Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Unudulmuş səslər otağı», sayfa 3

Yazı tipi:

– Yadındadır, qardaş, məni dəniz sahilinə aparmışdın həkimin məsləhəti ilə. Məni qumun üzərinə uzadıb üstümü də qumla basdırmışdın. İsti qum məni isitmiş, rahatlatmışdı. Amma qumda basdırılmaq məni çox qorxutmuşdu. Sonra bir meduza tapıb gətirmişdin. Onu qumun üstünə qoyduğun anda əriməyə başlamışdı. Suya dönüb sonsuz qumlara qarışmışdı. Onun üçün çox kədərlənmişdim. Qardaş, nə olar, məni qumlara buraxma.

Birdən ətrafımız bir tunneldən keçirikmiş kimi səssizləşdi. Qulaqlarım uğuldamağa başladı. Zaman sanki yavaşlayaraq ayaqlarını sürüyürdü. Sıx bir duman seyr etdiyimiz mənzərəni örtdü. Bütün rənglər və səslər güclü bir qüvvə tərəfindən bir-birinə qarışdırıldı, ahəngi pozuldu, qara xəttə dönərək üfüqü tutdu. Qatar vaqonunun lokomativdən ayrılmaq səsinə çox bənzəyən xəfif gurultu ilə gələcək zamandan ayrıldığımı hiss etdim. Nəfəs ala bilmədim. Bir anda qollarım keyidi. Barmaqlarıma şiddətli soyuq yayıldı. Bu şiddətli soyuqdan hər tərəfim mum kimi əriməyə başladı. Bir çarəsizliyin sonuna qədər gedən və onun atəşin sirrinə əllərinin hissiyyatı ilə toxunan kor kimi çaş-baş qaldım. Kədərin, soyuğun və çarəsizliyin asanlıqla içimə nüfuz edib çıxdığı jeleyə çevrilmişdim. Sərtlik sürətlə barmaqlarımdan bütün bədənimə yayılmağa başladı. Toxunduğu hər yerdən həyatın izlərini sildi. Ayaq barmaqlarıma çatanda orada ilişib qalan həyatın nəbz kimi inadkarlıqla döyündüyünü, gücləndiyini duyub titrədim. Bu məni çox incitdi. Torpaq ayaqlarımın altında oynadı. Bütün varlığım qapının astanasına yönəlmiş çarəsiz baxışdan ibarət idi. Qollarıma ağırlığını salıb rahatlaşan yumşaq, dumanlı şəkil göy üzünün sonsuz boşluğunda buludları dağıdan şimşəklə bərabər ulduzlara doğru yüksəldi. Ətrafım bir anda sonsuz çiçək ətri ilə doldu. Yerdə dörd qarışqa zədəli, çoxlu ləkələri olan solmuş yarpağı çətinliklə daşıyırdı. O ətir bir həftə çəkilmədi.

Onu bəyaz paltarı ilə traktor qoşqusunun işinə uzandıranda. O hörüklü, ipək saçlarına qıymayıb sinəsinə tökəndə. Həyat yoldaşımla yuxuya getmiş mələyin yanında ağlayaraq oturanda. Oyanıb ayağa qalxarmı deyə əllərini, üzünü və gözlərini öpüb qoxlayanda. Kəndə yaxınlaşdıqca anam traktoru görüb hər şeyi başa düşəndə. Qabağımıza qaçaraq, toz-torpağa bataraq gəlib üst-başımı cıranda. “Əmanətim haradadır?” – deyə qışqırıb ağlayaraq ağı deyəndə. Əllərimi dizlərimə çırpıb başımı qaldıra bilməyəndə. Ətimi qoparıb itlərə atanda.

O saçlarını görməliydiniz. Bir az da uzansa, topuqlarına dəyəcəkdi. İpək kimi yupyumşaqdı. Toxunmağa belə qıymazdınız. Ağappaq geyimi, həmişə hörülü saçları ilə, elə bil, görünməz bağlarla cənnətdən dünyaya göndərilən bəyaz mələk kimi idi. Hər axşam evimizin üstündə bir ulduz parlayır. Həmişə bizim üçün sayrışır, nazlanır, elə bil, yanına çağırır.

BİR EVİN QAPISINI DÖYMƏK

Uzun zamandır, taxta bir qapının önündə tərəddüdlə gözləyirdim. Bu evi seçmək üçün ətrafı araşdırmış, həyətində it olmadığına əmin olandan sonra sevinclə qapıya tərəf getmişdim. Elə əlimi qaldırıb qapını döymək istəyəndə ağlıma gələn qorxulara görə fikrimdən daşınırdım. Tanımadığım bir evin qapısında idim. Bura meşənin içində unudulmuş kiçik kəndə oxşayırdı. Ara-sıra çiy kərpicdən divarlar nəzərə çarpırdı. Bura bir kənd evi olmalı idi.

Bura gələnə qədər uzun bir torpaq yolda azmışdım. Uzaqdan burnuma gübrə və acı alaq otlarının iyi gəlirdi. Çəmənlərin acılığında boşluq və çarəsizlik qoyduğum kimi qalırdı. Heç bir qoxu saxlamazdı, bəlkə də, məni. İllərdən bəri içimdə yuxuya gedən əjdahanı oyada bilməzdi. Amma otların qoxusuna ilişib qalmış, orada yaşamına davam edən, xəyali bir keçmiş zaman parçasının, bəlkə də, xatirənin mişar kimi yaralayan nəfəsi… Eynən heç kimin tanımadığı tənha mağaralardakı yarasalar kimi. Və heçliyin o xoşagəlməz, kədərli, məğlub, isti, yumşaq dadı.

Ayıdöşəyi, zəngçiçəyi, çobanyastığı və lalələrin arasından ürəyim əsərək uşaq kimi həyəcanla qaçırdım. Yorğunluq, həsrət və solmuş qızılgül ləçəkləri ilə örtülmüş yol önümdə uzanıb gedirdi. Bir az sonra əbədilik hissi yaradan tarlaların arasından keçərkən sərçəgülü, pıtraq, əlin güləvəri və quşüzümlərinə, cırcıramaların səsinə qarışan, ruhumu oyadıb torpağın rahatlıq bəxş edən ahənginə qarışdırmışdı. İçimdə uzun illər dünyanı dəyişmək üçün etdiyim cəhdlər, xəyallar ilə inadkarcasına məyusluğun, laqeydliyin arasında dumanlı bir hissədə yuxuya gedən həyat yenidən oyanmışdı.

Amma bu gün necə istəmişdim tanımadığım bir qapını döyməyi. Kim açacaqdı qapını? Ona nə deyəcəkdim? O qapının arxasında nələr tapacaqdım? Qapıya doğru qorxa-qorxa yaxınlaşarkən bir anda özünü düz və əks axınlara buraxıb tərəddüdlə hərəkət edən qərarsız yarpaq kimi ağlımda baş verənlərin təsirində idim. Əsla sözlərlə ifadə edilə bilməyəcək dərinlikdə, yerinə uyğunlaşmayan qaya kimi əsəbi. Hər dəfə səyahətə çıxanda günortadan sonra o soyuq, nəhəng şəhərlərdən çox uzaqda olan kiçik yaşayış məntəqələrindən keçərkən yaxınlaşan axşamın məyusluğu, içimdə daima evdən uzaqda olmanın və qalacaq yer tapa bilməmə qorxusu çoxalırdı. Uzanan, sayrışan və bir evə yönələn kölgələrlə hər şeyin öz içində hərləndiyi, səssizləşdiyi bu zamanda daxilimi daim uzaqlıq qorxusu çuğlayırdı. Bütün əşyaların, bəlkə, özünüzün belə cəld ətrafınızdan çəkilib özünü axtararaq üzünüzün və kölgənizin çarəsizcəsinə digər bütün formasız kölgələrlə kətan üzərində qarışdırılan saysız-hesabsız rəng arasından öz rənglərini ayırd etdiyi çətin axşam saatları idi. Uzaqda astaca qızılı rəngə çalan işıqlar altında sirrə qədəm basan evlərdən birinin qapısını dayanmadan döymək istərdim. O qapının arxasında itirib axtardığım nə varsa, sanki tapacaqdım hissi içimə dolardı. Qapını döyəcəkdim və qarşıma çıxan ilk adama “mən gəldim” deyə qışqıracaqdım. Bunu illər uzunu istəmiş, amma edə bilməmişdim. Cəsarətim yox idi. Tanımadığım bir evin qapısını döymək. O evin qonağı olmaq.

Bu duyğu niyə hər zaman günortadan sonra təkrarlanardı? Bu saatlarda günəş bütün yandırıcı qüvvəsi ilə hər şeyi açığa çıxaran narahatedici aydınlığını itirərək daha da cılızlaşan və işığı azalan lampa kimi evləri bir-birinə yaxınlaşdırır, onları formasız ləkələrə bənzədərək nağıllardakı göbələk evlərtək sirlə pərdələnən görüntülərini yorğun, yumşaq rənglərlə örtüb insanın tanımadığı bir evə getməsi üçün cəsarətini artırırdı. Bitən bir günün və otların ağırlaşıb dibə çökərək ayağımıza ilişən yorğunluq dolu nəfəsləri ətrafa yayılanda duyğuları, yaşadıqları bulanırdı. Bu zaman, bəlkə də, insanı bir dəlilik təqib etdiyində bitən günün təsiri ilə çılğınlıq etmək düşüncəsi içimizə nüfuz edər. Həyatın axarını pozub arxamızda bir iz, bir əsər qoymaq düşüncəsi ən çox bu zamandamı baş verir?

Dümdüz yolu olub bir neçə qapıdan keçilməyən evlər yolçulara hər zaman rahatlıq hissi verər. Çünki ərtafı daş hasarlarla əhatə olunmayıb. Azaddır. Zəngi basıb qapıda gözləmədən həyətdə nə olduğunu düşünməyərək asanca çatırsan bu evlərə. Həyətləri sevmirəm. Həyətli evlərin qapısını döyməyi. O həyətlərdə səslər hər zaman ucadan çıxar, qırıb tökər insanı. Həyətlər qorxuludur. Həyətlər dərin quyudur. Soyuq və kobud səslərlə oyanan uşaqların ağladıqlarını heç kimin eşitmədiyi narahatlıq dolu çarəsiz səslər ümmanıdır.

Mən də belə bir ev seçmişdim özümçün. Əllərim əsirdi. Özümü ələ aldım. Qapını astaca döydüm. Taxta qapı cırıldayaraq astaca açıldı. Qorxudan gözlərimi yumdum olacaqları bir anda görməyə… Qəribədir. Heç bir səs yox idi. Gözlərimi yavaşca açdım. Kandarda balaca bir uşaq təəccüblə mənə baxırdı…

Qarşımda saçları ağarmış bir nəfər dayanmışdı. Uzun müddət mənə baxdı. Udqundu. Danışa bilmirdi. Onu içəri dəvət etdim. Səssizcə dalımca gəldi. Otaqları təəccüblə müşahidə edirdi. Pəncərənin qarşısında – çölə mənzərəsi olan divanda əyləşdik. Nəfəs aldıqca sinəsi enib-qalxırdı. Mənə baxarkən əlləri əsməyə başladı. Bu əsmə dodaqlarına və üzünə doğru qalxdıqca onunla mübarizə aparmağa çalışdı, amma axırda onların da bu naməlum narahatlığı qəbul etməsinə icazə verdi. Gözündən qərarsızlıqla üzə vuran bir damla göz yaşı bu dumanlı ortama düşməmək üçün cəhd etsə də, axırda özünü divanın üstünə atdı. Görəsən, niyə kədərlənmişdi? Bilmirdim. Soruşmağı da bacarmırdım. Üzündə var-gəl edən qəribə xəyal qırıqlığı çarəsizcəsinə taleyinə boyun əyməyin izlərini dərinləşdirirdi. Həyata o qədər dərindən batmışdı ki, hər tərəfi gül tozcuqları olan saysız-hesabsız gülləri gəzib güclə hərəkət edən arı kimi yorğun, yöndəmsiz idi. Bir müddət sakitcə oturduq. Birinci kimin söhbətə başlayacağını bilmədən. Sonra mənə tərəf çevrilib soruşdu:

– Evdə heç kim yoxdur?

– Hamı bayırdadır, bir azdan gələrlər, – təbəssümlə cavab verdim. Bir stəkan su istədi. Suyu içərkən ilk dəfə üzümə diqqətlə baxdı. Baxışı üzümə ilişib qaldı.

Zamanı, elə bil, xalça kimi altından dartıb götürmüş, uzaqlara aparmışdılar. Mən isə olduğum yerdəcə qalmışdım. Sanki həyatı, zamanı yaşaya bilmədən sürətlə yaşlanmışdım. Eynən nağıllardakı kimi, bir arpa boyda yol gedən adam təki. Burada kim bilir, bəlkə də, dəfələrlə əhənglə ağardılmaqdan ikiqat qalınlaşmış bu kərpic divarları və tavanında tirlər olan sirli evdə gəzdiyim yerlərin, öyrəndiyim şeylərin bir anda yox olduğunu, bir işə yaramadığını anlayanda sarsılmışdım. Özümü yanğında bütün əşyaları yanıb kül olmuş boş otaq kimi hiss edirdim. Bu boşluq ən kiçik əşyanı və həyatı özündə cəmləyə bilmək vəziyyətində deyildi. Ən pisi isə o boşluq məni də qəbul etmirdi. Həyatın, özümün və hər şeyin xaricində qalmışdım. O isə həyat dolu, parlaq gözləri ilə qarşımda oturmuşdu. Əriyən, yox olan, məndən uzaqlaşan bütün parçalarımın, xəyallarımın onda toplandığını görürdüm.

Bu evdə həyatın ağır bir yük kimi üzərimdən qalxdığını, içimdəki bütün nöqtələrin tərk etdiyini anlayanda. Dağlarda, yağışdan sonra yalnız çobanların tanıdığı və üstünə bir daş qoyub gizlətdiyi kiçik çuxurlarda saxlanılan saf sular kimi oraya, içimdəki o dərin boşluğa dolan şeyin səsi yüksələndə. Uzaqda, dağın yamacındakı bu tənha kənd evində qəribə rahatlıq içimi yumşaldıb əridəndə. Şəkildən şəklə düşən və ardıcıl olaraq xəmir kimi şeylərə bənzədilən bütün hissələrimdən canım qurtarıb sakitləşəndə. Heç bir şeyə bənzəmənin necə də gözəl olduğunu hiss edəndə. Sonsuza qədər heç bir şeyə – özümə belə bənzəmədən hər zaman belə qalmaq istəyəndə.

İllər öncə necə böyüyəcəyimi fikirləşirdim. Böyüyəndə kimə oxşayacaqdım? Əllərim, ayaqlarım, saçlarım necə olacaqdı? Böyüyə bilməməkdən, bir kənddə qalıb yaşamaqdan, uzaqlara gedə bilməməkdən, dünyanın tanımadığım yerlərində insanların nələr etdiyini görə bilməyəcəyimdən elə qorxardım ki. Bir tumurcuğun çatladığını, otların böyümə səsini, zəmilərin boy atıb saraldığını, küləyin təsiri ilə sağa-sola əyilərək xışıldadığını eşidirdim, amma özümün böyüdüyünü hiss edə bilmirdim. Atamın səsi soyuq külək kimi üzərimdə əsib-gurladığına görəmi böyüyə bilmirdim? Belə quruyub qalmağım ona görə idimi?

Buralardan getmə sevdası içimi yandıranda. Uşaq ağlı ilə özüm üçün bir yol axtaranda. Göy üzünə doğru boy atmış zəminin içində uzananda. Tarlanın ortasında sirli yol açanda. Az sonra yenidən qalxan zəmi izimi silib bağlayanda. Çarəsiz, məyus şəkildə bağladığım nöqtəyə çatanda.

Eləcə mənə baxırdı sanki daha əvvəllər hardasa görmüş kimi həyəcanla. Danışdıqlarımı su içirmiş kimi dinləyirdi. Qara, kirpi saçlarını əlimlə oxşadım. Səsini çıxarmadı. Bir müddət par-par yanan gözlərinə baxdım. Ağlamağa başladım.

– Niyə ağlayırsan? – Soruşdu.

Cavab verə bilmədim.

– Hər şəhər, hər insan, hər həyat artıq bir-birinə oxşayır, – astaca dedim. Sonra ümidlərini qırdığımı düşünüb kədərləndim. – O qədər şəhər, ölkə və insanlar gördüm, nə oldu? Öz həyatıma qonaq kimi gəlib-getməkdən yoruldum.

Sanki o danışır, yalnız mən eşidirdim. Onun baxdığı əşyaları mən görürdüm. O gəzir, mən yorulurdum. O böyüyür, mən balacalaşırdım.

– Zaman arxasında həmişə seçim qarşısında qalan ruhlar və kədərli üzlər buraxır, – ah çəkərək dedim. – Bu dəfə alınmadı, bir daha sınamalıyam, – deyərək çarəsizcə çırpınan həyatlar buraxır. Budur mənim narahat üzüm, yalnız on illərdən sonra hər gün güzgüdə dəyişdiyini gördüyüm üzüm, hansı uzaq şəhərlərdən, məğlubiyyətlərdən izlər daşıyır? Amma bir simanın dəyişməz qalması və hər gün eyni küləklə eyni səmaya qovuşması nə qədər gözəl olmalıdır.

Gözlərini iri-iri açaraq:

– Burada, bu dağ kəndində kimisə görməyə gəlmisiniz? – Soruşdu.

Başımı önə əydim. Gözlərim dolmuşdu.

– Sənin böyüməni, uşaqlığını dayandırmaq üçün burdayam, bəlkə də, – səsim əsməyə başladı. Yalnız özümün eşidə bildiyim pıçıltı ilə ağzımdan çıxan, səsləri olmayan sözlərlə. Uşaqkən böyüməkdən necə də qorxardım. Kərpic divarlar əhatəsində hər axşam dərin quyu kimi qaranlıq düşəndə, itlərin uzun-uzadı ulamaları və bayquş səsləri arasında tənhalığın belə qorxudan ürəyi partlayanda burada qalıb öləcəyimdən qorxardım.

Baxışlarımız otağa qatı bir dalğınlıq kimi çökəndə getmək lazım olduğunu xatırladım. Burada, bu sehirli evdə danışdığımız az sayda sözlər mənə ilk dəfə idi, belə təsir edirdi. Bir əşya kimi otaqda yer tutur, masa, divan kimi otağı öz həcmi ilə dolduraraq nəfəs almağa çətinlik yaradırdı. Əllərindən tutub icazə istədim. Bir müddət gülərək mənə baxdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
110 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок