Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qoca Azaflıyam», sayfa 2

Yazı tipi:

QURBAN OLUM

 
Harda varsa insanlığın,
Kamalına qurban olum.
Ahıl qanan cavanlığın,
Camalına qurban olum.
 
 
Harda varsa etibarın,
Təmiz eşqin, namus, arın,
Vəfası düz olan yarın,
Halalına qurban olum.
 
 
Harda varsa qananların,
Aşiqiyəm o canların.
Vətən üçün yananların,
Məlalına qurban olum.
 
 
Harda varsa haqq-divanın,
Adamlığı düz qananın.
Yaranmışı yaradanın,
Cəlalına qurban olum.
 
 
Harda varsa haqqa hörmət,
Odur mürvət, odur qiymət.
Azaflıyam, səmimiyyət,
Amalına qurban olum.
 

VURDU

 
Taleyimiz gətirmədi,
Bizi daşdan-daşa vurdu.
Arzu-kama yetirmədi,
Ömrü başdan-başa vurdu.
 
 
Çəkdim qəmlər macərası,
Paralandı can parası.
Bivəfanın söz yarası,
Oxu qaşdan-qaşa vurdu.
 
 
Azaflıyam, saf niyyətim,
Var dostuma sədaqətim.
Nakam oldu məhəbbətim,
Dağı qoşa-qoşa vurdu.
 

OLSUN

 
Düz könüldən düz könülə,
Məhəbbətin yolu olsun.
Doğru qəlbdən doğru dilə,
Sədaqətin dolu olsun.
 
 
Eşq incimin çiçəkləri,
El də bəzər mələkləri.
Arzumuzun diləkləri,
Hər niyyəti ulu olsun.
 
 
Azaflıyam, haq-divanın,
Əsiriyəm mehribanın.
Yaxşıların, yaxşı canın,
Canım matah qulu olsun.
 

CAN AĞRISI

 
Arzum budur təbiətdən,
Olmayaydı can ağrısı.
Şəfa tapa o qüdrətdən,
Qalmayaydı can ağrısı.
 
 
Mən nə deyim yaradana,
Min qəm verir bir insana.
Heç kimsəni dərd-dərmana,
Salmayaydı can ağrısı.
 
 
Gəzdim qürbət ellərini,
Keçdim hicran sellərini.
Məhəbbətin güllərini,
Yolmayaydı can ağrısı.
 
 
İstər səksən, doxsan yaşa,
Əcəl zəhrin tökər başa.
Ölənəcən dağa, daşa,
Salmayaydı can ağrısı.
 
 
Azaflıyam, tanı məndən,
Keçdi dünya fanı məndən.
Cəllad kimi canı məndən
Almayaydı can ağrısı.
 

VAR

 
Dünya, səndən gileyliyəm,
Bir sinəmin min dağı var.
Başı qanlı, bəlalıyam,
Sinəmdə qəm oylağı var.
 
 
Qoca fələk oyunbazdı,
Mən ağ dedim, qara yazdı.
Yaman günün ömrü azdı,
Hər gecənin savağı1 var.
 
 
Çox ucaya ucalmaynan,
Alçaqlara alçalmaynan,
Şeytan ilə dost olmaynan,
Hər yuvada barmağı var.
 
 
Müdəm ağlar məhbus olan,
Həsrət çəkən, darda qalan.
Yerə, göyə işıq salan,
Haqqın min bir çırağı var.
 
 
Azaflıyam, arım oldu,
Nə dövlətim, varım oldu.
Qəhri-qəza yarım oldu,
Dodağımda dodağı var.
 

GƏRƏK

 
Hər aşiqə aşiq demə,
Aşiq yana-yana gərək.
Hər alimə alim demə,
Alim qana, qana gərək.
 
 
Hər gözəldə ağıl olmaz,
Hər söz şirin nağıl olmaz.
Hər doğulan oğul olmaz,
Doğan ana, ana gərək.
 
 
Hər kəs yeyə öz bəhrini,
Azaflı da söz nəhrini.
Kim ki çəkir el qəhrini,
Qəlbi şana-şana gərək.
 

OLMAYANI

 
Necə insan saymaq olar,
Mərhəməti olmayanı.
Necə sevgi duymaq olar,
Məhəbbəti olmayanı.
 
