Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bir gəncin manifesti», sayfa 3

Yazı tipi:

Hacı İbrahimxəlil şöhrətpərəst bir adam idi. İstərdi ki, həmişə, hər yerdə hamı onun dəsgahından dəm vursun, var-dövlətindən, səliqəsindən, səxavətindən, süfrəsindən desin. İşini elə qurmuşdu ki, evlər dolusu qonağı olaydı, xəyala gələn hər cür xörək bişiriləydi, özgədən gətirilmək üçün bir çöpə də ehtiyac olmazdı. Hər şey dəst-dəst, artıq-artıq. Elə ondan hesabını apar ki, Hacının irili-xırdalı on bir samovarı var idi: ev samovarı, qonaq samovarı, məclis samovarı, ehsan samovarı… Hamısı da cüt-cüt, bir ağ, bir sarı, bir ağ, bir sarı!

Yalnız qarpızı samovar-ev samovarı tay idi. Onu da Qarınca xanım tay eləmişdi: çünki ona cüt şey düşmürdü. Əlacı olsa gözünün də birini çıxarardı, tay gözü ilə keçinərdi.

Bu Süleyman dəsgahı ilə belə, pristavın üzü gülmürdü, bulud kimi qara qaşqabağı açılmırdı. O, yuxarı başda yastığa söykənmiş, uzun-boğaz çəkməli iri «vəl» ayaqlarını süfrədən kənara uzatmış, bir əlini sinəsinə qoymuş, damağında papiros dərin fıkrə getmişdi. Sanki evin səqfinə qalxan papiros tüstüsü pristavın başından qalxan dumanlar idi. Bu duman içində o çox şey axtarırdı, ancaq bir şey tutmaq çətin idi.

Hacı düşünürdü: «Görəsən, bu niyə belə eləyir, zalım oğlu deyə-sən, hop tutub».

Pristav bərk fikrə getmişdi və fikrə getməyə də haqqı var idi.

Hacı ayrı vaxtda belə təntənəli qonaqlıq düzəltsəydi, belə ağayana süfrə açsaydı, ehtimal, pristav ya qardaşdan artıq istədiyi kəhər atını Hacıya bağışlar, ya da Hacını heç olmasa bir neçə kəndə yüzbaşı qoyub qayıdardı.

Amma indi?

İndi heç başa düşmək olmur!

İndi Hacının bu gətir-götürü pristava qarışqa yerişi, evi də qarışqa yuvası kimi kiçik və vecsiz gəlirdi. O elə pərt idi ki, bütün aləm gözünə qaranlıq zirzəmi görünürdü. Bunun da səbəbi var idi.

Əslinə baxsan, pristav və onun dəstəsi şəhərdən çıxanda heç vaxt Güney kəndi deyib çıxmamışdılar və çıxa da bilməzdilər; çünki belə bir iş üçün nahiyə var idi. Bu kənd bəlkə də heç onların yadında deyildi; çünki yetmiş bir para kəndi olan mahalda Güney kimi balaca bir yerə Ağa bəy kimi böyük bir adam nə məna verə bilərdi ki, onu yada da salsın.

Pristav vacib bir əmr üçün şəhərdən çıxmışdı, o da bundan ibarət idi:

Ötən ayın axırlarında Gəncə alayının ikinci bölüyündən yeddi əsgər qaçmışdı. Həmin adamların barəsində təcili tədbir görmək üçün nahiyə-inzibat idarəsinə məxfi tapşırıq verilmişdi. Nahiyə rəisi Xəlil həmin işə görəmi, başqa bir məqsəd üçünmü, hələ bəlli deyildi, Kürün qırağına gedəndə axşam vaxtı, Ağalıq kəhrizinin başında Güney kəndinin beş verstliyində öldürülmüşdü. Rəisin başını kəsmişdilər. Tüfəng-tapançasını aparmışdılar. Atına dəyməmişdilər. Bu xəbərdən təşvişə düşən Gəncə qubernatoru, köməkçisini (müvəqqəti nahiyə pristavı vəzifəsini aparan) həmin bu Vəznəli kişini doqquz nəfər atlı ilə dəmir yolun altındakı kəndlərə «təhqiqata» göndərmişdi. Vəznəli kişi rəisin qatilini – «hökumət, din və millət xainini» ələ keçirməyincə, «fərari»ləri tapmayınca, «kökünü kəsməyincə» geri qayıtmayacaqdı. Vəznəli kişi qubernatora baş əyib mahmızlı adamları ilə pilləkənlərdən düşəndə güman edirdi ki, uzağı üç günə qatili tapıb gətirəcəkdir. Əl-qolu bağlı, atın yedəyinə qatıb gətirəcək, qubernatorun hüzuri-alilərindən ənam alacaq, daha bir mərtəbə artacaqdı.

Deyərlər: «Sən saydığını say, gör fələk nə sayır».

Qoca fələk ayrı hesab çəkirdi.

İşlər da lap ayrı cürə gedirdi.

Cəza dəstəsi kəndlərə düşüb bu iş üstündə xeyli adam tutdu, şahid danışdırdı, sübut axtardı, camaata qara-qorxu gəldi. «Gördüm, bildim» deyən olmadı. Sanki bu əhvalat heç Gəncə mahalında olmamışdı. «Fərari»lərin biri də ələ keçmədi. Onların qohumları, ataları, qardaşları həbsə alındılar, döyüldülərsə də işi müəyyən etmək üçün zərrə qədər əlamət görünmədi. Əksinə, Vəznəlinin dəstəsini iki dəfə kənd-kövşən arasında gülləyə tutdular. Yasavullardan üçü qaçdı, biri öldü, Pristavın da atına güllə dəydi. İş o yerə gəlmişdi ki, pristav nəinki gecə vaxtı, hətta hava qaralanda yola çıxmağa qorxurdu. Ona elə gəlirdi ki, «fərari»lər axşam qaranlıqlaşan kimi kəndə doluşur, məmur axtarırlar. Hətta hökumət adamlarını vurmağa fürsət arayırdılar. Sonralar Vəznəli işin bir ucunu nəsihətə çevirdi. «Siz o adamların adını deyin, onları üzə çıxardın, hökumət qabağında onları qurtarmaq, təmizə çıxarmaq, bağışlamaq, günahından keçmək mənim borcum. Mən vəzifəmə və onun şərəfinə and içirəm, ey müsəlman qardaşlar!..»

Camaat da dediyində dururdu. «Canım, əsgərliyə gedəndən bəri onlar bu səmtə üz çevirməyiblər, qaçdıqlarını da sizdən eşidirik. Bunu bilsək özümüz axtarardıq, nə bilək, nədən bilək? Gecə-gündüz işdə-gücdəyik, elə işlərdən nə xəbərimiz? Biz kasıbçılıqla məşğuluq…»

Vəznəli kişi vəziyyəti telefonla qubernatora deyəndə, o, astadan öskürmüş, cavab vermişdi:

– Deyəsən, kəndlərdə çox üzüyumşaqlıq eləyirsən. Tərəkəmənin gönünü soymasan, söz ala bilməzsən. Nəşət əfəndini köməyinə göndərirəm. Tezliklə xainləri səndən istəyirəm!

Qubernator səsini ucaldaraq hirslə deyirdi:

– Sən… Səndən istəyirəm! Eşitdinmi?!

Vəznəli kişi «Bəçeşm!» deyib telefonun dəstəyini asandan sonra yenə itə dönmüşdü. Quduz kimi dil-dodağın çeynəmiş, kəndlilərin canına daraşmışdı, həmin günün axşamı Nəşət əfəndi iki atlı ilə gəlib çıxdı. Vəznəli kişi ilə plan tökdülər.

Onlar cinayətin baş verdiyi yerdən – Ağalıq kəhrizindən on dörd verst sağa, on dörd verst sola, on dörd verst yuxarı, on dörd verst aşağı bütün kəndlilərin siyahısını (adamların adı, atasının adı, peşəsi, kəndi, yaşı, «etiqadı haqqında qeydlə») hazırladılar. Bir ucdan tutub hər kəndi Nəşət əfəndinin əmri, üsulu ilə «zopadan keçirməyə» başladılar. Çalan kimi yüzbaşını, axundu, mötəbər kişiləri (hampa-ları) çağırıb məşvərət qururdular: «Babı, dələduz, quldur, namərbut, şübhəli» adamları cəld bir-bir tutdurub tövlələrə yığırdılar. Camaatı məscid həyətinə çağırır, tutulan adamları əvvəl ayaqların, sonra kürəklərini «zopalayırdılar». Vurduqca pristav təkrar edirdi:

– Xəlili öldürəni de, canın qurtarsın! Adını de, qalx ayağa!

Bu dəhşətli tədbirdən kəndlərdə həyəcan artdı. Evlərdən ağlaşma qopdu, silah götürüb qaçanlar oldu. Şəhərə qubernatorun hüzuri-alilərinə şikayətə gedənlər oldu. Ağac altında bir qoca kişi can verdi. Neçə adam yorğan-döşəyə düşdü.

Pristav ilə Nəşət əfəndi öz əzmində, işində idi.

– Həpsi gəbərsə də zopadan keçməlidirlər!

Hər axşam yaş zoğal, nar ağaclarından çubuq hazırladırdılar. Siyahıda böyrünə işarə qoyulmayan adamların səhər tezdən məscid həyətində hazır edilməsi üçün axşamdan tapşırıq verilirdi.

Üç kənd «zopalanmışdı». Məmurlara güllə atanlar, meşəyə qaçan, kötək altında can verənlər var idi. Amma Xəlilin qatilindən bir xəbər verən yox idi ki, yox idi.

Kəndlilər döyüldükcə ölənə də, bilib deməyənə də söyürdülər. Hətta biri hirsindən Nəşət əfəndinin məzhəbınə söydü.

Nəşət əfəndi bunu gözləməzdi. Qulaqlarına inanmadı, quruyub qaldı. Kəndlinin yaxasından tutub sanki dərin bir təəccüblə soruşdu:

– Yahu, mən islam deyilmiyəm, məzhəbimə neçin söydün?

Kəndli başını qurtarmağa çalışdı:

– Həpəndim, qızdırmalı adamam, sayıqlayıram, bənd olma!

Hacı İbrahimxəlil ilə dalaşan axşam Mərdanı evdə tapmayanda şübhələndilər. Hacı daha da acıqlandı. O, babını, bolşeviki əldən çıxardığı üçün Yassarın üstünə bərk qışqırdı:

– «Köpəyin keyliyindən, – dedi, – dovşan tövlədə balalar». Sən sən olsan, Mərdan kimi lütlər çəkilıb yerində oturar. Muzdurlar yumurta yükü aparar. Rüşvət yeməyi bilirsən, ancaq… çörəyini yediyin hampadan xəbər tutmağı yox!

