Kitabı oku: «Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri», sayfa 2
Yazı tipi:
BİR LÖVHƏ
İştə səksən yaşında beli bükük bir qadın
Aylar, illər bilmədən qırmış qolun, qanadın.
Zaman çəkmiş canına gözlərinin nurunu,
Ömrü almış əlindən qəlbinin sürurunu.
Vücudunun son bahar yarpağından fərqi yox,
Dodağında bir gülüş, bir qaynayan şərqi yox.
Çöhrəsində pərişan buludların var əksi,
Əllərində sərinlik – bir məzar hədiyyəsi.
Əmmiş uzun illərin baharını, qışını,
Məclislərin bulunmuş nəşəsində, qəmində.
Bürümüş ən nəhayət kölgələr baxışını,
İndi gəzər xəyalı məzarlıq aləmində.
O yenə yaşamaqdan bıqmamış, usanmamış,
O yorğun, o ziyasız, o qüvvəsiz, o qamış
Vücudilə yenə də ömür sürmək istiyor,
“Ah nə olur bir az da gözlərim görsə!..” diyor.
Ey hənuz gəncliyinin dəmlərini yaşıyan,
Qəlbində gur dalğalı çağlayanlar daşıyan,
O səksən yaşlı qadın yaşamaq istiyorkən
Bilməm niçin həyatdan uzaqlaşmadasın sən?
ƏYYAŞ
Ruzgar… çovqun, qar, ətraf əsim-əsim əsmədə,
Başlar köküsdə… lakin soqaqda bir qaraltı
Gərinib bükülmədə, şaxta onu kəsmədə,
Buzdan bir cam kəsilmiş ayaqlarının altı.
Durmadan söylənmədə o kəndi-kəndisilə
Alnının çuxurunda parlıyor iki məşəl.
Sağdan, soldan küləklər vurub üzünə sillə
Yıxmaq istiyor onu şəffaf dəmirdən bir əl.
Yox sözlərində məna, canında yox ixtiyar,
Qollar, bacaqlar həpsi qarışmış bir-birinə,
Əlvida etmiş ona şəxsiyyət, izzət, vüqar,
Düşmüş uğursuz, acı bir adətin girinə.
Sağ əlində bir şişə, sol cibində bir şişə,
Hankı böyük bir səbəb onu bu hala salmış?
Çəkmiş hankı bir əməl biçarəni bu işə,
Hankı təsadüfdən o, bu yaman günə qalmış?
Alnında bir bəyaz qəm, – bir dilənçi günündə –
Üzü günəşdən qızıl, içi qarlardan ağdır.
O, şimdi durdu yüksək bir binanın önündə,
Keçmişini yaşatmış bu evə baxdı… baxdı…
Qılınc kimi kəsici şaxtanın şiddətilə
İştə çürük bir ağac cansız uzandı yerə.
İçində bəslədiyi müvəbbəd qüdrətilə
Bir quşsa qanad açdı ağ çadralı göylərə.
Buram-buram qıvrılıb həmlə edincə ruzgar,
Bu əyyaş qaldırımdan üzüstə yerə düşdü.
Qəlbində son döyüntü, səsində xırıltılar
Bəyaz tənli daşlarla qucaqlaşdı, öpüşdü.
Əvət həyat dənilən bu döyüş meydanından
Basılmamış çıxacaq kimin varsa qanatı.
Əvət, kim şübhə etsə, qüvvətindən, canından
Ac soqaqlar əlində boğulacaq həyatı.
Kimdir bu ilan kimi sürünüb ölən adam,
Çökmüş kaşanələrin bacarıqsız oğlumu?
Nərdə onu yaşadan dünkü parlaq ehtişam,
Onu öldürən kəndi sinifinin yolumu?
NİGAR
Eşq olsun o titrək baxışlarında
Açan çiçəklərə, açan güllərə.
Eşq olsun bu coşqun gənc yaşlarında
Açdığın səmimi şirin dillərə.
Sənsən şeri mənə ilham edən, yar,
And olsun tapdığın varlığa, Nigar!
Mən səni gördükcə böylə sərazad
Yorğun qanadlarım çırpınmaq istər.
Gəl keçən dəmləri etməyəlim yad.
Çalış varlığını aləmə göstər!
Sevincin üzündə olsun aşikar,
Gülsün bəslədiyin əməllər, Nigar!
Uf, andım keçmişi, yarıldı bağrım,
Çökdü gözlərimə süslü bir xəyal.
Qarışdı hafizəm, qazandıqlarım
Oldu bir uçurum, bir dərin məlal.
Gördüm qadınlığı möhnət əsiri,
Köləlik əsiri, minnət əsiri.
Çevirdim üzümü bu günə baxdım,
Könlümə bir bahar nəşəsi doldu.
Ey Şərqin gözəli, üzünə baxdım,
Qəlbimə bir çocuq həvəsi doldu.
Gördüm qadınlığı kitab əsiri,
Ülviyyət əsiri, rübab əsiri.
Bu gün gülümsədi əsirlər boyu
Bir bulud ardında qaralmış üzün.
Bu gün buraxaraq çəhli, uyquyu,
Səsləndi qəlbində canlanan hüzün.
Sən atdın çarşafı, dərdin azaldı,
Bürünmək uğursuz keçmişə qaldı.
Deyirlər sarılıb diləklərinə,
Zəhmətə məftunsan, bir aşıq kimi.
Əmək bağçasının çiçəklərinə
Əllərin dolaşır sarmaşıq kimi.
Bəzən süzülərək gözlər, o gözlər
Yol çəkib uzaqdan nə xəyal özlər?
Doğrudur, şerimin ürəyində, yar,
Çırpınır hüznlü xəfif bir qanat.
Ey div addımlarilə yüksələn diyar,
Fikrini xalqımın zövqilə parlat!
Çünki mən deyiləm yalınız müqəssir,
Məni dərdə salmış o köhnə əsr.
Qələm coşdu, sözüm qaldı ürəkdə;
Odur ki, şerimin dəyəri yoxdur.
Oxuyan gülərək söyləyəcək də
“Müşfiqdə şairlik əsəri yoxdur!”
Xoş gündür çıxalım üz-üzə, Nigar!
Sən nə söyləyirsən bu sözə, Nigar?
GÜLNAZ
Yeni on dörd yaşa girmişdi bu yaz
Sarışın, nəşəli, xırçın Gülnaz.
O gəzinmişdi əzəldən başaçıq,
Yoxdu ruhunda sönüklük, varlıq.
Sadə quşlar kimi pərvasızdı,
Yerə sığmaz uçağan bir qızdı.
İbtidai savad almış bu sənə,
Say vurulmazdı sıcaq nəşəsinə…
Aradan keçmədi bir öylə zaman
Bu dönüş Gülnazı sarsıtdı haman.
Səslənib evdə uğursuz bir zəng,
Sardı ətrafı uzaq bir ahəng.
Elçilər gəldi təbəssüm edərək,
Dedilər: – “Ceyranı” lazım görmək;
Çünki bizlərdə onun ovçusu var.
Müxtəsər, elçi gələn arvadlar
Gördülər xoşladılar qızcığazı,
Baxdılar Gülnaza min kərrə azı.
Bilmədən öylə nişanlandı ərə,
Tutulub qaldı tükənməz kədərə.
Aradan keçdi nəhayət iki il,
İl deyil, hər biri bir dağ təki il.
Gülnaz artıq böyümüş pək məğrur…
Üz-gözündən saçılır şeir, qurur.
Dedi bir gün Gülnaz: – Yaxşı, ana,
Eybi yox mən ki, nişanlandım ona.
Söyləyirlər ki, onun yox savadı,
Bir yığıncaqda çəkilməzmiş adı.
Bir də çox köhnə fikir sahibidir,
Əski, pək əski adamlar kibidir.
Məktəbə getməyə qoymaz ki, məni;
Annə, bilməm ki, kim aldatdı səni.
Bu yamandır ki, eşitməzkən adın,
Məni sən gör kimə qoşdun, caladın!
Annəsi:
Bax, qızım, bax, olan olmuş, keçmiş;
Bax, qızım, yaxşı deyil məncə bu iş.
Doğru, yoxdur savadı, var parası;
Olma gəl annənə, yavrum, ası.
Gəl, quzum, sözlərimə bir qulaq as,
Çıxma yoldan, çox ayıbdır, Gülnaz!
Sənə göndərmiş ipək bir çarşaf,
Öylə çarşaf ki, camalın kimi saf.
Dur da bir sal başına, nazlı bacım,
Qalmasın bəlkə bu könlümdə acım!
Gecə səssizdi gülümsərdi qəmər;
Yoxdu heç şeydə siyahlıqdan əsər.
Vardı gözlərdə, könüllərdə gülüş,
Dadlı bir çarədir hər dərdə gülüş.
Yırtaraq ay gecənin örtüyünü,
Məhv qılmışdı o zülmət yükünü.
Hər tərəf parlaq, üfüqlər ləkəsiz,
Yoxdu göylərdə buludlardan iz.
Bu nəsihətdən olan şən Gülnaz
Qəmli “ilul” kimi tutqundu bir az.
Azacıq hər tərəfi sardı sükut,
İndi Gülnaz mütəhəyyir, məbhut
Düşünürkən, coşaraq qızdı baqın,
Oldu sellər kimi darğın, daşqın,
Dedi: – Annəm, bu qeydsiz hərəkət,
Bilmədən yapdığın, adsız hərəkət,
Nə üçündür, nə deməkdir, göstər!
Bu nəsihət mənə aidmi məgər!
Get zibilliklərə at çarşafını,
Mənə qandırma uğursuz lafını.
Mən nə çarşaf, nə də bir ər tanıram,
Yalnız ən tazə əməllər tanıram.
Məqsədimdir oxumaq, öyrənmək,
Əməlim daim uçub yüksəlmək.
Yox, bulandırma o sözlərlə məni,
Süzmə, dur, şübhəli gözlərlə məni!
Annə, keçmiş o nəsihət vaxtı,
Çünki gəlmiş yeni söhbət vaxtı.
Hünərin varsa bu gündən söylə,
Məni aldatma çürük fikrinlə!
Əsrimin mən gözaçıq yavrusuyum,
Başqadır indi xəyalım, arzum.
Oktyabr mənə vermiş qüvvət,
Bir qızıl duyğu və bir ülviyyət
Ki, onun sayəsi altında mənə
Yeni insan gücü gəlmiş, annə!
Xəbərin yox, annə, mən komsomolum,
Tutduğun yoldan uzaqdır bu yolum.
Bu yolun yolçusuyam mən, annə,
Nə deyirsən bu işə sən, annə?
Bax, yarın dərsimi ikmal edərək,
Şövq ilə getməliyəm kəndə, bu pək,
Pək müqəddəs əməlimdir, məncə…
Bax, gərək kəndlərimiz ürfancə
Açaraq şəhpər ucalsın fələkə.
Məni sən anlamıyırsan bəlkə…
“Bəsləmişdir məni qoynunda bu gün”,
“Bu günün hökmünü öyrən və düşün”.
Bitirib sözlərin artıq Gülnaz,
Annəsin süzdü dərindən o bir az,
dedi:
İstəyirsən yenə azacıq danışım.
Dedi aninəsi:
Bu sözündən, bala, çıxmaz ki, başım!
RADİO
Gizli-gizli havanın raylarından aşaraq,
Düşüncə vadisindən qaçıb uzaqlaşaraq,
Qohum-qardaş bilməyib hər kəsə yaxlaşaraq
Hər yerdən xəbər verir
Allo, allo səsləri.
Əcəb cilvə göstərir
Allo, allo səsləri.
Qıvrım qamçılar vurub dağlara, dənizlərə,
Bir xəbərlə yaxlaşıb uzaqlardan bizlərə,
Yolçuları toplayır bir yığnağa, bir yerə
Hər gün söhbət eyləyən
Allo, allo səsləri.
Hər şeyi tez bəlləyən
Allo, allo səsləri.
