Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qədim türklər», sayfa 8

Yazı tipi:

VII fəsil
TÜRKYUTLARIN DİNİ

Türkyutların qədim dini haqqında bizə gəlib çatan əsas məlumatlar «Veyşu» və «Suyşu» adlı Çin salnamələrində qorunub saxlanmışdı. Onlar olduqca ziddiyyətlidir, müxtəsərliklərinə görə ilk baxışdan o qədər anlaşıqlı görünmürlər.

«Veyşu» türkyut dininin aşağıdakı ayinlərini göstərir: «1. Günçıxan ölkəsinə ehtiram əlaməti kimi xanın iqamətgahına Şərq tərəfdən daxil olurlar; 2. Hər il bütün əyanlarla birlikdə əcdadların mağarasına qurban gətirirlər; 3. Ayın beşinci bədrinin orta dekadasında hamını bir yerə yığır və çay yaxınlığında göy ruhuna qurban kəsirlər; 4. Duqindən 500 li qərbdə hündür dağ var, həmin dağın zirvəsində nə ağac, nə də ot bitir, o, Bodın-inli adlanır. Tərcümədə bu «ölkənin hami ruhu» deməkdir».

«Veyşu»dan 50 il sonra tərtib edilən «Seyşu» (VII əsrin 30-cu illəri) yuxarıdakı məlumatları vermir. Sadəcə olaraq göstərilir: «Şeytanlara və ruhlara ehtiram bəsləyir, cadugərlərə inanırlar».

Bu, tamamilə əks versiyaları necə uyğunlaşdırmaq olar? Biz hələ birinci versiyanın özünün daxili ziddiyyətlərindən danışmırıq. Burada günəş kultu (1), əcdadlar kultu (2), əcdadlar kultunun fərqli olaraq əyanların yox, geniş xalq kütlələrinin sərvəti olan «Səma ruhu» kultu (3) və dağ kultu (4), qəribə şəkildə bir-biri ilə çulğalaşmışdır. Üstəlik Çin mənbəsi də məsələni qətiyyən aydınlaşdırmamışdır.

«Seyşu»nun məlumatında əsla aydınlıq yoxdur – Çin sözü olan «xu» həkim, pəri və cadugər mənaları verir. Bu ad altında kimin nəzərdə tutulduğu mətndən məlum olmur, türkyutların etiqad bəslədikləri ruhların xarakteri və səciyyəsi də müəyyənləşdirilmir; onların əcdad (kormos), yaxud təbiət ruhları (tos) olduğu bilinmir. Bu fəsil həmin müəmmalı mətnlərin təhlilinə həsr olunur.

Əsas problemi biz aşağıdakı şəkildə formulə edirik: qədim türkyutlar nəyə inanırdılar, onların dini dəqiq konsepsiyaya malik idimi, yoxsa müxtəlif inamların sintezindən ibarət idi? Əgər müxtəlif inamlar vardısa, hansılar idi?

Türkyutların qədim inamlarından danışarkən mən onları ibtidai saymaq fikrindən uzağam. Türkyutlar özləri V—VI əsrlərdə müxtəlif qəbilələrin birləşməsi nəticəsində yaranmışdılar, onların həmin epoxaya aid etiqadları da o dövrün digər dini sistemlər kimi eyni dərəcədə inkişaf prosesi keçirməkdə idi.

Romada sonuncu patritsi Tseteq Boetsinin «Müdrikliklə təsəlli» əsərini oxuyurdu. Konstantinopolda quruyub qaxaca dönmüş Suriya zahidləri ciddi görünüşlü yunan prelatları ilə Nikeya simvoluna Xalkedon əlavəsi haqqında mübahisə edirdilər. Ktezifonda artıq həm Hörmüzə, həm də Əhrimənə inamlarını itirmiş İran əyanları taxt-tacla minbərin ittifaqını öz uzun nizələri ilə qoruyurdular. Soqdiya dehqanlarının qalalarında nəfsin öldürülməsini təbliğ edən, maqların əzab verdikləri peyğəmbərləri Manin tərifini göylərə qaldıran solğun bənizli dünyəvi din mübəlliğləri gəzirdilər. Çində başları təmiz qırxılmış Budda monaxları Konfutsi müdriklərinin narazılığına, layiqli davranış və idarə qaydaları haqqında parlaq ipək parça üzərində qara tuşla yazılmış hikmətli ifadələrə fikir vermədən imperatriçəyə dünyanın faniliyi və gəldi-gedərliyi haqqında vəz edirdilər. Karvan yolu Aralıq dənizindən Sarı dənizə kimi uzanırdı. İpək və ətriyyatla birlikdə bu yolla ideyalar, konsepsiyalar, sistemlər də dağlardan və düzlərdən keçərək başqa ölkələrə gedib çıxırdı. Türklər – bu torpaqların sahibləri bütün ölkələrin vaizlərinin dediklərini eşitməyə bilərdilərmi? Onların Sarı çayın sahillərindən çıxmış əcdadları maariflənmiş Çini, çiçəklənən Soqdiyanı, müqəddəs Turfanı didib-parçalayan mübahisələrdən xəbərsiz qala bilərdilərmi? Digər tərəfdən, şimalda həmişə qaynar qanlı və təsərrüfat altına tez düşən çoban-döyüşçülərə təsir göstərən sakit və müdrik Sibir uzanıb gedirdi. Bütün bu amilləri nəzərə almadan qədim türklərin dünyagörüşü, onun inkişaf prosesində uğradığı dəyişikliklər bizə aydın olmayacaqdır.

Xalq şəklində formalaşan ayrı-ayrı qəbilələr öz dini sistemlərini də gətirirdilər. Doğrudur, etiqad ünsürləri oxşar idi, lakin onların uyğunlaşması son dərəcə müxtəlif xarakter daşıyırdı. Bu mənada türkyutların dini də istisna təşkil etmirdi. Bu dinin xarakteri ilə bağlı aşağıdakı suallar meydana çıxır: nə üçün əyanlar və xalq ayrılıqda ibadət edirdilər? Xalq kimə ibadət edirdi? Əyanlar kimə ibadət edirdi? Əgər ali ruhani xanın özü sayılırdısa, cadugərlər kim idi?

Birinci suala cavab vermək asandır. Çünki türkyut cəmiyyətinin quruluşu və etnogenezi bizə aydındır. Türkyutlar mürəkkəb tərkibli xalq idilər. Aşinanın «500 ailəsi», gələcək «əyanlar» V əsrdə Ordosdan köçüb artıq türkdilli əhalinin yaşadığı Altayın cənub ətəklərində məskən salmışdılar. Hər iki etnik komponent vəhdət halında birləşdi, lakin onlar arasındakı fərqlər müəyyən mənada VII əsrin sonlarına qədər izlənilir. Bu fərqlər özünü ağ və qara sümüyə (aristokratiya və qara camaat) bölünmədə göstərir. Aristokrat mühitində vəzifələrin irsən keçməsi və «nəcib» ailələrin qızlarının qara camaatdan olan oğlanlara ərə getməsinin yasaq edilməsi də buna sübutdur.

«Veyşu» mətnləri VI əsrə aiddir. Həmin dövrdə təbəqələşmə daha aydın nəzərə çarpırdı. Ona görə də mənbə aristokratiya ilə qara camaatın etiqad fərqlərini xüsusi nəzərə çarpdırır. Bu fərq «Suyşu»da diqqətdən yayınmışdır. «Suyşu» çinlilərin istisnasız surətdə türkyut əsilzadələri ilə ünsiyyətdə olduğu dövrü əks etdirir. Əsilzadələrin hakimiyyəti nəhs 630-cu ilə qədər davam etmişdi. Odur ki, «Suyşu»nun məlumatı məhz aristokratiyaya aiddir. Lakin biz bu məsələni bir qədər sonra, müvafiq məqamda araşdıracağıq.

İndi də türkyut xalqının dini görüşlərinə müraciət edək.

Səma kultu – Tenqri Orxon kitabələrində də qeyd olunmuşdur: Əvvəlcə yuxarıda mavi səma, aşağıda isə qara yer vardı, onların arasında insan oğulları göründülər». Göy Tenqri adi, gözlə görünən göyə qarşı qoyulmuş maddi səma deyil. Düşünmək olar ki, «Göy ruhu» dedikdə çinlilər məhz Göy Tenqrini nəzərdə tuturdular. Göyə qurban vermək ayini hətta XIX əsrin sonlarında kaçinlilər arasında qeydə alınmışdır. Bu ayin Tıqır Taix adlanırdı. Onun icrası zamanı hamı ibadət edir, ibadət prosesi isə qoyun qurban kəsilməsi, kumıs, süd, ayran və ət suyunun yerə çilənməsi ilə müşayiət olunurdu. Bayram mərasiminə yaxın aulların kişiləri gəlirdilər. Qadınlar və şamanlar isə bu mərasimə buraxılmırdılar. İbadət obyekti «səma və günəş» idi. Çox ehtimal ki, bu məhz «Veyşu»da təsvir olunan ayindir. İki cəhəti xüsusi qeyd etmək lazımdır: əvvəla, şamanlar mərasimə buraxılmırdılar, ikincisi qurban verməyin əsas məqsədi «işığın» xeyir-duasını qazanmaq idi. Bu amillərin ikisi də çox vacibdir. Şamanların mərasimə buraxılmaması göstərir ki, həmin kult ölmüşlərin ruhu, yaxud xtonik «həqiqi» ruhlarla» deyil, tamamilə başqa ilahi qüvvə ilə bağlıdır: «yerlilərin inandırdığına görə, Taix mərasiminə düşən şaman ağlını itirir və dəhşətli əzablardan qıvrılaraq yerə yıxılır».