Yassar Hacının tənəsindən çox narahat oldusa da əli bir yerə çatmadı. Mərdan aradan çıxmışdı. O günün səhərisi Yassar Baharı kövşəndən tutub nahiyə müstəntiqi məşədi Müseyib bəyin yanına gətirdi. Məşədi Müseyib bəy Baharın dediklərini «Təcili raport» şəklində yazıb Vəznəli kişinin cəza dəstəsinə çatdırdı.

«Ötən gecə Güneydə bolşeviklər gizlənibmiş, sizin vürudunuzu eşidıb naməlum bir istiqamətə fərar etmişlər. Necə ki məlumdur, kəndin ən bir nadürüst lütqomlarından olan biçinçi Mərdan, özü həm bolşevik, evində bolşevikləri (Sureni və sairlərini) saxlayırmış. Bu mahalda baş verən cinayət və bədəfkarlıqlarda məzkurların dəsti-narastı var deməkdə cüzi bır mübaliğə belə yapmadığıma səmimi-qəlbdən əmniyyət hasil edəcəksiniz. Zənn-acizanəsində bulunmağa bəndeyi-həqiri məzur buyurmanız təmənnayi-vacibanəsindəyəm, əfəndilərim!»

Məşədi Müseyib bəyin təcili və bir neçə surətdə yazılan raportuna əlavə olaraq Hacı da qubernatorun köməkçisinə – Vəznəli kişiyə bir şikayət məktubu yazdırıb göstərdi: «Yeni islam hökumətinin ən qəddar düşməni olan biçinçi Mərdanın Xəlil bəyin ölümündə əli vardır. Bəlkə də bu onun işidir. Bu məsələ yəqinəl-yəqindir. Mərdanın qaçaq düşməyi buna vazeh sübüt ola gərək. Onun kimi asayiş pozan, din və dövlət düşməni, bolşevik, laməzhəb, ayağı çarıqlıların cəzasını verməyi islam hökumətindən bütün Güney camaatı cəmnən xahiş edir. Hampalar bir ağızdan təvəqqe edirlər ki, bu kənddə ya biz, ya Mərdan».

Pristav qəzəb və həyəcan içində bunları Nəşət əfəndiyə oxuyub yarımistehza ilə dedi:

– Əvət, birər-birər bankımız çıxıyor!

Nəşət əfəndi toqqasını götürüb ayağa qalxdı:

– Haydı, bakalım, arkadaşlar, təxir cinayətdir! Güney köyünə doğru, irəli!

Beləliklə, Vəznəli kişinin dəstəsi Xəlilin və fərarilərin işini açmaq ümidilə hər yerdən qabaq növbədənkənar Güneyə tökülüşdü…

Vəznəli kəndə çatar-çatmaz xəbər aldı: «Mərdan kənddə görünübmü?» «Qaçıb aradan çıxmışdır» cavabın eşidəndə qol-qanadı sınıb yanına düşdü.

İllah da ona görə məyus idi ki, qubernator qatilin dünənə qədər kənddə gəzdiyini, bizim kütlüyümüzdən istifadə ilə aradan çıxdığını eşitsə, əlbəttə, mərhəba deməyəcək. Qubernator mahmızlı təpiyini yerə döyüb deyəcək: «Qatil Güneydə cinayətini açmaq istəyən Hacını döyürmüş, siz də başqa kəndlərdə toyuq-plov yeyib qumara qızışırmışsınız!»

Vəznəli kişi fikir-xəyalatdan bulud kimi tutulmuşdu, Əziz qonaqlarından fərəhlənən Hacı isə qırğı kimi qıvraq, uşaq kimi xoşhal idi. O, indiyə qədər özündə bu gücü bilməzdi. Heç vaxt inanmazdı ki, balaca bir işarə verib «kəndi atlı ilə, zabit ilə, rəis ilə, osmanlı ilə, yasavul ilə» doldura bilər; bütün düşmənlərinin canına lərzə salar. İnanmazdı ki, onun ərizəsi bu tezliklə göyərib belə şirin bar verə bilər.

Kəhriz iddiası üstündə aylarla idarələri gəzən keçən ilki ərizəni yadına salanda, bu ərizənin də uzun səyahət keçirəcəyini güman etmişdi. Amma elə olmadı. Sanki Vəznəli kişi öz atları ilə dəyirman başında – yol üstündə dayanıb Hacının ərizəsini gözləyirmiş.

Hacı, Rəhim xan atlısı kimi, dəstə ilə çapovulçu dörd qatar oğlanları öz həyətində, öz qapısında, öz eyvanında, öz otağında, öz qara haşiyəli, yaşıl süfrəsinin başında görəndə, guphagup döşəməyə dəyən tüfəng küplərinin səsini eşidəndə, gələnlərlə əl verib görüşəndə, heç üzünü görmədiyi adamlarla çoxdanın əziz dostu kimi xoş-beş edəndə özünü mahalın padşahı saydı. Başındakı qəhvəyi papağı tac zənn edib günorta yerinə itələdi, sinəsini gərdi, nəfəs dolusu öskürdü, qəlyana bərk qullab vurdu.

Güney camaatını «divanxana» qabağına yığmışdılar. Yüzbaşının tikan ilə çəpərlənmiş böyük, peyinli həyətində iynə salmağa yer yox idi. Dam, divar adam gətirmişdi. Kənardan tamaşa üçün dayanan arvad-uşağın üzündə qorxu və intizar vardısa, kəndlilərin yorğun, acıqlı simasından nifrət və narazılıq tökülürdü. Onlar gözlərini yüzbaşının «məşvərət» otağına dikib müntəzir dayanmışdılar.