Ellər ayrı, ellərdə yaşayanlar da ayrı,
Xəbərsizkən çox işdən ölkələrin müxbiri,
Birləşib sayənizdə həp könül iqlimləri,
Çiçəklənir, allanır
Allo, allo səsləri.
Nəşələnir, hallanır
Allo, allo səsləri.
Nə yellər uğultusu, nə vulkanlar nərəsi,
Nə xəyalı divlərin köpüklü yayqarası,
Qışqırıb bağırsanız kəsilmədən arası
Qiyamət eylərsiniz
Allo, allo səsləri.
Siz başqa bir nərsiniz
Allo, allo səsləri.
Səsinizə tay olmaz sizin keçdi-keçdidə,
Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə,
Bir torpağın, bir evin bütün sərgüzəşti də
İçinizdə saqlıdır
Allo, allo səsləri.
Doğrudan maraqlıdır
Allo, allo səsləri.
PEDTEXNİKUM
Ömrüm səfalətlərin dərin çuxurlarında
Ölgün vərəqlər kimi sürünən bir zamanda,
Dərs alıb bir çırpınan qartal qanadlı quşdan,
Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan.
O vaqıt bir çocuqdum, soqaqlardı məskənim,
Başdan-başa həyatım bir silinməz ləkəydi.
Kimsə bilməzdi sonum nə olacaqdır mənim,
Keçdiyim yollar bütün qazıqdı, təhlükəydi.
Toz-torpağın altımda buraxdığı izləri
Görənlər, sağalmayan bir yaradır, sanırdı.
Quruyordu get-gedə ömrümün dənizləri,
Bir qaynaq həsrətilə gözlərim bulanırdı.
Nazi-nemət içində bəslənən bəxtiyarlar
Sanki diyorlardı ki, yazıq, nəhayətin nə?
Qart daşları güldürən bu köhnə zəngin diyar
Hər baxışda ruhuma saplıyordı bir iynə.
Fəqət böylə qalmadı, bir ana şəfqətilə
Sən bu yetim varlığı qucaqladın, bəslədin.
Yeri-göyü titrədən bir şimşək qüvvətilə
Məni bir dağ başından harayladın, səslədin.
Kim bilir ki, sayəndə qaç zavallı dərbədər
Xilas olmuş saydığım bu məchul acılardan,
Sən, ey ürfan ocağı, sən olmasaydın əgər,
İnsan olurdumu bu gördüyün bəxtiyardan?
Söyləyiniz, kimdir o, bir sıra arxasında,
Qarşısında bir kağız, sağ əlində bir qələm,
Xəyal dənizlərinin köpüklü dalğasında
Açan bəyaz gülləri dərmək istəyən adam?
Kimdir o dalğın çocuq, saçları pəncəsində,
Bir saat ayrılmıyor can sıxan düşüncədən?
Neçin nitqi kəsilmiş, qüvvət yoxdur səsində:
Bir böhran içində o, qıvrılıyor ya nədən?
O mənim, əvət mənim, əvət, ilk xəyallarım,
Çılpaq təsəvvürlərim bu bağçada göyərdi,
Bu bağçada çiçəklər açdı o dörd baharım,
Bu şənlik mənə yüksək insan namini verdi.
Ömrüm səfalətlərin dərin çuxurlarında
Solğun vərəqlər kimi sürünən bir zamanda,
Dərs alıb bir çırpınan qartal qanadlı quşdan,
Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan!..
DAĞLAR
Siz ki bir-birinizdən ayrılmayan əşdiniz,
Sinənizə ayrılıq dağı çəkildi, dağlar!
Aya, hankı cəlladın pəncəsinə keçdiniz,
Niçin böylə qəddiniz sındı, büküldü, dağlar?
Sizin ki, üzünüzdən qaralırdı çox işıq,
Üstünüzdən ötməyə yol bulmazdı bir aşıq.
Qaynaqlara edərkən gədikləri çarpaşıq
Bu gün çəlik bağrınız nədən söküldü, dağlar?
Nallarını küheylan atların qırardınız,
Önünüz əngin dərə, uçurumdu ardınız.
Çayların gur səsilə, üfqə hayqırardınız,
Sizin öncə halınız belə deyildi, dağlar!
Ruzgarları yararkən köksünüz parça-parça,
Ayrı qalırdı quşlar sıradan haftalarca,
Alnınızı buludlar oxşarkən bəxtiyarca,
Dik başınız önümdə nədən əyildi, dağdar?
Üst-üstdən o zaman ki, bıçaqlandı qəlbiniz,
Çaylar sapdı yolundan, narə yandı qəlbiniz,
Barıt dumanlarilə saçaqlandı qəlbiniz,
Axırda bir mum kimi söndü, töküldü, dağlar!
İnsan oğlu – əzəldən o sinə dağlayandı,
Yoxsa onun xəncəri köksünüzə dayandı?!
Başınıza kül oldu, könlünüz oda yandı,
Onda ki, yerinizdə raylar çəkildi, dağlar!
MƏDƏNİ HÜCUM
Xəzandır, xəzandır…
Təbiət kişnəyir yüyənsiz at kibi.
Təbiət varlığı əlində oynadır,
Ruzgarlar qudurmuş, səmalar əsəbi…
Qanadı olanlar köksünü gərəcək
Aləmi titrədən bu fəslin zülmünə.
Odur, bax, zavallı bir yarpaq, bir çiçək
Sürünür torpaqda ölərək. – Kimə nə!..
Təbiət bizləri döyüşə çağırmış,
Bu meydan istiyor qüvvətli pəhlivan.
Xəzandır, xəzandır, önümüz qarlı qış,
İnsan da zərərli çıxarmı bu yoldan?
O bulud, o şimşək, o ruzgar, o vulkan
Diyor ki: – Mənimlə, haydı, çıx döyüşə!
O tufan söylüyor: – Gəl, bu sən, bu meydan!
Bu gərdiş bənzəməz başqa bir gərdişə.
Mədəni hücuma başladıq odur ki,
Bizimlə keçmişdə olmalı ayrılıq.
Bu günün səsləri çınlayıb diyor ki:
– Üzümdə olmasın kölgəlik, sayrılıq.
Hücum et duyduğun varlığa, yoxluğa!
Hücum et sökülmüş şəfəqlər yurduna!
Başında oynayan o duyğu, o dalğa
Girişsin sahilə, baxmadan ardına.
Kənardan gülərkən alovgöz bir mayaq,
Bu daşğın sulardan bizlərə nə qorxu?
Qoy coşsun dalğalar, sən çalma əl-ayaq,
Həyatda mübariz bir ərə nə qorxu!
Qanadın dalğalı, saçların köpüklü,
Çırmala qolunu, düşərək meydana.
Deyirlər qəlbində bir vulkan gömülü,
Şir kimi nərə çək, səda sal cahana!
Ər oğlu ər kimi atılsan meydana,
Hər dodaq namına bəstələr bir şeir.
Ölməkçin doğmadıq, gəlmədik cahana,
Ölməkçin yaşamaq – bu sadə bir işdir.
Biz doğduq biləlim güllərin dilini,
Dağların, daşların, ellərin dilini.
Olalım hər ufaq zərrəyə aşina,
Mənimsə, ey könül, nə çıxsa qarşına!
Bax, bəşər uçduqca hey uçmaq istəmiş,
Göyləri pəncələr yarın o, bəlkə də,
Hər məchul qapını o açmaq istəmiş,
Bir gizli sirr duymuş hər dərin kölgədə.
Qalmasın könüllər, baxışlar buludlu;
Arqadaş, gün kimi açılsın bənizin.
“Geyimlər dəyişdi”, sevəlim bu yolu;
Hökumət, əmr eylə, ürəklər dəyişsin.
Onsuz da genişlik mədəni hücumda…
Bütün xalq bu yolda etməli iştirak.
Nərəmiz salınca aləmə səs-səda,
Göylərin yaxası olmalı çaki-çak.
Qalmasın bu yerdə keçmişin kölgəsi,
Gecənin yerində sökərkən al şafaq.
