Kitabı oku: «Nar çubuğu», sayfa 4
–Təslim olun! – Sanki nərə çəkib bağırdım və gözləmədən avtomatı işə saldım.
Güllələr sakit dəniz sahilini səsləndirdi, məni karıxdırdığı kimi qayıqçını da qorxutdu. Elə bu an mühərrik işə düşdü və qayıq sürətlə sahildən uzaqlaşdı. Dönüb baxdım ki, Seymur yoxdur.
Yox! O, qayığa çata bilmədi, buna yüz faiz əmindim. Qayıq onsuz getmişdi. Bəs onda Seymur hara yoxa çıxdı?
Elə bu vaxt sol tərəfdə daha iki qayıq göründü, sürətlə dayandığım yerin qabağına gəlirdilər. Diqqətlə baxdım, biri ayrılıb sahildən uzaqlaşmaqda olan qayığın arxasınca şütüyürdü, o biri isə mənə tərəf gəlirdi. Mənə tərəf gələn qayıq sahilin iki-üç metrliyində dayandı və qayıqdakılar düşüb sahilə çıxdılar. Dərhal tanıdım – onlar bizimkilər idi, Dəstə qərargahından gəlmişdilər. Xüsusi olaraq kəşfiyyatın rəisi mayor Fərmanovu tanıdım və cəld onu qarşılamağa qaçdım.
–Sən nə etdin? – O, məni dinləmədən məzəmət etməyə başladı. – Gül kimi əməliyyat qurmuşduq, naşılığınla onu pozdun. Biz onların ikisini də iş başında yaxalamalıydıq.
Heç nə demədim? Nə deməliydim ki? Əlimdə saz silah ola-ola ikisini də buraxmışdım, yoxa çıxmışdılar.
Mayor Fərmanovla gələn əsgərlər qamışlıqları axtarmağa başladılar. İndi yadıma düşdü ki, telefonu səssizlik rejiminə qoymuşdum. Cibimdən çıxardıb baxdım – səkkiz zəng cavabsız qalmışdı. Təcili gizir Həsənovu yığdım.
–Bəli, cənab baş leytenant!
Gizirin səsini eşidər-eşitməz komanda verdim:
–Zastavaya həyacan siqnalı ver. Sərhəd mühafizəsini gücləndir. Ehtiyat qrupu isə təcili bura göndər.
–Baş üstə!
–De, polis bölməsinə də xəbər versinlər.
Sözümü yekunlaşdırıb telefonu bağladım və səssizlik rejimindən çıxartdım.
On beş dəqiqədən sonra ehtiyat qrup gəlib çıxdı. Mayor Fərmanovla birlikdə geniş müstəvidə ətrafın axtarışını təşkil etdik.
Təxminən bir saatdan sonra rayon polis bölməsinin bir zabit və on iki nəfər polis çavuşu olmaqla əməliyyat qrupu gəlib çatdı. Onların gəlişi ilə qayıqda qaçmağa cəhd göstərən İran vətəndaşı da qayığı ilə bərabər tutulub gətirildi. Sərhəd pozucusu – İran vətəndaşı qısa sorğu-sual olundu. Qayıqda da heç nə yox idi, ya izləndiyini görüb dənizə boşaltmışdı, ya da Seymurla əvvəlcədən hardasa gizlətmişdilər.
–Babam, mən heç bir Seymur-zad tanımıram. – deyib dirəndi.
–Yaxşısı budur, xoşhaxoşluqla boynuna al. Yoxsa cəza tədbirlərinə əl atmalı olacağıq.
–Mən hər şeyi olduğu kimi deyirəm, zopa yemək istəmirəm. Mənə demişdilər ki, burda Cəfər adlı biri səni gözləyəcək. O taya çiyələk aparacaqdıq. Mən də gəlib burda gözlədim.
–Bəs niyə Seymuru görən kimi mühərriki işə salıb qaçdın?
–Mən heç kimi görmədim. Güllə səsi eşidib qaçdım.
–Malı hara boşaltmısınız?
–Babam, nə mal? Mən dedim axı, çiyələk aparacaqdıq. Gözlədim, Cəfər gəlib çıxmadı.
–Bu neçənci dəfəydi gəlirdin?
–Birinci.
–Gözünün içinə kimi yalan deyirsən. Ərazini birinci dəfədən belə dəqiq tanımaq olmaz.
Cəfər Nailə arvadın oğlanlarından birinin adı idi. Görünür, Seymur onun adına yazılmış sənədlərlə hərəkət edirmiş. Bir də pulun üstündə də “Cəfər” yazılmamışdımı? “Qoç igid dayısına oxşar” bir vaxtlar əbəs yerə belə deməmişdilər. Sən demə indi baş-ayaq olan dünyada hər şeyin dadı qaçıb, hər şey dəyişib. İndi dayılar bacıoğlanlarına oxşamağa çalışırlar.
Elə ki, İran vətəndaşı ilə sorğu-sual “yekunlaşdı”, onu polis işçilərinə təhvil verdik. İki nəfər polis çavuşu maşınla onu bölməyə apardı. Qalan polis zabiti və nəfərləri isə əməliyyat – axtarış işlərinə cəlb olundular.
İki saat ərzində hər yeri ələk-fələk elədik. Seymur tapılmadı, sanki yer yarılmışdı, yerə girmişdi. Özümü qınamağa başladım. Biz axı niyə siqaret çəkdik? Bilə-bilə ki, bu kənddə heç kim siqaret çəkmir, biz siqaret çəkib otağı tüstüyə hopdurduq. Seymur da siqaretin iyindən bildi ki, burada yad adam var, özü də nabələddir.
