Kitabı oku: «Qoca Azaflıyam», sayfa 3
Yazı tipi:
TİTRƏR
Hicran, səni, həsrət, səni,
Deyən vaxtı dilim titrər.
Faciəli dastanını,
Yazammıram, əlim titrər.
Qəmin nizə, qüssən cida,
Sən göylərə saldın səda.
Öz canımı verdim fəda,
Yurdum, yuvam, elim titrər.
Azaflının küsgün baxtı,
Dost tikərmiş uçan taxtı.
Siz yadıma düşən vaxtı,
Ömrüm, günüm, ilim titrər.
O GÖZLƏRİN
Adını demirəm hələ,
Qorxuram ki, düşə dilə.
Bir kirpiyi dəyər lələ,
O gözlərin, o gözlərin.
Beş hərifli ad içində,
Şirin dilli, dad içində,
Məni qoyub od içində,
O gözlərin, o gözlərin.
Azaflıda can qoymadı,
Dedi, hələ yan, qoymadı.
Dinimdə iman qoymadı,
O gözlərin, o gözlərin.
BU DÜNYADA
Həyat şirin, can əzizdi,
Bu dünyada, bu dünyada.
Əyri murdar, düz təmizdi,
Bu dünyada, bu dünyada.
Günəş parlaq, səma geniş,
Göylər uca, yerlər eniş,
Düz fırlanmır çərxi-gərdiş,
Bu dünyada, bu dünyada.
Azaflıya tərslər oxdu,
Hər şey vardı, heç nə yoxdu.
Həqiqət az, yalan çoxdu,
Bu dünyada, bu dünyada.
KİM
Bu dünyanın taleyini,
Bağladan kim, bağlayan kim?
Qəza-qədər şəri kimi,
Çağladan kim, çağlayan kim?
Kim görübdü fələkləri,
Kim yaradır kələkləri?
Milyon, milyard ürəkləri,
Dağladan kim, dağlayan kim?
Tarixləri, dövranları,
Qananları, yananları,
Ay Azaflı, insanları,
Ağladan kim, ağlayan kim?
TİTRƏDİ
Arzum vardı, a şahbazım,
Deyəmmədim, dil titrədi.
İstədim ki, namə yazım,
Qələm əsdi, əl titrədi.
Qəm tumunu fələk əkdi,
Su yerinə kədər tökdü.
Şeyda bülbül nalə çəkdi,
Baxça yandı, gül titrədi.
Azaflının fəryadına,
Kim çatıbdı muradına.
Aşıq yandı eşq oduna,
Naləsindən el titrədi.
DOYAMMADIM
Yazın əlvan naxışından,
Gül üzündən doyammadım.
Bir mehriban baxışından,
Nur gözündən doyammadım.
İncə, şirin sətirindən,
Sədaqətin xətirindən.
Gül-çiçəyin ətirindən,
Mən özündən doyammadım.
Azaflıyam, haqq səsindən,
Dostların pak nəfəsindən,
Ellərin şən nəğməsindən,
Düz sözündən doyammadım.
ZALIM
Məhəbbətin yalan oldu,
Məni eşqə salan zalım.
Allah verən bir canımı,
Gündə yüz yol alan zalım.
Gəldim qəmlər dünyasına,
Məni atdın dəryasına.
Sevdamızın mayasına,
Zəhər töküb çalan zalım.
Utanmadın etibardan,
Nə peymandan, nə ilqardan.
Azaflını açma dardan,
Qoy mən ölüm, qalan zalım.
YAR YARI
Çətinlərdən çətin olar,
Dar gündə ata yar yarı.
Dolana əğyar başına,
Axmağa sata yar yarı.
Can verənə zalım deyə,
Yada qadan alım deyə.
Dili üzdən balım deyə,
Zəhərə qata yar yarı.
Ey sevdası zay Azaflı,
Son ömrünü say, Azaflı.
Kim inciməz, ay Azaflı,
Çox ucuz tuta yar yarı.
DİNMƏYƏSƏN
Bacarasan bu dünyada,
Döysələr də, dinməyəsən.
Hərdən verib dal peysərə,
Söysələr də, dinməyəsən.
Olmaya qəlbinin kini,
Namus, qeyrət, məssəb, dini,
Yeddi yerdən dal qəddini,
Əysələr də, dinməyəsən.
Arvad yuma dodağını,
Sallayasan qulağını.
Qatdasan da qırağını,
Kəssələr də, dinməyəsən.
Azaflı, düşdün dərinə,
İşin döndü qan, irinə.
Ciyərini ət yerinə,
Yesələr də, dinməyəsən.
ÜÇÜN
Dünya-aləm yaranandan,
Can verilər canan üçün.
Məhəbbət, eşq, od, alovdu,
Cınqı bəsdir yanan üçün.
Dərdsiz, qəmsiz adam olmaz,
Kimidə çox, kimidə az.
El təhnizi ağırdan az,
Çətin olar qanan üçün.
Azaflı, haqq mərdə sirdi,
Namərdlərin qəlbi kirdi.
Əyri, doğru, yalan birdi,
Həqiqəti danan üçün.
YALVAR
Qoca aşıq, qocaldıqca,
Sitəmkara gəl az yalvar.
Can alanın can aldıqca,
Sehrkara gəl az yalvar.
Ahım çıxdı yerdən göyə,
Qəm təpəmə döyə-döyə.
Mehribanım deyə-deyə,
Zülmkara gəl az yalvar.
Azaflı, göz dola-dola,
Ömür keçir sola-sola.
Özü tək bəxt ola-ola,
Bəxtiyara gəl az yalvar.
BAŞIM
Qırx yaşına çatmamışam.
Titrər bədən, əsər başım.
Deyən, dostum, qocalmışam,
Uman yerdən küsər başım.
Can deyənlər aralandı,
Sinəm qəmdən paralandı.
Mən qonağam, söz qalandı,
Dedim, dur yaz əsər, başım.
Azaflıynan tərs, amansız,
Dövran keçir haqq, divansız.
Şahı zalım, fərraş qansız,
Qorxuram ki, kəsər başım.
YÜZDƏN BİRİ
Aşıq ağlar göz yaşını,
Bəlkə, silə yüzdən biri.
Dost yolunda, yar yolunda,
Bəlkə, ölə yüzdən biri.
Hörmət elə, hörmətindi,
Eli gözlə, qeyrətindi,
Haqın yolu çox çətindi,
Bəlkə, gələ yüzdən biri.
El yolunda qeyrət olar,
Alçaqlara töhmət olar.
Ay Azaflı, hörmət olar,
Bəlkə, bilə yüzdən biri.
BİLƏR
Şair qardaş, yaxşıları,
Nadan bilməz, qanan bilər.
Varı, yoxu, xeyri, şəri,
Yaman bilməz, anan bilər.
Gəzdim Qafqaz mahalını,
Gördüm qoca-cahalını.
Elin qəhri-məlalını,
Divan bilməz, yanan bilər.
Azaflının hörmətini,
Əsil bilər qiymətini.
Söz-sənətin qüdrətini,
Dövran bilməz, insan bilər.
YARANMIŞAM
Mən bu ana təbiətin,
Hikmətindən yaranmışam.
Saf məhəbbət vəhdətinin,
Fitrətindən yaranmışam.
Yanar sinəm köz əlindən,
Qəlb ağrıyar söz əlindən.
Mehr, ülfətin öz əlindən,
Mürvətindən yaranmışam.
Azaflıyam, ər dühanın,
Övladıyam bu cahanın.
Bir atanın, bir ananın,
Ülfətindən yaranmışam.
SƏN BİR YANDAN, MƏN BİR YANDAN
Dünyamızda dünya qurduq,
Sən bir yandan, mən bir yandan.
Ömrü dağa, daşa vurduq,
Sən bir yandan, mən bir yandan.
Aman, həsrət aldı bizi,
Etibarsız gördüm sizi.
Hey ağrıtdıq qəlbimizi,
Sən bir yandan, mən bir yandan.
Canı candan araladıq,
Sevdamızı qaraladıq.
Məhəbbəti yaraladıq,
Sən bir yandan, mən bir yandan.
Nə baxırsan belə küsgün,
Ayrılıqdan yoxdu pis gün.
Boylanırıq misgin-misgin,
Sən bir yandan, mən bir yandan.
Azaflı, hey dava qatdıq,
Can taladıq, qəm ucaltdıq.
Bir-birmizi tez qocaltdıq,
Sən bir yandan, mən bir yandan.
ÖZÜMÜ YANDIRIR
Ürəyimdən yana-yana,
Közüm özümü yandırır.
Bağrım olur şana-şana,
Sözüm özümü yandırır.
Dərd sinəmi yaxa-yaxa,
İldırımlar çaxa-çaxa,
Qanlı sözlər axa-axa,
Gözüm özümü yandırır.
Azaflını verən zaya,
Mən dözürəm bu qəzaya.
Hər bəlaya, hər cəzaya,
Dözüm özümü yandırır.
ZALIM
Gözlərindən qan tökülür,
Baxan zalım, baxan zalım.
Mürvət elə, can tökülür,
A xan zalım, a xan zalım.
Ey mehriban, ətir qoxu,
Məhəbbətin sönməz şoxu.
Hər yarama min bir oxu,
Çaxan zalım, çaxan zalım.
Azaflının hər vaxtını,
Bağladılar nər baxtını.
Ey ömrümün şah taxtını,
Yıxan zalım, yıxan zalım.
OLAN GÖRDÜM
Neçə tarix, dövran keçdi,
Canlar alan olan gördüm.
Ölkə viran qoyan keçdi,
Yurdu talan olan gördüm.
Qırx il mömin olanları,
Qırx il varla dolanları,
Qırx il namaz qılanları,
Zurna çalan olan gördüm.
Qırx il hakim şah, sultandır,
Tacı-taxtı qaldı andır.
Qırx il geydi cırıq-cındır,
Birdən kalan olan gördüm.
Azaflı qul mərd duranı,
Qırx il yazıb din, “Quran“ı.
Qırx il haqdan dəm vuranı,
Sözü yalan olan gördüm.
QAÇAR
Naxələfnən yola çıxma,
Səni darda qoyar qaçar.
Şər Xeyiri soyan kimi,
Gözlərini oyar qaçar.
Çalış ağlı oğurlatma,
Qəm, qəflətdən oyan, yatma.
Əsil dosta yalan satma,
Bax, inciyər, duyar qaçar.
Azaflı daş yonan olmaz,
Bədəsildən canan olmaz.
Qurd balası insan olmaz,
Al qanına boyar qaçar.
DÖNDƏRƏR
Adam var ki, şirin dilnən,
Zəhəri bala döndərər.
Adam var ki, fitnə-felnən,
Pilovu yala döndərər.
Kim geyinsə bəxt çuxası,
Başı çəkməz qəm qoxası.
Hər kimin olsa arxası,
Dananı kala döndərər.
Yan, Azaflı, yanan olsa,
Yanmaz əsil divan olsa.
Gəda oğlu sultan olsa,
Ölkəni qula döndərər.
DAD ƏLİNDƏN
Bu zülümkar tərs fələyin,
Dad əlindən, dad əlindən.
Ara vuran şər kələyin,
Dad əlindən, dad əlindən.
Həqiqəti dananların,
Ədalətsiz divanların,
Ləkələnmiş vicdanların,
Dad əlindən, dad əlindən.
Yad əlində yatanların,
Millətini satanların,
Vicdanını atanların,
Dad əlindən, dad əlindən.
Düşmənə sirr açan dostun,
Fitnə-fəsad saçan dostun,
Dar günündə qaçan dostun,
Dad əlindən, dad əlindən.
Ləkələnsə təmiz adın,
Gözdə qalar hər muradın.
Pis övladın, pis arvadın,
Dad əlindən, dad əlindən.
Ay Azaflı, getdi dəmin,
Buz içində batdı gəmin.
Can çürüdən dərdi-qəmin,
Dad əlindən, dad əlindən.
QADASIN ALDIGIM
Məni oda, alovlara
Atma, qadasın aldığım.
Oyan qəflət yuxusundan,
Yatma, qadasın aldığım.
Ey könlümün şəfaqəti,
Yanan eşqi-məhəbbəti.
Əhdi-peyman, sədaqəti,
Satma, qadasın aldığım.
Həsrət qaldıq dan səhərə,
Ömür keçdi beytəhərə.
Azaflı tək qəm-qəhərə,
Batma, qadasın aldığım.
İTİRMİŞƏM
Heç bilmirəm haradayam,
Öz-özümü itirmişəm.
Qara gündən qaradayam,
Gündüzümü itirmişəm.
Düşdüm afət qucağına,
Yalvarıram bucağına.
Yandım özgə ocağına,
Öz közümü itirmişəm.
Bu kafərdən sapammıram,
Bir könülü yapammıram.
Azaflıyam, tapammıram,
Haqq, düzümü itirmişəm.
İNCİMƏZMİ
İlqar, iman gəzən aşıq,
Fitnə, feldən inciməzmi?
Qucaqlasa xar sarmaşıq,
Bülbül güldən inciməzmi?
Yanar, sönər haqqı batan,
Gileylənər bəxti yatan.
İkiüzlü, yalan satan,
Dil o dildən inciməzmi?
Sirr açmadım mən heç kəsə,
Qorxdum dostum məndən küsə,
Ağ gün üçün birləşməsə,
Şair eldən inciməzmi?
Dahi kimi əzab çəkən,
Qamətini dərd, qəm bükən.
Zəhmətini suya tökən,
Cütçü yeldən inciməzmi?
Azaflıya nə zər verə,
Mehribanım qəhər verə.
Can verdiyi zəhər verə,
Qəlb o əldən inciməzmi?
EŞQİDİR
Yerim, göyüm, kainatım,
Sirri ilahim eşqidir.
Ol yaradan, ol həyatım,
Ol mehri-mahım, eşqidir.
Ülviyyətin duran qəlbi,
Məhəbbətin vuran qəlbi,
Təbiətin quran qəlbi,
Mənalar şahım eşqidir.
Gah ağladan, gah güldürən,
Bəlası insan öldürən.
Bir ürəyi min böldürən,
Amanım-ahım eşqidir.
Aşiq yara, bülbül gülə,
Pərvanələr döndü külə.
Yanar canım gilə-gilə,
Ömrə nigahım eşqidir.
Yer gül-çiçək, göy kəhkəşan,
Bəşər ulu zaman aşan.
Ay Günəşlə qucaqlaşan,
Axşam, sabahım eşqidir.
Cəmiyyətin cazibəsi,
Ünsiyyətin cazibəsi.
Zərurətin cazibəsi,
Zövqüm, pənahım eşqidir.
Alimləri var dünyada,
Sevgi, istək, arzu qada.
Azaflı, can yar sevdada,
Varsa günahım eşqidir.
GEDƏR GƏLMƏZ
Bu dünyada bir qaydadı,
Olan, gələn gedər gəlməz.
Zaman hayda, haraydadı,
Ağlar, gülən gedər gəlməz.
Nə yaxşılar, nə yamanlar,
Nə hakimlər, nə loğmanlar,
Şahlar, xanlar, xanimanlar,
Ərzi bölən gedər gəlməz.
Fərman verən, ol eyləyən,
Zülmü, qəmi bol eyləyən,
Yerdən göyə yol eyləyən,
Dağlar dələn gedər gəlməz.
Azaflı, var qazan kimsə,
Azma yoldan, azan kimsə.
Yazan kimsə, pozan kimsə,
Onu bilən gedər gəlməz.
BİR İNSANDI, BİR ZAMANDI
Məni oda, suya atan,
Bir insandı, bir zamandı.
Daş, torpağa, külə qatan,
Bir insandı, bir zamandı.
Dünyaları qarışdıran,
Bir-birinə sarışdıran,
Ölkələri qarışdıran,
Bir insandı, bir zamandı.
Ehtiyaclar ehtiyacı,
Qullar şaha verir bacı.
Viran edən taxtı, tacı,
Bir insandı, bir zamandı.
O tanıdar haqq Allahı,
O dandırar qibləgahı.
O bəşərin ümidgahı,
Bir insandı, bir zamandı.
Dövranları çağladan da,
Azaflını dağladan da.
Güldürən də, ağladan da,
Bir insandı, bir zamandı.
OLMASIN
Aman Allah, heç insanı,
Qürbətdə qərib olmasın.
Eli üçün tökən qanı,
Qürbətdə qərib qalmasın,
Həsrətdə qərib qalmasın.
Mərd yoldaşı mərd yoldaşdan,
Arkadaşı arkadaşdan,
Heç qardaşı heç qardaşdan,
Qürbətdə qərib qalmasın,
Həsrətdə qərib qalmasın.
Haqq yolunda ötən oğlu,
Obasından itən oğlu.
Vətənindən Vətən oğlu,
Qürbətdə qərib qalmasın,
Həsrətdə qərib qalmasın.
Ürəyimdə vüsal səsi,
Ədalətin can xəstəsi,
Arzularam heç bir kəsi,
Qürbətdə qərib qalmasın,
Həsrətdə qərib qalmasın.
Azaflı, Əsəd halı da,
Dedi yazdım Borçalıda,
Heç bir igid, zavalı da,
Qürbətdə qərib qalmasın,
Həsrətdə qərib qalmasın.
TOXUNMA
İnsan oğlu, insan olan,
Toxunma qəlbə, toxunma.
Yaman sözlər edər talan,
Toxunma qəlbə, toxunma.
Əgər varsa iman səndə.
Əgər varsa peyman səndə,
Əgər varsa vicdan səndə,
Toxunma qəlbə, toxunma.
Dünyası var, örnəyi var,
Arzusu var, diləyi var.
Ürəyində ürəyi var,
Toxunma qəlbə, toxunma.
OLMAZ
Havalanma, dəli könlüm,
Fələk ilə uçmaq olmaz.
Uyub şeytan, şər felinə,
Saf ürəyi sancmaq olmaz.
El içində var olarsan,
Qəm içində zar olarsan.
Gün olar ki, xar olarsan,
Nadana sirr açmaq olmaz.
Azaflıyam, dərdim çoxdu,
Qəm yemişəm, gözüm toxdu.
Heç yazıya pozu yoxdu,
O qəzadan qaçmaq olmaz.
QARDAŞ
Döz dövranın ağrısına,
Səbr eləynən hələ, qardaş.
Vaxt olar ki, bir haqq-divan,
Ümidvaram gələ, qardaş.
Birisi şah, birisi qul,
Birində tac, birində çul.
Yaranandan qanunla pul,
Qardaşdılar, bilə qardaş.
Dünya şeytan dünyasıdı,
Alçaqların ziyasıdı.
Doğruya qəm dəryasıdı,
Neyləyək biz, lələ, qardaş.
Haqq deyəndən olma uzaq,
Birdən varı tökür sazaq.
Ucalsa da enər alçaq,
Gedən deyil belə, qardaş.
Azaflının Azər eli,
Bulandırıb yadlar əli.
Yenə yaşar haqqın dili,
Keçər əsrə, ilə, qardaş.
GƏLMƏZ
Bu dünyanın nə vəfası,
Gələnləri gedər, gəlməz.
Tale üçün tor atarsan,
Qismətinə gələr, gəlməz.
Qul da ölər, şah da ölər,
Varlı ağlar, kasıb gülər.
Keçər illər, qərinələr,
Zaman üzü gülər gəlməz.
Ədalətdi, kəramətdi,
Qorxum bircə qiyamətdi.
Həyat dövri-ziddiyyətdi,
Azaflı haqq dilər, gəlməz.
VARMI
Bu dünyadan o dünyaya,
Gedənlərdən gələn varmı?
Yüz il qalıb getsə zaya,
Ölən vaxtı gülən varmı?
Var dünyanın nərdivanı,
Hökm eyləyir hər divanı.
Yerin, göyün yaradanı,
O hardadı, bilən varmı?
Qurğu quran elə qurub,
Milyonlara zinət vurub.
Ay Azaflı, mətin durub
Ömürdən pay bölən varmı?
SƏN UTANCAQ, MƏN UTANCAQ
Heç bilmirəm kimə deyim,
Sən utancaq, mən utancaq.
Dünyalarca var gileyim,
Sən utancaq, mən utancaq.
Sən o yanda, mən bu yanda,
Gizli-gizli yanır can da.
Hərdən belə vaxt olanda,
Sən utancaq, mən utancaq.
Gizlədirik üzümüzü,
İtirmişik özümüzü.
Necə deyək sözümüzü,
Sən utancaq, mən utancaq.
Niyə dinib-danışmırıq,
Küsülüyük, barışmırıq,
Halımızı soruşmuruq,
Sən utancaq, mən utancaq.
Azaflıyam, çəkdim qada,
Cavanlığım getdi bada.
Çatammadıq biz murada,
Sən utancaq, mən utancaq.
DEYİL
Ataların bir sözü var,
Hər boşalan dolan deyil.
Ömür keçər, dövran keçər,
Olan bir də olan deyil.
Bay olmayıb haqqı boğan,
İnsan kəsib, qanlar soğan.
Ey zülümnən sərvət yığan,
O var sənə qalan deyil.
Ay Azaflı, olma naçar,
Bir gün gələr qovan qaçar.
Bu dünyanı yaradan var,
Deyilənlər yalan deyil.
DƏRDİN ALIM
Keçən günlər ömürdəndi,
Gedər gəlməz, dərdin alım.
Hər şey haqdan, əmirdəndi,
Kimsə bilməz, dərdin alım.
Bəxt yatanda tutar xata,
Üz döndərər oğul, ata.
Zülm əlindən tuta-tuta,
Zalım ölməz, dərdin alım.
İnsan vaxtsız qocalmasa,
Ay Azaflı, batmaz yasa.
Əgər dostlar şad olmasa,
Üzüm gülməz, dərdin alım.
EYLİYƏR
Nanəcibi qonaq etmə,
Məclisində qal eyliyər.
Şərbətinə zəhər qatar,
Pilovunu yal eyliyər.
Pis tamaha hərəm olma,
Kərəmli ol, vərəm olma.
Bedasılnan həmdəm olma,
Saqqalını çal eyliyər.
Acgöz yeyər, çətin doyar,
Həyasını əldən qoyar.
İti qırxar, qurdu soyar,
Xəsis yığar mal eyliyər.
Araq içər, cənnət istər,
Yüz rəisdən sənət istər.
Kor yapalaq afət istər,
Bülbülləri lal eyliyər.
Azaflı, haqq diləsən də,
Tapammazsan, öləsən də.
Yüz yaxşılıq eləsən də,
Min qələti pul eyliyər.
FƏLƏK
Yaxşılara qatil olub,
Axırına çıxan fələk.
Abadlara fitil olub,
Barıgahlar yıxan fələk.
Girər şeytan küpəsinə,
Dəryaların ləpəsinə.
Məzlumların təpəsinə,
Soxma, yumruq sıxan fələk.
Zülmün gözü, qaşı üstə,
Daş qoymadı daşı üstə.
Fatehlərin başı üstə,
İldırımlar çaxan fələk.
Azaflını dala salıb,
Şir dalınca tula salıb.
Dünyaları yola salıb,
Dalısınca baxan fələk.
XATADI
Xatalarla dünya dolu,
Gərdişi dövran xatadı.
Bəlalıdı haqqın yolu.
Olmasa divan xatadı.
Arzu şirin, murad şirin,
Sevgi şirin, övlad şirin,
Dünya şirin, həyat şirin,
Zülümkar sultan xatadı.
Əldən ələ zər dolanar,
Hiylə, fitnə, şər dolanar,
Şeytan ilə yer dolanar,
Alimə nadan xatadı.
Aldadır var-dövlət bizi,
Ehtiyacdır qıran dizi.
Mübarizlər mübarizi,
İnsana insan xatadı.
Azaflı, hər şey çəkişər,
Yer çəkişər, göy çəkişər.
Aləm təzad, hey çəkişər,
Yaxşıya yaman xatadı.
YALANDI
Bilmək, bilmək, yenə bilmək,
Mülkü cahan, rey yalandı.
Ağlamağın sonu gülmək,
Çox inanma, ey yalandı,
Dünya, səndə nə qalandı?
Sədaqəti olan gördüm,
Şan-şöhrəti ilan gördüm,
Məhəbbəti talan gördüm,
Əhdi-peyman hey yalandı.
Dünya, səndə nə qalandı?
Azaflı dərd, qəmdən toxdu,
Haqdan, düzdən yalan çoxdu.
Bu gün varlıq sabah yoxdu,
Yaranmış hər şey yalandı,
Dünya, səndə nə qalandı?
TƏSNİFLƏR
AY AMAN, AMAN
Yandım oda mən,
Getdim bada mən,
Bu dünyada mən,
Çəkdim qada mən.
Ay aman, aman,
Oy aman, aman.
Zalım əlindən,
Dərd gözəlindən.
Fitnə felindən,
Acı dilindən,
Ay aman, aman,
Oy aman, aman.
Sevda yamandı,
Məhəbbət qandı,
Eşqi tufandı,
Halım yamandı,
Ay aman, aman,
Oy aman, aman.
Azaflı, canım,
Dost-mehribanım,
Dinim, imanım,
Töküldü qanım,
Ay aman, aman,
Oy aman, aman.
DOST OLA DOSTUN
Müdəm qəlbində,
Dost ola dostun.
Hər çətin gündə,
Dost ola dostun.
Dost nədir? – Kömək,
Dost nədir? – Ürək,
Dost nədir? – Gərək,
Dost ola dostun.
Vara, yoxa da,
Aza, çoxa da,
Dura arxa da,
Dost ola dostun.
Məhəbbətinnən,
Həqiqətinnən,
Sədaqətinnən,
Dost ola dostun.
Ola peymanı,
İlqar, imanı,
Sevə insanı,
Dost ola dostun.
Var kələk dostu,
Var çörək dostu,
Həm mələk dostun,
Dost ola dostun.
Özü özünə,
Gözü gözünə,
Sözü sözünə,
Dost ola dostun.
Toyda, düyündə,
Təbi təbində,
Hər çətin gündə,
Dost ola dostun.
Azaflı, dəmi,
Ürəklər şəmi,
Könül həmdəmi,
Dost ola dostun.
ÖZÜNÜ GÖZLƏ
Şeytan felindən,
Arvad dilindən,
Namərd əlindən,
Özünü gözlə.
Boran, tufandan,
Az-az qanandan,
Haqsız divandan,
Özünü gözlə.
Dərya sellərdən,
Bədğur illərdən,
Qürbət ellərdən,
Özünü gözlə.
Azaflı, qandan,
Şərdən, yamandan.
Dövran, zamandan,
Özünü gözlə.
EY ZALIM, MƏNİ
Eşqi dəvaya,
Düşdüm nəvaya.
Satdın sevdaya,
Ey zalım, məni.
Can yana-yana,
Oldum divana.
Atdın tufana,
Ey zalım, məni.
Məni dünyada,
Yandırdın oda.
Salmadın yada,
Ey zalım, məni.
Halımı qatdın,
Bəlaya atdın,
Əğyara satdın,
Ey zalım, məni.
Can məhəbbətdən,
Qəmi-möhnətdən,
Qurtar afətdən,
Ey zalım, məni.
Mehriban yarım,
Sənsən azarım,
Öldür qurtarım,
Ey zalım, məni.
İsdərəm səni,
Səsdərəm səni,
Bəsdərəm səni,
Ey zalım, məni.
SIZƏ
Bizim ağır ellərin,
Salamları var sizə.
Nəğmə deyən dillərin,
Salamları var sizə.
Elə bil ki, özümün,
Hər şerimin, sözümün,
Saf qəlbimin, gözümün,
Salamları var sizə.
Saf arzudan, diləkdən,
Ətir saçan çiçəkdən,
Azaflının ürəkdən,
Salamları var sizə.
DEYƏN CAN
Ürəyimdən qan keçər,
Can ayrılar, can keçər.
Vəfasızım yan keçər,
Mənə can-can deyən can,
Mənə canan deyən can.
Eşqə yandım şad üçün,
Bir müqəddəs ad üçün,
İndi yanır yad üçün,
Mənə can-can deyən can,
Mənə canan deyən can.
Könlümə qəm yol etdi,
Dərd-ələmi bol etdi.
Həsrətinə qul etdi,
Mənə can-can deyən can,
Mənə canan deyən can.
Tərlanımı sar aldı,
Dağlarımı qar aldı.
Bir gül idi xar aldı,
Mənə can-can deyən can,
Mənə canan deyən can.
BAGIŞLANMAZ DUNYADA
Dünyaya qan ağladan,
Bağışlanmaz dünyada.
Saf ürəklər dağladan,
Bağışlanmaz dünyada.
Sədaqətin satqını,
Həqiqətin satqını.
Məhəbbətin satqını,
Bağışlanmaz dünyada.
Doğru-düzə kor baxan,
Fitnə qurub, şər yaxan,
Əhdinə xain çıxan,
Bağışlanmaz dünyada.
Dil yarası bıçağı,
Namərdlərin qoçağı.
Vətəninin alçağı,
Bağışlanmaz dünyada.
Millətini satanlar,
Ana-ata atanlar,
Azaflı, el qatanlar,
Bağışlanmaz dünyada.
QOŞMALAR
MƏHƏBBƏT
Qüdrətindən həyat, aləm yaranıb,
Bahar qızlı təbiətdi məhəbbət.
Cazibəsi yeri göyə bağlayıb,
Möcüzəli ziyarətdi məhəbbət.
Təranələr mizrabıdı hər eşqin,
Arzuların, diləklərin sər eşqin.
Odur şahı, taxtı-tacı zər eşqin,
Günəş odlu hərarətdi məhəbbət.
İlahidi, zirvəsini qar almaz,
Ətir saçar, gül-çiçəyi saralmaz.
O, dünyada cavan qalar, qocalmaz,
Bir əbədi ülviyyətdi məhəbbət.
Hər duyğunun odur ali həzrəti,
Mərhəməti, sədaqəti, xilqəti.
Versən almaz min bir cahan sərvəti,
Kam almasa müsibətdi məhəbbət.
Pak vicdanı, pak məsləki qurdu o,
Bisutuna külüngünü vurdu o.
Aydan arı, sudan duru nurdu o,
Ali həyat, səadətdi məhəbbət.
Qamətini dərd-qəm bükən aşiqə,
Gözlərini yola dikən aşiqə,
Həsrət çəkən, hicran çəkən aşiqə,
Kəramətdi, mərhəmətdi məhəbbət.
Ay Azaflı, o yaratdı insanı,
Məhəbbətdi yerin, göyün sultanı.
Ürəklərdi, könüllərdi məskəni,
Saf sevgidi, sədaqətdi məhəbbət.
SƏN DEMƏ
Məni bəlalara qərq edən, bilsən,
Sən demə, öz dostum, qardaşım imiş.
Gözlərimi tutan, başımı kəsən,
Sən demə, eloğlum, sirdaşım imiş.
Bir afət düz yoldan qaytarır məni,
Elə bil dünyamdan qoparır məni.
Gördüm bir daşqın sel aparır məni,
Sən demə, özümün göz yaşım imiş.
Azaflı, şah gördüm zülmə nur deyir,
Dəryalar üstündə saray qur deyir.
Bir özgə səs mənə “durma, vur“ deyir,
Sən demə, döydüyüm öz başım imiş.
₺89,60
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022ISBN:
978-9952-8050-9-9Telif hakkı:
JekaPrint