Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kreyser Sonatası», sayfa 3

Yazı tipi:

IV

Serginin guşənişinliyinin altıncı ili maslenitsa8 bayramında qonşu şəhərdə yaşayan bir dəstə varlı kişi və qadın blinı və şərab məclisindən sonra troykada gəzməyə çıxmışdı. Dəstə iki vəkildən, bir varlı mülkədardan, bir zabitdən və dərd qadından ibarət idi. Qadınlardan biri zabitin, biri də mülkədarın arvadıydı, üçüncüsü mülkədarın bacısıydı, qız idi özü də, dördüncü isə özünün işdəkləri ilə bütün şəhəri heyrətə salan varlı, qəşəng, ərindən boşanmış qəribə xasiyyətli subay bir qadın idi.

Hava çox gözəl, yer də əl içi kimi hamar idi. Şəhərdən on verst aralanandan sonra, dayandılar, müzakirə eləməyə başladılar ki, neyləsinlər, irəli getsinlər, ya geri qayıtsınlar.

– Bu yol hara gedib çıxır? – Makovkina, qəşəng subay qadın soruşdu.

– Tambinə burdan on iki verst var, – Makovkinanın pərəstişkarı olan vəkil dedi.

– Yaxşı, ondan sonra nə gəlir?

– Sonra monastırdan keçib, L-ə gedirsən.

– Həmin o Sergi atanın yaşadığı yerdən?

– Bəli.

– Kasatski? O səhra gözəlini deyirsiz?

– Bəli.

– Xanım! Ağalar! Gedək Kasatskinin yanına. Tambində dincələrik, qəlyanaltı elərik.

– Onda gecə qayıdıb evə çatmarıq axı.

– Zərər yoxdu, Kasatskinin yanında gecələyərik.

– Orda monastırın mehmanxanası var, özü də lap rahat yerdir.

– Yox, mən Kasatskinin yanında gecələyəcəm.

– Hətta sizin qüdrətiniz müqabilində də bu mümkün deyil.

– Mümkün deyil? Mərc qoşaq.

– Qoşaq. Əgər siz onun hücrəsində gecələsəniz, nə istəsəniz – mən hazır.

– A discretion9.

– Siz də uduzsaz, mənim istədiyimi eləyəcəksiz!

– Əlbəttə. getdik.

Xizəkləri sürən bələdçilərə şərab verdilər. Özləri Yeşiyi açıb, qutab, şərab, konfet çıxartdılar. Xanımlar ağ it dərisindən tikilmiş kürklərə büründülər. Bələdçilər qabağa getmək üstündə mübahisə elədilər, cavan bələdçi dəliqanlılıqla ayağa qalxıb, atların üstünə qışqırdı, uzun qamçısını şaqqıldatdı və zınqırovların səsi qarın üstündə şütüyən xizəyin xışıltısına qarışdı.

Xizək azacıq titrəyir və yırğalanırdı, quyruğuna düyün vurulmuş yan atları daha həvəslə irəli cumurdular. Xizək irəlilədikcə, elə bil üstünə yağ çəkilmiş hamar yol sürətlə geri qaçır, arabaçı tez-tez cilovları tərpədib atları həvəsləndirir, Makovkina ilə üzbəüz oturmuş vəkillə zabit nə haqdasa laqqırtı vurur, kürkə bürünüb, sakitcə oturmuş Makovkina isə heç nə danışmırdı, fikrə dalmışdı: «Həmişə eyni şey, hamısı da bir-birindən iyrənc: şərab və tütün iyi verən qırmızı, işıldayan sifətlər, eyni söhbətlər, eyni fikirlər, hamısının da həndəvəri iyrəncliklə dolu. Hamısı da özündən razıdır və ömrünün axırınadək beləcə yaşayacağına əmindir. Mənsə bacarmıram. Mən darıxıram. Mənə elə bir şey lazımdır ki, bütün bunları pozub, alt-üst eləsin. Heç olmasa Saratovda, yolda donub qalanlar kimi, bizim də başımıza bir hadisə gələydi. görəsən bizimkilər, bunlar neyləyərdilər onda? Özlərini necə aparardılar? Əlbəttə, əclafcasına. Mən özüm də onlardan geri qalmazdım. Elə deyək ki, mən bu cür qadınam. Onlar ki bilirlər bunu. Bəs o rahib? Doğrudanmı artıq o belə şeyləri qanmır? Ola bilməz. Onlar ancaq elə bunu bilirlər. Payızda, o kadeti olduğu kimi. Neçə də axmaq idi…»

– İvan Nikolayeviç! – O dilləndi.

– Nə buyurursuz, xanım?

– Neçə yaşı var onun?

– Kimin?

– Kasatskinin də.

– Məncə qırxdan adlayıb.

– Yaxşı, hamını qəbul eləyirmi?

– Hamını, amma həmişə yox.

– Ayaqlarımın üstünü örtün. Elə yox. Nə naqolay adamsız! Hə, bir az da, bir az da, bax belə. Ayaqlarımı sıxmağa isə ehtiyac yoxdur.

Hücrənin yerləşdiyi meşəyə kimi beləcə gəldilər.

Makovkina xizəkdən düşüb dedi ki, çıxıb getsinlər. Onlar dilə tutmağa çalışdılar xanımı, amma o hirsləndi, əmr elədi ki, çıxıb kedin. Xizəklər gedəndən sonra Makovkina kürkünə bürünüb, cığırla hücrəyə tərəf addımladı. Vəkil də xizəkdən düşdü ki, baxıb görsün nə olacaq.

V

Altıncı il idi ki, Sergi ata tərkidünya, guşənişin olmuşdu. Qırx doqquz yaşı vardı. Güzəranı çox ağır idi. Həyatını əzablı eləyən pəhriz və ibadət deyildi, bunlar ağırlaşdırmırdı onun güzəranını, ona əzab verən daxilindəki mübarizəydi. Özünün də gözləmədiyi bu mübarizənin səbəbi şübhə və şəhvət idi. Və bu iki düşmənin ikisi də birdən, eyni vaxtda baş qaldırırdı. Ona elə gəldi ki, bunlar ayrı-ayrı düşmənlərdir, əslində isə hər ikisi eyni şey idi. Elə ki, qəlbindəki şübhəni məhv eləyir, şəhvət də məhv olurdu. Amma özü elə bilirdi ki, bunlar ayrı-ayrı şeytanlardır və onlarla ayrılıqda mübarizə aparırdı.

«İlahi! İlahi! – ürəyində deyirdi. – Niyə inam vermirsən mənə? Bəli, müqəddəs Antoni də, başqaları da şəhvətlə mübarizə aparırdılar, bəs inam? Onların inamı vardı, amma mənim bircə an da, bircə saat da, bircə gün də inamım olmayıb. İndi ki, bu dünya günahla doludur və ondan imtina etmək lazımdır, onda nəyə gərəkdir onun gözəllikləri? Bu işrəti niyə yaratmısan? İşrət? Bəs bu dünyanın sevinclərindən, gözəlliklərindən uzaqlaşıb, hardasa, bəlkə də heç bir şeyin olmadığı bir yerdə özüm üçün nəsə hazırlamağa çalışmağım işrətə can atmaq deyilmi? – Fikirləşib, iyrəndi öz-özündən. – Murdarın biri, murdar! Həşərat! Hələ bir müqəddəs olmaq da keçir ürəyindən», – özünü söyməyə başladı. Və sonra ibadətə qalxdı. Amma ibadətə təzəcə başlamışdı ki, monastırda olduğu vaxtları xatırladı: əynində mantiya, başında klobuk, əzəmətli halda dayanmış gördü özünü. Və başını yellədi. «Yox, bu mən deyiləm. Kələkdir bu. Başqalarını aldada bilərəm, özümü, allahı isə yox. Əzəmətli, möhtəşəm adam deyiləm mən, zavallı və gülməli bir məxluqam.» Və o, cübbəsinin ətəklərini qaldırıb, dizliyinin içərisində belə miskin görünən qılçalarına baxdı. Və gülümsündü.

Sonra ətəklərini aşağı salıb, dua oxumağa, xaç vurmağa, səcdə getməyə başladı. «Doğrudanmı bu yataq tabutum olacaq mənim?» – duanın sözlərini deyirdi. Və birdən elə bil şeytan qulağına pıçıldadı: «Tənha yataq da tabutdur. Yalandır bu.». Və təsəvvürünün aynasında bir vaxtlar əlaqədə olduğu dul qadının çiyinlərini gördü. Silkələnib, yad fikirləri qovdu başından və yenə dua oxumağa başladı. Qaydaları oxuyanda, incili götürüb açdı, tez-tez oxuduğu və əzbərdən bildiyi yeri tapdı: «İnanıram, ilahi, çıxar bu şəkk-şübhəni mənim qəlbimdən». İrəli soxulmağa, gözə girməyə çalışan şübhələrini kənara itələdi. Müvazinətini yaxşı saxlaya bilməyən bir şeyi necə ehtiyatla dikəldirlərsə, o da öz inamını titrək ayaqları üstə qaldırıb, kənara çəkildi ki, toxunub yıxmasın onu. Elə bil gözlərinin qabağını kəsən pərdə yenə örtüldü və o sakitləşdi. Hələ uşaqlıqda öyrəndiyi duanı təkrar elədi: «İlahi, apar, apar məni» və nəinki kefi duruldu, hətta bir qədər kövrəldi də. Xaç vurub, dar taxtın üstündəki döşəkcədə uzandı, yay cübbəsini də qatlayıb başının altına qoydu. Və yuxuya getdi. Yuxuda ona elə gəldi ki, hardasa zınqırov çalınır. Bilmirdi ki, bunu yuxuda görür, ya doğrudan eşidir zınqırov səsini. Və birdən qapıya vurulan zərbələrin səsi yuxudan oyatdı onu. Qalxıb oturdu, amma qulaqlarına inanmadı. Qapı yenə döyüldü. Bəli, onun qapısı idi döyülən və çöldən də qadın səsi gəlirdi.

«İlahi! Doğrudanmı oxuduğum qissələrdə düz yazılırmış, şeytan qadın donuna girir həmişə… Bəli, qadın səsidir bu. Özü də zərif, ürkək və məlahətli səsdir! Tfu! – o, tüpürdü. – Yox, yəqin qara basır məni», – deyib, üstündə ikona və kitablar olan stolun durduğu küncə tərəf yeridi, öyrəncəli bir tərzdə diz çökdü. Bu hərəkətdən həmişə olduğu kimi, indi də təsəlli tapdı, məmnun oldu. Saçları üzünə töküldü, yuxarısı artıq dazlaşmaqda olan alnını nəm, soyuq yerə qoydu (aşağıdan külək vururdu).

…qoca abid Pimen atanın dediyinə görə, qarabasmanın qabağını alan zəbur surəsini oxumağa başladı. Arıqlayıb əldən düşmüş bədənini güclü, əsəbi ayaqları ilə yüngülcə qaldırdı və surənin ardını oxumaq istədi, amma oxumadı, özünün də xəbəri olmadan diqqətini cəmləyib qulaq asdı. Qulaq asmaq istəyirdi. Hər tərəf sakit idi. Tavandan tökülən damcılar yenə də küncdə qoyulmuş balaca çəlləyin içinə düşdükcə taqqıldayırdı. Bayırda dumana qarışmış çən qarı yavaş-yavaş əridirdi. Çox sakitlik idi. Və birdən pəncərənin qabağında nəsə xışıldadı və səs gəldi – həmin ürkək səs, yalnız gözəl qadına məxsus ola biləcək bu səs deyirdi:

– Açın, İsa xatirinə, açın qapını…

Elə bil bədəninin bütün qanı ürəyinə axdı. Nəfəs ala bilmədi. «İlahi, sən özün İsanı xilas et, onun düşmənlərini məhv elə»…

– Şeytan deyiləm mən… – hiss olunurdu ki, bu sözləri deyən dodaqlar gülümsünür.

– Şeytan deyiləm, adi, günahkar bir qadınam, yol azmışam – məcazi mənada yox, sözün həqiqi mənasında (qadın güldü), soyuqdan donuram, xahiş eləyirəm, buraxın məni içəri.

Sergi ata üzünü şüşəyə yapışdırdı. Lampanın işığı şüşəyə, ordan da çölə süzülürdü. Ovuclarını üzünə yapışdırıb, çölə baxdı. Duman, çən, odur ağ kürk var əynində, başında da papaq. Qəşəng, mehriban sifətli, bir azca ürkək baxışlı bu qadın iki addımlıqda dayanıb ona baxır. Onların baxışları qarşılaşdı və tanıdılar bir-birini. Bu o demək deyildi ki, haçansa, hardasa görüşüblər, tanışdırlar: onlar heç vaxt görüşməmişdilər, ancaq indicə, bircə dəfə baxışmaqla hiss elədilər ki (xüsusilə də Sergi) tanıyırlar, başa düşürlər bir-birini. Və bu baxışdan sonra çöldəkinin şeytan yox, sadə, qəşəng, ürkək bir qadın olduğuna şübhə eləmək mümkün deyildi.

– Siz kimsiz? Niyə gəlmisiz? – soruşdu.

– Açın görək də – qadın hökmlü bir şıltaqlıqla dilləndi. – Soyuqdan donmuşam. Dedim ki, yol azmışam.

– Axı mən rahibəm, tərkidünyayam.

– Nolar ki, qapını açın. İstəyirsiz ki, duanızı oxuyub qurtaranacan pəncərənin qabağında donum…

– Axı siz nə…

– Yeməyəcəm ki, sizi. Allah xatirinə, açın. Əməlli-başlı donuram. – Qadını vahimə basırdı. Axırıncı sözləri az qala ağlaya-ağlaya dedi.

Sergi ata pəncərədən aralandı və İsanın çarmıxa çəkilmiş təsvirinə baxdı. «İlahi, kömək elə mənə, ilahi, mənə kömək elə», – xaç vurub, səcdə edə-edə bu sözləri dedi və dəhlizin qapısını açdı. Dəhlizə çıxıb, əlini sürtə-sürtə çöl qapının rəzəsini tapdı, qaldırmağa başladı. Çöldə addım səsləri eşidildi. Qadın pəncərənin qabağından qapıya tərəf gəlirdi. Birdən «Ay!» – deyə çığırdı qadın. Sergi başa düşdü ki, o, ayağını novalçanın altındakı gölməçəyə basıb. Sergi atanın əlləri əsirdi, o, qapının dartıb gərdiyi rəzəni heç cür qaldıra bilmirdi.

– Nə oldu, açın da, tamam islandım ki… Donmuşam. Siz ruhunuzun xilası haqqında düşünürsünüz, mənsə donuram.

Sergi qapını özünə tərəf çəkib, rəzəni qaldırdı və təzədən geri itələyəndə qapı xanıma dəydi.

– Ah, bağışlayın! – birdən heç özü də bilmədən, qabaqlar xanımlarla necə danışırdısa, o cür dilləndi.

Xanım bu «bağışlayını» eşidib gülümsədi. Fikirləşdi ki, «o qədər də qorxunc adam deyil».

– Zərər yoxdur, neynək. Siz bağışlayın məni, – xanım onun yanından keçəndə dedi: – Heç vaxt bura kəlməyə cəsarət eləməzdim. Di gəl, iş özü belə gətirdi.

– Buyurun, – o, xanıma yol göstərə-göstərə dedi. Çoxdan bəri duymadığı bahalı ətrin iyi bihuş elədi onu. Xanım dəhlizin qabağındakı balaca otağa adladı. Sergi qapını örtdü amma rəzəni keçirmədi, sonra xanımın ardınca içəri keçdi

«İlahi, ey allahın oğlu İsa peyğəmbər, bağışla bu günah kar bəndəni, ilahi, bağışla mən günahkar bəndəni», – ara ver mədən nəinki ürəyində oxuyurdu duanı, çaşdığından dodaqlarını da tərpədirdi.

– Buyurun, – xanıma dedi.

Xanım otağın ortasında dayanmışdı, üst-başından yer; daman suya baxırdı. gözləri isə gülürdü.

– Sakitliyinizi pozduğum üçün bağışlayın məni. Di gəl. görürsünüz də, nə vəziyyətdəyəm. Öz cəzamdır çəkirəm. Xizəklərlə gəzməyə çıxmışdıq, mərc qoşdum ki, Vorobyovkadan şəhərə təkbaşına piyada gedərəm, di gəl, azıb yolu itirdim v, əgər sizin bu hücrəniz olmasaydı… – yalan deməyə başladı Lakin Sergi atanın üzünə baxanda utanırdı, ona görə də yldanı axıra kimi deyə bilmədi, susdu. Makovkina onun belə olacağını gözləmirdi. Təsəvvür elədiyi qədər də qəşəng kişi deyildi, buna baxmayaraq onun gözündə çox gözəl idi. Başının, saqqalının çallaşmış qıvrım tükləri, düz nazik burnu, düz qabağa baxanda kömür kimi alışıb yanan gözləri xanımı valeh elədi.

Sergi görürdü ki, xanım yalan danışır.

– Hə, belə, – xanıma baxıb dilləndi və o saat da gözlərini yerə dikdi. – Mən o tərəfə keçirəm, sizsə burda yerbəyer olun.

Və lampa şüşəsini qaldırıb, şamı yandırdı, xanıma baş əyib, arakəsmənin o tərəfinə keçdi və nələrisə yerlə sürüməyə başladı. «Yəqin mənə görə qapInın dalını bərkidir» – xanım gülümsəyə-gülümsəyə fikirləşdi və ağ it dərisindən olan kürkünü çiynindən atdı, sonra saçlarına ilişmiş papağını və onun altından bağladığı toxunma şalını açmağa başladı. Xanım hücrənin pəncərəsi altında dayananda heç də islanmamışdı, bəhanə eləyirdi ki, rahib buraxsın onu içəri. Amma qapının ağzında doğrudan da gölməçəyə düşmüş, sol ayağı baldıracan islanmış, çəkməsinin və qaloşunun içi su ilə dolmuşdu. Xanım onun çarpayısında – üstünə ancaq xalça atılmış taxtda oturdu və ayağını soyunmağa başladı. Bu hücrə xanımın çox xoşuna gəlmişdi. Eni üç, uzunu dörd arşına qədər olan bu daxma tərtəmiz idi, şüşə kimi parıldayırdı. Burda taxtdan və onun üstündəki kitab taxçasından savayı heç nə yox idi. küncdəki stolun üst tərəfində divardan İsanın çarmıxa çəkilmiş təsviri asılmışdı. Qəribə qoxu vardı daxmada: yağ, tər və torpaq iyi gəlirdi. Hər şey xoşuna gəlirdi burda. Hətta bu iy də.

Ayaqlarının, xüsusilə sol ayağının islanması onu narahat edirdi və tələsik soyunmağa başladı, ürəyində isə məqsədinə çatdığına görə yox, bu gözəl, yaraşıqlı, qəribə kişini gördüyünə və onun qəlbinə iğtişaş saldığına görə sevinir və gülümsəyirdi. «Nolar, cavab vermədi, nolar, o qədər də böyük dərd deyil», – öz-özünə dedi.

– Sergi ata! Sergi ata! Məncə adınız belədir, deyilmi?

– Nə buyurursunuz? – sakit bir səs cavab verdi.

– Bağışlayın, tənhalığınızı pozduğum üçün üzr istəyirəm. Amma doğrudan da, başqa əlacım yox idi. Yoxsa əməlli-başlı xəstələnəcəkdim. Elə indi də heç bilmirəm nə olacaq. Tamam islanmışam, ayaqlarım buz kimidir.

– Üzr istəyirəm, – sakit səs cavab verdi, – heç nəylə kömək edə bilmərəm sizə.

– Heç vəchlə narahat eləməzdim sizi. Səhərə kimi qalıb gedəcəyəm.

O, cavab vermirdi. Xanım bu tərəfdə onun dodaqaltı nə isə pıçıldadığını eşidirdi, yəqin ki, dua oxuyurdu.

– Siz bu tərəfə keçməyəcəksiz ki? – xanım gülümsəyərək soruşdu. – İstəyirəm paltarımı soyunub qurudum.

O, cavab vermir, arakəsmənin o tayında dua oxumaqda davam edirdi.

«Hə, bax, adam belə olar», – xanım ayaqqabısını çıxara-çıxara fikirləşdi. Ayaqqabının üstündən geydiyi rezin çəkməni nə qədər dartışdırsa da, çıxara bilmirdi və bu, gülməli gəlirdi ona. Və o, astadan gülməyə başladı, amma bilirdi ki, səsi arakəsmənin o tayında eşidilir və bu gülüş məhz özünün istədiyi kimi təsir göstərir. Və xanım daha bərkdən güldü, bu şən, təbii, səmimi gülüş rahibə təsir göstərdi, özü də məhz xanımın istədiyi kimi.

«Bəli, belə adamı sevmək olar. Gözlərə bir bax… Hələ bu sadə, mərd, alicənab və bütün günü dua oxumasına baxmayaraq, ehtiraslı sifət! – xanım fikirləşdi. – Biz qadınları aldatmaq olmaz. Hələ qapını açmazdan, pəncərədən məni görəndə özü də başa düşdü bunu. gözləri parıldadı və həkk olundu istəyi bəbəklərində. O, sevdi məni, o saatca ürəyindən keçdim. Bəli, ürəyi istədi məni», – öz-özünə danışa-danışa, nəhayət çəkmələrini çıxartdı, sonra da corablarını çıxarmağa başladı. Bu uzun corabları çıxarmaq üçün yubkasını yuxarı qaldırmalıydı. Nə isə utandı və dedi:

– Bu tərəfə keçməyin.

Divarın o tayından heç bir səs gəlmirdi. Nə isə müntəzəm pıçıltılar və hərəkət səsləri eşidildi. «Yəqin səcdə eləyir» – xanım fikirləşdi. – «Amma dəxli yoxdur, mənim barəmdə fikirləşir. Mən onun barəsində düşündüyüm kimi. Bax, bu ayaqlar Haqqında elə həmin hisslərlə düşünür», – öz-özünə danışa-danışa yaş corabı dartıb çıxartdı, taxtın üstünə qalxdı, yalın ayaqlarını altına yığıb oturdu. Dizlərini qucaqlayıb, gözlərini bir nöqtəyə dikdi, bir az beləcə, dinməz qaldı. «Bəli, bura çölün düzüdür, sakitlikdir. Heç kim, heç vaxt xəbər tutmazdı…»

Sonra ayağa qalxdı, corabları sobanın nəfəsliyinin üstünə sərdi. Qəribə nəfəslik idi. Bir-iki dəfə o tərəf, bu tərəfə hərlənib, əvvəlki yerinə qayıtdı, yenə ayaqlarını altına yığıb taxtda oturdu. Divarın o tayında səs tamam kəsilmişdi. Makovkina zəncirlə boynundan asılmış balaca saata baxdı. Saat iki idi. «Bizimkilər bir saatdan sonra gələcəklər dalımca». Vaxtına təqribən bir saat qalmışdı.

«Elə tək-tənha oturacağam burda? Elə bu qalmışdı! İstəmirəm. Bu saat çağıracağam onu».

– Sergi ata! Sergi ata! Sergey Dmitriç, knyaz Kasatski!

Qapının o tərəfində sakitlik idi.

– Qulaq asın, bu ki, lap qəddarlıq oldu. Lazım olmasaydı, çağırmazdım sizi. Mən xəstəyəm. Bilmirəm nə olub mənə, – əzab çəkən adam təki danışmağa başladı. – Oh, oh! – Taxtın üstünə yıxılıb, inildədi. Və qəribə işdir, gördü ki, doğrudan da haldan düşür, hər yeri ağrıyır, titrətmə-qızdırmaya tutulan adam kimi əsim-əsim əsirdi.

– Kömək eləyin mənə. Bilmirəm başıma nə oyun gəlib. Oh, oh! – Yaxasının düymələrini açdı, sinəsi çılpaqlaşdı, qollarını dirsəyədək yalınlayıb, yana atdı və zarımağa başladı: – Oh, oh!

Sergi ata bayaqdan bəri dua oxuyurdu. Bütün axşam dualarını oxuyub qurtarandan sonra sakitcə dayanmışdı, diqqətini burnunun ucuna .yönəldib, ürəyində başqa bir duanı təkrar eləyirdi: «Ya İsa, ey allahın oğlu, keç günahımdan»

Amma hər şeyi eşidirdi. Xanım paltarını çıxaranda ipək parçanın xışıltısını, yalın ayaqlarının şappıltısını da, əliylə ayaqlarını sürtüb ovuşdurmağının səsini də eşidirdi. Özü də hiss eləyirdi ki, – zəifdir və bircə anda məhv ola bilər, buna görə də dayanmadan dua oxuyurdu. Bəzi nağıllardakı kimi, geriyə baxmadan ancaq irəliyə gedən qəhrəmanın duyğularına oxşar hisslər keçirirdi. Həmin nağıl qəhrəmanı kimi Sergi də başa düşürdü, hiss eləyirdi ki, təhlükə uzaqda deyil, ətrafındadır, başının üstündədir və xilas olmaq, qurtulmaq istəyirsə, gərək bir dəfə də dönüb ona baxmasın. Lakin birdən gedib ona baxmaq arzusu bürüdü qəlbini. Elə həmin anda o tərəfdən qadının səsi eşidildi:

– Bura baxın, insanlıq olmadı ki, bu. Mən ölə bilərəm.

«Bəli, mən gedəcəyəm onun yanına, amma – bir əlini pozğun qızın bədəninə toxundurub, o biri əlini isə yanar manqala basan rahib kimi eləyəcəyəm. Yaxşı, manqal yoxdu axı». O, daxmanı gözdən keçirdi, lampanı gördü. Barmağını alovun üstünə tutdu, qaşlarını çatıb, özünü ağrıya dözməyə hazırlamaq istədi və ona elə gəldi ki, istini hiss eləmir, amma birdən tez əlini geri çəkdi və yelləməyə başladı. «Yox, mən bacarmaram bunu».

– Allah xatirinə! Oh, yanıma gəlin! Ölürəm, oh!

«Yaxşı, getsəm ölərəmmi? Yox!»

– Bu saat gəlirəm yanınıza, – bunu deyib, qapını açdı, qadına tərəf baxmadan, dəhlizə, gündüz odun doğradığı yerə sarı getdi, əlini sürtüb üstündə odun doğradığı kötüyü və onun Yanında divara söykənmiş baltanı tapdı.

– Bu saat, – deyib, baltanı sağ əlinə aldı, sol əlinin şəhadət barmağını kötüyün üstünə qoydu, qolaylanıb, baltanı dırnağına yaxın yerdən çaldı. Barmağı, elə o yoğunluqda ağacdan rahat kəsildi, qalxıb kötüyün qırağına dəydi, ordan da yerə düşdü.

Bu səsi ağrıdan qabaq hiss elədi. Elə ağrının olmamasına təəccüblənmək istəyirdi ki, barmağında yandırıcı bir ağrı və axan qanın istisini duydu. Kəsilmiş barmağının ucunu cübbəsinin ətəyinə büküb buduna sıxdı, geri qayıdıb qadının qabağında dayandı, gözlərini aşağı dikib soruşdu:

– Nə lazımdır?

Makovkina Serginin rəngi qaçmış sifətinə, titrəməkdə olan sol yanağına baxdı və birdən həya bürüdü onu. Sıçrayıb ayağa qalxdı, kürkünü qapıb çiyninə atdı, bürünə-bürünə dedi:

– Mən ağrıyırdım… soyuq dəyib mənə deyəsən… mən… Sergi ata… mən…

Sergi ata fərəhlə işıq saçan gözlərini ona dikib, dedi:

– Əziz bacım, niyə özünün ölməz ruhunu məhv eləmək istəyirdin? Düzdür, işrət insanların həyatına daxil olmalıdır, amma kimin vasitəsilə daxil olursa, vay onun halına… Dua elə ki, allah keçsin günahınızdan.

Makovkina qulaq asa-asa ona baxırdı. Birdən o, yerə düşən damcı səsləri eşitdi. Dönüb baxanda gördü ki, Serginin barmağının qanı axıb, cübbəsinin ətəyindən yerə damır.

– Siz neyləmisiz əlinizə? – Bir az əvvəl dəhlizdən eşitdiyi balta səsi yadına düşdü, tez lampanı qapıb, dəhlizə çıxdı, yerə düşmüş qanlı barmağı gördü.

– Bağışlayın məni, – xanım dilləndi. – Nə ilə yuya bilərəm günahımı?

– Çıx get.

– Verin bağlayım yaranızı.

– Çıx get burdan.

O, sakitcə, tələsik geyindi. Kürkünü də çiyninə salıb, yol yoldaşlarını gözləməyə başladı. Birdən çöldə zınqırov səsi gəldi.

– Sergi ata. Bağışlayın məni.

– Çıx get. Allah bağışlasın.

– Sergi ata. Mən həyat tərzimi dəyişəcəm. Dayanın.

– Çıx get.

– Bağışlayın və xeyir-dua verin mənə.

– Allahın, peyğəmbərin və müqəddəs ruhun zaminində olasan, – divarın o tərəfindən səs gəldi. – Get.

Qadın hönkürüb hücrədən çıxdı. Vəkil ona tərəf gəlirdi.

– Yaxşı, uduzdum, neyləmək olar. Harda oturacaqsız?

– Fərqi yoxdur. Xanım qalxıb kirşədə oturdu və evə qədər bir kəlmə də danışmadı.

Bir ildən sonra Makovkina başını dibindən qırxdırıb, arabir məktublaşdığı tərkidünya rahib Arseninin rəhbərlik etdiyi monastırda yaşamağa başladı.

8.Maslenitsa – xristianlarda pəhriz bayramı (tərc.)
9.Mənim ixtiyarıma qalır.

Ücretsiz ön izlemeyi tamamladınız.