Seymur Əlixanovun sol qolundan, əzələ hissəsindən yaralamışdı. Yəqin ki, bıçağı ürəyinə sancmaq istəyirmiş, qoluna girib. Yaxşı ki, çavuş Nağıyev ordaydı. O, köməyə çatandan sonra qanaxmanı dayandırıblar. Zastavaya gələndən sonra feldşer tibbi yardım göstərib.
Nailə arvad əvvəlcə heç nə demək istəməsə də sonra hər şeyi boynuna alıb. Seymurun nə işlə məşğul olduğunu, narkotikləri haradan gətirdiklərini, kimlərə satdıqlarını, hətta harada gizlətdiklərini – hamısını bitdə-bitdə sadalayıb.
Bunları mən zastavadan köməyə gələn ehtiyat qrupun başçısı çavuşdan öyrəndim, o zastava baş çavuşunun köməkçisiydi deyə, çox vaxt zabitlərin, gizirin yanında, onlarla bir yerdə olurdu və mühüm məsələlərin həllində yaxından iştirak edirdi.
Dur! Deyəsən, mən nə isə tapdım. Nailə arvad Seymurun narkotik maddələri təxmin etdiyim kimi, həyətdəki ot tayasının altında yox, haradasa başqa yerdə, elə buralarda gizlətdiyini deyibmiş.
Bunları fikirləşməkdə ikən mayor Fərmanov məni yanına çağırdı.
–Sən Seymuru doğrudanmı buradək qovdun?
O, artıq mənim dediklərimə şübhəylə yanaşmağa başlayırdı. Başlayırdı yox, yanaşırdı. Başqa cür necə ola bilərdi?
“O, gəldi… Əlixanovu yaraladı… Nağıyevin badalağından səndərlədi… amma yıxılmadı… Ot tayasının üstünə çıxıb… həyətdən çölə tullandı… və dənizə tərəf qaçdı… Mən qovdum… Dənizə çatmağa az qalmış… qayıq gördüm… Güllə atıb təslim olmalarını tələb etdim… Qayıq uzaqlaşdı… o, isə yoxa çıxdı…”
Burada hansı şübhələnmələrdən söhbət gedə bilərdi? Bəlkə, yuxu görürmüşəm..?
Olub keçənləri bir daha xatırladım. Bu nə yuxu deyildi, nə də xülya… Bu, bir gerçəklik idi…
…Artıq günorta olmuşdu, hələ bir az o tərəfə də keçmişdi. Biz isə Seymurun izinə də düşə bilməmişdik. Axtarış altı saatdan çoxdu ki, davam edirdi. Nədənsə, mən çox arxayındım. Daxilimdə bir ümid çırağı şölə saçırdı. Sanki onu özüm gizlətmişdim, indicə gedib tapacaqdım. Amma harda gizlətmişdim, bax, onu yadıma sala bilmirdim.
Bu arada mayor Fərmanov toplanmaq əmri verdi, nahar vaxtı olsa da heç nə hazırlamamışdıq. Zastavada isə polisləri və Dəstə qərargahından gələnləri yedirdə bilməzdik, buna yuxarıdan əmr gəlməmişdi, mən də belə bir səlahiyyət sahibi deyildim.
Mayor Fərmanova yaxınlaşıb əsgərlər toplanana kimi beş yüz metr məsafədə yerləşən hündür sərhədçi qülləsinə gedib qayıdacağımı bildirdim və iti addımlarla həmin istiqamətdə yollandım. Təxminən yeddi-səkkiz dəqiqədən sonra artıq qüllənin yuxarısındaydım. Keşikçi əsgər hərtərəfli məruzə elədi. Sən demə, o, səhər növbəsində olub və bizi görürmüş. Nə fayda ki, günahkarın necə yoxa çıxdığını izləyə bilməyib.
Mən durbini ondan alıb ərazini müşahidə etməyə başladım. Kənddən necə aralaşmışdıq, hansı cığırla gəlmişdik, harada Seymur dayanıb məni gözləmişdi, harada mən qayığı görüb atəş açmışdım… bütün detalları indi durbinlə izləyə-izləyə “gəlirdim”. Bax, budur, burda, məhz bu yerdə Seymur yoxa çıxdı. Yerəmi girdi, göyəmi çəkdilər onu? Bu, bir an məsələsi idi. Seyrək qamışlıq su ilə əhatə olunurdu. Seymur uzağa qaça bilməzdi. Hardadırsa, buralarda gizlənib. Amma necə gizlənib, harda gizlənib?
Durbinlə seyrək qamışlığa və əhatə olunduğu gölməçəyə nəzər saldım. Hər şey qaydasında idi. Suda qurbağa, balıq tərpənişi də yoxdu ki, şübhələnəsən, eləcə lal durmuşdu. Bir-bir qamışları nəzərdən keçirdim. Xəzərin sərin mehi onları sığallayır, tərpədir, yırğalandırırdı.
Qamışlardan biri fərqliydi, o birilərdən balacaydı, elə bil ki, ortadan qırılmışdı. Bunu kim qırmış olar? Gölməçəyə kim girib ki, qamışı da qırsın? Ola bilər! Ovçulardan kimsə ördəkdən, qaşqaldaqdan vurub, o da gölməçəyə düşüb, ovu götürəndə qamışı qırıb.