Şirin biçin-yığım vaxtı, əkinçinin başını qaşımağa macalı olmayan bir zamanda, belə xoş günəşli bir gündə camaatı işdən qoymaq özü ağır cəza deyilmi? Kiminin fikri su yanındadır, kimi arpa biçininə hazırlaşır, oraqları itiləməyə verəcək, kiminin bostan işi var. Kimi dağda otlaq davası etməyə gedəsidir. Adamlar darıxdıqlarından nə oturur, nə dura bilir, nə söhbətə davam gətirir, nə də qışqırıb yüzbaşını çağırmağa cəsarət edirdi. Həyət boyu gəzinir. hirslə qəlyan tüstülədir, dodaqaltı mızıldanır, bəzən də bir-birilə acıqlı danışırdılar. Yassarın pəncərəsinə işarə edib ehmallı söyürdülər:

– Donuz oğlu, bizi bu il də çörəkdən qoyacaq!

– Bunlar durduqca bizə gün yoxdur, bilmirəm nə sayaq eləyək?!

– Hər qayadan qopan daş kəndlinin başına dəyir.

Ömründə hökumət işilə maraqlanmayan, səhərini tarlada açıb axşamını tayada qaraldan elə kəndli var idi ki, köçüb başqa bir yerə-lap dağların arasına, divan dırnaq salmayan, yasavul ayağı dəyməyən yerə getməyi düşünürdü. «Təki, – deyirdi, – bu bəduğurların üzünü görməyim…»

Bəziləri özgə mahallardan xəbər tuturdu: «Orada bundan betər. Hər yerin öz Yassarı var. Kəndliyə, rəncbərə gün yoxdur». Kim idisə şəhərin adını çəkdi:

«Adamın arvad-uşağı olmaya, baş götürüb şəhərə, Bakıya gedəsən…»

– Bakıda zülm yoxdur?

– Var, amma belə yox!

– Orada da bəy-xan ağalığıdır, təfavütü nədir?

– Təfavütü odur ki, orada fəhlənin əlbirliyi var, orada rus fəhləsinin bacarığı, təcrübəsi var, Orada bəylər tüğyan eləməkdən qorxurlar.

– Qorxan canavarın dişi iti olur.

– Orada çəkiclə vurub iti dişi sındırırlar…

Yüzbaşı isə bu söhbətlərdən uzaq, arxayın öz işində idi. İçəridə Vəznəli kişinin rəhbərliyi ilə uzun sürən bir müşavirə davam edirdi. Kəndin «mötəbərləri» zopadan keçməli adamların siyahısına baxırdılar. «Vətən və şəriət xainləri»nin «dərdəst edilməsi» üçün yeni plan düzəldir, tədbir tökürdülər.

Məşvərət otağına heç kəsin yolu yox idi. Oraya qəhvə, kakao daşıyan nökərlərdən hərdən adı ilə çağırılan yasavullardan başqa kimsə daxil olmağa cəsarət etmirdi. Hamı dayanıb gözləyirdi.

Gün xeyli qalxmışdı. Hava qızırdı, kölgələr gödəlirdi, həyətdən bərk bürkü vururdu, elə bil ki, təndir yanırdı. Hər kəs özünü divar dibinə verirdi. Bir də gördülər Yassar Lətif, məmurlar və əlində qamçı oynadan Nəşət əfəndi eyvana çıxdı. Camaat hərəkətə gəldi. Oturanlar ayağa qalxdılar, uzaqdakılar yaxına gəldilər. Hamı bir yerə cəmləşdi. Sıx dayandılar. Balkon tərəfə baxarkən məşvərət otağının həyətə tərəf pəncərəsi açıldı. Vəznəli kişi daz başını eşiyə uzatdı. Dinməz-söyləməz dayanıb camaata baxdı. Camaat o tərəfə yönəldi.

Vəznəli kişi baxırdı, sanki bu baxışı ilə sükut və diqqət əmri verirdi. Lakin belə bir əmrə ehtiyac yox idi. Onsuz da hamı intizardan yorulan gözlərini pəncərəyə dikmişdi, saatlarla sürən məşvərətin nəticəsini eşitmək istəyirdi.

Vəznəli kişi tüklü əllərilə pəncərənin çərçivəsinə söykənmişdi. Qurşaqdan yuxarı bədənini eşiyə uzatmışdı. Sanki həyətin künclərini yoxlamaq istəyirdi, Bu halda o, qəzəb kürsüsündə dayanıb müqəssirlərə baxan xanlıqlar vaxtının hakimlərinə oxşayırdı. Ancaq qırmızı çuxası əskik idi. Nə Vəznəli çuxasını, nə də diaqonal kostyumunu geyinmişdi. Əynindəki qara jiletinin döşündən qızıl saat zənciri, balaca bir medalyon sallanırdı. Ağ nişastalı yaxalığı sanki onun çənəsini dik saxlamaq üçün bir dayaq idi. O bir müddət sakitcə dayandı. Elə bil doyunca baxmaq, siması ilə yaxşı tanış olmaq, onun qəzəblə çağlayan ürəyindəkiləri bulanıq gözlərindən oxumaq üçün camaata vaxt verirdi.

Vəznəli danışmağa başladı. Danışırdı, lakin səsi eşidilmirdi. Qonşu kəndlərin birində «odlu» nitqdən sonra səsi tutulmuşdu. Adamlar pəncərəyə daha yaxın dayanmağa çalışırdılar. Kənardakılar heç nə eşitmirdilər, ancaq tez-tez çiyinlərini atmasından, əl-qolunu oynatmasından, sağa-sola çevrilməsindən, ağzının açılıb-yumulmasından bilirdilər ki, danışır. Nə isə acıqlı danışır, söyür, hədələyir. Ağzı açılıb-yumulunca Vəznəli kişi kəndlilərə, qıj axan böyük bir çayın o tayında dayanıb bu taydakı adamlara hürən iti xatırladırdı.

Onun nitqi anlaşılmasa, hətta heç eşidilməsə də hökumət bir şey itirmirdi. İş axsamırdı; çünki müəyyən tədbirlər görmək üçün lazımi adamlara lazımi tapşırıq verilmişdi. Vəznəli kişi məhz bu tədbirlərdən danışırdı. Halbuki Nəşət əfəndi bu tədbirləri elə bu saat camaatın gözünün qabağında icra etmək arzusu ilə yanırdı. Vəznəli kişinin ağzı yumulan kimi Nəşət əfəndi əlində uzun bir siyahı kürsünün üstünə qalxdı:

– İsmilərinı oxuyacağım şəxslər şu yerə, tövlə tərəfə toplaşsınlar!

Bir şey anlaşılmadı. Yüzbaşı kənara çəkildi, ağzını yuxarı tutub dedi:

– Camaat, Nəşət əfəndi siyahını oxuyacaq, kimin adı çıxsa, bu yana, mənim yanıma keçsin…

Kim idisə cəsarət edib soruşdu:

– Bunda nə iş var bəyəm?

Yüzbaşı dedi:

– Mən tərəfə keçənlərə heç nə olmaz, inşallah!

Nəşət əfəndi oxudu:

– Meydanəli Qənbər oğlu!

Meydanəli bir uzun oğlan idi, öz adını eşidəndə qızardı. Yasavulun üzünə baxdı:

– Bu məni deyir?

Yüzbaşı qışqırdı:

– Meydanəli Qənbər oğlu, niyə cavab vermirsən?

Meydanəli dedi:

– Bir cavabı yoxdur, Meydanəli mənəm də!

Yüzbaşı əli ilə işarə elədi:

– Keç mən tərəfə!

Meydanəli başını tovladı, üzünü Nəşət əfəndiyə tutub dedi:

– Məndən yüzbaşı tərəfə keçən olmaz. Mən Yassar Lətifə tərəf durmamışam, durmaram da!

Adamlar yüzbaşıya göz yetirdilər. Vəznəli kişi kəndlinin üzünə dik-dik baxdı. Lətif qıpqırmızı qızardı.

Nəşət əfəndi Meydanəlini başından eləməyə çalışdı.

– Pəki, – dedi, – tövlə tərəfdə dayan!

Siyahı oxundu:

– Əkbər Abış oğlu!

– Gəlməyib, şəhərdə naxoşu var!

– Məşədi Haşım Kəblə, Qədim oğlu!

Səs gəldi:

– O, dəyirmana dən aparıb dünəndən!

– Məşədi Murtuz Qismət oğlu!

– Məmmədəlı Mustafa oğlu!

Bu adamlardan da səs çıxmadı. Ancaq yüzbaşı özü dedi:

– Bilirik onlar niyə gəlməyib, yaxşı qoy nə bilirlər eləsinlər!.. Həlbət…

Yassar sözünü bitirməyə cəsarət etmədi.

– Qərib Naib oğlu!

– Tapdıq Sadıq oğlu!

Adlar oxunduqca kəndlilər bir-bir divar dibinə keçirdilər. Siyahı qurtarandan sonra adı çıxmayan adamları buraxdılar. Zopalama başlandı. Yasavullar bir-bir kəndliləri yıxıb qollarını bağlayır, bəzisinin ayaqlarına, bəzisinin kürəklərinə, gövdəsinə və bəzisinin qıçlarına vururdular. Mövlam kişini vuranda qışqırdı, əllərini göyə qaldırdı:

– Dayanın! Amandı, dayanın!

Nəşət əfəndinin boz sifəti açıldı, göy gözləri oynadı, üzündə ümid qığılcımı sezildi. O fikirləşdi ki, «nəhayət tapdıq, nəhayət bu qoca kişi kəndin xəlvət işlərini açıb tökəcək, bu saat Xəlilin silahını bu yaxın tayaların birindən çıxaracaq…»

– Toxtayınız!

Yasavullara macal vermədən Nəşət əfəndi cəld Mövlam kişinin qoluna girdi, ayağa qaldırdı:

– Söylə, bakayım, babacığım, söylə!

Mövlam kişi arıq, cansız al ağacı kimi qupquru bir adam idi. Gününü zəmidə, tarlada, ağır zəhmətdə keçirmişdi. Ömründə belə cəza, el içində kötəkləmə görməmişdi. Bugünkü vurhavur da ona oyuncaq kimi gəlirdi. Camaata qara-qorxu gəlmək üçün ancaq bir-iki nəfər «şübhəli adamın» döyüləcəyinə, qalanların buraxılacağına inanırdı. Pota, kök, güclü və gödək yasavul onun qolundan tutub bağlamaq istəyəndə kişi az qaldı özündən çıxsın. Bərk qışqırdı.

Nəşət əfəndi ona daha da yaxın durub mülayim dedi:

– Söylə, babacığım, qorxma, söylə!

Mövlam kişi Nəşət əfəndinin daş kimi hərəkətsiz, donuq və mərhəmətsiz üzünə baxdı, yasavulun əlindəki mal dəyənəyinə, özünün qəfəs kimi quru bədəninə baxdı və dedi:

– Əfəndim, o dəyənəkdən bircəsi mənə dəysə canım çıxar, axı mənim təqsirim nədir?

Nəşət əfəndi hirsləndi:

– Yahu, yalvarmaq vaxtımı?

İşarə etdi. Yasavullar Mövlam kişini qırxılası qoyun kimi götürüb arxası üstə yıxdılar. Mövlam kişi qışqırtı ilə nə dedisə eşidilmədi. Onun səsinə damlardan, pəncərələrdən baxan və əlində dəsmal, ağlayan arvad-uşaq səs verirdı:

– Vuran əlin qurusun!

– Qızıl gülləyə gələsiniz!

– Ay İbniziyad uşağı, ay Şümürdən beşbetər!

– Çırağın sönsün!

Qadınların nalə-nifrin səsləri eşidilməsin, hiss edilməsin deyə, Nəşət əfəndi yasavullara təkrar-təkrar əmr verirdi:

– Vur, vur! Vurun pəzəvəng oğlunu! Vurun!

Qəfildən həyətə guruppultu ilə, göydən düşən kimi, bir şey düşdü. Bu Mövlam kişinin on doqquz yaşlı oğlu Yaqub idi. Hansı damdan, ya divardansa atılıb atasını döyən yasavullara əl qatdı. Ovcunda sıxdığı daşla birinin gicgahını deşdi. Atasını aradan çıxarmaq üçün çiyninə alanda Nəşət əfəndi yeridi, qadınlar aralığa girdi. Camaat aralığa çaxnaşma salıb bir-birinə dəydi. Vəznəli qışqırdı, yasavullar silah çəkmək istədilər. Amma Yaqub və atası çoxdan aradan çıxmışdı. Qalan kəndlilər də fürsət tapıb qaçmışdılar. Yasavulun biri darvazaya silahı ilə çəpər çəkmək istəyirdi. Kim idisə badalaq vurub onu yıxdı. Havaya neçə güllə atdılar, dayanan olmadı. Vəznəli kişi kənara çıxmaqdan ehtiyat edib pəncərə dalından söyür, yasavulları hədələyirdi. Yasavullar yaralını otağa gətirdilər. Onun ufultu və zarıltısı həyəti başına almışdı.

Güney kəndinə tutulan divandan da bir nəticə cıxmamışdı! Əksinə, kəndlilər hamısı «İntiqam!» deyə ayağa qalxmışdı. Yaqub atasını evdə rahatlayıb getmişdi və Yassara sifariş göndərmişdi: «Eşidəm ki, bir də bizlərə yaxın düşmək istəyirsiniz, böyükdən kiçiyə kimi başınızı xoruz başı kimi kəsəcəyəm!..»

Vəznəli kişinin dəstəsi şama qədər çəkən müşavirədə çox tədbir tökdü, çox təklif müzakirə etdi, çox danışıq apardı. Hacı da irəli oturub öz məsləhətini verdi:

– Bəlkəm, a bəy, Qurana əl basdıraq. Heç kəsdən əl çəkməyək, qoy and içsinlər ki, xəbərimiz yoxdur. Bu xəbislər bir yana dursun, kənd xali deyil, mömin kişilər deyər…

Əyləşənlər bu sözə gülüşdülər. Vəznəli dedi:

– Görünür, ay Hacı, Məkkə yolunu tanısan da rəiyyəti yaxşı tanımamısan, xamsan hələ. Bu haman kəndlidir ki, Allahyar bəyin evini dağıdanda Quranı beşaçılan gülləsi ilə deşik-deşik etdi. Nə Quran, nə kitab? Məgər onlarda islam qanı var? Onlar bir ovuc torpağı türbətdən üstün sayır. Bunu yəqin bil!

Məşədi Müseyibin vəkil məntiqi ilə dediyi sözlər hamıya təsir etdi.

O deyirdi:

– Doğrudur, mən bir kənar adamam, borcum təhqiqatdır, sizə mühəvvəl olunan məsul vəzifəyə qarışmağa haqqım yoxdur, buraya da təsadüfən gəlib çıxmışam, ancaq mənim milli türk vicdanım məcbur edir bəzi sözləri deyəm. Sizin burada gördüyünüz tədbirlər tərəkəmə üçün nə qədər ağır olsa da, şəxsən məni qətiyyən təmin etmir və yəqin bilirəm əgər cənab qubernator Xudadad bəy bilsə, onu da təmin etməyəcək…

Vəznəli kişi yuxarı başda yastığa dirsəklənib Nəşət əfəndi ilə kart oynayırdı. Onların qabağında çəngə ilə müsavat yüzlüyü, əlliliyi var idi. Onlar elə qızışmışdılar ki, deyilənlərı eşitmirdilər. Eşitdiklərinə da əhəmiyyət vermirdilər. Lakin Məşədi Müseyibin sözünə Vəznəli kişi əhəmiyyət verməyə bilməzdi. Birinci ona görə ki, Məşədi Müseyib açıqdan-açığa onun apardığı işləri bəyənmirdi, yəqin buna bir əsası da vardı. Başqa bir cəhət də – Məşədi Müseyibin qubernatorun adından danışması idi, Demək olmaz, rütbəsinə nə baxırsan, kim bilır bəlkə o, Xudadad bəyə Vəznəli kişidən də yaxın ola bilər. Müsavat hökuməti arxasını yalnız paşalara, hərbiyyəlilərə, qoşun böyüklərinə söykəyib. Nə bilirsən, həmin bu adam dediklərini «şəxsən» Xudadad bəyin özünə yazmamışdır. Nə bilirsən ki, bu qubernatorun gizli müşaviri deyil, nə bilirsən ki… Adamdan nə baş açmaq olar?

Bütün bunlara baxmayaraq Vəznəli, Məşədi Müseyibin sözünü axıra qədər eşitmədi. Hirsindən özünü saxlaya bilmədi:

– Nə üçün sizi təmin etmir?

Məşədi Müseyib dedi:

– Ona görə ki, siz ağacın kökünü qoyub qol-budağını qırırsınız, odu qoyub kül ilə oynayırsınız. Əsas mətləbdən yox, fəri, cüzi şeylərdən yapışırsınız. Otuz adam zopalamısınız, on beş quruşluq söz öyrənə bilməmisiniz! Və hal o ki, əsl cani dul arvadın oğlu Mərdandır ki, qaçıb, aradan çıxıb. Bilaşübhə Mərdandır. Mərdandan başlamaq, zənnimcə, Mərdanla da bitirmək lazım gələcək…

Vəznəli kişi başını tovladı:

– Eşitmişdim kı, hüquq işçiləri müşkülpəsənd olarlar, görməmişdim. Doğrudan da, belə imiş! Siz, doğrudan da, nöqtə mollası imişsiniz!

Vəznəli kişi sözünü kəsib ətrafına baxdı, qalxıb əllərini şalvar ciblərinə qoyub eyvana çıxdı. Özündən razı halda, bir az gəzişib qayıtdı. Onun bu hərəkətindən hamı bildi ki, Hacıdan danışacaqdır, ehtiyat edir. Vəznəli yavaş səslə, lakin arxayın danışdı:

– …Mardan Hacını döyüb, bunun dövlət işinə nə dəxli? Biz bunun üçün gəlməmişik. Biz cümhuriyyət ordusunun alay komandanlığı qərargahının təcili sərəncamı üçün gəlmişik. Biz Xəlilin qatilini tapmalıyıq, göyün yeddi qatında, yerin təkində də olsa tapmalıyıq, fərarilərə, canilərə şiddətli cəza verməliyik. Bu kənddə fərarilərdən bir xal göstərən oldumu, varsa buyurun deyin!

Məşədi Müseyib onun sözünü ağzında qoydu:

– Əfəndim, – dedi, – Mərdan Hacını boş yerə döyməyib, onlar bəhanədir. Öz qulağımla eşitdim. Budur, yüzbaşı da vardı. Uşağı danışdıranda nə dedi, a kişi? Uşaq yalan danışmaz, özünüz eşitdiniz nə dedi.

Məşədi Müseyib üzünü Yassara tutdu, Yassar duruxdu. Uşağın sözlərini yadından çıxardığı üçün duruxdu. Mübahisə edən rütbəlilərin hansına tərəf danışmaq lazım olduğunu müəyyən etmək, hansının qalib gələcəyini indidən seçmək istədiyi üçün duruxdu. Məşədi Müseyib onu qısnadı:

– Yanında dindirdik ki, İlyas bəy soruşanda nə dedi?

– Burası doğrudur, bəy, uşaq dedi.

– Nə dedi?

– Dedi Suren dayı bizə gəlmişdi.

– Kimdir Suren dayı?

Məşədi Müseyib üzünü Vəznəliyə çevirib xitab şəklində soruşdu və özü cavab verdi:

– Kimdir Suren dayı? Suren dayı bizim qəhrəman əsgərlərimizin qılıncından qurtulmuş dağ ermənisi! Kim bilsin, havaxsa bolşevikliyə qoşulan bir dığa! Onu bilirsiniz ki, bu saat düşmənlərimiz əl altından işləyirlər?! Yaqub özbaşına atılıb sənin dustağını qaçırmır. Ona bu cəsarəti verən var. Bu zəmanədə Suren dayı müsəlman kəndinə qonaq gəlməz! Onun məramı var, mətləbi var. Onu göndərən var. O, vacib işə gəlib. Yəqin belədir!.. Vəznəli kişi dedi:

– Uduzmuşuq ey, uduzmuşuq! Qaçıb aradan çıxana nə edə bilərik?

– Nə edə bilərik? Çox şey edə bilərik. Mərdanın da, Suren «dayının» da yerini, anası – «Sona arvad» deyirsiniz, nə deyirsiniz, bilməmiş deyil. Günü sabah əmr ver, Mərdanın evinə od qoysunlar.

Anasını da, balaca qardaşını da bas it damına, o ki lazımdır kötəklə, ölümlə hədələ, üstünə tapança çək! Arvad qorxaq olar, Mərdanın yerini açib deməsə ikicə olsun!

Yassar mızıldandı:

– Od qoymaq… Şəriət bu işə necə baxar?

– Şəriət özü buyurur: mürtədin, yoldan çıxanın qətl-qarət edilməsi vacibdir. «Suren dayı»larla həmsöhbət, həmməslək olanın yuvasını dağıtmaq savabdır.

Bu izahdan sonra kimsə dinmədi.

