Kitabı oku: «Şəhidlərin duası», sayfa 3
"Şəhidlərin duası" da arxa cəbhə hekayəsidir. Yatağa məhkum anası olan yetim bir qızın hekayəsi… Şəhid ataların, yetimləri fikirləşə bilməyəcək vəziyyətdə olan dövlətin yoxsul və pərişan halı… Məktəb direktorunun cəmi bir cümləsində bu hal qısa və aydın şəkildə dilə gətirilir: "Ölkə işləməyənləri çox bəsləyə bilməz".
Onillik müharibələrdən sonra ölkə o vəziyyətə gəlib ki, xarabalıq bayquşu belə, bu vəziyyətə lənət oxuyur, şəhidlərin ruhu üsyan edir. “Şəhidlərin ruhu” anlayışı Atsızın ədəbi əsərlərində xüsusi məqama sahibdir. Hələ 1933-cü ildə keçirdiyi 12 günlük Dardanel yürüşü və bunu kitablaşdırması ilə Atsız şəhidlərin belə tez unudulmamasını ictimaiyyətə çatdırmağa çalışmışdı. “Z vitamini” adlı satirik romanının sonunda da şəhidlərin ruhu üsyan edir. Bəzi şeirlərində və “Bozqurd” romanında da ölənlərin ruhları Tanrı Dağına qalxır və orada Alp Ər Tonqa kimi, Kür Şad kimi əcdad ruhları tərəfindən qarşılanır. Bu hekayələrə Tanrı Dağı hələ daxil olmamışdı. 5 Oktyabr 1932-ci il tarixində Atsız Məcmuəsində (17-ci sayı) çap olunan və məşhur "Çünki bu yol müqəddəsdir, Tanrı Dağına gedir" misrasının yer aldığı "Yolların sonu" şeirinin son bəndi belədir:
O evdə tapanda tanrılaşan ərləri
Artıq gözüm arxada bir daha qalmayacaq.
Hamı sussa da, "Kür Şad" uzadaraq əlini
“Xoş gəldin, oğlum Atsız, mübarəkdir" – deyəcək.
639-cu ildə Çin sarayını basan Cieşı Şuay adlı qəhrəmanı Atsızın 1931-ci ilin aprelindən əvvəl Kür Şad olaraq yaratdığını bilirik.
15 İyun 1931-ci il tarixli Atsız Məcmuəsində (2ci sayı) çap olunan şeirin son bəndində də Tanrı Dağı var:
Yatağında ölməyi yadından çıxar, çıxar,
Döşəyin qara torpaq, yorğanındır bəlkə qar.
Sən qürbətdə qalarsan, mən ölərsəm, nə olar,
Ruhlarımız görüşür, əlbət, "Tanrı Dağı"nda.
Yuxarıda xülasələrini çatdırdığımız şəhidlərlə bağlı əfsanələrdə şəhidlərin ruhunu saxlayan Tanrı Dağı imicinin olmaması da bu hekayələrin daha əvvəlki illərdə yazıldığının dəlillərindən biri sayıla bilər.
Atsızın ilk qələm təcrübələri olan "Qayıdış" və "Şəhidlərin duası" hekayələrində sonrakı romanlarında tez-tez rast gəlinən iki ornamentin intensiv şəkildə işləndiyini görürük. Bunlardan biri "tufan, qasırğa, fırtına" motividir. “Bozqurdlar ölür” romanının dəhşətli bir qasırğa ilə başladığını hamımız bilirik.
"Qayıdış" hekayəsində gözlədikləri əsgərin gəlmədiyini görən və kəndə boynubükük qayıdan qoca ata ilə balaca qız fırtınaya düşür: "Fırtına azır… Fırtına qudurur… Fırtına azadlığa çıxır".
"Şəhidlərin duası" çarəsiz və bir qəpiksiz qalan şəhid qızı, sərxoş bir adamın dəvətini qəbul edib, onunla qaranlıq küçəyə gedərkən “qorxunc leysan" başlayır, göy guruldayır, ildırım çaxır və dəhşətli fırtına qopur. Ancaq hekayədəki təbiət hadisələrinə alleqorik bir məna da yüklənib: yağış – şəhidlərin ağlaması, külək – şəhidlərin hıçqırığı, fırtına – şəhidlərin üsyanı, ildırım – şəhidlərin duasıdır.
Atsızın ilk şeirlərində də fırtına və tufan motivi var (Atsız Məcmuəsi, V sayı, 15 Sentyabr 1931; XII Sayı, 15 Aprel 1932).
Həyata nə şəkildə gəldinsə, bir tufanla
Daha sərt bir qasırğa içində qurtaracaqsan.
Üstündə əssə də qasırğalar, bu,
Neyləyim, könlümün tufanı deyil.
İkinci motiv "ay"dır. “Bozqurdlar” romanlarında ay, sanki ədəbi obrazlardan biridir. Bu sətirlər “Bozqurdlar ölür”ün son səhifələrindəndir: "Vuruşurdular. Buludlar dayanmış, ayla ulduzlar da diqqətlə bu döyüşü seyr edirdilər. Gecə bütün gözəlliyi ilə Yer üzünə enmişdi. Ayın on beşi işıqlar Tanrının mərhəməti kimi saçırdı". Bu sətirlər də “Bozqurdlar ölür”ün son səhifələrindəndir: "Yalnız göydə ayın ilahi işığı Tanrının rəhməti kimi səpilir, torpağı və könülləri aydınlığa qovuşdururdu".
"Şəhidlərin duası" da "Ayın on beşi işığını yer üzünə" səpər və ay ata gənc qızla danışar. Ay ata nağılın qəhrəmanlarından biridir və yuxusunda gənc qızla uzun-uzadı danışır, ona məsləhətlər verir.
Bu hekayədə olduğu kimi Atsızın ilk şeirlərində də ay motivi var (Atsız Məcmuəsi, V sayı, 15 Sentyabr 1931):
Yoldaşlıq etməklə göydə günəşlə, ayla
Aşarsan dərə-təpə, gedərsən düzənlik, yayla…
"İki kapral" cəbhə arxasını deyil, birbaşa cəbhəni izah edən bir əfsanədir. Bu hekayədə Atsızın düşmən tərəfindəki əsgəri sevimli göstərməsi diqqətə layiqdir. Bütün millətləri düşmən qəbul etdiyi hesab edilən Atsız Türk əsgəri ilə eyni çuxura düşən polyak kaprala qarşı sevgi bəsləyir. Əlbəttə, Atsızın bu simpatiyası tarixə əsaslanır, ona görə də bu, hekayədə əsas mövzu kimi verilib. Tarixin bir dövründə Türklər Polşalılara yardım etmişdilər. Polşalılar da Türklərin gəlişini qurtuluş kimi qəbul edirdilər. Ancaq hekayədəki kapral Türklərə qarşı rus ordusunda savaşan bir əsgərdir. Atsız bunu da "şirin sevgi" ilə açıqlayır. Polşalı əsgər ruslar üçün könüllü vuruşmur, tale onu buna məcbur edib. Nə olur-olsun, Atsızın bir hekayəsində düşmən ordusunun əsgəri ilə bir türk kapral bir-birinə yardım etməsi və əl-ələ ölümə getməsi mənə maraqlı gəlib.
"İki kapral"da vurğulanan bəzi anlayışlar Atsızın yazı və romanlarında da var. Türk kapralın gözlərindəki ümid parıltısına görə hekayədə yer alan "Ümid ölməz, ümid ən axırda buraxılan şeydir" cümlələri Atsızın yazılarında tez-tez təkrar etdiyi anlayışlardan birinin ifadəsidir. Vəzifə, fədakarlıq və müharibə anlayışları haqqında qurulan cümlələr, sanki Atsızın yazılarından alınıb: "Onlar bir vəzifə üçün, vəzifədən daha yüksək bir fikir üçün öləcəklərini bilirlər. Ən böyük haqları olan həyatdan ayrılmaq fədakarlığını da bunun üçün edirlər. Ey müharibə… Sən acı və dəhşətli… Qanlı və bədbin… Çirkin və ağırsan… Ancaq sən böyük və əzəmətli… Buna görə də, insanlar sənə əbədilik sitayiş edəcək".
Ücretsiz ön izlemeyi tamamladınız.