Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bədii qiraət», sayfa 3

Yazı tipi:

Psixologiya səsli oxuya monoloji nitq kimi baxır, məhz buna görə də şifahi nitqə məxsus xüsusiyyətlər qiraətə də məxsus olmalıdır.

Müəllifin nitqini mənimsəyən qiraətçinin xəyalında mətndəki sözlər obrazları canlandırır, onda emosional əks-sədalar, emosional münasibətlər əmələ gətirir. Qiraətçinin təsəvvüründə, xəyalında canlanan obrazlar müəllifin hissləri ilə ona sirayət edir, sözü də bunun əsasında dinləyicilərə təsir göstərir.

Lakin qiraət danışıq dilindən fərqlənir. Canlı danışıqda ifadə edilən sözlər danışanın özünə məxsus olur. Lakin qiraət zamanı isə qiraətçi onun şəxsi fikirlərinin ifadəsi olmayan hazır mətndən istifadə edir. Qiraətçi müəllifin müvafiq hiss və həyəcanlar keçirərək, yazdığı həmin mətnin əsl mahiyyətinə varmadan, onu lazımınca duymadan da oxuya bilər ki, bu da dinləyicilərə heç bir təsir göstərməz.

Belə hallarda qiraət zamanı qiraətçinin təfəkkür, hiss və iradəsinin əsas vəzifəsini – ünsiyyəti həyata keçirmir, əsərin ideya-emosional mahiyyətini üzə çıxarmır.

Qiraətçinin qarşısında duran əsas məqsəd əsərin ideya-bədii mahiyyətini bütün incəliklərinə qədər dinləyicilərə çatdırmaqdan ibarətdir. Buna da ancaq müəllifin fikrini mətndəki sözlər əsasında düzgün və aydın bir şəkildə verməklə nail olmaq mümkündür. Bu isə qiraət sənətinin əsasını təşkil edən tələblərin ən ümdəsidir, birincisidir. Bu, ifadələri düzgün qurmağı, lazımı səviyyədə məntiqi ifadəli oxuya yiyələnməyi və s. tələb edir.

Aktyor–qiraətçi özünün ifadəsi zamanı haqqında danışdıqlarını (danışdığını) mütləq görməyə nail olmalıdır. O, nəyin və kimin haqqında danışırsa, həmin obyekti lap yaxından görməyi bacarmalıdır.  Bu da ancaq şairin  (yazıçının) yaratdıqları ilə daxilən yaşamaq nəticəsində mümkün ola bilər. Bundan əlavə, qiraətçi qarşısında duran və yaxud onu eşidən dinləyiciləri də həmin obyekti “görməyə məcbur etməyə” qabil olmalıdır.

Burada mühüm bir cəhət də nəzərdən qaçırılmamalıdır. Qiraətçi yalnız ürəyində xüsusi əks-səda oyadan, onun qəlbinin sarı siminə toxunan əsəsləri öz repertuarına daxil etməlidir. Lakin əsərlər onun fikir və hissi ilə möhkəm bağlanmalıdır.

Qoqol M.S.Şepkinin ilk bədii qiraət axşamlarındakı çıxışlarını eşidən kimi dərin həyəcanla belə yazırdı:” Mənə hətta elə gəlir ki, kütlə qarşısında bədii qiraət bir zamanlar tamaşaları əvəz edəcəkdir” (N.V.Qoqol. Əsərləri. VI cild, B.Azərnəşr, 1956, səh. 139.) Daha sonra Qoqol hər hansı lirik şeirin düzgün oxunmasından ötrü heç bir vaxt əhəmiyyətini itirməyəcək məsləhətlərini verir: “Lirik bir əsəri ləyaqətlə oxumağı bacarmaq heç də asan iş deyil; bunun üçün əsəri xeyli vaxt öyrənmək lazımdır; bədii əsəri oxuyanda da şairin qəlbini bürümüş yüksək duyğuları səmimiyyətlə hiss etmək, şairin yazdığı hər kəlməni ruhən və qəlbən duymaq lazımdır-  əsəri yalnız bundan sonra oxumaq olar” (N.V.Qoqol. Əsərləri. VI cild, B. Azərnəşr, 1956, səh. 140).

Deməli, məntiqi ifadəlik–fikirləri düzgün və sərrast çatdırmaq –bədii əsərin dolğun məzmununu vermək üçün heç də kifayət deyildir. Sənətkarın kəskin zəkasının və həssas qəlbinin məhsulu sayılan hər hansı bədii əsərin təsvirində onun obyektiv xüsusiyyətlərlə yanaşı subyektiv münasibətləri də bu və ya başqa dərəcədə özünün  bədii inikasını tapır. Heç şübhəsiz, burada sənətkarın hissləri xüsusi yer tutur. Axı sənətkar hiss etmədən, duymadan heç bir vaxt yarada bilməz!..

Məhz buna görə bədii qiraətçi mətnin məzmununu ehtirassız və soyuqqanlı tərzdə ifa etməkdən həmişəlik qaçmalıdır. O, burada hər şeydən əvvəl, əsərin emosional-obrazlı ifadəsinə nail olmalıdır. Bu isə məntiqi ifadəyə əlavə bir şey deyil və ola da bilməz!..

Qiraətçi birinci növbədə müəllifin öz əsərinə olan emosional münasibətini nəzərə alıb, onun əsasında da həmin əsərin obrazlı- emosional ifadəli qiraəti üzərində işə başlamalıdır.

Buradan da belə bir nəticə çıxarılmalıdır ki, müəllifin dediklərini (yazdıqlarını) məntiqi təhlil yolu ilə başa düşmədən və duymadan qiraətçinin qəlbində, mənəviyyatında heç bir zaman emosional əks-səda oyana bilməz.

Məlumdur ki, ədəbiyyatçı “yalnız qələmlə yazmır, həm də – sözlərlə tərsim edir” (M.Qorki). Qiraətçi sözlərlə tərsim olunmuş həyati lövhələri, obrazları emosional qavramalıdır. Yazıçının təsvir etdiklərini qiraətçi lap yaxından görməlidir; lap yaxından duymalıdır. Əsərdə təsvir olunan hadisələr qiraətçiyə bu və başqa dərəsədə tanışdırsa, o, həmin hadisələri  və insanları daha yaxşı, daha yaxından görəcəkdir. Əksinə, bunlar tanış deyildirsə (məsələn, uzaq bir yerin təbiəti), onları müvafiq yollarla daha dərindən başa düşməyə səy göstərməlidir (kinoya baxmalı, rəsm əsərləri ilə tanış olmalı, əlavə ədəbiyyat oxumalıdır) və s. Bu yolla onun daxilində emosional əks-səda oyanmalıdır.

Ən təcrübəli qiraət ustaları haqlı olaraq göstərirlər ki, incəsənətin əsas məğzi sözdür. Onun əsas mənası isə diksiya, səs, hətta ifadənin, əsər parçasının savadlı şərhindən ibarət deyildir. Burada  başlıca məsələ müəllif ideyasıni dərk edərək, “özününküləşdirməkdən” və ona müvafiq intonasiya tapmaqdan ibarətdir. Qiraətçinin lövhələri və obrazları aydın və sərrast təsəvvür etməyə nail olması ona ancaq əsərin ideyasını başa düşməsinə deyil, həm də onu özünün şəxsi inamı, şəxsi nəticəsi kimi yaşamağa kömək edir. Bunun üçün  g ö r m ə n i n  xüsusi əhəmiyyəti vardır.

GÖRMƏ

K.S.Stanislavskinin aktyor sənətkarlığının ən mühüm xüsusiyyət və keyfiyyətlərini səciyyələndirən görmə (видение) termini şərti məna daşısa da, çox böyük  əhəmiyyətə malikdir. Bu termin Stanislavski sisteminin ən mühüm kəşflərindən biri olmuşdur, hər bir aktyor qədər  bədii qiraətçi üçün də görmə vacibdir, həmin keyfiyyətə yiyələnmək məziyyətdir.

Görmə  nədir?

Bu suala cavab verməmişdən qabaq rus dilində “видение” termini ilə ifadə olunan bu məfhumu biz dilimizdə dəqiq və sərrast qarşılığı olan  “bəsirət”, “basarat” sözləri ilə də aydınlaşdıra bilərik.

“Bəsirət” ərəb dilindən alınmış sözdür. Mənası “qəlb gözü ilə görmə”, “görüb əsil həqiqətə varma”, “həqiqət gözü ilə görmə”, “müdriklik”, “gözüaçıqlılıq”, “dərrakəlilik”, “bir şeyi dərindən və tez anlama qabiliyyəti”, “gələcəyi görmə qabiliyyəti” deməkdir. Azərbaycan dilində çox işlənən “basarat” sözü də “bəsirət”in dəyişmiş şəklidir. “Basaratı bağlanmaq”– görə bilməmək, seçə bilməmək, duya bilməmək, qafil olmaq, həqiqəti görməmək mənalarında işlənir. ”Bəsirət” və “basarat” sözlərinin lüğəvi mənaları  “видение” termininin ən düzgün qapşılığıdır. M.A.Qafarov “видение» sözünü məhz “bəsirət” deyə düzgün şəkildə mənalandırmışdır. Lakin bəzi yoldaşlar həmin istilahı “görmə”, “görmə qabiliyyəti” ilə əvəz etməkdədirlər. Bizcə, “видение” termini “görmə”, “ görmə qabiliyyəti” sözləri bir termin kimi dəqiq və sərrast ifadə etmir. “Bəsirət” kəlməsi bu cəhətdən daha münasibdir. Lakin ədəbiyyatımızda  “görmə” terminini çox işlətdiklərinə görə, biz də burada həmin termini saxladıq.

Hazırda haqqında çox danışılan, hər bir aktyorun əsas sənətkarlıq xüsusiyyətlərindən ən mühümünü müəyyənləşdirən  bu keyfiyyət – “görmə”, hər şeydən əvvəl, insanın xəyal və təsəvvürünü genişləndirən və canlandıran imkanlardandır. Obrazlı təfəkkürdən məhrum olan aktyor isə sənətkar deyil, ola da bilməz.

Aktyor ya özünün görməsi ilə tamaşaçı və dinləyicilərə təsir göstərməli, ya da “boş” və “cəfəng” sözlərlə onların başını qatmalıdır.

Aktyor qəhrəmanın bütün həyatını, – keçmiş, indiki və gələcək həyatını bütün aydınlığı ilə görməyi bacarmalıdır. Buna görə də həmin qəhrəman (personaj) haqqında pyesdən aldığı məlumatla heç bir vaxt kifayətlənməməlidir.

Stanislavskinin görmə haqqındakı təlimi əsasında öz üzərində işləyən aktyor təfəkkür, hiss və assomasiya mürəkkəb kompleksinin vəhdəti təcəssümünə nail olmalıdır.

Aktyor həyatda bir hadisəni müşahidə edərsə, maraqlı bədii bir əsəri oxuyarsa və yaxud hər hansı rolun ifası üzərində işləyərsə, onun qarşısında duran başlıca məqsəd sonradan həmin hadisə və ya obrazlarla ardıcıl surətdə yaşamaqdan ibarətdir.

Məlumdur ki, həyati müşahidələr də bunu tələb edir. Biz hər hansı hadisədən mütəəssir olandan sonra, uzun müddət, hətta uzun illər həmin hadisənin təəssüratı ilə yaşayırıq, öz-özlüyümüzdə mühakimə yürüdürük, müəyyən qənaətə gəlirik. İldən-ilə həmin hadisə bütün dolğunluğu ilə təsəvvürümüzdə daha da canlanır.” Bərpa edilmiş”, “təkmilləşdirilmiş” belə təəssürat xüsusiqüvvə və möhkəmliyə malik olur.

Ədəbiyyat tarixindən bir çox maraqlı faktlar məlumdur. Flober Emma Bovarinin ölümünü təsvir edərkən, özünün belə az qala öləcəyi faktı hamıya məlumdur. O, əsərin həmin parçası üzərində işləyərkən, Emmanın bütün daxili iztirablarını dərindən duymuş, hətta ağzında arsen (mışyak)  dadını hiss etmişdir.

Balzakın yaxın dostlarından biri onun yanına gələn zaman, yazıçını çox ağır vəziyyətdə görür, onun üzünü soyuq tər bürümüşdü, çox çətin və qırıq-qırıq nəfəs alırdı. “Sənə nə olmuşdur, Balzak?” sualına o belə cavab vermişdir: ”Xəbərin varmı ki, indicə Qorio ata ölmüşdür”.

Çaykovski “Qara toxmaq qadın” əsərini qurtaran gün Germanın ölümü ilə əlaqədar hıçqırtıyla ağlamışdır.

Puşkin Tatyananın Oneginə deyil, generala ərə getməsindən  uzun müddət dərin həyəcan keçirmiş, qəmli və kədərli görünmüşdür.

Bütün bu faktlar onu göstərir ki, həqiqi sənətkar əsərləri qzərində ürəkdən işləyərkən, özünün qəhrəman və personajlarını tanış və doğma adamlar kimi lap yaxından görürlər.

Aktyor-qiraətçi özünün “görmə”sini kəskinləşdirmək, qüvvətləndirmək və möhkəmləndirməkdən ötrü, hər şeydən əvvəl, üzərində işlədiyi və ifa etdiyi əsəri, mətni, müvafiq bədii parçanı dərindən bilməlidir, oradakı bütün incəlikləri qavramalıdır. Məsələn, əgər o, M.Füzulinin:

 
Bağə girdim, səri-kuyin anıb əfqan etdim,
Gül görüb yadın ilə çaki-giriban etdim.
 

Mətləli qəzəli üzərində işləyirsə, təbiətin poetik təsviri və insan mənəviyyatının ən zərif istək və ehtiraslarının tərənnümündən ibarət olan buradakı lövhələri yaxından görməli və atəşin hissləri dərindən duymalıdır.

O, özünü şeirdə təsvir olunan bağda hiss etməlidir. Oradakı bədii detalları görməyi bacarmalıdır:

Ücretsiz ön izlemeyi tamamladınız.