 
El görməyən nə xeyirdi,
Qəlb oxşamaz nə şeyirdi?
Nə alimdi, nə şairdi,
Söz-hikməti olmayanı.
 
 
Bu dünyada gəzmə bekar,
Yaxşı dosta ol cəfakar.
Nə usta bil, nə sənətkar,
Məharəti olmayanı.
 
 
Həqiqəti fələk sayma,
Hər gözəli mələk sayma.
Azaflı, mərd ürək sayma,
Sədaqəti olmayanı.
 

BU DÜNYADAN

 
Gecə-gündüz karvan keçər,
Bu dünyadan, bu dünyadan.
Yaxşı keçər, yaman köçər,
Bu dünyadan, bu dünyadan.
 
 
Şahlar qoyub tac getdilər,
Qullar verib bac getdilər.
Dövlətlilər ac getdilər,
Bu dünyadan, bu dünyadan.
 
 
Neçə dövran gələcəkdi,
Hökmü nələr edəcəkdi.
Gedib, gedir, gedəcəkdi,
Bu dünyadan, bu dünyadan.
 
 
Çox Süleyman, çox İsgəndər,
Gəzdi Düldül, Əli, Qənbər.
Getdi imam, haqq, Peyğəmbər,
Bu dünyadan, bu dünyadan.
 
 
Dünya ağlar, zaman ağlar,
Xəstə ağlar, loğman ağlar.
Çəkər dağı, aman ağlar,
Bu dünyadan, bu dünyadan.
 
 
Azaflı, nə qəm edərsən,
Haqq yolunda can verərsən.
Lüt gəlibsən, lüt gedərsən,
Bu dünyadan, bu dünyadan.
 

OLANDA

 
Qohum, qardaş yaxınlaşar,
Gələr, gedər pay olanda.
Xətir-hörmət aşar, daşar,
Dostdan dosta hay olanda.
 
 
Hamı istər dövlət, varı,
Yaxşı günü, yaxşı yarı.
Qışın soyuq, ayaz, qarı,
Unudular yay olanda.
 
 
Əgər baxtın bəslər səni,
Hamı sevər, səslər səni.
Arvad, uşaq istər səni,
Evdə çörək, çay olanda.
 
 
Hərdən vaxtın çərxi dönər,
Yer üstünə bəla enər.
Bəşər oğlu yanar, sönər,
Hökmdarı zay olanda.
 
 
Xeyirsizdi şərin uğru,
Mömin donda gəzər oğru.
Bil, Azaflı, haqnan, doğru,
Dünya gülər bay olanda.
 

ZALIM OLUB ZÜLM ELƏMƏ

 
Bu dünyadan nələr gedər,
Zalım olub zülm eləmə.
Vəzifə də gələr, gedər,
Zalım olub zülm eləmə.
 
 
Çox doğrunu yalan gördüm,
Can verən, can alan gördüm.
Şahı düzdə qalan gördüm,
Zalım olub zülm eləmə.
 
 
Şair dərdi Qaf-qaf olar,
Haqq, vicdanı saf-saf olar.
Zərraf gözü sərraf olar,
Zalım olub zülm eləmə.
 
 
Məhəbbəti unutmayaq,
Sədaqəti unutmayaq.
Həqiqəti unutmayaq,
Zalım olub zülm eləmə.
 
 
Azaflı tək söz qanan ol,
Dost yolunda mərd yanan ol.
İnsanlara mehriban ol,
Zalım olub zülm eləmə.
 

DÜŞƏRSƏN

 
Şirin deyib, şirin gülsən,
Şəkərə, qəndə düşərsən.
Özgəsinə quyu qazsan,
Dərin qaz, sən də düşərsən.
 
 
Danışma, düz deyəmməyən,
Dövlətini yeyəmməyən.
Öz xalqını bəyənməyən,
Borana, çəndə düşərsən.
 
 
Yar döy yara calanmayan,
Dost döy dosta qalanmayan.
Dövran ilə dolanmayan,
Bəlaya gündə düşərsən.
 
 
Ölməmiş tacı verməyən,
Zalıma bacı verməyən,
Bacı-xəracı verməyən,
Qalar sürgündə düşərsən.
 
 
Azaflı, aç əl-qolunu,
Alma, namərdin pulunu.
Getməsən vaxtın yolunu,
Hər şeydən gendə düşərsən.
 

OLMAYA

 
Aman Allah, bu dünyada,
İnsan ömrü az olmaya.
Nə ayrılıq, nə də zindan,
Tərsə dönən yaz olmaya.
 
 
Adamlıq döy duymamazlıq,
Qəm hicrana uymamazlıq.
İgidlərdə saymamazlıq,
Gözəllərdə naz olmaya.
 
 
Ola dostun sədaqəti,
Azaflıya məhəbbəti.
İstəmirəm o cənnəti,
Orda söhbət, saz olmaya.
 

UZAQ-UZAQ

 
İstəmərəm dost, qardaşdan,
Olum, olum, uzaq-uzaq.
Ayrılmadı qəm-təlaşdan,
Sağım, solum uzaq-uzaq.
 
 
Gəncliyimi dövran aldı,
Gözlərimdə çaxmaq çaldı.
Ağrım dağa-daşa saldı,
Düşdü yolum uzaq-uzaq.
 
 
Azaflı can üzə-üzə,
Keçdi ömrüm bezə-bezə.
Səsim, sədam çatmaz sizə,
Əlim, qolum uzaq-uzaq.
 

CIĞALI GƏRAYLI

 
O aşıq ki yaranmasın,
Nə göz qanar, nə anlayar.
Pis övladı yaranmasın,
Nə siz qanar,
Nə biz qanar,
Nə bez qanar,
Nə düz qanar, nə anlayar.
 
 
Dosta gedər can fədağa,
Özün salar min qadaya.
Bir insan ki anlamaya,
O, daş-qaya,
Salmaz saya,
Çatmaz haya,
Nə döz qanar, nə anlayar.
 
 
Qardaş odur dada çatan,
Yar da odur qəlbə yatan.
Azaflını oda atan,
Bir az qanan,
Bir tərs canan,
Bir bəd zaman,
Nə söz qanar, nə anlayar.
 

A DOSTLARIM

 
İnsan oğlu, şeytan oğlu,
Qoşa gələr, a dostlarım.
Bəxt yatanda xata, bala,
Başa gələr, a dostlarım.
 
 
Müşgül olar haqqın özü,
Yamanların çıxsın gözü.
Yaxşıların yaxşı sözü,
Xoşa gələr, a dostlarım.
 
 
Haqq bir etsin düzü düzlə,
Mini minlə, yüzü yüzlə.
Azaflının təbi sizlə,
Cuşa gələr, a dostlarım.
 

ŞƏKİL SƏNİ

 
Əsir-əsir ol yadigar,
Eldən-elə, şəkil, səni.
Yada salsın baxan dostlar,
Dildən-dilə, şəkil, səni.
 
 
Ömür keçdi sorağında,
Mehri haqqın fərağında.
Gəz çələnglər qucağında,
Güldən-gülə, şəkil, səni.
 
 
Günahlara qatılmaynan,
Nadanlara satılmaynan.
Ürəklərdən atılmaynan,
Əldən-ələ, şəkil, səni.
 
 
Azaflı, of… şəryamanlar,
Çox çəkmişəm ah-amanlar.
Dolandırsın hey zamanlar,
İldən-ilə, şəkil, səni.
 

GEDƏR

 
Taleyindən küsmə, könül,
Birdən gələr, birdən gedər,
Haqdan ümid kəsmə, könül,
Hərdən gələr, hərdən gedər.
 
 
Bu dünyaya səs salanlar,
Tez boşalar tez dolanlar.
Var-dövlətə dost olanlar,
Zərdən gələr, zərdən gedər.
 
 
Azaflı, çox dəm-dəm olma,
Şad içində qəm-qəm olma.
Vəfasıznan həmdəm olma,
Şərnən gələr, şərnən gedər.
 

KİM KİMƏDİ

 
Bu fələyin tonqalında,
Donan yanır, kim kimədi.
Tutur dövran bildiyini,
Sanan sanır, kim kimədi.
 
 
Haqq ağlayır, nahaq gülür,
Oğru qalır, doğru ölür.
Düz payını əyri bölür,
Danan danır, kim kimədi.
 
 
Vətənimdə qeyrət yoxdu,
Qanununda mürvət yoxdu.
Nə bir xətir, hörmət yoxdu,
Anan anır, kim kimədi.
 
 
Azaflının min ahını,
Babalını, günahını,
Allahını, vallahını,
Qanan qanır, kim kimədi.
 

A SULTANIM

 
Gəl, gözlərəm yollarını,
İllərinən, a sultanım.
Sal boynuma qollarını,
Əllərinən, a sultanım.
 
 
Gəl, yaranı bağlayaram,
Öz qəlbimi dağlayaram.
Ah çəkərəm, ağlayaram,
Dillərinən, a sultanım.
 
 
Gəl olmaynan sən də yağı,
Azaflından tut sorağı.
Xəzan oldu ömrüm bağı,
Güllərinən, a sultanım.
 

BAŞINA DOLANDIĞIM

 
Ay insafsız, harda qaldın,
Gəl, başına dolandığım.
Bir canıma min od saldın,
Dil, başına dolandığım.
 
 
Bağman2 gülər gülüzardan,
Aşıq yanar ahı-zardan.
Bülbül çıxar intizardan,
Gül, başına dolandığım.
 
 
Dolan aləm nuralansın,
Seryaqubu paralansın.
Hicran bizdən aralansın,
El, başına dolandığım.
 
 
Azaflıyam, məhəbbətim,
Həm sevincim, həm afətim.
Sənsən pirim, ziyarətim,
Bil, başına dolandığım.
 

QANMADI

 
Bir nanəcib rəhbər oldu,
Eli qanmadı, qanmadı.
Bir kor nadan zərgər oldu,
Ləli qanmadı, qanmadı.
 
 
Hökmü dövran fənd əlində,
Qul yeyəmmir qənd əlində.
Oldu rayon, kənd əlində,
Dəli qanmadı, qanmadı.
 
 
Zalım haqnan üzə durdu,
Şər eylədi, tələ qurdu.
Pis yaxşıya ləkə vurdu,
Dili qanmadı, qanmadı.
 
 
Yoldaş gördüm yoldaşına,
Güllə atdı qardaşına,
Zəncir saldı yad başına,
Əli qanmadı, qanmadı.
 
 
Azaflının dərdi zaman,
Gülü xara verdi zaman.
Namərd etdi mərdi zaman,
Bəli qanmadı, qanmadı.
 

HƏQİQƏT

 
Ayılmayıb, a qardaşım,
Hələ gəzdiyin həqiqət.
Olub namərd, tərs əlində,
Kölə gəzdiyin həqiqət.
 
 
Keçmişdə də yoxmuş düzü,
Var indiki vaxda sözü,
Gələcəkdə bəlkə özü,
Gələ gəzdiyin həqiqət.
 
 
Azaflıynan görəklərdə,
Adı divar, dirəklərdə.
Yatır gücsüz ürəklərdə,
Belə gəzdiyin həqiqət.
 

AXTARAR

 
Hər sənətkar el üçündü,
Aşıq şənlik, toy axtarar.
Deyər görün ölən varmı,
Molla ölü, vay axtarar.
 
 
Adam var ki, ürək üzər,
Adam var ki, könül düzər.
Yaxşı olan, yaxşı gəzər,
Pis özünə tay axtarar.
 
 
Kimi uyar şöhrət-şana,
Kimi özün salar qana.
Azaflı tək yana-yana,
Kimi haqdan pay axtarar.
 

VAR

 
Hər insanın bu dünyada,
Həm çiyi, həm bişmişi var.
Hər gecənin, hər gündüzün,
Min hökmü var, min işi var.
 
 
Kimi tikər, kimi yıxar,
Kimi yeyər, kimi baxar.
Kimi enər, kimi qalxar,
Fələyi var, gərdişi var.
 
 
Hər çəməndə min gül əkən,
Dəryalara sel, su tökən.
Yerə, göyə pərdə çəkən,
Ay Azaflı, bir kişi var.
 

İNSAN OĞLU

 
Yaranandan ölənədək,
Nələr edər insan oğlu.
Yaxşı, yaman bilənədək,
Ölər hədər insan oğlu.
 
 
Bağlar yanar bar üstündə,
Güllər solar xar üstündə.
Bir-birini var üstündə,
Yeyər, didər insan oğlu.
 
 
Azaflı, haqq dürdanədi,
Uyma, dünya əfsanədi.
Gəldi getdi, gəlib gedi,
Gələr, gedər insan oğlu.
 

MƏNİ

 
Mən həqiqət aşiqiyəm,
Bəyənmədi gülüm məni.
Oxlar vurdu ox üstündən,
Çox ağrıtdı zülüm məni.
 
 
Qoşalayıb zər atmaram,
Şər danışıb, şər tutmaram.
Haqq yolunu unutmaram,
Yıxsa vaxtsız ölüm məni.
 
 
Can içində od yandıran,
Çırağını şad yandıran,
Əsər etməz yad yandıran,
Yandırar öz əlim məni.
 
 
Sarı cəllad aldı ələ,
Vurdu daşa, atdı selə.
Çox yalvardım insaf eylə,
Döydürdü öz dilim məni.
 
 
Çəkdiyim söz balasıdı,
Hər çınqı köz balasıdı.
Azaflı öz balasıdı,
Unutmasın elim məni.
 

MƏNİ

 
Yandırıbdı qəm odunda,
Qəhrim məni, qəhrim məni.
Qərq eylədi tufanında,
Nəhrim məni, nəhrim məni.
 
 
İtirmişəm öz canımı,
Eşidən yox amanımı.
Aparıb din-imanımı,
Sehrim məni, sehrim məni.
 
 
Azaflını nə şad elər,
Görən zaman fəryad elər.
Tez unudar, gec yad elər,
Mehrim məni, mehrim məni.
 

BAŞINDADI

 
Dərd deməyə yox bir divan,
Qanmaz millət başındadı.
Təriflənir alçaq, yalan,
Yaxşı töhmət başındadı.
 
 
Ürəklərdən ürək keçir,
Diləklərdən dilək keçir.
Cəhənnəmə mələk keçir,
Tutan cənnət başındadı.
 
 
Azaflı, gör o qansızlar,
Hakim oldu imansızlar.
Dövrana bax, vicdansızlar
Namus, qeyrət başındadı.
 

ZALIM OGLU, ZALIM QIZI

 
Bir-birinə yazılaydı,
Zalım oğlu, zalım qızı.
Pozulanda pozulaydı,
Zalım oğlu, zalım qızı.
 
 
Biri deyər, biri kəsər,
Biri döyər, biri küsər,
Biri söyər, biri əsər,
Zalım oğlu, zalım qızı.
 
 
Ay Azaflı, salma meyil,
Dolanarlar veyil, veyil.
İkisi də bir şey deyil,
Zalım oğlu, zalım qızı.
 

GÖZƏL

 
Əzəl-əzəl yaxşı dövran,
Nə var şirin sözdən gözəl.
Qəlbi təmiz ola insan,
İstəmirəm üzdən gözəl.
 
 
Həsrət dolu baxan gözlər,
Baxışları ürək közlər.
Sülh yaradan yalan sözlər,
Dava salan düzdən gözəl.
 
 
Azaflıyam, şan-şöhrətdən,
Nakam oldum məhəbbətdən.
Doxsan doqquz var-dövlətdən,
Bir əsil yar yüzdən gözəl.
 

MƏNİM

 
Axtarıram tapammıram,
Çoxdur haqnan davam mənim.
Yerim, yurdum, varım alan,
Zəhərləyib havam mənim.
 
 
Bu dünyada sultanlara,
O dünyada ilanlara,
Yalan zurna çalanlara,
Yem oldu el, obam mənim.
 
 
Yaradan da kömək etmir,
Əlim çatmır, ünüm yetmir.
Bir diləyim, arzum bitmir,
Nə alqışım, duam mənim.
 
 
Azaflı, bic Məmmədnəsir,
Düz deyirəm başım kəsir.
Taleyə bax, neçə əsir,
Yad bəsləyir yuvam mənim.
 

ŞAİRİYƏM

 
Mən fitrətdən yaranmışam,
Qanan insan şairiyəm.
Ay, Günəşdən nur almışam,
Məslək, vicdan şairiyəm.
 
 
Təbi bahar təbiətli,
Zaman istər ədalətli,
Saf arzulu, saf niyyətli,
İlqar, iman şairiyəm.
 
 
Cəhalətə var nifrətim,
Həqiqətə sədaqətim.
Mətin eşqim, məhəbbətim,
Əhdi-peyman şairiyəm.
 
 
Azaflını el atmasın,
Öz oğlunu yad tutmasın.
Ana vətən unutmasın,
Mən haqq-divan şairiyəm.
 

HARAY

 
Aman Allah, mehri-mahım,
Mənə sitəm etdi, haray.
Üzü yaman döndü şahım,
Dövranlarım bitdi, haray.
 
 
O ilqardan dönə-dönə,
Elə yandım sönə-sönə.
Ömür keçdi çönə-çönə,
Aylar, illər getdi, haray.
 
 
Azaflı haqq xülyasında,
Döydü dövran şər, yasında.
Qəhri-qəmlər dəryasında,
Cavanlığım itdi, haray.
 

GETDİ

 
Bahar gəldi o dağlardan,
Daşdı sellər, axdı getdi.
Bülbül uçdu o bağlardan,
Açdı güllər, yaxdı getdi.
 
 
Yerdə gördüm fələkləri,
İblisləri, mələkləri,
Əsdi tufan küləkləri,
Neçə illər vaxdı getdi.
 
 
Azaflıyam, darda qaldım,
Qılıncımı sözdə çaldım.
Tarixlərdən xəbər aldım,
Min-min ellər baxdı getdi.
 

SƏNDƏN

 
A bimürvət, etibarsız,
Ürək dönmür, zalım səndən.
Öz əhdinə, ay ilqarsız,
Ürək dönmür, zalım səndən.
 
 
Qəlbini daş etdi fələk,
Hər baxışın fitnə, kələk,
Eşq oduna yandı dilək,
Ürək dönmür, zalım səndən.
 
 
Azaflıdan çəkdi gözün,
Yaraları düzün-düzün.
Qırx dilin var, səksən üzün,
Ürək dönmür, zalım səndən.
 

MƏNİ BAGIŞLA

 
Ey könlümə can hökümdar,
Bağışla, məni bağışla.
Mən günahsız, sən günahkar,
Bağışla, məni bağışla.
 
 
Əğyar ilə get, qovuşun,
Olmasın qəmdən sovuşun.
Doğru sözlə yoxsa xoşun,
Bağışla, məni bağışla.
 
 
Azaflıyam, ar demişəm,
Məhəbbətə var demişəm.
Nahaqq sənə yar demişəm,
Bağışla, məni bağışla.
 

DÜNYASIDI

 
Gələn gedər, gedən gəlməz,
Dünya bax-bax dünyasıdı.
Ölüm dərdin kimsə bilməz,
Dünya, ax, ax dünyasıdı.
 
 
Qismətini yazan yazar,
Taleyini pozan pozar.
Kimi udar, kim uduzar,
Dünya çax, çax dünyasıdı.
 
 
Azaflıyam, gördüm nələr,
Mərd yıxılar, namərd gülər.
Kim zorlusa qalib gələr,
Dünya yax, yax dünyasıdı.
Fır-fırıldaq dünyasıdı.
 

HÖRMƏT ELƏ

 
Bacarırsan bu dünyada,
Yaxşılıq et, hörmət elə.
Mərd kimsəni vermə bada,
Yaxşılıq et, hörmət elə.
 
 
Ədalətin şüarıdır,
Həqiqətin şüarıdır,
Cəmiyyətin şüarıdır,
Yaxşılıq et, hörmət elə.
 
 
Yaman olma yamanlığa,
Abad istə viranlığa,
Harda olsan insanlığa,
Yaxşılıq et, hörmət elə.
 
 
Hamı haqqı gələ deyib,
Alçaqları ölə deyib.
Atalar da belə deyib,
Yaxşılıq et, hörmət elə.
 
 
Azaflının zər sözüdü,
İgid sözü, ər sözüdü.
Dahilərin hər sözüdü,
Yaxşılıq et, hörmət elə.
 

MƏN GÜLƏRƏM

 
Düz sözünə, düz vədənə,
Sən gələndə mən gülərəm.
İstəyimi dönə-dönə,
Sən biləndə mən gülərəm.
 
 
Sevdamızı şeş istərəm,
Günlərini xoş istərəm.
Bir istəsən beş istərəm,
Sən güləndə mən gülərəm.
 
 
Azaflıyam, daş-qaşımı,
İtirməyəm sirdaşımı.
Həsrət tökən göz yaşımı,
Sən siləndə mən gülərəm.
 

KİMƏ DEYİM

 
Ürək yanar məkanında,
Dörd paradır, kimə deyim?
Qohum, qardaş, dost yanında,
Üz qaradır, kimə deyim?
 
 
Bu yerlərin varı kimin,
Bu dağların qarı kimin?
Bu bağların barı kimin,
O hardadır, kimə deyim?
 
 
İçi zülmət, çölü şoxdu,
Dahi acdı, zalım toxdu.
İşim çoxdu, gücüm yoxdu,
Nə çaradır, kimə deyim?
 
 
Azaflını satan sahib,
Oddan oda atan sahib,
Divan yerin tutan sahib,
Nə karadır, kimə deyim?
 

GEDƏR

 
Dostum, vara bel bağlama,
Axar gələr, axar gedər.
Namərd yara dil bağlama,
Səni oda yaxar gedər.
 
 
Zəmanənin ilanları,
Bəzər-düzər yalanları,
Sənə səcdə qılanları,
Bəxt yatanda çıxar gedər.
 
 
Nə fələkdə kəramət yox,
Nə dövranda ədalət yox,
Nə əcəldə bir mürvət yox,
Tanrını da yıxar gedər.
 
 
Yaxşı ola adın, sanın,
Sorulmaya qanın, canın.
Azaflı da bu dünyanın,
Gərdişinə baxar gedər.
 

DÜNYASIDI

 
Yaxşılarnan yox arası,
Dünya axmaq dünyasıdı.
Ağından çox var qarası,
Dünya sarsaq dünyasıdı.
 
 
Dahiləri çəkər nələr,
Zalımları tufan ələr.
Kim güclüsə qalib gələr,
Dünya toxmaq dünyasıdı.
 
 
Haqqa yoxdur pay, Azaflı,
Həqiqəti zay, Azaflı,
Müxtəsəri, ay Azaflı,
Dünya yaltaq dünyasıdı.
 

SƏNİ MƏNDƏN, MƏNİ SƏNDƏN

 
Mehrim, xənnas pul eylədi,
Səni məndən, məni səndən.
Yalan, acı dil eylədi,
Səni məndən, məni səndən.
 
 
Canı candan qəm ayırdı,
Şanı-şöhrət, dəm ayırdı.
Ey vəfasız, kim ayırdı,
Səni məndən, məni səndən?
 
 
Azaflındı ağlar gözdü,
Zalım, qəlbin necə dözdü?
Həyat pozdu, əl-əl üzdü,
Səni məndən, məni səndən.
 

ALAR

 
Könül açan şeir yazsam,
Əllər onu əldən alar.
Söz gücünü məhəbbətdən,
Bir ürəkdən, dildən alar.
 
 
Acı sözlər zəhər dadar,
Acısını səbir udar.
Çökür tikan əl qanadar,
Gül ətrini güldən alar.
 
 
İçdim eşqin min camını,
Bəla sandım hər tamını.
Azaflı da ilhamını,
Öz ustadı eldən alar.
 

ƏLİNDƏDİ

 
Dünya peyda olan gündən,
Bəşər zaman əlindədi.
Qanun təbil çalan gündən,
Yaxşı yaman əlindədi.
 
 
Nahaqq dinir, haqq utanır,
Kişiliyi xər nə qanır?
Əsil olan ürək yanır,
Qəlbi vicdan əlindədi.
 
 
Xeyir olmaz şərin uğru,
Mömin donda gəzər oğru.
Azaflı, de, əyri, doğru,
Hər şey insan əlindədi.
 

GƏLMƏZ

 
İnsan oğlu, nə deyərsən,
Bu dünyaya nələr gəlməz?
Taleh üçün tor atarsan,
Qismətinə gələr, gəlməz.
 
 
Qul da ölər, şah da ölər,
Varlı ağlar, kasıb gülər.
Keçər illər, qərinələr,
Zaman üzü gülər gəlməz.
 
 
Qorxum qiyam, qiyamətdi,
Ədalətdi, şər töhmətdi.
Həyat dövrü ziddiyyətdi,
Azaflı haqq dilər gəlməz.
 

OLA

 
Nə olaydı yaradanın,
Öz əliylə payın ola.
Sağ can ilə şən dövranın,
Xoşbəxt ilin, ayın ola.
 
 
Arzuların min dil aça,
Diləklərin ətir saça.
Qada-bəla gendən qaça,
Özün kimi tayın ola.
 
 
Dava bizdən kənar olsun,
Dünya min-min bahar olsun.
Həyat, imkan, el var olsun,
Gündə şənlik, toyun ola.
 
 
Azaflını əyləməyə,
Şər lal ola söyləməyə.
Haqqı bərhaqq eyləməyə,
Çoxlu pulun, dayın ola.
 

ƏCƏL, ÖLÜM

 
Gələn köçər vaxtlı, vaxtsız,
Çəkər dara əcəl, ölüm.
Zalım, cani, xain, qansız,
Salar zara əcəl, ölüm.
 
 
Şahənşahlar salıbdı tac,
Qəhrəmanlar veribdi bac.
Tapılmadı şəfa, əlac,
Üzü qara əcəl, ölüm.
 
 
Əsir-əsir, zaman-zaman,
Keçdi illər yaxşı, yaman.
Ona heç bir həkim, loğman,
Bilməz çara əcəl, ölüm.
 
 
Dünyanın hər qitəsinə,
Dahilərin haqq səsinə,
Tarixlərin sinəsinə,
Vurdu yara əcəl, ölüm.
 
 
Ay Azaflı, azdı qanan,
Hanı atan, hanı anan?
Həm yaradan, həm yaranan,
Gedər hara əcəl, ölüm?
 

GEDƏR

 
Bədəsilnən yoldaş olma,
Çətin sənnən yola gedər.
Mətahını ucuz vermə,
Yerində sat pula, gedər.
 
 
Dost var, bəxtin yatan kimi,
Atar səni batan kimi.
Şeytan oğlu şeytan kimi,
Sən sağ desən, sola gedər.
 
 
Azaflı, düz düşər qana,
Yaxşı pisə, pis qanana.
Uyar vara, şöhrət-şana,
Çox gözəllər mala, gedər.
 

BİR ŞEY DEYİL

 
Dostu, yarı, məhəbbəti,
Anmayana bir şey deyil.
Eşq odundan alışmayıb,
Yanmayana bir şey deyil.
 
 
Dövran dövrana dövrandı,
İnsan insana insandı.
Qanan qanana qanandı,
Qanmayana bir şey deyil.
 
 
Azaflı söz atasıdı,
Könül qəmlər dəryasıdı.
Dünya şeytan dünyasıdı,
Sanmayana bir şey deyil.
 

HARDASAN

 
Neçə-neçə ellər gəzdim,
Mehri-nigarım, hardasan?
Günlər, aylar, illər gəzdim,
Ey gülüzarım, hardasan?
Yazım, baharım, hardasan?
 
 
Güllü bağlar dolanmışam,
Qarlı dağlar dolanmışam,
Neçə çağlar dolanmışam,
Sərim, sərdarım, hardasan?
Yazım, baharım, hardasan?
 
 
Niyə hicran həsrət oldu,
Gör kim kimə qismət oldu?
Dünya mənə zülmət oldu,
Gəl, intizarım, hardasan?
Yazım, baharım, hardasan?
 
 
Səndən ayrı qəm, möhnəti
Gördüm qiyam, qiyaməti.
Azaflının məhəbbəti,
Eşqə didarım, hardasan?
Yazım, baharım, hardasan?
 

QAĞA

 
Neçə tarix, dövran keçdi,
Canlar alan oldu, qağa.
Ölkə viran qoyan keçdi,
Yurdu talan oldu, qağa.
 
 
Qırx il mömin olanları,
Qırx il varla dolanları,
Qırx il namaz qılanları,
Zurna çalan oldu, qağa.
 
 
Qırx il hakim, şah, sultandır,
Taxtı-tacı qaldı andır.
Qırx il geydi cırıx-cındır,
Birdən kalan oldu, qağa.
 
 
Azaflı, qul mərd duranın,
Qırx il yazıb, din quranın.
Qırx il haqdan dəm vuranın,
Sözü yalan oldu, qağa.
 

GEDƏR

 
Dosta, vara bel bağlama,
Axar gələr, axar gedər.
Namərd kəsə dil bağlama,
Səni oda yaxar gedər.
 
 
Şər yolunun ilanları,
Bəzər, düzər yalanları.
Sənə səcdə qılanları,
Bəxt yatanda çıxar gedər.
 
 
Nə fələkdə kəramət yox,
Nə dövranda ədalət yox,
Nə əcəldə bir mürvət yox,
Nəhəngləri yıxar gedər.
 
 
Yaxşı ola adın, sanın,
Sorulmaya qanın, canın.
Azaflı da bu dünyanın,
Gərdişinə baxar gedər.
 
1.sabahı
2.bağban
₺89,60

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8050-9-9
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre