Kitabı oku: «Sıfır nöqtəsində qadın», sayfa 2
Bir
Oxumaqda olduğunuz bu əsər bir qadının gerçək öyküsüdür. Bir neçə il öncə müxtəlif suçlar üzündən həbs edilən qadınların şəxsiyyətləri haqqında Qənatir zindanında araşdırmaya başlamışdım. Bu araşdırmada bir qadın diqqətimi çəkdi. Zindan doktorunun söylədiyinə görə, bu qadın bir kişini öldürdüyünə görə edama məhkum edilmişdi. Ancaq o, zindandakı qatil qadınların heç birinə bənzəmirdi.
Heç bir zaman zindanın içində və ya dışında ona bənzər bir qadınla qarşılaşamazsınız. Kimsəyə baxımır, kimsə ilə danışmırdı. Zindanda verilən yeməyi alıb öz yerinə çəkilərək danyeri sökülənədək oyaq qalır. Bəzən zindan keşikçisi onun gözlərinin saatlarca bir nöqtəyə zilləndiyini görür. Bir gün diləkçə (ərizə) yazmaq üçün kağız-qələm istədi. Kağızın üzərinə əyilərək saatlarca nəsə yazdığı hiss olunurdu. Zindan keşikçisi onun bir məktub yazdığını sandı. Ancaq o, bəlkə də heç bir şey yazmırdı.
Zindan doktoruna “qadın məni qəbul edəcəkmi?” deyə sordum.
Doktor “səninlə danışması üçün onu razı etməyə çalışacağam. Sizi məhkəmə tərəfindən gələn şəxs kimi deyil, bir psixoloq doktor kimi tanıtdırsam, bəlkə danışmağı qəbul edər. Şəxsən mənim sorularıma cavab vermək istəmir. Hətta edam hökmünün ləğv edilərək ömürlük həbslə dəyişməsi üçün prezidentə yazılmış ərizəni də imzalamaqdan imtina edir” dedi.
“Diləkçəni kim yazmış?” deyə sordum.
“Mən yazmışam” dedi və “doğrusunu sorsanız, onun qatil olduğuna inana bilmirəm. Onun üzünə və gözlərinə baxsanız, bu qədər mehriban bir qadının qatil olduğuna inana bilməzsiniz” deyə davam etdi.
“Qatillərin mehriban ola bilməyəcəklərini kim demiş?” deyə doktora sordum.
Doktor ani olaraq heyrətlə üzümə baxdı. Sonra da gərgin bir gülümsəməylə “bu günə qədər kimsəni öldürmüsünüzmü?” deyə soruşdu.
Mən də ondan “mən mehriban bir qadın olaraqmı görünməkdəyəm?” deyə soruşdum. Başını çevirib kiçik bir pəncərəyə işarə edərək: “Onun kamerası oradadır. Gedib onunla danışacağam, səninlə söhbət etməyə razı olsa dönüb xəbər verəcəyəm” dedi.
Doktor bir neçə dəqiqiədən sonra geri dönərək onun mənimlə görüşmək istəmədiyini söylədi. Bir neçə başqa qadınla da söhbətləşməli idim. Görüşməni başqa bir zamana ertələyib oradan ayrıldım.
Evdə bir iş görməyə həvəsim yox idi. Son kitabımın əlyazısı variantı üzərinə bir az göz gəzdirdim. Ancaq fikirlərimi bir yerə toplaya bilmədim. On gündən sonra darağacından asılıb öldürüləcək olan Firdovs adında qadından başqa heç bir şey düşünə bilmirdim. Ertəsi gün yenə də zindana uğradım.
Gözətçiyə “Firdovsla görüşmək istəyirəm” dedim.
Gözətçi “doktor xanım, mümkün deyil, o, sizinlə görüşməyəcək” söylədi.
“Nəyə görə?” dedim.
“Bir neçə gün sonra darağacından asılacaq. Siz və ya başqa birisi onun üçün nə edə bilərsiniz? Onu yalnız və rahat buraxın” söylədi.
Gözətçinin səsində gərginlik var idi. Sanki bir neçə gün sonra Firdovsi dardan asacaq adam mənmişəm kimi, qəzəblə mənə baxdı.
Ona “mənim zindan yetkililəri və digər dövlət orqanları ilə heç bir ilişkim yoxdur” dedim.
Əsəbi tonda “hər kəs sənin dediyini söyləyir” dedi.
“Nədən belə sinirli və səbirsizsən? Firdovsun suçsuz olduğunumu düşünürsən? O kişini onun öldürmədiyinimi sanırsan” deyə sordum.
Daha sinirli tərzdə “istər qatil olsun, istər olmasın o, suçsuz bir qadındır və edam edilməməlidir. Onları dardan asmaq lazımdır” dedi.
“Onları? Onlar kimdi?” söylədim.
Şübhə dolu baxışları mənə baxaraq “Öncə mənə kim olduğunuzu söyləyin. Sizi onlarmı bu qadınla görüşməyə göndərmişlər?” dedi.
Təkrar ona “onlar dedikdə kimi nəzərdə tutursunuz?” deyə sordum.
Qorxu dolu ehtiyatla ətrafı süzüb və bir az məndən uzaqlaşaraq “onlar…, yəni siz onları tanımırsınızmı?” dedi.
“Yox, tanımıram” dedim.
Kinayəli gülümsəmələri ilə uzaqlaşdı. Uzaqlaşarkən “necə ola bilər kimsə onları tanımasın” söyləyən zümzümələrini eşitdim.
Bir neçə kərə ard-arda zindana uğrasam da, Firdovsla görüşmək mümkün olmadı. Araşdırmalarımın təhlükədə olduğunu hiss etdim. Əslində bütün həyatım risk altında idi. Özümə olan güvənim sarsılmışdı və çətin anlar keçirirdim. Edam ediləcək bu qadının məndən daha üstün və böyük olduğunu hiss etdim. Onunla özümü qarşılaşdıranda milyonlarca həşərənin içində özümü yerdə sürünən bir həşərə kimi hiss etməyə başlamışdım. Hər dəfə gözətçi və ya zindan doktorunun onun mənimlə görüşmək istəmədiyini bildirəndə içimdə aşağılıq duyğusu yaşayırdım. Ağlımda ardıcıl olaraq bu suallar baş qaldırırdı: “O necə bir qadındır?”, “O, mənimlə görüşməkdən vaz keçərək özünü məndən üstünmü görmək istəyir?” Ancaq o, qürurunu qırmayaraq bağışlanması ilə ilgili prezindentə yazılan məktuba da imza atmamışdı. Əcəba, bu onun özünü dövlət başçısından da daha üstün görməsi anlamında deyilmi? Onunla bağlı içimdə cürbəcür duyğular baş qaldırırdı. Onun özünü çox yüksəklərdə gördüyünü açıqca hiss edirdim. İçim yanıb yaxılaraq onun qarşısında öz gücsüzlüyümə qalib gəlməyə çalışırdım. Yataraq bir neçə gündən sonra edam ediləcək o qadını unutmağa çalışırdım. Lakin beynimə sızan fikirlər yatmamı önləyirdi. Mənimlə görüşmək istəməyən bu qadın məni tanıyırmı? Yoxsa məni heç tanımadanmı görüşmək istəmir?
Ertəsi gün bir daha zindana uğradım. Firdovsla görüşməkdən ümidsiz olmuşdum. Zindana uğrayışım da görüşmək üçün deyildi. Gözətçi və ya doktorla bir şeylər danışacaqdım. Doktor hələ gəlməmişdi, ancaq gözətçi ilə görüşə bildim. Gözətçiyə “məni tanıyıb tanımadığı haqda Firdovs bir şeylər söylədimi?” deyə sordum.
Gözətçi “yox, heç bir şey söyləmədi, ancaq sizi tanıyıb tanımadığını bilmirəm” dedi.
–Nədən belə fikirləşirsiniz? Məni tanımadığını haradan bilirsiniz?
–Hiss edirəm.
Daş kimi yerimdəcə donub qalmışdım. Gözətçi öz işinin arxasınca getdi. Arabama minib oradan uzaqlaşmaq istəsəm də, başaramadım. Ağır və ağrılı bir duyğu qəlbimə basqı göstərir, ayaqlarım sanki geriyə dönüşümü önləyirdi. Ağır, çox ağır bir duyğu. Yer kürəsindən də ağır bir duyğu. Sanki mən yer kürəsinin üzərində deyil, yer kürəsi mənim üzərimdə idi. Bu hissi daha öncə, yalnız bir kərə yaşamışdım – sevdiyim kişi eşqimə rədd cavabı verəndə. Sadəcə bir kişi və ya milyonlarca insanlar tərəfindən deyil, bütün varlıq tərəfindən atıldığımı sanmışdım.
Çiyinlərimi düz tutub, dərin bir nəfəs alaraq içimdə güvən yaratmaq istəyirdim. Səhərin erkən çağında zindanın qapısında olduğum üçün öz-özümə təəccüblənirdim. Gözətçi belini əymiş, əlində bir silgəclə zindanın koridorunu süpürüb təmizləyirdi. Nədənsə bu gözətçiyə qarşı içimdə bir aşağılıq duyğusu yarandı. O, sadəcə zindanda təmizlik işləri ilə uğraşmaqda idi. Nə yaza, nə də oxuya bilirdi. Psixologiyadan da heç bir şey anlamırdı. Ancaq nədən bu qədər asanca onun hisslərinin doğruluğuna inandım.
Firdovs məni tanımadığını söyləmişdi. Gözətçi öz şəxsi hisslərinə dayanaraq bu sözləri deyirdi. Nədən gözətçinin şəxsi nəzəri doğru olaraq qəbul edilməlidir? Firdovs məni tanımadan görüşməkdən imtina etmişsə, o zaman mənim duyğularımın aşağılanmasının bir səbəbi olmalı idi. Onun mənimlə görüşmək istəməməsi sadəcə mənə qarşı müxalifət duyğusundan qaynaqlanmırdı, onun bu davranışı bütün dünya və insanlara qarşı etiraz idi.
Oradan uzaqlaşmaq üzrə arabama doğru hərəkət etdim. Varlığımı sarmış olan zehni durumum bir araşdırmaçını maraqlandıracaq türdən deyildi. Arabanın qapısını açarkən öz-özümə gülümsədim. Arabama toxunma bir doktor olaraq öz dəyərimi və mahiyyətimi xatırlamaq üçün sanki yardımçım oldu. Hansı durumda olursa-olsun, bir doktorun edama məhkum edilmiş bir qadından daha üstün özəllikləri var. Öz haqqımda düşünürdüm. Arabanı çalışdırıb ayağımı qaza basdım. Tam uzaqlaşmaq istərkən arxadan “doktor, doktor!” deyən bir səs duydum. Gözətçinin səsi idi. Tövşəyə-tövşəyə mənə tərəf qaçırdı. Onun kəsik-kəsik səsi mənə yuxuda gördüyüm səsi xatırladırdı: “Firdovs, doktor! Firdovs sizi görmək istəyir!” Adamın köks qəfəsəsi açılıb yumulurdu. Ölkə başçısının məni görmək istədiyi xəbərini çatdıracaq olsaydı, bəlkə də bu qədər həyəcanlanmazdı.
İndi mənim də köksüm həyəcandan açılıb yumulurdu. Qəlbimin sevinc səsini qulaqlarımla duyurdum. Arabadan necə endiyimi, gözətçinin gah önündə, gah arxasında necə qaçdığımı xatırlaya bilmirəm. Ayaqlarım sanki gövdəmi daşımırcasına sürətlə və uçarcasına yürüyürdüm. İçimi möhtəşəm bir duyğu sarmışdı. Qürurlu, mutlu və coşqulu idim. Göy üzü çox dərin maviliyə bürünmüş, dünyalar mənim olmuşdu. Buna bənzər bir duyğunu illər öncə aşiq olduğumda görüşə gedərkən yaşamışdım.
Firdovsun hücrəsinin önündə nəfəs almaq və yaxamı düzəltmək üçün bir an durdum. Araşdırmaçı psixoloq olduğumu anımsayaraq doğal halıma dönməyə çalışırdım. Açar qorxunc bir cırıltı ilə qapını açdı. Bu cırıltı səsi məni özümə qaytardı. Məchul bir həyəcanla dəri çantamı əllərimdə sıxırdım. Öz-özümə “nədən çəkinirsən, kimdir ki bu Firdovs, uzaq başı…” demək istərkən sözlər boğazımda kəsildi. Artıq Firdovsla qarşı-qarşıyaydıq.
Yerə mıxlanmışdım. Səssiz və hərəkətsiz yerimdəcə durdum. Nə ürəyimin atəşini, nə də ardımdan qapanan dəmir qapının səsini duydum. Baxışlarımız qarşılaşanda sanki ölmüşdüm. Bunlar kəsici bıçaq kimi insanın içinə işləyən, sorğulayan baxışlardı, donuq və qorxuducu idi. Tək bir kipriyi belə hərəkət etmir, üzündəki zərif tüklər tərpənmirdi. Ani bir səslə özümə gəldim. Bu səs onun bıçaq kimi kəsici səsi idi. Səs tonunda ən kiçik bir titrəşim və qərarsızlıq yox idi.
“Pəncərəni bağla!” dediyini eşitdim. Kor kimi pəncərəyə tərəf gedib örtdüm. Sonra dalğın halda ətrafıma boylandım. Hücrədə heç bir şey yox idi. Nə yataq, nə oturacaq. Heç bir şey.
“Yerə otur” söylədiyini eşitdim və çöməlib yerə oturdum. Yanvar ayı idi və döşəməyə heç bir şey sərilməmişdi. Soyuq yerdəcə oturmalı idim. Bir neçə gün sonra edam ediləcək Firdovs burada həbs həyatı keçirmişdi. Sanki yuxuda yol gedən uyurgəzər kimi idim. Döşəmə soyuq olsa da aldırış etmirdim. Yuxuda görünən dənizin sahili kimi idi. Onun soyuq sularında üzürdüm. Çılpaqdım və üzməyi başarmırdım. Fəqət nə soyuğu hiss edir, nə də boğulurdum. Firdovsun səsi yuxuda eşidilən səsə bənzəyirdi. Səs mənə yaxındı, ancaq yenə də çox uzaqdan gəlirdi. Uzaqdan danışırdı mənimlə, amma yanımda idi. Böylə səslərin haradan gəldiyini bilmərik. Yuxarıdan, aşağıdan, sağdan və ya soldan gəldiyini bilmərik. Yerin yeddi qat altından gəldiklərini, tavandan düşdüklərini, ya da göy üzündən endiklərini bilə bilmərik. Boşluqda hərəkət edən havanın qulaqlarımıza çarpması kimi, bütün yönlərdən axıb gələr bu səslər.
Amma bu, yuxu deyildi. Qulaqlarıma çarpan hava deyildi. Önümdə oturan gerçək bir qadın idi. Qapısı və pəncərəsi sıxca qapatılmış bu hücrədə qulaqlarıma çarpan səs yalnızca onun, Firdovsun səsi idi.