Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Yeddi gözəl», sayfa 2

Yazı tipi:

Elə ki öz rəfiqimdən bu sözü eşitdim, həmən gecə gecikmədən, tələsik şəhərdən çıxdım və sürətlə özümü sizin xidmətinizə yetirdim.

Bəhram atasının vəfatı xəbərini eşidəndə gözlərindən ixtiyarsız yaş tökdü, rəngi saraldı, yerə yıxıldı. Atasının yerində səltənət taxtına otura bilməyəcəyindən rəngi boğulub qaraldı və çox məyus olub ah-zar eləməyə başladı. Bəhramı bu halda görən Münzir də başladı ağlamağa. Lakin Bəhrama təsəlli verməkdən ötrü yerindən qalxdı, onun ətəyini öpüb dedi:

– Xahiş edirəm ki, məhzun və məlul olmayasınız, çünki bu dünya fanidir və heç kəsdən ötrü əbədi deyildir. Həzrəti Şəhriyar Yəzdigürd şah vəfat eləyibsə, xudavəndi-aləm sizin ömrünüzü artırsın. Əgər buna görə qəmgin olubsunuzsa, söz verirəm, nə qədər canım və malım var, sizin xidmətinizdə hazıram və canımı sizə fəda elərəm.

Bəhram özü də qəm-qüssənin faydasız olduğunu başa düşüb, özünə təssəli verib belə düşündü ki, bu işdə tələsmək olmaz. Yəqin ki, onlar belə güman ediblər ki, mən də atam kimi zalım və qəddaram. Bir tərəfdən onların belə düşünməyə haqları da vardır, çünki məni görməyiblər. Hər halda səbir və soyuqqanlılıq etmək lazımdır! Əgər mən ağılla rəftar etsəm, onlar mənə meyl edərlər.

BƏHRAMIN YƏMƏNDƏN HƏRƏKƏT ETMƏSİ

Xülasə, Bəhram bütün bu fikirlərini Münzirə bildirdi və əmr etdi ki, səfərə çıxmaq üçün hazırlıq görsünlər. Münzir piyada və atlı ordusu ilə İran tərəfinə hərəkət etdilər. Elə ki İran sərhədinə yetişdilər, bu xəbər İran əhlinə və Xosrov şahın qulağına çatdı, Xosrov şah öz-özünə dedi: “Böyük bir fitnə baş verəcək”.

O, çox qorxuya düşdü. Dövlət adamlarını topladı və üzünü onlara tutub dedi:

– Madam ki, bu əjdahaxasiyyət Bəhram bu taxt-tacın varisidir, məni niyə bu təhlükəyə saldınız?

– Çünki bizim Bəhrama meylimiz yoxdur. Çalışarıq ki, onu dəf edək. Bəhram uşaqdır, elə ki bizim naməmiz ona çatacaq, o qorxub öz yerinə qayıdacaq.

XOSROVUN BƏHRAMA NAMƏ YAZMASI

Xülasə, hamısı Bəhrama namə yazmağı məsləhət gördü. Məktubu bu məzmunda yazdılar: “Əvvəl Allah-taalya şükür-səna olsun. Ey bəxti uca və ey taleyi cavan şahzadə! Əvvəla, sizə dua və salam olsun. İkinci budur ki, sənin atan vəfat edəndən sonra rəhmli Allah məni padşahlığa layiq bilib və bu səltənət taxtını mənə əta eyləyib. İndi mən İran məmləkətinin sahibi olmuşam. Lakin əsl həqiqətdə İran məmləkətinin taxt-tacına o qədər də meylim yoxdur. Məni padşahlığa layiq biliblər və özlərinə padşah ediblər. Məsəl var, deyirlər: “İnsanın düşməni öz nəfsidir, öz arzusudur”. Sizin üçün dövlət idarə etməkdənsə, eyş-işrət yaxşıdır. Sizə şikara getmək min dəfə bu zəhərli nemətdən yaxşıdır. Öz meyliniz ilə nə vaxt istəsəniz, şikara gedin; niyə özünüzü möhnət və zəhmətə salırsınız? Əgər həqiqəti bilmək istəsəniz, dünyanın padşahlığı sizin eyş-işrətinizdir, heç bir kəsin fikrini çəkməzsiniz. Lakin mən bədbəxt, sizin əksinizə gündüzlər və gecələr qəm, qüssə içində fikir edirəm, eyş-işrətdən məhrum olmuşam. Belə surətdə, ey şahzadə, kaş mən sizin yerinizə olaydım. Həmişə xoşhal gəzib-dolanardım.Yox, mən demirəm ki, siz padşahlığa və tac-taxta layiq deyilsiniz! Hər nə olubsa, sizin atanızdan olub. Çünki bütün rəislər, ordu, vəzirlər və rəiyyət atanızdan razı deyildilər. O zülm və cəfanı ki sizin atanız Yəzdigürd rəiyyətinə eləmişdi, xalq sizin padşahlığınıza razı deyil. Hamısı sizdən incikdirlər. Bunların hamısını özünüz fikirləşin”.

