Kitabı oku: «Dastanlaşmış ömürlər», sayfa 3
19. Keçmiş Qarabağ xanlığında qəza. 1920-ci ildə ruslar bolşevizm adı altında Qafqazı yenidən işğal edəndən sonra Zəngəzur qəzası ləğv edildi və Ermənistan Respublikası yaradılmaq üçün bölgənin çox hissəsi oraya qatıldı.
HAYIFSAN, HAYIFSAN, A TELLİ QARA!
«Qaçaq Nəbi» (1) dastanı həcmcə böyük olsa da, bu dastanın Dədə Qorqud boyları, Koroğlunun səfərləri qədər bitgin süjeti, bədii dəyəri yoxdur. «Qaçaq Nəbi»də bir hadisəçilik, təsvirçilik var. Ümumiləşdirmənin olmaması dastanın bədii dəyərini azaldır. 19-cu yüzildə yaşamış, Qarabağın Mollu (2) kəndində doğulmuş Nəbi Alı oğlu (təqribən 1854-cü ildə doğulmuş – 12.03.1896-cı ildə Qərbi Azərbaycanın Larnı kəndində öldürülmüşdü.) (3) yalnız Güney Qafqazda deyil, Anadoluda, İran Azərbaycanında igidliyi ilə ad çıxarmışdı. Onun şəxsi düşmənləri ilə, sonra da hökumət məmurlarıilə silahlı mücadiləsi dildən-dilə, ağızdan-ağıza keçərək dastanlaşmışdı.
İstirahət günlərində tələbəlik dostum Ələddin Həsənovun (4) doğlduğu Xanağoya (5) gedərdim. Ailə üzvlərinin səmimiyyəti məni bu ailənin üzvünə, Əlincə qalası ətəyindəki kəndi doğma kəndimə çevirmişdi. Tarixi abidələrlə zəngin, açıqsüfrəli bu kəndə nəinki öz ailəmlə, hətta dost tanışlarla qonaq getməkdən ləzzət alardım. Elə burada da Qaçaq Nəbi və silahdaşları ilə bağlı çox söhbət, rəvayət eşitdim.
«Qaçaq Nəbi» dastanında onun silahdaşlarının çoxunun adı çəkilir, haqqında bəhs edilir. Dastanda adı çəkilən silahdaşlarından biri də Telli Qaradır. Epizodik görünməsinə baxmayaraq, bir çox detallara görə onun ömür yolu diqqətimizi özünə çəkdi. Adətən, dastanlarda ikinci sırada duran igidlərin də doğumu, haralı olması, əsas qəhrəmanla ilk tanışlığı və s. təsvir olunur. Amma «Qaçaq Nəbi»də çox vaxt bu prinsip gözlənilməyib. Telli Qara haqqında geniş bilgi yoxdur. Onun ölüm səhnəsi nisbətən geniş təsvir edilir. Dastanda göstərilir ki, Hacı İsmayıl Qarakilsədə (6) pristav İsmayıl bəydən, naçalnik Cəfərqulu bəydən çoxlu qoşun alıb Camal (7) qalasında olan Qaçaq Nəbinin dəstəsinin üzərinə yeriyir.
Dastanda deyilir: «Üç gün, üç gecə atışma oldu. Hər yerə hay düşdü, söz yayıldı. Naxçıvan, İrəvan tərəfindən də qoşun gəldi. Özünə ümidi gələn kəndlilər də əllərinə tüfəng keçirib Nəbigilə köməyə getdilər, Naxçıvandan və İrəvandan da külli qoşun gəldiyini kəndlilərdən Ağaəli Tağı oğlu Nəbiyə xəbər verdi.
Dağın sol tərəfində Hacı İsmayıl bir dəstə ilə köhnə bir barının13 dalına girmişdi. Onlardan az yuxarıda Telli Qara dayaz bir xarımı14 özünə səngər eləmişdi. Bu elə bir xarım idi ki, Telli kənardan tamam görünürdü. Düşmən olanda nə olar, gərək hər tərəfi deyəsən. Hacı İsmayıl bəy də çox igid adam idi. Onun gülləsindən toz da yayına bilməzdi. O, Telli Qaranı gördü. O saat tüfəngi üzünə alıb onu nişan aldı. Telli Qaranın ortasından bir güllə keçirdi. Telli Qara yerə yıxıldı, tüfəng əlindən düşdü, nə qədər çalışdı tüfəngi götürə bilmədi, bircə dəfə Nəbinin adını çəkib, canını yoldaşlarına tapşırdı. O biri tərəfdən Hacı İsmayıl özünü bir divarın dalına atdı. Ora-bura göz gəzdirdi ki, Nəbini görsün, onu da vursun. Hacı İsmayıl Nəbinin yerini öyrənmişdi. Divarın üstünə dırmanırdı ki, onu güllə ilə vursun, Mehdi Hacı İsmayılı görüb aynalını15 üzünə aldı, onun incəsindən bir güllə keçirdi. Hacı İsmayıl mayallaq aşıb divarın başından yerə düşdü, canını qardaşına tapşırdı.
Hacı İsmayıl öldürülən kimi düşmən qoşunu geri qayıdıb qaçmağa başladı. Nəbigil düşmənləri qovub gözdən itirdilər. Çiçəklinin ayağında Nəbi Telli Qaranı görmədi. Yoldaşlarından soruşdu:
– Telli Qara harada qaldı?
Həcərin ürəyi döyünə-döyünə dedi:
– Telli Qara mənim səngərimin yaxınlığında idi. Ay aman, yəqin onu gorbagor Hacı İsmayıl vurdu!
Adamlar hərə bir tərəfə dağılıb soraq saldılar, car çəkdilər, Telli Qaranı axtarmağa başladılar. Həcər atını düz Çətəndaşa (8) Telli Qara vurulduğu yerə sürdü. Baxıb nə gördü? Gözlər olsun görməsin. Telli öz qanına boyanıb. Atı da gəlib başının üstündə dayanıb. At Həcəri görən kimi bərkdən kişnədi. Həcər Telli Qaranın qanlı cəsədi yanında diz çökdü, gözlərinin yaşını abi-leysan kimi tökməyə başladı. Ağlaya-ağlaya Nəbini görək nə cür haraya çağırdı:
Telli Qara Çətəndaşda vurulmuş,
Axıb qanı çalalarda durulmuş,
El-obada yas məclisi qurulmuş,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
Telli boyanıbdı qızıl qanına,
Ana, bacı yoxdu gəlsin yanına,
Düşmən qıyıb güllə vurub canına,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
Həcər deyər, zülüm-zülüm ağlaram,
Ciyərimi düyünlərəm, dağlaram,
Başıma zil qara yaylıq bağlaram,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
Nəbi Həcərin ağısını eşitdi, atını düz Çətəndaşa sürdü. Nə gördü? Telli Qaranı vurublar. Həcər özünü onun meyidinin üstünə salıb ağlayırdı. Nəbi Boz atın belindən yerə düşdü, Telli Qaranın başının üstündə diz çöküb onun qanlı gözlərindən öpdü, hönkürtü ilə ağlamağa başladı.
– Zalım düşmən, ürəyimi parçaladı! Can Qara! And içirəm, ölüncə düşmənlə barışmayacağam! Ax, zalım düşmən! Ax, zalım düşmən!
Həcər bir ağı çəkdi:
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb
Göy kişnər, bulud ağlar.
Yoldaşları hamısı gəlib çıxdı. Telli Qaranın meyidi üstündə ağlamayan olmadı. Hər yerə səs düşdü, erməni, müsəlman bütün kəndlilər tökülüb gəldilər. Bir şivən var idi ki, dağa-daşa lərzə düşmüşdü. Telli Qaranın ölməsinə hamı yanırdı. Nəbi lap qovrulurdu. Nə eləsin, nə çarə qılsın, ölənlə ölmək olmaz. Telli Qaranın meyidini Çətəndaşda dəfn elədilər. Yeddi gün, yeddi gecə yas saxladılar. Buradan atlanıb Qırxlara getdilər. Telli Qaranın ölməsindən xeyli keçmişdisə də, Nəbinin nə qəlbi açılır, nə də üzü gülürdü» (9)
1973-cü ilin payızından Naxçıvanda yaşayırdım. İşimlə əlaqədar tez-tez kəndlərə gedirdim. Folklor həvəskarı olduğumdan eşitdiyim atalar sözlərini, məsəlləri, bayatıları, nağılları və s. toplayırdım.
«Qaçaq Nəbi» dastanında Telli Qaranın ölümünün təsvirində bir qeyri-dəqiqlik vardı. Bunu özüm üçün aydınlaşdırmaq istəyi ilə axtarışa başladım.
Camal qalası Şahbuz rayonunun Keçili və Nurs kəndlərinin yaxınlığında, Zəngəzur dağ silsiləsində yerləşir. Çətəndaş isə Culfa rayonunun Xanağa kəndinin ərazisində Anzır kəndinin xarabalığı yaxınlığındadır. Çətəndaş qayasından Camal qalası deyil, Əlincə qalası, İlanlı dağ, Araz boyu, bir sözlə, Culfa tərəf aydın görünür. Camal qalasından Çətəndaşa 20-25 kilometrlik bir məsafə var. Camal qalasında mühasirəyə düşən Çətəndaşda necə vurula bilər? Qaçaq Nəbi yanında olduğu halda Həcər niyə «Özünü tez yetir, ay Qaçaq Nəbi!» – deyə ağlamalıdı? Bəlkə Camal qalası yaxınlığında da Çətəndaş deyilən yer var?
Qaçaq Nəbinin Camal qalası ətrafında döyüşü dastanda öz əksini belə tapır:
Camal qalasında səngərə yatdı,
Aynalı tüfəngi doldurub atdı,
Bəy, xanları bir-birinə qatdı!
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
Həcər minib kürən atın belinə,
Vəli tüfəngini alıb əlinə,
Uymaz yağıların fitnə-felinə,
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
İgid Nəbi Koroğludan yamandı,
Bəylər, xanlar deyir, Allah, amandı!
Gəlin bir görüşək, axır zamandı!
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
Bu şerdən də Camal qalası ətrafında döyüş olduğu aydın görünür. Nədənsə Camal qalası ətrafındakı döyüşlə Çətəndaş ətrafındakı döyüş eyniləşdirilib.
Bunun səbəbini tapmaq üçün illərlə aradım, insanlarla görüşdüm, onları söhbətə tutdum. Bəziləri qan düşmənçiliyinin oyana biləcəyindən qorxub bildiklərini demirdisə də, əsas qorxu hökumətdən idi. Telli Qara, qardaşları, əmioğlanları çarizmə qarşı vuruşsa da, insanlar Sovet rejiminin qəddarlığından elə qorxmuşdular ki, susmağı başın salamatlığı hesab edirdilər. Bütün bu çətinliklərə baxmayaraq, bəzi şeyləri dəqiqləşdirə bildim.
Folklorda nəsr şerə nisbətən tez dəyişikliyə uğrayır. Şerin vəzni, qafiyəsi, misraların ritmi onu ilkin şəkildə daha çox qoruyub saxlayır. Buna görə də şeri əsas götürüb Çətəndaş (Camal qalası yaxınlığında Çətəndaş deyilən yer yoxdur – Ə.Ş.) bölgəsində araşdırma apardım.
Saltaxda müəllim işləyən bənənyarlı Ələkbər Hüseynov (10) nənəsi Əzizə Alı qızından (11) Telli Qara və Qaçaq Nəbi haqqında eşitdiklərini səliqə ilə qələmə alıb saxlayıb. O, Telli Qara ilə maraqlandığımızdan xəbər tutub yazdıqlarını bizə təqdim etdi. Həmin yazıdan bə’zi parçaları aşağıda veririk:
“Tivililər (12) heyvandarlıqla məşğul olduqlarından növbə ilə gedib Naxçıvan şəhəri yaxınlığındakı mədəndən duz gətirirdilər. Bir gün də duz gətirmək növbəsi Piriş kişigilə çatır. Misirxan kiçik qardaşı Sədirxanla öküz arabasını qoşub Duzdağa gedir. Arabanı duzla yükləyib geri qayıdanda Misirxan qardaşına deyir:
– Sən yavaş-yavaş arabanı sür getsin, mən Naxçıvanda bir az bazarlıq edim. Arxanca gəlib çataram.
Misirxan bazarlıq edib qardaşının ardınca tələsir. Yolda ona çatır. Görür ki, Sədirxan ağlayır, öküzlərdən də biri yoxdur. Misirxan qardaşından nə üçün ağladığını xəbər aldıqda Sədirxan deyir:
– Bu yol ayrıcına çatanda bir atlı ilə rastlaşdım. Atlı məndən yolu xəbər aldı. Mən də onun nabələd olduğunu görüb haraya, nə məqsədlə getdiyini soruşdum. Atlı bildirdi ki, pəhləvandır. Onu bu tərəflərə güləşməyə dəvət ediblər. Mən təkid etdim ki, gəl əvvəl mənimlə güləş. Yıxsan get, yıxmasan elə burdan geri qayıt. Pəhləvan etiraz etdi. Elə başa düşdüm ki, məndən qorxur. Odur ki, ayağım daha da yer aldı. Dedim:
–Yıxılsan atını alacam. Yıxsan arabamı sənə verəcəm. Pəhləvan gördü mən əl çəkən deyiləm, güləşdi. Ona güc gəlirdim. Necə oldusa bir də gördüm kürəyim yerdədir. Bəhanə gətirdim ki, ayaqlarım dolaşdı. İkinci dəfə bir də güləşdik. O yenə mənim kürəyimi yerə vurdu. Daha əlacım qalmadı, arabanı və öküzləri ona verdim. O da bir öküzü açıb apardı. Gedəndə də çörək bağlamasını verdi ki, ac qalmayım. Bir də mənə dedi:
– Öküzü ona görə aparıram ki, sənə ibrət dərsi olsun, tanımadığın adamla mərc qoşma.
Misirxan gördü ki, qardaşına hirslənməyin mənası yoxdur. Odur ki, pəhləvanın getdiyi səmtə yol aldı. Sədirxan qardaşının məqsədini başa düşüb qarşısını kəsdi:
– Hara gedirsən? – dedi. – Pəhləvanla güləşib öküzümüzü almaq üçün mərcə nə qoyacaqsan?
– Bu biri öküzü də mən mərcə qoyacam.
– Bayaq sənə demədimmi arabanı da, öküzləri də uduzmuşam. Bunlar pəhləvanındır. Özü aparmadı. Qərara almışdım ki, bu biabırçılıqdan sonra kəndə qayıtmayım, gedim İranda, Turanda işləyim. Heç kim bilməsin ki, öküzü mən mərcə qoymuşam. Bir halda ki, sən də gücünü sınamaq istəyirsən, gəl gedək. Yıxsan öküzümüzü alarsan, yıxılsan məni pəhləvana nökər verərsən.
Misirxan qardaşının bu şərtinə razı olmaq istəmədi. Lakin Sədirxanın təkid etdiyini, sözündən dönməyəcəyini görüb razılaşdı.
Qardaşlar pəhləvanın olduğu kəndə o vaxt çatdılar ki, neçə-neçə cavanın kürəyi yerə dəymişdi. İndi də pəhləvan kənd camaatı ilə əyləşib çörək yeyirdi. Sədirxan aralıdan pəhləvanı göstərərək:
– Məni yıxan odur! – dedi. – Özü isə kənarda durdu.
Misirxan məclisə gəlib salam verdi. Qonaq olduğundan ona pəhləvanın yanında əyləşməyi təklif etdilər. Misirxan əlini bardaş qurmuş pəhləvanın ayağına söykəyib, yerə əyləşdi. Pəhləvan sir-sifətini turşutsa da, bir kəlmə dinmədi. Çay, çörək məclisi yığışdırılandan sonra Misirxandan haradan gəlib, haraya getdiyini xəbər aldılar. Misirxan pəhləvanla güləşməyə gəldiyini bildirdi. Pəhləvan isə hamı eşitsin deyə bərkdən:
– Bu igid, kimdirsə, əhsən onu doğan anaya. Məni məğlub etdi – dedi.
Məclisdə əyləşənlərin hamısı pəhləvanın bu sözünü istehza kimi başa düşdü. Pəhləvan vəziyyəti belə görüb əl atdı şalvarının balağına, şalvarın balağını dizinə kimi cırdı və ağsaqqallardan xahiş etdi ki, bir sınıqçı gətirsinlər. Hamı mat qaldı.
Pəhləvan dedi:
– Bayaq çörək üstə olduğumuza görə istəmədim ayağım qırıldığını bilib qanınız qaralsın. Əlimdəki maça (bud) sümüyünü basıb qırdım ki, şaqqıltısını eşidəndə elə biləsiniz ki, bayaqkı şaqqıltı da yediyim ətin sümüklərinin şaqqıltısından olub. Mən söz vermişdim ki, kim məni yıxsa adımı ona verəcəyəm. Bu gənc məni məğlub etdi. Lakin güləş meydanında yıxmadığı üçün adımı ona vermirəm.
Ücretsiz ön izlemeyi tamamladınız.