Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 13

Yazı tipi:

Sibirdəki Turan dövlətinin əsası Çingiz xanın oğlu Cuçi xanın 5-ci oğlu Şeybanı xana savaşdakı qələbələrinə görə kiçik qardaşı Batı xan tərəfindən verilmiş ərazilərdə Şeybaninin varisləri tərəfindən qoyulmuşdu. Əbülqazi Bahadur xan da “Türklərin şəcərəsi” əsərində əsası Çingiz xanın nəvəsi Şeyban xan tərəfindən Sibirdə qoyulmuş dövləti Turan dövləti adlandırır. Şeyban xanın varisləri tərəfindən idarə edilən Turan dövləti Taybuqa xanın dövründə güclü bir dövlətə çevrilərək Qızıl Orda xaricində müstəqil bir xanlıq olmuşdur. Taybuqa Kereyitlərin xanı Toğrul xanın (Van xan) oğlu idi və Çingiz xanın xüsusi himayəsi altında böyümüşdü. Taybuqa xan dövlətinin paytaxtını Çingiz xanın şərəfinə onun ata tərəfdən əcdadları olan turə boyunun şərəfinə Çinqi Tura adlandırmışdı. Toxtamış xanın dövründə Sibir xanlığı bütün Qızıl Orda ərazisini əhatə edirdi. Əmir Teymurun Toxtamışa qarşı mübarizəsi Sibir-Turan xanlığını xeyli zəiflətmiş və Rus knyazlıqlarının güclənməsinə səbəb olmuşdur.

Turan dövlətinin axırıncı hökmdarı XVI yüzillikdə 44 il hökmranlıq etmiş Kuçum xan olmuşdur. Paytaxtı Çinqi Tura (indiki Tümen) şəhəri idi. Turan dövlətini ataman Yermakın başçılığı ilə rus kazak qoşunu 1595-ci ildə işğal edərək mövcudluğuna son qoymuşdur. Turan xanlığının öz adını Sibirdəki Tura çayının adından götürüldüyü iddia edilir. Əslində isə istər çay adı, istər dövlətin adı və Sibirin güneyində Tur adı ilə mövcud olan çoxsaylı yer adları yüz illərlə burda mövcud olmuş Turan dövləti və turların adları ilə əlaqədardır. Bu Turan dövləti Şimali Qazaxıstanı, Omsk və Tümen vilayətlərini, Xakasiyanı qərbdə isə Başqırdıstan da daxil olmaqla böyük bir ərazini əhatə edirdi.

Assur mənbələrində haqqında bəhs olunan və turlar və ya quzlarla əlaqədar Quzar adlı digər iki bəylik dövlətindən biri Urmiyə gölünün şimalında, digəri isə Diyala və Dəclə çayları arasındakı ərazidə yerləşirdi. Adlarından da göründüyü kimi bu kiçik Turan dövlətləri turanlı quz/oğuz boyunun məskunlaşdığı ərazi olmuşdur.

Yəqin ki, qədim zamanlarda İranın şimal-şərqində turanlı altay tayfalar yaşayırdılar. Qədim zamanlarda Ardilanda da türklər məskunlaşmışdılar ki, Qizılbunda, Marunda və buna bənzər türk dilində olan qədim yer adları bunu sübut edir. Yaxınlıqdakı Qafqaz regionunda mövcud olan türk dili dialektləri də bunu təsdiq edir. Bu əraziyə gələn iran tayfaları onlara yabançı olan bu xalqların məskunlaşdığı ərazilərdən keçərək gəlmiş və onların bir çoxunu öz yerlərindən sıxışdırmışlar. (Georg Hüsing. 1916, Səh. 13)

Turan Doğu Türklərinə və Batı Türklərinə bölünür. Doğu türklərindən Altay, Sayan dağları, Sibirin güneyi, Monqolustan, Cunqariya, Çin ərazisində yaşayan türklər xarici təsirlərə az məruz qalmışlar. (Czaplicka M. 1918, Səh. 21)

Çex alimi Çzapliçkanın yazdığına görə etnoloji baxımdan yanaşılsa, İran türkləri əsl Turanlılardır, lakin onlar tarixin sonrakı gedişində iranlıların təsirinə məruz qalmışlar.

Usunlar Turanın doğusunda İli və Çu çayları vadilərində m.ö. II yüzilliyin sonlarından miladın I yüzilliyinə qədər hökmranlıq etmiş, Tyanşanda yerləşmiş Kanqyu-kanqlı tayfaları ilə bölgədə hakimiyyət uğrunda mübarizə aparırdılar.

Çzapliçka yazır ki, Tarixi, etnoloji və arxeoloji dəlillər sübut edir ki, müasir Turanlı türklər ilk dövrlərdən hiunq-nu adı ilə məlum olan Mərkəzi Asiyanın qədim türk irqinin az dəyişikliyə uğramış varisləridirlər. Mərkəzi Asiyanın turanlı türkləri hiunq-nuların və tuk-yuların qenealoji varislik xəttini daha çox qoruyub saxlamışlar nəinki İran təsirinə məruz qalmış Azərbaycan və osmanlı türkləri. (Czaplicka M. 1918, Səh. 21, 108)

VII fəsil
Turanlı öntürklərin Sumer-Kəngər dövləti

Assurologiya elminin ən önəmli tərkib hissəsini təşkil edən elm sahəsi sumerşünaslıq adlanır. Bu elmin əsası XIX əsrin ortalarından qoyulmuşdur. Sumer Mesopotamiyanın güneyində m.ö. VI minillikdən etibarən mövcud olmuş ən qədim insan svilizasiyasıdır. Qədim mixi yazı mətnlərini aşkar etmiş bilim adamları bu mətnlərin dilini sumer dili, ölkəni isə Sumer adlandırmışlar. Avropanın və o cümlədən Türkiyə elmi ədəbiyyatında bu ölkənin adı əsl deyiliş formasına uyğun olaraq Sumer şəklində yazıldığı halda biz onu rus variantında bir sıra tarixi terminlərdə olduğu kimi yanlışlıqla Şumer şəklində yazırıq. Ona görə də ölkənin adının Sumer şəklində yazılmasını uyğun gördük. Sumerlərin dili, tarixi və mənşəyi haqqında bir çox nəzəriyyələr irəli sürülmüşdür. Sumerin bəşər uyqarlığının yaranmasında və ümumdünya tarixinində oynadıqları önəmli rolu nəzərə alaraq sumerşünaslığın ən böyük nümayəndəsi S.Kramer “dünya tarixi Sumerdən başlayır” fikrini irəli sürmüşdür.

Sumerlərin mənşəyi və onların ilkin vətəni məsələsi geniş müzakirə mövzusu olmuşdur. Sumerlərin yaradılış əfsanəsində onların Mesopotamiyaya quzey-batı tərəfdən, dağlıq bir ərazidən gəldikləri, sonradan Dilmun adlı adada yerləşdikləri və Mesopotamiyada məskunlaşdıqları əks olunmuşdur. Görkəmli sumerşünaslar olan S.Kramer, B.Landsberqer və başqaları bu tezisi dəstəkləyərək Sumerlərin Mərkəzi Asiyanın dağlıq ərazilərindən gəlib öncə Zaqros dağları ərazisində yerləşdikləri, sonradan İkiçayarasında məskunlaşdıqlarını və sumerlərin Altay mənşəli, türklərlə qohum olduqları fikliri irəli sürürlər.

Çex əsilli alman assuroloqu Bedrzix Hrozni da sumerlərin Mesopotamiyaya Mərkəzi Asiyadan, daha dəqiq olaraq Türkistan və Qazaxıstandan iki axınla gəldikləri fikrini irəli sürmüşdür.

Sumerlilərin ilkin axını e.q. 6000 minillikdə baş vermişdir. Bütün dəlillər sübut edir ki, e.q. VI minillikdə sumerlər Türküstanın və ya Qazaxıstanın şərqində yaşayırdılar. Ona görə ki, onların dilində şərq dağ anlamında im kur-ra şəklində ifadə olunurdu. Sumer dilində Arali və akkad dilində Arallu adı “yeraltı dünya” və ya tanrıların doğulduğu “dünya dağı” anlamındadır. Peyğəmbər İsayiyə görə bu dağ şimalda yerləşirdi. Sumer dilində bu dağın adını Ural şəklində müəyyən etmək olar. Sumer dilində a və u hərfləri bir-birlərini tez-tez əvəz edirlər. Arallu dağları assurlar tərəfindən qızıl mədənlərinə malik dağ kimi təsbit edilmişdir. Eyni şəkildə Kaphusi (kaspi və ya kaphus Sumer dilində gümüş deməkdir) dağları adını da Qafqaz adı kimi qəbul edirik. Qızıl Qafqaz dağlarında olduğu kimi Ural dağlarında da var. Aral gölü “adalar gölü” deməkdir. Sumerlər Altay dağlarının yamaclarından və İrtış çayının hövzəsindən keçərək Azərbaycana, Cənubi Qafqaza gəlmiş, sonra hərəkət edərək Səncər dağlarından aşaraq Mesopotamiyanın güneyində məskunlaşmışlar. Yüzillər sonra onların başqa bir qrupu yenə də Qafqazları keçib Azərbaycana gəlmiş və burdan hərəkətlə Anadoluya, Suriya və Babilə keçmişlər. Onlar keçdikləri cənubi Qafqaz və Azərbaycanda, Anadoluda və Suriyada yerləşərək yüzillər davam edən uzunmüddətli dayanacaq qurmuş və yeni mədəniyyətlər yaratmışlar.

Sumerlərin birinci köç dalğasını təşkil edən Ubeyd uyqarlığı mənsubları dolixosefal tipə malik idilər. Onların köçlərinin ikinci dalğası isə Qafqaz, Anadolu və Mesopotamiyada braxisefal tipli əhali ilə qarışmışdılar. Sumer dili altay və türk-tatar dillərinin bir çox xüsusiyyətlərinə malikdir. Sumer dili həmçinin hind-avropa və türk-tatar dilləri elementlərinin ibtidai rüşeym formasında qarışığını da özündə əks etdrir. Sumerlərin Dinqir adlanan göyüzü tanrısı türklərin göyüzü tanrısı Tenqri ilə eyniyyət təşkil edir. Qafqaz regionunda bu qarışıq sumer dili bir çox qafqaz dillərinin təsirinə məruz qalmışdır. Ubeyd uyqarlığının avropoid tipli insanları dolixosefal olduqları halda, onların Mesopotamiyanın şimalında məskunlaşmış qolları olan subirlər armenoid adlanan urartu-turanlıların braxisefal tipinə mənsub olmuşlar.

Sumerlərin Mesopotamiyaya ilk gələn axını Ubeyd mədəniyyətini, ikinci gələnlər isə Uruk mədəniyyətinin yaradıcılarıdırlar. Uruk mədəniyyətinin yaradıcıları Sumerə şimal-şərqdən gəlmişlər. Onlar Mərkəzi Asiyadan köçəri xalqların təzyiqi ilə öz yerlərini tərk etməyə məcbur olmuş və öz Ubeydli həmtayfalarının izi və ardınca güneyə doğru hərəkət edərək Sumerin çay və kanallarla suvarılan münbit və məhsuldar ərazilərində məskunlaşmışlar. Onlar ilk öncə Qafqazın güneyində, daha doğrusu Azərbaycanda məskunlaşdıqları zaman burdakı ustalardan metalçılıq işini mükəmməl öyrənmişlər. Sumerlərin ikinci axınla gələn və Mesopotamiyanın şimalında məskunlaşan qolu Subir adı ilə məlumdur.

Sumerlərin ilk köçəri axını e.q. 6500-3800-ci illəri əhatə edən Ubeyd arxeoloji mədəniyyətini, ikinci köç axınları isə e.q. 4000-3100-cü illəri əhatə edən Uruk arxeoloji mədəniyyətinin əsasını qoymuşlar. (B.Hrozny, 1953, Səh. 55, 56)

Hroznunun sumerlərin Mesopotamiyada məskunlaşmadan öncə yüz illər ərzində Güney Qafqaz-Azərbaycan ərazisində yaşadıqları haqqındakı fikirləri sumerlilərin İkiçayarasına Arattadan gəldikləri və Aratta mədəniyyətinin sumerlərin yaratdığı haqqındakı tarixi dəlilləri təsdiq etməkdədir.

Azərbaycanın Milli azadlıq hərəkatının lideri və ilk prezidenti Əbülfəz Elçibəy görkəmli tarixçi kimi qədim türk və Azərbaycan tarixi haqqında bir sıra orijinal tezislərin müəllifidir. Elçibəy sumerlərin ilkin vətəni və etnik mənşəyi haqqında da orijinal fikirlər irəli sürmüşdür. O sumer mədəniyyətinin yarandığı ilkin ərazi haqqında fikirlərini belə ifadə edirdi: “Sumer mədəniyyətinin köklərini, daha doğrusu Sumerdən qabaqkı (proto sumer) mədəniyyəti və tarixi araşdıran elmlərin əldə etdiyi nəticələrə diqqətlə yanaşdıqda, burada Azərbaycanın gərəkli yer tutduğu açıq-aydın görünür.

Sumerlər Mesopotamiyaya şimal-şərqdən girmiş, ona qədər uzun müddət Zaqrosun şimal-şərqində yaşamışlar. Zaqrosun şimal-şərqinin Azərbaycanda yerləşdiyini hər kəs xəritədə görə bilər. İndi hesab etmək olar ki, sumerlər əvvəl Azərbaycanda yaşamış, oradan Mesopotamiyaya axışıb yeni məskəni dövlətlərinin mərkəzinə çevirmişlər”. (Əbülfəz Elçibəy, 2003, Səh. 11, 14)

Elçibəy Sumer mədəniyyətini yaradan xalqların özəyini Azərbaycanda yaşayan və oradan axışaraq Mesopotamiyanın mərkəzi əyalətlərində yerləşən xalqlar və tayfalar təşkil etdiyini yazır. Elçibəy bir sıra müəlliflərin fikirlərinə, sumer miflərinə və arxeoloji araşdırmalara əsasən Azərbaycanın sumerlərdən qabaq da Mesopotamiya ilə əlaqəsinə aid tarixi dəlillərin mövcudluğunu vurğulayır. Sumerlərin Dumu-su (Dumuzi) tanrısı ilə bağlı əfsanədə o, bütün heyvan və bitkilərin həyatvericisi, onun o dünyadan qayıtması isə hər il baharın başlanmasına səbəb sayılmışdır. Qaynaqların da göstərdiyi kimi Dumuzi inamı Şimali İrandan, yəni Cənubi Azərbaycandan gəlmişdir. Bundan başqa Azərbaycanın cənubunda “Dolmatəpədə” aparılan qazıntılar zamanı aşkar edilən və e.ə. V minilliyin ortalarına aid edilən saxsı qablar və üzərlərindəki naxışlar Sumerdə aşkar edilən gil qablara çox yaxındır. (Ə.Elçibəy. 2003, Səh. 23)

Ə.Elçibəy Sumer mədəniyyətinin, onların etnik mənşəyinin tarixi kökləri və digər arxeoloji mədəniyyətlərlə əlaqəsini hərtərəfli təhlil edir və çağdaş tarixçiliyin əldə etdiyi nəticəyə əsaslanaraq belə qənaətə gəlmişdir ki, ən qədim mədəni insan məskəni Ceyhun (Amudərya) və Seyhun (Sırdərya) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burda mərkəzləşmişdir. Bu ilk mədəniyyət mərkəzinin yaranma və varolma tarixi e.q. X–VI minillikləri əhatə edir.

Dünyanın qədim mədəniyyətinin toplandığı ikinci mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən çayı ovalıqları və Urmiyə gölü ətrafını əhatə edir. Bu mədəniyyətin yaranma və varolma tarixi e.q. VII–II minilliklərə dayanır.

Tarixi baxımdan Sumer qədim mədəniyyətin üçüncü mərhələsini əhatə edir. Bu mədəniyyət Dəclə və Fəratın hövzəsi, Patağ (Zaqros) dağlarının ətəklərindən Ərəbistan yarımadasının şimal-şərqində olan ərazini əhatə edir və e.q. IV–II minilliklərə bağlıdır. Bütün bu mədəniyyətlər varislik əlaqələrinə malikdirlər. Elçibəyin gəldiyi nəticə bundan ibarətdir ki, Azərbaycan ilkin olan Turan mədəniyyətinin davamı və üçüncü olan Sumer mədəniyyətinin özülüdür və hər iki mədəniyyət üçün bağlayıcı məntəqə rolunu oynayır. Elçibəy qədim tarixin araşdırılmasında belə bir yekun nəticəyə gəlir ki, “Tarix Sumerdən başlayır“ deyimi “Tarix Turandan başlayır” deyimi ilə əvəz olunmalıdır. (Ebülfüz Elçibey, 2007, Səh. 16–17)

Ə.Elçibəyin dünyanın qədim tarixi və o cümlədən Sumer tarixi haqqında irəli sürdüyü elmi tezislər onun özündən əvvəlki görkəmli tarixçi və assuroloqların əsərlərində də öz təsdiqini tapmışdır.

Sumerlərin turanlı mənşəyə malik olmaları və Mərkəzi Asiyadan köçərək Mesopotamiyada yerləşdikləri haqqındakı nəzəriyyə elmi baxımdan daha inandrıcı və qəbul ediləndir.

İtalyan mənşəli amerikalı arxeoloq Rafael Pumpelli indiki Türkmənistanda apardığı arxeoloji qazıntılar zamanı aşkar etdiyi artefaktlara və elmi dəlillərə əsaslanaraq Sumer mədəniyyətinin kökünün Anau mədəniyyətinin təşkil etdiyini sübut etmişdir. Bəşər uyqarlığının əsası 10 min-9 min il öncə Anauda qoyulmuşdur. Əkinçiliyin, sənətkarlığın və heyvanların əhliləşdirilməsinin əsası Anauda qoyulararaq inkişaf etdrildiyi bir dövrdə yer kürəsinin digər ərazilərində insanlar hələ ibtidai ovçuluq və yığıcılığın hakim olduğu ibtidai icma qruluşu dövrünü yaşamaqda davam edirdilər. Anau arxeoloji mədəniyyətini dərindən araşdırıb onu dünya elminə tanıdan İtalyalı arxeoloq Pumpellinin gəldiyi qənaətə görə Sumer mədəniyyətinin kökü Anauya bağlıdır. Anauda aşkar edilmiş və üzərində mixi işarəli yazıya bənzəyən möhürün tapılması onun mixi yazının ilk variantı ola biləcəyi haqqında fikirlər doğurmuşdur”. (Pumpelly R. 1908.)

Anauda yüksək əkinçilik mədəniyyətinin mövcud olması ilə yanaşı heyvanların əhliləşdirilməsi və bəslənməsi və evcil heyvandarlıq təsərrüfatının inkışafı sumerlərin öz ilkin vətənləri olan Anau və ətraf bölgələrdə oturaq həyat tərzinə malik həyat sürdüklərini sübut edir. Sumerlər ikinci vətənləri olan Mesopotamiyada da əkinçilik, sənətkarlıq və ev heyvandarlığına əsaslanan oturaq təssərüfat fəaliyyəti ilə məşğul olmuşlar.

Görkəmli ingilis assuroloq tarixçisi Leonard Kinq sumerlərin mənşəyi haqqında yazır: “İndiki dövrə qədər biz sumerlərin mənşəyi haqqında yalnız onların özləri haqqında verdikləri məlumatlar əsasında fikir yürüdürdük. Lakin Türkistanda aparılan araşdırmaların nəticəsi bizə əminliklə söyləməyə imkan verir ki, sumerlərin ilkin vətənini Babil düzənliklərindən doğudakı dağların arxasında axtarmaq lazımdır. İtalyan arxeoloqu Pumpellinin Aşqabad yaxınlığındakı Anauda apardığı arxeoloji qazıntılar nəticəsində İran yaylasının batısında qədim mədəniyyətlə bənzərlik təşkil edən tarixə qədərki mədəniyyətin izləri aşkar edilmişdir. Pampellinin ekspedisiyasının arxeoloji araşdırmaları Mərkəzi Asiyada irqi hərəkətliliyin fəallaşması nəticəsində doğudan sumerlərin və onlardan sonra digər miqrasiyaların baş verdiyini göstərir”. (Leonard W. King. 1916. Səh. VII)

Türk dünyasının görkəmli tarixçilərindən olan Reha Oğuz Türkkan Sumerləri, Subarları və Elamları Ön Türklər (proto türk) adlandıraraq onların ana yurdu və dünyaya yayılma prosesini tarixi dəlillərə əsasən məntiqi ardıcıllıqla aydınlıq gətirərək yazırdı: “Ön türklər doğum yerləri olan Aral-Balkaş gölləri arasındakı yurdlarını tərk edib bir neçə yüz il Mavəraünnəhrdə, Ceyhun və Seyhun çayları arasında və Anauda məskunlaşdıqdan sonra Zaqros dağları yoluyla güneyə yenmiş, yenə də Fərat və Dəclənin iki çayı arası olan Mesopotamiyada, e.q. 4000-ci ildə Subarların timsalında məskunlaşmışlar. Onların Elam qolu isə daha doğuda körfəz bölgəsində yerləşmişdilər. E.q. 3600-cü ildə isə Ön Türklərin arxada qalmış qolları olan Sumerlər də Mesopotamiyaya köçüb Subarların davamı olaraq yurdlarını gəlişdirmişlər. E.q. 3000-ci ildə Böyük Tufan onların şəhərlərini viran qoyunca həyatlarında bir fasilə dövrü başlanmışdır. Az sonra sumerlər təkrar dirilmiş, Erudu, Ur, Uruk, Nippur, Kiş, Laqaş kimi böyük şəhərlərini tarixin ilk dövlətini qurmuşlar”. (Reha Oğuz Türkkan. Türklər, cilt 1, 2002, Səh. 600)

Görkəmli türk bilim adamı Yusif Ziya Özər dövrünün arxeoloji, linqvistik və etnoloji dəlillərinə əsaslanaraq Mərkəzi Asiyanın bəşər mədəniyyətinin ilk beşiyi olduğu haqqında tezis irəli sürmüşdür. Anauda, Honanda və Kansuda aşkar edilən arxeoloji abidələrin tədqiqi göstərir ki, neolit dövrünün daş mədəniyyəti Sibirdə və Orta Asiyada meydana çıxmış və inkişaf nəticəsində metal mədəniyyətinə çevrilərək bütün dünyaya yayılmışdır. Yusif Ziya dəmir dövrünün metal mədəniyyətinin Elamda təşəkkül taparaq Elam mədəniyyətinin çiçəklənməsi nəticəsində yayılan qolları kimi təqdim etməyi doğru hesab etmir. Orta Asiyadakı Sumerkəndin (Səmərqənd) coğrafi və tarixi abidələri onun sumer xalqının təşəkkül tapdığı və yayıldığı mərkəz olduğunu sübut edir. Sumerkəndlilərin elamlılarla və sumerlilərlə eyni irqə mənsubluğu heç bir şübhə doğurmur, ona görə ki, müasir dövrə qədər də hər iki xalq eyni tayfa birliyi olan Sumer adlarını daşımaqdadırlar. (Yusif Ziya Özer. 1932, Səh. 6)

Asiyanın quzeyini və Avropanı əhatə edən buzların əriməsi Sibirin cənubunda 10 min və daha çox illər ərzində məskunlaşaraq inkişaf etmiş və artıb çoxalmış türklərə dünyanın qapısını açmışdır. Bu hadisə öz mədəni inkişaflarının yüksək səviyyəsinə nail olmuş Turanlıların güneyə və qərbə doğru köçlərinə şərait yaradaraq malik olduqları ilkin mədəniyyəti bütün dünyaya yaymağa imkan yaratmışdır. Çində, Hindistanda, Babildə, Misirdə və Aralıq dənizi hövzəsindəki mədəniyyətlərin eyni tarixi dövrdə meydana çıxıb oxşar cəhətlərə malik olmalarının səbəbi onların vahid Turani kökə malik olmalarındadır. (Y.Z.Özer, 1932, Səh. 536)

Bilim adamları belə bir ümumi fikrə malikdirlər ki, Sumer, Elam, Misir və Hitit mədəniyyətləri ümümi mənşəyə malikdirlər. Qara dənizin quzeyindəki mədəniyyət də qədim Sumer-elam mədəniyyətinin davamıdır. Bütün bu mədəniyyətləri neolit dövrünün başlanğıcında yüksək mədəniyyətin ikişafına nail olmuş xalq özü ilə gətirmişdir. Bu yüksək mədəniyyət zirvəsinə çatmış xalqın Orta Asiyadan gəlmiş olduqları Suzda, Hindistanda və Pumpellinin Türkistandakı Anauda apardığı arxeoloji qazıntılar nəticəsində sübut olunmuşdur. Andersonun Çinin quzeyində arxeloji qazıntılarda aşkar etdiyi mədəniyyət abidələrinin sumer abidələri ilə eyniyyət təşkil etməsi o mədəniyyətin yaradıcıları olan Türklərin həmin dövrdə Çinə Orta Asiyadan getdiyini göstərir.

Beləliklə, bütün arxeoloji, antropoloji və linqvistik dəlillər mədəniyyətin ilkin mərkəzinin Orta Asiya olduğunu göstərir. (Yusif Ziya Özer, 1932, Səh. 532)

Orta Asiyanın ilk dövrlərdən türk irqinin qədim məskəni olduğu görsəndiyi halda, “avropasentrizm” nəzəriyyəsinin tərəfdarları onların tezislərinə uyğun gəlməyən bu tarixi gerçəkliyi ortadan qaldırmaq üçün belə bir fərziyyə irəli sürülmüşlər ki, Mərkəzi Asiya arilərin qədim vətəni olmuş, lakin türklərin təzyiqi altında öz yerlərini tərk edərək güneyə və doğuya köçə məcbur olaraq bu torpaqları tamamən türklərə buraxmışlar. Lakin bu tezis tarixi dəlillərə uyğun deyil, Mərkəzi Asiya ən qədim zamanlardan türklərin vətəni olmuşdur. (Yusif Ziya, Səh. 10)

