Kitabı oku: «Şəms və Mövlanə», sayfa 2
ŞƏMS TƏBRİZİ
Sözü özümə deyə bilərəm,
Ya da o kəsə deyərəm ki,
Onda özümü görürəm!
Şəms minarəsi, Xoy
TƏBRİZDƏN DOĞAN GÜNƏŞ
O Xəttat (Allah – M.M.) üç cür yazı yazdı:
Birini Ondan başqa hes kəs oxumadı.
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə O oxudu, nə də başqaları.
O üçüncü yazı mənəm!
Şəms Təbrizi
Şəms Təbrizi kim idi? 1244-cü ilin bir payız günü dəvətsiz-filansız Konyaya gəlib şəhərin ən hörmətli ruhanisi, məşhur şeyx Bəhaəddin Vələdin oğlu Cəlaləddin Ruminin həyatını alt-üst edən, onu «fitvalar verən şeyxdən şairə çevirən» (Sultan Vələd), «minbərdə vüqarla oturduğu halda küçədəki uşaqların oyuncağına döndərən» (Mövlana) bu şəxs necə bir insan idi və buna necə nail oldu? Bu sual təkcə müasir tədqiqatçıları və onların sələfləri olan orta əsr təzkirəçilərini deyil, həm də hadisənin canlı şahidlərini – Mövlananın yaxın ətrafını və bütövlükdə Konya əhlini ciddi şəkildə maraqlandırmış və düşündürmüşdür.
Mövlananın oğlu Sultan Vələd özünün «Vələdnamə» poemasında Şəmslə görüşdən sonra atasının davranışında baş verən köklü dəyişikliyin onun müridlərində doğurduğu qəzəb dolu sualları belə ümumiləşdirmişdir:
جه كس است اين كه شيخ مارا او
برد از ما جو يكا كهى را جو
ساحر است اين مكر به سحر و فسرن
كرد بر خويش ثخ را مغتون
ورنه خرد كيت او و در وى جيت
با ج^ذين مك٠ر ميتراند زيت٠ا نى ورا اصل و نى نب بيداست مى ندانيم هم كه او ز كجاست
Axar su saman çöpünü alıb apardığı kimi
Bizim şeyximizi bizdən alan bu şəxs kimdir?
Bəlkə o sehrbazdır və sehrlə, ovsunla
Şeyxi özünə məftun etmişdir?!
Axı o kimdir və onda nə var ki,
Belə məkrlə yaşaya bilir?!
Onun nə əsli bəllidir, nə də nəsəbi,
Həm də biz bilmirik, o hardandır.
Maraqlıdır ki, şeirlərindən birində eyni sualı (təbii ki, başqa anlamda) Şəmsə Mövlananın özü də ünvanlayır:
تو كيستى ص٨اءقه اى يا آتشى؟
كه خانه و زندكى براى من باقى نكناشتى
Sən kimsən? İldırım, yoxsa od-atəş?!
Sən məndə ev-eşik, ömür-gün qoymadın!
Şəmsin sirli şəxsiyyəti sonralar o qədər əfsanələşdi, elə müəmma haləsinə büründü ki, hətta məşhur ingilis şərqşünası Edvard Braun tarixdə belə bir adamın mövcudluğunu şübhə altına alıb onun Mövlana təxəyyülündən doğmuş bir obraz olduğu fikrini irəli sürdü. Nə yaxşı ki, nəhayət, Şəmsin qaynaqlarda adı keçən «Söhbətlər»i («Məqalat», yaxud «Xirqeyi-Şəms» – Şəmsin müxtəlif məclislərdə çeşidli mövzularda etdiyi söhbətlərin müridlər tərəfindən qələmə alınmış toplusu) tapılıb nəşr olundu və Şəmsin şəxsiyyəti, fikirləri, Mövlana ilə münasibətləriylə bağlı bir çox sualları cavablandırmaq, eləcə də onun barəsində yazılanlara xeyli təshihlər etmək imkanı yarandı. Məsələn, bir çox mənbələr Şəmsi savadsız bir dərviş kimi təqdim etmişlər. «Məqalat» isə Şəmsin öz dövrü üçün çox mükəmməl təhsil aldığını, o zamanın ən böyük elm və fikir adamları ilə oturub-durduğunu açıq-aşkar göstərməkdədir.
«Söhbətlər»də diqqəti çəkən ilk məsələ, təbii ki, Şəmsin özü barədə verdiyi bioqrafik məlumatlardır. Bu məlumatlar Şəms şəxsiyyətinin real cizgilərini kifayət qədər dolğun şəkildə əks etdirir. Bəlli olur ki, Şəms (Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad) XII əsrin sonlarında Təbrizdə bəzzaz ailəsində doğulub. Ailənin yeganə, bir qədər də ərköyün övladı olan Şəmsin qeyri-adiliyi hələ uşaqlıq və yeniyetməlik çağlarında özünü göstərməyə başlayıb. Belə ki, o, qəribə yuxular görür, anlaşılmaz hallara düşür, bəzən üç-dörd gün heç nə yemirmiş (amma bundan zəifləmirmiş, əksinə, daha da gümrahlaşır, şüuru daha aydın, zəkası daha iti olurmuş). Bütün bunlar təbii ki, adi bir insan olan atasını bərk narahat edirmiş. Şəms bununla bağlı atası ilə dialoqlarını «Söhbətlər»də son dərəcə canlı şəkildə vermişdir: «Soruşurdu: – Sənə nə olub? Cavab verirdim: – Mənə heç nə olmayıb. Dəliyəm? Kiminsə paltarını cırmışam? Sənin üstünə düşmüşəm? Sənin paltarını cırmışam? Deyirdi: – Bəs bu nə vəziyyətdir? Bilirəm, dəli deyilsən, amma bu davranışını başa düşmürəm». Yaxınlarının və ətrafdakıların onu başa düşməməsindən doğan kədərli vəziyyəti, qəribə psixoloji ovqatı Şəms belə ifadə etmişdir: «Atamın məndən xəbəri yox idi. Mən öz şəhərimdə qərib idim. Atam mənə yad idi, ürəyim ondan ürkürdü. Mənimlə mehriban danışırdı, amma mənə elə gəlirdi ki, məni döyür, evdən qovur». Nəhayət, Şəms atası ilə arasındakı bu anlaşılmazlığı toyuq altına qoyulmuş qaz yumurtalarının misalı ilə izah edir: toyuğun çıxarıb bəslədiyi qaz balaları arxı görən kimi özlərini suya vurur, onların başqa növdən olduğunu anlamayan toyuq isə suya girə bilməyib narahat halda arxın qırağında o yan-bu yana qaçır. Atası ilə bağlı xatirələrini Şəms belə ümumiləşdirir: «Yaxşı adam idi, amma aşiq deyildi, yaxşı adam başqadır, aşiq başqa; aşiqin halını aşiqlər bilər!»
Atası Şəmsin oxuyub fəqih olmasını, cəmiyyətdə rəsmi mövqe tutmasını arzulayırdı, buna görə də onu Təbrizin ən yaxşı mədrəsəsinə qoymuşdu. Şəms də yaxşı oxuyur, fiqhi dərindən öyrənirdi, amma təhsilə, elmə karyera aləti kimi deyil, həqiqətə çatmaq vasitəsi kimi baxırdı: «Vallah, billah mədrəsələrdə oxuyanlar çalışırlar ki, sabah özləri də mədrəsə sahibi olsunlar. Dünya malı üçün elm öyrənmək nəyə gərək? Bu kəndir quyudan çıxmaq üçündür, bir quyudan çıxıb başqa quyuya düşmək üçün yox!»
«Söhbətlər»in mətni Şəmsin həm fiqh, həm də o dövrün digər elmləri sahəsində necə dərin biliyə, necə geniş erudisiyaya malik olduğunu aydın göstərir. Sonralar Mövlana yazacaqdı ki, kimya, nücum, riyaziyyat, ilahiyyat, hikmət və məntiqdə Şəmsin tayı-bərabəri yoxdur. Amma Şəms o dövrün terminologiyası ilə desək, təkcə «əqli» və «nəqli» elmləri öyrənməklə kifayətlənmirdi, paralel olaraq Təbrizdəki sufi məclislərində iştirak edirdi. Həmin dövrdə o, Əbubəkr Səlləbaf Təbrizi adlı bir şeyxin müridi də olmuşdu. Amma sonralar təsəvvüfdə ən yüksək məqama yetişsə də, ənənəyə uyğun olaraq özü ətrafına müridlər toplamadı. Şəms bunu «Söhbətlər»də çox maraqlı bir şəkildə izah edir: «Mən mürid tutmuram. Məndən çox yapışdılar ki, sənin müridin olaq, bizə xirqə ver, qaçdım… Mən mürid tutmuram, şeyx tuturam, özü də hər şeyxi yox, kamil şeyxi!» Şəms Tanrının məşhur hədisdə deyilən («Mənim qübbəmin altında övliyalarım var, onları Məndən başqa kimsə tanımaz») gizli övliyalarından idi, tanınmaqdan və şöhrətdən qaçırdı. Yenə özü başqa bir yerdə deyir: «Mənim bu aləmdə adi adamlarla işim yoxdur, onlar üçün gəlməmişəm». Təsadüfi deyil ki, bir müddət sonra müəllimi Şəmsəddin Xoyi ona dərs deməkdən imtina etmiş və bunu belə əsaslandırmışdı: «Mən Allahın yanında xəcil olmaq istəmirəm… Səndə üstün bir gövhər var, mən ona nəsə nəqş edə bilmərəm».