VƏZİRLƏRİN BƏHRAMIN YANINA GƏLMƏSİ

Xülasə, məktubu bu təfsil ilə yazıb iki nəfər zirək, ağıllı və işbilən vəzir, neçə nəfər kamil və fazil adam seçib Bəhramın ordusuna tərəf yola düşdülər. Bəhram da əmr etdi ki, onları yanına gətirsinlər. Gələnlər Padşaha layiq ədəb-ərkanla təzim edəndən sonra Bəhramın hüzurunda əllərini sinələrinə qoyub dayandılar. Bəhram kəmali-şövkət ilə bəzəkli bir taxtın üstündə əyləşmişdi. O, özünün sağ tərəfində yer göstərib hamısına əyləşmək izni verdi və onlara çox nəvaziş və mərhəmətlər göstərdi. Sonra birinci vəzir yerindən qalxdı. Bəhramın dua və sənasını yerinə yetirib, kamali-ehtiram ilə naməni ona verdi. Bəhram naməni açıb xətibə verdi. Əmr elədi ki, naməni ucadan oxusun. Namənin məzmunundan xəbərdar olan Bəhramın üzü od kimi qızardı. Bir azdan yavaş-yavaş nəzakət ilə əvvəlki vəziyyətinə qayıtdı, kamali-təmkin və vüqar ilə başını yuxarı qaldırıb buyurdu:

– Bəli, namənin məzmunundan xəbərdar oldum və yazılanların hamısını anladım. Eyş-işrət mənim üçün əlverişli olsa da, çoxlu cavahirata malik olsam da, yeddi iqlimi almağa gücüm çatsa da, fikrim budur ki, ata-babamdan mənə qalan mirası alam. Deyə bilərsiniz ki, sənin atan Allahlıq iddiası edirdi. Mən isə öz Allahımı tanıyıram. Deyirlər sənin atan zalım idi, mən adiləm. Deyirlər, sənin atan qəzəbli idi, mən həliməm. Siz məni atamla müqayisə edirsiniz, lakin məsələ sizin düşündüyünüz kimi deyil. Mən indiyə kimi yuxuda idim, lakin indi qəflət yuxusundan ayılmışam. Bu, mənim öz haqqımdır. O şəxslər ki, doğruluq, ədalət tərəfdarıdır və düşüncələri yaxşıdı, məndən iltifat və məhəbbət görəcəklər. O kəslər ki, xalqın xeyirxahıdır və xeyirli məsləhətləri var, onlara qarşı qəflət eləmərəm və günahsız bir kəsi incitmərəm. O şey ki, hər kəsin şənini və ləyaqətini ucaldır, yerinə yetirəcəyəm və biliciləri öz qapımdan qovmaram, onların məsləhətlərini qəbul və icra edərəm. Dövlət və məmləkət işlərini başqalarına tapşırmaram və öz nəfsim ilə xalqın işlərinə köməklik göstərərəm.

Bu mətləbi Bəhram həmən məclisdə bəyan eylədi. Elçilər öz qəlblərində Bəhrama afərin dedilər və Bəhramın haqqında düşündüklərinin əksini gördükdə ədalətindən xəbərdar olub elədiklərindən peşman oldular. Vəzir o saat qalxıb Bəhramın taxtının ayağından öpdü, dua və səna edəndən sonra öz peşmanlığını bildirdi. Hamısı ərz elədi ki, mətləbi bizə yalan deyiblər. Siz tacı-taxta və mülki-dövlətə layiqsiniz. Çünki səltənət sizə ata-babadan qalıb. Biz Xosrov adlı bir nəfəri padşahlığa qəbul edib onunla möhkəm əhd-peyman bağlamışıq, canımızı və malımızı onun yolunda vermişik. İndi bir möhkəm dəlil lazımdır ki, bağladığımız bu əhd və peymanı pozaq və ona cavab verək.

Elə ki Bəhram bu kəlamı vəzirlərdən eşitdi, qəlbdən şad oldu. Buyurdu:

– Sizin haqqınız var. Çünki əhd bağlamaq böyük bir işdir. Amma mən bir təklif verim, sözünüz yalan olmasın, padşahınız Xosrov da sizə irad tutmasın. O təklif budur ki, mənim atamın tacını, taxtını bir böyük və geniş meydanda qoysunlar, iki böyük və ac şiri gətirsinlər meydanın ortasına və o tacı o iki şirin arasında qoysunlar. Deyin ki, hər kəs bu tacı-taxta layiqdir, getsin o tacı o iki şirin arasından götürsün. Kim o tacı o iki şirin arasından götürsə, tacı-taxta sahib olmaq onun haqqıdır. Heç kəsin də deməyə bir sözü olmasın, mən buna razıyam.

Vəzirlər və məclis əhli bunu bəyəndilər, Bəhramın hüzurundan çıxıb dua-səna eləyə-eləyə qayıtdılar Xosrovun xidmətinə. Bəhramla qəbul etdikləri qərarı Xosrova bildirdilər. Xosrov bu mətləbi eşitdikdə rəngi qaçdı, tacı iki şirin arasından götürməyin nə olduğunu anlayıb dedi:

– Mən heç cürə özümü şirlərə yem eləmərəm. Siz nə üçün şücaət və mərdliklə əvəzsiz və taxtın halal varisi olan Bəhram kimi şəxslə məni təhlükəyə salmısınız və səltənəti mənə tapşırmısınız?

Vəzirlər və vəkillər ərz elədilər ki, bəli, doğrudur, ancaq Bəhramla bağlanmış şərt çox çətindir. İnanmıram ki, o, bunun öhdəsindən gələ və tacı iki şirin arasından götürə. Əgər Bəhram bu işin öhdəsindən gəlməsə, şəkk-şübhə yoxdur ki, siz padşahlıqda qalacaqsınız. Əgər onun öhdəsindən gəlib şirlərin arasından tacı götürsə, o vaxt sizin və bizim danışmağa haqqımız yoxdur. Gərək padşahlığı ona təslim eləyək və onun itaətini yerinə yetirək.

Xülasə, çarəsiz qalıb bu qərarı qəbul etdilər və hamı bu mətləbə razı oldu. O gün keçib sabah olanda şəhərin mərkəzində bir böyük meydan düzəltdilər, hamını heyrət götürmüşdü ki, aya, bu iş necə sona çatacaqdır?

BƏHRAMIN İKİ ŞİRİ BAŞ-BAŞA VURMASI

Xosrov gəlib əmr etdi, taxtı meydanın ortasına gətirdilər və tacı da taxtın üstünə qoydular. Əmr elədi yüz nəfər şir təlimçisi min zəhmət və məşəqqət ilə iki ac şiri gətirdilər və onların taxtın iki tərəfində zəncirlədilər. Bəhramdan ötəri hamı qəmli və təşviş içində idi. Onların heybətli görünüşü və nərəsi tamaşa edənləri vahiməyə salırdı. Bu vaxt Bəhrama xəbər verdilər ki, meydan hazırdır. Bəhram həmin saat Münzir ilə ayağa durdu, neçə nəfər vəzir ilə meydana daxil oldu. Bəhramı görənlərin qəlbində ona qarşı böyük məhəbbət oyandı və düşündülər ki, o şirlərin cəngindən xilas ola bilməz. Camaat fikirləşirdi ki, bu qorxulu işi təşkil edənlər vəzir və vəkillərdir. Ona görə öz aralarında əhd-peyman bağladılar ki, Allah eləməmiş əgər şirlər Bəhramı tələf etsələr, hamımız hücum çəkib vəzir və vəkilləri qətlə yetirəcəyik.

Bəhram kamali-şövkət və cəlal ilə gəlib bir münasib yerdə dayandı və gözlədi. Carçılar car çəkdilər ki, əmirlərdən, vəzirlərdən və qoşundan tacı-taxta meyli olan və səltənətə sahib olmaq istəyən varsa, gəlsin bu iki şirin arasında qoyulmuş taxtın üstündəki tacı götürsün. Bu sözü eşidən hər kəs qorxudan özünü geriyə çəkdi. Bəhram gördü ki, hamı gözünü ona zilləyibdir. O atından düşüb, üstündəki bütün silahları çıxarıb yerə atdı, köynək və alt paltarının üstündən belinə şal bağladı. Vəzirlər və məmləkətin əyanları Bəhramı belə gördükdə gülməyə başladılar. Bəhramın məhəbbətini ürəyində daşıyanlar çox məlul və məhzun oldular. O tərəfdən Bəhram öz qəlbində qazi-yülhücata müraciət elədi:

– İlahi, sən hər yerdə varsan və hər şeyi görürsən, bu bədəni bu qədər məxluqatın içində xəcil edib, utandırma.

Özünü şirlərin yaxınına yetirdi. İki şir hərəkətə gəldi, zəncirlərini qırıq-qırıq edib birdən Bəhrama tərəf həmlə elədilər. Bəhram öz yerində dayandı. Şirlər Bəhrama yaxınlaşanda Bəhram “bismillah” deyib əlini ona uzatdı. Hər iki şirin qulağından tutub bütün qüvvəsi ilə başlarını bir-birinə elə vurdu ki, onun zərbindən hər ikisinin kəlləsi boranı kimi parçalandı. Bəhram zirəklik edib taxtın üstündəki tacı götürdü və başına qoydu.

İRANLILARIN BƏHRAMA BEYƏT VERMƏLƏRİ

Bəhramda bu şücaət və mərdanəliyi görən camaat elə hay-küy saldı ki, guya qiyamət qopub. Xosrov gəlib Bəhramın taxtını öpdü və iman gətirdi. Daha sonra əhali, böyükdən-kiçiyə kimi gəlib kamal-mərifətlə Bəhrama təzim etdi. Bəhram da öz növbəsində onların hamısına iltifat və nəvazişlər elədi, yerindən qalxıb şadlıqla səltənət taxtına əyləşdi. Bəhram əmr etdi xəzinənin qapısını açdılar, çoxlu ehsan və bəxşişlər verdilər. Carçılar bazar və məhəllələrdə car çəkdilər, belə xəbər və müjdə verdilər ki, “mən Bəhram, Yəzdigürd şahın oğluyam. Bütün camaata məlum olsun ki, Allah bu fəqir bəndəni tac-taxta layiq görüb. Gərək bunun şükür-sənasını yerinə-yetirib, öhdəsindən gələm. Özüm bildirirəm ki, tacı o iki şirin arasından götürməyə nə mənim hünərim çatardı, nə qılıncın qüvvəti. Bir halda ki Allahın inayət və lütfü mənə nəsib oldu, mən də gərək onun iradəsini yerinə yetirəm. Allahın bu nemət və inayətinin qədrini biləcək, heç vaxt məndən inciməyəcəksiniz. Bütün vəzir və vəkillərimə xəbər verirəm, agah və xəbərdar olsunlar ki, onlar da mənim kimi ədalət və əminliyi özlərinə peşə və adət etməlidirlər. Mənim bu idarə üslubumdan hər kəsin xoşu gəlməsə, qoy gəlməsin. Mənim bir kəsdən qorxum yoxdur.

Bəli, carçılar bu cür car çəkib bunları camaata xəbər verdilər. Adamlar bu sözləri carçıdan eşitdikdə, “Allaha şükürlər olsun” – dedilər, səcdəyə düşüb Bəhrama dua-səna elədilər və “Afərin” dedilər.

Xülasə, Bəhram bu qayda ilə səltənət taxtında bərqərar oldu. Ədalət və insaf qapısını açdı, şan və şövkətinin səsi bütün dünyaya yayıldı. Hünər və mərifət sahibləri onun iltifat və nəvazişlərindən xoşhal oldular. O, haqq və ədalət əsasında hökm elədi, bir kəsə nahaq işinə görə tərəfgirlik eləmədi. Bütün xalqı – kasıbları, dövlətliləri bir gözdə gördü. Ömrünün ən gənc çağı olmağına baxmayaraq, rəiyyətlə ədalətlə rəftar edirdi. Dörd-beş ilə qədər ömrünü bu qayda ilə keçirdi. Lakin o, Xəvərnəqdə şəkillərini gördüyü yeddi qızın məhəbbətini bir dəqiqə belə olsun qəlbindən, xəyalından çıxara bilmirdi. Öz aləmində fikir eləyirdi: “Əgər günlərimi həmişə qəm-qüssə ilə keçirsəm, səhhətimə ziyan vurmuş olacağam. Bir tərəfdən məmləkət işləri, digər tərəfdən eşqin giriftarlığı cəm olub məni xataya salar. Odur ki, bir həftə səltənət və məmləkət işlərinə məşğul olum, xalqın xahişinə, arzusuna yetişim, bir həftə də eyş-işrətlə və eşqbazlıqla vaxt keçirəm”.

FİTNƏNİN BƏHRAMLA SÖHBƏTİ

Bir gün hərəmxanaya daxil olub oradakı kənizləri nəzərdən keçirdi. Fikrini dağıtmaq məqsədilə ürəyinə yatıb ülfət bağladığı bir kənizlə həmsöhbət oldu. Onunla münasib olan kəniz bir qəllaş qızı, Fitnə idi. Oxumaqda və oynamaqda əvəzsizdi. Bəhramın qəlbini şad etmək üçün sazı əlinə alıb, nəhayət, Fitnənin ülfət və məhəbbəti onun qəlbində elə bir mərtəbəyə yetişdi ki, onu öz yanından kənara qoymadı. Bir gün Bəhram yenə də şikara getmək fikrinə düşdü. Əmr elədi ki, şikar tədarükü görsünlər. Fitnəni də özü ilə götürən Bəhram şövkət və cəlal ilə ovlağa rəvan oldular. Hər tərəfə at sürüb, ov ovlamağa başladılar. Bəhram bütün atlıları öz yanından uzaqlaşdırdı. Bu vaxt qəzadan bir cüt gur Bəhramın atının qabağından sıçradı və yüz qədəm gedib durdu. Onları görən Bəhram o gurları ovlamaq meylinə düşdü. Üzünü Fitnəyə tutub dedi:

– Bu şikarları nə cür ovlayım?

Fitnə dedi:

– Həzrəti-şəhriyarın ox atmaqda çox məharəti vardır. Məhz tamaşadan ötəri elə ovlayın ki, gurun dırnağı və qulağı bir-birinə bitişsin.

Fitnənin bu arzusundan Bəhramın çox xoşu gəldi. Həmin saat oxdandan bir ox çıxardı. Ox gəlib gurun qulağından dəydi. Gur qabaq ayağını oxa tərəf qaldıranda Bəhram yenə bir ox atdı, gurun ayağı ilə qulağını bir-birinə yapışdırdı. Ondan sonra üzünü Fitnəyə tərəf tutub soruşdu:

– İstədiyin kimi alındımı, bəyəndinmi?

Fitnə Bəhramın sözünə gülüb dedi:

– Bu məşhur məsəldir ki, deyərlər: “Yaxşı iş görmək o işi çox təkrar etməkdəndir”.

Ey şəhriyar, uzun müddətdir ki, at çapmaq və ox atmaqla məşğulsunuz, bu hünər təlimin nəticəsidir, siz bunu hünər bilirsiniz, mən isə bunu hünər sanmıram.

Bəhram bu sözü Fitnədən eşitdikdə çox acıqlandı. Cavabı şəninə layiq sanmadığından, Fitnəni atın üstündən yerə saldı, onu atın ayağının altında taptalamaq istədi, lakin səbir elədi. Fikirləşdi: “Əgər mən bu qızı öldürsəm, mənim adım batar, çünki qadın öldürmək kişidən ötəri böyük eyibdir. Əgər onu diri buraxsam, ola bilsin ki, fitnə törətsin”. Bu barədə bir qədər fikirləşdi, bütün atlılar Bəhramın ətrafında cəm olan vaxt, Bəhram onların içərisində özünə məhrəm sandığı sərkərdəni yanına çağırdı və gizlində qulağına pıçıldadı:

– Bu qızı götür apar və pis vücudunu dünyadan rədd elə.

Sərkərdə dərhal Fitnəni o yerdən götürüb getdi. Yol boyu təəssüf edir, fikirləşirdi: “Bu zərif insanı nə cür qətlə yetirim?”

Fitnə də başa düşürdü ki, böyük bəlaya düçar olub. Ona görə üzünü sərkərdəyə tutub dedi:

– Siz bilirsiniz ki, mən Bəhramın xüsusi kənizlərindənəm və həmişə onun yanında olan munisiyəm. Bəhrama dediyim sözə görə o mənə acıqlandı və hökm elədi ki, məni qətlə yetirəsən. Bəhram nə vaxtsa məni öldürdüyün üçün peşman olacaq. Nə vaxtsa məni sizdən istəyəcək və öldüyümü gördükdə sizdən intiqam alacaqdır. Ona fikir verin, hərgah Bəhram mənim yoxluğuma şad və xoşhal olsa, çətin bir iş deyil, yenə məni öldürün. Yox əgər Bəhramı kədərli və məzhun görsəniz, bilin ki, o, mənim yoxluğumun intiqamını səndən alacaqdır.

Fitnə bunu deyib cavahirlərlə bəzədilmiş gərdənbəndini boynundan çıxarıb sərkərdəyə verdi. Sərkərdə əvvəl cavahiratdan, sonra isə kənizin ağıllı sözlərindən xoşhal oldu. Xeyli fikir edəndən sonra cariyəni götürüb çox səfalı və göylü-göyərtili olan öz kəndinə apardı. Bu kənddə ali bir imarət var idi. Fitnəni həmin imarətə qoyub, Bəhramın hüzuruna qayıtdı. Bu hadisədən iki gün keçdi. Bəhram fitnənin xiffətini çəkirdi və öz əməlindən peşman olmuşdu. Özünü məzəmmət eləməyə başlamışdı. Sərkərdəni çağırıb Fitnənin əhvalını ondan soruşdu. Sərkərdə dedi ki, necə əmr etmişdinizsə, elə də eləmişəm. Bu sözü eşidən Bəhramın gözündən yaş axdı, başladı ağlamağa. Sərkərdə Bəhramın halətini müşahidə edəndə Fitnənin ağlına afərin dedi. Öz aləmində düşünüb dedi:

– Əgər Fitnəni qətlə yetirsəydim, mənim işim pis olardı.

O, Bəhramın hüzurundan çıxıb evinə getdi. Bir neçə nəfər xidmətçi çağırdı, Fitnəni onlara tapşırdı. Özünün başqa yaxşı bir yerdə gözəl imarəti və köşkü var idi. Altmış pilləsi olan bu imarəti Fitnə üçün ayırdı. Nökərlərinə əmr eylədi ki, onun xidmətində yaxşı dursunlar. Bir gün öz xidmətçilərinə əmr elədi ki, mənə təzə dünyaya gəlmiş bir dana tapıb gətirin. Xidmətçilər çox axtardıqdan sonra bir dana tapdılar və onu Fitnənin yanına gətirdilər. Fitnə o danaya özü qulluq elədi. Hər gün dananı qucağına alıb altmış pilləli qəsrə çıxır və orada ona ot-ələf verir, yenə qucağına alıb aşağı düşürürdü. Bir sözlə, üç il bu işlə məşğul oldu. Bu müddət ərzində dana böyüyüb bir öküz oldu. Fitnə çiyinlərində onu yuxarı qaldırıb, aşağı endirməyə elə adət etmişdi ki, bu iş onun üçün daha çətin deyildi. Fitnə bir gün bir neçə almaz daşı götürüb sərkərdəyə verdi və dedi:

– Bu almazları bazarda sat, bir neçə dənə qoyun, şəkər, bal, yağ al gətir.

Sərkərdə Fitnənin bu sözündən heyrətə gəldi. Lakin bir söz demədi, Fitnənin tapşırdığı şeyləri gedib bazardan alıb gətirdi. O vaxt Fitnə dedi:

– Sizin və mənim işlərim əncam tapsın deyə padşah üçün yaxşı bir tədarük görməliyik. Bir gün Bəhram şah şikardan ötəri bu yerdən keçəndə biz onu qonaq eləyək. Bu işdə heç qorxub eləmə. Ondan ötəri ki, bu cür işlər Bəhramın təbiət və məzacına uyğundur.

Sərkərdə bu kəlamı Fitnədən eşidən kimi bunu özü üçün faydalı sandı. Həmən saat padşaha layiq bir tədarük görməyə başladı və gözlədi ki, Bəhram nə vaxt bu tərəfdən şikara gedəcək ki, onu ziyafətə dəvət etsin.

BƏHRAMIN QƏSRDƏ QONAQ QALMASI

Nəhayət, bir gün Bəhram şikara çıxmışdı, sərkərdə onun yanında idi. Təsadüfən kəndin ətrafında Fitnənin yaşadığı imarət və uca köşk Bəhramın diqqətini cəlb etdi. Soruşdu:

– Bu qəsr kimindir?

Sərkərdə ərz elədi ki, bu kənd və soruşduğunuz imarət mən nökərinizindir.

– Mərhəmət buyursanız, o köşk qibleyi aləm üçündür. Çox müddət idi ki, fürsət tapıb şəhriyarı buraya dəvət etmək arzusunda idim. Çünki siz, bütün binəvalara ədalət və ehsan buyuransınız. Həzrəti-şəhriyarımız bu qəsrə təşrif buyursa, bu kəndin başı uca olacaq, – deyə sərkərdə dil tökərək Bəhramdan xahiş etdi.

Bəhram sərkərdənin sözlərində şad oldu və bildirdi ki, şikardan qayıdanda dəvətini qəbul edərəm. Sərkərdə şadlığından oradan tələsik öz evinə gəldi, Bəhramın qonaq gələcəyi müjdəsini Fitnəyə verdi. Fitnə bu xəbərdən çox məmnun oldu. Yerindən qalxıb ziyafət tədarükü görməyə başladı. Bəhramın yolunu gözlədilər. İkinci vaxtı Bəhram şikardan qayıtdı. Öz vədəsinə vəfa eyləyib sərkərdənin evinə gəldi. Bəhram o altmış pillə köşkü başa vurunca yoruldu, nəfəsi daraldı, təngnəfəslikdən sonra əyləşib vəzir və vəkillər ilə söhbət etdi. Sərkərdə də şəhriyarın qarşısında əli-əl üstə durmuşdu, əmr və fərmanını gözləyirdi. Bütün məclis əhli şam yeməyinə məşğul oldu. O əsnada Bəhram üzünü sərkərdəyə tutub buyurdu:

– Həqiqətən, əcəb qəsrdir, lakin bu altmış pillə məni yordu. Sən altmış yaşa çatanda bu pillələri necə çıxacaqsan?

Sərkərdə kamal və ədəblə həzrəti-şəhriyara söylədi:

– Allah-taaladan arzum və diləyim budur ki, həzrəti-şəhriyarın ömrünü uzun eləsin. Sizin mənim haqqımda buyurduğunuz layiqli sözlərdir. Lakin nəzərə alın ki, nə cür olsa, mən kişiyəm, təəccüb bundadır ki, hüsnü-camalı olan 15 yaşlı bir qız gecə-gündüz çox böyük bir öküzü qoltuğuna alıb bu altmış pilləni yuxarı çıxarır və aşağı düşürür.

Sərkərdənin bu sözlərinə bütün vəzir, vəkillər, məclis əhli təəccüb eylədilər. Onlar bunu yalan sanıb, inanmadılar. Hamısı başlarını aşağı salıb müntəzir idilər ki, görək Bəhram nə cavab verəcəkdir? Bir saat keçdi, Bəhram sərkərdəyə buyurdu:

– Öz gözümlə görməsəm, inanmaram. Bunu aşikar eləməsəm, mənim əlimdən xilas olmazsan.

Sərkərdə həmən saat pillələri aşağı enib vəziyyəti Fitnəyə söylədi. Fitnə özünü cavahirlərlə tikilmiş libaslarını geyinib bəzənmişdi. Yerindən min işvə-naz ilə qalxdı, özünü o öküzün bərabərinə yetirdi. Fitnə öküzü qoltuğuna alıb, pillələrdən yuxarı qalxdı və Bəhramın bərabərində yerə qoydu. O, ədəblə Bəhramın dua və sənasını yerinə yetirdi, sonra dedi:

– Mən bir kənizəm, bu öküzü yerdən pillələrlə yuxarı qaldırdım, indi həzrəti-şəhriyar, qoy bir başqa şəxs bunu aşağıya endirsin.

Bəhram çox təəccüblənmişdi. Qızdakı bu hünərə heyran qalıb dedi:

– Olsun ki, bu öküzü balaca vaxtından hər gün yuxarı çıxarıb, aşağıya endirmisən və bu, səndə bir adət şəkli alıbdır. Məlumdur ki, dünyanın bütün işləri təhsil almaqdan və adət üzündən icra olunur. Bu sözü eşidən Fitnə, ucadan gülməyə başladı, dedi:

– Xudavəndi-aləm sizi həmişə səltənət başında eləsin. Ey aləmin pənah gətirdiyi, bu çox qəribədir: necə olur ki, bu böyüklükdə bir öküzü yuxarıya qaldırıb, aşağı endirmək məşq eləməyin nəticəsi sayılır, gurun qıçının qulağına tikilməsi isə yox? Mən öz təlimimin hünəri ilə başıuca oldum. Halbuki, həzrəti-şəhriyarın gurun qıçını qulağına tikməsi hadisəsini təlimin nəticəsi adlandıran kəsi isə siz uzun müddətdir ki, qəzəbə düçar edib, müqəssir sanırsınız?

Bəhram kəlamın nəyə işarə olduğunu anladı, xəcalətlə öz yerindən qalxıb, qızın üzündəki niqabı qaldırdı və Fitnəni tanıdı. Əlini boynuna salıb, üzündən öpdü, çox üzürlə onu öz yanında əyləşdirdi, məhəbbət və nəvaziş göstərdi. Sərkərdənin işini mükafatlandırdı. Fitnə ilə çoxlu söhbət edib, məhəbbətini göstərdi və bir an belə ondan ayrılmaq istəmədi. Lakin Bəhram məhəbbətinə giriftar olduğu o qızların fərağından taqətsiz idi. Səltənət işinə məşğul olsa da, həmişə onlara qovuşmaq xəyalında idi. Cavanlıq həvəsiylə Fitnə ilə eyş-işrətə məşğul olur, günlərini belə keçirirdi. Yavaş-yavaş Bəhram bütün vaxtını eyş-işrətə sərf elədi. Nəhayət, iş o yerə çatdı ki, səltənətinə ziyan yetişdi. Vəzir və vəkillər Bəhramdan qorxduqları üçün ölkənin vəziyyətini ona deyə bilməzdilər. Kənar kəslər onun səltənət işlərinə qarışır, hər gün xalqın içində qeylüqal salır, onları çaşdırırdılar. Məlumdur ki, Xudavəndi-aləm məxluqata hakim seçəndə xalqın işinə yarayan, zülmü dəf edən kəsi seçər. Bunun əksinə rəftar edən padşah xalqın qəlbinə girə bilməz. Digər dövlətlər onun mülkünə, malına tamah salarlar. Fürsət əldə edib onu yıxmaq istəyərlər.

BƏHRAMIN ŞƏHƏRDƏN GETMƏSİ

Bəhram hayıf ki, o vəziyyətə düşdü. O, taxt-səltənətdən əl çəkib eyş-işrətə məşğul oldu. Gecə-gündüz şadlıq və nicat dalınca getdi, xalqın işinə fikir vermədi. Ona görə gözü Bəhramın dövlət və məmləkətində olan Çin padşahı fürsəti əldən verməyib, Çindən İrana tərəf hərəkət etdi. Bəhram qəflət yuxusundan ayılsa da, bu, fayda vermədi. Bütün camaatın qəlbi incidiyindən heç kəs ona meyl və rəğbət eləmədi. Gözləyirdilər ki, Çin padşahı İrana daxil olub, hamısı ona təslim olsun və ölkəni onun əlinə versinlər. Bəhram xalqın bu fikrindən xəbərdar oldu. Çin padşahı özünün üç yüz min qoşunu ilə şəhərə yaxınlaşanda çarəsiz Bəhram, üç yüz nəfərini götürüb, qaranlıq bir gecədə şəhərdən çıxdı. Bəhramın ölkədən qaçması xəbəri şəhərə yayıldı. Bu xəbərdən vəzir, vəkillər çox xoşhal oldular. Çin padşahı da eşidib, dayanmadan şəhərə daxil oldu. Xalq Çin padşahını qəbul edib, onu tanıdığını bildirdi. Çin padşahı arxayınlıqla padşahlıq taxtına əyləşdi. İran mülkünü zəbt elədi. Lakin o, qəflətdə idi. İki ay bu minval ilə keçdi. Bəhramın qəzəbdən gecəsi-gündüzü yox idi. Düşünürdü bu, nə işdir tutmuş, necə fəlakətə düçar olmuşdur?! Dünyanın varlığını özünə haram etmiş, bu işi özünün ibrət dərsi kimi qəbul etmişdi. O, Allahın dərgahına şükür eləyib bir daha qəflət etməyəcəyinə, səltənətin işini özgələrə tapşırmayacağına söz verdi. Xülasə, qaranlıq gecələrdən birində üç yüz nəfər atlını silahlandırıb xəbərsiz şəhərə daxil oldu. Çin ordusu ilə vuruşan Bəhramın ordusu böyük şücaət göstərməyə başladı. Davanın odu şölələndi, dad və fəryad səsi şəhərdə göyə qalxdı. Bəhram hər kəsə yetişirdi, ac şir kimi aman verməyib, onu qılıncıyla biçib doğrayırdı. Xülasə, o gecə bir çaşqınlıq və qovğa törəndi ki, gəl görəsən.

ÇİN PADŞAHININ QAÇMASI

Bu hadisədən xəbər tutan Çin padşahının əl-ayağı qurudu, bilmədi ki, nə eləsin. Öz canını qurtarmaq üçün bir neçə atlı ilə atlanıb şəhərdən qaçdı və Çinə tərəf yola düşdü. Xülasə, Bəhram o gecəni sübhə kimi dava edib, Çin qoşununu qətlə yetirdi, ölən öldü, qaçan qaçdı. Sübh vaxtı Bəhram gedib səltənət taxtında əyləşdi. Vəzir və vəkilləri çağırdı, əmr elədi ki, onları meydanda dara çəksinlər. Digər şəxslərdən bəzisini şəhərdən qovdurdu, bəzilərini də həbs etdirdi. Bir daha səltənət işinə etinasız yanaşmadı. Xülasə, Bəhram yenə İrana sahib oldu. Dövlətlilərin hamısı Bəhramın vahimə və qorxusundan arxayınlığını itirdi. Ölkənin işlərini qaydaya salan Bəhram, Çin padşahına belə bir məktub yazdı: “Allahı yada saldıqdan sonra bil və agah ol ki, mən əvvəlcə qəflət elədim, lakin bəxtim yar oldu və mən ayıldım. Qəflət yuxusuna getməyimə baxmayaraq, yenə sizə qalib gəldim və siz mənim əlimdən qaçdınız. Üç yüz atlı ilə üç yüz min qoşununuzu qırıb heç elədim, bunların hamısını Allahın köməyi kimi başa düşürəm. İndi sən belə xəyal edirsən ki, mənim əlimdən qaçıb xilas olmusan. Mənim üçün Çin məmləkətini almaq və sizi mühasirə etmək çox asandır. İstəyirsən ki, mənim əlimdən xilas olasan qızın Yəqmənazı Çin məmləkətinin yeddi illik maliyatı və bir çox peşkəşlər ilə İrana yola salasan. Əks təqdirdə məmləkətinə gəlib, oranı xaraba və viran edərəm, bayquşun, qarğanın məkanına çevirərəm.

Bu məzmunda yazdığı məktubu çox ağıllı sərkərdənin əlinə verib Çin ölkəsinə yola saldı. Bəhramın özü isə şöhrəti İranı tutmuş Keykavus nəslindən olan Kəsranın Dürsəti adlı qızını axtarmağa başladı. Çoxlu axtarışdan sonra onu tapıb, öz hərəmxanasına gətirdi. Onu görən Bəhram Xəvərnəq qəsrindəki şəkli yadına saldı. Nəzərində o gözəl qızın surəti canlandı. Həmin saat canı-dillə ona nəvaziş göstərdi. Çinə göndərilmiş sərkərdə də yolu başa vurub, mənzilinə yetişdi. Çin xaqanı Bəhramdan məktub gətirdiyini eşitdikdə əmr elədi ki, vəzir onun pişvazına çıxsın və ehtiram ilə onu şəhərə daxil etsin. Onu Çin xaqanının yanına apardılar. Sərkərdə padşahın dua və sənasından sonra məktubu qoltuğundan çıxarıb, Xaqanın əlinə tapşırdı. Xaqan məktubu açıb oxudu. Məktubun məzmunundan xəbərdar olanda xaqanın rəngi dəyişdi, gah qızardı, gah saraldı. Çox fikir edəndən sonra başını yuxarı qaldırıb dedi:

– Məktubun cavabını sabah verəcəyəm.

Çin xaqanı o gecə bütün vəzir-vəkilləri, adamlarını, məmləkətin adlı-sanlılarını, sərkərdələrini bir yerə toplayıb, məsləhət və məşvərət etdi. Məclis əhli Bəhramın kağızını qabaqlarına qoyub, ucadan oxumağa başladı. Düşündülər ki, bu məktuba necə cavab yazsınlar. Axırda ölkənin ağsaqqalı, dünyagörmüş və işbilən vəzir yerindən qalxıb dedi:

– Ey cahan padşahı, sizə məlum və aşkardır ki, bir duaçı nökəriniz olaraq əvvəlindən indiyə kimi bütün ömrümü sizə sədaqət və düzgünlüklə xidmətdə sərf eyləmişəm. Bu xüsusda belə məsləhət görürəm və münasib bilirəm ki, sülh, barışıq müharibədən daha yaxşıdır. Həm də münəccimlərdən belə eşitmişəm ki, Bəhram Gur yeddi iqlimə sahib olacaq və yeddi hökmran padşahın qızını alacaqdır. Bir halda ki, iş bu cürdür, Bəhram ilə müharibə eləmək fayda verməz. Bir halda ki, o üç yüz atlısı ilə sizin üç yüz min atlınızı tələf elədi, barışıq eləmək müharibədən daha yaxşıdır.

Bütün məclis əhli vəzirin sözünü təsdiq elədi. Dedilər ki, biz Bəhramın şan-şövkətini eşitmişik və onun şücaət və mərdanəliyini görmüşük. Bundan sonra onun əmrinə və fərmanına itaət eləyib yerinə yetirməkdən başqa bir çarə yoxdur. Padşah bir qədər fikrə gedib sonra dedi:

– Mən istəməzdim ki, belə olsun, indi ki belədir, sizin sözünüzü qəbul edirəm. Görüm işin axırı necə olacaqdır.

Söhbət burada xətm olundu. O gecəni bu vəziyyətdə keçirib, sübh olanda sərkərdələri çağırdı. Namənin cavabını yazdı və bir neçə nəfər vəzirlə, bir qədər qoşun toplayıb qızı sərkərdələrin əlinə tapşırdı və ehtiram ilə İrana tərəf yola saldı. Bir az müddətdə İrani-zəminə yetişdilər. Gəlib Bəhramın hüzuruna çatdılar. Çin padşahının məktubunu, hədiyyələri, yeddiillik maliyatı, bacı təqdim eləyib, qızı hərəmxanaya göndərdilər. Bəhram namənin cavabını oxudu, məzmunundan xəbərdar oldu və öz bəxt və taleyindən sevindi. Çin padşahının qızına nəzər yetirib dedi:

– Həqiqətən, zəriflikdə və gözəllikdə əvəzsizdir. Yüz mənim kimi aşiqi öz eşqinin kəməndinə sala bilər.

Qızı bu zəriflikdə və nəzakətdə görən Bəhram sevincindən səcdəyə düşüb Allahına şükür eləyib söylədi:

– İlahi, bu zəif bəndəni – məni bütün arzularına qovuşdurdun və muradımı hasil edib, xalqın içində başı uca elədin. Bu aciz bəndən sənin nemətlərinin şükürünü necə yerinə yetirəcəkdir? Ey mənim xaliqim və ey mənim məbudum, bəndənə bu iki qızın vüsalını əta buyurduğun kimi o beş qızın vüsalını da asan eylə!

₺105,38

Türler ve etiketler

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
240 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Dədə Qorqud
Народное творчество (Фольклор)
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 3, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre