Kitabı oku: «Hacı Zeynalabdin Tağıyev», sayfa 3
Tağıyev şəhər Dumasında
1877-ci ildə Bakı şəhər Dumasının yaradılması barədə qərar qəbul edilir. Tağıyev nəinki şəhər Dumasına üzv – qlasnı seçilir, eyni zamanda Dumanın işini təşkil edənlərdən biri və birincisi olur. Bakı Dumasında müsəlmanların hüquqlarının müdafiəsi üçün daim haqq səsini qaldırır.
İllər keçdikcə Hacı, demək olar ki, Dumanın ən nüfuzlu qlasnısına çevrilir. Yeni şəhər başçısı seçilməlidir? Tağıyevin məsləhəti əsas götürülür. Şəhər hansısa mühüm layihəyə pul ayırmalıdır? Hacının razılığı vacibdir.
1904-cü ildə Peterburq qəzetlərinin birində Bakı Dumasının fəaliyyəti barədə yazı dərc olunur. Qeyd edilir ki, Bakı Dumasının yarısı müsəlman qlasnılardır. Bəli, məhz yarısı! O vaxtın qaydalarına görə Bakıda müsəlman qlasnıların sayı ümumi Duma üzvlərinin sayının yarısından çox olmamalı idi!
Qəzet yazır ki, Duma üzvlərinin o biri yarısının üçdə ikisi ermənilər, üçdə biri isə rusların payına düşür. Müsəlman qlasnıların lideri yerli varlılardan biridir. Anadangəlmə ağıllı adamdır, amma təhsili yoxdur.
Hansısa məsələni Duma iclasından keçirmək lazım olanda o ayağa durub «mən xahiş edirəm» deyə sözə başlayır. Bu, əslində, «mən əmr edirəm» deməyə bərabərdir. Onun həmin sözü təkcə müsəlmanlar tərəfindən deyil, hətta erməni və rusların əksəriyyəti tərəfindən elə belə də qəbul olunur və onun «xahişi», bir qayda olaraq, yerinə yetirilir…
Bu yazının dərc edildiyi ovaxtkı Peterburq qəzetində ad çəkilməsə də, söhbətin məhz Tağıyevdən getdiyi heç kimə nə o vaxt, nə də indi sirdir.
Hacı Dumada ilk günlərdən söz sahibi olur.
Bakı şəhər Dumasının ilk iclası 1878-ci il yanvarın 14-də açılır. Həmin iclasda şəhər upravasına iki nəfər üzv seçilməsi məsələsi qaldırılır. Və şəhər başçısı uprava üzvlərinin hər ikisinin xristian olacağını bildirir. Onda qlasnı Şıxəli Dadaşov uprava üzvlərindən, heç olmasa, birinin müsəlman olmasının vacibliyini xatırladır. Digər müsəlman qlasnılar da bu məsələdə israr edirlər. Tağıyev burada da öz etiraz səsini qaldırır. Nəhayət, qərara alınır ki, upravaya üç nəfər üzv seçilsin və onlardan biri müsəlman olsun.
«Kaspi» qəzetinin yazdığına görə, həmin iclasda qlasnı Baqirov ermənilərə «qəza rəisi Antonovun üstünlüklərini izah edərkən Tağıyev müsəlman namizədi xarakterizə etməklə məşğul idi».
Tağıyevin canfəşanlığı öz nəticəsini verir: jandarm idarəsinin tərcüməçisi Dadaş bəy Səfərəliyev upravaya üçüncü üzv seçilir.
Hacının Dumadakı nüfuzu barədə A.Novikovun «Şəhər başçısının qeydləri» kitabında da söhbət açılır. Novikov yazır ki, Tağıyev Duma iclaslarına həmişə gəlmirdi, amma onun lazım olduğu iclaslara mütləq gəlirdi. O iclaslara gəlirdi ki, taleyüklü məsələlər müzakirə olunurdu.
A.Novikovun kitabından: «Onunla yaxından tanış olduqca varlı müsəlman xalqın içindən çıxan bu ağıllı şəxsiyyət məni özünə daha çox cəlb edirdi. Rus dilində pis danışırdı, amma ağlına və hissiyyat qabiliyyətinin səviyyəsinə görə – oxucum, təəccüb eləmə – təhsilli həmkarlarından çox-çox yüksəklərdə dayanırdı».
Və təhsili olmayan bir milyonçunun iti zəkası, çevik məntiqi hamını təəccübləndirirdi. Ona görə də Nəriman Nərimanov yazırdı: «Belə elm hörmətli Hacıda olmaya-olmaya bunun xidmətləri hansı aqili təəccübə gətirməz? Qeyrətli Hacının vətənə, millətə və insana olan himmətindən sonra xarici millət deyə bilərmi: müsəlmanlar nadan, vəhşi, camaat və dövlət işinə yaramayan tayfadır?!»
«Bakı şəhərinə aid əsas məsələlərdə, istər su məsələsi olsun, istər torpaq, o, həmişə düzgün mövqe tuturdu» – bu da Novikovun fikridir.
Tağıyevin şəhər üçün vacib məsələlərdə həmişə düzgün mövqe tutduğu barədə hələ danışacağıq. Amma onlardan biri barədə danışmağın vaxtıdır.
Heç bir təhsili olmayan Hacı Bakıda teatr binası tikdirir. İlk teatr binası!
Oxumağı bacarmayan, incəsənət sahəsinə, ümumiyyətlə, aidiyyəti olmayan Tağıyev niyə məhz teatr binası tikdirmək qərarına gəlmişdi?
Milyonçunun teatr sevgisi
1882-ci ilin aprelində çıxan Bakı qəzetlərində maraqlı bir xəbər var: «…nəhayət ki, bizdə də isti, rahat, bütün lazımi qurğuları olan əsl teatr olacaq». Və ardınca: «Bu teatra görə biz cənab Tağıyevə borclu olacağıq, bu xeyirxah işə görə bütün şəhər ona «sağ ol» deyəcək!»
Qəzetdə bu xəbər başqa bir mühüm məlumatla yanaşı dərc olunur: aprelin 18-də Qafqazın mülki hissəsinin yeni baş rəisi knyaz A.M.Dondukov-Korsakov Bakıya gəlir…
Aprelin 20-də knyaz Bakı Dumasının üzvləri ilə də görüşür və həmin görüşdə Tağıyevi ona təqdim edirlər. Şəhərdə ilk teatr binası tikmək arzusunda olan neft sənayeçisi kimi…
Knyaz Hacının əllərini sıxır, ona bu cəsarətli addımına görə təşəkkür edir və teatrın da məktəb kimi millətin inkişafında xüsusi rolu olduğunu vurğulayır. Əslində, bu həqiqəti Tağıyev çoxdan anlamışdı. Onda Bakıya Peterburqdan tez-tez müxtəlif teatr truppaları gəlir, cürbəcür tamaşalar qoyulurdu. Lakin taxtadan tikilmiş sirk binasında, yaxud Bakı İctimai Məclisinin qış sarayında… O binalarda ki tamaşa üçün yararsız idi. Amma başqa variant da yox idi. Bakı şəhərində teatr binası tikilməmişdi. Buna ehtiyac duyulmamışdı. Lakin Tağıyev belə bir ehtiyac duyur. Və özünün torpaq sahəsində – Merkuri (indiki Zərifə Əliyeva) və Qorçakov (indiki H.Z.Tağıyev) küçələrinin kəsişməsində teatr binası tikdirmək qərarına gəlir.
1883-cü il noyabrın 25-də tikinti başa çatır və binaya baxış keçirilir.
Yalnız bundan sonra «Tağıyev teatrı» kimi şöhrət qazanan mədəniyyət obyekti fəaliyyətə başlayır.
«Bu zati-möhtərəmin qeyrəti insanı həqiqət heyran edir. Təəccüb budur ki, 18 il bundan müqəddəm Badkubədə Hacıdan dövlətli və mədəniyyətli şəxslər olubsa da və hal-hazırda varsa da, ancaq Badkubədə teatrın əvvəlinci binasını qoyan hörmətli Hacı olubdur» – bu fikirlər də N.Nərimanova məxsusdur.
Teatr binası tikdirdiyi dövrdə onun iri neft istehsalı kompleksi var idi. İki neftdaşıyan gəmisi, Rusiyanın bir çox şəhərlərində anbarları, ağ neft və sürtkü yağı istehsal edən zavodları işləyirdi. 80-ci illərin axırlarında artıq Tağıyevin firması 10 milyon pud neft hasil edirdi.
Yəni Hacı teatr əvəzinə gəlirli sənaye sahələrinə pul qoymaqla varidatını daha da artırmaq imkanına malik idi. Amma o, teatr binası tikdirməyə üstünlük verir. Və illər keçir, bu şəhərdə Azərbaycan dilində də tamaşalar oynanılır. Tağıyev teatrı belə tamaşaların göstərildiyi mədəniyyət ocağına çevrilir. 1908-ci ildə isə Şərqin ilk operası – «Leyli və Məcnun» məhz bu teatrda tamaşaya qoyulur.
Bakıda müsəlman qadınlar da yavaş-yavaş teatr tamaşalarına maraq göstərməyə başlayırlar. Onda Tağıyev bu reallığı nəzərə alaraq teatr binasının daxilində dəyişiklik etmək qərarına gəlir: müsəlman qadınlar üçün lojalar düzəldilir. O lojalar ki, necə deyərlər, qadınları yad gözlərdən «qoruyur»: qadın lojalarının yan tərəflərinə qalın, ön hissəsinə tül pərdə asılır.
XX əsrin əvvəllərində Bakı neft və milyonlar səltənəti kimi məşhurlaşsa da, çağdaş Avropa mədəniyyətinin bir sıra elementlərini özündə ehtiva etsə də, hələ dini ehkamların güclü olduğu müsəlman şəhəri idi. Burada müsəlman qadınların teatra getməsi məqbul sayılmırdı, çünki digər incəsənət növləri kimi aktyorluq – insanın başqasının cildinə girməsi, kişilərlə qadınların eyni səhnəyə çıxması şəriət qanunlarına zidd sayılırdı. Məhz bu ehkamların qırılması və Bakıda müsəlman qadınların da teatra yolunun açılmasında mütərəqqi dünyagörüşlü bir şəxsiyyət kimi Tağıyevin xidməti böyükdür.
Hacı həyat yoldaşını və qızlarını vaxtaşırı teatr tamaşalarına baxmağa aparır. Hətta tamaşa salonunda özü və ailə üzvləri üçün daimi xüsusi loja ayırtdırır. «Hörmətli Hacı teatrı nəhayətdə sevir, hər axşam öz lojasında əyləşib artistlərin oyunlarına çox diqqətlə baxır» – bu da Nərimanovun müşahidəsidir.
1899-cu ildə Tağıyev teatrda təmir və yenidənqurma işləri gördürür. Tamaşa zalında yerlərin sayı artırılır. Yeni eyvanlar əlavə edilir. Tamaşa zalının döşəməsi bu dəfə maili qurulur ki, arxada əyləşənlər səhnəni daha yaxşı görsünlər. Eyni zamanda yanğın təhlükəsizliyi üçün bəzi tədbirlər də görülür.
Lakin bütün bu təhlükəsizlik tədbirləri 1909-cu ildə teatrda dəhşətli yanğına mane ola bilmir. Fevralın 21-də teatrda elə bir yanğın baş verir ki, ancaq divarlar qalır. Yanğın gündüz baş verdiyindən insan tələfatı olmur.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası da alovun söndürülməsində aciz qalır. Səhər saat 10-dan başlayan yanğının söndürülməsinə yeddi saat vaxt sərf olunur.
Şəhərdə şayiə yayılır ki, Tağıyev teatrı bərpa etmək istəmir. Bu xəbər Bakı ermənilərinin əlinə girəvə verir. İki gün sonra şəhər Dumasının iclasında çıxış edən erməni qlasnı Ayvazov deyir ki, şəhərin yeganə teatrı yanıb, Tağıyev də bərpa etmək istəmir. Yeni teatr tikmək üçün torpaq sahəsi ayırmaq lazımdır. Gecikdirmək olmaz, növbəti iclasda bu məsələyə baxılmalıdır. Lakin Tağıyev fikrini dəyişir. İyun ayında teatrı bərpa etdirmək qərarına gəlir və şəhər rəhbərliyinə yeni layihə təqdim edir. Lakin layihə bəyənilmir və Tağıyevin özünə qaytarılır.
Şəhər mühəndisi layihənin qüsurlarını göstərir: çıxış qapıları tamaşaçıların sayına görə azdır; qızdırıcı qurğu yoxdur; havatəmizləyici quraşdırılmayıb; yanğınsöndürənlər üçün mühafizə otağı ayrılmayıb və s. Odur ki layihə yenidən işlənir, təsdiq edilir və teatr 1910-cu ilin payızında istismara hazır vəziyyətə gətirilir.
Tağıyev teatrı, demək olar ki, yenidən qurulur, genişləndirilir, əlavə mərtəbə artırılır. Üstəlik, buxar qızdırıcısı, havatəmizləyici qurğu quraşdırılır…
1910-cu ilin dekabrında isə bu teatrda gənc Üzeyir bəy Hacıbəyovun yazdığı «General Tağıyev marşı» ilk dəfə ifa olunur. Elə Tağıyevin iştirakı ilə… Həm də Hacının şərəfinə! Yaxşı, bəs niyə «General Tağıyev»?
«General Tağıyev» marşı necə yaranmışdı?
1910-cu ildə Tağıyev teatrının 30 illiyi qeyd olunur. Əslində isə, bu teatr 1883-cü ildən fəaliyyətə başlayıb. Bu baxımdan teatrın 30 illiyinin niyə 1910-cu ildə qeyd olunduğu da sual doğurur. Bəlkə, bu tarix teatr binasının özülünün qoyulması tarixindən hesablanıb? Bilmirik. Lakin onu bilirik ki, 1910-cu ilin dekabrında Nicat Cəmiyyəti Tağıyev teatrının 30 illiyi ilə əlaqədar xüsusi tədbir təşkil edir. Həmin gün teatr binası işıqlarla bəzədilir. Binanın içərisinə xalçalar döşənir, hər tərəf gül-çiçəyə qərq edilir. Bu mədəniyyət ocağının əsasını qoyan Tağıyevin keçəcəyi pilləkənlərdə isə Nicat Cəmiyyətinin üzvləri sıraya düzülür və onun gəlişini alqışlayırlar.
Hacı təntənəli tədbirdə nitq söyləyir, teatr incəsənəti sahəsində müsəlmanların qazandığı uğurlardan danışır. Bundan sonra teatrın pərdəsi qalxır və… Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi orkestr bəstəkarın bu münasibətlə yazdığı xüsusi marşı ifa edir. «General Tağıyev» marşını…
Bəs Üzeyir bəy H.Z.Tağıyevə həsr etdiyi marşı niyə «General Tağıyev» adlandırır? Səbəbi sadədir: artıq Tağıyev general statusunda idi. 1907-ci il yanvarın 25-də imperator II Nikolayın fərmanı ilə bu vaxtadək kommersiya müşaviri titulu daşıyan H.Z.Tağıyevə həqiqi dövlət müşaviri mülki titulu verilmişdi. Bu mülki rütbəyə layiq görülənlər orduda general-mayor, donanmada isə kontr-admiral rütbələrinə bərabər imtiyaz sahibi sayılırdılar…
Həqiqi dövlət müşavirlərinə «Zati-aliləri» deyə müraciət olunmalıydı. Elə Bakıya – Tağıyevə ilk dəfə «Zati-aliləri» sözü ilə başlayan teleqramı da Tiflisdən Qafqaz canişini qraf Vorontsov-Daşkov göndərmişdi. Bu şad xəbəri ilk dəfə Hacıya canişin çatdırmış, onu təbrik etmişdi. Yazmışdı ki, «din qardaşlarınız arasında təhsil toxumu səpmək kimi yüksək faydalı fəaliyyətinizi bundan sonra da davam etdirəcəyinizə inanıram…»
Tağıyev canişinə cavab teleqramında təşəkkürünü bildirmiş, onu əmin etmişdi ki, «ömrümün sonuna kimi öz dinimdən olanların maarifləndirilməsi üçün nəzərdə tutduğum yolla gedəcəyəm». Bütün bunlar 1907-ci ilin əvvəllərində olmuşdu. Tağıyev general statuslu titul alanda…
1910-cu ilin dekabrında isə Tağıyev teatrının 30 illik yubiley tədbirində Üzeyir bəy məhz bu titula uyğun – «General Tağıyev» marşını təqdim edir. Tədbirdə Şillerin «Qaçaqlar» pyesindən və Üzeyir bəyin «Ər və arvad» operettasından parçalar oynanılır. Ərəblinski, Sarabski, Mirzə Ağa Əliyev kimi nəhəng aktyorların ifasında…
Bu yubileyə dəvət edilən Əli bəy Hüseynzadə isə tədbirdə iştirak edə bilmir. Tağıyevə xüsusi rəğbəti olan məşhur alim və publisist Hacını teleqramla təbrik edir: «Hörmətli Hacı, Bakını tərk edərək bu yubileydə iştirak edə bilmədiyimdən təəssüflənirəm. Səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm».
Əli bəy bundan bir gün əvvəl rəhbərlik etdiyi «Səadət» məktəbinin müəllim və şagirdləri ilə vidalaşaraq Türkiyəyə yola düşmüşdü. O, Konstantinopoldakı Hərbi-Tibb Akademiyasının Dermatologiya kafedrasına rəhbərlik etmək üçün gedirdi.
Əli bəy Hüseynzadədən söz düşmüşkən Tağıyev özü təhsilsiz olsa da, təhsilli adamlara xüsusi rəğbət bəsləyir, onlarla ünsiyyətə maraq göstərirdi.
Bütün bu kimi müsbət keyfiyyətlərə malik Hacını bütün ömrü boyu narahat edən bir çatışmazlığı, qüsuru var idi…
Hacının ən böyük çatışmazlığı
Tağıyev təhsil almamışdı! Yazıb-oxumağı bacarmırdı. Çünki uşaq vaxtı ailəsinin yoxsul olması ona təhsil almağa imkan verməmişdi. Böyüyəndən, özü varlanandan sonra isə gec olur… Ancaq Hacı böyüdükcə elmin, təhsilin nə demək olduğunu anlayır. Anlayır ki, müsəlmanların mədəniyyətdə və məişətdə geridə qalmaqlarının əsas səbəbi təhsilsizlikdir. Heç bir təhsil görməyən milyonlar sahibinin o dövrdə təhsilə bu cür qiymət verməsi, doğrudan da, təəccüblüdür.
Tağıyevin təhsil məsələsinə xüsusi diqqət yetirdiyini Nərimanov da vurğulayır: «Hərgah hörmətli Hacı elm təhsil etmiş olsaydı, onun millətə və vətənə olan xidmətləri onun şənini o payədə ucaltmazdı, necə ki indi. Çünki həqiqi elm vətənə və millətə qulluq etməyi tərbiyə verir». Yəni Hacı özü təhsilli olub elmə, təhsilə maraq göstərsəydi, burada qeyri-adi bir şey olmazdı. Məhz təhsili olmayan adamın bu mütərəqqi sahəyə xüsusi diqqət ayırması qeyri-adi bir hadisədir. Cəhalətin meydan suladığı XIX əsrin Bakısında xüsusən…
Hacı özünü dərk edəndən yazıb-oxumaq istəyənlərə kömək edir. Çünki dünyanın gedişatını anlayır, inkişafın elmlə, təhsillə bağlı olduğunu yaxşı başa düşür. İstər imperiya daxilində, istərsə də xarici dövlətlərdə baş verən proseslərə reaksiya verir, münasibət bildirir.
Bəs oxumağı bacarmayan Tağıyev ətrafda baş verənlərdən, xüsusən mətbuatdan necə xəbər tutur? Bu sualın cavabı «Sərvət və səxavətdə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı» kitabında var. Həmin kitabda Tağıyevin qəzetlərlə tanış olma «sirri»ndən də söhbət açılır, Hacının bu işə hər gün az qala dörd saat vaxt ayırdığı vurğulanır: «Əvvəlcə türk, fars və ərəb dillərində ruznamə (qəzet – red.) oxuyanı və mütərcimi cənab Mirzə Sadıq… oxuyur».
«Müsəlmani ruznamələrdən sonra rusi, firəngi dilinin mütərcimi müsyö Kadusli»nin növbəsi çatır və Hacını o məlumatlandırır.
Göründüyü kimi, Tağıyev mətbuatla tanışlıq üçün iki mirzə saxlayıb.
Hacının dünyada baş verən proseslərlə tanışlıq «mexanizmi»ndən N.Nərimanov da söhbət açır: «Hər gün rus mirzəsi rus lisanında məşhur qəzetləri oxuyur və arada sual-cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osmanlıda, Hindistanda və Misirdə verilən türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqətlə qulaq asıb öz təsəvvürünü söyləyir. Hacı politika, yəni siyasət məsələlərinə artıq diqqət edir. Hörmətli Hacının bu sinnində qüvveyi-hafizəsinin itiliyinə məəttəl qalınmalıdır. Gündə on qəzetəyə qədər oxunur, sabahı hamısından xəbər verməyə hazırdır: hansı əhvalatın hansı qəzetədə olmağını səhvsiz söylər. Bu səbəbə görə cənab Hacı zəmani-hazırda siyasidən, mədəniyyətdən və mərifətdən baxəbər bir zatdır. Nəinki türkcə və hətta rusca mədəniyyətdən və mərifətdən söhbət etməyə qadirdir». Bu qısa təqdimatdan göründüyü kimi, Tağıyev mətbuatı daim izləyir, yaşadığı ölkədə və dünyada baş verən hadisələrdən vaxtında məlumat ala bilir. Eyni zamanda özünün təhsil almamaq sahəsində yol verdiyi «səhvi» müasirləri olan cavanların təkrar etməməsinə çalışır. Oxumaq üçün ona müraciət edənləri, demək olar ki, naümid qoymur. Ömrünün sonuna qədər bir neçə məktəbin fəxri himayədarı olur, məktəb tikintisinə ianə verməkdə heç vaxt xəsislik etmir. Müqayisə üçün deyək ki, həm də qatı dindar olan Hacı təkcə 1909-cu ildə Rusiya imperiyasında məscid tikintisinə 18.500, məktəb-təlim işinə 77.000 rubl ianə ayırır. Və bu rəqəmlər havadan götürülməyib, arxiv sənədlərinə əsaslanır.
Hacı elm və təhsilin əhəmiyyətini həmişə yüksək qiymətləndirir. Həmişə gənclərə oxumağı, elmli olmağı tövsiyə edir və bu sahədə xeyriyyəçiliyə xüsusi əhəmiyyət verir.
Sonralar Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi rol oynamış onlarla məşhur alim, ictimai-siyasi xadim, ədəbiyyat və mədəniyyət adamının məhz Tağıyevin vəsaiti ilə oxuduğu indi heç kimə sirr deyil. Nəriman Nərimanov, Xudadat bəy Məlikaslanov, Ağa Axundov, Məşədi Əzizbəyov, Əziz Əliyev, Şövkət Məmmədova və s. kimi onlarla məşhur məhz Hacının yardımı ilə təhsil alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxışlarının birində H.Z.Tağıyevin təhsil sahəsinə qayğısından söhbət açaraq deyib: «Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və həmin pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi-Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu».
Bu fakt özü də Tağıyevin təhsil almaq üçün ona müraciət edənlərin kimliyinə xüsusi əhəmiyyət vermədiyini göstərir. Hacı o vaxt uzaq İrəvandan şəxsən tanımadığı bir gəncin müraciətini də cavabsız qoymur, onun oxumaq arzusuna yardımçı olur.
Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində təhsil üçün Tağıyevə müraciət edən gənclərin xeyli məktub-müraciəti saxlanılır. Nümunə üçün onlardan bəzi sitatları təqdim edirik.
Paris Universitetində təhsil alan Sədrəddin Məqsudi 1903-cü ildə çətinliklə üzləşir və Bakıya – Tağıyevə məktub göndərir: «…əmin olunuz, Hacı əfəndi, millət üçün faidəli bir adam olacağam. Etdiyiniz müavinət meyvəsiz qalmayacaqdır. Siz bəni hazırlayaraq millətimizə hədiyyə etmiş olacaqsınız».
Parisdən məktub yazan tələbə nə istəyir?
«Bu günlərdə əlimdə pək az bir şey qaldı. Halbuki bu on beş gün içində parə pək lazımdır. Çünki məktəbə vermək lazımdır. Məktəb üçün təqribən 200 frank gərəkdir. Bundan başqa, bir az da yaşamaq üçün lazım olacaqdır».
Başqa iki nəfər gənc isə Tiflisdən Hacıya bir məktubla müraciət edir. Yazırlar ki, «…biz iki cavan müsəlman anamızın göz dikəcək yeri və qohum-əqrəbamızın ümid bağlaması səbəbindən xahiş edirik, bu il, Allah qoysa, Tiflisdə olan Mədrəseyi-hərbiyyə ki, rusca ona «yunkerski işkola» deyirlər, o işkolaya girək. Bu səbəblə Vətəndən qıraq düşüb gəlmişik Tiflisə və oradan həm Qori şəhərinə ki, bu aprel ayından ta sentyabr ayına kimi bir əfsərin yanında hazırlaşaq. Pəs bizim ikimizin Qori şəhərində bir xanədə qalıb hazırlaşmağımıza bu beş ay müddətində dörd yüz əlli rubl zəruridir. Amma çifaidə, bizim bədbəxtliyimizdən bizdə o qüdrət və təvanə yoxdur ki, ol məbləği cəm edib verə bilək. Çünki biz bir kasıb və biçiz kəslərik. Pulun dörddən birini də verməyə halımız yoxdur. Əlhal cənabınızdan təvəqqe və ilhamımız budur ki, bizi bu kari-xeyrdə məyus qoymuyub bizə himmət əlinizi açasınız. Ta ki biz iki qərib cavani-məhrum didgiryan3 və üzüqara Vətənə qayıtmayaq!»
Təbrizdə yaşayan məşhur Ağa Seyid Tağı Pişnamaz Ordubadinin 25 yaşlı oğlu Seyid Həsən Tağızadə də yardım üçün Tağıyevə müraciət edir. Yazır ki, təhsil haqqında bir fikrim var və o da bundan ibarətdir ki, mən fransız, ingilis dillərini bildiyimdən ya gərək London və Amerikada ingiliscə və ya gərək Parisdə fransızca təhsil alım. Bunların hər üçü mənim üçün çətindir. Eşitmişəm ki, amerikalıların Beyrutda böyük və mötəbər bir məktəbi var. Orada başqa məmləkətlərdən olan beş-altı minə qədər tələbə təhsil alır. Məxsusi olaraq şərqli balaları üçün yaradıldığından orada cüzi təhsil haqqı götürülür. Yəni ildə 10 lirə təhsil haqqı və 25 lirə mənzil, yemək və s. xərc alınır. Belə olan surətdə mənim kimisi üçün altmış lirə kifayət edər ki, Beyrutda Amerika məktəbində təhsil alım. Yəni 35 lirə təhsil haqqı və 25 lirə başqa xərclər – kitab, paltar və s.
Təbrizli gənc sonda qeyd edir ki, əgər bu altmış lirəni mənim təhsilim üçün lütf etsəniz, ömrümün qalan hissəsi sizə mənsub olar və vətən, insaniyyət və islam aləminə hər nə xidmət edə bilsəm, sizin sayənizdə olmuş olar. Bakıya sizin ziyarətinizə gəlmək fikrində idim. İki şey mane oldu: biri Bakıda karantin, o biri isə utancaqlıq. Yazı ilə mümkün olanı hüzurda demək olmur. Rica edirəm ki, məni nigaran və məyus qoymayasınız…
Arxivdə belə məktub-müraciətlər az deyil. Tağıyev bu müraciətlərin hamısına müsbət cavab veribmi? Bilmirik. Lakin onu bilirik ki, bu gün də istər Bakıda, istərsə də xarici ölkələrdə təhsil alan və yəqin ki, zaman-zaman maddi problemlərlə üzləşən tələbə həmvətənlərimiz var. Bakıda vaxtilə H.Z.Tağıyevin imkanları səviyyəsində olan varlı adamlarımız da az deyil. Sağlıqlarına qismət…
Bəs çətinliyə düşən tələbələrin tanımaza-bilməzə məktubla müraciət edə biləcəyi imkanlı adamlarımız varmı? Bax sual budur… Tağıyevin böyüklüyünü daha aydın göstərən sual…
XX əsrin başlanğıcında Bakıda qız məktəbi açması isə Tağıyevin təhsilə xüsusi önəm verməsinin ən bariz nümunəsidir. Bu məktəblə bağlı əfsanələr də az deyil.
Ücretsiz ön izlemeyi tamamladınız.