Bu hücum çağırsın hücuma hər kəsi,
Bu günçün türkülər söyləsin hər dodaq!
Dəyişib batini məscidin, kilsanın,
Kürsüdə oxunsun əsrimin xütbəsi.
Çatlasın ürəyi Musanın, İsanın,
Əhmədin, buddanın tıxansın nəfəsi!
Öyləcə papaq da, öyləcə çadra da
Atılsın, onlara edəlim əlvida.
Ən uzaq dənizdə, ən məchul qarada
Yapılsın bu hücum, çınlasın bu səda!
Hücum et kitaba, hücum et dəftərə!
Çalğıçı, gecikmə, nəğməni sən də çal!
Çal, havan yayılsın yerlərə, göylərə,
Çünki bu əsrimiz istiyor qalmaqal!
BİR GÖRÜNÜŞ
Çıxmışam bir dağa, qarşımda Bakı
Qaynayır, çünki deyil ruha ilıq.
Çınlar hər yanda dərin bir səs-küy,
Duyulur hər küçədən bir çığlıq.
Hara baxsan, görəcəksən itilik,
Yaşayış çalxalanır, bir su kibi.
Üzlər almazlı, baxışlarsa çəlik,
Nəşədir getdiyi yoldan tələbi.
Dün bu yerlərdəki karvan yerini
Ediyor yolçu tramvaylar əvəz;
Boğuyor ölgün azan səslərini
O ağızdan iti radyodakı səs.
Bir tərəfdən göyə qalxan hər ev
Gülüyor boynubükük külbələrə.
Sən də, şair, bu uçan aləmi sev!
Nəşəli gözlərini dikmə yerə!
Raylar üstündə gəzən atlara baq,
Sən də onlar kimi çap, dönmə geri!
Dala baxmaqda nə var? Çırpınaraq
Hər ufaq damla diyor: – Qoş iləri!
Hələ qarşımda Xəzər çalxalanır,
Qıl nəzər, gör nə köpüklənməsi var!
Dalğalar sanki bəyaz quşlardır,
Dəniz üstündə qanadlanmışlar.
Üfqün altında xəfif bir yelkən,
Ah, bu, bir incə xəyaldır, bir əməl,
Bir vapor səslənərək titrərkən
Qamçılar beynimi bir duyğulu əl.
Çıxmışam bir dağa, qarşımda Bakı
Qaynayır, çünki deyil ruha ilıq.
Çınlar hər yanda çəlik bir səs-küy,
Duyulur hər küçədən bir çığlıq.
KÜLƏKLƏR
Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!
Bəziniz qorxulu, bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz uyqulu, bəziniz uyqusuz,
Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Könlümdə nə varsa, açayım dağlara!
Gurlayın, ilhamım, sənətim gurlasın!
Fırtınam, qasırğam, qüdrətim gurlasın!
Şimşəyim parlasın, zülmətim gurlasın!
Ey məni sərazad bəsləyən küləklər,
Bir dağın başından səsləyən küləklər!
AY QIZ
Sən də alıb ələ bir qızıl rübab,
İncə tellərini səsləndir, ay qız.
Döşündən ellərə bağla bir kitab,
Susqun dodaqları dilləndir, ay qız!
Qalmasın sözlərin qəlbində gizli,
Mən görmək istəməm çöhrəni sisli.
Ol arslan ürəkli, şəfəq bənizli,
Gülərək, yurdunu şənləndir, ay qız!
O qara günlərin getsin gəlməsin,
Bir daha keçmişin üzü gülməsin.
Ümidi səndədir məncə hər kəsin,
İndidən ruhunu telləndir, ay qız!
TELEFON SÖHBƏTİ
Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində bax,
Ürəkdən saçılan sözlərin mənə.
Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair
Mərhəmət ummayır səba yelindən.
Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan uzağa görünər mənə.
Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telfonda görsəm?!
Məni inandırmaz yoxsa bu sözlər,
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər
Açıb həqiqəti qoysun qarşıma.
Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022ISBN:
978-9952-8245-0-6Telif hakkı:
JekaPrint