Kitabı oku: «Tarix müəlliminin etirafları», sayfa 2
Əsgər anasının borc dəftəri…
(hekayə)
Əsgərin cənazasi axşamçağı, gün qürbə enəndə, hərbiçi yoldaşlarının çiynində evlərinə gətirildi.
Qapı ağzında oturmuş anası oturduğu yerdən dartınıb ayağa qalxmaq istədi, amma bacarmadı. Çiyinlərinə ağır bir yük qoyulmuş adamlar kimi inlədi. Oğlunun ölüm xəbərini eşidəndən sonra bədəninin taqətiylə yanaşı, elə bil, ürəyinin təpəri də çəkilmişdi, canında hey-hərəkət qalmamışdı onun. O, havadan aslı qalmış titrək əllərini irəli uzadaraq: – Gəldinmi, oğlum?!.. Sənin hələ xidmətinin bitməyinə üç ay qalıb axı… Sən payızda, hava sərinnəşəndə qayıdacaqdın. Niyə səni belə tez buraxdılar? Beləmi qayıtdın üstümə, ay insafsız? Mən səni beləmi yola salmışdım?!
Ana başını dizlərinə söykəyib hönkürdü.
Əsgər dostları şəhid olmuş döyüşçünün tabutunu həyətin ortasına qoyub, farağat vəziyyət aldılar. Onlar müharibə görmüş döyüşçülər idi. Bu müharibədə çoxlu əsgər dostlarını itirmişdilər. Əslində, şəhid olmuş döyüşçü dostlarının itkisi nə qədər ağır olsa da, onların ata-analarıyla belə vəziyyətdə qarşılaşmaq bir o qədər də ağır gəlirdi onlara. Sanki şəhid olmuş əsgərin yaxınları gözlərini onların gözlərinin içinə dikərək: – Axı, bizim oğlumuz da, sənin kimi bir əsgər idi. Ona nə oldu? Niyə o öldü?.. Bəs, sən niyə sağsan? – soruşmaq istəyirdilər.
Bu çox dəhşətli və cavabı tapılmayan bir sual idi onlar üçün. Belə anlarda, nə qədər ağır da olsa, onların ürəyindən bir istək keçirdi; – Kaş, mən də şəhid olaydım, bu sual mənə verilməyəydi.
Əsgərlər bir-bir ananın əllərindən öpərək ona təsəlli verməyə çalışırdılar. Od-alov görmüş, heç nədən qorxub-çəkinməyən bu döyüşçülər, nədənsə, ananın gözlərinin içinə baxmağa çətinlik çəkirdilər. Bu ölümdə sanki özlərini də günahkar bilirdilər.
Ana sakit görünürdü. Amma əslinə baxsan, dünən axşam oğlunun ölüm xəbərini alandan sonra dünyası dağılmış, ürəyi param-parça olmuşdu. Oğlunun şəhid olması xəbərini televizorda demişdilər. Dünən birdən-birə qonum-qonşunun onun həyətinə axışması və gələnlərin kədərli baxışları Mədinə ananı təəccübləndirmişdi. Qonşulardan kiminsə: – Evimiz yıxıldı, ay Mədinə xala, oğlun şəhid olub! – deməsi, onu kökündən qopmuş ağac kimi yerə sərmişdi. Arvad dünəndən bu günə kimi canında nə qədər hey-hərəkəti var sızldamışdı. İndi onun nə ağlamağa, nə də bir söz deməyə gücü qalmamışdı.
Bir anın içində həyət adamlarla doldu. Kənd camaatından başqa yaxın-uzaq kəndlərdən, rayondan da adamlar axışıb gəlmişdilər. Hamı kədər içərisindəydi. Ananın gözünün ağı-qarası olan bircə oğlunun ölümü hamıya çox pis təsir etmişdi. Müharıbə başlanandan beşinci şəhid idi ki, bu kəndə gətirilirdi.
Ananın qoluna girib oğlunun cənazəsinə tərəf gətirdilər. Bayrağa bükülmüş cənazə çox əzəmətli görünürdü. Hamı başını aşağı salıb, dərin sükut içərisində anaya baxırdılar. Taqəti kəsilmiş ana ayaqüstə güclə dayanırdı. Halsızlıqdan, o, əsim-əsim əsirdi.
Elə bu vaxt hərbi geyimli, yaşlı bir zabit anaya yaxınlaşıb baş endirdi və üzünü əsgərin cənazəsinin ətrafında toplaşanlara tutdu.
Zabiti hamı tanıyırdı, istefada olan polkovnik idi. Son vaxtlar onun işi cəbhə bölgəsində həlak olmuş əsgərlərin cənazəsini yaxınlarına çatdırmaq idi. Bu kəndə beşinci dəfə idi ki, gəlirdi. O, bu işdə çox səriştəli idi. “Özgə ölüsü adama yatmış kimi görünər” məsəli, elə bil, bu adam üçün deyilmişdi.
