Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bədii qiraət», sayfa 2

Yazı tipi:

Tələbələrə bədii əsərlərin düzgün bədii qiraətini öyrətməyin  çox böyük tərbiyəvi və estetik əhəmiyyəti vardır. Lakin istər orta, istərsə də ali məktəblərimizdə klassiklərin ifadəli və bədii qiraəti, demək olar ki, lazımi səviyyədə deyildir. Şagirdlər və tələbələr əruz vəznli klassik şeir nümunələrini düzgün, səlis, rəvan bir tərzdə oxumaqda çətinlik çəkirlər. İstər orta, istərsə də ali məktəb müəllimlərimiz arasında da klassik əsərləri düzgün oxumayanların sayı az deyildir. Əkrəm Cəfər  çox haqlı olaraq yazır ki, “Bizdə inşad (bədd qiraət-M.Ə.) sənəti çox zəif vəziyyətdədir. Yalnız orta deyil, ali məktəblərimizdə, hətta aktyorlarımızın arasında da Azərbaycan şeirini layiqincə düzgün inşad edə bilənlər azdır”.

Doğrudan da, məktəblərimizdə klassik şeir nümunələrini çox gülünc şəkildə oxuyan müəllimlərimiz klassiklərimizin düzgün tədris işini təşkil edə bilmirlər. Təəssüflə qeyd etməliyik ki, belə müəllimlər öz səhv və gülünc iş üsullarını hətta mətbuat səhifələrinə belə “qabaqcıl iş nümunəsi kimi” qələmə verməyə imkan da tapırlar. Məsələn, Ağdaş rayonundakı Qəsid kənd məktəbinin müəllimi S. Qocayev “V sinifdə “Əkinci və xan” şeirinin tədrisi təcrübəsindən “adlı məqaləsində düzgün qiraət məsələsinə toxunaraq belə qeyri-elmi və gülünc mülahizələr irəli sürür:”…

İzahatdan sonra əruz vəzninin xəfif bəhrinin “failatün məfailün fəlün” şəklindən istifadə ilə (?) şeiri nümunə üçün bir də özüm oxuyuram. Sonra da danışıqları yaxşı qiraət bacarığı olan dörd şagird, biri əkinçinin arvadı, ikincisi xan, üçüncüsü əkinçi və dördüncüsü isə şair arasında bölüşdürüb (?), şeiri dialoqlarla oxuduram…

Burada şagirdə başa salıram ki, ağzı əyərək “xanə” demək ərəb dilinə aiddir. Azərbaycanca ahəng qanuna uyğun olaraq “xana” demək lazımdır. Bu qəbildən olan başqa sözlərin də ifadəsini eyni qayda ilə düzəldirəm” (“Azərbaycan dili və ədəbiyyat tədrisi”, IV buraxılış, 1960, səh.132-133). Bu, müəllimin belə pedaqoji “iş təcrübəsi” klassik şeir nümunələrinin bəzi orta məktəblərimizdə tədrisi üçün xarakterikdir. Onun “danışıqları yaxşı qiraət bacarığı olan” (?), şagirdləri oxutdurması, “xanə” kəlməsində “ağızlarını əydirməsi” (?), bu kimi sözlərin mənşəyini özü düzgün bilmədən (“xana” fars dilindədir) müəyyən “qayda ilə düzəltməsi” nə qədər gülüncdür.

Burada xarakterik bir faktı da qeyd etmək yerinə düşərdi. M.Füzuli yaradıcılığını tədris edən bir ədəbiyyat müəlliminin dərsində iştirak etdiyimiz zaman, o, şairin aşağıdakı beytini əzbərdən deyib şərh etməyə başladı:

 
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
 

Müəllim mətlənin ikinci misrasını aşağıdakı şəkildə təhrif etdi:

 
Aşiq Sadıq mənəm, Məcnunun ancaq adı var.
 

M.Ə.Sabirə həsr olunmuş ədəbi axşamların birində bədii qiraətçi şairin məşhur şeirlərindən olan “Oxutmuram, əl çəkin!” şerindəki “riza” (bu sözün ərəb dilində mənası “razılıq” deməkdir) sözünü xüsusi isim kimi başa düşdüyündən, həmin sözün işləndiyi parçanı belə oxudu:

 
Eyləmənəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm Rza şapqa qoya başına…
 

Aktyor və bədii qiraətçilərimiz arasında isə (hətta bəzi professional-ustad aktyor- qiraətçilər də daxil edilməklə) daha kobud səhvlərə yol verənlərə təsadüf olunur. Məsələn, C.Cabbarlının  yubiley gecəsində şair-dramaturqun məşhur “Ana” şeirini söyləyən professsional aktyor ayrı-ayrı tərkibləri (“ədüvvü canım”, “dəhşətü qiyamət”, “dövlətü cahanı”, “aləmü xəyalətdə” və s.) yanlış söyləməsi və bununla da beytlərin məzmununu kobud təhrif etməsi bir kənara dursun, onun aşağıdakı bənddə “sön” sözünü “sən” şəklində söyləməsi daha ciddi təhrifə, anlaşılmazlığa və məntiqsizliyə gətirib çıxartdı:

 
Əs, ey külək, bağır ey bəhri-biaman, ləpələn,
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
 

Aktyor- qiraətçi “sən, ey günəş!” müraciəti ilə özü də bilmirdi  ki, günəş hansı yağışın yağdırsın. Halbuki mətndə söhbət günəşin “sönməsindən” (“sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!”), öylərin matəm libasına bürünməsindən, buludların ağlamasından söhbət gedir…

Qiraətçi-aktyor böyük bir mətndə kiçik bir sözü təhrif edəndə belə şeirin ümumi effektinə xələl gətirir.  Məsələn:

 
Əhli–TƏKMİNƏM, məni bənzətmə, ey gül, bülbülə,
Dərdə -tabı yox onun, hər ləhzə min fəryadı var.
 

“Təmkin” kimi hamıya aydın olan bir sözü “təkmin” ilə əvəz etməyə necə bəraət qazanmaq olar?

Bu kimi misraların sayını istənilən qədər çoxaltmaq mümkündür.

DİKSİYA

Hər bir aktyor-qiraətçi üçün aydın diksiya çox vacibdir. “Danışıqda, şeir özü də musiqidir, mahnıdır. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır, skripka kimi səslənməlidir, taxtaya dəyən noxud kimi taqqıldamamalıdır. Necə etmək lazımdır ki, səs danışıqda qırılmasın, uzansın, sözlər və bütün cümlələr muncuq kimi bir-birinə düzülsün, qovuşsun, hecalara bölünməsin?” (K.S.Stanislavski, Mənim səhnə həyatım, B., Azərb. Tədrisnəşr, 1963, səh. 435)

Bədii qiraət incəsənətin müstəqil növlərindən biri olub, onun mahiyyəti ədəbi əsəri təsirli, canlı sözlə təcəssüm etdirməkdən ibarətdir. Bu isə yazıçının təsvir və tərənnüm etdiyi həyatı tam və çoxcəhətliliyi ilə dinləyicilərin xəyalında və qarşısında canlandırmaq, sənərkarın öz əsərində təsvir etdiklərinə və irəli sürdüyü əsas fikrə, qarşısında qoyduğu başlıca məqsədə münasibətini açmaq, bədii formanın və müəllif üslubunun xüsusiyyətlərini vermək və s. yolu ilə əsəri canlı və səslənən sözdə təcəssüm etdirmək deməkdir.

Teatrda olduğu kimi, bədii qiraətdə də ifa sənətinin əsasında bədii əsər durur. Lakin omların sənət təcəssümü isə müxtəlif ifadə vasitələri ilə yerinə yetirilir. Əgər teatrda pyes iştirakçı kollektiv tərəfindən ifa olunursa, bədd qiraət sənətində isə əsərin ifaçısı bir adam olur. Teatrda hər bir aktyor bir rolun ifaçısı, bir obrazın təcəssümü olursa, bədii qiraətçi isə bədii əsəri ifa edərkən, bütün obrazlar qalereyasının təcəssümçüsünə çevrilir.

Bədii qiraət sənətində teatr sənətinin əlavə ifadə vasitələri (dekorasiya, işıq, rekvizit, kostyum, qrim vəs.) yoxdur. Burada bədii qiraətçinin (ifaçının) sərəncamında olan ifadə vasitələrindən (onun səsi, intonasiyası, mimika, jest və s.) başqa heç nə yoxdur.

Aktyor personajın obraz təcəssümünə çevrilir, onu təmsil edir, onun adından çıxış edir, onun həyatını yaşayır. Lakin qiraətçi isə personajların obrazlarına çevrilmir. Qiraətçi onlar haqqında ancaq danışır. Danışır ki, onlar necə yaşayır və fəaliyyət göstərirlər, nə danışırlar, düşünürlər, hiss edirlər…

Qiraətçi bunlar haqqında danışmaqla bərabər, onlara özünün şəxsi münasibətini də çox incə tərzdə ifadə edir. Qiraətçinin danışığından belə çıxır ki, o, şəxsən həmin adamları görmüş, onların ətraflarında baş verən hadisələri isə müşahidə etmişdir. Beləliklə, qiraətçi həmin personaj – obrazların ən mühüm xarakterik əlamətləri əsasında özünün onlara olan münasibətlərini də göstərir. Qiraətçi danışır, danışdıqca, onları mühakimə edir, lağa qoyur, onlara etirazını bildirir, həmçinin əksinə onların amal və ehtiraslarını, məqsəd və məramlarını təqdir edir, alqışlayır. Beləliklə, qiraətçi öz nəzərində bir neçə xarakteri saxlayır.O, obrazları yalnız vasitəsiz nitq ilə deyil, həm də vasitəli nitq ilə, müəllifin qeydləri ilə (təhkiyyə təsviri ilə) canlandırır.

Qiraətçi “ətrafda baş verən hadisələrin” bir növ şahidinə çevrilir. Məhz buna görə də, o, dinləyicilərə yalnız – personaj – obrazlarından deyil, eyni zamanda onları əhatə edən ətraf mühitdən də, məişətdən də, həyat şəraitindən də, hərəkətin baş verdiyi yerdən də danışır. Burada qiraətçinin köməkçisi söz və yalnız söz olur. Qiraətçi məhz sözün vasitəsilə personajın ürək döyüntülərini, həyəcanlarını, arzu və amalını, qayə və məqsədini, xarici görkəmini və daxili aləmini və s. dinləyicilərə məharətlə çatdırır. O, həyatın canlı lövhələrini nümayiş etdirir.

Bunların hamısını dinləyicilərə çatdırmaqdan ötrü bədii qiraətçidən çox şey tələb olunur. Bu tələbatın birinci bəndi isə onun dərin və aydın görmə qabiliyyətinə (videnie) malik olması ilə əlaqədardır. Qiraətçinin bu qabiliyyətindən aşağıda ətraflı danışacağıq. Burada isə yeri gəlmişkən qeyd etməliyik ki, o, hər şeydən əvvəl, müəllifin yaratdığı əsərin dərinliklərinə nüfuz etməyi bacarmalıdır. Əks təqdirdə o hər hansı bədii əsərin bədii şərhçisi və təbliğçisi ola bilməz!.. O özünə məxsus şəxsi və fərdi xüsusiyyətlərlə ifadə  etdiyi əsərin mahir şərhçisinə çevrilməlidir. Beləliklə, müəllifin yaratdıqlarını tamamlamalı, dinləyicilərin görmədiklərini, görməyə qadir olmadıqlarını onların qarşısında canlandırmalı, “təhlil etməli”, ən gizli  nöqtələri zəhmət və axtarışlarından doğan ehtiras atəşi ilə işıqlandırmalı, ayrı-ayrı “nüktələri” isə (ən incə mənaları) söz sərrafı kimi zərgər səliqəsi ilə işləyib aydınlaşdırmalıdır. Bunlar qiraətçinin yaradıcı ehtirasından və məramından doğmalıdır.

Qiraətçinin son və əsas məqsədi isə əsərin ideya-bədii mahiyyətini özünün şərhləri ilə açmasından ibarət olmalıdır; yəni özü əsərdə hadisələri və insanları necə görürsə, dinləyicilərə də eləcə göstərməyə nail olmalıdır. Özü oradakı hadisələrdən, əhvalatlardan, insanların hərəkət və fəaliyyətindən, sevinc və iztirabından necə həyəcanlanırsa, öz dinləyicilərini də həyəcanlandırmalıdır. Yox, bu, hələ azdır. Daha doğrusu, həyəcanlandırmağa məcbur etməlidir…

Bədii qiraət bu gün incəsənətin müstəqil növlərindən birinə çevrilmişdir. Onun özünə məxsus nəzəriyyəsi, auditoriyası yaranmışdır. Bədii qiraət bu janrın yeni ixtisasını, rejissorluğunu meydana çıxarmış, eyni zamanda özünün nəzəri mövqeyini də müəyyənləşdirmişdir.

Hazırda bədii qiraətin nəzəri əsası K.S.Stanislavskinin sistemidir. Əlbəttə, burada həmin sistemin xüsusiyyətləri və mahiyyəti haqqında danışmaq imkanına malik deyilik. Lakin başlıca bir cəhəti xatırlamalıyıq ki, K.S.Stanislavskinin  sistemi bədii qiraəti də möhkəm nəzəri əsaslarla canlı danışıq dili normalarına yaxınlaşdırır.

Danışanın fikri, münasibəti və s. fonetik ifadə vasitələri ilə: pauza, vurğu, müxtəlif intonasiya və temp, səsin tembr dəyişikliyi və s. nitqdə ifadə olunur. Danışanın nitqində təfəkkür, hiss və iradənin vəhdət halında təzahürü isə psixoloji prosesin qanunauyğun nəticələridir.