Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Şəms və Mövlanə», sayfa 3

Yazı tipi:

Beləliklə, Şəmsin kamil şeyx axtarışı ilə uzun-uzadı səfərləri başlayır: Dəməşq, Hələb, Bağdad, Qeysəriyyə, Ağsaray, Sivas, Ərzurum, Ərzincan… və nəhayət, Konya. Tez-tez yerini dəyişdiyi, qəfil gəldiyi kimi qəfil də yoxa çıxdığı üçün «uçan Şəms» ləqəbi ilə məşhurlaşır. O dövrdə hər hansı şəhərə gələn tacir karvansarada, fəqih – mədrəsədə, dərviş isə xanəgahda qalır, burada pulsuz yeməklə təmin olunurdu. Şəms xanəgaha getmir, ümumiyyətlə, özünün təsəvvüf əhli olduğunu büruzə vermirdi (adətən tacir qiyafəsində olurdu). Uzun müddət qaldığı şəhərlərdə Şəms əsasən müəllimlik edir, son dərəcə qənaətcil və təvazökar bir həyat sürürdü. «Söhbətlər»dən bəlli olur ki, hətta müəllimlikdə xüsusi metodikası varmış – təzə məktəbə gəlmiş uşağa 3 aya Quranı öyrədirmiş! Çox qalmadığı şəhərlərdə isə Şəms dolanışığını qayış düzəltməklə, rəngsazlıq və suvaqçılıqla, yəni əlinin zəhməti ilə təmin edirmiş. Şəxsiyyətinin bu cəhəti nəzərə alındıqda, «Söhbətlər»də bir tərəfdən müftəxor dərvişlərə, əsassız iddialara düşən mürşidlərə, digər tərəfdən də «Məhəmməd dininin quldurları», «dinin bünövrəsini qazan siçovullar» adlandırdığı şeyxlərə, minbər əhlinə yönəlmiş ardıcıl və kəskin tənqidin köklərini anlamaq mümkündür (sonralar bu mövzular «Məsnəvi»də də geniş yer alacaqdı).

Çoxsaylı səfərləri gedişində Şəms o dövrün ən məşhur elm və irfan adamları ilə görüşüb müzakirələr aparmış, istər müasirləri, istərsə də əvvəlki dövrlərdə yaşamış görkəmli şəxsiyyətlər haqqında öz fikirlərini (bəzən sox sərt və kəskin formada) «Söhbətlər»də ifadə etmişdir. Bu sırada onun «ən böyük şeyx» ləqəbi ilə tanınan Mühyiddin İbn əl-Ərəbi (1165-1240) haqqında fikirləri xüsusi maraq doğurur. İbn əl-Ərəbi ilə söhbətlərini təfsilatı ilə xatırlayan Şəms bəzən onun məntiqi qarşısında çaşıb qalan böyük filosofu belə təsvir edir: «Sözünün əvvəlində də mənə «övladım!» deyirdi, axırında da. Sonra da gülürdü: yəni belə övlad olar?!» Bununla belə İbn əl-Ərəbinin məqamını kiçiltmədən deyir: «O, bir dağ idi, dağ! Heyrətamiz bir kişiydi. Yaxşı həmsöhbət idi… »

Nəhayət, deyildiyi kimi, 1244-cü ildə Şəms Konyaya gəldi və onun Cəlaləddin Rumi ilə sonradan «İki dənizin qovuşması» adlandırılan məşhur görüşü baş tutdu (qaynaqlardakı işarələrdən, o cümlədən, «Məqalat»dan bəlli olur ki, Şəms Mövlananı əvvəllər də görübmüş və bir növ onun öz missiyası üçün yetisməsini gözləyirmiş). Həmin görüşdə Şəmsin verdiyi: «Kim daha böyükdür: Bayəzid Bəstami, yoxsa Məhəmməd peyğəmbər?» sualı onun idrakın xarakterinə və irfanın təbiətinə baxışını əks etdirməklə, Mövlanada baş vermiş ruhi-mənəvi təbəddülatın mahiyyətinə işıq salır. Sonralar Şəms bu baxışını Həllac Mənsurun timsalında bir qədər də konkret ifadə edir: «Mənsura hələ Ruh bütün camalını göstərməmişdi. Yoxsa «Ənə-l-Həqq» («Haqq mənəm!») deyərdimi? Haqq hara, mən hara? Bu «mən» nədir? Söz nədir? Əgər Ruh aləmində qərq olsaydın, sözə sığardınmı?» Və bir qədər sonra fikrini daha açıq deyir: «Peyğəmbərin yolu ilə getmək zahirən onu təqlid etmək deyil, məsələn, o qovun yeməyibsə, sən də yemə (Məhəmməd peyğəmbər qovun yemədiyi üçün yuxarıda adı keçən məşhur sufi şeyxi Bayəzid Bəstami də qovun yemirmiş – M.M.). Peyğəmbərin yolu ilə getmək odur ki, o, Meraca gedibsə, sən də onun ardınca get!» Beləliklə, Şəms insanın qarşısına çox çətin vəzifə qoyur. Amma məsələ bununla da bitmir: «Allah-əkbər deyirsən, yəni Allah böyükdür. Onda sən də çalış ki, böyük olasan!» Yəni kamiləşmənin sonu yoxdur, məşhur hədisin ifadəsi ilə desək, idrakın birinci qarışını adlayıb təkəbbürə yuvarlanmaq olmaz, qarşıda təvazö doğuran ikinci, heyrət və heyranlıq yaradan üçüncü qarışlar var. Burada elm və ağıl müəyyən həddə («dərgaha») qədər işə yarayır, sonra «hicab»a – pərdəyə çevrilir; odur ki, sonrası ruhun və ürəyin işidir, qalanı eşqlədir. «Əgər bu mənaları oxuyub öyrənmək və müzakirə ilə dərk etmək mümkün olsaydı, onda gərək Fəxr Raziyə baxanda Bayəzidlə Cüneydin başına aləmin külü olaydı (məşhur ilahiyyatçı Fəxrəddin Razi, məşhur sufilər Bayəzid Bəstami və Cüneyd Bağdadi nəzərdə tutulur – M.M.). Deyirlər, Fəxr Razi Quranın təfsirində min kitab yazıb, bəziləri deyir beş yüz kitab. Yüz min Fəxr Razi Bayəzidin getdiyi yolun tozuna çatmaz…»

Və nəhayət: «Deyirsən ki, Allah birdir. Nə olsun, sən ki təfriqə içindəsən, bir deyilsən!» Şəms hikmətindən işıq alan Mövlana poeziyası ilk növbədə bu birliyə yönəlib, ona xidmət edir: «Biz birləşdirmək üçün gəlmişik, ayırmaq üçün yox!» – deyir Mövlana. Sözün, sənətin, fikrin bundan böyük missiyası varmı?! Ən başlıcası, bu birlik dil, yaxud din birliyi deyil, ürək birliyidir. Ürəyin dili başqadır. Mövlana nə gözəl deyib:


 
Nə çox hindli və türk var ki, dilləri birdir,
Nə çox iki türk var ki, bir-birinə yad kimidir.
Deməli, məhrəmliyin dili tam başqa bir dildir,
Ürək birliyi dil birliyindən daha yaxşıdır.
 

Beləliklə, Şəms Mövlananı elm məqamından eşq məqamına, alimlik mərtəbəsindən aşiqlik mərtəbəsinə ucaltdı, onu kitablarda yazılanları bilməkdən doğan zərərli və mənasız təkəbbürdən xilas etdi. «İnsanı bütün qorxulardan etiqad və eşq azad edər. Səni isidən hər etiqadı saxla, səni soyudan hər etiqaddan uzaqlaş» – dedi. Mövlana dünyaya yenidən gəldi. Özü demiş, «yanan çıraq yanmayan çırağa toxunub getdi»…

Şəmsin Konyadan qəfil yoxa çıxması, o dövr müəlliflərindən birinin yazdığı kimi «qeybə çəkilməsi» barədə müxtəlif fikirlər var. Ən məşhur versiya onun öldürülərək bir quyuya atılmasıdır. Lakin «Məqalat»ın ən görkəmli tədqiqatçısı, kitabın elmi-tənqidi mətninin tərtibçisi Məhəmmədəli Müvəhhid Şəmsin Konyadan Təbrizə qayıdarkən Xoyda vəfat etdiyini və Xoydakı Şəms Təbrizi minarəsinin bu nadir şəxsiyyətin əsl dəfn yeri olduğunu əsaslandırır. Biz də bu fikrə qoşuluruq.

Şəmsin «Söhbətlər»i canlı fikrin misilsiz bir abidəsidir. Tam qətiyyətlə deyə bilərik ki, klassik farsdilli nəsrdə onun analoqu yoxdur. Təəssüf ki, bizdə lazımınca tədqiq və təbliğ olunmayıb. Hələ də bizdə Şəmsi şair adlandıran, «Divani-Şəms»in ona aid olduğunu yazan «alimlər» var. Şəms özü isə: «Məndə heç vaxt yazmaq adəti olmayıb, söz məndə qaldıqca hər an başqa bir üz göstərir» – deyir. Amma Mövlana irsinin məşhur araşdırıcılarından Bədiüzzaman Füruzanfər yazır ki, Mövlananın əsərlərini həm də Şəmsin əsərləri saymaq olar. Zatən, Mövlana öz bənzərsiz divanını «Şəmsin divanı» adlandırmaqla bunu demək istəyib. Şəmsə müraciətlə açıq şəkildə:

Ücretsiz ön izlemeyi tamamladınız.

₺41,74

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
10 s. 17 illüstrasyon
ISBN:
978-9952-8450-3-7
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 5 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre