Kitabı oku: «Alagöz», sayfa 3
Həsən kişi darıxdı. Məndən bir papiros yandırmağı xahiş etdi. Papirosu alıb sümürdü. Elə bil acığını ondan çıxmaq istəyirdi.
– Kəlbəcərə ermənilər hücum edəndə əhalini vertalyotlarla daşıyırdılar, – Həsən kişi danışmağa başladı. Çünki oradan çıxmağa başqa yol yox idi. Ağır xəstə olan həyat yoldaşımı çıxarmaq mümkün olmadı. O, yataq xəstəsi olduğundan, hay-küydən qorxaraq keçindi. – Bədbəxtin qızını heç torpağa da tapşıra bilmədim, elə evin içində, yataqdaca qaldı. Mən onun yanında olduğumdan fermadan xeyli aralanmışdım. Həmin vaxt Alagözü fermada bağlamışdım. Ferma da kənddən xeyli aralıda idi. Can şirin şeymiş, qardaş, mən onda bildim. Hər kəs öz hayındaydı. Hara gəldi qaçırdı. Aləm dəymişdi bir-birinə, it yiyəsini tanımırdı. Mən, elə bil, yuxudaydım, ayıldım. Yadıma Alagöz düşdü. Bilirdim ki, bu cəhənnəm odundan onu qurtara bilməyəcəyəm. Dedim, heç olmasa heyvanı açım buraxım, yazıqdı. Ona görə də, fermaya tərəf qaçdım. Oraya az qalmış, gördüklərimdən dəhşətə gəldim. Fermanı tamam yandırıb, kül etmişdilər. Ətrafda çoxlu heyvan ölüsü düşüb qalmışdı. Ermənilərin hərbi texnikası artıq fermadan aşağıya doğru, kəndə tərəf gəlirdi.
Alagöz gözümə dəymirdi. Onun öldü-qaldısından bir xəbər yox idi. Geriyə boylananda gördüm ki, artıq bizim kənd də ermənilərin əlindədir. Alışıb, yanan evlərin tüstüsü göyə qalxırdı. Elə bil, orada böyük bir tonqal qalamışdılar, hər yan od-alov içərisindəydi.
Mən əsir düşməmək üçün dərəaşağı qaçırdım. Yan-yörəmdə mərmilər partladığından az qalırdı ki, qulaqlarım tutulsun. Hara qaçdığımı heç özüm də bilmirdim, amma qaçırdım. Tələsdiyimdən başımdakı papağımı da salıb itirdim…
Qarşıdakı çayın kənarında bir neçə vertalyot vardı. Camaatı onlara doluşdururdular. Güc-bəla özümü ora çatdırdım. Taqətim kəsildiyindən, addım ata bilmirdim. Bizimkilərdən iki nəfər qolumdan yapışıb məni vertalyota mindirdi. İçəridə adamlar ət-ətə dayanmışdılar. Özündən gedən, qışqıran, qorxusundan bir-birinə sarılıb ağlayanları görəndə adamın tükləri biz-biz dururdu. İllah ki, o yerdə arvad-uşaq ola.
Bir azdan vertalyot havaya qalxdı. Mən pəncərəyə tərəf sıxışdırıldığımdan aşağını əliçi kimi, apaydın görürdüm. Torpaqdan ayrıldıqca ürəyim sıxılırdı, elə bil, əti dırnaqdan ayırırdılar. Köklü-köməcli ağacı yerindən qopararsan e, xartıltısı aləmə düşər, bax, elə xartıldayırdı ürəyim, qardaş. Bə nə bilmişdin, qarış-qarış gəzdiyin bu yerlərdən ayrılmaq, buna ayrılıq da deməzlər; qaçmaq, özü də hər şeyini – malını, dövlətini, namusunu qoyub qaçmaq mənə ölümdən daha ağır gəlirdi. Hirsimdən başımı vertalyotun pəncərəsinə çırpırdım. Sağ qaldığıma görə özümü lənətləyirdim. Axı, hara gedirsən, a bədbəxt oğlu, deyirdim, töküblər orda səninçün. Minbir əziyyətlə, diş-dırnaqla tikdiyim ev-eşiyimin bircə anın içində külə döndüyünü, ömrünü-gününü mənim yolumda əridən həyat yoldaşımı, vaxtsız rəhmətə gedən ata-anamın qəbirlərini və canımdan artıq bildiyim Alagöz atımı fikirləşəndə özümü saxlaya bilməyib hönkür-hönkür ağladım. Düşündüm ki, bunlarsız mən nə üçün yaşayıram?! Bundan sonra mən, axı, kimə lazımam?! Bircə oğlum Əhmədi yadıma salanda, ürəyim azca sakitləşirdi. Nə yaxşı ki, ona beş-altı il bundan qabaq Bakıda ev almışdım, evləndirib ailə-uşaq sahibi etmişdim.
Vertalyotdan yerə dördgözlü baxırdım. Baxırdım ki, bəlkə Alagöz atımı gördüm. Əgər sağ qalmışdısa, yəqin ki, o da indi məni axtarırdı…
O mənim kimi olmazdı, çox vəfalıydı. Alagöz məni heç vaxt darda qoyub qaçmazdı. Kaş, biz insanlar da, o dilsiz-ağızsız heyvanlar kimi bir-birimizə vəfalı, sadiq ola biləydik.
* * *
– Sənə Alagöz atımdan bir əhvalat danışım, qardaş, başağrısı olmasın, gör o at necə at idi.
Bir dəfə bərk xəstələnmişdim, yataqdan qalxmağa taqətim yox idi. Mal-qaraya da qonşumuz qulluq edirdi. Dedim də, həyat yoldaşım həmişə xəstə olardı. Bir gün qonşum mənə dedi ki, ay Həsən, bilmirəm nə olubsa, Alagöz bir çəngə də olsun belə ot-ələf yemir, deyəsən o da sənin kimi naxoşlayıbdır.
Güc-bəla ilə yerimdən qalxıb onunla bərabər tövləyə getdim. At məni görən kimi nə oyun çıxartdı, bir öz gözlərinlə görsəydin. Başını qoyun-qoltuğuma soxub, məni imsiləyirdi. İlahi ki, onun gözlərindəki yaşı görəndə, özümü saxlaya bilməyib, boynunu qucaqladım.
Axurundakı ot-ələfi özüm yerbəyer edəndən sonra, Alagöz yemini yeməyə başladı. Qonşum bunu görəndə, əlini əlinə vurub:
– Pa, atonan, day mənim bu ata sözüm yoxdur! – dedi.
O, belə at idi, qardaş. Mən isə onu od-alovun içində qoyub, öz canımı götürüb qaçdım. Özü də yerlə də yox, göylə qaçırdım. Bu torpağın nemətini ye, suyunu iç, kefini çək, ara qarışan kimi də tüpür dabanına, asta qaçan namərdir deyib çıx aradan. Ay nankor insan, ona görədir də həmişə başımız dərddədir.
– Hə, qardaş, başına dönüm, bizi gətirib tökdülər Bakıya. Oradan gəldim oğlumun evinə. Özü evdə yox idi, gəlinim dedi ki, dünəndən evdən çıxandı. Kəlbəcərin işğal olduğunu biləndə dəli olmuşdu, bir dəqiqə də olsun evdə qala bilmədi.
– Bəs hara getdi? – gəlinimdən soruşdum.
– Nə bilim çıxanda dedi ki, gedim görüm bizimkilərdən nə xəbər var?
Axşamacan onun yolunu gözlədik. Bu vaxta qədər gəlinimlə dərdləşib, sızlaşdıq. Gecə yarıdan keçmişdi ki, oğlum gəlib çıxdı. Məni sağ və salamat görəndə sevindi. Qucaqlaşıb ağlaşdıq. Anasını soruşdu.
Ücretsiz ön izlemeyi tamamladınız.