Kitabı oku: «Hophopnamə», sayfa 2
BAKI PƏHLİVANLARINA
Könlüm bulanır kuçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək.
Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək.
Baxdıqca revolverinə əndamım olur süst,
Bağrım yarılır xəncəri-bürranını görcək.
Təfriq edəməm: məstmi, huşyarmısan sən, -
Məstanərəviş, məşyi-pərişanını görcək.
Düşdün lotuluq məşqinə, islamə uyuşma,
Öldür nerədə olsa müsəlmanını görcək.
Qoy börkünü kəc qaşının üstündə, fırılda,
Kəndin kimi bir lotiyi-meydanını görcək.
Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,
Yum gözlərini xaneyi-viranını görcək.
Əmrədlər ilə keyfini çək bağda, çəməndə,
Bir baxma da ətfali-ciyərqanını görcək.
Gəh “iskoroxod” çəkmə, gəhi gey “lakeronni”,
Vellən gecə-gündüzdə xuramanını görcək.
Var-yoxunu sərf eylə barışnalara, ancaq
Söy həmsəri-məzlumeyi-nalanını görcək.
Gül, gül ki, cəvansən,
Əyyaşi-cəhansən,
Sərxoşlara cansən,
Hala güləcəksən.
Vəqta ki, qocaldın,
Rişi döşə saldın,
Pis günlərə qaldın,
Onda biləcəksən!..
[ADƏTİMİZ DAŞ İDİ DƏ’VA GÜNÜ]
Adətimiz daş idi də’va günü,
Tullarıdıq əldə sapan qıjhaqıj!
Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf!
Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ.
İmdi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart!
Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cəvan laybalay!
Tüf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zəman ilbəil!
Milləti-islam qırır bir-birin,
Allah, aman, bu nə yaman qırhaqır!
Qardaşa bax, qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər!
Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat.
Böylə gedərsə, Bakı əldən gedər,
Qalmaz o mə’vadə aman hiç, hiç!
Bari, xudaya, özün islah qıl,
Ta edələr pirü cəvan sülh, sülh!
KÜPƏGİRƏN QARININ QIZLARA NƏSİHƏTİ
Qarı nənənin sözlərini sanma çərəndir,
Canım, gözüm ay qız!
Hər kəlməsi min lə’li-Yəmən, dürri-Ədəndir,
Anla sözüm, ay qız!
Çox ömr eləyib, çox da hünər etmişəm isbat
Bu dari-cəhanda.
Min hiylələri qatlamışam sinəmə qat-qat
Bu xeyli zəmanda.
Min il sənə nəqlin eləsəm məkri-nisani,
Qurtarmaz, azalmaz.
Doldursam əgər məkrlə ətrafi-cəhani,
Bir boş yeri qalmaz.
Cadu da əlimdən bacarıb cin də qutarmaz,
Əfsunuma bah-bah!..
Mən eylədiyim məkri şəyatin də bacarmaz,
Vallah və billah!
Xoştaleimişsən ki, bu gün feyzi-hüzurum
Oldu sənə qismət.
Qan sözlərimi, indi sən, ey gözdəki nurum,
Qoyma keçə fürsət.
Əvvəl bu qədər bil ki, vəfadar ər olmaz, -
Aqil olur olsun;
Bir ər ki, vəfadar ola, aləmdə tapılmaz, -
Cahil olur olsun;
Zinhar, vəfa etmə tələb ər dediyindən,
Sərvəqt ol, amandır!
Asudə xəyal olma bu şohər dediyindən,
Üç-dördün alandır.
Qırx il edəsən bir kişi əmrində itaət,
Mənzurda bilməz;
Vəqta ki, qocaldın alacaq başqa bir övrət,
Baxmaz sənə, gülməz.
Ər dərdü qəmin çəkmə, sən öz halına ağla,
Canı bəcəhənnəm!
Sərrişteyi-tədbirini xəlvətcə yumaqla,
Qıl könlünü xürrəm.
Tainki ayıqdır, həzər et ər dediyindən,
Ər zülmü yamandır!
Çün yuxladı, əl qat cibinə zər dediyindən,
Öz rəngini yandır.
Fürsət ki, olur rəngini vur hər gecə məxfi,
Fərrarəlik öyrəş!
Ta bilməyə şeytan da götürdün necə məxfi,
Əyyarəlik öyrəş!
Çün sübh çayın içdi kişi, çıxdı kənarə,
Bidərdü qəm oldun;
Açıldı başın, indi qıl öz dərdinə çarə,
Banu hərəm oldun;
Ver Xansənəm ət, yağ, düyü, bal, çay, şəkər alsın,
Gülqənd var evdə;
Artıq nə qalarsa, ona da xüşgəbər alsın,
Hərçənd var evdə.
Göndər uşağı, Şahbacını eylə xəbərdar –
Gəlsin hələ-həlbət;
Gəldikdə gətirsin neçə övrətləri zinhar,
Qur məclisi-işrət.
Mindir ocağa qazqanı, qaynat samavarı,
Çal nayı, qavalı;
Mehmanlara hazır elə min dürlü naharı;
Ver külçə, qoğalı,
Həm qaymağı, balı.
Ər fə’ləlik etsin,
Hər gün işə getsin;
Olma ona həmqəm,
Canı bəcəhənnəm!
Sən çəkmə məlali,
Qur məclisi-ali,
Pozma bu cəlali,
Ay başı bəlali!..
UŞAQLARA
Ey millətin ümmidi, dilü canı, uşaqlar!
Validlərinin sevgili cananı, uşaqlar!
Madərləriniz etdi sizə mehrü məhəbbət,
Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət,
Validləriniz xərcinizə etdi kəfalət,
Əlminnətü-lillah, sizə yar oldu səadət,
Olduz hərəniz bir evin oğlanı, uşaqlar!
Asudə gəzin indi bu dünyanı, uşaqlar!
Siz sərv kimi sərgəş olub boylə boy atdız,
İllik beçə tək banlıyaraq xəlqi oyatdız,
Şad oldu pədər, madəriniz – bu boya çatdız,
Bəsdir sizə gəhvareyi-naz içrə ki, yatdız,
İndi buraxın balışı, yorğanı, uşaqlar!
Həm tərk eləyin xaneyi-viranı, uşaqlar!
Vəqt oldu çıxıb kuçədə cövlan edəsiz siz,
Hərcayi gəzib, hər yeri seyran edəsiz siz,
Cəngü cədəlü qarətü talan edəsiz siz,
Hər cildə girib, aləmi viran edəsiz siz,
Gündə atasız bir neçə patranı, uşaqlar!
Ta öyrənəsiz şiveyi-də’vanı, uşaqlar!
Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,
Tə’lim alasız hər nə ki, aləmdə betərsə,
Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə,
Mail olasız hər işə kim, fitnəsə, şərsə,
Adət qılasız hərzəvü hədyanı, uşaqlar!
Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar!
Vəqt oldu vurub yıxmağa müştaq olasız siz,
Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,
Həm validə, həm validəyə ağ olasız siz,
Dincəlmiyələr ta nə qədər sağ olasız siz,
Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!
Ta uf deməyə qalmıya imkanı, uşaqlar!
Hər istədiyin olmasa hasil pədərindən,
Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən,
Söy ağzına cür’ətlə, çəkinmə hünərindən,
Biçarə xilas olmaq üçün şurü şərindən,
Çıxsın canı, satsın qabı-qazanı, uşaqlar!
Neylər dəxi ol sərvətü samanı, uşaqlar!
Bəsdir ki, oğul sahibi düşgün pədər oldu,
Xeyr oldu əcəb aqibəti, bəxtəvər oldu,
Göz nuri hesab eylədiyi dərdi-sər oldu,
Zəhmətlə əmək verdiyi cümlə hədər oldu;
Nə ölmədi ta kim, qutara canı, uşaqlar!
Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!..
[MƏN BİLMƏZ İDİM BƏXTDƏ BU NİKBƏT OLURMUŞ]
Mən bilməz idim bəxtdə bu nikbət olurmuş,
İzzət dönüb axır belə bir zillət olurmuş,
Çərxin, əcəba, seyri də min babət olurmuş,
Millət ayılıb talibi-hürriyyət olurmuş,
Millətdə də, yahu, belə bir qeyrət olurmuş?!
Yalqız, nə deyim, getdi mənim millət əlimdən,
Torpaq başıma, çıxdı bütün izzət əlimdən!
Təbrizdə gər olmuş idim cüm’ə imamı, -
Gizlin ki, deyil, yaxşı bilir mətləbi hamı, -
Pul ilə satın almış idim mən bu məqamı,
Uydurmuş idim kəndimə bilcümlə əvamı,
Əbd etmiş idim şəhrdə hər püxtəni, xamı,
Xud, mən nə bilim sübh dönüb şam olacaqmış,
İranda da hürriyyəti-islam olacaqmış?!
Tədric ilə salmışdım ələ bunca dehatı,
Bir parça çörək nökəri etmişdim elatı,
Artırmış idim məzrəəni, ilxını, atı,
Rəncbər eləmişdim özümə çöllünü, tatı,
Dərkar idi xeyrimdə ümumin hərəkatı,
Birdən-birə getdi hamı kərrü fərim, ey vay!
Çıxdı boşa sərvət qazanan əllərim, ey vay!
Təbrizdə rahət yeyib, asudə doyardım,
Mö’minləri hər töhmətə olsaydı qoyardım,
Hər axmağı, xamı quzu cildində soyardım,
Həq söz deyənin canın alıb, çeşmin oyardım,
Neylərdim edərdim, necə rəng olsa boyardım,
Səd heyf, gözəl hökmi-şəriət tələf oldu!
Qanuni-əsasi də bir əngəl kələf oldu!
Bilməm arılar mənzilinə kim çöp uzatdı,
İllərcə təğafüldə yatan xəlqi oyatdı,
Fitnə ağacın əkdi, evim qəmlərə batdı,
Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,
Əhli-qərəz öz istədiyi mətləbə çatdı;
Əhkami-şəriət dəxi bir kar görərmi?
Bundan sora bir buğda da anbar görərmi?
Lal olsa nolur Mirzə Cavadın dili, ey kaş!
Ta ağzın açıb eylədi hər gizli sözü faş!
Bir yanda yığıb Mirzə Hüseyn başına yoldaş,
Cığ-mığ edib axır başıma saldıla bir daş,
Təbrizdə ta oldu bərəngixtə pərxaş,
İndi həsəbülxahişi-əhli-həsəd oldum,
Bir dadrəsim olmadı, xaric-bələd oldum!
Divanə edibdir məni Təbriz xəyalı,
Məclisdə təvazö’dəki nimxiz xəyalı,
Mətbəx iyi, süfrə qəmi, dəhliz xəyalı,
Sədri düyünün buyi-fərəhbiz xəyalı,
Qəndablə pür kaseyi-ləbriz xəyalı,
Bir də o gözəl günləri, ya rəb, görərəm mən?!
Bu xam xəyalı edib axır ölərəm mən?!
Ya rəb, nola bir də edəm ol şəhri ziyarət,
Naz ilə xüramə gələm, – arxamda cəmaət!
Gördükdə məni yol verə bu əhli-vilayət,
Tə’zim edə, baş endirə, qol bağlaya millət,
Bir kimsədə bir söz deməyə olmaya cür’ət,
Ə’yanları dindirsəm edə fəxrü mübahat;
Heyhat və heyhat və heyhat və heyhat!!!
Get yat və get yat və get yat və get yat!!!
[HƏR NƏ VERSƏN, VER, MƏBADA VERMƏ BİR DİRHƏM ZƏKAT]
Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat,
Qoy acından ölsə ölsün binəva kəndli və tat.
Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam,
Hər nə alsan, al, amandır, alma kasıbdan səlam.
Hər nə etsən, et və lakin etmə meydən ictinab,
Hər nə dutsan, dut və lakin dutma bir kari-səvab.
Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən,
Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən.
Hər yerə gəlsən, gəl, amma gəlmə dərsə, məktəbə,
Hər kəsə uysan, uy, amma uyma dinə, məzhəbə.
Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.
Baxmasan eytamə, baxma, baxma, bax lö’bətlərə,
Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lə’nətlərə.
Olmasan bir xeyrə bais, olma, ol bais şərə,
Etməsən imdad, etmə, et sitəm acizlərə.
[ƏL’ƏMAN, SƏRKƏŞ OLUB…]
Əl’əman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar, cəfakar, müxalif əməlindən ki, yaxıb aləmi narə, qoyub avarə, xüsusən mənibiçarə ki, həmvarə yanıb ney kimi odlarə, belə cuşü xüruş eyləyirəm, sanki səmavarə dönən qəlbimə minlərcə şərarə vurulub, əşki-tərim cari olur kaseyi-çeşmimdən, aman, bari xudaya, bu nə suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə ürəfavü üdəbalər ki, qoyub bid‘ətə elm adını, tərğib və təhris eləyirlər bizi ol əmri-şəniə, yenə bunlar nə desə eyb eləməz, çünki gedib elm oxuyub, kursu təmam eyləyib, az-çox nə ola kəsbi-məratib də ediblər; a kişi, təngə gətirdi məni, vallahi, bu naqqal şüəralər, hədərəndən-pədərəndən, nə bilim, boymadərəndən, necə sərsəm danışırlar, nə iş olsa qarışırlar, necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nə görürlərsə yazırlar, necə hörmətli “qərib” olsa da fövrən tanışırlar; qulağım batdı, nə çox-çox danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba, cəddlə əcdadımızın irsi olub bizlərə mirasi-həqiqi, qalan adatü əlamat ilə ə’malımızı, halımızı, cümlə bu əf’alımızı şe’rlə təğyir və təbdil eləmək fikri-şəniində olub, bizləri hər bid’ətə iğfal ilə iysal eləyirlər ki, apar oğlunu ver uşqola mollasına, əyləş balanın yasına, bax bircə, sən Allah, buların verdiyi fitvasına: yə’ni öz əlinlə elə övladını bir rus; səd əfsus ki, bir pak və pakizə müsəlman balası xarici övladı kimi şapqa qoyub, iştot-miştot oxuyub, axırı bir doktor olub, millətiislamdə dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalarını çarə bilib, mö’mini-dindarın edə qarnını murdar, vəhalonki gözü sürməli, saqqalı hənalı, əli təsbihli, Allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kök atıb rişə salan, bir kəsə əslən, əbədən bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə füruşi düz olub, mişk əvəzi müştəriyə rübbi-biyan verməyən ol həzrəti- hacül-hərəmeynin gözəl əttar dükanında ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız qutularda ki, on ildən bəri saxlanmaq ilə ətri də, tə’siri də artmaqda olub, naxoşu hər dərdü mərəzdən qutarıb, qüssədən azad eləyən rişeyi-xətmi, küli-balunə, sənaimərməki, ya həbbi-səlatin, zəkərək, behməni-piç ilə həlilə və bəlilə qala, ey vay!..
Alan olmaya əzvay,
Gedə qış, gələ həm yay,
Ötə il, dolana ay,
Sata bilməyə mumyay,
İş oldu bu da, hay-hay!..
1907
[EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB]
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.
Övci-fəzadə görərək bayquşu
Səhndə qaqqıllayıram indi mən.
Bir də məni vurma, aman, səngdil!
Rəhm elə, nıqqıllayıram indi mən.
Ay çalağanlar, məni qorxuzmayın,
Mən sizə tərk eyləmişəm lanəni!
Seyr eləyiz, övci-həvada uçuz,
Mən də gəzim səhnəçeyi-xanəni.
Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banlamaram bir daha!
Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!..
[EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR…]
Ey fələk, zülmün ə’yandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər necə cür’ətlə rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmiislamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyibid’ət, oxuyub nəhvlə hikmət, alalar dərsi- təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət… aman, ey vah! Ay Allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət boşbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məs’ələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etmiyə bir kimsə də cür’ət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək sə’y edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamat, başı çəkməz də məlamət…
Budur aləmi-nisvan!
Budur hali-müsəlman!
Gərəkdir edə məhdud
Öz övladını insan!
Sən, əmma, hələ qanma!
İnanmırsan, inanma!
Fərəhlən əməlindən,
Utanmırsan, utanma!..
[NOLUR ŞİRİNMƏZAQ ETSƏ MƏNİ HƏLVAYİ-HÜRRİYYƏT]
Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,
Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!
De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;
Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,
Urullar təllə, dağdan da aşır balayi-hurriyyət.
Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,
Dedim, yaran, nolur versəz mənə bir payi-hürriyyət!
Sözüm xoş gəlməyib təhvildarə, söylədi: “Güm şo!
Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?
Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,
Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?”1
Kəmali-yə’s ilə məhrum olub, bir yanda əyləşdim;
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.
Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,
Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət
Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;
Oxurkən xətti mə’lum oldu kəştibanı qərq olmuş,
Qalıb dəryadə heyran kəştiyi-də’vayi-hürriyyət.
Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət!
Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..
NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ
Ey nəfs, fərz bildiyim üçün niyayişin,
Daim edəm gərək gecə-gündüz sitayişin;
Dinim və məzhəbim, əməlimdir nümayişin,
Şimdi nədir bu yolda mənə, söylə, xahişin?
İfayi-əmri-vacibül-iz’anın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Gər olmasam bir işdə rəis, – eylərəm fəsad,
Mehrü vəfanı tərk edərəm, başlaram inad,
Sə’yimlə əlfiraqə dönər vəz’i-ittihad,
Bir parə şəxslər mənə etməzsə inqiyad,
Mən özbəyəm, itaəti-fərmanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir şəxsin olsa əqli əgər min mənim qədər –
Heç olmaram riza ola təhsin mənim qədər!
Görsəm ki, xəlq edir onu tə’yin mənim qədər,
Bir hiylə eylərəm, edəməz cin mənim qədər…
Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Təhti-rəyasətimdə rəvan olmayınca kar,
Ya olmayınca qəbzeyi-hökmümdə iqtidar,
Bir əmri-xeyri istər edə kim ki, intişar –
Cür’ətlə eylərəm onu filfövr tarimar;
Şəxsi qərəzlə cümləni heyranın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir iş ki, xeyrim olmasa, əncamə vermərəm,
Min çılpaq olsa da, birinə camə vermərəm,
Öz şə’nü cahımı bütün islamə vermərəm,
Dərdi-vətənlə mən səni talanə vermərəm,
Əhli-diyarı zülm ilə giryanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Çünki müəzzəz olmağa çoxdur təfəkkürüm,
Əmsalın ehtiramına artır təhəssürüm,
“Mən”, “mən!” deməklə cümlə bilir var təkəbbürüm,
Olsa nolur neçə büləhayə təşəkkürüm,
Onlarla vəsli-rişteyi-peymanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir gün gəlir, olar da bilərlər xəyanətim,
Məndən tənəffür ilə qaçarlar cəmaətim,
Onda yəqin qopar başıma öz qiyamətim,
Artar qəmim, gedər fərəhim, izzü şövkətim,
Əhdi pozub əgərçi mən üsyanın eylərəm,
Ey dad, haray! Nə növ’ ilə samanın eylərəm?!
[EY ƏZİZİM, XƏLƏFİM…]
Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömri-gİranmayəmi, yalqız demirəm dinimi, imanımı, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonumqonşu deyil, el də bilir ki, sənə vəqf eyləyib, şamü səhər, hər nə qədər, rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirsə mənə, canıma minnətlə qəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, tə’lim edərək, sərvqədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sırf axmaq olub öz gözünün nuru olan sevgili övladını tədrislə təzyi’ və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü məarif deyilən boş, əbəs, insanə cəfəng işlər ilə fikrini, həm əqlini, vicdanını məhdud qılıb, ruhunu incitməmişəm, zəhmətinə bitməmişəm, kuçədə, bazardə öz qəsdinə iqdam edərək, hər günü bayram edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni bir sən’ətə də qoymamışam, hər gecə hər yerdə qonaq qalmağını, zövqü səfa almağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmd xudaya ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbri- bəyan; vəqt o zəmandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol vurasan, el qırasan, gərçi qaçaqlıqda dutulmaq da var, əmma onu fikr eyləmə əsla ki, dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökumət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin küncifərağət, sənə bir kimsədə cür’ət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan, qurtarasan həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət’ edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə qurban ki, o yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimi qönçə-dəhən, sim-bədən, rəşkiçəmən, zülfi-səmən, gözləri ahuyi-xütən, göpgözəl, appağ, o ismətli, vəcahətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan…
Bu əməldən ucalarsan,
İvan namin alarsan,
Amilyanov olarsan,
Nə qədr olsa da ömrün,
O yerlərdə qalarsan!..
XƏSİSİN HEYFİ, VARİSİN KEYFİ
Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can!
Biəbi əntə və ümmi sənə canım qurban!
Əhli-aləm arayıb axtarır, ey can, səni,
Hərə bir növ’ qılır dərdinə dərman səni,
Bir para şəxs eləyir mayeyi-ehsan səni.
Qədrini bilməz edir millətə qurban səni;
Aşiqəm mən sənə ancaq olasan munisi-can,
Biəbi əntə və ümmi sənə canım qurban!
Mailəm, cümlə bilir, dövləti-didarına mən
Ki, baxam sübhü məsa şövq ilə rüxsarına mən,
Dinimi, məzhəbimi sərf edəm isarına mən,
Dəyməyəm batsa cəhan dirhəmü dinarına mən,
Müstəhəqlər qala sənduqunə yeksər nigəran,
Biəbi əntə və ümmi sənə canım qurban!
Ehtiramən səni hər gündə ziyarət edərəm,
Vacibüttaəsən, ancaq sənə taət edərəm,
Çəkərəm nazını, təksirinə xidmət edərəm,
Nəməkü nanü pənir ilə qənaət edərəm,
Daş düşər başıma çatsa sənə bir həbbə ziyan,
Biəbi əntə və ümmi sənə canım qurban!
Bəslərəm can kimi, ey sevgili sərmayə, səni,
Etmərəm sərf əbəs məscidə, mollayə səni,
Ala bilməz oxusa minbir-iki ayə səni,
Vermərəm ac-yalavac əhli-təmənnayə səni,
Görə bilməz üzünü sail, əgər qussa da qan,
Biəbi əntə və ümmi sənə canım qurban!
Bir günüm sənsiz əgər keçsə, min əfğan edərəm,
Səndən ötrü bütün övladımı giryan edərəm,
Qeyrətü şə’nimi hifzində nigəhban edərəm,
Bir gün öz canımı hətta sənə qurban edərəm,
Şad olur varisim, əmma gedərəm mən nigəran,
Biəbi əntə və ümmi sənə canım qurban!
Ah, səd ah, gedər ruhi-rəvanım dərəkə,
Mollalar hazır olur dəfnimə əldə çərəkə,
Səni varislərimə eyləyər onlar tərəkə,
Eşidən olsa, görər kim, çıxır ahım fələkə,
Baxaram qəbrdə həsrətlə, xəsarətlə, əman!
Biəbi əntə və ümmi sənə canım qurban!
Sanma varis mənə rəhmət oxuyub heyf çəkər,
Səni təqsim edərək hər biri bir seyf çəkər,
Orda-burda, nə bilim, məsrəf edib keyf çəkər,
Hərə bir Annanı, Sonyanı dutub zeyf çəkər,
Deyər: ey sərv-qədü lalə-rüxü qönçə-dəhan,
Biəbi əntə və ümmi sənə canım qurban!..