Qamışı gözdən qoymurdum. Ürəyimə dammışdı ki, bu qamışda nə isə bir sirr var. Diqqətlə baxırdım. Bu nədir? Qamış qeyri-adi tərpənirdi, başqa qamışlar kimi Xəzərin mehindən xumarlanıb yırğalanmırdı. Bəlkə gödəkliyindən, qırıqlığındandı?
Durbini gözümdən aralayıb keşikçi əsgərə verdim.
–Al. O qamışlığa sən də bir diqqətlə bax. Gör nə görürsən?
Keşikçi əsgər durbini aldı.
–Elə mən də oradan şübhələnirəm. Amma bir qərara gəlib heç nə deyə bilmirdim. Siz qovduğunuz adam hardasa oralarda yoxa çıxdı.
Keşikçi əsgər bir xeyli durbinlə baxdı, baxdı…
–Cənab baş leytenant! Qamışların hamısı bir tərəfə yırğalanır, qırıq qamış da başqa tərəfə. Bu necə ola bilər?
–Səncə necə olmalıdır?
Keşikçi əsgər durbini gözündən aralayıb çiyinlərini çəkdi.
–O biri qamışlar uzundur, Xəzərin mehi onları sığallayıb gah dənizə çəkir, gah da meşəyə tərəf itələyir. Qırıq qamış isə…
Gülümsədim və keşikçi əsgərə göz vurdum, sanki hər şey qaydasındadır.
–Düz tapmısan, – dedim. – Diqqətli ol, bircə o qırıq qamışı gözdən qoyma.
Daha dayanıb gözləyə bilməzdim. Hər tərəfi axtarmışdıq, son ümid yeri olan qırıq qamışı da yoxlamalıydıq. Mənə elə gəlirdi ki, Seymur ordadı. Başqa cür ola bilməzdi. Qırıq qamışın ağzından ilğım qalxırdı. Sentyabr havasında bu çox cüzi də olsa hiss olunurdu.
Qüllədən enməyimlə gölməçəyə tərəf götürülməyim bir oldu. Gecəni yuxusuz qaldığımdan yorğun və əzgin idim. Ayaqlarım güclə məni çəkib aparırdı. Ora çatanda demək olar ki, hamı toplaşmışdı. Qaçaraq gəldiyimdəndi, yoxsa aralarında barəmdə nə söhbət olmuşdusa, mənə qəribə baxırdılar. Özümü mayor Fərmanovun bərabərinə çatdıranda tövşüyürdüm.
–Cənab mayor! – dedim. – O, burdadı, heç hara gedə bilməz.
Mayor Fərmanov qəzəbli-qəzəbli məni süzdü. Təmkinini pozmadan qolundakı saata baxdı – ikinin yarısıydı. Mən onun nə demək istədiyini anladım. Hardasa beş saatdan çox vaxt keçmişdi ki, biz onu axtarırdıq. Buralarda olsaydı, indiyədək üzə çıxmışdı, tapılmışdı. “Nə nağıl danışırsan?” Mayor Fərmanovun baxışlarından bunu oxudum.
Beş saatdan çox idi ki, o, sudaydı. Qamışla nəfəs alırdı. Bu da mənim nağılım, mənim qənaətim idi.
–Necə burdadı? Sən nə danışırsan? – Mayor Fərmanov təəccübünü gizlətmədi, bir az da əsəbi soruşdu.
Mən ona düşündüklərimi izah elədim. Əvvəlcə razılaşmaq istəmədi. İlk olaraq özümün suya girəcəyimi bildirdim və hərəkətə keçdim. Daha üç nəfər öz zastavamızdan olan əsgər mənə qoşuldu. Mayor Fərmanov daha heç nə demir, həyəcanla işin gedişatını gözləyir, sakitcə bizim hərəkətlərimizi izləyirdi.
O, indi bizə heç nə etməyəcəkdi, edə də bilməzdi. Sentyabr ayının suyu onun əhədini kəsmişdi, bəlkə də yarımcan olmuşdu. Suya ilk girdiyim kimi ilk olaraq da üzüb qırıq qamışın yanına çatdım. Qamış ətrafda olan qamışlardan bir az yoğun idi, elə bil bura qamışı deyildi, hardansa gətirilmişdi. Tutub özümə tərəf çəkdim. Qırıq qamış əlimdə qaldı, dartıb sudan çıxartdım, fikirləşdiyim qədər gödək deyildi. Bir an karıxıb qaldım, səhv etdiyimi düşündüm. “Yaxşı, bəs bu qırıq qamış niyə burdaydı? Bunu bura kim gətirib sancmışdı?”
–Cəld olun! Onu xilas edin, indicə boğulacaq!
Elə qışqırdım ki, əsgərlərin üçü də birdən suyun altına baş vurdu.
Bir neçə dəqiqədən sonra Seymuru sahilə çıxartdıq – o, huşsuz vəziyyətdə idi. Başıaşağı uzadıb ayaqlarını yuxarı qaldırdıq, mədəsinə dolmuş suyu boşaltdıqdan sonra ayıldı.
Xeyli rahatlandım. Kənara çəkilib bir siqaret yandırmaq istədim. Siqaret qutusu tamamilə islanmışdı. Əlimdə əzib onu suya tulladım. Bunu izləyən mayor Fərmanov mənə yaxınlaşdı, siqaret uzatdı.
–Al çək! – dedi. – Bir də paltarından su süzülür, sətəlcəm olarsan, get qurulan. – Əli ilə yaxınlıqdakı yılğın kollarını göstərdi, indi orda mənimlə suya girmiş əsgərlər paltarlarının suyunu sıxırdılar.
–Yox, istəmirəm. Bir daha siqaret çəkməyəcəyəm. Az qala siqaretin güdazına gedəcəkdim.
Bunu mən mayor Fərmanova demirdim, özüm-özümə söz verirdim.
–Yaxşı işinə görə çox sağ ol. Özbaşına əməliyyat hazırlayıb mərkəzin planına maneə yaratdığına görə töhmət elan edirəm!
Mayor Fərmanov ciddi görkəm alıb ikimizin eşidəcəyi tərzdə bunu dedi, məni sərt cəzalandırdı. Durub onun üzünə baxdım, nə deyəcəyimi bilmədim, heç o halda da deyildim.
–Gerisini komandana məruzə olunandan sonra biləcəksən. Görək, komandan nə qərar qəbul edəcək. İndi isə əsgərlərini də götür, get zastavaya.
Bir anlıq quruyub qaldım, elə bil beynim donmuşdu, nə isə çatışmırdı.
–Dayanın! – Çox ucadan səsləndim, heç özüm də bilmədim niyə belə qışqırdım. – Əməliyyat sona çatmayıb. İki bədheybət yaxalasaq da onların əməllərini ifşa edəcək maddi sübut tapılmayıb.
Bunu deyib gölməçəyə cumdum. Üzə-üzə bayaqkı yerə gəlib çatdım. Dərindən nəfəs alıb suyun dibinə getdim. Yanılmamışdım. Suyun dibində üç qara torba vardı. Çatmağımla birinin qulpundan yapışıb üzə çıxmağım bir oldu. Yox, hələ tam yorulmamışdım, canımda can vardı. Üzə-üzə qayıdıb sahilə çıxdım. Qara sellafon torba mənə tanış gəlirdi. Bu torbalardan son vaxtlar televizorda tez-tez göstərirdilər.
O biri torbalar da sudan çıxarılandan sonra mayor Fərmanov Seymurla birlikdə qara torbaları da götürüb gəldikləri qayıqla mərkəzə doğru yola düşdülər. Polislər də sağollaşıb gəldikləri maşınla geri qayıtdılar. Sahildə bir o İran vətəndaşının qayığı qaldı, bir də biz. Daha heç bir söz demədən əsgərləri də götürüb xidmət yerimizə – bizə doğma ev qədər əziz olan zastavamıza yollandım. Bizim üçün indi ordan isti guşə yox idi.
…Zabit kimi xidmət etdiyim üç ildə təltiflərim çox olmuşdu. Mayor Fərmanovun elan etdiyi “töhmət” isə birinci cəzam idi – ancaq, nədənsə bütün təltiflərdən şirin gəlirdi mənə…
Köhnə il hara gedir?
Onlar Yeni il şənliyindən çox şən qayıdırdılar. Elə bil şənliyin bitməsini heç istəmirdilər. Xüsusən də balaca Azər, sevincindən yerə-göyə sığmırdı.
"E…he..hey…", – deyə Şaxta baba tez-tez ucadan səslənir, kiminsə adını çəkirdi. Şənlikdəkilər möcüzə gözləyirmiş kimi onu coşqu və heyrətlə alqışlayırdılar. Öz adı çəkiləndə Azər qulaqlarına inanmadı. Elə bildi ki, kimdirsə başqa adamdır. Amma Şaxta baba ikinci dəfə, daha ucadan və qəribə bir səslə səslənəndə inandı.
– E…he…hey!.. Hardadı mənim sevimli nəvəm Azəəərr Bahadurlu?!
Azər anasına baxdı, üzündə təbəssüm görcək sevinci bir az da artdı, tez başa düşdü ki, çağırılan özüdür. Anasının işarəsi ilə Şaxta babaya tərəf yüyürdü. Qar qızla Şaxta baba yanaşı dayanmışdılar. Azər birinci dəfəydi ki, onları belə yaxından görürdü. Dayandı, nə edəcəyini bilmirdi. Şaxta baba özü yaxınlaşıb onun başını sığalladı.
– Mənim Azər balam.
Mənim ağıllı və qoçaq nəvəm.
Uca dağlar aşmışam,
qarlı aşırımlar dolanmışam,
çox ellərdən keçmişəm,
gəlib sizə yetişmişəm.
Nəvələrimə hədiyyə gətirmişəm.
Azər hədiyyə torbasını alan kimi anasının və balaca bacısının yanına qaçdı. Hər ikisi sevincək onu gözləyirdilər. Anası oğlunu bağrına basdı. Bacısı Burlaxatun da onu qucaqladı.
–Tez ol, torbanı aç, görək Şaxta baba sənə nə hədiyyəsi qoyub, – bacısı onu tələsdirdi.
–Yox, açmayacağam. Evə gedərik, atam da gələr, birlikdə açıb baxarıq. – Azər inadkarlıq göstərdi.
– Hədiyyələrin çox olsa… birini mənə verərsən? – Burlaxatun astadan mızıldandı.
Azər özünü eşitməməzliyə vurub Şaxta babanın növbəti hərəkətlərinə baxırdı. Cavab almadığına məyus olan Burlaxatun anasına qısıldı.
– Ana, ana…
– Səbrin olsun, qızım. – Anası Sarıtel onu sakitləşdirməyə çalışdı. – Bəlkə Şaxta baba sənə də hədiyyə gətirib?
Amma Şaxta baba onu çağırmırdı ki çağırmırdı. Sarıtel uşaqlardan daha çox narahat olmağa başladı.
–Eybi yoxdur, qızım. Heç narahat olma. Əgər Şaxta baba sənə hədiyyə verməsə, atana deyərəm, o sənə hədiyyə alıb gətirər.
–Atamın hədiyyəsini istəmirəm, o mənə həmişə hədiyyə alır. Şaxta babanın hədiyyəsini istəyirəm.
–Yaxşı, qızım, hələ hədiyyələr qurtarmayıb, özün görürsən ki, Şaxta baba hədiyyə paylayır.
– O mənim adımı haradan biləcək?
– Ona da Şaxta baba deyərlər. Əgər o, sizin adınızı bilməsəydi, olardı hamı kimi adi adam. Onda heç ona Şaxta baba deməzdilər.
Hədiyyələr qurtarmaq üzrəydi. Bir azdan "yallı" oynanılacaqdı və bununla da yeni il şənliyi başa çatacaqdı. Birdən Şaxta babanın tükürpədici səsi salonu başına götürdü.
–Harda qaldı mənim balaca Buu…rla…xatuu…n nəvəm!
–Ana, məni çağırır? – Qızcığaz sevincək anasından soruşdu.
–Əlbəttə, səni çağırır. Qorxma, get!
Beş yaşlı Burlaxatun Şaxta babaya tərəf yüyürdü. Şaxta baba onun da başını sığalladı, qucağına alıb yuxarı qaldırdı, alnından öpdü və qaytarıb yerə qoydu. Sonra üzünü Qar qıza tutub dedi:
–Ver mənim Burlaxatun nəvəmin hədiyyəsini!
Burlaxatun hədiyyəsini alan kimi anası və qardaşı duran tərəfə qaçdı. Sarıtel qızını qucağına alıb əzizlədi:
– Ay mənim, səbirsiz balam.
– Ura.., ura… – Azər də bacısının hədiyyə almasına sevinirdi.
Sonra əl-ələ tutub yallı getdilər və günortadan az sonra evə gəlib çıxdılar. Yemək yeyəndən sonra Sarıtel dedi:
– Mən indi bazara gedirəm. Siz sakitcə oynayın, amma dalaşmayın. Yaxşımı?
– Nə oynayaq? – deyə səkkiz yaşlı Azər soruşdu.
– Yaxşısı odur, rəngli karandaşlarınızı götürüb şəkil çəkin.
– Ura! – Hər ikisi sevincək cavab verdi.
Sarıtel çıxmaq istəyirdi ki, Azər soruşdu:
– Ana, bəs nə şəkli çəkək?
–Sən Yel babanın şəklini çək, başının çalmasıynan, əlinin süpürgəsiynən, dəyənəyiynən, Burlaxatun isə nallı dovşan şəkli çəksin, tükləri upuzun, qulaqları pələqulaq, yəni biri sallanmış, gözləri çəp, nalı da ayaqlarından yekə. Azər, özünüzü yaxşı aparın, dalaşmayın.
Sarıtel dediklərini həm də əl işarələri ilə başa salıb getdi.
Uşaqlar bir müddət şəkil çəkməklə məşğul oldular.
– Sabah da köhnə ilin şənliyi olacaq? – deyə Burlaxatun qardaşından soruşdu.
– Sabah köhnə ilin şənliyi necə ola bilər?
– Mən istəyirəm ki, hər ilin son günü köhnə ilin şənliyi olsun. Özü də Şaxta baba və Qar qızla.
–Sən nə danışdığını bilirsən? Bu gün elə köhnə ilin son günüdür ki, Yeni il şənliyi keçirirlər.
– Bəs sonra nə olacaq?
– Sonra da köhnə il çıxıb gedəcək, yerinə yeni il gələcək.
– Köhnə il hara gedəcək?
–Mən nə bilim hara gedəcək? – Azər az qaldı hirslənsin. Amma bacısının bu sualı onu yaman düşündürdü. "Doğrudan da, görəsən, köhnə il hara çıxıb gedir?" – Yəqin ki, çıxıb meşəyə gedəcək, qarlı dağlara, lap uzaqlara gedəcək.
Uşaqların başı şəkil çəkməyə necə qarışdısa, bir də qapının açılmasına başlarını qaldırıb dönüb baxdılar. Sarıtellə Bayram qucaqları sumkalarla dolu içəri girdilər.
– Ura!!! Atam gəldi, atam gəldi. – Uşaqlar sevinclərini gizlətmədilər.
– Tez hazırlaşın, gedirik! – Bayram uşaqları tələsdirdi.
– Hara? Ata, hara gedirik? – Azər soruşdu.
– Kəndə, babangilə, yeni ili qarşılamağa. Nənənlə baban sizi çoxdan gözləyirlər.
– Ata, yeni il gələndə bəs köhnə il hara gedir? – Burlaxatun soruşdu.
– Hələ ki babangilin kəndinə gedir. Ordan da hara getdiyini nənəndən soruşarsan.
Tələsik hazırlaşıb evdən çıxdılar. Maşına oturub yola düşdülər. Kənd yoluna çıxmışdılar ki, Burlaxatun soruşdu:
– Ata, Azər deyir ki, yeni il gələndən sonra köhnə il çıxıb meşəyə, başı qarlı dağlara, görünməyən uzaqlara gedəcək. Düzmü deyir?
– Mən bilmərəm, onu kəndə çatanda nənəndən soruşarsan. – Bayram gülümsündü.
– Biz kəndə çatana kimi köhnə il çıxıb getməz? – Burlaxatun elə həvəslə soruşdu ki, bu Bayramın özünə də çox maraqlı göründü.
– Yəqin ki, yox. – Gülə-gülə də cavab verdi.
– Onda möhkəm sür, biz gedib köhnə ilə çataq.
Bir az da getmişdilər ki, Azər oturacaqdan ayağa qalxıb atasına tərəf əyildi. Ağzını onun qulağına dirədi ki, nə soruşduğunu anası ilə bacısı eşitməsin.
– Ata, bəs nənəmgilin kəndindən köhnə il çıxıb hara gedəcək?
Bayram çiyinlərini çəkdikdən sonra Azər yerində oturdu və o da səbirsizliklə kəndə çatacaqları anı gözləməyə başladı. "Yəqin, babamla nənəm köhnə ilin hara çıxıb getdiyini bilərlər", – deyə düşünə-düşünə gözünü yola zillədi.
Timsah dərili ayaqqabı
Unudulmaz müəllim Mir Cəlal Paşayevin əziz xatirəsinə
Bu əhvalat XX əsrin səksəninci illərində, təxminən qırx il əvvəl baş verib. Ötən müddət ərzində şəxsən mən özüm bunu müxtəlif yerlərdə, bəlkə də, dörd yüz dəfədən çox danışmışam. Ağızdan-ağıza dolaşaraq təhriflərə, əlavə bər-bəzəklərə tuş gələn əhvalatı bəzən mənim özümə də danışırlar, özü də elə bəzək-düzəklə ki, adamın xoşu gəlir.
…Payız fəsliydi, universitetin birinci kursunda oxuyurdum. Bizim qrupda qızlar çoxluq təşkil edirdi, oğlanlar cəmi yeddi nəfər idi. Orta sırada arxa cərgədə əyləşirdim. Qarşımdakı partada Turanə otururdu, yanındakı qızın adı isə Cəmilə idi.
Turanə ilə qəbul üçün sənədlərimizi də birlikdə təqdim etmişdik, elə onda da tanış olduq. Heç ağlıma da gətirməzdim ki, bir yerdə oxuyacağıq.
Qəbul imtahanında da bir yerdə idik, hətta bir partada oturmuşduq. Qrupda da gəlib onu görəndə, lap ağlım başımdan çıxdı. Bu qədər təsadüfmü olardı?
Zöhrə qocam həmişə deyərdi ki, əgər bir qız bir oğlanın qabağına gözləmədiyi halda üç dəfə çıxırsa, bu onun qismətidir, qismətdən qaçmazlar. Qocamın sözləri beynimə hakim kəsilmişdi, lakin mən qismətimin hayında deyildim, Bakıya oxumağa gəlmişdim, mənə ali təhsil almaq lazımdı. Universitetdə oxumaq isə orta məktəbdəkindən qat-qat çətin idi. Dərsliklər hamıya çatmırdı. Kitabxanadakı dərs vəsaitlərini isə sən gələnə kimi kimsə götürürdü və günlərlə gözləməli olurdun. Müəllimlər də mühazirəni sürətlə oxuyub keçir, yazıb çatdırmaq olmurdu. Kimdənsə alıb köçürməyi də özümə sığışdırmırdım. Odur ki, bütün fikrim tədris prosesinə uyğunlaşmaq üzərinə yönəlmişdi, amma elə hey Turanəni də fikirləşirdim.
Turanə gülərüz, qarayanız, suyuşirin bir qız idi. Saflığı üzündən-gözündən oxunurdu, adamı ilk baxışda özünə cəlb edirdi. Çox astadan danışardı, deyəsən, bir az da utancaqdı, mənim kimi ünsiyyətdən qaçaqdı. Bir məğrur duruşu vardı, ciddi təsir bağışlayırdı. Danışanda yanaqları azca allanardı, bu onu daha yaraşıqlı, daha cəzbedici göstərərdi. Qrup qızlarının heç birində olmayan gur saçları çiyinlərinə tökülər, kürəyini ortasınadək örtərdi, o vaxtlar dəb idi saçları açıq saxlamaq. Saçlarının qəribə ətri vardı, bilmirəm ətir vururdu, yoxsa yuduğu şampunun rayihəsiydi, hər nə idisə, məni məftun edirdi. Bəzən dəqiqələrlə dərsdə olduğumu unudur, gözlərimi onun saçlarına zilləyib qalardım.
Ədəbiyyatşünaslığın əsaslarını Mir Cəlal müəllim aparırdı. Bu insan ilk tanışlıqdan mənə nəsə bir başqa təsir bağışlamışdı. Dərs boyu elə Turanə ilə mənə baxırdı. Çox qısa müddətdə başqalarına tərəf çönsə də, tez qayıdıb bizə tərəf baxar, dərsi davam etdirərdi. Hərdən gözümü ondan çəksəm də, baxışını daima başım üzərində hiss edərdim. Onda bizə qarşı bir doğmalıq duyulurdu, mənə elə gəlirdi ki, Mir Cəlal müəllimin simasında qədəm qoyduğumuz universitetdə özümüzə doğma, bizə çox əziz olan bir adamımızı tapmışıq.
İlk tanışlığımızdan Turanə də mənə xoş təsir bağışlamışdı, lakin özümü ona tay tuta bilmirdim, o, geyimindən imkanlı ailənin övladına oxşayırdı. Mənə elə gəlirdi ki, onun təkcə saçlarına vurduğu ətir mənim əynimdəki paltarlardan bahadır. Odur ki, tərəddüd edirdim; həm onunla ünsiyyət qurmaq istəyirdim, həm də yaxın durmağa qorxurdum.
Bir dəfə mühazirə zamanı Turanə mənə bir vərəq uzatdı. Karandaşla yazmışdı: "Qələmim evdə qalıb. Səndə əlavə qələm olmaz ki?". Çantamdan tez bir qələm çıxarıb, həmin kağızla bərabər ona uzatdım. Dinməzcə aldı, elə mənim verdiyim qələmlə "təşəkkür" yazıb kağızı yenidən mənə qaytardı. Uzun müddət həmin kağızı dəftərimin arasında saxladım.
Beləcə, günlər gəlib-keçirdi, mən isə Turanə ilə "salam, sağ ol"dan başqa heç cürə ünsiyyət qura bilmirdim. Həmişə ondan tez gəlib yerimdə əyləşər, dərs qurtaranda hamıdan sonra çıxıb gedərdim. Bunun da əsas səbəbi ayaqqabımın köhnə və yöndəmsiz olması idi. Birtəhər ötüşürdüm ki, bir azdan havalar soyuyacaq, atam qış ayaqqabısı alacaqdı. Qrup yoldaşlarımın çoxu o vaxt dəbdə olan timsah dərisindən ucubiz ayaqqabı geyinir, tənəffüsdə də o tərəf-bu tərəfə gəzişir, forslanırdılar.
Bir gün seminara hazırlıqdan danışırdıq, mənə də sual ayırmışdılar. Birdən Turanə arxaya çevrildi və mənə bükülü kağız uzatdı. Tez açıb baxdım. "Bu gün Mərkəzi Kitabxanaya gedəcəyik. Getmək istərdinmi?" İlişib qalmışdım, həm getmək istəyirdim, həm də bu yöndəmsiz, əyri, dabanları bir tərəf üstə sürtülüb sıradan çıxmış ayaqqabımla Turanənin yanına düşüb hara gedəcəkdim… Yox, gedə bilməzdim. "Siz gedin, vacib işim var, mən sonra gedərəm…". Elə həmin kağızın arxasına bu sözləri yazıb qaytardım. Turanə oxuyub kağızı dəftərinin arasına qoydu.
Mir Cəlal müəllim sinifdə asta-asta gəzərdi, o qədər asta ki, adamın yanından keçəndə ayaqqabısının səsi eşidilməzdi. Mənə elə gələrdi ki, ayaqqabısının döşəməsi padoş deyil, heç rezin də deyil, keçədir, axı padoş və rezin altlı ayaqqabı ilə necə bu qədər asta keçib getmək olar?
Heç yadımdan çıxmaz, bir gün seminarda o, Turanənin danışığını – cavabını çox diqqətlə dinləyir, adəti üzrə cərgələr arasında o tərəf-bu tərəfə gəzişir, heç nə demirdi. Nəhayət, Turanə hazırladığı cavabı izah edib yekunlaşdırandan sonra Mir Cəlal müəllim ona yaxınlaşdı.
– Qızım! – deyib əlini çiyninə qoydu. Bu dəm sanki Turanənin boyu bir az da ucaldı, gözləri büllur kimi parlaq oldu, saçları daha dolğun göründü, bu, bəlkə də mənə belə gəlirdi.
– Bəli! – Turanə astadan cavab verdi, bəlkə də cavabının qaneedici olmadığından, müəllimin razı qalmadığından belə sönük dilləndi. Amma mənə elə gəlirdi ki, Mir Cəlal müəllim cavabdan razı qalıb, çünki onun çox diqqətlə dinlədiyini müşahidə etmişdim.
– Sən artıq orta məktəb şagirdi deyilsən! – Bu, təkcə Turanəyə deyil, bütün qrupa ünvanlanmışdı, hamımız diqqət kəsilmişdik, görəsən, sonra nə deyəcək. – Mən xeyli vaxtdır sənin dərsə hazırlığını dinləyir, özlüyümdə müqayisə edirəm. Dərslərinə mükəmməl hazırlaşırsan, buna iradım yoxdur. Dərslikdəki məlumatlardan əlavə kitabxanadan da nəsə əlavələr axtarıb tapırsan. Bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq sən hələ də özünü orta məktəbdəki kimi hiss edirsən. Elə bilirsən ki, lövhəyə çıxanda yalnız sualları cavablandırmaq, dərsi danışmaq lazımdır…
Hamımızı təəccüb bürümüşdü. Görəsən, Mir Cəlal müəllim bununla nə demək istəyir? Əslində bəs necə olmalıdı?
– Ali məktəbdə siz özünüzü ifadə etməyə alışmalısınız. Cavab verdiyiniz yalnız sizi dinləyən müəllim və qrup yoldaşlarınız deyil, həm də müxtəlif təbəqədən olan çoxsaylı insanlardı. Siz onların qarşısında danışdığınızı, çıxış etdiyinizi düşünməlisiniz.
Turanənin də, elə bizim də üstümüzdən, sanki ağır bir yük götürüldü. Səhərdən nəfəsimizi içimizə çəkib gözləyirdik, indi rahat nəfəs aldıq.
– Qardaşın varmı? – Növbəti sual lap gözlənilməz oldu, bəlkə də onu tanımayanlar üçün yersiz görünərdi, amma dəqiq bilirdik ki, o, heç vaxt boşuna sual verməz.
– Bəli! – Turanə yenə də astadan dilləndi, hiss olunurdu ki, o da sualın məğzini anlamayıb.
– Adı ya Azərdir, ya Turan! – Mir Cəlal müəllim isə Turanədən fərqli olaraq heç kimin gözləmədiyi halda tam əminliklə bildirdi.
– Elədir! – Turanənin həyəcanı səsinin titrəyişindən bəlliydi. – Böyük qardaşımın adı Azərdir, məndən balacanın isə Turan.
Turanənin cavabı hamını heyrətləndirdi. Sinifdə sanki teatr göstərilirdi və hamı diqqətlə səhnəni izləyir, indicə möcüzə baş verəcəyini gözləyirdi.
– Başqa cür ola da bilməzdi. – Mir Cəlal müəllim sözünə davam etdi. – Tək-tək də olsa belə ailələr var. Onlar Vətən fədailəridir.
Bu dəm mənə ad qoyan valideynlərim gözümdə dağ boyda ucaldı. Deməli, mənim də valideynlərim vətən fədailərindəndir. Bunu eşitmək necə də xoş idi, özü də Mir Cəlal müəllimin dilindən…
Birdən yadıma düşdü ki, Turanədən sonra seminarın bir sualını mən cavablandırmalıyam. Hazırlıqlı olsam da heç qabağa çıxmaq istəmirdim. Mir Cəlal müəllimin ciddi baxışlarından hiss edirdim ki, indicə məni çağıracaq və mən məcburən Turanə ilə yanaşı duracağam. Elə əyri, yöndəmsiz köhnə ayaqqabıma yaraşırdı Turanə ilə yanaşı durmaq…
Pis vəziyyətə düşəcəyimdən qorxurdum.
– Keç, əyləş!
Mir Cəlal müəllimin əlini Turanənin çiynindən çəkməsi ilə zəngin vurulması üst-üstə düşdü. Sevincdən gözlərim yaşardı. Turanə sevinc dolu baxışlarla düz gözümün içinə baxa-baxa gəlib çantasını yığdı və "hələlik" dedi. Nə fikirləşdisə:
– Biz bir azdan biz kitabxanaya gedəcəyik. Sən də getmək istərdinmi? – deyə əlavə etdi, bu, artıq çağırış, dəvət idi, cavab verməliydim.
– Üzrlü hesab edin. Bu gün çox vacib işim var. – Üzünə baxmadan pıçıldadım. – Başqa vaxt gedərəm, siz gedin.
Turanə daha heç bir söz deməyib getdi. Guya nəsə yazdığımı bəhanə edib gözləyirdim ki, hamı çıxıb getsin. Birdən Mir Cəlal müəllimin yanımda əyləşdiyini gördüm. O, heç vaxt tələbələrdən əvvəl sinfi tərk etməzdi. Həmişə zəng vurulandan sonra iş dəftərində nə isə qeydlər aparar, tələbələr çıxandan sonra portfelini götürüb gedərdi. Elə mən də hamıdan sonraya qalmaq fəndini ondan öyrənmişdim.
– Sən heç kitabxanaya getmirsən, Azər? – Qəfil sual məni fikirdən ayırdı, elə bildim ki, Turanə deyəndə o da eşidib.
– Hərdən gedirəm. – Tələsik cavab verdim.
– Ora tək getmək lazım deyil. Qrup qızlarından da aparmaq lazımdır ki, onlar da kitabxanadan istifadə edə bilsinlər. Yaxşı, siz oğlanlar aparmırsınız, qızlar da tək getməyə çəkinirlər. Belə olmaz axı…
Mir Cəlal müəllimin söhbəti xoşuma gəldi.
– Azər, sən niyə timsah dərili ayaqqabı alıb geyinmirsən? Xoşun gəlmir? Bax, qrupda səndən başqa, oğlanların hamısı alıb geyinib.
Sıxıldığımdan bilmədim nə deyim. Ayağımı ayağıma sıxdım ki, Mir Cəlal müəllim ayaqqabımın cırıldığını görməsin. O isə deyəsən, görmüşdü. Elə buna görə də məni qabağa, dərs danışmağa çıxartmamışdı. Təəccüb içindəydim, o bunu necə görə bilərdi?
– Yəqin, kənddən hələ pul göndərməyiblər. Təqaüdünü də kitab-dəftərə xərcləmisən?
– Bəli.
– Eybi yoxdur. Birinci kursda belə sıxıntılar olur, sonra yoluna düşəcək.
Mir Cəlal müəllim əlini sol cibimə saldı.
– Oğlum, Azər, hamınız mənə doğmasınız. Sıxılma, burdan çıxan kimi get, özünə timsah dərili ayaqqabı al. Dərsdə heç kimdən geridə qalmadığın kimi, geyimdə də qalma.
O bunu elə etdi ki, karıxıb qaldım, "sağ ol" da deyə bilmədim.
Uçmağa qanadım yox idi.
Ertəsi gün adətim üzrə sinfə hamıdan tez gəlsəm də, keçib yerimdə oturmamışdım, ortada var-gəl edir, gələnlərlə hal-əhval tuturdum. Mənə elə gəlirdi ki, otağı işıqlandıran lyustrdakı lampa deyil, timsah dərili ayaqqabımın parıltısıdır.
Birdən Turanə qapıda göründü, az qaldım ki, qabağına yüyürüm. Salamlaşan kimi astadan soruşdum:
– Dünən kitabxanaya getdiniz?
– Yox, Azər – dedi. – Qızlar getdi, mən gedə bilmədim, bu gün getmək istəyirəm.
– İstəsən, birlikdə gedərdik.
– Hə…
Sevincdən Turanənin gözləri parıldadı.
Hər ikimiz keçib yerimizdə əyləşdik.