Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Şəhidlərin duası», sayfa 2

Yazı tipi:

Atsızın müharibə və şəhidlərlə bağlı üç hekayəsinin də nəşr tarixlərindən əvvəl yazıldığını düşünürəm. Belə düşünməyimin səbəbi hekayələrin dili və üslubudur. Daha sonrakı yazı və romanlarında görünən dəqiq və kəskin üslub bu hekayələrdə yoxdur. İndiki zaman təkrarları, kəsik cümlələr, Sərvəti Fünun ədəbiyyatından Məşrutə Dövrü ədəbiyyatına əks olunan "Ah!" kimi nidalara görə bu hekayələrin Atsız yaradıcılığının başlanğıc dövrü üslubunu əks etdirdiyini güman edirəm. Hekayələrdən "Qayıdış"la "İki kapral" Birinci Dünya Müharibəsi ilə bağlıdır. "Şəhidlərin duası" hekayəsindəsə Sakarya Müharibəsindən bəhs edilir. Bu üç hekayə İstiqlal Müharibəsindən sonrakı illərdə, bəlkə də, Atsızın Türk Ocağını Qırmızı Alma otağına daşıdığı 1926-cı ildən sonrakı bir dövrdə yazıla bilər.

"Qayıdış" Birinci Dünya Müharibəsindən qayıdan bir əsgərin hekayəsidir. Əsgərin anası və xanımı ölüb, qardaşları isə şəhid olub. Yalnız ahıl atası ilə kiçik qızı sağ qalıb. Əsgərlərin qayıdacağını öyrənən kəndlilər yaxınlarını qarşılamaq üçün qəsəbəyə gedirlər. Qoca baba və balaca qız qarşılamağa gedənlər arasındadır. Lakin gözlədikləri əsgər gəlmir. Onlar boynubükük kəndə qayıdırlar. Yolda dəhşətli qar fırtınasına rast gəlirlər. Kəndə yaxın birəsrlik çinara sığınmaq istəyirlər, amma çinar da fırtınanın qarşısında davam gətirə bilmir, aşır.

Qoca baba və kiçik qızın gözlədiyi əsgər bir gün sonraya qalır. Əsgər iki yoldaşıyla birlikdə kəndin yolunu tutur. Hava açıb, qarlar əriməyə başlayıb. Kəndə yaxınlaşanda çinar ağacının aşdığına kədərlə baxırlar. Amma ən böyük fəlakət çinarın aşması deyil, kənarda – qar içində iki cəsədin yatmasıdır. Bunlar müharibədən qayıdan əsgərin qoca atası və balaca qızıdır.

* * *

“Şəhidlərin duası” bir gənc qızın hekayəsidir. Atası Dardaneldə, qardaşı Sakaryada şəhid olublar. Anası yataqdan qalxmayacaq dərəcədə xəstədir. Gənc qız pulsuz internat məktəbində oxuyur. Məktəbi qurtarıb bir iş taparsa həyatda qalmaqçün bir qazancı olacaq, xəstə anasına da baxa biləcəkdi.

İlin axırında sınaqlarından sonra müəllimlər bir yerə yığılıb, tələbələr haqqında son qərarlarını verəcəklər. Düşdüyü psixoloji vəziyyətə görə gənc qızın qeydləri yaxşı olmur. Üstəlik, eyni sinifdə ikinci ilidir. Müəllimlər Kabineti qızla əlaqənin kəsilməsinə qərar verirlər.

Anası ölüm ayağında olan gənc qız indi bir küçədə tək-tənhadır. Gecə çöküb, bəzi insanlar qıza sataşmağa başlayır. Nəhayət, bir sərxoş "Mənimlə gələ bilərsənmi?” – deyərək qızı çağırır. Yağış yağır. Qızın bədəni soyuqdan titrəyir. Qərarını verir, qalxır, sərxoşun qoluna girir və bilmədiyi qaranlıq bir küçəyə doğru addımlayır. "Bu qərar – bütün pislik, eybəcərlik və alçaqlığına baxmayaraq yaşamaq qərarıdır".

Gənc qız əyyaşın qolunda gedərkən qorxunc bir leysan başlayır. Göy gurultuları və ildırımlar havanı tutur. Amma bu, fırtına deyil, "iki şəhidin və saysız-hesabsız şəhidlərin üsyanıdır". İldırımlar "üstümüzdə vuran qanadlar"dır və şəhidlərin duasıdır.

* * *

“İki kapral" 1917-ci ildə Galiçyada ölən iki əsgərin hekayəsidir. Kaprallardan biri türk, biri polyakdır. Galiçyada Türk ordusu ilə Rus ordusu qarşı-qarşıya gəlib. Dəhşətli müharibə gedir. Otuz addım məsafədə yerləşən səngərlərdən bir-birinin üstünə yağdırılan güllə və bomba səsinə söyüş nidaları qarışıb. Sonra süngü döyüşü başlayır, əsgərlər bir-birinə girişir. Əlbəyaxa döyüşür, döyülənlər, xəsarət alanlar çoxalır.

İki kapral ölümcül yaralı vəziyyətdə gözə çarpmayan bir çuxura düşürlər. Düşmən ordularının iki kapralı: biri Türk – Ayşəsini xəyal edir, biri Polyak – Mariyasını gözlərində canlandırır. Rus ordusunda vuruşmağa məcbur olan polşalı öz dilində danışır: "Siz türklər vaxtilə bizimlə müharibə etmişdiniz", – deyir. Bir tərəfdən də sevinir ki, madam, türklər Lehistan düzənliklərində yenə at oynatmağa başlayıb, onda buralar diriləcək. Belə düşünüb sevinirlər. Türk kapral isə öz qəhrəmanlığından və atalarının etdiklərindən xəbərsizdir. Gözlərində Ayşənin xəyalı və bir ümid parıltısı var.

Yaşamaq üçün bir-birilə boğuşan iki kapral indi yenə yaşamaq üçün bir-birinə kömək edirlər. Biri digərinə qabındakı suyu, digəri də əlindəki sarğı vəzini uzadır.

Polşalı axırda "Mariya, Mariya" – deyərək gözlərini yumur. Türk kapralın gözlərindəsə özünəməxsus sonuncu xəyal parlayıb sönür. Artıq o da sonsuz yuxudadır. Birdən çuxurun təpəsində partlayan bir aydınlatma gülləsinin işığı çuxuru işıqlandırır. İki kapral əl-ələ tutub. Polyakın gözlərində iki damla yaş var, Türk kapralının dodaqlarındasa ümid təbəssümü.

* * *

Göründüyü kimi, hər üç hekayə şəhidlərlə bağlıdır. "Qayıdış" pis sürprizlə bitir. Cəbhədəki əsgər deyil, özünü qarşılamağa gələn ata ilə övlad ölüb. Bu, tipik cəbhə hekayəsidir. O zamankı Anadolunun vəziyyəti insanların bir qəsəbə ilə kənd arasında belə, həyatda qalmağa nail ola bilməmələrinə yol açır. Atsız "Yollar qəhbədir. Yollar dərdlə uzanır" – deyir, amma əslində, bu, yolların fahişəliyindən çox o zamankı Anadolunun baxımsızlığıdır. İllərlə qəsəbə və kəndlərə laqeydlik göstərilib. Üstəlik, on ildən çox davam etmiş müharibələr… Pərişanlıq o dərəcədədir ki, insanlar əsgərini gözləyərkən də həyatını itirir. Fırtına, qar və uzanan yollar Anadolunun yarımçıq taleyidir. "Əsrlərə sinə gərən" ər çinar isə Türk dövlətini təmsil edir. Sonda çinar da fırtınaya dözə bilmir və açır. Hadisənin Birinci Dünya Müharibəsindən dərhal sonra baş verdiyini yada salaq. Hekayə qar altında olan iki cəsədin təsviri ilə bitir, amma əsl yıxılan dövlətdir.