Kitabı oku: «Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri», sayfa 3
Yazı tipi:
TELEQRAF TELLƏRİ
Bilinməz bu geniş çöllərdə nə bəklər
Yan-yana düzülmüş bu şeytan dirəklər!
Bunların çiyninə durmadan hey yüklər
Dərdini gizlicə teleqraf telləri,
Hər sabah, hər gecə teleqraf telləri.
Uzanan yolları gödəldən, qısaldan,
Yorulan yolçunun başını ucaldan,
Çırpınan qəlblərin dərdini azaldan,
Yolların yolçusu teleqraf telləri,
Ellərin elçisi teleqraf telləri.
Görmədən çıxdığı yoxuşda qəhirlər,
Sizinlə bir yerə toplanır şəhirlər.
Ürəkdən dalğalar, arzudan nəhirlər
Daşırkən içiniz, teleqraf telləri,
Gəliniz, keçiniz, teleqraf telləri.
Döndükcə mövsümlər, döndükcə sənələr,
Çıxdıqca ortadan fəsadlar, fitnələr,
Yayılar cahana möhtəşəm bir xəbər
Ki, dünya oyanmış, teleqraf telləri,
Al rəngə boyanmış, teleqraf telləri.
ÇARXLARIM
Nə qollar yada salsın ənginlərin quşunu,
Nə əllər, nə ayaqlar həyatın yoxuşunu
Çıxamazdı bu çapqın
Çarxlar bulunmasaydı,
Makinaya əskidən
Rəğbət olunmasaydı.
Bunlarsız aşmaq olmaz qısıq dar gədikləri,
Nalqıran yoxuşları, sıldırımlı dikləri.
Fırlandıqca tel kimi
Görünən çarxım, dolan!
Qıvrılıb bir sel kimi
Gərinən çarxım, dolan!
Biz sizin sayənizdə şahiqələr atladıq,
Cahanın qafasında bomba kimi partladıq,
Bəklənən saatları
Doladıq əlimizə,
Hakim olduq nəhayət
Yerə, göyə, dənizə.
İşçilər dəzgahının dururkən baş ucunda,
Dəzgahının nəbzini yoxlarkən ovucunda.
Səbirsizliklə belə
Qıvrılan sizmisiniz?!
Şəffaf küləklər kimi
Burulan sizmisiniz?!
Daş kömür, nöyüt-flan, təmamən bitmiş buraq,
Burax, əsirgəsin də bizdən bunları topraq.
Mən səni canlatmağa
Yeni yollar bulurum,
Yeni oynaq qanadlar,
Yeni qollar bulurum.
Güc, qüvvət toplayırkən ləpələr ləpələrdən,
Doğrulub dərələrdən, atlayıb təpələrdən
Halınıza yanaraq,
Sizi cansız buraxmam.
Bir an, bir qırpım belə
Həyəcansız buraxmam.
Bax, sizin sayənizdə ucalmaqda məmləkət,
Zavoddakı traktor, torpaqdakı bərəkət.
Siz yerləri, göyləri
Dolaşan çarxmısınız?!
Düşmənlə hər addımda
Dalaşan çarxmısınız?!
YADIMA DÜŞDÜ
Keçən günlərimi vərəqləyirkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.
Deyildir eşq odu məni yandıran,
Ruhumun şəhrini işıqlandıran.
Pozğun şəfəqləri mənə andıran
Ziyalı tellərin yadıma düşdü.
O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş.
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.
QOŞMA
Qadın, gözlərinin oynaq xəyalı
Dönüyor qarşımda yenə cin kimi,
Baxdıqca ruhumun qaynar məlalı
Sənin qəhqəhəli sevincin kimi.
Səndən əsrin kimi şəfqət uzaqmış,
Ruhuna zülmətin selləri aqmış.
Laçın gözlərindən odur ki, sarqmış
Ürəyim bir yavru göyərçin kimi.
Ovçuluq əsrimi əsrin, ey qadın?!
Söylə övladısan hanki səyyadın?
Sən gözlərinləmi yoxsa ovladın
Göyərçin qəlbimi bir laçın kimi.