O, bu dəfə də şəhid olmuş qəhrəman barədə danışdı. Onun igidliyindən, döyüş bölgəsində göstərdiyi şücaətdən söz açdı. Zabitin bu çıxışı təsəllidən çox ürəklərdə ikrah hissi yaratdı. Hamı bilirdi ki, o boğazdan yuxarı danışır. Sonda zabit əsgərin Vətən yolunda, öz xidməti borcunu yerinə yetirərkən şəhid olduğunu dedi.
Zabitin bu son sözləri, deyəsən, ananın xoşuna gəlməmişdi. Ana bir qədər duruxdu. Sonra başını qaldırıb bu qoca zabitin üzünə baxdı. Zabit ananın bu baxışları qarşısında tablaşmayıb başını aşağı saldı. İndiyə kimi çoxlu belə mərasimlərdə olmuşdu. Övladları həlak olmuş valideylərlə qarşılaşmışdı, amma bu ananın baxışları qədər insanı xofa salan baxışlar görməmişdi.
Ana üzünü zabitə tutub sakit səslə:
– Qardaş, o mənim bircə balam idi, aman-zaman bircə oğlum. Onu atasız böyütmüşdüm, diş-dırnaqla. Sən başa düşürsən diş-dırnaqla övlad böyütmək necə olur? Mən gözümün yaşını o uşağın çörəyinə yavanlıq etmişəm, bilirsən? O uşaq bir qarın ac, bir qarın tox böyüdü. Yaşından böyük, gücü çatmayan işlərin qulpundan yapışırdı ki, biz ac qalmayaq. Çünki köməksiz idik, böyüksüz idik, başsız idik. O uşağı mən namusla böyütdüm, ona şərəfli olmağı öyrətdim. Ali təhsil aldı, Bir dəst paltarı vardı balamın gecə yuyub qurudar, səhər də geyinib dərsə gedərdi.
Vətən borcu deyirsən? Nədi o Vətən borcu, qardaş? Oğlum dünyaya gələndə atası iki ay olardı ki, vəfat etmişdi. Fəhlə idi, daş karxanasında maşınlara daş yükləyirdi. Axırda da daşdoğrayan mişar daşına düşüb doğram-doğram oldu. Başsız qaldıq. Heç kəs bizə əl tutmadı, sənin dediyin o Vətəndə yad kimi yaşadıq.
Oğlum dünyaya gələndə xəstəxanada həkimlər məni evə buraxmırdılar. Ona görə ki, onlara verməyə pulum yox idi. Axırda, elə orada işləyən tibb bacılarının biri, guya mənim halıma ürəyi yanaraq, əvəzimdə onlara pul payladı. Evə qayıdandan sonra qonum-qonşudan borc alıb, o xanımın pulunu ödədim.
Oğlum bir yaşına çatanda açımızdan ölməyək deyə, işləmək məcburiyyətində qaldım. Uşaqla harada işləməliydim, onu saxlayan bir kimsəm yox idi. Çarəsiz qalıb uşağı xahiş-minnətlə bağçaya qoydum ki, özüm işləyə bilim. Bilirsən də, xahiş-minnət nədir? Puldur, qardaş, filan qədər borc alıb oğlumun bağça pulunu düzəltdim. Sonra məktəb vaxtı çatdı onun. Kitab pulu, fond pulu, sinif pulu, müəllimlərin ad günləri, nələr, nələr… Allah üzünü ağ eləsin oğlumun, yaxşı oxudu, ali məktəbə qəbul oldu. Amma ödənişli fakultəyə düşdü. Gündüzlər oxudu, gecələr işlədi. Ana, bala institutun ödəniş pulunu ödəyirdik. Ali məktəbi bitirdi, bir il iş tapa bilmədi, hara getdi pul istədilər. Axırda uşaq çarəsiz qalıb, ərizə yazaraq əsgər getdi.
Hər dəfə də yanına gedəndə dükan-bazardan nisyə bir şeylər götürürdüm ki, oğlum dostlarının yanında utanmasın. İnanmırsan, göstərərəm sənə o brc dəftərini? Qonşumuz Kərəmin dükanına min yeddi yüz manat borcumuz var. Dedim uşaq əsgərlikdən qayıdar, işləyər, yavaş-yavaş borcumuzu ödəyərik.
İndi sən hansı borcdan danışırsan, qardaş?! Nə borc?!.. Kim-kimə borcludur, mənə deyə bilərsən? Hərə bir cür alver edir bu məmləkətdə… Sən də, deyəsən, Şəhid oğulların qanıyla alver edirsən?! Yaxşı iş görmürsən, qardaş. Çıx, bu həyətdən, təhqir etmə bizi!..
Gedin, siz və sizin kimilər, qoy öz vətən borclarını ödəsinlər. Sizin vətənə daha çox borcunuz var. Özü də çox, lap çox… Çünki, bu Vətənin xeyirini görən sizlərsiniz. Bizi rahat buraxın. Qoy, heç olmasa oğlumun Şəhid ruhu rahat olsun… Ana-bala, onsuz da bir-birimizə borcumuzu biz halal edəcəyik!..