restoranın içinə girmədən onları girəcəkdə qarşılayan xörəkpaylayan oğlanın dalınca gedib dəniz ləpəsinin adamın ayağına toxunmağına lap az qalan bir yerində haman quma batmış qoca qayalığın bərəlmiş gözünün yanında təzəcə təmizlənmiş stolun arxasına keçib oturdular.

Xörəkpaylayan oğlan onları köhnə müştəri kimi salamladı:

– Xoş gəlmisiz. Həmişə siz gələsiz… Təzə balığımız var.

– Sağ ol. Bizə hələlik çay gətir… – Vaqif ona baxmadan dedi.

Vaqif yerini rahatladı və elə bil, ancaq indi, dənizin mehi ona dəydikdə hiss elədi ki, necə yorulub. Yorulmaq yalnız hər hansı bir fiziki iş görməklə üzə çıxmır. Zehni əməyin də nəticəsində yorula bilərsən. Elə bircə Qüdrət müəllim yetər ki, onunla gün ərzində ünsiyyətdə olan adamın başının üstünü yorğunluq dənizdəki 9-cu val kimi alsın. Bura isə Allah, Allah necə də sakit, necə də həzindir. Bu ki bir başqa, tamam başqa dünyadır. Payız mehi adamı az qala bihuş edir, dənizin səsi ahəstə-ahəstə “sən axı yazıqsan, sənə niyə bu qədər zülm edirlər?!” pıçıldayır. 9-cu valın ən uzaq hənirtisi belə buralarda eşidilmir. Dünya burada gözəl dünyadır. Tütçev deyən kimi təsadüfi cizgilərini silsən bu dünyanı ancaq sevmək olar. Ondan ancaq ləzzət almaq olar. “Şəbəkə” ətrafındakı dünyanın heç bir təsadüfi cizgisi yoxdur. O, bütöv və …laldır.

“Vaxt vardı, Tütçev də mənim üçün tanış olmayan “sonsuz lüğət”in bir qəribə, sirli parçası idi. İndi isə necə də tanış və doğmadır…” Bütün cizgilər əsas və aparıcıdır. Bütün cizgilər adamı onun sevdiklərinə gətirir – anasına, qardaşına, Firəngizə… Bir də, əlbəttə ki, Kitaba.

Kitab onun, yaxınları belə deyir, Vaqifin əbədi məhəbbətidir. Məqalə məqalə dalınca. Esse esse dalınca, şeir şeir dalınca yazıldı. Özü də səbəbini bilmirdi ki, niyə bunu edir. Bu yazılanları Kitabmı ona yazdırır, yoxsa o özü bu şəkildə Kitaba addım-addım yaxınlaşır, öz izzəti-hörmətini bu şəkildə bildirmək istəyir?!

Kitab bir qəliz və müşkil məsələ idi. Onun içinə girmək – çalışıb heç kimin görmədiyini, demədiyini ortaya qoymaq demək idi. Bunu etmək əgər mümkün deyilsə, bu işə başlamağın özü mənasızdır. Sadəcə, deyilənləri başqa şəkildə, tanış sonsuz lüğətin registri vasitəsilə dəyişmək o deməkdir ki, sən heç nə etməmisən. Nə isə etmək – tamam başqa vasitələrdən istifadə etmək deməkdir. Nə isə etmək yad sonsuz lüğətin ölçüləri ilə Kitaba yanaşmaqdır.

“Bu necə olur ki, dənizin ahəstə-ahəstə layla deyən anlaşılmaz səsini başa düşmək olur, Qüdrətin qışqırtı dolu səsini-sözünü —yox. Qüdrətin səsi hərdən bilinmirdi ki, hansı sözləri tələffüz edir, deyir… deyir…” Belə çıxır ki, Qüdrət də bir başqa tanış olmayan, yad sonsuz lüğətin alətidir?! O zaman, həqiqətən, sonsuz lüğətlərin özü də sonsuzdur.

Birdən-birə Vaqifin əməlli-başlı yatmağı gəldi. Ayıb olmasaydı, elə buradaca, qumun üstünə bir adyal atıb üstünə uzanardı. Əvvəlcə sağa-sola ağnayardı. Sonra başını yerin təkinə girmiş qayanın gözünün üstünə qoyub bu qumlara əsir olmuş qayanın yanında daş kimi düşüb qalardı. Yorğunluğu ancaq belə çıxa bilərdi. Bəlkə də çıxmazdı. Çünki bu yorğunluq saatların, günlərin yorğunluğu deyildi, ayların, illərin, minillərin yorğunluğu idi. Bu yorğunluq nəhayət, Qüdrətin, Atakişinin, Nəmidənin, Rüxsarənin yorğunluğu idi. Sonsuz sayda tanış olan sonsuz lüğətlərin yorğunluğu idi.

– Sən, yəni, indi mənə deyəcəksən ki, guya məni sevirsən? – Firəngiz fürsəti fövtə vermədi, elə masa arxasına oturan kimi maşındakı söhbətə qayıtdı. O öz qadın fəhmi ilə hiss eləmişdi ki, bayaqkı söhbətin təzəliyi itməkdə, unudulmaqdadı. – Üç gündür məni axtarmırsan… Gün ərzində bir dəfə mənə zəng eləməmisən. Xəbərin yoxdu, ölmüşəm, qalmışam… eh… bezmişəm mən. Belə də münasibət olar?! Mən heç nə başa düşmürəm.

“Hər şey təzədən?! Niyə axı, ay Allah?! Heç olmasa sevdiyim insanla beynim niyə dincələ bilmir?! Niyə bu şəraiti sən mənə yaratmırsan?!”

Bəlkə də bu söhbəti hərləyib-fırlayıb məzəyə çevirmək olardı. Bəzən elə belə də olurdu. Aslan vaxtında yetişirdi. Amma bu səfər Firəngizin çox tutqun olsa da, həm də çox, diqqətli bir halı vardı. Sözünün hərlədilməsinə, ya da fırladılmasına izin verən adama Firəngiz bu axşam heç oxşamırdı. “Bir tərəfdən baxanda, bəlkə də haqlıdı. Ata nəvazişi – yox, bir dostu, rəfiqəsi – yox. Bu adam nəvaziş axtarır. Səhərdən axşama qədər anasının yanında. Öldürsən də atasına zəng eləməz. Aslan lazımdı, Aslan!..”

Firəngizin atası Sovet İttifaqı adlanan ölkə dağılandan sonra Moskvaya köçüb orada yaşayırdı. Qəşəng dostları, biznesi vardı. Əvvəllər Firəngiz ilə anasını da yaşamağa yanına çağırardı, indi daha çağırmır. Amma onların dolanışığını getdiyi gündən bu günəcən əməlli-başlı təmin edir. Atasının Firəngizdən ötrü ürəyi gedirdi. Ən böyük arzusu Firəngizlə öz yeni ailəsini, iki balaca uşağını tanış eləmək idi. Yeni arvadı həkim idi. Onu da buna razı salmışdı. Amma Firəngiz də yerinə düşdü, düşmədi, baxmazdı, tərslik eləməyi bacarırdı. Bu günəcən atasını da, onun təzə ailəsini də yaxına buraxmamışdı. Demək olmaz ki, anasının təsiri ilə belə edirdi. Artıq özü də bilmirdi ki, niyə belə edir. Görmək istəmirdi, vəssəlam. Vaqifə də bu barədə hər hansı söhbəti salmağı qadağan eləmişdi.

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
27 eylül 2022
Hacim:
151 s. 2 illüstrasyon
ISBN:
978-9952-8411-8-3
Telif hakkı:
Автор