Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Leyli və Məcnun», sayfa 3

Yazı tipi:

Atası onun bu sözlərindən çox kədərləndi, gözünün yaşı sel olub axdı. Təsəlli verərək oğlunu öpüb qucaqladı, sonra evlərinə apardı. Bir neçə gün evlərində qalan Məcnun qəfəsə salınmış quş kimi çırpınırdı. Artıq burada qərar tuta bilməyib yenə çöllərə üz tutdu. Məhəbbəti ürəyində coşdu, duyğular onu yenə Nəcd dağına çəkib apardı. Yenə dağın ətəyində dolanır, başı havalı qəzəllər söyləyir, aşiqlər onun şərqilərindən ilham alırdılar.

İBN-SƏLAMIN LEYLİNİ GÖRMƏSİ

Leylinin gözəlliyi haqda söz-söhbətlər günü-gündən artır, hamı onun necə zərif, məlahətli, cazibədar olduğundan danışırdı. Leyli isə qəm otağının pəncərələri bağlı halda otururdu. Bəzən isə səhərdən ta axşama qədər dama çıxıb yollara baxır, nə vaxtsa orada Məcnunu görəcəyinə ümid edirdi. Nəcd dağı tərəfdən gələn yeldən də, buluddan da Məcnun xəbərini duymaq istəyirdi. Leyli eşidirdi ki, buradan gəlib-keçənlər Məcnunun qəzəllərini söyləyir, hətta uşaqlar da onun beytlərindən əzbər bilirlər. Məcnunun şeirlərindən od tutub yanan Leyli öz yazdığı cavablarla yanğısını söndürə bilirdi. Gecələr gizlində qanıyla yazdığı şeirləri yoldan keçənlər aparıb Məcnuna çatdırırdılar ki, hədiyyə olaraq bir qəzəl alsınlar. Beləcə, aşiq və məşuqə xəyalən danışırdılar. Bu minvalla düz bir il keçdi.

Gözəl yaz günlərindən biri idi: təbiət min bəzəkli donunu geymiş, gül-çiçəklər pardaxlanmış, ətrafda xoş ovqat yaranmışdı. Gülün həsrəti ilə bülbül yenə öz nəğməsini oxuyurdu. Bülbül sanki Məcnun, nazlı gül isə Leyli idi. Qəbilənin gözəl qızları Leylini də özləri ilə bərabər gülşənə gəzməyə çıxardılar. Çəmənliyin gəzib dolaşaraq səfalı bir yerdə oturdular. Hamı deyib-gülüb şənlənirdi. Leyli də əvvəlcə bu şənliyə qoşuldu, amma bir az sonra kənara çəkilib sakitcə çəməndə oturdu. Qəm dəryasına qərq olmuş, ətrafındakılar gözünə görünmürdü. Xəyalında yenə Məcnunu düşünürdü. Onun bu halını görən qızlardan biri qayıtdıqdan sonra Leylinin anasına bu hadisəni danışdı. Leylinin anası nə edəcəyini bilmədi. Fikirləşirdi ki, belə davam etsə, qızı da Məcnunun vəziyyətinə düşəcək.

Elə həmin gün qızlar çəmənlikdə əylənərkən oradan bir atlı keçib gedirdi. Bu atlı Bəni-Əsəd qəbiləsinin sayılan şəxslərindən biri İbn-Səlam idi. O, hədsiz varlıydı. İbn-Səlam qızlardan kənarda oturmuş Leylini görcək qəlbən ona vuruldu. Yurduna qayıdan kimi Leyligilə elçi göndərməyə qərar verdi. Elçilərlə bərabər özü də Leyligilə gəldi, onun ata və anasının əllərindən öpərək qızlarını istədi. Valideynlər bu işə həvəslə razı olduqlarını söylədilər. Özləri də qəlbən şad oldular. Ancaq İbn-Səlama bir az səbir eləməyi məsləhət gördülər. Dedilər ki, Leyli bir az xəstədir, halı özündə deyil. Bir müddət keçsin. Gözləyək, əhvalı yaxşılaşsın, bundan sonra kəbininizi kəsdirərsiniz.

İbn-Səlam bu sözləri eşidib o qədər şadlandı ki, heç bilmədi neyləsin.

NOFƏLİN MƏCNUNA YARDIM ETMƏSİ

Leyli çox qüssə edirdi. Öz çadırına çəkilmişdi, oradan bayıra çıxmırdı. Məcnunun dərdi Leylini haldan salmışdı. Gecə-gündüz Məcnunu fikirləşir, yuxusu ərşə çəkilmişdi. Didərgin Məcnun da vəhşi çöllərdə dolaşmaqdan tamam arıqlamış, tanınmaz hala düşmüşdü. Sərgərdan gəzməkdən əyninin paltarları cırıq-cırıq olmuşdu. Vəhşi heyvanlar ona dost olub, onunla bir gəzirdilər. Məcnun ayrılığa dözə bilmir, tez-tez Nəcd dağına gedirdi. Vəhşi heyvanlar da onu tərk etmirdi.

Oralarda Nofəl adlanan çox cəsur, qoçaq və mehriban bir igid vardı. Şöhrəti hər yana yayılmışdı. Ərəblər ondan qorxub çəkinərdilər. Çox əzəmətli bir ordu başçısıydı. Eyni zamanda çox da dövlətli şəxs idi.

Bir gün Nofəl ova çıxmışdı. Məcnun da vəhşi heyvanlarla birgə gəzib-dolaşırdı. Ürəkləri riqqətə gətirən sevgi nəğmələri oxuyurdu. Nofəl Məcnunun halından xəbər tutduqda onun kim olduğunu soruşdu. Yanındakılar dedilər:

– O, bir eşq dəlisidir. Leyli adlı bir qızı sevir. Onun dərdindən divanə olub. O, qıza qəzəllər yazır, qız da ona cavablar göndərir. Yurdlarından didərgin düşüb, yemək-içməyini də buradan keçənlər, onun şeirlərini dinləməyə gələnlər verir.

Məcnunun dərdini eşidən Nofəl dedi:

– Yox, bu məqamda bir kişilik etmək gərəkdir. Belə bir dərdə düşənə kömək etmək lazımdır. Bu bəxtsizə əlimdən gələn köməyi əsirgəməməliyəm.

Bu sözləri deyən Nofəl atını mindi, sürüb birbaş Məcnunun olduğu yerə gəldi. Atdan düşüb Məcnunu yanına çağırdı. Süfrəsinə oturdub şirin-şirin söhbətlərə başladı. Bu söhbətlər yavaş-yavaş Məcnunu yumşaltdı. O da bir qədər söhbət edib, azacıq şadlandı. Müsahibini xoşsifət görüb söhbət etdi, ürəyini ona açdı. Lakin Nofəl görürdü ki, bu zavallı nədən söhbət etsə, yenə dilindən Leyli kəlməsi düşmür. Sevgilisinə ünvanladığı qəzəl, qəsidələri bədahətən deyir. Nofəl bundan daha da təsirlənərək qərarını Məcnuna bildirib dedi:

– Sən o dilbərin həsrətilə şam kimi yanmayacaqsan. Mən sənə kömək edəcəyəm. İstər pul, qızıl, istərsə də qılınc gücünə olsun, səni niyyətinə çatdıracağam.

Məcnun bu sözləri eşidəndə dizləri büküldü. Nofəlin qarşısında diz çöküb sözə başladı:

– Yəqin ki, mənim könlümü yerindən oynadan bu xəbəri yalan demirsən. Onu mənə verməzlər. O bir pəri, mən isə divanəyəm. Rica edirəm, əgər məni yarı yolda qoyub bu işdən usanacaqsansa, elə indidən əl çək. Məni saxlama, gedim dərdimi çəkim…

Nofəl bu sözlərdən tutuldu:

– Yox, – dedi, – sənə tezliklə kömək edəcəyəm, söz verirəm!

Nofəl əhdinə sadiq qalacağına Allaha and içdi. Beləcə, Nofəl Məcnunu özü ilə sarayına gətirdi. Məcnun da bu təklifdən çox xoşhal olmuşdu. Hamamda çimib, paltarlarını dəyişmiş, yemək yeyib, şərab da içmişdi. Əvvəlki halından əsər qalmamışdı. Nofəl də Məcnuna çox öyrəşmişdi, onsuz süfrəyə oturmur, bir əyləncə qurmurdu. Onlar çox mehriban idilər. Sanki qardaş olmuşdular. Bu minvalla bir-iki ay keçdi.

Bir gün ikilikdə məclis qurub oturmuşdular. Söhbət edib dərdləşirdilər. Məcnun zəmanədən şikayətlənir, qəzəllər deyirdi. O, üzünü Nofələ tutub dedi:

– Dostluğumuzun vəfası budurmu? Axı sən mənə söz vermişdin. Verdiyin sözü nə tez unutdun?! Bəlkə, söylədiklərini danmaq istəyirsən? Amma mən bunu sənin böyüklüyünə yaraşdırmıram.

Nofəl onun bu sözlərindən əsla incimədi. Əksinə, tez igidləri başına toplayıb Leyligilin qəbilələrinə yürüş etməyə atlandılar. Mənzil başına çatdıqda Nofəl Leyligilə bir elçi göndərdi. Elçiyə belə tapşırdı:

– Onlara söylə ki, Leylini versinlər, istəklisinə qovuşsun. Yoxsa meydana qılınclar girəcək. Biz od kimi onların üstündən keçəcəyik.

Söz qəbilə adamlarına çatanda cavab gəldi:

– Bu mümkün olan iş deyil. Leyli kimi bir pərini divanəyə verə bilmərik. İş qılınca qalsa, sizin qılıncları qarşılamağa qılıncımız var.

Qasid bu xəbəri çatdırdıqda Nofəl yaman qəzəbləndi. Qasidə dedi:

– Bu saat qayıdıb onlara deyirsən ki, deyəsən, onlar mənim qılıncımı dadmayıblar. Mən qoşunumla onların yurdunu tufan kimi darmadağın edərəm.

Qasid gedib qayıtdı. Yenə Nofələ acı sözlər çatdırdı. Nofəl qəzəblənmiş aslana döndü. Qılıncını sıyırıb nərə çəkdi. İgidlərlə birlikdə Leyligilin qəbiləsinə hücum çəkdi. Döyüş başlandı. Oxlar yağış kimi tökülür, qızıl qanlar axır, qan dizə çatırdı. Qızmış ərəblər bir-birinin qanına susamış kimi döyüşürdülər. Məcnun isə əllərini göyə açıb yalvarırdı ki, barışıq olsun. Əlacı olsaydı, durub özünü qılınclayardı, düşmən tənəsi olmasaydı, öz qoşununu qırıb qurtarardı. Leyligilin qəbiləsində bir nəfər ölsə, göz yaşı töküb ağlayardı. Öz qoşunları qalib gələndə nizəni, oxu kənara atar, rəqib üstün olanda sevincdən nərə çəkərdi. Döyüşçülərdən bir nəfər bunu görüb soruşdu:

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
70 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu