Kitabı oku: «Sadəcə özün ol», sayfa 3
Sadəcə tək-tük insan bəzən heç nə etməmək sənətini bilir. Heç nə etmədiyin zaman tamamilə öz varlığın olursan. Etmək və olmaq həyatı yaşamağın iki yoludur. Etmək şəklindəki həyat çox sıxıcıdır: olmaq şəklindəki həyat isə alidir, ilahidir. Mən sənə demirəm etməkdən tamamilə imtina et, etmək həyatında ikinci olmalıdır, olmaq isə birinci dərəcəli. Etmək sadəcə həyatdakı ehtiyac, tələbat üçün, olmaq isə sənin həqiqi var-dövlətin, həqiqi kefin, həqiqi coşğun olmalıdır.
Cahil insanlar çox xoşbəxt görünür, çünki burda olmalarının məqsədini, amalını bilmirlər. Yerinə yetirilməli missiyaları olduğunu bilmirlər. Onlar hardasa oyuncaq ayılarıyla oynayan uşaqlara bənzəyirlər. Oyuncaqlarının forması dəyişdirilə bilər; birinin oyuncağı puldur, başqa birininki qadınlar, bir başqasınınkı kişilər. Amma nə edirsən et, məsələn, pulun artdıqca özünü daha xoşbəxt hiss edərsən, yeni sevgili tapanda, yaxud vəzifən qalxanda xoşbəxt hiss edərsən özünü; tamamilə xoşbəxtsən. Azca dərrakəlisənsə, bu qeyri-mümkündür.
Şüurlu insan belə kiçik şeylərin potensiala çatmaq üçün ancaq maneə olduğunu aydın görür. Onlar səni boş şeylərlə məşğul edər, qəbirdə sona çatacaq həyatın içində sənin başını qatar. Şüurlu insan sonu soruşmağa başlayar və bu da onun təməl axtarışı halına gələr. Şüurlu insan belə soruşur: Qəbrin fövqündə nəsə varmı? Əgər qəbrin fövqündə heç nə yoxdursa, onda bu həyat tamamilə yuxudan ibarətdir, mənasızdır. Əgər fövqdə heç nə yoxdursa, həyat elə də vacib ola bilməz, mənalı bir şey ola bilməz.
Ancaq axmaq insan cəmiyyətin ona verdiyi hər cür oyuncaqla çox xoşbəxt olar. Sən axmaq olma!
Daha bir neçə kəlam:
Səhv etmək insancadır, bunu etiraf etmək isə ilahidir.
Səhv etmək tamamilə insanlara xas olan haldır. Onu günahkarlıq hiss etmədən etiraf etmək – səhvlərini etiraf edərkən sadəcə insanlığını etiraf etmiş olursan – varlığında dönüşə səbəb olar. İlahi olandan, fövqdən gələn bir şey açılmağa başlayar.
Hər buludun ətrafında gümüşü şəfəq var və köhnə geyimin belə hansısa bir tərəfi yenidir.
Əgər optimistlər olmasaydı, pessimistlər necə kədərli olduqlarını bilməzdilər.
İnsanlar çox vaxt özlərini başqalarıyla müqayisə edirlər. Bu müqayisələr səbəbindən sevincli yaxud kədərli olurlar.
Bir dəfə çox məşhur Hindli dindarla görüşdüm. Danışıqlarımıza qulaq assınlar deyə bir neçə nəfəri də dəvət etmişdi. Belə dedi: “Bilirsiniz xoşbəxtliyin sirri nədir? Həmişə kədərli insanlara baxmaq. Şikəst insanlara baxdığınızda özünüz şikəst olmadığınız üçün sevinərsiniz. Korlara baxanda kor olmadığınız üçün sevinərsiniz. Çox kasıb insanlara baxanda kasıb olmadığınız üçün sevinərsiniz”.
Bu insan nə danışır belə?! Belə dedim: “Adi şeyi başa düşə bilmirsən. Əgər biri özünü başqalarıyla müqayisə etməyə başlasa, özünü təkcə bəxtsiz insanlarla müqayisə etməyəcək, özündən daha varlı, daha gözəl, daha güclü, daha hörmətli olanlara da baxacaq. Bu vəziyyətdə səfil olacaq. Sən o insana xoşbəxtliyin sirrini vermirsən, səfalət içində olmağın sirrini verirsən”.
Fərqli sözlər istifadə etməsinə baxmayaraq, əsas sirri eyni olan bütün dini və müqəddəs kitablar belə deyir :
– Özünü xoşbəxt hiss et, çünki çox səfil insanlar var. Allaha səfil olmadığın üçün şükür elə.
Amma bu birtərəfli qala bilməz. Müqayisə metodunu öyrəndinsə, özünü təkcə səndən aşağı olanlarla müqayisə etməzsən; istəmədən də olsa, özünü səndən yuxarı olanlarla müqayisə etməli olarsan; belə olan halda, böyük səfalət ortaya çıxar.
Əslində, müqayisə etmək doğru bir şey deyil. Sən özünsən və sənin müqayisə edilə biləcəyin kimsə yoxdur. Sən müqayisə ediləcək bir şey deyilsən. Başqa insanlar da həmçinin.
Əsla müqayisə etmə. Müqayisə səni bayağı, bəsit olana bağlayan səbəblərdən biridir, çünki müqayisə rəqabət yaradır, rəqabət də acgözlük yaradır. O tək gəlmir, özüylə bir çox şeyi də gətirir. Bir dəfə rəqabətçi hala gəldinsə, bunun sonu yoxdur, o bitmədən sən tükənmiş olacaqsan. Rəqabətçi olmusansa, demək həyatındakı ən axmaq yolu seçmisən.
Etdiyi qısa açıqlamalar çox məntiqli gəldiyi üçün yaşadığı dövrün müdrik insanlarından biri kimi tanınan Henri Forddan bir dəfə soruşublar. Henri Ford: “Tarix cəfəngiyyatdır” – deyən ilk insandır və bu, tamamilə doğrudur. Ondan soruşublar: “Uğurlu həyatınız boyunca nə öyrənmisiniz?”. O, tanıyacağınız ən çox uğur qazanmış insanlardan biridir, kasıblıqdan dünyanın ən varlı insanı olma nöqtəsinə ucalmışdır, dediyi sözləri yadda saxlamaq lazımdır. Henri Ford belə cavab vermiş: “Uğurlu həyatım boyunca sadəcə bir şey öyrəndim – nərdivanı, pillələri çıxmağı. Və son pilləyə gələndə özümü çox axmaq və utanmış hiss etdim, çünki artıq gedəsi yer qalmamışdı”.
Arxamca gələn, eyni nərdivanın yuxarı pilləsinə çatmaq üçün çox çalışan insanlara özümü axmaq kimi hiss etdiyimi deyə bilmərəm. Niyə mübarizə aparırdım? Əgər onlara: “Olduğunuz yerdə qalın. Vaxtınızı boşuna sərf etməyin, çünki heç bir şey yoxdur. Bir dəfə yuxarı, zirvəyə çatdınızsa, orda qalacaqsınız. Aşağı düşə bilməzsiniz, çünki bu geriləmə kimi görsənər. İrəli də gedə bilməzsiniz, çünki qabaqda gediləsi yer yoxdur” – desəm, məni heç kim eşitməz.
Dövlət başçıları, baş nazirlər özlərini ilişib qalmış kimi hiss edər. Artıq reallaşacaq bir şeyin olduğunu bilirlər, o da düşməkdir. Qalxmalı yer qalmayıb, olduqları yerdən aşağı düşməkdən başqa gediləsi yer yoxdur. Buna görə vəzifələrindən sıx-sıx yapışıblar, ancaq bu, doğru yaşamaq şəkli deyil. Əvvəl nərdivana çıxıb insanlarla mübarizə edərsən; ən sonda ilişib qalarsan, və heç kim onu səndən ala bilməsin deyə son pillədən bərk yapışarsan. Bunların hamısı dəlilik deyil?
İnsanlar bu planeti dəlixanaya çevirdi. Əgər ağlı başında olan biri olmaq istəyirsənsə, hansısa bir günahkarlıq hissi, hansısa bir lənətləmə olmadan özün ol. Özünü qəbul elə.
Bu, sənə verilmiş bir hədiyyədir; minnətdar ol və sənə başqasının oxşarı olaraq yox, olduğun kimi böyüməyin üçün, özünə məxsus mənliyində qala bilməyin üçün köməkçi olacaq şeyləri axtarmağa başla.
Özün olmaqdan daha böyük xoşbəxtlik yoxdur.
Ücretsiz ön izlemeyi tamamladınız.