Bu hansı ilahi qüvvə idi? Təsvirdən yalnız onun atributunun işıq olduğu aydınlaşır; bu məlumat etiqadın spesifikliyini üzə çıxarır və həmin kultu günəşin səma cismi (Ra-helios), yaxud yaradıcılığın mənbəyi və ilhamverici qüvvəsi (Apollon) kimi digər məlum solyar (günəş) kultlarından ayırır. Əgər başqa bir etnoqrafik paralel – nqanasanlar arasında qeyd edilən «təmiz çum» bayramı olmasaydı, bu kult bizim üçün qaranlıq qalardı. Vaxtı ilə Kastren nqanasanların indi tamamilə türkləşmiş qədim Sayan uqrlarının ən yaxın qohumları olması ehtimalını irəli sürmüşdü. Ucqar Şimala sıxışdırılan nqanasanlar şaman demonolatriyasının təsirinə məruz qalmalarına baxmayaraq öz qədim kultlarını qoruyub saxlamışdılar. Onlar ildə iki dəfə payızda—qütb qışı başlanmamışdan əvvəl və yanvarın sonunda, günəşin ilk şüaları dağların zirvələrində görünəndə, günəşə—işığa qurban gətirirdilər. Aydın məsələdir ki, kultun ayin tərəfi yuxarıda təsvir edildiyindən tamamilə fərqlidir; «təmiz çum» mərasimini şaman keçirir. Nqanasanların təxminən min beş yüz il yeni şəraitdə, yeni qonşularla, ən başlıcası isə yeni ərazidə yaşamaları da öz təsirini göstərmişdir. Bir qədər sonra görəcəyimiz kimi, ərazi nəzərdən keçirilən kultda birinci dərəcəli rol oynamışdır. Lakin zahiri fərqlərə baxmayaraq tam qətiyyətlə təsdiq edə bilərik ki, türkyut xalqının, türkləşmiş Minusin uqrlarının və nqanasanların ibadət obyekti eyni olmuşdur–bu, günəş işığı idi. Buna əsaslanaraq biz nqanasanların teo – kosmik təsəvvürlərini bizi maraqlandıran türkyutların analoji təsəvvürlərinə ən yaxın saya bilərik. Nqanasan dininin doktrinası plyuralist animizmdir; insanlara arzulanan bütün xeyirli cəhətlər «pio» termini ilə bildirilir. Müəyyən obrazı olmayan, lakin son dərəcə müqəddəsləşdirilən maddi göy də bu terminlə ifadə edilir (türklərin Tenqrisi ilə müqayisə et). Kainatın yaradıcısı – Nəlatu nuo (yuxarıda xatırlatdığımız «Səma ruhu» ilə müqayisə et), onun işçisi Kou (günəş) yaradılmış dünyaya rəhbərlik edir, günəşin şüaları saplardır, bu saplar vasitəsi ilə bitkilərin ruhu günəşlə ünsiyyətə girir.

Günəş kultunun bu variantı olduqca orijinaldır, elə buna görə də onun Sibir şamanlığının digər növ müxtəliflikləri ilə qarışdığını qəti istisna etmək olar. Yeri gəlmişkən L.Y. Şterberqin artıq həmin məsələyə diqqət yetirdiyi qeyd olunmalıdır. Yeganə analoji doktrina manixeylikdə müşahidə olunur, lakin burada genetik əlaqə deyil, şəksiz konvergensiya nəzərə çarpmaqdadır.

Bu din animistik qenoteizm kimi səciyyələndirilə bilər, çünki S. A. Tokarevin tədqiqatlarında da göstərildiyi kimi, hər bir tayfa ümumxalq ali ilahi qüvvəsi–işıq və səma ilahisi ilə birlikdə öz havadarına, kiçik tayfa allahlarına malikdir. Onlar «tos» dərəcəli ruhlar sırasındadırlar, yəni əbədi həqiqətən mövcudların ruhlarıdır və «kosmoslarla» – ölmüş adamların ruhu ilə heç bir ümumi cəhəti yoxdur53.

Hətta «Səma ruhuna» (bax: Nəlata nuo) sitayiş də mühüm dəyişikliklərə uğramasına baxmayaraq, XX əsrin əvvəllərinə kimi qorunub saxlanmışdır. Səma ruhu fars mənşəli Xuday (allah) adını almış və sonralar şaman ruhlarından ən alisi sayılan Ulkendən fərqlənən xristian allahı ilə eyniləşdirilmişdir. Bu münasibətlə yer allahları kultu – toslara, yerli altaylıların «təbiətin sahibləri» – «Altaylılar», gəlmə irkıtların və soyonların isə «Yer–su» adlandırdıqları kultlara da toxunmaq zəruridir.

Yer–su (hərfi mənada «torpaq–su») dünyəvi toslar sırasına daxildir və yer–su, bitki və s. sahiblərinin kultunda öz analogiyasını tapır. Nqanasanlarda yerin sahibi bədxah Fannida sayılır. O, çimin altında məskən salıb, ağzını açaraq ölmüş adamları gözləyir. Yer–su da amansız, qəddar allahdır. Ona boz, yaxud kəhər at qurban gətirirlər.

Şaman pərəstişgahı Ulkenlə Yer–su kultunun bir-biri ilə tam uyğunsuzluğu ırkıtların və soyonların Ulkene və şaman panteonundakı digər ruhlara dua etməmələri ilə də təsdiq olunur. Çünki bu tayfaların hər ikisi Sayandan nisbətən gec çıxıblar və ehtimal ki, onların kultu qədim Altay və nqanasan dini sistemləri arasında əlaqələndirici rolunu oynamışdır.

Bodın-inli dağına pərəstişin mənası L.N.Potapovun tədqiqatları sayəsində aydınlaşır. Müəllif qəbilə, soy mülkiyyəti olan yerlərə pərəstişlə, habelə nəsil və kultlarının çulğaşması arasındakı əlaqəni göstərə bilmişdir. Hər bir tayfanın öz «Altayı» var və o tayfa üzvlərini yemləyir. Bu dağların, çayların, göllərin ruhuna deyil, onların özünə pərəstişdir, başqa sözlə desək, təbiətin təcəssümü ilə deyil, canlılaşdırılması ilə qarşılaşırıq. Bu animistik dünyagörüşün ən bəsit, ibtidai formasıdır və animatizm adlanır.

Aşina ordasına tabe olan Altay xalqının qədim dininin əsas cəhətləri bunlardır. Yuxarıda gördüyümüz kimi, «əyanların» əsas kultu xalq dilinə tamamilə yad olan əcdadlar kultu idi. Türkyutların Altaya XII əsrdə gələn nəsilləri – telelər və Çuysk telenqitləri qəbilə animistik kultundan kənarda dayanırdılar.

«Əyanların» mağarada qurban kəsdikləri əcdadların kim olduqlarını öyrənmək üçün türkyutların mənşəyi ilə bağlı əfsanəvi materialın təhlilinə müraciət edək. «Suyşu»da Aşina ordasının mənşəyi ilə əlaqədar tarixi arayışla yanaşı əsasında mif dayanan əfsanə də verilmişdir. Aşina nəsli çölə yayılıb özlərinin jujanların vassalları elan etdikləri VI əsrin əvvəllərinə qədər «mağarada» yaşayırdılar.

Dişi canavarın gizləndiyi mağaranın təsviri olduqca maraqlıdır. Mağara «Qaoçandan şimal-qərbdəki» dağlarda, – yəni Altayın mərkəzində yerləşirdi. «Dağlarda bir mağara yerləşir, mağarada isə əhatəsi bir neçə yüz il olan sıx otlu düzənlik var. Mağara dörd tərəfdən dağlarla əhatə olunub». Maraqlıdır ki, adi dağ dərəsi «Suyşu»da mağara adlandırılıb. Bu qeyri-dəqiqlik təəccüb doğurur və belə ehtimala əsas verir ki, biz bir əfsanənin mətni daxilində iki süjetin kəsişməsi – mifoloji (mənşəyini dişi canavardan götürmək) və tarixi (türkyutların bir hissəsinin əcdadlarının Altaydakı dağ vadilərinə qaçması) ilə qarşılaşırıq.

Həqiqətdə də bu tarixi süjet müsəlman müəlliflərindən Rəşidəddinin, Xondəmirin, Əbülqazinin əsərlərində bütöv şəkildə gətirilmişdir, həm də dağ vadisinin dəqiq adı göstərilmişdir. – Ərkənə kun – yəni sərt eniş. Çox güman ki, biz burada qədim tarixi hadisənin – 93-cü ildəki məğlubiyyətdən sonra şimal hunlarının Tarbaqatay keçidindən getməsinin və onların bir hissəsinin daimi yaşamaq üçün Altayda qalmasının əksi ilə qarşılaşırıq. Lakin indiki halda mifoloji süjet bizim üçün daha əhəmiyyətlidir – dişi canavar haradan peyda olmuşdur?

Hər şeydən öncə tele tayfasının mənşəyi haqqında da oxşar əfsanənin mövcudluğunu qeyd etmək zəruridir. Bu əfsanəyə görə, hun yanyununun atasının göylərə vəd etdiyi qızı canavardan bir oğlan doğmuş, bu oğlan isə tele tayfalarının başçısı olmuşdur. Aşina ordaları kimi bu tayfalar da Xalxuya Sarı çayın sahillərindən gəlmişdilər. Göründüyü kimi türkyutlar və teleslər eyni mifologemə malikdirlər. Əgər belədirsə, onda canavar – əcdada münasibətdəki totemistik ünsürün eyni qaynaqdan gəldiyini güman etmək tam təbii səslənir. Uyğurların və Aşina ordasının sözün həqiqi mənasında totemist olduqlarını iddia etmək böyük risqə yol vermək olardı. Çünki mənbələrdə onların canavara xüsusi münasibətləri barəsində heç nə deyilmir. Lakin biz burada həmin heyvana totem sitayişinin qədim izlərini görürük, öyrəndiyimiz dövrdə isə bu artıq əcdadlara sitayişə çevrilmişdi. Beləliklə, VII əsrdə Altayda iki dini sistemin – Sibir xalqları ilə bağlı animizmin, habelə türk və monqoldilli köçərilərin böyük çölün cənub ucqarlarından gətirdikləri totemistik çalarlı əcdad kultunun mövcudluğunu görürük.

Türkyutların əcdad kultunun onun mənşəyini dəqiqləşdirməyə imkan verən spesifikasını da etiraf etmək lazımdır. Analoji xarakterli, hətta təfərrüatına qədər uyğun gələn etiqadlar exiritbulaqatlarda, yəni Baykal ətrafında yaşayan buryatlarda da müşahidə olunurdu.

Baykalətrafı buryatlar ardıcıl politeist idilər. Onların etiqadı dünyanı idarə eləyən 99 tenqriyə sitayiş idi. Hər tayfa öz tenqrisinə sitayiş eləyirdi. Lakin ən vacib cəhət budur ki, buryat «şamanı» (qəbul olunmuş son dərəcə qeyri-dəqiq terminologiyaya əsaslansaq) müalicə prosesində, yaxud yağış çağırarkən köməkçi ruhun qüvvəsinə müraciət etmirdi, dualarla tenqriyə üz tutur, əcdadların ruhundan yardım diləyirdi. Əcdadlar qətiyyən köməkçi ruhlar sayılmırdı. Onlar müdafiəçi və tenqri allah – qarşısında nümayəndələr hesab edilirdi. Eləcə də butlılar (müqəddəs əşyalar, iri daşlar, təsadüfən tapılan qədim predmetlər belə müqəddəs əşya ola bilərdi) öz-özlərinə (sehrli muncuqlar kimi) və içərilərindəki ruh (animizm) vasitəsi ilə deyil, tenqrinin – fərdiləşdirilmiş səma allahlarının sərbəst iradəsi ilə hərəkət edirdilər. Totemizmin reminessensiyası politeizmin bu cür inkişaf etmiş sistemi ilə uyğunlaşdırılırdı: din xadimi (onu şaman adlandırmaq olmaz) paltarında vəhşi heyvan təsvirli lövhəcik (məsələn, canavar, qu quşu, qaz və s.) gəzdirirdi. Həmin lövhəcik tayfanın yalnız burada təsvir olunan mifik əcdadla bağlılığını göstərirdi.

Göstərdiyimiz bənzəyiş uyğunlaşma deyil, genetik əlaqə faktı ilə üzləşmək baxımından da maraqlı və əhəmiyyətlidir. Exirit – bulaqatlar buryatların ən qədim hissəsidir, təsvir olunan ənənələr bizim eranın əvvəllərinə və V əsrdə Aşina ordasının çıxdığı etnik stixiyaya aiddir. Aşina əslən «qurd» idi. Odur ki, çox qədim əlaqənin mövcudluğu şübhə doğurmur; çünki buryatlar Baykalətrafına nüfuz edəndə Aşinanın ordaları artıq orada deyildi. Deməli, biz bir mədəni stixiyadan – qədim monqol syanbi mədəniyyətindən ayrılmış iki paralel xəttə təsadüf edirik.

Lakin artıq VI əsrin sonu – VII əsrin əvvəllərində əcdadların totemist kultuna saf halda təsadüf edilmir. Aşinanın gəlmə ordası ilə Altayın yerli sakinləri arasındakı sıx ünsiyyət sinkretik etiqadların yaranmasına imkan verdi. Türkyut xanlarının indiyə qədər açılmamış adları da buna sübutdur. Bu adlar Çin, fars və yunan transkripsiyalarında qorunub saxlanmışlar. Onları müxtəlif oxu variantlarının müqayisəsi yolu ilə şərh etmək mümkündür. Tobo xanın əsil adı Arsila (yunan mənbələrində) türk-monqol mənşəli Arslanın sinonimidir. Çin mənbələrindəki Buli – «Buri» deməkdir. Yeri gəlmişkən, bu adın «Şeni» (Şono) formasındakı monqol variantı da mövcuddur. Qərbdəki xanların tez-tez təsadüf olunan adları – «İbn» – «İbris» (qar pələngi), «Yuy-Qu» – «Yukuk» – bayquş kimi tərcümə edilir.

Bu adların heç biri kanonlaşdırılmamışdır, onlar təsviri xarakter daşıyır, şəxsin yaşının, ictimai vəziyyətinin dəyişməsi ilə əlaqədar həmin adlar da dəyişir. Onları ləqəb adlandırmaq daha yerinə düşər. Yadda saxlamaq lazımdır ki, xan həm əyan, həm də xalq üçün rəhbər din xadimi idi; başqa sözlə desək, xaqanlıq sistemində hər iki kult çox əla yola gedirdi və tədricən onlar vahid dünyagörüşünə çevrilməyə başlamışdılar. Lakin bu proses tam həyata keçə bilmədi, çünki xaqanlıq süqut etdi və onun süqutu ilə birlikdə bütün qəbilə etiqadları sistemi də tənəzzülə uğradı.

L. P. Potapov və S. A. Tokarevin təsvir etdiyi qəbilə kultunun dumanlı xatirələri uca dağ zirvələri arxasında öz qədim ənənələrinin mühüm hissəsini qorumuş Altay meşə tayfalarının animizminə aiddir. Ucsuz-bucaqsız çöllərdə yaşayan Aşina türklərinin ənənələri isə tamamilə dəyişmişdi; ona görə də əcdadlarının totemist kultunun izləri az hifz olunmuşdur. Lakin bununla belə totemist əcdad kultu çöl xalqlarının mədəniyyətində böyük əhəmiyyətə malikdir. Odur ki, həmin kultun mənasını və təfərrüatlarını dəqiqləşdirmək lazımdır.

Hər halda türkyutların kimə – əcdad-vəhşi heyvana, yoxsa əcdad-insana sitayiş etdikləri aydın deyil. Əgər adamlara sitayiş edirdilərsə, məhz hansı adamlara? İstisnasız surətdə hamıya, yoxsa qəhrəmanlara? Əgər «Suyşu»nun mətnini nəzərə alsaq («ruhlara sitayiş edirlər») birinci variant sıradan çıxır, çünki yuxarıda da deyildiyi kimi, VII əsrdə çinlilər məhz türkyut əsilzadələri ilə ünsiyyətdə olurdular. Və o da aydındır ki, Çin mənbələrində adı çəkilən ruhlar VI əsrdə şərəflərinə qurban kəsilən əcdad ruhları idi. Lakin məsələ tam şəkildə daha sonrakı dövrlərin məlumatı əsasında aydınlaşır. Bu məlumatlar X əsrin əvvəllərindəki ərəb kompilyasiyalarından olan Əbu-Dulafın risaləsindən götürülüb və əslində bizim nəzərdən keçirdiyimiz kulta birbaşa aidiyyəti yoxdur. Həmin mənbə göstərir ki, hələ islamı qəbul etməmiş karluklarda «divarlarına qədim hökmdarlarının şəkilləri çəkilmiş məbədlər var». Qədim dunxular da eyni şəkildə «öz igidlikləri ilə məşhurlaşan mərhum ağsaqqallarına» sitayiş edirdilər. Karlukların qərbi türkyutlarla əlaqəsi «Tanşu»dakı müstəqim məlumatla müəyyənləşdirilir. Çin salnaməsində «qolelular», yəni karluklar türkyut nəsli adlandırılır. Beləliklə, bu dəfə artıq dəqiq təsdiq etmək olar ki, türkyut əyanları əcdad-qəhrəman kultuna vardı. Bu kult türkyut xalqının təbiətin animistik ilahiləşdirilməsinin ziddinə olaraq totemist dünyagörüşündən nəşət etmişdi.

Bu məsələ ilə əlaqədar türkyutlar arasında ruhun ölməzliyi və o biri dünyanın mövcudluğu haqqındakı təsəvvürləri də qeyd etmək zəruridir. 576-cı ildə İstemi xanın dəfni zamanı mərhumu o biri dünyada «müşayiət etmək» üçün «dörd nəfər əsir hun»da edam olunmuşdu. 649-cu ildə imperator Taytszunun dəfni zamanı Aşina Şeni hökmdar dostundan ayrılmamaq üçün özünü doğramaq istəyirdi. Bu faktların hər ikisi göstərir ki, türkyutlar o biri dünyadakı mövcudluğu yerdəki həyatın davamı sayırdılar; bu təsəvvür kifayət qədər geniş yayılmışdır, lakin dini şüurun inkişafının ən ilkin mərhələsinə aiddir və animizmdən insanda çoxlu deyil, fərdi ruhun mövcudluğu fikrinə əsaslanması ilə fərqlənir.

Lakin onda şamanizm özü – əbədi mövcud və təbiətlə heç bir əlaqəsi olmayan tos-ruhlarla ünsiyyət (ehtiramsız, təzim xarakterli ünsiyyət, istisnasız olaraq praktiki xarakter daşıyan, psixoloji və seksual ekzaltasiya yolu ilə əldə edilən ünsiyyət) haradadır? Qaval zərbələri ilə əbədi ruhları mərhumların ruhları ilə mübarizəyə çağıran şamanlar hardadır? Təsvir etdiyimiz sistemlərin heç birində köməkçi ruhlara təsadüf olunmur. Onlarsız isə şamanın mövcudluğu qeyri- mümkün idi. Onlarsız kultun əsasını təşkil edən şamanlıq da mümkün deyildi. Doğrudur, nəzərdən keçirdiyimiz mətnlərdə cadugər və fəriştələr haqqında müəyyən xatırlatmalar hələ qalmaqdadır, lakin onlara şaman funksiyası müncər etməzdən əvvəl, bu cadugər və fəriştələrin nə ilə məşğul olduqlarını dəqiqləşdirmək lazımdır.

Firdovsinin «Şahnamə» poemasında Herat yaxınlığında türkyutlarla (müəllif onları Çin türkləri adlandırır) İran sərkərdəsi Bəhram Çubinin vuruşması haqqında hekayə var. Şairin haqqında söz açdığı epizod bir sıra digər mənbələrlə–Təbərinin, Səəlləbinin, Balaminin, Mirxondun, Sebeosun əsərləri, VII əsrin Suriya və X əsrin İran anonim mənbələri ilə tutuşdurulmuşdur. Bu müqayisələr əsasında məlum olmuşdur ki, Firdovsi də yuxarıda adları çəkilən müəlliflərin əsaslandıqları ilkin mənbələrdən faydalanmış, həm də onlara nisbətən dəqiqliyə daha çox riayət etmişdir. Firdovsinin hekayətində başqa müəlliflərin nəzərdən qaçırdıqları, bizim üçün isə son dərəcə əhəmiyyətli olan bir sıra detallar var. Şair türkyut cadugərliyini və cadugərini təsvir edir. Həlledici döyüş ərəfəsində Bəhram Çubin dəhşətli yuxu görür. O, görür ki, türklər şirə çevriliblər, qoşunları darmadağın edilib, düşmənlər Ktezifonun yolunu tutublar, o özü isə at istəyə-istəyə piyada yol gedir. Nəhs əlamətlərə baxmayaraq Bəhram döyüşə girir. Türklər farsları qorxutmaq üçün cadugərliyə əl atırlar. Cadugərlər göy üzünə alov tullayırlar, həmin alovdan dəhşətli külək və qara buludlar yayılır. Buludlardan isə farsların başına ox yağmağa başlayır. Lakin Bəhram qışqırır ki, bu sadəcə yalandır, əslində heç bir ox yoxdur, cadugərlər öz istədiklərinə çata bilməyiblər. Farsların qələbəsi ilə qurtaran döyüşdə türkyut cadugəri də əsir tutulur. O, dəhşətli yuxunu Bəhrama göndərdiyini etiraf edir. Əgər hekayənin türk mənşəyi etnoqrafik paralellərdə dəqiqləşdirilməsəydi, Firdovsinin təsvir etdiyi epizodu fars əfsanəsi kimi də qəbul etmək olardı.

Yueban ilə bağlı hekayədə soyuq və yağış çağıra bilən cadugər haqqında danışılır. Jujanlarla müharibə vaxtı Yueban cadugərləri qar fırtınası çağırmış və onu düşmənin üstünə yönəltmişdilər. Jujanlardan o qədər adamı don vurmuşdu ki, onlar hərbi yürüşü yarımçıq qoyub evə qayıtmağa məcbur olmuşdular. Qriqori Turski də eyni əfsanə haqqında məlumat verir. Avar-frank müharibəsi zamanı avar cadugərləri dolu qarışıq fırtına çağırmışdılar. Üstəlik onların iradəsi ilə firəng düşərgəsinə ildırım düşmüş, nəticədə firənglər məğlub edilmişdilər. Nəhayət, belə sehrli üsullardan istifadə naymanlara da şamil edilir. Rəşidəddin xəbər verir ki, Camuxa başda olmaqla tayfalar ittifaqının Çingiz xanın üzərinə yürüşü zamanı (1201-ci ildə) nayman cadugərləri fırtına çağırmış, lakin onun hərəkətini düzgün hesablamadıqlarından təbii fəlakət özlərinə qarşı çevrilmiş və Çingizin qələbəsinə mühüm kömək göstərmişdi.

Bütün bu əfsanələrin kökü cadugərlik vasitəsi ilə havanı idarə etməyin mümkünlüyünə inamdan irəli gəlir. Müəlliflərdən yalnız Firdovsi kütləvi hipnozun mövcudluğunu ehtimal edərək əfsanədə rasional toxum axtarmağa çalışır. VI—XII əsrlərdə türklərdə və monqollarda bu etiqadların mənşəyinin necəliyindən asılı olmayaraq söhbət qətiyyən köməkçi ruhların çağırılmasından deyil, simpatik magiyadan gedir, yəni türkyut terminologiyasından istifadə etsək biz burada kamanı (şamanı) deyil, yadaçını (cadugəri) görürük. Yada (cadu) vasitəsi ilə XX əsrə qədər inəyin, atın, yaxud qabanın mədəsindən çıxarılmış daşa əfsun oxumaqla yağış çağırmaq üçün istifadə olunurdu. «Yadanın» təsiri ruhların çağrılması ilə bağlı deyil, onların köməyinə də ehtiyac yoxdur. Burada biz şaman spiritualizmi ilə heç bir genetik əlaqəsi olmayan simpatik magiyanın tipik nümunəsi ilə qarşılaşırıq.

«Yada» haqqında ilk məlumat VII əsrdə yaşamış naməlum Suriyalı rahibin xronikasında öz əksini tapıb. Burada Mərvli patriarx Eliasın dövründə, yəni bizi maraqlandıran dövrdə baş vermiş hadisələr təsvir olunmuşdur. «Yada» sözünün özü fars dilindən götürülüb və «cadugər», «sehrbaz» mənalarında işlənir. «Şaman» sözünün İranda məlum olmasına baxmayaraq Firdovsi türkyut cadugərini məhz «yada» adlandırır. Bundan əlavə, Firdovsi cadugərliyin göyə alov atılması yolu ilə həyata keçirildiyi barəsində məlumat verir. Bu xüsusiyyət paralel məlumatlarla da təsdiq olunur. Menandr Zemarxın başçılığı ilə türkyut xanının yanına yollanan səfirlik (568-ci il) haqqındakı hekayətində təmizləyici preventiv cadugərliyin bizim diqqətimizi çəkən nümunəsini gətirir: «Bu tayfadan olan bəzi adamlar deyirdilər ki, guya onlar bədbəxtliyi qova bilərlər. Zemarxın yanına gəldilər, romalıların özləri ilə gətirdikləri şeyləri götürdülər, onların hamısını bir yerə topladılar, sonra sidr budaqlarından tonqal qaladılar və iskit dilində nə isə barbar sözlər pıçıldamağa başladılar. Eyni zamanda zəng səslənməyə və həmin şeylərin üzərində qaval zərbələri eşidilməyə başladı. Onlar sidr budağını fırladır, budaq isə odun hərarətindən çatıldayırdı. Artıq cəzb vəziyyətində olan bu adamlar isə hədə-qorxu gələrək yanan ruhları qovurdular. Deyirdilər ki, onların yad ruhları qovub adamları şərdən xilas etmək qabiliyyəti var. Guya bütün fəlakətləri qovandan sonra onlar Zemarxın özünü də tonqal üstündən keçirdilər və bu vasitə ilə özlərini də təmizlədilər.

Yalnız od vasitəsi ilə təmizləndikdən sonra Zemarx xanın yanına buraxıldı».

İlk baxışdan biz burada kamlaniya ünsürləri görürük: cəzbolma, qavalçalma və s. Lakin səhnəni diqqətlə nəzərdən keçirdikdə həmin fikir sıradan çıxır. Əslində burada çağırış yox, bəd ruhları odun müqəddəs qüvvəsi ilə qovmaqdan danışılır, başqa sözlə desək, spiritualizm yox, magiya mövcuddur. Bəd ruhları odun köməyi ilə qovmaq haqqındakı təsəvvür Avstraliyadan tutmuş Bavariyaya qədər geniş bir ərazidə yayılmışdır və heç bir cəhətdən müstəsna, yaxud orijinal sayıla bilməz. Eyni etiqadı biz XIII əsrdə rus knyazlarını odun təsiri ilə təmizlənməyə məcbur edən monqollar, habelə tonqala zibil deyil, yalnız səliqə ilə doğranmış odun parçaları atan müasir buryutlar arasında da tapırıq. Sözün qısası, oda pərəstiş həm forması, həm də mənası etibarı ilə ruhların çağrılması ilə tam ziddiyyət təşkil edir.

F.Ratselin Mərkəzi Asiyadakı od kultunun zərdüştiliklə əlaqəsi haqqındakı ehtimalı da həqiqətdən uzaqdır. Çünki burada yalnız zahiri bənzərlik var. İranda möbüdan – möbüd müqəddəs oda yaxınlaşarkən sifətinə örtük taxırdı ki, nəfəsi ilə odu murdarlamasın, türkyutlarda isə od vasitəsi ilə bəd ruhları, yəni dünyadakı ən şər qüvvələri qorxudurdular. Məsələ burasındadır ki, İranda od dini sitayiş obyekti, türkyut tayfalarında isə magiya vasitəsi idi, yəni əslində onların arasında heç bir oxşarlıq müşahidə olunmurdu. İndi biz əsas məsələyə lap yaxınlaşmışıq – bəs şamanların «qara dini», ruh – köməkçilərin kultu hardadır?

Yuxarıda gətirilən məlumatların təhlili göstərir ki, VI—VII əsrlərdə türkyutlarda bu sistem mövcud deyildi. İstər «kam» termini, istərsə də «kamlanie» özü ilk dəfə XII əsrdə qeydə alındığından Cunqariya və Altay türkləri arasında kamlaniniya VII—XII əsrlər arasında meydana çıxması fikrinə üstünlük vermək zəruridir. Həqiqətən də, VI—IX əsrləri əhatə edən epoxa Mərkəzi və Orta Asiya xalqlarının mədəniyyətində böyük sıçrayışlarla səciyyələnir.

53.Müasir altay şamanistləri ruhları iki dərəcəyə ayırırlar – «tos» əbədi mövcudluq ruhları və «yaadan neme» (hərfən «yaradılmış bir şey») —ölmüşlərin ruhları. Yalnız toslara dini ehtiram göstərilir, mərhum şeytan hesab olunur. «Heç şeytana da ibadət edərlərmi?» (altaylı Kulyazin).

Ücretsiz ön izlemeyi tamamladınız.

₺96,86

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
14 s. 23 illüstrasyon
ISBN:
978-9952-8448-9-4
Telif hakkı:
JekaPrint
Metin PDF
Ortalama puan 4,3, 25 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 4,3, 25 oylamaya göre