GƏZDİYİM YERLƏR
Əsrlərdən bəri, illərdən bəri
Dərdinə qaldığım yerdir bu yerlər.
Biliyor saçları qızıl bir pəri
Qurbanı olduğum yerdir bu yerlər!
Bu gözəl aləmi gəzdikcə dağ-dağ,
Oldum sevincinə, qəminə ortaq.
Ey söyüdlü dərə, ey dumanlı dağ,
Səfaya daldığım yerdir bu yerlər!
Qapıldım bu yerdə əyləncələrə,
Anlamış hər irmaq, bilmiş hər dərə,
Ya dalıb diqqətlə düşüncələrə,
Ya ilham aldığım yerdir bu yerlər!
EŞQİM
Anasız, babasız Ofelya kimi
Saçları pərişan bir qızdır eşqim.
Qəlbimin buludlu səmalarında
Titrəyən bir qərib ulduzdur eşqim!
Olmadan aşikar doğduğu yerdən,
Böyük tanrı kimi düşmüş nəzərdən,
Çöhrəsi gülməyən xərabələrdən
Daha qəmli, daha ıssızdır eşqim!
Həyata baxmamış gülümsər kimi,
Hər bir hadisədən bixəbər kimi.
Yad əllərdə qalan yetimlər kimi,
Başı bəlalıdır, yalnızdır eşqim.
GECƏ DÜŞÜNCƏSİ
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…
Gecə sakit… düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı hər həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat –
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…
DAŞ QARTAL
İllərcə dayandın arxan divarda,
Hər gələn yolçuya dəhşətlə baqdın,
Gözündə bir oldu qış da, bahar da,
Qəlblərdə bir acı uçuşla sarqdın.
Üfüqdən üfüqə çaldığın qanad
Hər yerə qaranlıq bir kölgə saldı,
Pəncəndə qırıldı bir yığın qanad,
Qorxundan, uçanlar sükuta daldı.
Nə ruzgar, nə boran, nə qar, nə tipi3
O sərt ürəyinə etmədi təsir.
Bir yüksək divarda durdun “dağ” kimi
Ömründə iztirab bilmədin nədir.
Çulğadı süzdüyün qaldırımları
Bir yığın səfalət, bir yığın acı.
Çaxarkən hirsinin ildırımları,
Dəydi umuzlara ölüm qırbacı.
Gözlərin sancılmış ellərə tək-tək,
Əlində ölkələr bir oyuncaqdı.
Kinli ürəklərdə bəslənən şimşək
Başında partladı, gözündə çaqdı.
Əvət, qaynağında aman bulmayan
Zavallı insanlar üzünə durdu.
Dərələr, təpələr eylədi üsyan,
Bağrına zəhərli bir güllə vurdu.
Bizim dünyamızın hakim işçisi
Daldı öksüzlərin ahü zarına,
Dərdə düşənlərin olub bəkçisi,
Son verdi uğursuz uçuşlarına.
Dönüb bir tufana, tutdu yolunu,
Sarsıtdı aləmi onun buyruğu.
Qırdı şəhpərini, kəsdi qolunu
Sağlam bir işçinin iti yumruğu!
YENİ GƏNC
Mən çəlik ürəkli bir yeni gəncim,
Dildən-dilə düşmüş hekayətim var.
Həyat nəşəsilə titrəyir içim,
Parlaq gələcəyim, nəhayətim var.
Bir parça atəşim, bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir dağın.
Qarşımda duramaz nə sel, nə daşqın,
Təbiətlə mənim zərafətim var.
Sevgim mübarizə, sevgilim həyat,
Yəhərlənmiş mana qanadlı bir at.
Gör nə deyir sizə çaldığım qanat:
Hələ bundan sonra qiyamətim var.
VAPOR VƏ FIRTINA
Ey canavar ağzının köpüyü dalğalardan,
Bir yelkəni görüncə ayrılıyor kənardan
Halqa-halqa dişləri qıcırdayan, fırtına!
Odur, bildiyin əjdər uzaqlaşdı limandan,
Sanki dünyaya sığmaz bir dağ aşdı limandan,
Zorun varsa aclığa tablaş, dayan, fırtına!
Yem olamaz deyirlər bu gələn əjdər sana,
Yaxınlaşdıqca boydan yüksələn əjdər sana,
Bir qartal uçdu sanki qarlı dağlar başından.
Qabar-qabar sinəni yaxlaşdı, dümdüz etdi,
Bir yürüşdə çevirdi astarını üz etdi,
Keçərkən dikəltdiyi yarlı dağlar başından.
Sürətlə fırlanınca onun təkərlikləri,
Bəyaz çiçəklər açdı əndamının hər yeri,
Dəmir qanadlarilə burnuna vurdu, vurdu.
Açdı sandığı, tökdü pambığı dalğa-dalğa,
Gücün sınandı, aybın açıldı ortalığa,
Bağrın yarıldı bizim əjdər edincə du…du.
RƏNANIN ÖLÜMÜ
– Qolçomaq oğlu qudurğan Şahbaz
Kimilərdən bizə yoldaş olmaz!
Onların səsləri yoxdu hətta, –
Dedi Rəna coşaraq iclasda.
Onun hər kəlməsi bir gülləydi,
Qolçomaq pəncərədən diş bilədi.
Qolçomaq nizə qədər boydan uca,
Bərəlib gözləri pək şeytanca,
Dinliyor, iclası durmuş pusuda,
Qəlbi yelkən kimi bir vəhşi suda
Rəqs edib sallanıyor, qıvranıyor,
İçi zülmətlə tutuşmuş yanıyor.
Gecə səssizdi, gülümsərdi Qəmər,
Yoxdu varlıqda siyahlıqdan əsər.
Vardı gözlərdə, könüllərdə gülüş,
Tatlı bir çarədir hər dərdə gülüş.
Yırtaraq ay gecənin örtüyünü,
Parçalatmışdı qaranlıq yükünü.
İndi Rəna evə dönməkdə idi,
Ansızın çiyninə bir əl dəydi.
Qız, görürkən bu zaman qolçomağı
Titrəyib əsdi bütün əl-ayağı.
Oldu çən gözləri qaynar-qaynar,
Qopdu ruhunda sıcaq fırtınalar.
Baxdı birdən ona şaşqın-şaşqın
Dedi kimsin, nəçisin, gəlmə yaxın!
Qolçomaq söylədi: – Rəna, dinlə,
Sənin eşqinlə, sənin dərdinlə
Gördüyün, bildiyin oğlum Şahbaz
Gecə-gündüz ediyor razü niyaz.
Səni gördükdə nəzər qılmaqda…
Bir çalınmış kimi qıvrılmaqda.
Dünki iclasda fəqət, söylə, nədən
Qoymadın firqəyə girsin onu sən?
Qorxudan öncə yarılmışkən ödü
Bir dəlirmiş kimi Rəna döndü,
Hayqırıb söylədi: – Çıx get, abdal!
Şu böyük əmri küləklər dal-dal
Ötərək, səslənərək gəzdirdi.
Bir səda ancaq uzaqdan derdi
Nazlı Rəna qarışırkən gecəyə:
– Aybı yox, bir də çıxarsın küçəyə.
Sabah erkən uyuyor göy sakit,
Külbələr sakit, üfüqlər rakit.
Qolçomaq lakin özündən çıxmış,
Dəlidir sanki izindən çıxmış.
Ansızın vurdu çürük beyninə qan,
Qızışıb aldı sınıq bir yatağan.
Çıxdı evdən, bu çıxış məncə bəla…
Sabah erkən uyuyor göy hala…
Uyuyor indi bizim Rəna da
Kimsə bilməz ki, şirin röyada
Ona kimdir eyi rəhbərlik edən,
Bixəbərdir qopacaq vəhşətdən.
Gizli bir səs qapıdan yüksəldi,
Canavar kölgəli bir şey gəldi.
Duyğusuz qolçomağın kölgəsi bu…
Sanki Rənaya diyorlardı uyu.
Uyu ey sevgili, azyaşlı gözəl,
Qəmə kirpikli, qələm qaşlı gözəl,
Uyu ey sinəsi məcra, saçı su,
Uyu nəşənlə, sevincində uyu.
Uyuyur köksünün üstündə bir əl
Yapacaqdır yatağından heykəl.
Başı üstündə bir az titrəyərək
Bağrına qondu siyah bir milçək.
– Uf aman!
Qatil uzaqlaşmışdı.
Gizli bir mənzilə yaxlaşmışdı.
– Uf aman, annə!
– Nə olmuş, Rəna?
Ah, səbəb kimdir axan qanlarına?
Hıçqırıqlar dolaşırkən dağ-dağ
Yerdə cansızdı o solğun yarpaq.
Kəndə səs düşdü, vərəqləndi xəbər,
Toplaşıb gəldi bütün bildiklər
Sataşıb gözlərə birdən yatağan,
Ansızın vurdu sərin başlara qan,
Yatağandan düşünüb anladılar
Qızı öldürmüş o sərsəm, qəddar.
Qızaraq titrədilər, titrədilər.
– Qolçomaq haydı, tutulsun – dedilər,
Bir səda dalğalanıb yüksəldi,
İştə qatil yaxalanmış gəldi.
Dedi ətrafdakı yoxsul təbəqə:
– Yox, cəza verməliyiz qolçomağa.
Yeri-yerdən qınayırlarkən onu,
Seyr edib yapdığı çirkin oyunu
Yalvarırmış kimi sakit durdu,
Düşünüb boynunu səssiz burdu.
Partlayıb işdə cılız bir qurşun
Açdı bir pəncərə alnında onun.
Qolçomaq yerdə sürükləndikdə,
Ölümün sırtına yükləndikdə
Dedi illər aşıran bir qoca pir:
– Qolçomaq köylülərin qatilidir.
POÇT QUTUSU
İllərdir bu divara sən ey poçta qutusu,
Yorğun bir adam kimi dayamışsın arxanı,
Saqlıdır içərində sirlərin ən quytusu,
Tanımayan bulunmaz sənin açıq yaxanı.
Karvanların uzayan yollarının zülmünə
Canla, başla, ürəklə dəmir köksünü gərdin.
Kiminə nəşə sundun, qəm içirdin kiminə,
Buna həyat, onaysa ölüm pəyamı verdin.
Bəzinin ələmində, bəzinin şaqasında
İştirak eyləmişsin anlamadan, müxtəsər.
Kim bilir ki, o sakit sinənin arxasında
Bir quş kimi döyünmüş neçə-neçə ürəklər.
Xoş gəlir mənə səndən bu aldığım duyğular,
Ey dəmir qutu, fikrim halqalanır önündə.
Sayəndə canlanırkən çıplaq, yetim arzular,
Xəyalımın gölləri dalğalanır önündə.
Sənmi çox oynamışsın könüllərlə, mənmi çox?!
Sənmisən ya mənmiyəm min bir xəbər şahidi?!
Ayrılığa, vüsalə aid səndə nələr yox?
Sən deyilmisən uzun macəralar şahidi?
Sən mənimlə bir qədər razılaşıb izin ver,
İzin ver də yarayım dəmir bağrını az-çox,
Görünsün içərində birikən xəzinələr,
Çünki səni həqqilə anlayan yox, duyan yox.
HÖRMƏTLİ QƏZETİMİZ4
Yadımdadır bu gün belə,
Bir bəxtiyar sevinc ilə
Könlümün ilk bəstəsini,
Ruhumun nəşidəsini
Oxuduğum əziz günlər.
Mənə açdın qoynunda yer,
Çıplaq, yetim duyğularım,
Ümidlərim, arzularım,
Sığındılar dərgahına,
Atıldılar pənahına.
Titrəyirkən, üşüyürkən,
Çırpınaraq tövşüyürkən
Gəncliyimin geniş qəlbi,
Bir şəfqətli ana kibi
İşıq verdi gözlərimə,
Qüvvət saçdın dizlərimə.
Uçmağa yoxkən uyarı
Şerimin süs qanadları
Yalnız səndən qüvvət aldı.
Aman könül! O nə haldı?!
İlk nəşidəm çıxan zaman,
Mən bir çocuq kimi haman
Ətrafa salmışdım nəzər.
Ah o günlər, ah o günlər!..
Deyil mənə, ona, buna,
Mənim kimi bir çoxuna
Qüvvət verib, həycan verib,
Sarsılmayan bir can verib.
Uzun zaman cəmiyyətin
Ən çıxılmaz və ən çətin
Yollarına rəhbər oldun,
Fikrimizə mehvər oldun…
Bizə etdin böyük xidmət,
Bizdən sənə min bir hörmət!
GÖYGÖL
Mən bu gün Göygölü durğun gördüm,
Göygölün şəklinə vurğun gördüm.
Çırpınan bir quşu, quş çağlardı,
Yeri çiskin dolu dik dağlardı.
Qızıl əsgər sipərindən çıxaraq,
Diri könlümdə qanadlandı maraq.
Buraxıb torpağa torpaqlıları,
Dırmanıb dağlara, çıxdım yuxarı.
İstədim bir yeni dünya bulayım,
Azacıq Göygölə mehman olayım.
Çıxaraq bir dikə, gördüm sonda
Dağların kölgələnən qoynunda
Uyuyor naz ilə Göygöl rahət.
Onda var öylə dərin bir riqqət
Ki, baxanlar ona heyran oluyor,
Qəlbi köksündə xuraman oluyor.
Dörd tərəfdən onu çamlar bir-bir
Sanki zəncirləyib etmişlər əsir.
Sanki dağlar ona olmuş dayə,
Qayalar bağrına salmış sayə.
O fəqət hər şeyə dinməz baxaraq
Duruyor, dağların ardında şafaq
Çırtlayıb, incə qızıl saçlarını,
Saç deyil, od kimi qırbaclarını
Sallayıb köksü dəlik dağlardan.
Oxuyor Göygölə kəskin meydan.
Rəng verib, rəng alıyor Göygöl də,
Buna heyran qalıyor Göygöl də.
Günəşin nuru toxunduqca ona,
Bir alov hizməsi qonduqca ona,
Gözlərindən saçılır almaslar,
Silinir qəlbini tutmuş paslar.
Daşıyor mavi göyərçin bağrı
Onda şimşək kimi od parçaları.
Bir tərəfdən onu sarmış qayalar,
Qayalar Göygölü burnilə yalar.
Göylərin sanki bu Göygöl dibidir.
Halqa üstündəki zümrüd kibidir.
Çamların dalları yelləndikcə,
Yellənib quş kimi dilləndikcə,
Sanki bir sevgili qız qəlbindən
Qopuyor gizli yanıq bir şivən.
Bu yanıq şivəni Göygöl duyuyor,
Uyuyor naz ilə səssiz, uyuyor.
Uyuyor nəşəli bir tazə kimi.
Tül vərəqlər onu yelpazə kimi
Oxşuyorlar, necə bir quş qanadı,
Tor kimi üstünü göy yarpaqlar
Almış ətrafdan onun, baxsanıza!
Ah, bu şeytan nə səbəbdən bu qadar
Bənziyor çadralı bir vəhşi qıza?
Çarşafı incə dumanlardandır,
Baxıyor, sanki adamdan utanır.
Bir lətif ruzgar əsərkən yaxud
Göygölün ruhu olur pək məsud.
Tellənir sinəsinin dalğaları,
Baxıyor göylərə altdan yuxarı.
Vəcdə gəldikcə ipək yarpaqlar
Tökülüb dizlərinə səcdə qılar.
Onda Göygöl yeniliklər buluyor.
Sarı yarpaqlara mədfən oluyor.
Göygölüm, başqa səfa var səndə;
Bulmuşam özgə cahanlar səndə.
Yer yeşil, göy yeşil, ətraf yeşil;
Doğduğum bəldə mənim böylə deyil.
Mən küləklər şəhərindən gəldim
Zəhmətin ümdə yerindən gəldim.
Öylə bir yer ki, onun gülləri yox,
Sayrayan nəşəli bülbülləri yox.