Türkləri hind-avropalıların ümumi əcdadı hesab edən Yusif Ziyanın tezisinə görə Türk dili bütün Avropa dillərinin kəsişmə nöqtəsini təşkil edir. Bir çox linqvistik dəlillər hind-avropa xalqlarının mənşə etibarı ilə ayrı-ayrı Turan qruplarından meydana gəldiklərini sübut edir. (Yusif Ziya Özer, 1932, Səh. 168)

L.King sumer və samilərin qarşılıqlı münasibətləri haqqında yazırdı ki, Mərkəzi Ərəbistanda iqlim dəyişikliyi nəticəsində baş verən quraqlıq nəticəsində sami tayfaları Suriya üzərindən hərəkət edərək Fərat çayı sahillərinə gəlmiş və Babildə ilk Akkad məskənləri salmışdılar. Babil mədəniyyətinin formalaşmasında sumerlərin əvəzsiz rolu olmuşdur. Dövlət, hüquq, ədəbiyyat və incəsənət sahəsindəki bilgilərini samilər sumerlərdən almışdılar. Araşdırmalar göstərir ki, yəhudilərin əxz etdikləri Babilin və Assuriyanın daha sonrakı dövrlərə aid dini və mifoloji ədəbiyyatı öz mənbəyini sumerlərdən götürmüşdür. Sumerin və Akkadın ilkin tarixi samilərlə mübarizə şəraitində keçmiş və bu mübarizənin sumerlər üzərindəki təsiri neqativ olmuşdur. (Leonard W. King. 1916, Səh. IX)

Digər bir ingilis arxeoloqu və tarixçi Leonard Valley də Sumer mədəniyyətinin samilər üzərindəki böyük təsirə malik olduğunu qeyd edirdi. Mesopotamiya bir-biri ilə rəqabət aparan əhalinin məskunlaşdığı iki ölkədən ibarət idi. Quzeyin Akkad adlanan hissəsinin əhalisi əksəriyyət etibarı ilə samilərdən ibarət idi. Güneydə isə qarışıq əhalidən ibarət olan ölkə Sumer adlanırdı. Sumerlilər burda yaşayan samilər üzərində üstünlüyə malik olub, öz dillərini və mədəniyyətlərini onlara qəbul etdirmişdilər. (Leonard Woolley. 1928. Səh. 2)

Sumerlərin dili və etnik mənşəyi məsələsi uzun illər ərzində tarixçilərin, linqvistlərin və etnoloqların geniş müzakirə mövzusu olmuşdur. İrəli sürülən nəzəriyyələr içərisində sumerlərin turanlı və türk mənşəli olduqları haqqındakı XIX əsr Avropa tarixçilərinin Turanizm nəzəriyyəsi sumerlərin tarixi, dili və dinlərinin hərtərəfli tədqiqi üzərində qurulmuş ən mükəmməl nəzəriyyədir.

Assurologiyanın, yəni, əslində, sumerologiyanın atası hesab olunan Y.Oppert Zend Avestada adı “tuirya” şəklində çəkilən Əfrasiyabın dövləti olan Turanın elə Sumer olduğunu yazırdı.

İkiçayarası ərazidə turanlı öntürklərin yaratdığı ən qədim dövlət Sumer-Kəngər dövləti olmuşdur. Bu dövlət və ölkə indi rəsmi tarixşünaslıq tərəfindən qəbul olunan Sumer adından öncə müxtəlif şəkildə adlandırılmışlar.

Sumer adı avropalıların Bibliya adlandırdıqları Tövratın Yaradılış kitabında Sinnar şəklində ifadə olunur. Həmin kitabda əks olunan əfsanəyə görə insanların Tufandan sonra şərqdən gələrək məskunlaşdıqları ilk ölkə Sinnar-Sumer olmuşdur. Tarix elminin qəbul etdiyi rəsmi konsepsiyaya görə Sumer mədəniyyəti İkiçayarasında m.ö. VI minillikdən etibarən mövcud olmuş ən qədim mədəniyyətdir.

Sumerdə Eredu, Ur, Larsa, Uruk, Laqaş, Umma, Kiş, Nippur və s. kimi yüksək mədəniyyətə malik şəhər dövlətləri mövcud olmuş, sonra onlar ittifaq təşkil edərək vahid dövlət şəklində birləşmişlər. Sumerlilər özlərini “Saq-qiq”, bəzi mənbələrə görə isə “Kein-qir” adlandırırdılar.

Sumerlilər öz dillərini “emeqir” adlandırırdılar. “Saq-qiq” sözü Sumer dilində “qarabaşlılar” olduğu üçün bəzi müəlliflər sumerliləri qara dərili efiopiyalı kuşilər və hindistanlı dravidlərlə eyniləşdirən fikirlər irəli sürmüşlər.

Sumer adı akkadların bu xalqa verdiyi ad kimi qəbul olunur. Fərat və Dəclənin aşağı vadilərində məskunlaşmış sumerlilər tədricən güclənmiş və Sumer dövləti Bütün İkiçayarası ərazini öz hakimiyyəti altında birləşdirmişdir.

Dünyanın ən böyük sumerşünaslarından biri olan Samuel Kramerin yetişdirməsi və özü də görkəmli Sumerşünas olan Muezzez İlmiye Çığ uzun illər ərzində araşdırıb öyrəndiyi sumer mətnlərinə əsasən belə bir fikir irəli sürür ki, Sumer dövləti güclü olduğu çağlarda, sınırları doğuda Hindistana (Dilmun), batıda Aralıq dənizinə (Ebla, Martu), hətta Kiprə, quzeydə Aratta, Hurruma, güneydə Misir və Həbəşistana qədər genişlənmişdir. Bu yerlərə gedən əsgər və tacirlər və oralardan ticarət məqsədilə gələn insanlar sumer mədəniyyəti ilə geniş əlaqələr yarada bilmişdilər. (M.İ.Çığ. 1996, Səh. 47)

Mesopotamiyadakı qədim mədəniyyət mərkəzi olan ölkə Y.Oppertin təklifi ilə Sumer adlanmadan öncə Xaldi və Akkad adlanırdı. M.ö. 2270-ci ildə sami tayfaları Sarqonun başçılığı ilə Sumerin quzey ərazilərini işğal etdilər və ölkə Sarqonun özünə paytaxt etdiyi sumerlilərin Aqade şəhərinin adı ilə Akkad adlanmağa başladı. Əhali isə dövlətin adı ilə akkadlar adlansa da, onlar, əslində, sumerləşmiş samilər idilər. Sarqon tədricən Ur şəhərindən başqa bütün Sumeri öz hakimiyyətinə tabe etdi. Bundan sonra dövlət Sumer-akkad dövləti adlanmağa başladı. Sarqonun işğalından sonra da sumer dili yüz illər boyunca əsas ünsiyyət vasitəsi olaraq qalmaqda davam edirdi.

Sumer adına qədər İkiçayarasının cənubundakı Fərat və Dəclə çaylarının mənsəbindəki ərazi Xaldey, yəni Kəldi adlanmışdır. Kəldi/xaldeylər müasir elmdə sami kimi tanınsalar da, XIX əsrin bir çox assuroloq və tarixçiləri onları kassi və ya kassilərlə qarışmış xalq hesab edirdilər. Türklərə xas yarım köçəri həyat sürən maldar və əkinçi Kaldilərin bura Kassilərlə qonşuluqdan Zaqros dağlarından gəldikləri güman olunur. Onlar tayfa qruluşuna malik olub tayfa başçıları tərəfindən idarə olunurdular. M.ö. IX əsrdə kaldilər öz ərazilərində tam möhkəmlənmişdilər. Kassilər e.q. 1770-ci ildə Babil dövlətinə hücum etdikləri zaman xaldeylərin Kardinaş adlanan dövlətləri öz müstəqilliklərini qoruyub saxladılar.

Xaldeylərin İkiçayarasında hakimiyyət uğrunda Assuriyaya qarşı m ö. 1721-ci ildə başladıqları mübarizə uzun illər ərzində davam edərək, nəhayət, Babilin işğalı və xaldeylərin Yeni Babil adlı dövlətin yaranması ilə başa çatdı. Tövratda xaldeylərin adı sami dilində Ur-Kasdim şəklində ifadə olunduğu üçün bu dövləti bəzi müəlliflər Kasdim adlandırırlar. Kasdim adı da bu ölkənin əhalisinin kas/kassilər olduğunu sübut edir. Müasir tarixçilər xaldeyləri sami mənşəli hesab edirlər, lakin XIX əsr Avropa tarixçilərinin bir çoxunun linqvistik və tarixi dəlillərə əsaslanaraq onların turanlı türk mənşəli olduqları haqqındakı fikirləri aşağıda geniş şəkildə şərh olunur.

Qədim İkiçayarası xalqın turanlı mənşəyə malik və dillərinin turan dili olduğu haqqında Turan nəzəriyyəsinin banilərindən biri və əsas müdafiəçisi alman əsilli aşkenaz yəhudisi, öz elmi fəaliyyətini əsasən Fransada davam etdirən XIX əsrin böyük tarixçilərindən sumerologiyanın atası Y.Oppert olmuşdur. Turan nəzəriyyəsinin əsas əleyhdarı isə mənşə etibarı ilə Ədirnə şəhərindən sefard yəhudisi olan Y.Halevi idi. Halevi sumer dilini canlı bir danışıq dili deyil, kahinlərin bir şifrə dili hesab edir və İkiçayarasındakı qədim mədəniyyətin sumerlər tərəfindən yaradıldığı faktını qəbul etməyərək, bu mədəniyyətin samilərə məxsus olduğu fikrini inadla müdafə edirdi. Oppert Halevinin fikirlərinə qarşı Turan nəzəriyyəsini müdafiə edən dolğun bir cavab məqaləsi yazmışdır. Oppertin Geniş oxucu kütləsinə məlum olmayan 1875-ci ildə yazdığı və “Journal Asiatuque” 5-ci nömrəsində 442-500-ci səhifələri əhatə edən “Sumer və ya heç nə” adlı həmin məqalədə turan və ya öntürk dilində bir çox sözlərin sami və assur dilinə keçərək samiləşdiyini yazır və onların mənasını açıqlayır. Məqalənin Turanın və Öntürklərin tarixini öyrənmək üçün böyük elmi əhəmiyyətə malik olduğunu nəzərə alaraq geniş şərhini verməyi vacib olduğunu düşünürük.

Oppert yazır ki, müqayisəli filologiya ilə məşğul olanlar bilirlər ki, 5 min il öncə mövcud olan sumerin turan dilini onun XIX əsrdəki varisləri olan turan dilləri ilə müqayisə edərək eyni mənalı sözləri müəyyən etmək nə dərəcədə çətin bir işdir.

Sumer dilindəki idioqramların təhlili göstərir ki, bu dil bir şimal mənşəyinə malikdir. Sumer flora və faunasını əks etdirən ideoqramlar bunu sübut edir. Sumer dili misirlilərdən fərqli olaraq aslanı, pələngi, pişiyi, dəvəni, qatırı, fili, gərgədanı, begomotu ifadə edən sözlərə malik deyil. Ancaq iti, qurdu, çaqqalı, ayını, eşşəyi, maralı, keçini, quzunu və öküzü ifadə edən sözlərə malikdir.

Bitkilərə gəldikdə isə heroqliflər məhdud şəkildə ağacı, qamışı, kolu, yarpağı, taxılı, arpanı ifadə edir, lakin palmanı, buğdanı və başqalarını ifadə etmək üçün sadə işarələrə malik deyil və onları mövcud elementlərdən istifadə etməklə yaradılan ideoqrammlarla ifadə edirlər. Bu amillər sumer xalqının şimal mənşəyinə mənsub olduğunu sübut edir.

Oppert sumer dilinin turan türk dilləri üçün böyük əhəmiyyətə malik olduğunu nəzərdə tutaraq, bir çox müəlliflərlə yanaşı özü də Sumer dilini Turan dillərinin sanskriti adlandırır, yəni bütün turan dilləri və o cümlədən türk dili sumer adlanan bu ilkin dildən törənmişdir.

Oppert yazırdı ki, Sumerlər Ön Asiyada Turanın yeganə övladı deyil. Regionun iki böyük çayları olan Fərat və Dəclə çaylarının və onların qollarının vadilərində qədim sivilizasiyaya malik əhalisi turanlı mənşəyə malik çoxlu ölkələr mövcuddur.

Oppert Turan nəzəriyyəsinin əleyhdarı Halevinin bütün Ön Asiya tarixini samiləşdirmə cəhdlərinə etiraz edərək yazırdı: “Halevinin yuxarıda adları çəkilən Susiana monarxlarının mətnlərindən xəbəri olmadığı üçün aşkar edilən 15 şəxs adına görə elamlıları samilər hesab edir. Lakin adların çoxunun qeyri-sami mənası samilik maniyasına qapılanların əleyhinədir. Bibliyanın və klassik yunan müəlliflərin qədim Mesopotamiyada turanlıların mövcudluqları haqqında susmaları heç nəyi sübut etmir”. (Oppert J. 1875, V-5, Səh. 473)

Turan nəzəriyyəsinin banilərindən və sona qədər başlıca müdafiəçilərindən olan J.Oppertin turanlılar qarşısında ən önəmli xidmətlərindən biri turanlıların ari və iran mənşəli olduqları, Turan adının isə etimoloji baxımdan fars dilindən alınma söz olduğu haqqındakı uydurma paniranist nəzəriyyəni mixi yazı mətnlərindəki linqvistik və elmi tarixi dəlillərə əsaslanaraq təkzib edib puça çıxarmasıdır. Avestanı, sanskrit mətnlərini və Firdovsinin “Şahnamə” dastanını əsas mənbə kimi qəbul edən bir çox üzdəniraq tarixçilər Tur və Turan adının Avestada və sanskrit mətnlərində mənası guya “sürətli atlılar” olan iran dilindəki “turiya” sözündən yarandığını iddia edir və turların mənşə etibarı ilə iranlı arilər olduğu haqqında uydurma tezisləri özündə əks etdirən yüzlərlə əsər yazmışdılar. Lakin Oppert Haleviyə yazdığı cavab məqaləsində bu məsələyə tam aydınlıq gətirmişdir. “Journal Asiatuque”də dərc olunan bu məqalə ya bilərəkdən, ya da diqqətsizlik üzündən unudulmuş, orda irəli sürülən elmi müddəalara heç bir tarixi əsərdə istinad edilməmişdir.

Y.Oppert Turan adının mənasına aydınlıq gətirərək yazırdı: “Sumer dili nə sami, nə də ari dillərinə aid deyil. Bu dil Turan dil qrupuna aiddir. Turan anlayışı geniş məna daşıyır. Anarian (ari olmayan) yazısını kəşf edən xalqın dili tam haqlı olaraq Turan dili adlanmalıdır. Turan dilində “Tur” adam, oğul deməkdir və kasta, tayfa mənası daşıyan mürəkkəb sözlər də yarada bilir. “Tur” sözündən Turtan, Turqal, Turquman kəlimələri yaranıb. Sumerlərin Tur sözü Zənd Avestaya “tuirya” şəklində keçmişdir, bu Əfrasiyabın hökmranlıq etdiyi Turan adının ekvivalentidir. O Firudinin oğlanları Səlm, Tur və İrəç üçlüyünün əfsanəsində Asiya yaylalarını təcəssüm etdirir. Turlar Turun millətinə mənsub olub Aryaya və Sayrama qarşı mübarizə aparan insanlardır. Sonradan o Sem/Selm ilə yaxınlaşmışdır. Sumer dili mükəmməl bir Turan dilidir və Sumer elə Turanın özüdür”. (J.Oppert. 1875, V-5, Səh. 464)

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
06 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
9789952837124
Telif hakkı:
Автор