Kitabı oku: «Aura», sayfa 2
– Lazım deyil… yandırmayın. Xahiş edirəm. On üç addım qabağa gəlin, sağda pilləkan var. Yuxarı çıxın. İyirmi iki pillədir, sayın.
On üç. Sağa. İyirmi iki.
Daş pillələrdən sonra nəmişlikdən çürüyən taxta pillələr ayaqlarının altında cırıldamağa başlayır, yenə də rütubət və çürüntü iyi burnunu qıcıqlandırır. Kibriti hazır saxlamısan, çıxa-çıxa sayırsan. Nəhayət, bu da iyirmi ikinci. Qapıdan da rütubət iyi gəlir, qapının cəftəsini axtarırsan, tapmayıb bir tayını itələyirsən, ayağını artıq quru döşəməyə yox, xalçanın üstünə basırsan. Burda hər şey görünür, hardansa zəif sarımtıl işıq içəri süzülür.
– Senyora… – Yavaşdan çağırırsan, bayaqkı səs qadın səsi idi. – Senyora…
– İndi sola dönün. Birinci qapı.
Bu qapını da itələyirsən – artıq evdəki bütün qapıların yaylı olduğunu bilirsən. Yumşaq qızılı şüalar kirpiklərinin arasından süzülür, hər şeyi hörümçək toru kimi dumanlı görürsən. Çaşqınlıq içində divarda oynaşan işıqlara baxırsan, elə bil divarda çoxlu ulduz parıldayır, sonra görürsən ki, səliqəsiz düzülmüş əşyaların üstündə çoxlu şam yanır və şam işığı otaqdakı əşyaların, şüşə qabların üstünə düşüb parıltısını divarda əks etdirir. Otağın dərinliyində çarpayı var və kimsə çarpayıdan sənə əl edir, yaxınlaşmağını istəyir. Çarpayıya yaxınlaşırsan. Balaca qarı böyük çarpayının içində itib-batıb. Onun əlini tutmaq üçün əlini uzadırsan, amma əlin, qırmızı gözlərini sənə dikib nəsə çeynəyən bir canlının qulaqlarına, tüklü dərisinə toxunur. Gülümsəyib dovşanı tumarlayırsan. Dovşan sahibəsinin əlindədir, nəhayət qarı soyuq əliylə sənin əlini tutur, soyuq barmaqları bir müddət isti ovcunun içində qalır, sonra sən əlini qarının əsirliyindən qurtarmaq üçün balışın qırçınlarını sığallamağa başlayırsan.
– Adım Felipo Monterodur. Elana görə gəlmişəm.
– Hə, əlbəttə. Elanı oxumusunuz. Bağışlayın, oturmağa heç nə yoxdur.
– Narahat olmayın.
– Yaxşı. Zəhmət olmasa yanakı dayanın. Sizi pis görürəm. İşığa tərəf dönün. Belə. Yaxşı.
– Elanı oxudum…
– Hə, əlbəttə. Öhdəsindən gələcəyinizə inanırsınız? Avez vous fait des etudes?
– A Paris, madame.
– Ah, oui, sa me fait plaisir, toujours, toujours d'entendre… oui, vous savez… on etait tellement habitue… et apres…1
Bir az qırağa çəkilirsən, gümüş və şüşə qabların əks etdirdiyi şam işığında ipək örpək altında gizlənmiş başı görürsən, – örpəyin altında ağ saçlar olmalıdır, – dərisi qırışmış baş uşaq başı kimi bapbalacadır. Çoxlu düyməsi olan hündür yaxalıq və qalın adyallar qarını görünməz edir, təkcə qarnının üstünə qoyduğu ağ əllərini görə bilirsən. Sən qoca senyoranın üzünə baxırsan, birdən dovşan tərpənib diqqətini cəlb edir, üzünü döndərib ona baxırsan və köhnə adyalın üstünə səpələnmiş çörək qırıntılarını görürsən.
– İndisə işdən danışaq. Ömrümə az qalıb, senyor Montero, buna görə özümü gücə salıb qəzetə elan verdim…
– Məhz buna görə indi burdayam.
– Əlbəttə. Elədirsə razılaşın.
– Amma əvvəlcə işin nədən ibarət olduğunu…
– Başa düşdüm. Maraqlanmağınız təbiidir.
Bu vaxt nəzərin gecə stolunu cəlb edir, stolun üstünə müxtəlif stəkanlar, qablar, aliminium qaşıqlar, dərman qutuları düzülüb, yerdə, qarının əlinin çata biləcəyi uzaqlıqda isə başqa stəkanlar var. Dovşan çarpayıdan yerə tullanıb alaqaranlığa qarışır, onda çarpayının nə qədər alçaq olduğuna fikir verirsən, çarpayı yerdən çox az aralıdır.
– Ayda dörd min peso alacaqsınız.
– Bilirəm, bu gün qəzetdə gördüm…
– A, deməli, qəzet artıq çıxıb.
– Hə, çıxıb.
– Ərim general Lorentenin əlazmalarıyla məşğul olacaqsınız. Nə qədər ki, sağam, əlyazmaları qaydaya salmaq lazımdır. Onlar çap olunmalıdır. Nəhayət bu qərara gəlmişəm.
– Bəs general özü… bacarmaz?
– Ərim altmış il bundan qabaq ölüb, senyor. Memuarı natamam qalıb. Onu tamamlamaq lazımdır. Nə qədər ki, sağam.
– Amma…
– Mən hər şeyi sizə danışacağam. Siz yazacaqsınız. Əvvəlcə yazılan hissələri oxuyub ərimin yazı manerasını, dilini mənimsəməlisiniz.
– Parisdə, madam.
– Ah, fransızcadan həmişə, həmişə xoşum gəlib… hə… siz başa düşürsünüz… mən belə öyrəşmişəm… sonra isə… (fr.)