Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Leyli və Məcnun», sayfa 2

Yazı tipi:

Bir müddət sonra bu hadisədən xəbər tutub onların yolunu kəsdilər. Daha iki aşiq bir-birini görə bilmirdi. Qəlbi hicran dolu Məcnun ağlayır, daha Leylini görə bilmədiyi üçün bir neçə nəfərlə birgə tez-tez Nəcdə gedirdi. Onun dərdi günü-gündən artırdı. Dağı dolaşaraq sızlayır, yenə ah-vay edirdi. Artıq sevda xəstəsi olduğu hamıya bəlli olmuşdu, hər kəs bu rüsvayçılıqdan danışırdı. Qohumları bu səbəbdən Məcnunun atasına şikayət edirdilər. Məcnunun atası məəttəl qalmışdı. Oğluna nə qədər məsləhət, nəsihət versə də, nazı ilə oynasa da, yenə bir faydası olmurdu, dərdinə çarə tapmırdı. Dostlarından məsləhət istəyəndə isə, “Bu dərd bir qızın həsrətidir, eşqdən başına hava gəlib” – deyirdilər.

Məcnunun atası Leyligilin qapısına elçi düşməyi qərar verdi. Səfər üçün tədarük görüldü, kəcavələr hazırlandı, qiymətli əşyalar dəvələrə yükləndi. Amirilərin bir dəstəsi Leyligilə elçiliyə getdilər. Leylinin atasıgil başqa qəbilənin sayılan şəxslərindən idi. Onlar da öz qəbiləsinin adətinə uyğun olaraq gələnləri çox böyük hörmətlə qarşıladılar. Qiymətli hədiyyələr verdilər. Leylinin atası onlardan nə məqsədlə gəldiklərini soruşdu. Amirilərin başçısı dedi:

– Məqsədim sizinlə qohum olmaqdır. Sənin qızını öz oğlum üçün istəyirəm. Gəl bu iki ürəyi birləşdirək. Bilirsən ki, mən öz zəmanəmin məşhur adamlarından biriyəm. Bu izdivac sənin də şöhrətinə şöhrət qatar, başucalığı gətirər.

Leylinin atası bir qədər fikrə gedib:

– Sənin danışdıqların xoş sözlərdir, şöhrətin və qüdrətin də mənə məlumdur. Bu işin mənə çox xeyirli olacağını bilirəm. Amma bu sevda baş tutan deyil. Oğlunu yamanca ərköyün böyütmüsən, necə gəldi, harada gəldi, gəzib dolaşır. Arxasınca hər kəs “divanə” deyir. Bizə də divanələr tay ola bilməz. Əvvəlcə oğlunun bu mərəzinə çarə elə, sonra məhəbbətdən danış. Bizim ərəblər gözdən tük çəkirlər: sənə razılıq versəm, mənə gülərlər. Bu işdən əl çək. Mənim qərarım belədir: bu söhbəti birdəfəlik qurtaraq.

Bu sözləri eşidən atanın ürəyi kaman kimi inlədi. Dinməzcə oradan çıxıb geriyə döndü. Çıxış yolu yalnız Məcnunu razı salaraq başqa qızla evləndirmək idi. Qohumlar, dostlar min dil tökərək Məcnuna dedilər:

– Bax, qəbiləmizdə nə qədər gözəl-göyçək qız var. Hansını istəsən, səninçün alarıq. Niyə özünə əziyyət verirsən? Gəl bu sevdadan əl çək. Qarşında yüz tanış ola-ola, niyə yad qəbilənin qızına könül verirsən? O, Amirilərdən deyil, unut onu!

Amma Məcnun qohumların bu təklif və tələblərindən daha da pərişan oldu. Köynəyini cırıb əynindən çıxardı, lüt qaldı. Dedi:

– Ölmüşün kəfən nəyinə lazımdır?

Dərdi, məlalı daha da çoxaldı, camaatdan ayrılıb gah dağda, gah çöllərdə yaşadı. Heç kimi yaxınına qoymadı. Dəli kimi evləri gəzir, hər yerdə “Leyli, Leyli” deyə çağırırdı. Ayaqyalın, başıaçıq gəzir, həsrətlə inləyir, Leylinin məhəbbətini vəsf edən şeirlər deyirdi. Oradan gəlib keçənlər bu beytləri eşidib yadlarında saxlar, yeri gəldikcə oxuyardılar.

Məcnun isə səhraları divanətək gəzirdi. Üz-gözü torpağa bulaşmış, əyni cırılmışdı. Tanınmaz hala düşmüşdü. Onu qınayanlara öz-özünə cavab verir, günahın onda yox, bu məhəbbət bəlasında olduğunu deyirdi. Zamanının bəd övladı olduğunu, eşqin viran qoyduğu könlünün divanə və sərxoş olmaqdan başqa çarəsinin qalmadığını söyləyirdi.

Atası isə yazıq oğlunun bu əhvalını eşitdikcə ona ürəyi yanır, gecə-gündüz onun sağalması üçün dua edirdi. Bütün müqəddəs yerləri, pirləri gəzir, Allahdan oğlu üçün şəfa diləyirdi. Bütün qohumlar da onunla birgə gedib dua edərdilər. Amma bunun bir faydası olmadığını görüncə belə məsləhət gördülər ki, atası Məcnunu Kəbəyə aparsın.

– Yəqin ki, oradan bir nicat olar, – dedilər.

Həcc ziyarəti vaxtı gələndə atası Məcnuna yalvararaq onu kəcavəyə oturtdu. Özü ilə bərabər Kəbəyə apardı. Kəbəyə çatınca Amirilərin başçısı xəzinəsini açıb nəzirlər paylamağa başladı. Kəbə kölgəsinə çatanda oğlunu saxlayıb dedi:

– Oğlum, daha bura oyun yeri deyil. Bura sənin dərdinə əlac tapmağa gəlmişik, qurban olum, dua edib bu eşq zəncirindən azad ola bilərsən. Əllərini göyə açıb Tanrıya yalvar, de ki, səni bu bəladan azad etsin, rəhmini səndən əsirgəməsin. Dua et ki, səni divanəlikdən azad edib doğru yola yönəltsin.

Məcnun atasından bu sözləri eşidib əvvəl ağladı, sonra gülərək irəli atılıb Kəbə halqasından tutdu. Halqanı öpərək dedi:

– Ey yeri, göyü yaradan! Mənə deyirlər ki, bu məhəbbəti unudum. Amma bilmirlər ki, mən eşqlə nəfəs alıb, onunla yaşayıram. Mən eşqdən yoğrulmuşam, onsuz mən heç nəyəm. Məni öldür, amma eşqimi yaşat. Deyirlər ki, Leylini yaddan çıxarım, ürəyimdən silim. Amma mən bunu bacarmıram. Qoy onun eşqilə yanıb alovlanım! Onun sevgisini mənim ürəyimdən çıxarma. Yalvarıram, mənim ömrümdən kəsib Leylinin ömrünə cala.

Ata bu sözləri dinlədikcə artıq oğlunun əlacsız olduğunu anlayır, onun qəlbindəki məhəbbətin nə olduğunu başa düşürdü. Geriyə qayıtdıqdan sonra bu hadisəni qohumlara, dostlara danışdı:

– Elə fikirləşirdim ki, bu biçarə Allahdan dərdinə dərman istəyib bu eşqi unutmağını diləyəcək. Ancaq bildim ki, davası, dərmanı olmayan xəstədir o. Kəbədə Allahdan o qızın məhəbbətinin qəlbindən çıxmamasını istədi.

Beləliklə, Məcnunun sorağı bütün aləmə yayıldı. Kimi təəssüf etdi, kimi qınadı. Bəziləri isə Leyliyə lağ edib gülürdülər, yazıq qız da tənələrdən yaxa qurtarmaq üçün daha çadırından bayıra çıxmırdı.

Bir gün bir neçə nəfər Leylinin atasının yanına gəlib dedilər:

– Görürsənmi, biyabanda gəzib dolaşan sarsağın biri yanında da bir sürü özü kimilərilə buralara gəlir, yeri öpür, qəzəllər oxuyur. Qəzəlləri yaxşıdır, mənalıdır. Amma bizi rüsvay edir bu hərəkətlərlə. Ona bir qulaqburması vermək lazımdır ki, qızının da, bizim də canımız qurtarsın.

Leylinin atası qəzəbləndi, Məcnunu bir də buralara gəldiyində öldürəcəyini dedi. Xəbər Məcnunun atasına çatdı. O da bəlanın qarşısını almaqdan ötrü bir dəstə adam göndərdi ki, Məcnunu tapıb oraya getməmək üçün dilə tutsunlar. Bu dəstə nə qədər axtarsa da, Məcnun heç yerdən tapılmadı. Hər kəs təəssüf etdi.

Bir müddət sonra yad qəbilədən bir nəfər Bəni-Səd adlanan yerdə Məcnuna rast gəldi. Onu nəcib bir adama oxşatdı. Nə sual verdisə, Məcnun dinməzcə dayanıb cavab vermədi. Bir şey öyrənə bilməyən yolçu yoluna davam edib Məcnungilin qəbiləsinə çatdı. Burada o, biyabanda rastlaşdığı qərib divanədən, onun əriyib çöpə döndüyündən, bir dəri, bir sümük qaldığından danışmağa başladı. Məcnunun atası anladı ki, bu, onun oğludur. Yola çıxıb oğlunu axtarmaq üçün biyabana üz tutdu. Axtara-axtara gəlib viranəlikdə Məcnunu bir daş üstdə oturan gördü. Oğlunu görən kimi ona dil tökməyə başladı, geri dönməyi xahiş etdi. Məcnun atasının sözlərini eşidəndə onun qarşısında diz çökərək dedi:

– Ata, sən bu bədbəxt aşiqi bağışla. Səndən üzr istəyirəm, taleyimin belə olduğunu, məni bu vəziyyətdə görməyini istəməzdim, amma məni taleyin ixtiyarına burax. Düzdür, yanında üzüm qaradır, amma mənim ki dərdimi bilirsən, artıq gecdir.

Atanın qəlbi sızladı:

– Ey gözümün ağı-qarası oğul, nə oldu sənə, kimlərin gözü dəydi?! Sənə nə oldu ki, özünü belə unutdun, qəmə batıb düşməni sevindirdin? Gəl atanın sözlərini dinlə, evə dön. Qoy dostların şənlənsin. Unutma ki, hər şeyin əvvəlində səbir var, səbirli olsan, bəlkə də bəxt üzünə gülər.

Məcnun atasına söylədi:

– Ey dünyalardan uca, şan-şöhrətli ata! Sən məni qayğıyla böyüdüb, hər istəyimi yerinə yetirmisən, məni gül içində gül kimi bəsləmisən. Mən də səni hörmətsiz etmək istəməzdim, amma ixtiyarım özümdə deyil, məni üzrlü hesab et. Bu, mənim peşəmdir. Çoxları məni qınayır ki, gülmürəm. Bəs ürəyim dərdlə çırpındığı halda mən necə gülüm ki? Mənim nəsibim əziyyət oldu. Adım dillərə düşdü, buna görə də indi məni unudun.

Türler ve etiketler
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
70 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu