Kitabı oku: «Dastanlaşmış ömürlər», sayfa 2
Dərdim bilən yoxdu bircə,
Can vermərəm yar gəlincə,
Cəllad çəksə dara məni.
İstər Abbasəli əmi, istərsə də Qışlaq, Kolanı, Biçənək, Remeşin (7) və başqa kəndlərdə Quş Mirzalını xatırlayan qocaların və qarıların əksəriyyəti onun ölümü ilə bağlı pərakəndə bir qoşmanı tez-tez xatırlayır. Qoşmanın belə geniş yayılmasının və yadda qalmasının səbəbi, bizcə, süjetli olması və orda bir çox şəxs adlarının çəkilməsidir. Qoşmada deyilir:
Çərşənbə günündə çıxdım səfərə,
İçdiyim şərbətim döndü zəhərə,
Qəfil gülləm dəydi Molla Cəfərə,
Deməyin meydannan qaşdı Mirzalı,
On arşın divarı aşdı Mirzalı.
Ağa qardaş qollarımı bağladı,
Şəmi vurdu, Şəmşimalı doğradı,
Nəsir ağa başa döydü, ağladı,
Deməyin meydannan qaşdı Mirzalı,
On arşın divarı aşdı Mirzalı.
Şerin misralarının başqa variantlarında deyilir:
Nənəş bacım birçəyimi oxşadı.
və ya
Eşidənnər deyir: ağlı zayıldı,
Görənnər deyir: quşdu Mirzalı.
Üçüncü rəvayət: Bunu da yaşı 100-ü haqlamış, Zərnətündə (8) böyüyüb boya-başa çatmış, hazırda Naxçıvan şəhərində yaşayan Fətulla Musayev (9) danışdı:
– Quş Mirzalı Kömür kilsəsini dağıdandan sonra xeyli qaçaqlıq edir. Mirzalının bir bacısı Məşədi Gilə Ağcabədi (10) rayonunun Qaravəlli kəndində yaşayırmış. Mirzalı Qaravəllidən bir günə Kolanıya gəlib çatmışdı. Onun belə qoçaqlığına mahnı qoşmuşdular. Yadımda bunnar qalıb:
Sübh çağı Xan (11) bağınnan yığdım üzümü,
Günorta Şahbulaqda (12) aşdım onun üzünü.
Danışırdılar ki, Mirzalı dəfələrlə həbsdən qaçıb. Qubernat da Mirzalının həbsdən qaçmasıynan çox maraqlanırmış. Bir gün eşidir ki, Mirzalını tutub İrəvan həbsxanasına gətiriblər. Özü durub onun yanına gəlir. Öyrənmək istəyir Mirzalı həbsxanadan necə qaçır. Qubernat Mirzalını bir neçə dustaqla birgə uca hasarlı, üstüaçıq həbsxana meydanında gəzintiyə çıxardıqlarını görür. Tərcüməçi vasitəsilə Mirzalıdan silahlı nəzarətçilərin, uca divarların olduğu bir yerdən necə qaça bildiyini xəbər alır. Həbsxananın naçalniki6 və başqaları da qubernatın yanındaymış. Mirzalı gülümsəyərək: «Çox sadəcə» deyib, «qaçmağını» göstərir. Mirzalı geri çəkilib divara doğru qaçır. Ayağının birini yerə vurub sıçrayıb o birisini divarın bir metr ucalığına vurur. Yerə düşüb bir də geri çəkilir. İkinci dəfə qaçıb ayağının birini yerə vurduqda ikincisini bayaqkından xeyli yuxarı vurur. Üçüncü cəhddə Mirzalı sıçrayıb ayağını divarın adam boyundan çox uca yerinə vurur və əlini atıb divarın üstündən tutur. Bir anın içərisində qubernatın, naçalnikin və başqalarının gözü qarşısındaca divarı o üzə aşır. Keşikçilər bu tamaşadan ayılıb Mirzalının qaçdığını yəqinləşdirənə kimi o aradan çıxır.
Çayxanada söhbət: Bir payız günü Aşağı Qışlaq kənd çayxanasında ağsaqqalları yenə də Mirzalıdan söhbət etməyə sövq etdik. Fikirlər şaxələndi. Mübahisə qızışdı. 105 yaşlı Zal Rüstəm oğlu hadisələrə daha obyektiv yanaşmağa, özündən kiçik və yaşıdı olan qocaların sözlərinə düzəliş verməyə çalışırdı. Qocalar deyəndə ki, Mirzalını Molla Cəfər cadu ilə bir günə Qarabağdan Kolanıya gətirdi. O, gülərək:
– Ay oğul, bunların sözünə inanma – dedi. – Mirzalı ilə Molla Cəfər bərk dost olub. Hökumət Mirzalını tuta bilmədiyini görəndə Kolanıdan, bizim kənddən və Yuxarı Qışlaqdan Mirzalıya yaxın olan 15 ailəni Sibirə (13) sürgün edəcəyini bildirir. Bu ailələr arasında Molla Cəfər və onun qohumlarının da ailəsi var imiş. Molla Cəfər də vəziyyəti məktub vasitəsilə Mirzalıya bildirir. Ona görə də Mirzalı bir payız günü – yerə yenicə qar düşəndə Kolanıya gəlir. Onu tutmaq istəyənnər düşünürlər ki, neyləyək-neyləməyək? Axşam olsa Mirzalı qaçıb aradan çıxacaq. Biçənəkli (14) Kəblə Mustafa da atıcılıqda ad çıxarıbbış. Naçalnik onu gətirdir ki, Mirzalını vursun. Mirzalı da uzaqdan Kəblə Mustafanı görən kimi işi başa düşüb onun tüfəngini vurur. Kəblə Mustafaya təzə tüfəng verib yenə Quş Mirzalının üstünə göndərillər. Bu dəfə Quş Mirzalı Kəblə Mustafanın özünü vurur. Şerdən göründüyü kimi, Mirzalı Molla Cəfəri qəsdən yox, təsadüfən vurmuşdu.
Mirzalının qaçaqlıq etdiyi vaxtı dəqiqləşdirmək istədikdə Zal Rüstəm oğlu dedi:
– Nəbinin (15) qaçaqlıq elədiyi yuxu kimi yadıma gəlir. Nəbi yoldaşlarıynan bizim evə gəlmişdi. Xurcunlarına çörək, yemək yığıb getdilər. Amma Quş Mirzalının qaçaqlığı mənim yaşımnan qabaq olub. Onun haqqında böyüklər danışanda eşitmişəm. Mirzalıdan, onun qoçaqlığından söz düşəndə bir də onu deyirdilər: O zaman pristav7 Qarababada (16) otururmuş. Mirzalıya bir məktub verib İrəvana aparmasını tapşırır. Səhəri gün axşam pristav Mirzalını görəndə hirslənir. Ondan nə üçün tapşırığını yerinə yetirmədiyini soruşur.
Mirzalı deyir:
– Dünən tezdən məktubu vermişdiniz, mən də tənbəlliyimdən Kolanıya qayıtmayıb elə ordan İrəvana getdim. Bu gün də qayıdıb gəlmişəm.
Pristav hirslənərək deyir:
– Bəs nə üçün cavabı gətirməmisən?
Mirzalı deyir:
– Sizin dediyiniz vaxta hələ iki gün var. Vədənin tamam olmasını gözləyirdim ki, gəlib Sizə xəbər verim.
Pristav gülərək Mirzalının qoçaqlığına heyran qalır və təşəkkürünü bildirir.
Deyillər bu hadisədən bir xeyli sonra yolda poştu soyullar. Nə qədər axtarıllarsa, poştu soyanı tapa bilmirlər. Çuğullar xəbər verir ki, poştu soyub belə cəldliklə aradan çıxan Quş Mirzalı olar. Ona görə də pristav Mirzalını həbs etmək haqqında əmr verir.
– Zal əmi, Quş Mirzalının şairliyi, şer deməyi olubmu? – sualıma: – A bala, bildim nə deyirsən. Quş Mirzalının şairliyi, aşıxlığı olmayıb. Məncə, onun dilində söylənən şerləri qışlaqlı Molla İsmayıl deyib – cavabını verdi.
Dördüncü rəvayət: Bunu da 1903-cü ildə Sisian (17) uyezdinin8 Şükar kəndində doğulmuş, daşnakların (18) Zəngəzurda (19) nahaq qanlar axıtdığı dövrdə – 1918-1920-ci illərdə qaçıb Şahbuz rayonunun Aşağı Remeşin kəndinə gəlmiş Tahir Allahyar oğlu danışdı.
– Ay oğul, uşağın yaddaşı iti olar. Uşaqlıxda eşitmişəm bunnarı. Bir çoxu da yadımdan çıxıb.
Elə ki, Mirzalı gecə Kolanıya çatır, kəndə girməyə ehtiyat edir. Kəndin üst tərəfində bir dəyirman varıymış, girir dəyir-mana. Hava soyuq olduğundan, su donduğundan dəyirmanı gecələr işlətmirlərmiş. Mirzalı dəyirmanın pərdilərindən söküb çelvarda (təndirin yarısı qədər olan ocaq – Ə.Ş.) ocaq qalayır. Undan xəmir yoğurub özünə kömbə9 bişirir.
Səhər dəyirmana adam gələcəyindən ehtiyatlanıb, Hindizan məhləsinin yuxarısındakı Sarı yoldakı mağarada daldalanır. Kimi deyirdi dəyirmançı gecə ocaq qalanıb kömbə bişirildiyindən duyub ki, Mirzalı gəlib. Kimi də deyirdi ki, sübh tezdən su gətirməyə gedən bir gəlin Mirzalını görüb qorxub. Qorxusundan hay-haray salıb.
Kənddə olan, Mirzalının gəlişini səbirsizliklə gözləyən Əşrəf yüzbaşının dəstəsi onu mühasirəyə alır. Mirzalı yerinin o qədər də münasib olmadığını görüb, İsmayılın evinə qaçıb (Kolanıda kəndin sakinləri həmin evin təxmini yerini bizə göstərdilər. İndi həmin yerdə Bayram Nəcəfov yaraşıqlı ev tikib, bağ salıb – Ə.Ş.) girir. Tək olmasına baxmayaraq, bir nəfəri də qoymur evin həndəvərinə gəlsin. Əşrəf yüzbaşı Quş Mirzalını döyüşdə məğlub edə bilməyəcəyini, gecə düşən kimi qaranlıqdan istifadə edib mühasirədən çıxıb qaçacağını görüb hiyləyə əl atır. Mirzalının qardaşı Ağanı al dilə çəkir. Ağa da evə girib Mirzalının qollarını bağlayır. Lakin namərdlər verdikləri vədə əməl etmillər. Qolubağlı igidi, görda10 və xəncərlə doğrayırlar.
O ki, qaldı Molla Cəfəri vurması. Onu da qəsdən vurmayıb. Şerdə də deyib:
Bənümmə11 günündə çıxdım səfərə,
İşdiyim şərbətlər döndü zəhərə,
Nahaq gülləm dəydi Molla Cəfərə
Oxuduğu qara yazı ağ oldu.
Mirzalı ölüm ayağında çox şer deyib. Huşumda ilişib qalan bu azacıqdı:
Əşrəf ağa çapar saldı hər yana,
Kazak12 düzdü, məni qatdı meydana,
Doğradılar, batdım qızılı qana,
Haray, bizim ağır ellilər, haray!
Ağa qardaş qollarımı bağladı,
Mirzə Nəsir dəsmal çəkdi ağladı,
Kəlməm deyilməmiş Şəfi məni doğradı,
Haray, bizim ağır ellilər, haray!
Müəllifdən: Rəvayətlər, söhbətlər ziddiyyətli və bir az da əfsanəvidir. Bu da təbiidir. 19-cu yüzildə qaçaqlıq etmiş el qəhrəmanı haqqında xalq məhəbbətlə rəvayətlər yaratmış, şerlər qoşmuşdur. Yaradılmış rəvayətlər və şerləґ pərakəndə halda bizim günlərə gəlib çıxmışdır. Şerləri kim qoşmuşdu, dastanı kim yaratmaq istəmişdi? Suallarımız cavabsız qaldı.. Naxçıvanı, İrəvanı bürümüş, xalq arasında «böyük aclıq ili» kimi məşhurlaşmış ili də müəyyənləşdirə bilmədik.
15.X.1983.
Qaynaqlar və notlar
1. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında rayon.
2. İndiki Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Respublikasının paytaxtı. Miladdan öncə 2-1-ci minilliklərə aid maddi mədəniyyət nümunələrinin tapılması şəhərin üç min ilə yaxın tarixindən xəbər verir. Səlcuqların Azərbaycandakı canişininin iqamətgahı (12-ci yüzil) burada yerləşirdi. Uzun illər Naxçıvan xanlığının mərkəzi olub. Rusiya 1828-ci ildən bu yerləri işğal edib. 1841-ci ildən Naxçıvan qəzası elan edib və Gürcüstan-İmeretiya quberniyasına qatıb. 1849-cu ildən İravan quberniyasının tərkibində olub. 1918-ci ildə Güney Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan Respublikası yaradılanda ermənilər Naxçıvanı işğal etməyə çalı-şıblar. Əhalisinin çoxunu tüklər təşkil etdiyinə görə güclü müqa-vimətlə rastlaşıblar. Ermənistan respublikasının silahlı dəstələri, eləcə də Andranik Ozanyanın başçılığı ilə Türkiyədən qaçan ermənilər Naxçıvan kəndlərində qırğınlar törətsələr də tam qələ-bə çala bilməyiblər. Naxçıvan 1918-ci ildə yaradılmış Araz Türk Respublikasının tərkibinə daxil olub. Bu respublikanın ömrü qısa olsa da əhali iki il ermənilərə qarşı müqavimət göstərib.
1920-ci ildə Rusiya bolşeviklərin rəhbərliyi ilə Qafqazı işğal edəndə Naxçıvanı Ermənistan Respublikasına qatmaq istəyib. Yerli əhalinin əksəriyyətini tüklər təşkil etdiyindən güclü müqa-vimətlə rastlaşıblar. 1921-ci ildə Karsda (mart) və Moskvada (oktyabr) bağlanmış anlaşmaya əsasən Naxçıvan Sovet Sosialist Respublikası (Azərbaycan respublikasının tərkibində olmaqla) elan edilib. Sovetlər Birliyi Qafqazda mövqelərini möhkəmlət-dikdən sonra uluslararası anlaşmanı kobud şəkildə pozaraq 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Res-publikası yaratdığını elan edib. 1929-cu ildə isə birtərəfli qay-dada Naxçıvana bağlı 9 kəndi Ermənistana verib. Beləliklə Na-xçıvanı Azərbaycandan ayıran Meğri dəhlizini böyütmüş olub.
3. Şahbuz rayonunda kənd.
4. Naxçıvana bağlı Şahbuz rayonunda ermənilərin yaşadığı dağ kəndi. Yerevan şəhərində və ətraf qəsəbələrdə daha rahat şərait olduğuna görə 1950-ci illərdə ermənilər kəndi tərk edib oraya köçmüşlər.
5. Son yüzillikdə Yerevan-Erivan şəklində yazılır.
6. Abdullayev Abbasəli Məhəmməd oğlu. 1904-cü ildə Yuxa-rı Qışlaq kəndində anadan olub. Kənddəki molla məktəbində üç il təhsil alıb. Şahbuz rayonunda müxtəlif vəzifələrdə işləyib. 6 sentyabr 2000-ci ildə doğulduğu kənddə vəfat edib.
7. Bu kəndlər Naxçıvana bağlı Şahbuz rayonundadır.
8. Şahbuz rayonunda kənd. 1950-ci illərdə əhalisi yaxın-lığındakı Biçənək kəndinə köçürülüb.
9. Musayev Fətulla. 1887-ci ildə Şahbuz rayonunun Zərnətün kəndində doğulub. Savadsızdır. 1987-ci ildə Naxçıvan şəhərində vəfat edib.
10. Qarabağ bölgəsində rayon.
11. İndiki Dağlıq Qarabağ vilayətinin mərkəzi Stepanakertin əski adı. Xankəndi olmuş, kənd yaxınlığındakı bağ Xanbağı adlanmışdır.
12. Keçmiş Qarabağ xanlığının Zəngəzur qəzasında (indiki Ermənistan Respublikasında) bulaq adı.
13. Sibir – Türklərin savir, sabir tayfasının adı ilə bağlı bölgə. Rusiya bu yerləri 18-ci yüzildə işğal etmiş və yerli əhalini sıxışdırmaq üçün hökumətdən narazı insanları daima buraya sürgün etmişdir. Qışı olduqca soyuq və uzun keçdiyinə, sərt təbiətinə görə bura Rusiya hökumətinin cəza bölgəsi – sürgün yeri olmuşdur.
14. Şahbuz rayonunda kənd.
15. Qaçaq Nəbi (1854-1896) nəzərdə tutulur.
16. Şahbuz rayonunda kənd.
17. Keçmiş Qarabağ xanlığında kənd İndiki Ermənistan Res-publikasında rayon mərkəzi.
18. Ermənilərin 1890-cı ildə Tiflisdə yaratdıqları Sosialst tə-mayüllü partiya. Bu partiyanın üzvlərinin 1905-07-ci illərdə və 1917-21-ci illərdə törətdikləri qırğınlar, əsasən də dinc müsəlman əhalisinin məhvində fəal iştirakı onu irqçi bir təşkilat kimi tanıtdı. 1918-ci ildə yaradılan Ermənistan Respublikasının hökumətində Daşnaksütun partiyası aparıcı – iqtidar partiya idi.