Aralıqda dərinləşən sükut sanki Məşədi Müseyibin ağır və dəhşətli təklifinə qara bir möhür basırdı. Vəznəli kişi başını qaldırıb dedi:

– Yaxşı, sabah Məşədi əfəndinin məsləhətini icra edək. Bu oyundan da çıxarıq, təki siz deyən olsun. Canilər ələ keçsin. Mən bunun üçün bir ev deyil, bir kənd yandırmağa hazıram. Xəlilin qatilini tapmasam, nə mərhumun ruhunun xəcalətindən çıxa bilərəm, nədə başımı qaldırıb Xudadad bəy həzrətlərinin üzünə baxa bilərəm. Bir aydır mənə yuxu haram olub. Gecə-gündüz buynuzum yerdədir, bu əmri düşünürəm.

Vəznəli üzünü İlyas bəyə, Yassara tutub dedi:

– Xaç ikilik kimi igidsiniz, bunu sizə həvalə edirəm. Səhər o porsuq yuvasına tüstü qoyun. Arvadı da mənim yanıma gətirərsiniz…

İlyas bəy bir məsləhət də gördü:

– Məşədi Müseyib də düz buyurur, sizin bu tədbiriniz də qəbuldur. Biz yerinə yetirməyə hazırıq. Amma izin verin mən də öz mülahizəmi deyim, Vəznəli kişi bir istədi desin: «Məsələ bitdi, artıq söz lazım deyil», sonra nə xəyal elədisə İlyas bəyi eşitməyi faydasız bilmədi:

– Buyur, gəl görək!

İlyas bəy ağır tərpənərdi, təmkinli və tədbirli danışardı. Mərdanı az-çox tanıyırdı da. Onun qardaşı Baharı dünən qapısından quzuçuluqdan qovmuşdu ki: «Get, sənə Suren dayın çörək versin». İlyas bəy əlindəki kəhrəba təsbehi oynatmaq istəyəndə Vəznəli onu əlindən aldı. Ayaq üstə gəzinə-gəzinə şiqqıldatdı və dedi:

– Sənsən, gəl!

İlyas bəy öz mülahizəsini söylədi:

– Mən bir şey düşünürəm, qorxuram ev yandırmaq, müsəlman arvad-uşağını dama salmaq birtəhər çıxa, bura qalsın, başqa kəndlərdə də yaxşı gəlməyə. Əlbət ki, mən yəqin bilsəm Sonaya qara-qorxu gəlməklə bir mətləb hasil olacaq, nə sözüm olar. Ölsün, tərk olsun! Arvad da, uşaq da bir damla şəhid qanına fada olsun. Təki iş açılsın. Düşmən yuvasını düzləmək lazımdır. Amma, mənim zənnimcə, biz camaatı özümüzdən daha da iyrəndirəcəyik. Sona arvad heç nə deməyəcək. Deməyəcək, çünki heç nə də bilmir, Mən onları yaxşı tanıyıram. Fağır kəndlinin biridir. Bəlkə oğlu bolşevikliyə qoşulub, buna höcət eləmərəm, ancaq inanmıram anasına deyə, çünki müsəlman arvadlarının ağzıaçıqlığını, sözbazlığım hamımız bilirik. Mərdan ağılsız deyil ki, gizli siyasi işləri arvadlara danışsın, mən bu fıkirdəyəm…

Məşədi Müseyib dedi:

– Ağılsız olmağına ağılsızdır, çünki bolşeviklərə qoşulan bir düşmənə ağıllı demək heç bir vəchlə düz olmaz.

İlyas bəy bir az tutuldu, səhvini boynuna aldı:

– Yaxşı, söz güləşdirmək vaxtı deyil, mən ayrı bir məsləhət görərdim. Razı olsanız, heç sabah Mərdanın evinə, külfətinə yaxın da getməyək. İşi elə qələmə verək ki, guya biz heç Mərdan üçün gəlməmişik. Guya biz ayrı adam axtarırıq. Bilirsən, belə ha… Bu kənddən ötək Tatılıya, Qobulara ya o birisinə, hələ ki, kəndlərin hamısından ötməmişik. Başqa yerdən əlimizə bir şey keçdi, keçib, işimiz işdir. Keçmədi, necə deyərlər: «Ağa durub, ağacan durub». Buraya sonra qayıdarıq. Ona qədər də Mərdan, anası, o birisi, bu birisi özlərini bir az arxayın hiss edər, çox ehtimal, Mərdan ev-eşiyinə dönər, qayıdanda buradaca bir gün dayanıb o ki var intiqam alarıq. Müqəssirləri məhşər ayağına çəkərik. Mənim ağlımca bu cür fənd pis olmaz. Yoxsa indidən qarətlə, yanğınla camaatı hürkütsək, başqa kəndlərdən də əlimizə bir şey keçməz. Camaatın da qabağında dura bilmərik. Onsuz da qaçanlar az deyildir… Sabah qubernator da bizə mərhəba deməz! Şəhər var, fəhlə var, aləmə səs düşməyinə də gərək biz razı olmayaq!..

İlyas bəy sözünü bitirdi, bığlarını tumarlaya-tumarlaya Vəznəlinin üzünə baxdı və əlavə etdi:

– Bilmirəm buna siz necə baxırsınız…

Vəznəlidən qabaq Məşədi Müseyib dilləndi:

– İlyas bəy ağıllı danışır.

Vəznəli oturduğu yerdə başını qaldırıb dedi:

– Mənim də xoşuma gəldi.

Yassar Lətif ağzın açıb öz rəyini demək istəyirdi. Vəznəli kişi yerini rahatlayib əlini cibinə atdı. Nəşət əfəndini çağırdı:

– Oyunu soyutma, ver bangını!

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8245-7-5
Telif hakkı:
JekaPrint
Metin PDF
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre