Avropa. Türklər. Böyük Çöl

Abonelik
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Avropa. Türklər. Böyük Çöl
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

Murad Acı

Avropa. Türklər. Böyük Çöl

© ALTUN KİTAB MMC – 2019



Nəşriyyatdan

Türk tarixinə yeni baxış ortaya qoyan Murad Acı (Murad İsgəndəroviç Acıyev) 9 dekabr 1944-cü ildə Moskvada dünyaya göz açıb. O, əslən qumuqdur. Bu xalq, əsasən, Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayır.



Murad Acı 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Sonralar isə iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. Bununla belə, o daha çox türkoloq, yazıçı və publisist kimi tanınır.



Müəllif türk tarixi haqqında araşdırmalara elə bir dövrdə başladı ki, artıq 70 illik Sovet imperiyasının süqutu qaçılmaz idi. Uzun illər boyu qadağan edilmiş mövzularda getdikcə daha yüksək səslə danışırdılar. Belə mövzulardan biri də türkçülük idi. Türklərin keçmişi, etnogenezi, dili, mədəniyyəti barədə tarixi həqiqətlər bir çox tədqiqatçıların araşdırma mövzusuna çevrilmişdi. Bu həmin həqiqətlərdir ki, onların gizlədilməsi və ya təhrif edilməsi, sadəcə, Sovet imperiyasının adı ilə bağlı deyil. Elə Çar Rusiyası dövründə də türklərin tarixinə qısqanc, bəzi hallarda isə hətta düşmən münasibəti açıq-aydın hiss olunurdu.



Lakin 80-ci illərdən başlayaraq o vaxtkı milli hisslərin daha çox önə çıxmağı türklük ruhunun da oyanışını şərtləndirdi. Murad Acı qədim türklərlə bağlı araşdırmalara məhz belə bir tarixi şəraitdə başlamışdı. 90-cı illərdə isə həmin araşdırmalar türkologiyada hadisəyə, yalnız sovet məkanında deyil, dünyada geniş ajiotaja, mübahisə və müzakirələrə səbəb olan əsərlərin meydana çıxmasını şərtləndirdi.



Onun 1992-ci ildə Moskvada nəşr edilən "Biz qıpçaq soyundanıq!" (Qumuqların, qaraçaylıların, kazakların, balkarların, qaqauzların, Krım tatarlarının, həmçinin rusların və ukraynalıların bir hissəsinin soyağacından) kitabı böyük maraqla qarşılandı, istər elmi dairələrdə, istərsə də geniş ictimaiyyətdə səs-küyə səbəb oldu. Bundan sonra Murad Acının "Müqəddəs Georginin sirri və ya Tenqrinin hədiyyəsi: türklərin mənəvi irsindən" (Moskva, 1997), "Qıpçaqlar. Oğuzlar. Türklərin və Böyük Çölün orta əsrlər tarixi" (Moskva, 2001), "Türklər və dünya: məxfi tarix" (Moskva, 2004), "Asiya Avropası" (Moskva, 2005), "Məhşərin nəfəsi" (Moskva, 2006), "Əbədi mavi səmasız: tariximizin oçerkləri" (Moskva, 2010), "Mənim yovşanlı yolum" (Moskva, 2014) kimi kitabları işıq üzü gördü. Həmin kitablarda irəli sürülən fikir və mülahizələr, ortaya qoyulan faktlar və iddialar həm elmi polemikalar doğurur, həm də türkologiya elmində yeni üfüqlərin açılmasından xəbər verirdi.



Bu mənada Murad Acının iki kitabı xüsusilə diqqət çəkir: “Qıpçaq çölünün yovşanı” (Moskva, 1994) və "Avropa. Türklər. Böyük Çöl" (Moskva, 1998).



Təkcə türkoloqların, tarixçilərin deyil, geniş oxucu kütləsinin də ciddi marağına səbəb olmuş bu kitablardan biri – "Qıpçaq çölünün yovşanı" görkəmli alim Tofiq Hacıyev tərəfindən dilimizə çevrilərək nəşr edilib. Sizə təqdim etdiyimiz "Avropa. Türklər. Böyük Çöl" əsəri isə Azərbaycanda ilk dəfə işıq üzü görür. Müəllif bu əsərdə yüzilliklər boyu türk tarixinin yanlış araşdırıldığını, türk xalqlarının öz gerçək kimliklərindən qopduğunu (yaxud qoparıldığını!) önə sürür, bunu müxtəlif faktlarla əsaslandırır, eyni zamanda türk kimliyinə, tarixinə və mədəniyyətinə özünəxas baxış bucağından yanaşır.



Kitabda "Türk türkü tanımır, o, əcdadlarını yadından çıxarıb!" deyə üsyan edən Murad Acı türklərin öz qıpçaq keçmişlərini unutmasından gileylənir, türklərin tarixindən danışarkən "köçəri mədəniyyəti" termininin istifadə olunmasına qarşı çıxır və bunu uydurma adlandırır. Böyük Çöl mədəniyyəti barədə çoxsaylı yeni (eyni zamanda heyrətamiz!) mülahizələr irəli sürən müəllif, əsərində qədim türklərin dili, inancları, məişətləri, dünyagörüşləri barədə də bir-birindən qiymətli məlumatlar verir.



Təkcə bugünkü türk xalqlarının deyil, bir çox Avropa xalqlarının da damarlarında qıpçaq qanı axdığına diqqət çəkən Acı yazır: "Qıpçaqlar dünyanın yarısını fəth edib sanki tarixdən yoxa çıxdılar. Hər bir iri ara müharibəsindən sonra ulus ulusun ardınca Dəşt-i Qıpçağı tərk edir, yaxud başqa “yeni” bir xalqa çevrilir, başqa bir xalqla qaynayıb-qarışırdı. Türklər günəşdə qar kimi əriyirdilər…"



Müəllif vurğulamağı unutmur: "…Rusiya (eyni zamanda Avropa) tarixində heç nəyə təəccüblənmək lazım deyil, ağıl üçün o, çoxdan tapmacaya çevrilib

1



*

 Müəllif burada F.İ.Tyutçevin “Умом Россию не понять…” (Ağılla Rusiyanı anlamaq olmaz) misrasından söz oyunu kimi istifadə edir (red.).



. Bəzi hadisələrin məntiqi dəyişdirilib, faktlar isə yoxa çıxarılıb; məsələn, çar Rusiyasında 196 xalq yaşayırdı. Sovet dövründə həmin rəqəm kəskin surətdə azalıb. Hakimiyyət insanların milliyyəti ilə öz əmlakı kimi, necə istəyir, elə də davranırdı…"



Elə bu acı həqiqətin işığında yola çıxan alimin "Avropa. Türklər. Böyük Çöl" kitabı türklərlə bağlı uzun müddət davam edən "özgələşdirmə" siyasətinə, onların tarixi və mədəniyyəti haqda şüurlu şəkildə dövriyyəyə buraxılan saysız-hesabsız yalanlara, yanlışlıqlara qarşı üsyan səsi kimi də qəbul edilə bilər.



Murad Acı bu əsərində Azərbaycanda qədim türk ruhunun yaşadılmasından da bəhs edir, onları "Dəşt-i Qıpçaq adlandırılan Böyük Çöl ölkəsinin tarixi varisləri" arasında göstərir. Sitat: "Türk ənənələrinin Azərbaycandakı kimi güclü olduğunu mən başqa heç yerdə görmədim. Böyük iqtisadi və mədəni imkanlara malik unikal bir ölkə. Orada Avropada çoxdan unudulmuş dəyərlər qorunub-saxlanılır. Əcdadların mədəniyyəti!"



Yeri gəlmişkən, alim 2005-ci ilin iyulunda Azərbaycana, Naxçıvana gələrək Gəmiqayaya təşkil olunan elmi ekspedisiyada iştirak edib və burada gördükləri – təbiət möcüzələri ilə yanaşı, keçmişin silinməyən izləri qarşısında heyrətini gizlədə bilməyib (Gəmiqayada Miladdan öncə IV–I minilliklərə aid qayaüstü rəsmlər – piktoqramlar var).



Ümid edirik ki, indi sizə təqdim olunan "Avropa. Türklər. Böyük Çöl" kitabı Murad Acının digər əsərləri kimi maraqla qarşılanacaq, qədim və zəngin türk tarixinin əsrlər boyu gizlədilmiş, təhrif edilmiş, yaxud özgələşdirilmiş qatlarına baş vurmaq istəyən hər bir oxucunun ürəyincə olacaq.



Müəllifdən

Bu kitab “Qıpçaq çölünün yovşanı” kitabının davamıdır. Daha doğrusu, mən onu həmin kitabın davamı kimi düşünmüşdüm, ancaq yeni kitab alındı. Yenə də Böyük Çölün tarixi haqqında.



Yovşan xüsusi bitkidir: onu hamı yox, ancaq seçilmişlər qiymətləndirə bilir; mənim üçün onda Vətən iyi vardır. O tərk edilmiş, indi yaddan çıxmış, bir vaxtlar Böyük Çöl adlandırılan və ya Qıpçaqlar Çölü (Dəşt-i Qıpçaq) deyilən yerdən gələn səssiz bir xəbərdir. Bizim əcdadlarımız vaxtilə uzaq yola çıxanda uğur gətirsin deyə boyunlarından içərisinə bir çimdik yovşan qoyulmuş dəri kisə asardılar. Onlar bunu “qəlb üçün gözmuncuğu” adlandırardılar. Çöldə yaşayan üçün yovşanın ətrindən doğma heç nə yox idi. Ondan sanki Vətənin qoxusu gəlirdi. Bu iy onu geri çağırırdı.



Təəssüf ki, indi bu sehrli ətir çox az adama tanışdır. Bizi o iyi unutmağa məcbur ediblər.



Biz də hər şeyi unutmuşuq – nəslimizi, əcdadlarımızı, özümüzü… Nə vaxtsa Böyük Çöldə uzaq qohumuna şad xəbər çatdırmaq, ya da vətənə qayıdacağı haqqında məlumat göndərmək üçün məktub deyil, bir dəstə yovşan yollayardılar… Bu sətirlər yadınıza düşürmü?





Ona bizim nəğmələri bir-bir oxu,

Nəğmələrə cavab verməyəndə

Bir dəstə quru yovşan bağla,

Ona ver və bax: geri dönəcək.



Bu, Maykovdur

2



Maykov

 – Apollon Nikolayeviç Maykov (1821–1897) – rus şairi, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü



. Şair həmin sözləri qardaşı Otroku Qafqazdan evinə, doğma çölə çağıran Sırçan xanın dilindən deyir…



IV əsrdə bizim xalq cəsarətlə Avropa tarixində yeni səhifə açdı – o, xalqların çoxunu Roma əsarətindən xilas etdi, onlara azadlıq verdi… Bizim xalq, bəli, məhz bizim xalq bütpərəst Avropaya indiki dini rəmzləri gətirdi, onlar Səma Allahı haqqında eşitdilər, indiki dualarını öyrəndilər.



Məhz türklər Avropaya yeni dəmir istehsalını, onu əritməyi, ondan alət, silah və s. hazırlamağı öyrətdilər. Məhz Altaydan gəlmiş adamlara baxaraq avropalılar yubkadan əl çəkib şalvar geyməyə başladılar…



Yakutiyadan tutmuş Qərbi Avropaya qədər onlarca xalq türk dilində danışır. Hətta Afrikada – Tunisdə, Mərakeşdə kəndlər var ki, orda türk dilini eşitmək mümkündür.



Belə xalqların içərisində ən tanınmışı Türkiyədə yaşayan 50 milyondan çox türkdür. Türkiyə bu gün dünyada özünə layiq yer tutur və hamı onu tanıyır. Amma tofalar haqqında (onlar cəmi bir neçə yüz nəfərdir) bunu demək olmaz. Sayı bir-iki kəndə sığacaq qədər olan bu xalq haqqında çox az adam eşidib. Ucqar Sibir tayqasında məskunlaşmış tofalar hətta ən yaxın qonşuları haqqında da heç nə eşitməyiblər. Lakin əminliklə demək olar ki, ən qədim türk dilini məhz onlar qoruyub-saxlamışlar, ən təmiz türk qanı da məhz onlardadır. Tofalar əsrlərboyu digər xalqlardan təcrid edilmiş şəkildə yaşayıb, xüsusi ehtiyac olmayanda, çox az halda başqa xalqlarla əlaqə saxlayıblar.



Türk dünyası genişdir, ölçüyəgəlməzdir… Orda öz dillərini və tarixlərini çoxdan unutmuş, lakin əcdadlarının xarici görünüşünü və bəzi adət-ənənələrini yaxşıca qoruyub-saxlamış xalqlar var: ukraynalılar, bolqarlar, serblər, xorvatlar, rusların, fransızların, almanların, ingilislərin böyük bir hissəsi… Elələri də var ki, heç nəyi unutmayıblar, hətta tariximizin uzaq səhifələrini belə gözəl xatırlayırlar, onları öz əfsanələrində, mahnılarında, nağıllarında yaşadırlar. Düzdür, başqa xalqlarla qonşuluqları onların xarici görünüşündə öz əksini tapıb: qazaxlar, qırğızlar, tuvalılar… Onların surətləri, sifət quruluşu əcdadlarının sifət quruluşuna az oxşayır, lakin daxili aləmləri qədim dövrün qiymətli inciləri ilə doludur.

 



Bu “rəngarəngliyi” necə qiymətləndirək? Bu, yaxşıdır, yoxsa pis? Bəladır, yoxsa xoşbəxtlik?.. Dünyada heç bir dil türk dilindəki qədər dialektə malik deyil. Xalqın qanı bir, ancaq danışıq dili müxtəlifdir. Niyə?



Cavab vermək o qədər də asan deyil. Hərçənd hər şey hadisələrin təbii inkişafına uyğun gəlir və hərəsinin özünəməxsus izahı var.



Təəssüf ki, xalqların və ölkələrin tarixini həmişə siyasi rejimlərin istədiyi kimi yazıblar. Bir çox hallarda siyasətçilərin təzyiqi ilə tarixi əsərlərdə Həqiqət təxəyyülün məhsulu qarşısında geri çəkilməli olub. Mümkündür ki, məhz bu səbəbdən həqiqi türk tarixi indiyə qədər yazılmayıb, yazılanlar da yalnız ayrı-ayrı fraqmentlərdir. Ətrafda isə yalan dəryası… Lakin xalqsız Tarix olmur, tarixsiz də Xalq!



Biz – qıpçaqlarıq!

Tarixə Göbbelsin siyasətin mahiyyətini dəqiq əks etdirən məşhur deyimi yaxşı məlumdur: “Hər hansı xalqın əlindən onun tarixini alsan, bir nəsil dəyişdikdən sonra o, kütləyə çevriləcək, daha bir nəsil dəyişdikdən sonra isə artıq onu sürü kimi idarə etmək mümkündür”… Çox tanış vəziyyətdir, elə deyilmi? Görünür, biz çoxdan, özümüzün də xəbərimiz olmadan köləyə çevrilmişik!



Bizim alimlər Sov.İKP-nin tarixini öyrənir, lakin öz xalqının tarixini bilmirdilər. Rusiyada onu tədqiq etmək, ümumiyyətlə, qadağan edilmişdi.



Etiraz edib deyə bilərlər – az yazılmayıb. Düzdü. Lakin bütün yazılanlara inanmaq olarmı? Türk türkü tanımır, əcdadlarını yadından çıxarıb… Kiçik qəlpə özünü müstəqil, bütöv xalq kimi qələmə verir. Nə desən fikirləşib uydururlar. Qumuq, məsələn, özünün dissertasiya işində yazır ki, qumuqlar Böyük Çölün sakinlərinin törəmələri deyillər, onlar Kumux kəndindən olan, türkləşmiş laklar və darginlərdir. Belə “elmə” ar olsun.



Türkləri, bir qayda olaraq, türklər özləri alçaldırlar! Biz heç kəsi günahlandıra bilmərik. Qumuq olduğuma görə əsəbiləşmirəm. Ona görə əsəbiləşirəm ki, mənim əcdadlarım qıpçaqlar olmuşlar, onların tarixi – mənim Tariximdir və başqa tarix istəmirəm…



S.Aksakov

3


  Səhifələrin yuxarı hissələrində verilən portretlərin altındakı yazılarda N.A.Baskakovun “Türk mənşəli rus soyadları” əsərindən (M., 1993.) sitat gətirilir.





“Aksakovun soyadının türk mənşəli olduğu şübhə doğurmur”. Onun kökündə “Aksak” (axsaq) sözü du rur, bu da türkcə “topal” deməkdir. Soyadın gerbi alimin dediyini təsdiq edir.



Qonşu qaraçaylılar isə başqa cür ifrata varırlar – onlar türkləri alanlara (yəni irandilli osetinlərə) aid edirlər, öz tarixlərini və bütün türklərin tarixini alanlardan başlayırlar. Bu azmış kimi, üstəlik, türk dünyasının mənbəyinin Qaraçayda başlandığını, guya qədim əcdadlarımızın da orada yaşadıqlarını sübut etməyə çalışırlar… Əslində, bu səfeh fikri oxuyub gülmək lazımdır. Amma bu cəfəngiyyat on min tirajla nəşr olunub, uşaqları bunu oxudaraq tərbiyə edirlər.



Əlbəttə, alimlərin heç də hamısı kor deyil, lakin belə “elm” artıq xalq arasında geniş yayılıb. Bu “əsərlərin” sifarişçiləri yerli hakimiyyətdə oturan məmurlardır. Onlara həqiqət yox, vəzifədə uzun müddət oturmaq imkanı lazımdır. Öz məqsədləri naminə hər şeyə gedərlər; məsələn, Dağıstan qumuqları bu yolla Qafqazda yerli xalq olduqlarını “sübut” edirdilər.



Qaraçaylıların türk kökündən imtina etməsini insani baxımdan başa düşmək olar: onlar 40-cı illərin soyqırımını – repressiyanı unutmayıblar. Ona görə də yeni soyqırımından sığortalanmaq üçün özlərini osetinlərə aid etmək yolunu seçiblər. Axı osetinlərə Rusiyada heç vaxt toxunmayıblar. Beləliklə, kiçik hiyləgərlik böyük yalana çevrilib!



Qorxu, cəsarətsizlik, “kiçik hiyləgərliklər” bəzi türklərin qanına və canına hopub. Bunun da acı nəticələri daim kiminsə qarşısında əyilmək, alçalmaq, kiməsə uyğunlaşmaq formasında özünü həm elmdə, həm də həyatda büruzə verir. Nəticədə, türklər Qürurlarını, Ləyaqətlərini, Dəyərlərini yaddan çıxardılar. Halbuki bir xalqa məhz bu keyfiyyətlərinə görə hörmət edirlər.



N.V.Qoqol



“Şübhə yoxdur ki, böyük rus yazıçısı N.V.Qoqolun soyadı ümumi kökünə və mənşəyinə görə Qoqel soyadına gedib çıxır”, o da türklərin… “ördək” sözü deməkdir.



Hazırda qumuqların sayı üç yüz min, qaraçaylıların sayı iki yüz mindən bir qədər az, balkarlarınkı isə cəmi bir neçə on min nəfər təşkil edir… İki yüz il bundan əvvəl biz bir xalq idik (Lermontov və Tolstoy bizi “Qafqaz tatarları” adlandırırdılar), qədim Xəzər ölkəsinin varisi olan və çar Rusiyası tərəfindən müstəmləkəyə çevrilən Qafqaz Şamxallığında yaşayırdıq. Həmin vaxtdan biz hətta etnik müstəqillikdən belə məhrum edildik – siyasətçilər bizi “xalqcıqlara” parçaladılar!



Düzdür, qaraçay və balkarları indi də “tavlu qumuq”, yəni “dağlı qumuq” adlandırırlar. Yeganə fərq ondadır ki, onlar dağda yaşayır, biz isə düzəndə. Vəssalam! Qaraçaylılar, balkarlar, qumuqlar, Krım tatarları, qaqauzlar, tərəkəmələr arasında heç bir dil və mədəniyyət fərqi yoxdur… Hətta kökləri də eynidir. Mənə elə gəlir ki, Ermənistan və Estoniyada yaşayan ruslar arasında fərq daha çoxdur. Lakin türklər “müxtəlif“ xalqlardır, ruslar isə vahid. Niyə?



M.Qolitsın



“Mixaylo Qolitsa (portretdə M.Qolitsının ulu babası təsvir edilmişdir – M.A.) öz atasının adı İvan Bulqakın adı ilə Bulqakov adlanırdı”. Bulqak ləqəbi türkcə “məğrur”, “iğtişaşçı” deməkdir.



Şamxallığın əhalisini əvvəllər qıpçaqlar, xəzərlər, Qafqaz tatarları adlandırırdılar. Sonra yerli kazaklar (Stavropol və Tver kazakları) slavyan oldular. Bir həqiqət var ki, XIX əsrə qədər onlar da Qafqaz tatarları idilər və bizim dildə danışırdılar, bəziləri isə bu günə qədər öz dillərini qoruyub-saxlayıblar. Bunu bilmək üçün Lev Nikolayeviç Tolstoyun “Kazaklar” povestini oxumaq kifayətdir. Orada kazakların türk kökləri aydın təsvir edilib və ana dillərinin adı çəkilib. 1863-cü ildən etibarən Qafqaz qıpçaqlarının bir çoxu əcdadlarından üz döndərib ancaq rus dilində danışmağa başladılar və bütöv stanitsalarla Rusiyanın müstəmləkə ordularında hərbi xidmətə getdilər.



Şamxallığın sakinlərini ağır tale gözləyirdi. Rus hakimiyyətinə qulluq etmək istəməyənlər Qafqazdan sürgün olunurdular, nəticədə təxminən dörd milyon adam öz vətənindən qovuldu. Onları kölə edib satmadılar, ölkədən getməyə məcbur etdilər, Türkiyəyə, İordaniyaya, Suriyaya “havayı” verdilər. Orda elə kəndlər var ki, türk dilinin Qafqaz şivəsi hələ də unudulmayıb, səslənəndə qonşuları da təəccübləndirir. Xoşbəxtlik ondadır ki, xaricdə yaşayan qumuqlar özlərinə yeni bir tarix yaratmırlar, acı taleyin ümidinə buraxılmış Vətən həsrətini çəkir, onu heç vaxt yaddan çıxarmırlar.



Bunu iki əsr bundan əvvəl Qafqazı tərk etmək məcburiyyətində qalmış qaqauzlar haqqında demək mümkün deyil. Onlar az qala öz ölkələrini – Şamxallığı və dünyada hər şeyi unudublar: təəccüblüdür ki, qaqauzların indiki tarixi rəsmi rus tarixi ilə həmahəng səslənir. Elə bil ki XIX əsrə qədər onların tarixində heç nə olmayıb.



Qumuqlar, balkarlar, qaqauzlar (kazaklar haqqında xüsusi danışmaq lazımdır) azsaylı və zəifdirlər, ziyalıları çox deyil. Tatar və başqırd tarixçilərinin mövqeyi daha acınacaqlıdır. Mənə elə gəlir ki, türklər haqqında onlar da həqiqəti söyləmirlərsə, onda onların akademiya və universitetlərinin bir qəpiklik qiyməti yoxdur.



Heç vaxt olmayan “monqol-tatar əsarəti”nə inandırıldılar. Bu uydurma fikir XIX əsrdə, slavyanpərəstlik dövründə meydana gəlib, müəllifi isə bir gimnaziya müəllimidir, onun haqqında N.M.Karamzinin yazılarında bir neçə sətir qeyd də var. Bu təxəyyül məhsulu çoxlarının ürəyincə idi.



İ.Mürat – fransız marşalı, Napoleonun tərəfdarı



Məgər türklər tarixlərini Çingiz xan dövründənmi başlayıblar? Məgər bizim dövlətçiliyimiz Qızıl Ordadanmı başlayıb? Akademik bisavadlar nə ixtiyarla türklər haqqında ikrahla söz açmış hansısa bir fırıldaqçı ərəb taciri ibn Fədlanı

4



Əhməd ibn Fədlan

 – X əsrin birinci yarısında yaşamış ərəb səyyahı və yazıçısı. 921–923-cü illərdə xəlifə əl-Müqtədir (908–932) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdaddan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək məsafə qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. Bu qeydlərdə səfirin Volqa – Xəzər və Şimal xalqları ilə bağlı xeyli məlumatına rast gəlmək olar. Əhməd ibn Fədlan 922-ci ildə Vоlqanın sоl sahilində yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də, Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir.



 türklərin mənəvi fikir peyğəmərinə çeviriblər?..



Yəni biz ağlımızı o qədər itirmişik ki, hər şeyi unutmuşuq? Yəni biz bu qədər mənəviyyatsızlaşmışıq? Yaddaşımız o qədər gödəkdir?



Görünür, belədir – bəzi uydurmaçılar, məsələn, Qazaxıstandan olan biri köçəri mədəniyyətinin “konsepsiyasını” sübut etməyə çalışır… Belə düşüncəsizliyi çətin ağıla gətirmək olar. Böyük Çöldə türklərin heç bir “köçəri mədəniyyəti” olmayıb və ola da bilməzdi. Monqollar köçəri olublar, amma qıpçaqlar heç vaxt köçəri olmayıblar… hətta qazaxların bu cür “elmi” yazılarında belə özlərinin köçəri adlandırılmalarını istəmirlər!



Əcdadlarımız oturaq həyat keçiriblər, əkinçilik və maldarlıqla məşğul olublar; onlar gözəl sənətkar idilər, müdafiə məntəqələri tikir, suvarma kanalları çəkir, yol və körpülər salırdılar… Ən qədim çuqun xış məhz türklər yaşayan Altayda tapılıb, hansı ki ondan eramızın əvvəlində istifadə edilib. Bir çox “qədim rus şəhərlərinin” və yaşayış məntəqələrinin əsası IV–V əsrlərdə, Xalqların Böyük köçü başa çatanda türklər tərəfindən qoyulub.



Nikopollu skif (M.Gerasimovun bərpası)



Kenkoldan olan hun (M.Gerasimovun bərpası)



“Köçəri mədəniyyəti” termini elmdə olan siyasətçilər tərəfindən uydurulub. Çölü zəbt etdikdən sonra türk xalqını öz mədəniyyətindən məhrum etmək, onu kütləyə çevirmək lazım idi. Təsadüfi deyil ki, Böyük Sovet Ensiklopediyasının üçüncü nəşrində “Türklər” haqqında məqalə ümumiyyətlə yox idi, halbuki ensiklopediyanı tərtib edənlər başqa xalqları, hətta Afrika xalqlarını belə unutmamışdılar…



Bu yaxınlaradək çox şeylər diqqət çəkmirdi, lakin indi müstəqil Azərbaycan və Özbəkistanda bu barədə bilməmək ayıbdır. Onlar, qismən Rusiya, Ukrayna və Qırğızıstan, eləcə də Qazaxıstan köçərilərin heç vaxt yaşamadığı Dəşt-i Qıpçaq adlandırılan Böyük Çöl ölkəsinin tarixi varisləridir.



Ərəblər Böyük Çölü “Şəhərlər ölkəsi” adlandırırdılar, ibn Battuta və digər səyyahlar belə yazırdılar. Varyaqlar isə “varyaqlardan yunanlaradək” yolun hər iki tərəfini (Dnepr su hövzəsi) “Şəhərlər çarlığı”, onların dilində “Qardarik” adlandırıblar… “Köçərilər” və “Şəhərlər ölkəsi” – ziddiyyət açıq-aşkar gözə çarpır.



Milli mətbəximizi yada salaq, onun undan hazırlanmış xörəklərini xatırlayaq və müqayisə edək: beşbarmaq – un – taxıl – əkinçilik və… köçərilər. Nə alınır? Uyğunsuzluq. Ona görə ki öz taxılımız – çöldə yetişdirilmiş taxılımız var idi. Çovdar və arpanı ənənəvi olaraq qıpçaqlar əkir, hər ikisini çox yüksək qiymətləndirirdilər, çünki sərt Altay iqliminə ən çox uyğunlaşmış bitkilər məhz bunlar idi. Vələmir və qarabaşaq məhsulunu qədim Rusda “tatarka” adlandırırdılar.

 



M.Kutuzov



«Kutuzovlar soyadının kökündə… Kutuz (quduz) ləqəbi durur ki, o da türk sözü olan «qəzəbli», «tez coşan», «həyəcanlı» deməkdir».



Vaxtdır, bir çox uydurulmuş “həqiqətlərə” yenidən baxılmalıdır. Gec-tez bizim xalqı öz qədim adı ilə adlandırmaq lazım gələcək. Biz qıpçaqlarıq və qıpçaq olaraq da qalmalıyıq… Türkləri tarixi salnamələrdə daha necə adlandırmayıblar ki: avarlar, barsillər, bolqarlar, burqundlar, hunlar, peçeneqlər və onlarca digər adlar… Belə qarışıqlıq siyasətçilərə çox lazım idi, çünki yalnız bu yolla “sübut etmək” olardı ki, Böyük Çöldə parçalanmış halda bir çox müxtəlif tayfa və xalq yaşayıb. Hələ eramızdan əvvəl Çin hökmdarlarına idarəetməni öyrənmək üçün örnək olan vahid türk dövlətçiliyini bax bu cür gizlədirdilər.



Əsrlərin yalanı qarşısında çox şeylər unudulub…



Öz kitablarımda mən bilərəkdən Dəşt-i Qıpçaq əhalisini qıpçaqlar və yaxud çöl adamları adlandırıram. Başqalarını da mənim kimi davranmağa çağırıram. Çünki bizim vətənimizə Qıpçaqlar Çölü deyirdilər, deməli, xalqın da yeganə adı (qəbul edilmiş qaydalara görə), özü də özünü adlandırdığı kimi qıpçaqdır.



Bilirəm, “qıpçaq” türk xalqının qollarından biridir, özü də çox tanınmışı deyil. Qoy belə olsun! O bizim çölə ad verib, gəlin biz onu ucaldaq və bununla Böyük Çölün mədəniyyətini əxz etmiş bütün xalqların da tarixini ucaldaq.



N.Karamzin



«Karamzin soyadının türk kökü var: o, krım-tatar və ya türk dilindən gəlmişdir, mənası qara mirzə deməkdir». Türk dilində «kara» – qara, «mirzə» titulu isə əsilli, nəcabətli adama deyirdilər. Karamzinlərin ailə gerbləri onların Şərqlə əlaqəsini göstərir.



Bu gün biz qıpçaqlar əlliyə qədər “xalqcıqlara” bölünmüşük. Bizi diri-diri parçalayıblar. Ona görə bəziləri ana dilini unudub, digərləri onu azacıq dəyişib, qoruyub-saxlayıblar. Lakin məlumdur ki, xalqı fərqləndirən dil deyil, onun ruhudur. Dil insana ona görə verilib ki, öz fikir və hisslərini səsləndirsin. Dil sözlər üzərində hakim deyil, sözlər ürəkdən gəlir; məsələn, gəlin görək slavyan adlansa da, qanına görə türk misgərləri nəsli Tuççilərdən olan Fyodor Tütçev nə yazır. Hansı ki bunu yalnız qıpçağın ruhu deyə bilər:





Acı taleyin hökmü ilə ayrılsaq da biz,

Yenə də bir xalqıq, bir ananın övladları.

Əzəldən dost-doğma qardaşlarıq biz,

Budur səbəbi bizə olan kin-küdurətin.



“Rus” türkünün sözlərində ocaq istisi, yovşan iyi… süvarilər dəstəsi və ilxı, naxır, sürülər… babamın babasının ulu babasının beşiyi üzərində oxunan mahnı və laylalar var. Düzdür, əsər “Slavyanlar” adlanır, o, Rusiyanın siyasət naminə öz türk köklərindən imtina edib özünə slavyan başlanğıcı axtardığı dövrə təsadüf edir

5


  Bu, Kiçik Asiyanın və Konstantinopolun qaytarılmasını istəyən yunanların böyük ustalıqla Rusiyanı Türkiyə ilə münasibətləri gərginləşdirməyə sövq etdiyi və rus-türk müharibəsinin qızğın dövrü idi. Rusların əli ilə onlar türklərə qarşı vuruşurdular. Bu, yunanların parlaq qələbəsi, Rusiyanın isə tam məğlubiyyəti idi.



.



XVIII–XIX əsrlərdə knyaz Dolqorukovun, generalissimus Suvorovun və digər sərkərdələrin keçmiş Çölə cəza yürüşlərindən sonra on milyonlarla qıpçaq rus adları aldı. Onların boynuna zorla yunan xaçı taxaraq xristianlığı qəbul etdirdilər və rusa çevirdilər. Uşaqlar üçünsə rus dilində kilsə-prixod məktəbləri açdılar, istedadlıları isə valideynlərindən alıb Peterburqa göndərdilər.



Kuşan döyüşçüsü – iki min il bundan əvvəl türkün xarici görünüşü be lə idi.



Kuşan şahzadəsi – iki min il bundan əvvəl türklərin xarici görü nü şü belə idi.



Rusiyada əsrlərlə etnik təmizlənmə aparıldı. Gəlin özümüzü aldatmayaq, Rusiya onun adını heç vaxt, heç bir əməli ilə batırmayan qıpçaq köklərini mütləq yada salacaqdır. Ağlımız və qanımızın səsi nə vaxtsa oyanmalıdır.



Özlərinin qıpçaq keçmişi haqqında bolqarlar, serblər, xorvatlar, çexlər, macarlar, avstriyalılar, bavariyalılar, saksonlar, Şimali İtaliyanın, Almaniyanın, İspaniyanın, İsveçrənin, Şərqi Fransanın, İngiltərənin, Şimali Avropanın… Amerika və Avstraliyanın sakinləri də xəbər tutacaqlar. Bəli, bəli, çoxlarının əcdadları nə vaxtsa gözəl at minər, türk dilində danışardı… Özlərini isə qıpçaq adland