Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 12

Yazı tipi:

Fransız tarixçisi və assuroloqu F.Lenorman yazır ki, assuroloqların araşdırmaları nəticəsində məlum olduğuna görə qədimlərdə iskit/sak adlandırılan altay irqinə mənsub turanlılar ari və samilər gəlmədən öncə Asiyanın əksər ərazilərində hakim olmuş və burda ilk mədəniyyəti yaratmışdılar. Samilər və arilər çoban həyatı yaşadıqları zamanlarda Yafəsin yerləşdiyi Asiya əraziləri artıq turanlılar tərəfindən mədəniləşdirilmişdi. (Lenormant F. 1895, Səh. 190)

Saklar, turlar, kəngərlər Turan dövlətinin əsasını təşkil edən əzəmətli türk boyları idi. Ona görə də Turan dövləti həmin boyların adı ilə bəzən Sak və Kəngər/ Kanqlı adı ilə də adlandırılırdı.

III əsr Roma tarixçisi Mark Justin öz əsərində Pompey Troqa istinad edərək iskitlərin Asiyanın ən qədim xalqı olduğu və onun Misirdən, Yunanıstandan və Romadan daha qədim tarixə malik olması fikrini irəli sürür, iskitlərin qədim çarlarının adını qeyd edir. Troqa görə iskitlər şimal ərazilərindən gələrək Asiya üzərində üç dəfə hökmranlıq etmişlər. Onların axırıncı hökmranlığı m.ö. VII əsrdə baş vermişdir. Pompey Troqun Asiyanın tarixi ənənələri haqqındakı bu qeydlərinin gerçəkliyi elmi kəşflər nəticəsində etibarlı dəlillərlə təsdiq edilməkdədir. Pompey Troqun yazdığına görə iskitlər Herodotun güman etdiyi kimi 28 il deyil 1500 il Asiyada hökmranlıq edərək buranın qüdrətli hökmdarlarını onlara xərac ödəməyə məcbur etmişlər. (Юстин Марк. книги I–II, 2005)

Oppert, Rauilson, Norris, Lenorman və s. kimi XIX əsrin görkəmli tarixçiləri turanlıları çox zaman ümumi adla sak, dillərini də sak dili adlandırırdılar. Daranın Bisütun kitabəsi üç dildə yazılmışdır. Onun iknci mətni qədim öntürk dilində yazılmışdı ki, o tarixçilər həmin dili sak və ya midiya-sak dili adlandırırdılar.

Qədim Turan etnosunun əsas tərkib hissələrindən birini təşkil edən As boyu Türklərin tarixində önəmli rol oynamışlar. Aslar sak türklərinin qərbə doğru yürüşlərində iştirak edərək hakim təbəqənin önəmli bir qolunu təşkil edirdilər. Sakların ordu birləşmələrinin tərkibində malik olduqları bu önəmli mövqelərinə görə saklar qədim mənbələrdə onların adı ilə ümumi şəkildə Asquz və ya Askişi adlanırdılar. Uzun əsrlər boyunca öz varlıqlarını qoruyub saxlayan As tayfaları bir çox türk xalqlarının etnogenezində müəyyənedici rol oynamışlar.

Göytürklər hakimiyyəti dövründə onların Azkiş/Askiş, yəni Az-kişi adıyla mühüm rol oynadıqları tarixi qaynaqlardan məlumdur. Azkişlər Hind sərhədləri yaxınlığında Kayı yabquları yanında da daima yüksək vəzifələrdə olmuşdular. Asların Alan adlı rəisləri Hun hökmdarı Mao-tunun dövlətində onun ən yaxın çevrəsini təşkil edən dörd qəbilədən biri kimi Çin qaynaqlarında təsbit olunmuşdur. (Z.V.Toqan, 2013, Səh. 126, 142)

As etnoniminin qədim Misir, Babil və Assur qaynaqlarında dəfələrlə əks olunması onların da sumerlərlə birlikdə Ön Asiyadan köçə məruz qalaraq dünyanın bir çox ərazilərinə, o cümlədən Mərkəzi Asiyada məskunlaşdıqlarını sübut edir.

Alman tarixçisi A.Qutşmid yazır ki, Makedoniyalı İsgəndərin dövründə Orta Asiyada Yaksart çayı İranın hakimiyyəti altında olan ərazilərlə orda məskunlaşmış saklar arasında sərhəddi təşkil edirdi. Bu saklar tarixdə ilk rast gəlinən türk xalqını təşkil edirdilər. Sakların krallarının qardaşının adı Kartasis idi, bu ad türkcə qardaş deməkdi. İranlılar Okus çayı vadilərindəki çöllərdə yaşayan və onların irsi düşmənləri olan bu turanlı saklardan çox qorxurdular. (Alfred Gutschmid. 1888, Səh. 2)

Turanlı Saklar qədim mənbələrdə Türk adının qədim deyiliş forması olan Turşa, Turska, Turukka kimi bir birinə bənzəyən adlarla qeyd olunmuşlar. Turshalar e.q. II minilliyin ikinci yarısında Misirə hücum edən və qədim müəlliflərin “dəniz tayfaları” adlandırdıqları tayfalardan biridir. Tursha adı iki tərkibdən ibarətdir, Tur-sha. Tur türklərin ənənəvi eponimi, “sha” isə sak kəlməsinin qarşılığı, daha doğrusu, Tursak adının dəyişik formasıdır. Avesta Hindistanın sanskrit dilinə çevrildiyi zaman Tur adının qarşılığı kimi Turuşka adından istifadə olunmuşdur. Bu onu göstərir ki, hindlilər Sakları Tursak adlandırmışlar. (Adile Ayda, 1987, Səh. 156–157)

Romalılar Etruskları Turska, Misirlilər isə turanlı dəniz xalqını Turşa adlandırırdılar ki, bu adlar da Tursak adının təhrif olunmuş şəklidir. Turlar və saklar eyni xalqa verilən müxtəlif adlardır və bəzən bu iki adı birləşdirib Tursak şəklində ifadə edirdilər.

Turlar Əfrasiyabın hökmdar olduğu Turan dövlətinin aparıcı etnik ünsürünü təşkil edirdilər və hakimiyyət sülaləsi onlardan təşkil olunduğundan dövlət onların adı ilə Turan dövləti adlanırdı. Türk tarixində dövlətin hakimiyyət sülaləsini təşkil edən boyun adı ilə adlanmasını əks etdirən çoxlu misallar mövcuddur. Kəngər dövləti, Bulqar dövləti, Xəzər dövləti, Eftalitlər dövləti, Hun dövləti, Türkeşlər dövləti, Karluq dövləti və s.

Avestada köçəri xalqların ərazisi olan Aryanamvayca Turan ərazisini təşkil edirdi və onunla Aryaşayana (Arilər ölkəsi) arasındakı sərhəd farsların Datya adlandırdıqları Amudərya çayı idi. Turan ölkəsinin adı Avestada çox zaman Aryanam-vayca şəklində ifadə olunurdu və bu ərazi arilərə aid deyildi. Aryanam-vayca, yəni Turan ərazisində ən böyük tayfa birliyi turlardan ibarət idi. Turların mərkəzi Kanxa-Kanqlı adlanırdı və Əfrasiyab turların hakimiyyət sülaləsinə mənsub idi. Saklar və dahalar turlarla birlikdə Turan ölkəsinin başlıca tayfa birliklərini təşkil edirdilər. (Вайнберг, 1999, Səh. 206)

Avestada Turan dövləti tərkibindəki türk boylarının adları dəyişikliklərə məruz qalmış, iranlılaşdırılaraq təhrif olunmuş və ari tayfaları kimi təqdim olunmuşdur.

Avestada insanların dini və ya kult ittifaqını ifadə etmək üçün “aryaman” terminindən istifadə edilir, lakin bu termin təkcə ariləri deyil, ümumiyyətlə, insanların tayfa birliyini ifadə edir ki, bu ari olmayanlara da şamil edilirdi.

“Farvardin yaşt”da Orta Asiya və Qazaxıstanda məskun olan köçəri xalqların adları əks olunmuşdur, bunlar sıra ilə airyana, tura, daha, sairima və kainadır. Avestanın təqdim etdiyi bu etnonimlər bəzi iranşünasların iddia etdiyi kimi iranlı ariləri deyil, bu ərazidə yaşayan və iranlı olmayan Orta Asiyanın Şimal-Şərqi regionunda məskunlaşmış və əcdadların ruhuna etiqad edən tayfaların və əyalətlərin siyahısıdır. Beləliklə, Farvardin yaştada bəhs olunan və Turanın qədim boylarını təşkil edərək bir-biri ilə qonşuluqda yaşayan bu tayfalararı nəzərdən keçirək:

1. Airyana-Ariaklar e.ə. I minilliyin ikinci yarısından eramızın I minilliyinə qədər sabit şəkildə Sırdəryanın deltasında həyat sürmüşlər. Ptolomey onları e.ə. I əsrdə hələ də Sırdəryanın aşağı axarında yaşayan köçəri tayfa kimi təqdim edir.

Ptolomey və Strabonun yazdıqlarına görə Oks çayının qarşı tərəfində və Yaksart çayının sol sahilində Ariaka ölkəsində “ariaka” tayfası yaşayırdı ki, bu sözün türkcə mənası “çay arxasında olan” deməkdir. Bu sözü ari tayfasının adı ilə əlaqələndirənlərin iddialarına rəğmən, sözün mənasından da göründüyü kimi ariaklar türk tayfaları idilər. Bu gün də Amudəryanın sol sahilində yaşayan Xarəzm vilayətinin özbəkləri sağ sahilində yaşayan özbəkləri ariyaklar və ya ariakdakilər, yəni “çay arxasında olanlar” adlandırırlar. Yunanca Transaksoniya və ərəbcə Mavərənnəhr adları da bu sözdən yaranaraq mənaları eynilə çay arxasında olan deməkdir. (Страбон География, Книга XI,)

“Ariaka” türkcənin arqa-yaq sözündən olub qarşı tərəf, arxa tərəf “arxa yaxa” deməkdir ki, Ptolomey bunu yunan dilinə uyğun şəkildə ifadə etmişdir. (Древнетюркский словарь. 1969, Səh. 53, 237)

2. Dahalar da Sirdəryanın deltasında ariakların qərbində yaşayırdılar. Arxeoloji tədqiqatlar Dahaların bu ərazidə e.q. VII–II əsrlər arasında məskunlaşdıqlarını təsdiq edir. Sırdərya deltasının quruması ilə əlaqədar dahaların bir hissəsi e.ə. III–II əsrlər ərzində cənuba doğru Parfiya sərhədlərinə köç etmişlər. Yerdə qalan hissəsi isə digər sak tayfalarına qarışmışlar.

Mifalogiyanın görkəmli tədqiqatçısı Mirçi Eliade Rumıniya Daki tayfaları haqqında bəhs edərkən onları sakların bir qolu olan daha tayfaları ilə əlaqələndirərək yazır: “Qədim zamanlardan dahalar (daklar) özlərini “qurd” və ya qurda bənzər adlandırırdılar. Strabon da Xəzər arxası sakların “dai” adlandırır. Onların etnik adları böyük ehtimalla iran dilindəki “dahae” qurd sözündəndir. Qurd isə ən qədim zamanlardan türklərin totemi, ulu əcdadı və onlara yol göstərən olmuşdur.

3. Turların məskunlaşdığı ərazilər Sırdəryanın orta axarından başlayaraq şərqə doğru dağlıq ərazilərdir. Tədqiqatlar göstərir ki, bu ərazilər turların oturaq və yarım köçəri məskənləridir. Aşkar edilən arxeoloji abidələr və üzərlərində bığlı balbalların qurulduğu kurqanların yayılma arealını nəzərə alsaq, turların mövsimi otlaqlarının Mərkəzi Qazaxistana qədər geniş bir sahəni əhatə etdiyini görürük.

4. Sayrimlər-Markvart və bir çox tədqiqatçılar sayrimləri sarmatlarla eyniləşdirirlər. Lakin bu mübahisəli məsələdir. Bu etnonimi iran dillərinə əsasən izah etməyə cəhd göstərən V.İ.Abayev onu “sairiama” və “arya-raman” şəklində şərh edərək iran dillərində guya “arilərə sülh gətirən” mənasında olduğunu iddia edir. Çin mənbələrinin verdiyi məlumata görə e.q. II əsrin əvvəllərinə qədər yuxarıda qeyd etdiyimiz bu tayfalaın yaşadığı regionin qonşuluğunda Yeddisu və Tyanşan ərazisində tədqiqatçıların sak kimi qəbul etdikləri “say” adlı tayfa yaşamışdır. E.q. bu sak Sayramlar usunlar tərəfindən sıxışdırılaraq öz ərazilərindən çıxarılmışdır. Sayrimlərin Avestaya əsasən yaşamış olduğu ərazidə indi də Sırdərya vadisində Sayram şəhəri, Yeddisu vadisindəki İli çayı mənbəyində Sayram gölü mövcuddur. Bu hər iki toponim “say” türk tayfasının tarixən yaşamış olduğu ərazidir. Say boyu sakların tayfa birliyinin əsas tərkib hissələrindən birini təşkil etməklə sonradan Sak tayfa birliyinin tərkibində Qara dənizin quzeyində məskunlaşmışdılar. (Вайнберг. 1999, Səh. 208)

Saylar Çin salnamələrində saklara verilən addır. M.Kaşğari Sayram sözünün türkcə dayaz çay mənasında olduğunu yazır. Yəni digər türk boyları kimi Say boyunun məskunlaşdığı ərazi çay sahillərini təşkil edirdi. Çin tarixi ədəbiyyatında say (çu, su) tayfaları haqqında məlumatlar mövcuddur. Tədqiqatçılar bunu çinlilərin saklara verdiyi ad kimi qəbul edirlər və “sai”nin sak sözündən törəyərək onun ilk hecasını təşkil etdiyini yazırlar.

5. Kaina fikrimizə görə çin mənbələrində kanqyu adlanan kanqar/kəngər boy adının Avestada təhrif olunmuş şəklidir.

Şahnamədə Əfrasiyab əfsanəvi Turun nəvəsidir, turlar ilkin dəmir dövründə, yəni təxminən e.q. VII əsrdə Orta Asiya və Kazaxıstanın şimal-şərq ərazilərində köçəri və yarımköçəri tayfaları öz rəhbərliyi altında birləşdirərək Turan adlı möhtəşəm bir dövlət yaratmışlar. Avestanın “Farvardin-Yaşt” bölümündə adları çəkilən sayrim, ariyaka, daha tayfaları turların rəhbərliyi altında birləşən həmin tayfalardır. E.q. III əsrdə Aralın şərqində, Karatau dağlarının şimalında və Sırdəryanın orta axarı mərkəz olmaqla Turan ərazisində Çin xronikalarında adı Kanqyu kimi qeyd olunan dövlət mövcud olmuşdur. Kanqyu Kanqlı/Kəngər adının çin dilində ifadə formasıdır. Eramızın ilk əsrlərinə qədər mövcud olan Kanqyu dövləti Turan dövlətinin davamı kimi Əfrasiyab və onun hakimiyyət sülaləsi haqqında ənənələrini yaşatmış və bu ənənələr sonrakı Türk dövlətləri olan Qaraxanlılar, Səlcuklular və Uyğur hakimiyyət sülalələri tərəfindən davam etdrilmişdir.

Turan, əsasən, türklərin vətəni olsa da, burda qeyri türklər, o cümlədən soqdlar da yaşayırdılar. Əfrasiyabın və övladlarının hakimiyyət sürdüyü Turan Şahnamədən və digər mənbələrdən göründüyü kimi dövlətlər konfederasiyası idi. Sak, Kanq, Hotan, Eftalit, Kuşan, Daha kimi dövlətlər bu birliyə daxil olub Əfrasiyabın başçılığı altında İranın təcavüzünə qarşı birgə mübarizə aparırdılar. Saklar, massagetlər, kanqlar, sarmatlar, parflar, eftalitetlər də etnik mənşə baxımından turanlılar adlandırılırdılar.

Avestada bəhs edilən Turan tayfalarından biri də hyaunlardır. Əfrasiyabın oğlu Ərcasp İran qaynaqlarında turanlı bir tayfa olan hiyunlarin, yəni xionitlərin hökmdarı kimi göstərilir. Avestada adı Hiyun kimi qeyd olunan xionitlər türk, hun və ağ hunlar kimi qəbul olunurlar. Zərdüşlüklə düşmən münasibətdə olub, mübarizədə məğlub olaraq Türkistanın içərilərinə doğru geri çəkilən Ərcasp e.q. 563-cü ildə ölən Zərdüştlə müasir idi.

Avestanın Yaştlarında Kavi Viştasp düşmənləri və divlərə ibadət edən “hyauna” zalimi Ərcasp və onun qardaşı haqqında bəhs edilir. “Hyauna”lar Avestada turların qonşuluğunda yaşayan xalqdır E.Herzsfeld onları ortaasiyalı “xionit”lər adlandırır. “Hyauna”ların, yəni xionların Avestada adları çəkilməyən sakların bir qolu olması mümkündür”. (Вайнберг, 1999, Səh. 210)

“Ard Yaşt”dakı Aşi himnində “çox müdrik Viştasp” “xiyon zalimi” yalançı Arcasp və ucu şiş dəbilqələr qoyan digər xiyon qəhrəmanları üzərində qələbə çalması üçün Data (Amudərya) çayı kənarında dua edir. “Xiyon zalimi” Ərcaspın qardaşı xiyon rəhbəri Vandarmaniş də öz növbəsində “əzəmətli Viştaspa” qalib gəlmək və yüzlərlə ari əsgərini məhv etmək üçün Varakşa (Aral) dənizi kənarında Ardvi Suraya dua edir. (С.Г.Кляшторный. Султанов Т. И. 2009, Səh. 13)

Ərcasp və Vandarman adlarının etimalogiyasına gəldikdə Vandarman adı türkcə Öndərmən adının, Arcasp isə Erjapsa adının fars dilində təhrif olunmuş formalarıdır.

Hyaun adı çin mənbələrindəki Hyung-nu adının, yəni hun adının Avestada fars dilinə tərcümədə təhrih olunmuş şəklidir. Onlar tarixdə “Ağ hunlar” adı ilə məlumdur.

Alman tarixçisi F.Althaym Avestada bəhs olunan xionları Eftalitlərlə eyniləşdirərək onların türk mənşəli xalq olduğu fikrini müdafiə edir. Onun fikrinə görə xionlar xalqın ümumi adı, eftalitetlər isə onların hakimiyyət sülaləsinin adıdır. O Eftalitlərin dilindəki iran mənşəli sözlərin uzun illər ərzində öz əsarətləri altında saxladıqları iranlıların təsiri nəticəsində yarandığını yazır. “Eftal/Yaptal” etnomini o türkcə yapmaq, yaratmaq, etmək mənasında “yap” felindən və “til” şəkilçisindən ibarət “yaradan”, “quran” demək olduğunu yazır. (F.Altheim. 1959)

Eftalitləri “ağ hun”lar olaraq da qəbul edirlər. Qədim türk xalqlarından olan eftalitlərin adı Azərbaycan və Anadolu türkləri içərisində “abdal”, “avdal”, “abdallı” şəklində boy adları olaraq öz mövcudluğunu günümüzə qədər qoruyub saxlamışdır. Eftalit və ya Ak hun dövləti güclənib həm Sasanilərə, həm də Göy türk dövlətinə təhlükə törətdiyindən 710-cu ildə hər iki dövlətin birləşmiş qüvvələri tərəfindən dağıdılaraq ortadan qaldırılmışdır.

İranlı adlandrılan hind-arilərin Orta Asiyaya gəlmələri burda yüz illər ərzində davam edən İran-Turan müharibələrinə səbəb olmuşdur. Əhəmənilər dövründə turanlı midiyalılardan hakimiyyəti xəyanət yolu ilə zəbt edən arilər Midiya ərazisinin şərq sərhədlərini təşkil edən Orta Asiyadakı Turan dövlətinin ərazilərini ələ keçirmək üçün hərbi yürüşlər təşkil edirdilər.

Əhəməni Kirin hökmranlığı dövründə Turan hökmdarı Massagetlər boyuna mənsub Tomris idi, bəzi müəlliflər Tomrisi Əfrasiyabın nəvəsi adlandırırlar. Kir massagetlərin hökmdarı Tomrislə mübarizədə e.q. 530-cu ildə məğlub olaraq öldürülmüş və iranlı Əhəməni hökmdarlarının basqınlarının qarşısı bir müddət alınmışdır.

Əfrasiyabın türk mənşəyə malik olması bir sıra rus tarixçiləri tərəfindən də təsdiqlənməkdədir. Pyankovun yazdığına görə Turanlıların adlarının bir çoxu, o cümlədən Əfrasiyab adının iran dilləri əsasında izahı mümkün deyil. Əfrasiyabın özü də arilərin başa düşmədikləri bir dildə danışırdı. Bu Turan elitasının öz doğma dillərini qoruyub saxladıqlarını göstərməkdədir. Əfrasiyabın Turan dövlətinin ərazisi Amudərya və Sırdəryanın aşağı axarlarındakı Kanq və Kattan başlayaraq Çin ölkəsinə və Çin dənizinə qədər olan geniş sahələri əhatə edirdi, Əfrasiyabın paytaxtı isə Sırdərya çayından cox uzaqlarda, Şaş və İsficabın arxasındakı Kanq şəhəri idi. (И. В. Пьянков. 2012, Səh. 602–606)

Qədim İran qaynaqlarına əsaslanan Biruni, Nəsəfi, Təbəri və Narşahi kimi müəlliflər qədim Turan dövlətinin sərhədlərinin Məşhəd və Səraxs şəhərlərinin ortasına qədər uzandığını qeyd edirlər. Onlar bu ərazinin ortasında Məzduran, yəni Turan sərhəddi anlamında Mərzi Turanın mövcud olduğunu yazırlar. Bu o deməkdir ki, bir vaxtlar Turan Türk dövlətinin sərhədləri daxilində olan Maveraunnəhr və Xorasan sonradan Əhəmənilər tərəfindən işğal olunmuşdur.

Masalik al-Absar adlı əsərdə Turan coğrafiyası daha geniş bir biçimdə təqdim olunaraq Volqa çayı Turan çayı adlanır və Turanın qədim hökmdarlarının yay iqamətgahlarının Ark dağ adlandrılan Ural dağları olduğu qeyd olunmuşdur. (“Türk və Turan Tarihi”, www.kıbrıs1974.com)

Sak türkləri sovet dövründə tarix elminin ideoloji silaha çevrildiyi bir şəraitdə iran mənşəli bir etnos kimi qələmə verilmişdir. Lakin Avropa tarixçilərinin bir çoxu qədim mənbələrə əsaslanaraq sakların türk mənşəli xalq olduğunu təkzib edilməz faktlarla sübut etmişlər.

Antik dövrün bir çox tarixçiləri kimi Bizans tarixçisi Menandr da, türklərlə sakların eyni xalq olduğunu qeyd edərək yazır: “Qədimlərdə saklar adlanan türklər sülh təklifi ilə çar Yustinə elçi göndərdilər. Türklər Bizans elçisi Zimarxı qəbul edərkən şər ruhları qovmaq üçün sak/iskit dilində sözlər söyləyərək onu alovun içərisindən keçirib atəşlə pak etmə ritualından sonra onu xaqan Dizavulun “Akdaq” adlı qızıl dağda yerləşən çadırına gətirdilər. (Менандр Протектор. История. 2002. Səh. 157–164)

Əfrasiyabı sak hökmdarı kimi təqdim edən Z.V.Toqanın yazdığına görə Ön Asiya səfərində Midiyalılarla hakimiyyət uğrunda mübarizədə həlak olan Saka Türk qəhrəmanı Alp Ər Tonqanın ölümünə ağı qoşaraq əsrlər boyunca xatirələrdə yaşamışlar. Bu ağıdan göründüyü kimi İranlılar Səyavuşun Baykənddə öldürülməsinə hər il matəm saxladıqları kimi türklər də Türkistanda, Anadoluda və Azərbaycanda iranlılar tərəfindən öldrülən Alp Ər Tunqaya – Əfrasiyaba matəm saxlamışlar. (Z.V.Togan. 1981, Səh. 3)

Əfrasiyab dəfələrlə iranlıların məskunlaşdığı əraziləri ələ keçirib onların taxt-tacına sahib olmuşdur. Onun son olaraq İranda taxt-tacı ələ keçirib hakimiyyət sürməsi on iki il davam etmişdir.

Təbərinin nəğl etdiyi rəvayətə görə Zev bin Tahmasp Əfrasiyabı Fars ölkəsindən Abenman ayının ruzi abanında (Aban ayı İran hicri-şəmsi təqviminin 8-ci ayı; 23 oktyabr-21 noyabr) çıxarmışdır. Buna görə də Farslar bu günü tarixi bayram – Qurtuluş günü kimi qeyd edirlər, çünki məhz həmin gün onlar Əfrasiyabın on iki illik zülmündən xilas olmuşdular. Bu bayram Farsların Novruz və Mehrican bayramları ilə yanaşı üçüncü böyük bayramlarıdır. (Təbəri, C. II, 1991, Səh. 650)

Şahnamədə də Keyxosrov başçılıq etdiyi iran qoşunu Əfrasiyabı Orta Asiyadan təqib edərək onu Azərbaycanda ələ keçirməyə nail olur. Əfrasiyab Saekasta, yəni Urmiya gölü yaxınlığındakı dağda mağara içərisində düzəldilmiş və adına Həngi Əfrasiyab deyilən yeraltı sarayına sığınmışdı.

Firdovsi Şahnaməsində digər mənbələrdə davam edən uzun mübarizə və təqibdən sonra Əfrasiyabın Keyxosrov tərəfindən hiylə ilə ələ keçilərək Çiçəst gölündə, yəni Azərbaycanın Urmiyə gölündə öldrüldüyü yazır.

Şahnamədə Keyxosrov kimi təqdim olunan Midiya hökmdarı Kiaksar Madiyə, yəni Əfrasiyaba hiylə quraraq onu qədim adı Saekasta (Sak gölü) adlanan Urmiya gölü yaxınlığında təşkil etdiyi ziyafətə dəvət edərək içirdib sərxoş etmiş və yoldaşları ilə birlikdə qətl etmişdir. Bununla da Kiaksar Madi tərəfindən döyüşdə öldürülən atası Kaştaritinin intiqamını almışdır. Kiyaksarın Əfrasiyabı öldürməsini qədim mənbələr e.ə. 626-cı ildə baş verdiyini yazırlar. Şahnamədə bu gerçək tarixi hadisə İran şahı Keyxosrovun atası Siyavuşu öldürən Turan padşahı Əfrasiyabı yenə hiylə yolu ilə ələ keçirərək qətlə yetirməsi şəklində öz təsvirini tapmışdır.

Əfrasiyab – Alp Er Tonqa haqqındaki İran rəvayətlərində də onun həyatının Urmiyə gölündə sona çatdığı nəql edilir. Bu rəvayət qədim türklərdə ölülərini suda/çayda batırmaqla dəfn etmə adətlərini xatırlatmaqdadır. Biruni və digər müəlliflər Əfrasiyabın öldrülməsi nəticəsində İran şahlarının onun əlindən xilas olmasını iranlılar tərəfindən hər il tiremah ayının 13-də (23 iyun) “Tireqan” bayramı kimi şənliklərlə qyd etdiklərini yazırlar. (Orhan Şaik Gökyay. Divani Lüğətit Türk və Alp Ər Tonga)

X əsr tarixçisi Narşahi Əfrasiyabla Keyxosrov arasında baş verən hadisələri bir az fərqli biçimdə təsvir edərək yazır ki, Keyxosrov atası Səyavuşun intiqamını almaq üçün Əfrasiyabın sığındığı Ramitan qalasını iki il mühasirədə saxlamış və onun qarşısında, yəni çayın o biri sahilində Ramuş qəsəbəsini salmışdır. Keyxosrov Ramuşda Samanilər dövrünə qədər qalan bir atəşpərəst məbədi də tikdirmişdir. Uzun mühasirədən sonra Keyxosrov Əfrasiyabı öldürə bilmişdir. (Наршахи Мухаммед, 1897, Səh. 24)

Turan padşahı Əfrasiyab öldrüldükdən sonra dəfn edildiyi məzar türbəsinin Buxaranın Mabid qapısı yanında bir təpənin üzərində müsəlman müqəddəslərindən Xoca Əbu Hafizin məzarı yaxınlığında yerləşdiyini yazan Narşahiyə görə bu qapı öz adını şəhərin ərəb valilərindən Mabid-ül Hayldan almışdır. (Мухаммад Наршахи. История Бухары. Ташкент. 1897. Səh. 34)

Sasanilər dövrünün hökmranlıq təsəvvürlərinə görə dünya üç hissəyə bölünmüşdü, batı əraziləri Hrom/Roma, ortada İran, onun quzey-doğusunda isə Sasanilərin daima mübarizə vəziyyətində olduqları türklərin yurdu olan Turan yerləşirdi və sasanilər qədim tarixi ənənəyə uyğun olaraq bu ərazini öz gerçək adı ilə adlandırırdılar.

Böyük Turan dövləti süquta uğradıqdan sonra tarixin çeşidli dövrlərində onun əhatə etdiyi ərazilərdə bu dövlətin varisləri olan və müxtəlif adlarla adlanan dövlətlər təşəkkül tapmışdır. Həmin qədim türk dövlət təşkilatlarından biri də Xarəzm dövləti idi.

Biruninin yazdığına görə Xarəzmlilər öz tarixlərini Makedoniyalı İsgəndərin gəlməsindən 980 il öncədən, yəni e.ə. 1292-ci ildən, Keykavusun oğlu Siyavuşun Xarəzmə gəlməsi ilə başlayırlar.

Rus-sovet tarixçisi L.Tolstov IV–III minilliklərdə Xarəzmin Orta Şərqin qədim mədəniyyətləri ilə şimalın hiberboreya ərazisi arasında bağlayıcı rola malik olduğunu yazırdı. (С.П.Толстов. 1948, Səh. 10–11)

Qədim Turan ərazisində mövcud olmuş qüdrətli imperiyalardan biri türklərin Day tayfasına mənsub aparn boyunun Arsaq sülaləsi tərəfindən qoyulmuş Parfiya olmuşdur.

Ön Asiyada və İranda hakimiyyət mənşə etibarı ilə Sak sülaləsi olan Arsaqların (e.ə. 250-eramızın 226-cı illəri) əlinə keçmişdir. Sülalənin banisi Arsaq eramızın XIII əsrində olduğu kimi e.q. III əsrdə də, Oqurca yaxınlığında Amudəryanın Xəzər dənizinə töküldüyü Sarıqamış körfəzinin aşağısında, indiki Aday/Adağı boyunun yerləşdiyi yerlərdə yaşamış heyvan bəsləyən köçəri Dahae (Day) tayfasının Aparn/Parn və ya Baran qəbiləsinə mənsub idi. Strabon Dahalar haqqında onların dilinin və adətlərinin iskitlərlə eyni olduğu üçün qonşuları üzərində hakimiyyət sürə bildiklərini yazır. Onun yazdığına görə Arsaqın işi çətinə düşəndə müttəfiqləri olan Apasiak və Aslara, yəni as və apasaklara sığındığını yazır. Burdan məlum olduğu kimi Arsaqın güc mənbəyi iskit boyları, hədəfi isə iran tayfaları idi. Arsaqlar iranlı Partları (Parf) itaət altına alaraq adlarını da özlərinə tayfa adı qəbul etdilər və tezliklə Amudəryada və İnd çayından başlayaraq Ön Asiyadakı Fərat çayına qədər olan ərazidəki ölkələri fəth edərək Romanı da ağır məğlubiyyətə uğradıb böyük bir imperiya yaratdılar. (Z.V.Togan, 1981, Səh. 47–48)

Danimarka tarixçisi M. Nibur Z.V.Toqanın əksinə Parf adının iranlı deyil, türk mənşəli hesab edərək yazırdı: “Turandakı öntürklərin mühüm qollarından birini Saklar təşkil edirdi. Sak tayfalarına mənsub olan Dahalar da Turan mənşəli idilər, onların Aparn tayfasının adından Parn-Parf adı meydana gəlmişdir”. (Nibuhr M. K. 1857, Səh. 182)

Sumerlərlə Turan dövləti arasında yuxarıda qeyd etdimiz bağlılıqla yanaşı, bu ərazi Ön Asiyanın digər qədim xalqlari ilə də tarixi bağlara malik olmuşdur.

S.Tolstov Xarəzm adı ilə Ön Asiyadakı hurri adı arasında bir bağlılıq olduğunu ehtimal edir. O Hurri/Mitanni hökmdarı Şauşatar ilə xarəzm hökmdarı Şauşafar adının heyrətamiz dərəcədə bir-birinə bənzədiyini qeyd edir. Mitanni allahı Şauşkaş xarəzm hökmdarı Şauşla eyniyyət təşkil edir. Mitanni kralı Artatama ilə xarəzm hökmdarı Artamux adları arsında bənzəyiş göz önündədir. Özbək dilində arpa sözü kanal deməkdir, protoxett dilində də arpa bulaq deməkdir. Tolstovun yazdığına görə Orta Asiya xalqlarının Ön Asiyanın yafetik dilli qədim xalqları ilə etnoqrafiq əlaqələri qədim hind-avropaya qədərki dövrün dərinliklərinə dayanır. Xarəzm adının “Hvari/Hvarrıni adı ilə əlaqəsini nəzərə almadan “hurri” problemini həll etmək mümkün olmaz. Akademik V.Struve də Moxencedaroda tapılan yazıları hurri tayfalarına aid edir. (С.П.Толстов. 1948, Səh. 82–83)

Turanın qədim əyalətlərindən biri olan Baktriyanın iranlı mənşəyə malik olmaları haqqında sovet tarixşünaslığında hakim bir baxış mövcud olmuşdur. Lakin ingilis assuroloqu Lekuperi Baktriya adının Ön Asiyadan köçüb burda yerləşmiş turanlı Bak tayfalarının adı ilə əlaqədar olduğunu və bu ölkənin qədim əhalisinin Bak tayfaları olduğunu sübut etmişdir.

Böyük ingilis assuroloqu Turanizm nəzəriyyəsinin banisi H.Rauilson yazdığına görə Baktriyanın əhalisinin əsasən saklardan ibarət olduğuna çox az şübhə vardır. Klassik müəlliflərin sak adlandırdıqları və Mərkəzi Asiyanın şimalına yayılmış Turan tayfaları arilər bu regiona gəlmədən çox öncələri Oksus çayının məhsuldar vadilərində məskunlaşmışdılar. Yustin də yazır ki, Baktriya dövlətini saklar yaratmışdılar. Strabon da köçərilərin həmin məhsuldar çölləri zəbt etdikdən sonra orda Sakistan adlı dövlət yaratdıqlarını qeyd edir. (Rawulinson C. 1912, Səh. 12)

Yuxarıda da qeyd edildiyi kimi Turan dövlətinin ərazisi Doğu Türkistan da daxil olmaqla, Xotandan başlamış, Azərbaycan da daxil olmaqla, Dəclə çayına qədər olan ərazini əhatə edirdi. Xotanın hökmdarı Piran da şəcərə cədvəlinə görə Turun nəslinə mənsub olub Əfrasiyabın vəziri və ən sədaqətli silahdaşı idi. Piranın adı türkcə Boran adının təhrif olunmuş şəklidir.

Tarixi hadisələrdən də göründüyü kimi Turanın ulu hökmdarı Əfrasiyab – Alp Ər Tonqanın da fəaliyyəti başlıca olaraq Azərbaycanla bağlı idi. Onun adı Sakların başbuğu Madi və Midiya hökmdarı Astiaqın adı ilə də eyniləşdrilir.

Bir çox Ərəb müəllifləri və o cümlədən Balami Azərbaycanı da Turan ölkəsinin sərhədləri içərisinə daxil edir. Bugünkü Bakı şəhəri ilə Quba arasında yerləşən Şabran şəhəri Əfrasiyabın Azərbaycan ərazisindəki mərkəzi şəhəri idi. Sonrada Şabran Əfrasiyabın qardaşı Aruz Qocanın paytaxtı olmuşdur.

Şabran Subir-an adının fonetik şəklidir, mənası subirlər və ya Subir ölkəsi deməkdir. Barsil tayfası bəzən iddia edildiyi kimi Xəzərlər dövründə deyil, əslində, e.ə. VII əsrdə iskit/sakların tərkibində gəlib Qafqazda və Azərbaycanda yerləşmişdilər. Onlar qədimdən hökmran tayfa idilər və Xəzər xaqanları yalnız onlardan qız alırdılar. Mirzə Bala “Azərbaycan tarixində Türk Albanya” adlı əsərində Herodotun “çar iskitlər” kimi bəhs etdiyi iskit hökmdarlar sülaləsinin barsillər olduğunu və onların bugünkü borçalı türklərinin əcdadları olduqlarını yazır. (Mirzə Bala. 1952, səh. 15)

Qədim mənbələrdə Cənubi Azərbaycandakı Qanzaq şəhərinin Turan padşahı Əfrasiyab – Alp Ər Tonqa tərəfindən inşa edildiyi yazılır. Bir sıra mənbələrdə Qanzakın Midiyanın ilk pytaxtı olduğunu, Strabon isə Qanzakı Atropatenanın yay paytaxtı olduğunu yazır. Key Xosrov Çayçast (Urmiyə) gölü yaxınlığında Əfrasiyabı öldürdükdən sonra Çeyçast yaxınlığındakı Turan tanrılarının məbədini də dağıdır və yerində atəşpərəstlərin Azərquşnəsp məbədi tikilir. (С.Касумова. 1983, Səh. 19)

Mahmud Kaşğari Azərbaycanda Əfrasiyab – Alp Ər Tonqa ilə əlaqədar yerlər haqqında məlumat verərək onun Barsqan və Bariman adlı iki oğlunun və Kaz adlı qızının olduğunu yazır. Əfrasiyab qızının Azərbaycanda oynadığı və ov etdiyi Kazsuvı adlı çayın sahilində bir qala salaraq orda yaşamış və həmin şəhər onun qızının adı ilə Qəzvin şəhəri adlanmışdır, bu sözün mənası Kazın oynadığı yer deməkdir. Qəzvinin yaxınlığında yerləşən Qum şəhəri də türk şəhəridir ona görə ki, qum türk sözüdür. (Mahmud Kaşğari, 2006, Cild III, Səh. 151).

Turan dövlətinin adı tarixdən izsiz silinməmişdir. Turan dövlətinin süqutundan sonra onun əhatə etdiyi geniş ərazilərdə onun varisləri olan Turan adlı kiçik dövlətlər öz varlıqlarını qoruyub saxlamışlar.

Çox qədimlərdən İranın cənubunda böyük Turan dövlətinin əhatə etdiyi ərazidə Bəlucistanda, Sakestanla qonşuluqda paytaxtı Quzdar adlanan kiçik Turan mövcud olmuşdur. Bu Turan əyaləti hind-iran arilərinin Mərkəzi Asiyaya olan təcavüz və işğalları nəticəsində böyük Turan arealından ayrı düşərək öz varlığını qoruyub saxlamış və yabançı etnosların əhatəsində bir anklava çevrilmişdir.

Qədim Turan dövləti ərazisində öz varlığını qoruyub saxlamış Turan adlı kiçik dövlət indiki İranın güney-batısında, Belucistan adlı ərazidə uzun zaman ərzində mövcud olmuşdur. Alman tarixçisi G.Hüzinq yazır ki, qədim zamanlarda İranın şimalında və şərqində turanlı altay tayfaları yaşayırdılar.

Kirmanın fars əhalisi bir neçə yüz il öncə Belucistana soxulmuşlar. Orda bu günə qədər brahuilər yaşamaqdadırlar. Farslar oranın və eyni zamanda Mekranın əhalisini Turya və Turan adlandırmışlar.

Farslar Kirman da daxil olmaqla İran yaylasının qüzey ərazilərini işğal etdikdən sonra Turanın ucqar güney ərazisində yerləşən paytaxtı Quzdar olmaqla kiçik Turan dövləti adı ilə bir anklava çevrilmişdir. (Hüsing G. 1916, Səh. 13)

Turlar Çingiz xanın dövründə Turə boyu adı ilə Çingiz xanın ata tərəfdən birbaşa əcdadlarıdırlar və torələr “ağ sümük”, yəni aristokrat təbəqəyə mənsubdurlar. Turələr sultan titulunda digər tayfalar tərəfindən onları idarə etmək üçün dəvət olunurdular. Bu fakt Turan padşahı Əfrasiyabın – Alp Ər Tonqanın soyundan olan Turələrin (Turların) hakimiyyət sülaləsi olduqları haqqında türklərin qan yaddaşında mühafizə olunmuş xatirələrin izlərini təşkil edir.

Tarixi ənənəyə uyğun olaraq öz sülalələrinin mənşəyini Əfrasiyaba bağlayanlar Qaraxanlılar, uyğur və səlçuqlularla məhdudlaşmamışdır. Əmir Teymur da öz dövlətini Turan dövləti adlandırırdı. Teymurilər sülaləsinin tarixçisi Şərəfəddin Əli Yəzdi Əmir Teymur dövlətinin də Turan dövləti adlandığını yazır, bu məlumat Kazaxıstanın Karsakpay mədənində tapılan və 1391-ci ildə cağatay dilində yazılmış olan bir kitabədə də Teymurun özünü Turanın sultanı adlandırması ilə də təsdiq olunur.

Tarixi Turan ərazisində mövcud olan və bu adın çoxsaylı toponimlərdə əks olunduğu digər bir ərazi türklərin ana yurdu olan Sibirdə yerləşirdi.