Böylə əngin dərələr yox orada,
Qocaman məşcərələr yox orada.
Orda yox böylə çəmənlərdən əsər.
Orda bülluri bulaqlar nə gəzər!
Orda lakin yeni insanlar var,
Qaynayan qırmızı vulkanlar var.
Açıyor orda alovdan güllər,
Ötüyor orda çəlik bülbüllər.
Meşələr orda buruqlardandır,
Çağlayanlar qara qanlardandır.
Səndə dağlar, dərələr, düzlər gül…
Gecələr gül kimi, gündüzlər gül.
Möhtəşəm dağlarının başları qar,
Dağ qaçar, sanki dumandan qorxar.
Niyə, Göygöl, bu qədər susqunsun?
Razı ol çırpınıyorkən qonsun
Dalğasız sinənə qəlbim azacıq,
Kimə sən vermədəsən, söylə, acıq
Bu gözəlliklə, bu səssizliklə?!
Çağlayanlar kimi gəlməzmi dilə
Azacıq olsa da durğun baxışın,
Dalğalar rənginə vurğun baxışın?
Mən də əvvəlləri çox küskündüm,
Köhnə zəncirləri qırdım, yendim.
Mən nəyim indi? Qızıl bir əsgər,
Açmışam yerdə günəşdən şəhpər.
Qoy dodaqlarda çiçəklənsin adım,
Quş deyilsəmsə də vardır qanadım.
Ey çocuq ruhu qədər şən Göygöl,
Köksü almas kimi rövşən Göygöl!
Ətəyindən əyilib öpdüm mən,
Kim qaçar sevgilisin öpməkdən?
Çənlərin oynağı olmuş başucum,
Göyləri sanki qamarlar ovucum.
Vuruyor qəlbimi bir körpə sevinc,
Sevinərdim dura bilsəydim dinc.
Çünki gəlmiş mənə şadlıq sırası,
Göygölün çünki şirin xatırası
Titrədir qəlbimi həycanlarla,
Der ki, haqqımda şeir az, parla
Sən ki bir parça sümüksüz ətsin,
Bu gözəllik səni qoy titrətsin.
Bir də quşlar, kələbəklər, güllər,
Quytu çamlar və üfüqlər yer-yer
Nazlı qoynunda sənin birləşərək,
Veriyor mövqeyə xoş bir ahəng.
Sana diqqətlə dalarkən nazarım,
Coşdu qəlbimdəki çırpıntılarım.
Sarılıb beynimə rəngin saplar,
Bir yumaq yapdı ki, çox qiymətdar.
Razı ol baxmaq üçün göylərinə,
Kim dalar böylə dərindən dərinə?
Göy dəniz, sanki buludlar sarqıq
Qayalardır ki, düzülmüş sıq-sıq.
Fərqi yox hər qayanın bir gəmidən
Ki, üfüqlərdə açarlar yelkən.
Sonra atbaşlı buludlar gəliyor,
Şahə qalxar kimi həp yüksəliyor.
Kişniyorlar toxunub bir-birinə,
Nə deyim mən bu göyün mehvərinə
Ki, bu köhlənləri yığmış başına.
Hər bulud sonra çatılmış qaşına,
Düşünür, cəzb ediyor ənzari;
Baxaraq mən dəxi altdan yuxari,
Süzərim bunları heyran-heyran.
Bu zaman zehnimi şiddətlə saran
Duyğular toplaşaraq bir araya,
Başlayarlar şığıyıb gurlamaya.
Qəlbimin səsləri səsləndikcə,
Səslənib könlüm həvəsləndikcə,
Şu buludlar – şu qədəhlər kimi, baq,
Şu buludluqlara etdikcə maraq,
İstərim yaslanıb alçaqlara mən,
Mey sunaydım başı dik dağlara mən.
Dinləyin, ey qoca, yüksək dağlar,
Ey bu dağlarda əsən irmaqlar,
Ey yaşıl sinəsi əngin dərələr,
İçi sirlərlə daşan məşcərələr!
Mən baxarkən sizə bilməm uyumaq,
Nazənin duyğularım sanki yumaq
Kimi bir mehvərə səssiz sarılır,
Mənə heç şey bu zaman gəlməz ağır.
Sənətin, bəlkə həyatın yükünü
Daşıyorkən acı küskünlüyünü
Ürəyim bir pula satmış kimidir.
Bu ticarət mənə ləzzət gətirir.
Dediyim sözləri gəl bir də eşit!
Sanma vardır mənim ağzımda kilit.
Sən gözəlsən, buna bir şübhəmi var?
Boş gözəlliklə fəqət aşmaz kar!
Doğrudur, mən sənə qaldım heyran,
Bildim, insanda olurmuş nöqsan.
Mən fəqət bir sinifin şairiyim,
Göyə uçmam da, zəmin şairiyim.
Bizə iş lazım, əvət, iş lazım,
Həp budur məqsədimiz çünki bizim,
Bir də nadirsin, onunçun bu qadar
Sənə məftun oluyor insanlar.
Səndə qalmaz bu təbiət, Göygöl!
Çəkilərsin işə, əlbət, Göygöl!
Biz təbiətlə döyüşməkdə ikən,
Buna biganə görünməzsən sən.
Suların çaxdıraraq şimşəklər,
Dağların bağrına nurlar sərpər.
Saracaq dövrəni rahatlıq evi,
Çünki əsrin şu bəşər adlı divi
Səni pək başqa bir aləm yapacaq,
Çayların bəlkə yolundan sapacaq.
İşləyib çox çəkəcəklər zəhmət,
Edəcəklər bizə onlar xidmət.
Dırmaşıb köksünə raylar bir gün
Şəhrə əlbət olacaqsan üskün.
Bir sabah mavi, yaşıl qoynunda
İncilər parlayacaq boynunda.
O zaman aylara, ulduzlara sən
Gecələr eyləyəcəksənmi pəsənd?
Böylə qalsan əgər, ey Göygöl, inan
Pək təbii, çıxacaqsan yaddan.
Çünki hər zərrə dəyişmək istər,
Yaşamaqçın dəyişiklik göstər!
Ey çocuq ruhu şən Göygöl;
Köksü almas kimi rövşən Göygöl!
Mən də olsaydım əgər bir şair
Səni həqqilə edərdim təsvir.
Mən ki şair deyilim, bir gəncim,
Yanıyor odlu əməllərlə içim.
Doğrudur, indi darılmış nəfəsim,
Tutmamış ölkəmi həqqilə səsim.
Dönərim sellərə, irmaqlara mən,
Çarparım kəndimi dik dağlara mən
Eşidilməzsə əgər avazım,
Yoxsa sınmışmı, qırılmışmı sazım?!
Taxtadan yox, bu ötən sazcığı mən
Yapmışam, dinlə, çəlik köksümdən.
Ürəyimdən hörərək tellərini,
Bəzəyib süsləmişəm hər yerini.
Pək qısıqdır səsimin dalğaları,
Uça bilməm daha bundan yuxarı.
Acizim doğrusu, Göygöl, bax da,
Bu gözəl sazcığı mən çalmaqda.
Yayı lakin bu sazın ölənə qadar
Tutacaq köksümün üstündə qərar.
Gün gələr mən onu dilləndirərim,
Çalarım, varlığı dilləndirərim.
Ürəyim nəşəli, ruhum oynaq,
Sənə, əlbət, gəlirim bir də qonaq!
Seyrə getdikcə yaxından səni mən,
Xeyli dəm ayrılaraq kəndimdən
Gur bulaqlar kimi qaynar, daşarım,
Nəşədən özgə bir aləm yaşarım.
Olarım mən o zaman bir şair
Eyləməkçin səni, Göygöl, təsvir!
3.Tipi – boran
4.Bu şeri müəllif ilk qələm məhsullarının ən çox nəşr olunduğu “Gənc işçi” qəzetinin onilliyi münasibətilə yazmışdır.
Ücretsiz ön izlemeyi tamamladınız.
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022ISBN:
978-9952-8245-0-6Telif hakkı:
JekaPrint