Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 6

Yazı tipi:

P.Jensen Hitit mətnlərindəki Tarkunun Urmi ölkəsinin krallar kralı-şahlar şahı adlandığını yazır. O, Tarxunun hititlərdə tanrı adı olduğunu da vurğulamışdır. (Jensen P. Hittiter und Armenier. Səh. 51)

Friqiya və Trakiyalıların da Tarxu adlı tanrıları vardı. Tarxu hattilərin göyüzü tanrısı idi və Assur mətnlərində qeyd olunan Tarku tanrısı hattilərin ildırım və hava tanrısıdır. (Jensen P. Hittiter, Səh. 151–153)

Hilprextə görə Kassilərdəki Turqu adı bir tanrı adı idi. Hilprext Kassilərin Turqu tanrı adının Assur-babillərdə Bel və sumer-akkadlarda Anu tanrısı kimi eynilə göyüzü tanrısı olduğu fikrini irəli sürür. O, İbranilərin peyğəmbəri İbrahimin atası Terah və ya daha qədim forması olan Terih adının Tarxu adı ilə eyni olduğunu mümkün hesab edir. (Jensen P. 1898, Səh. 153)

Görkəmli alman tarixçisi və assuroloqu Eduard Meyer Turşalar haqqında yazırdı ki, hər iki Tursen və Etrusk sözünün kökü “Turs” və ya “Trus” olub və ondan “E-trur-ia” adı yaranıb. Hər iki adın şəkilçisiz kökünü “Turşa” və ya “Turuşa” təşkil edir. Turşalar Misir fironları Meneptah və III Ramzesin dövründə digər quldur dəniz tayfaları ilə birlikdə Nil vadisinə hücumlar təşkil etmişdilər. Herodot etruskların Lidiya mənşəli olduqlarını yazır. Etrusklar şərqdən qərbə doğru səfər edərək Ege dənizində quldurluqla məşğul olmuş və sonra dənizin məskunlaşmamış adalarını zəbt etmişlər. (Eduard Meyer. 1892, Səh. 27)

Aleksandr Virth Turşaların Kilikiyadan və ya Lemnosdan gəlmiş olduqlarını yazmışdır.

Herodotun yazdığına görə Tirren Atisin oğlu idi. Tarxon isə Tursenin qardaşı idi. Tarku və Tarxu adları arasında boyük bənzəyiş var. Həmçinin Anadoludaki Tarku ilə etruskların Tarqusu arasında bənzəyiş diqqət çəkicidir. Misirlilərin bəhs etdikləri Turşalar böyük yəqinliklə Turklərdir. (Hall H.R. 1913. Səh. 336)

Tur və Turan adının geniş surətdə təsbit olunduğu ən qədim areal Ön Asiyadır. Tur sözü ən qədim deyiliş formasında dünya mədəniyyətinin beşiyi olan Sumer dilində mövcud olmuş sonradan digər Ön Asiya xalqlarının dillərinə keçərək müxtəlif mənalarda işlənmiş, müxtəlif xalqlara məxsus olan bir çox tanrı adlarının və eponimlərin kökünü təşkil etmişdir. Qədim mixi yazı mətnlərdə sumerlərin şimali-şərqdəki dağlıq ölkədən gəldikləri yazılmışdır ki, bu həqiqətə daha uyğundur və həmin istiqamətdə dağlıq ölkəsi Aratta Azərbaycanda yerləşmişdir. Aratta ilə sumer arasında bir çox bənzərliklər mövcuddur. Sumer və Arattanın “Enmerkar və Aratta hökmdarı” adlı birgə eposlarında hər iki ölkənin hökmdarı İnanna ilahəsinə etiqad edir və hər biri onu öz ölkəsində sakin etmək haqqında mübahisə edirlər. Hər iki hökmdar sumerə xas ad daşıyırlar, Urukun hökmdarı Enmerkar, Arattanınki isə Ensuhkeşdannadır. Aratta sözünün Sumer dilində mənası “hakimiyyət verən”, “güç verən”, “yüksək, alicənab” deməkdir. (F.Delitzsch. 1914, Səh. 10)

Sumerlər hakimiyyətin tanrı tərəfindən Aratta dağların arxasında verildiyinə inanırdılar.

İranşünas Abayevin fukrinə görə Avestadaki tur terminini öz ümumiləşdirici əhəmiyyətinə görə qədim iran kitabələrindəki sak-iskit termininin ekvivalenti kimi qəbul etmək olar.

E.ə. 133 və 125-ci illər arasında Turan tayfaları olan alanlar, massagetlər, saklar və xionlar Tarım hövzəsindən və Orta Asiyada Qara dənizin şimalına mühacirət etdilər. Eradan qabaq II əsrdə isə digər turan tayfaları olan soqdlar və uturqurlar da Tavriya (Krım) yarımadasına köçdülər.

Don və Dneprin arasında məskunlaşaraq at ilxıları və üzərində çadırlar olan öküz arabaları ilə bir yerdən digər yerə köçəri həyat sürən iskitlər turanlılar idi. Müsəlman müəlliflərinin əsərlərində sak türkləri seqzi və saklab adları ilə də təqdim olunurdular.

İskit/sakların turan tayfaları olduğunu türk mənşəli İranlı tarixçi İtümadüs-səltənə də qeyd edir: “Sakalar və ya Saq Turanlı boyların qollarından biri idi. Onların yaşadığı yer doğudan Türkistan, güney-doğudan İmaus dağları (Kaşqarı Hotanla ayıran Tyanşan dağları), şimaldan Tatarıstandı. Onlar aynı Seqzi elidir ki, Sistanda yaşamışdır və bundan dolayı da Sistanı Seqistan adlandırmışlar”. (M.T.Zehtabi, 2010, Səh. 198)

Beləliklə, Avestada qədim iran dilində şimalda soyuq ərazilərdə yaşayan köçəri xalqlar, yəni türklərin tura adı sonrakı dövrlərdə sak sözü ilə əvəz olunmuşdur. Buna baxmayaraq, türklərin ölkəsinə şamil edilən Turan adı uzun illər ərzində yaşamağa davam etdi. Sasanilər dövründə Türklərin yaşadıqları ərazi Turan adı ilə ifadə olunurdu. Bu Şahnamədə və digər iran dilli ədəbiyyatda da öz əksini tapmışdır.

Yuxarıda da qeyd etdiyimiz kimi Tura və Turan sözünün kökü Tur eponimindən yaranmışdır.

Riçard Frayın fikrinə görə islamın qələbəsindən sonra türklər haqlı olaraq daha erkən əcdadları olan turlarla eyniləşdirilmişlər. Onun şərhinə görə Turan sözü Tur-an olmaqla iki tərkibdən ibarətdir, iran dilində “an” sonluğu “Tur”un cəm şəklini bildirdiyi kimi eynilə də “k” sonluğu da türk dilində “Tur”un cəm formasıdır. Tur kəliməsi yəqin ki, Mərkəzi Asiyadakı qədim prototürklərin hansısa bir totemini əks etdirir. (Р.Фрай. 2002. Səh. 66)

B.Landsberqer “an” sonluğunun quti və kassilərə aid olduğunu və mənsubiyyət və cəm şəkilçisi olduğunu yazır.

Riçard Frayın bəhs etdiyi bu totemin öküz və ya buğa ola biləcəyi ehtimalını doğurur. Öküzün türk tayfalarının totemi olduğu haqqında çoxlu faktlar mövcuddur. Mənbələrdən əldə olunan bilgilərə görə hunların şanyuy hökmran sülaləsinin totemi öküz olmuşdur və əfsanəyə görə öküz (maral) hunların hərbi yürüşlərində onlara yol göstərmişdir.

Tatar tarixçisi R.Muhəmətdinov “Dünya sivilizasiyası tarixində Türklər” adlı əsərində təqdim etdiyi linqvistik cədvələ əsasən hind-avropa və sami dillərində öküz mənasında işlədilən “Tur” sözünün türk mənşəli olduğu fikrini müdafiə edir. (Р. Мухаметдинов. 2018)

Türk dillərinin bir çoxunda əhliləşdirilməmiş cavan öküz və buğa mənasında Tur, Tor sözləri geniş yayılmışdır. Altay və qırğız türklərinin dilində Torbak cöngə mənasında işlədilir. Qırğız və saqay türklərinin dilində “Tur” sözü həm doğmaq, həm də dana, gənc öküz anlamı daşıyır. (В.В.Радлов. Т 3. 1998, Səh. 594, 725)

Qırğız və qazax dillərində Tur/tor sözünün bu anlamı sumer dilindəki Tur sözü ilə ekvivalent təşkil edir. Sumer dilində Tur sözünün oğul mənası körpə, bala, cavan heyvanlara da şamil edilir. Şimercə Qutur bala öküz deməkdir. (J. Halloran. 1999, Səh. 45)

Altay, teleut, saqay, şor, uyğur türklərinin dilində “Tura” sözü bina, ev, məskən və şəhər mənasında işlədilir ki, Tom Tura-Tomsk şəhəri, Aba Tura-Kuznetsk şəhəri, Bi Tura-Biysk şəhəri deməkdir. Bu sözdən düzəltmə “Turalı” sözünün mənası evi olan, məskun, şəhəri olan; ”Turalık” isə əhali, məsgən salmaq mənasındadır. (В.В.Радлов, 1998, Səh. 727)

Turanın və Türkistanın İpək yolu üzərində yerləşən qədim şəhəri olan Turfan uyğur türklərinin dilində (Tur-pan) Turların vətəni, məskəni mənasındadır; “turlak” isə məskən, yurd deməkdir. Uyğurların keçmişdə İli çayı sahilində yaşayan oymaklarından biri “tarançı” (turançı) adlanırdı. (Уйгурско-русский словарь. М. 1968)

Əbülqazinin “Türkmənlərin şeceresi” əsərində Oğuzun qızıl çadırdakı fəxri yeri Tor/Tur adlanırdı və bu yerdə Oğuzun böyük oğlu Gün xan otururdu. Oğuz xanın törəsinə görə hökmdar çadırında iki Tor ola bilməzdi. Oğuzun oğlanlarından olan nəvələrinin ikisinin adı da Turbatlı və Turumçi idi.

Beləliklə, türklərin heyvandarlığı hind-avropalılardan və samilərdən öncə mənimsədiyi faktı onların dil quruculuğunda da birinciliyini şərtləndirir.

Sumer dilində Tur sözü Türk dillərində daşıdığı mənaya uyğundur və Tur/A-Tura, həmçinin müqəddəs yer, doğulma yeri, ziyarətgah, pir, məbəd anlamı da daşıyır. (J.Halloran. 1999, Səh. 49, 74.)

Qədim rus mifologiyasında öküz timsalında olan “Tur” Günəş, bolluq, bərəkət tanrısı idi, öküzü və günəşi təmsil edirdi. Homer də yunan allahı Aresi əslində olduğu kimi Turos adlandırır. Sumer dilində günəş tanrısı Utunun simvollarından biri də öküz idi.

Şərqi Avropada Macarıstan və Qalisiya Tura olan etiqadın əsas mərkəzini təşkil edir. Qədim bulqarlarda günəş allahı Torku adlanırdı və ona qurbanlar verilirdi. Rumınlarda da qədim tanrılarından biri Turka adlanırdı.

Türklərin və turanlıların ulu əcdadı kimi qəbul edilən Tur tarixdə bir çox xalqların və etnik birliklərin eponimini, yəni ilkin əcdadını təşkil edir.

Skandinav və alman saqa/dastanlarında dünya xalqlarının bir çoxunun etnogenetik əfsanələri öz əksini tapmışdır. Şimali Avropa xalqlarının mənşəyi və dili haqqında orta əsrlərə aid traktatda Tor (Tur) və onun oğlu Odin skandinav xalqlarının ulu əcdadı adlandırılır: “Bütün mötəbər tarixlərin başlanğıcında yazılır ki, Avropanın şimalını türklər (Tyrkir) və Asiyadan olan insanlar (Asia menn) məskunlaşdırmışlar. Ona görə də inamla demək mümkündür ki, Sakslandda, Danimarkada, Svitodda (İsveçdə), Norveçdə və qismən də İngiltərədə yayılan və bizim şimal adlandırdığımız dil də onlarla birlikdə gəlmişdir. Bu xalqın başçısı Torun oğlu Odin idi, onun çoxlu oğlu var idi. Çoxlu insanlar öz köklərini ona bağlayırlar”. (Снорри Стурлусон. М. 1980)

Odin as xalqının başçısıdır və traktatda aslarla türklər eyni xalq kimi təqdim olunur. Asların skandinaviyaya gəlmədən öncə yaşadıqları Kiçik Asayadakı əraziləri traktatda “Qotland”, yəni tanrıların ölkəsi adlanır. Asların ilkin vətəni Böyük Svitod, yəni Böyük Skifiya adlandırılır ki, bu o deməkdir ki, onlar Troyanı da Skifiya hesab edirlər. Asların başçısı Odin və oğlanları gözəl simaya, sarsılmaz gücə malik olub müdrük, sehrbazlıqda mahir, mükəmməl adamlar olduqlarına görə insanlar onlara inam bəsləyərək özlərinin tanrıları adlandırır və qurbanlar kəsirdilər. (Мелникова Е.А. 1986. Səh. 95)

Sturlusonun “Kiçik Edda” traktatında “Türa” Odinin oğlu, qurdun əmizdirdiyi “tək qollu As” və asların döyüş tanrısı adlanan kralıdır. Odinin digər bir oğlu kral Toradır ki, o “Odinin torpaqdan doğulan oğludur”, “Asqardın və Midqardın müdafiəçisidir” (Снори Стурлусон. 1970. Səh. 78)

Turanlıların ulu əcdadı Tur Bibliya geneoloji əfsanəsində Tiras (Turas) və yunan variantı ilə Firas adlanır. Tiras Nuhun nəvəsi və Yafəsin ən kiçik yeddinci oğludur. Yəhudi tarixçi İosif Flavinin yazdığına görə Tiras bir çox xalqların, o cümlədən Trakların/frakların, Rifat, Aşkenaz və Torqomun əcdadıdır.

Skandinav saqalarında Trakiya konkret şəkildə skandinavların tarixi vətəni kimi göstərilir və traklar (frakiyalar) isə türklər adlandırılır və Bibliyada xalqların genealogiyasına uyğun olaraq yazılır: “Tirakiyada əvvəlcə Nuhun nəvəsi və Yafəsin oğlu, Tiras (Firas) yaşayırdı. Ondan Türklər (Tyrkir) adlanan xalq yarandı. Qədim kitablarda yazıldığına və insanların da dediklərinə görə bu torpaqlardan gələn Svitodlar (İskitlər) Norveçi, Danimarkanı, İslandiyanı və Qrenlandiyanı məskunlaşdırdılar“. (Е.А.Мельникова, 1986, Səh. 96)

Rus tədqiqatçısı Andrey Leonova görə Kiçik Asiyadakı və Balkanlardakı “tr” və “trk” köklü etnonim və toponimlər turan və sak mənşəlidir. (А.Леонов. Мegamatrix.ru)

Fredeqardın “Xronika” əsərində türklərin franklarla birlikdə Troya mənşəli olduqları yazılmışdır.

Turlarla əlaqədar digər bir avropa xalqı franklardır. Frank Trak adının yunanca oxunuşudur. Avropa tarixinə həsr olunmuş anonim “Fredeqar Xronikası” əsərində Frankların mənşə etibarı ilə Troyadan olduqları yazılmışdır. Troya müharibəsindən sonra kral Eney İtaliyaya, troya xalqlarından biri olan frankların kralı, Priam isə Makedoniyaya mühacirət etmişdir. Eneydən sonra oğlu Askaniy kral oldu. Askaniyin oğulları Rom və Romul Romanın əsasını qoydular. Priyadan sonra kral olan Frankion (Friq) Frankların əcdadı idi və Frakiya onun adı ilə adlanmışdır. Frakiya və Trakiya eyni ölkənin müxtəlif yazılış formalarıdır. Kiçik Asiyada bir sıra dağıdıcı muharibələrdən sonra Franklar Avropada Dunay və Reyn arasında məskunlaşdılar. Frankların üçüncü qolu türklər idi, onlar Dunay çayının sahilində Frakiyanın qonşuluğunda yerləşmişdilər və kralları Turko idi. Franklarla onların arasında savaş oldu və türklər qalib gəldilər. Fredeqard Türklərin mənşəyini Troyaya bağlayır və bu şəcərəyə görə ən böyük german tayfaları olan franklar Britaniyanın əsasını qoyan britlər türklərlə eyni Troya kökünə malikdirlər. (Хроники Фредегарда. 2015. Səh. 88–89)

Britaniya tarixini qələmə alan Nenniy və Monmutlu Qalfrid də britlərin kökünü Troya çarı Priama bağlayırlar.

Altay türklərinin mifologiyasında tur maral obrazındadır. Sibirdən başlayaraq Şərqi Avropa da daxil olmaqla böyük bir ərazidə Tur eponimi ilə əlaqədar yüzlərlə coğrafi adlar mövcuddur. Tur adını özündə əks etdirən əsas mərkəz isə Macarıstandır.

Slavyanların xristianlığa qədərki paqanizm-bütpərəslik etiqadında günəş və bolluq tanrısı olan Tura inam mühüm yer tuturdu. “İqor polku haqqında dastan”da knyaz Vsevolod döyüşkən, igid mənasında “Bay-Tur”, “Yar-Tur” epitetləri ilə şöhrətləndirilir. Bu epitetlər təmiz türk mənşəlidir və peçeneq-polovets başbuqlarına aiddir, onların mənasını rus dilində izah etmək uğursuz cəhddir. Hər iki söz Tanrı Tura olan ehtiramı və şöhrətləndirməni, sevgini ifadə etməkdədir. Bay-Tur türk dilində əzəmətli, möhtərəm, səxavətli Tur deməkdir, Yar-Tur isə türkcə sevimli, əziz Tur mənasındadır.

Ruslar Tura olan etiqadı uzun əsrlər boyu qonşuluqda iç-içə yaşayaraq qaynayıb qarışmış olduqları qədim türklərdən, xüsusən də savir-bulqarlardan əxz etmişlər.

Tur eponimi ilə bağlı ən çox topoformat qədim türk yurdu olan Çelyabinskidədir (türkcə Çələbi). Misal üçün Turat, Turqayak, Baştur, Buytur, Balatur, Turatau, Turataş, Turxay, Turxan, Turnovo və s. toponimlər burda geniş yayılmışdır.

Tur tanrısının yayılma arealı çox genişdir. Bolqarıstanda onu Torku, Rumınyada onu Turka adlandırırlar, etrusklar onu Turmsa, xettlər Tarxu, assurlar Toura, keltlər Taranisa, skandinavlar isə Tora adlandırırlar. Danimarkada qədimlərdə Tura tanrısına heykəl ucaltmışdılar. Vaxtilə frankların köçüb yerləşdiyi Fransada Tur eponimi ilə əlaqədar Tur şəhəri və troyalıların və etruskların köçüb məskən saldıqları İtaliyada Turin şəhəri mövcuddur.

Kassilərdə Tura yeraltı dünyasının tanrısıdır, hurri dilində bu söz turi şəklində ifadə olunur və aşağı deməkdir, xatti dilində enna turina “cəhənnəm tanrısı” adlanır, hurrilər bu tanrını Teşub, urartular Teyşeba adlandırırlar. (Arnaud Fournet. 2011, Səh. 4, 9)

Taru Xattilərdə atatanrı və göyüzü tanrısı idi, Tarunun simvolu öküz-buğa idi. Taru tanrısı xattilərdə Taru Katta, yəni əzəmətli, böyük Taru şəklində ifadə olunurdu. (PiotrTaracha. 2009, Səh. 53.)

Katta sözü dilimizdə də, ağa, başçı, böyük anlamında işlədilir.

Uqaritlər xattilərin Taru adını öküz anlamında Tur kimi ifadə edirdilər. Kökü Sumerlərə bağlı olan cavan öküz anlamındakı Tur sözü bir çox xalqlar tərəfindən mənimsənilərək geniş yayılmışdır.

Qədim kökləri Tur eponimi ilə bağlı olan türk xalqlarından biri tatarlar, qədim bulqarlar, qaraçaylar və balkarlardır. Balkar ərazisində Totur eponimi ilə əlaqədar çoxlu toponimlər və şəxs adları mövcuddur: Totur, Toturkala, Totur dağı və s. Totur balkar türklərində islamaqədərki tanrı adıdır və ona həsr olunan çoxlu dualar bu gün də söylənməkdədir. Mart ayı Toturnu al ayı adlanır və yazın gəlməsi ilə yeni il Totur bayramı bu ayda qeyd olunur. Balkarlarda qəhrəman sərkərdə olan Totura nəğmə və özəl bir “Döyüşçü Totur” rəqsi həsr olunmuşdur. Totur-Aştotur qaraçay və balkarlarda qurdların tanrısı, himayəçisidir. Ona mart ayında qeyd olunan Toturtoy bayramı həsr olunmuşdur və qoyun sürülərini qurdlardan qorumaq üçün ona dualarla müraciət olunur. Həmçinin ovçuların da himayəçisi olan Toturun qurdları düşmən sürülərinin üzərinə göndərə bilmək qüdrətinə malik olduğuna inanırdılar. Balkariyada Donqat qaya adlanan yerdə Aştotur adlanan müqəddəs daş var, həmin daş qurdların və ovçuların himayəçisi Totura məxsusdur. (Veb resurs: www.tatur-su-ВадимТатур. Тотур-покровитель волков Ашин)

İngilis tarixçisi Eduard Parker “Tatarlar” kitabında Hunların Mode xan dönəmində hakimiyyət uğrunda mübarizədə ona rəqib olan Tartur haqqında bəhs edir və onu sonradan haqqında Marko Polonun da bəhs etdiyi ağ tatarlar adını almış Tarturların başçısı olduğunu qeyd edir. Parkerə görə tatar etnonimi Tartur adından törəmişdir. (Eдуард Паркер. 2010,)

Qədim Bulqar türklərinin tarixini tədqiq edən Riza Bariev Çinin şimalında mövcud olmuş syanbiləri şimali çin bulqarları, hunları isə onların varisləri hesab edir. Sonradan Volqa çayı ətrafında Bulqar adlı öz dövlətlərini yaradan bulqarların xanlarından biri Tatur adlanmışdır. Bulqar və polovets (qıpçak) türklərinin məskən saldıqları bir çox ərazilərdə Tatur eponiminə rast gəlmək olur. Macarıstan ərazisini təşkil edən Karpat dağının şimal hissəsi Tatur (Tatra) adlanır ki, vaxtilə burda kuman-qıpçaqların məskunlaşdıqları məlumdur. (Р.Х.Бариев. 2005)

Qıpçaq ordasının xanı Atrak (Taturun babası) gürcü çarı IV Qurucu Davidin dəvəti ilə onun müttəfiqi kimi Səlçuklara qarşı mübarizədə 40 minlik qoşunu ilə onun xidmətinə daxil olmuş və indiki Qazax-Borçalı bölgəsində hətta Tiflisdən Bərdəyə qədər olan ərazidə yerləşmişdi. David Atrakın qızı Turanduxt (Turan qızı) ilə evlənərək qıpçaqlarla qohumluq əlaqəsi qurmuşdur. Ona görə də Gürcüstan xronikası “Kartlis tsxovreba”da həmin ərazi taturların yaşadığı ərazi və azərbaycan türklərini də tatarlar adlandırmaqdadır. (Жизнеописания царя Давида. 1990. Səh. 134)

Türk xalqlarının ulu əcdadı olan Tur islamın təsirinə məruz qalmayan və qədim özəlliyini qoruyub saxlayan çuvaş türklərinin dini inanclarında onların tək tanrılarının adı kimi “Tura” şəklində ifadə olunmuşdur. O dünyanın yaradıcısıdır və göyün ən yüksək qatında yerləşir, onu “pireşti” adlanan xeyir ruhları əhatə edir. Tura öz şimşək çəkici ilə zindana vurduğu zaman şimşək yaranır və o bu şimşəklə yer üzündəki şər qüvvələri məhv edir. Çuvaşlarda Türe/Tura teoniminin mənası Göyüzü Tanrısı demək olub erkək və ata başlanğıcdır. Çuvaşlar Tura ancaq ağ rəngli heyvan qurban kəsirlər. Çuvaş mifologiyasında Turun epitetlərindən biri Ene Tura inək Tanrısıdır və ana başlanğıcdır. Tura daima şərin təmsilçisi olan Şeytanla mübarizə aparır.

Etimoloji olaraq Öküz anlamı daşıyan və öküz obrazında təsvir olunan Tur bir çox xalqların dini inanclarında Tanrıdır. Hind-avropa tezisinin tərəfdarları Tur sözünün sanskritcə tura sözündən yarandığını və güclü, möhkəm, qüvvətli anlamı daşıdığını iddia edirlər. Lakin hind-avropalı arilər tarix səhnəsinə qədəm qoymadan öncə “tur” sözü çox mənalı söz kimi sumer və Ön Asiyanın digər turanlı öntürklərin dillərində mövcud idi. Sumerlərin cavan öküz mənasında ifadə etdikləri Tur sözü sonradan digər dillərə keçərək vətəndaşlıq qazanmışdır. Tanrı Tur sumerlərdə günəş tanrısı Utunun öküzü idi.

Dilimizdəki Bahadur adının guya sanskritcədəki baha-tur sözündən yarandığı fikri yanlışdır. Öküz anlamında olan Buqaş Ön Türklərin qədim qolunu təşkil edən kassilərin dilində buğa deməkdir və onların ən önəmli tanrılarıdır. Buqatur sözünün mənası kassi dilində “tanrının oğlu” deməkdir və bu Sumer dilindəki eyni məna daşıyan Qutur sözünün kassi dilində ifadə şəklidir. (Kassilərə həsr olunmuş bölümdə bu haqda geniş bəhs olunacaqdır.)

Ruslarda xristianlıqdan öncə Bay Tur tanrısı nəhəng öküz şəklində təsvir olmuşdur ki, heç şübhəsiz bu qədim türk miflərinin təsiri ilə formalaşmışdır. Tur öküz anlamındadır və günəş tanrısını və bolluğu təmsil edir. Qədim almanlarda da xristianlıqdan əvvəlki tanrıları olan Tür mənşə etibarı ilə türk aslara məxsusdur, o, Odinin bacısı, nəhəng qadın Qimirdən doğulan oğludur. İskitlərin də Qoytosir tanrı adının mənası Göy Tanrı anlamındadır.

Mənşə etibarı ilə Öntürklərə mənsub olduqları bir çox müəlliflər tərəfindən sübut olunan Hurrilərin dilində də tur sözü öküz/buğa və erkək mənasındadır, hurri dilində həmçinin tur-oksə cavan öküz, dana mənasında işlənir. (И.М.Дьяконов; С.А.Старостин. 1988, səh. 188)

IV fəsil
Turanlı Öntürklərin ilkin vətəni

Müasir dövrdə Ön türklərin və ümumilikdə turanlıların ilkin vətəni məsələsi elmdə müəyyən mübahisələrə fikir ayrılıqlarına səbəb olmuşdur. Türklərin və turanlıların ilkin vətənləri haqqında Altay nəzəriyyəsi və ya hipotezi uzun illər ərzində elmdə hakim mövqeyə malik klassik nəzəriyyə kimi mövcud olmuşdur. Bu hipotezə görə Türk xalqlarının ilkin vətəni Altay dağları ətrafı olmuş və onlar burdan tədricən bütün dünyaya yayılmışlar.

Lakin müasir dövrdə türk xalqlarının etnogenezi və ilkin vətəni ilə əlaqədar Altay nəzəriyyəsini təkzib edən bir sıra tezislər ortaya atılmışdır. Bunlardan biri də, Ön Türklərin ilkin vətənlərinin Ön Asiya, Zaqros dağları və Urmiyə gölü ətrafı olduğu haqqındakı tezisdir. Bu tezisin tərəfdarlarının fikirlərinə görə bir etnos kimi Ön Asiyada meydana çıxan ön türklər burda bəşər sivilizasiyasının əsasını qoymuş və dünyaya, o cümlədən Mərkəzi Asiyaya burdan yayılaraq mədəniyyətin ümümi inkişafına təkan vermişlər.

Azərbaycanda Altay nəzəriyyəsinin ən qatı əleyhdarı prof. Firudin Ağasıoğludur. O öz tərəfdarları ilə birlikdə “Urmu teorisi” adlı yeni bir tezis irəli sürmüşdür. Bu tezisə görə öntürklərin vətəni güman edildiyi kimi Ural-Altay ərazisi deyil Ön Asiya və Cənubi Qafqaz regionu və konkret olaraq Urmu gölü ətrafıdır. Lakin bu tezis bir mənalı olaraq qəbul görmür.

Əbülfəz Elçibəy Azərbaycanda Milli azadlıq hərəkatının lideri və ikinci prezident olmaqla yanaşı görkəmli tarixçi bilim adamı kimi Türklərin və o cümlədən Azərbaycanın qədim tarixi haqqında çox dəyərli fikirlər irəli sürmüşdür. O, çağdaş tarixi araşdırmalara əsaslanaraq tarixdə ilkin bəşər mədəniyyətinin mənbəyini təskil edən üc qədim mədəniyyət mərkəzinin mövcud oldugu fikrini irəli sürür. Elçibəyin təklif etdiyi tezisə görə bəşər mədəniyyətinin yarandığı ilk mərkəz ən qədim insan məskəni Ceyhun (Amudərya) və Seyhun (Sırdərya) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Ona görə də bir vaxtlar “Tarix Sumerdən başlayır” dediyimiz halda, indi tarix elmi bizdən “tarix Orta Asiyadan”, ya da “Turandan başlayır” deməyi tələb edir. Bu ilk mədəniyyət mərkəzinin yaranma və varolma tarixi e.ö. X–VI minillikləri əhatə edir.

Bəşəriyyətin ikinci qədim mədəniyyət mərkəzini Kür-Araz mədəniyyəti təşkil edir. Bu mədəniyyətin mövcudluğu ilk dəfə 1940-cı ildə Azərbyacanda aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallara əsasən müəyyən olunmuşdur. Onun Kür-Araz mədəniyyəti adlanması e.ö. IV–III minilliklərə aid mədəniyyət abidələrinin əksəriyyətinin Kür-Araz çaylarının ovalığını əhatə edən çökəklikdə aşkar olunması ilə əlaqədardır.

Elçibəy Kür-Araz mədəniyyətinin Xəzər dənizinin qərb sahillərindən başlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən çayı boyu və Urmiyyə gölü ətrafındakı ərazilərin əhatə etdiyini yazır. Bu mədəniyyətin yaranma və mövcud olma tarixini Elçibəy resmi dünya tarixində qəbul edildiyi kimi e.q. IV–III minilliklərə deyil, eradan qabaq VII–II minilliklrə aid edir. (Ebülfez Elçibey. 1997. Səh. 16–19)

Əbülfəz Elçibəy Türklərin ilkin vətəninin və sumer mədəniyyətini ilkin təşəkkül tapdığı ərazinin Urmiyə gölü ətrafı olaraq qəbul edilməsinin əleyhinə olduğunu bildirərək yazırdı: “Bəzi tarixçilər Kür-Araz mədəniyyəti ilə yaxından tanış olmadıqları üçün, bu mədəniyyətin tərkib hissəsi olan Urmiyə mədəniyyətini “ilkin Sumer mədəniyyəti” adlandırırlar. Biz bu cür təyinatın tam əleyhinəyik. Bununla bərabər “Urmu mədəniyyəti” ilə Sumer (Kəngər) mədəniyyətinin bir-birindən tam ayrılmasının, təcrid edilməsinin də tərəfdarı deyilik. (Ebülfəz Elçibey. 1997, Səh. 19)

Əbülfəz Elçibəy tarixi varislik prinsipinə uyğun olaraq Orta Asiya-Turan, Kür-Araz və Sumer mədəniyyətlərini səkkiz min il davam edən böyük bir mədəniyyətin üç böyük mərhələsi hesab edir. Yaranmasında bir çox dünya xalqlarının ulu babalarının iştirak etdiyi bu mədəniyyətlərin yaradıcıları içərisində Türklərin ulu əcdadları önəmli, hətta birincilər sırasında yer almışlar. Azərbaycan bu böyük mədəniyyətin həm yaranmasında, həm daşınmasında, həm də bir-biri ilə bağlanmasında önəmli kilit rolunu yerinə yetirir.

Elçibəy Azərbaycanı bu üç mərhələli qədim mədəniyyətlərdən birincisi olan Turan (Ceyhun-Seyhun) mədəniyyətinin davamı, üçüncüsü olan Sumer-Kəngər mədəniyyətinin özülü hesab edir.

Yuxarıda deyilənlərdən aydın olduğu kimi Elçibəy Amudərya və Sırdərya vadilərini əhatə edən Orta Asiyanı və ya Turanı bəşər mədəniyyətinin beşiyi kimi qəbul etməklə yanaşı bu ərazini türklərin ilkin vətəni olduğu fikrini müdafiə edir.

Türklərin ilkin vətəni haqqında Volqa-Ural nəzəriyyəsini irəli sürən İsmail Miziyev də Altay nəzəriyyəsinin əleyhdarlarındandır. O Altay nəzəriyyəsinə qarşı çıxaraq yazır: “Türklərin ilk vətəni indiyədək Altay bölgəsi sayılmaqdadır. Lakin arxeoloji və etnoqrafik araşdırmalar burda Öntürklərin, onların dil və mədəniyyətlərinin izlərini ortaya çıxarmamışdır. Öntürklər sanki burda birdən-birə görünmüşlər. Kurqan mədəniyyətinin yaranmış olduğu Volqa-Ural (İtil-Yayik) çayları arası Türk xalqlarının aparıcı və başlıca mədəniyyət ənənələri üçün ilk vətən olmuşdur”. (İsmail Mizi-Ulu. 1993, C. VIII)

Macar alimi Y.Nemeth də türklərin ilk vətənləri haqqında Altay və Mərkəzi Asiya nəzəriyyəsini təkzib edən fikirlər irəli sürərək yazırdı: “Türklərin ilk vətənlərinin Orta və ya Doğu Asiyada olması barədə köhnəlmiş nəzəriyyələr kifayət qədər əsaslandırılmamış, ya da köhnəlmişdir”. (Вопросы истории, № 6, 1963)

Türk tarixçisi Osman Karatay türklərin ana vətəni haqqındakı Altay nəzəriyyəsinin əleyhdarı olaraq bu haqdakı görüşünü belə əsaslandırır ki, Altaylar ancaq türklərin bir etnik bazası ola bilər. “Altay dünyasını Türk ana yurdu yapmaq ən başda bəşəri coğrafiyanın kurallarına uymur. Türk ana yurdu türklərin dünyanın dörd bir tərəfinə Türk ixracı üçün uyğun və verimli bir yer olmalıdır. Osman Karatay türklərin törəyiş yerlərinin Ön Asiyada olduğu fikrini müdafiə edərək burdakı ön türk insanlarının müxtəlif səbəblər üzündən köçə məruz qalaraq getdikləri Orta Asiyada bir türk ana yurdunun təşəkkül tapmasına səbəb olduqlarını yazır. Daha doğrusu onun fikrincə Orta Asiya türklər üçün bir törəyiş yeri deyil, bir Ana yurddur”. (Osman Karatay. İst. 2003. Səh. 105)

Türklərin ilk təşəkkül tapdıqları ana yurdun Altaylar və bütövlükdə Mərkəzi və ya Orta Asiya olduğu haqqındakı tezislərin tənqidçiləri Turan çökəkliyi və Amudərya və Sırdərya vadilərində aşkara çıxarılan və e.q. X–VIII minilliklərə aid ilk şəhər mədəniyyəti və buğdanın aşkar edildiyi ilk əkinçilik mədəniyyəti olan Anau, e.q. VI minilliyə aid Kəltəminar və e.q. IV minilliyə aid Namazqa-Tepe, Qazaxıstanda e.q. 3500-cü minilliyə aid atın ilk əhliləşdrildiyi Botay kimi qədim arxeoloji mədəniyyətlərin mövcudluğunu nəzərə almırlar. Bu mədəniyyətlərin araşdırma sonucları həmin dövrlərdə hind-avropa arilərinin həmin bölgədə mövcudluqlarını tamamilə istisna edir. Ona görə də hind-avropa aryanizm tərəfdarı bilim adamları öz araşdırmalarında Turanlı Ön Türklərə məxsus olduğu heç bir şübhəyə yer qoymayan bu arxeoloji mədəniyyətlər haqqında söz açmağa həvəs göstərmirlər.

Türklərin törəyiş yeri və ya ilkin vətəni haqqında elmdə ən çox rəğbət görən və ən çox tərəfdara malik nəzəriyyə ayrıca götürülmüş Altay nəzəriyyəsi deyil, Ural-Altay nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə Ön türklərin və bütövlükdə turanlı xalqlarının ilkin vətəni Güney Sibirin Ural və Altay dağları arasındakı ərazidir.

Amerikanın Kolumbiya universitetinin keçmiş professoru, Reha Oğuz Türkkan Türkləri etnos olaraq tarixi təşəkkül baxımından iki mərhələdən ibarət hesab edir və onları adlandırmaq üçün Ön Türklər və İlk Türklər terminlərindən istifadə edir. O bir çox tarixi elmi dəlillərə əsaslanaraq Ön Türklər adlandırdığı Sumerlərin ilk yurdlarının bir çoxlarının fərz etdiyi kimi Ön Asiya və Mesopotamiya deyil, Ural dağları ilə Aral-Balxaş gölləri arasında olduğunu və onların e.q. 7000-5000-ci illərdə bu ərazidə təşəkkül tapdıqlarını və sonra Orta Asiyaya yenərək Xəzər dənizi sahillərindən dolanıb Zaqros dağları üzərindən Mesopotamiyaya endikləri fikrini irəli sürür. Reha Oğuz Türkkan türklərin ana yurdu və dünyaya yayılma prosesini tarixi dəlillərə əsasən məntiqi ardıcıllıqla aydınlıq gətirərək yazırdı: “Ön türklər doğum yerləri olan Aral-Balkaş gölləri arasındakı yurdlarını tərk edib bir neçə yüz il Mavəraünnəhrdə, Ceyhun və Seyhun çayları arasında və Anauda məskunlaşdıqdan sonra Zaqros dağları yoluyla güneyə enmiş, yenə də Fərat və Dəclənin iki çayı arası olan Mesopotamiyada, e.q. 4000-ci ildə Subarların timsalında məskunlaşmışlar. Onların Elam qolu isə daha doğuda, körfəz bölgəsində yerləşmişdilər. E.q. 3600-cü ildə isə Ön Türklərin arxada qalmış qolları olan Sumerlər də Mesopotamiyaya köçüb Subarların davamı olaraq yurdlarını gəlişdirmişlər. E.q. 3000-ci ildə Böyük Tufan onların şəhərlərini viran qoyunca həyatlarında bir fasilə dövrü başlanmışdır. Az sonra sumerlər təkrar dirilmiş, Erudu, Ur, Uruk, Nippur, Kiş, Laqaş kimi böyük şəhərlərini tarixin ilk dövlətini qurmuşlar”. (Reha Oğuz Türkkan. Türklər, cilt 1, 2002, Səh. 600)

Reha Oğuz Türkkanın Ön Türklərin ilkin vətəni haqqındakı görüşləri çex assuroloq Praşekin daha öncələri irəli sürdüyü görüşlərlə üst-üstə düşür.

E.q. 2500-2000-ci illərdə Mesopotamiyadan köçərək Altay dağlarının qərbində, Sibirin cənubundakı düzənliklərdə məskunlaşan Ön Türklər burada mövcud olan etnocoğrafi və iqlim şərtlərinə uyğun olaraq transformasiyaya uğramış və İlkin Türklər adı ilə yenidən tarix səhnəsinə qədəm qoymuşlar. Burda onlar şərqdən qərbə doğru yayılma tendensiyasına malik olan və E.Eykştedt, C.Voqel, B.Lundman, R.Knussmann kimi antropoloqların və başqalarının Sinid adlandırdıqları, digərlərinin isə monqoloid adlandırdıqları irqə mənsub insanlar olan monqollar, tunquzlar, mancurlar və çinlilərlə qonşuluq şəraitində yaşamışlar. Türk dilinin həm monqol dili, həm də fin-uqor dilləri ilə qohumluğu onların Altay dağlarından şərqdə məskunlaşan monqoloid tayfaları və qərbdə Ural dağları tərəfdə yerləşən fin-uqorların qonşuluğunda, yəni hər ikisinin məskunlaşmış olduğu ərazilərin ortasında təşəkkül tapdıqlarını sübut edir. Antropoloji tip olaraq avropoid irqinə mənsub olan türklərdə monqoloidlik yüz illərlə qonşuluq şəraitində yaşadıqları monqollarla ailə quraraq qaynayıb-qarışmaları nəticəsində meydana gəlmişdir. Monqoloid görünümü ancaq şərq ərazilərində məskunlaşmış türklərdə özünü bariz şəkildə göstərməkdədir. Monqolların məskunlaşdığı mərkəzi ərazilərdən qərbə doğru uzaqlaşdıqca doğuda məskunlaşmış Türkmən, Azərbaycan, Qafqaz, Çuvaş və Anadolu türklərində monqoloidlik dərəcəsi heçə yenmiş olur.

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
06 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
9789952837124
Telif hakkı:
Kohlan Publishing House
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3,7, 3 oylamaya göre