Kitabı oku: «Ayna», sayfa 3
27 iyul-4 avqust
2016
Film kimi
“Mən bir əsir idim, azad olmaq istədim”.
Əhməd bəy Ağaoğlu, “Sərbəst insanlar ölkəsində”
O gecə adi gecələrdən deyildi. Mən öz otağımda televizora baxırdım, içəridə ümumi zalda isə adam çox deyildi. Sınamışam, həmişə yuxuda qarpız görəndə səhəri nəsə şad xəbər alıram. Dünən gecə yuxuda görmüşdüm ki, rəhmətlik anam evə gəlib, divanda oturub, bir əlində də qarpız tutub.
Telefonuma qəfildən mesaj gəldi. Ürəyimə damdı ki, ondandır. Sevindiyimdən yerimdən dik atıldım. O idi, gözlədiyim adam. Bir il idi, hər gün onun Whats App-dakı şəkillərinə baxırdım, o şəkilləri telefonuma köçürürdüm. Hələ bir neçəsini çıxartdırıb özümdə saxlamışdım da. Amma ona yazmağa cəsarət eləmirdim. Necə eləyə bilərdim, axı? O mənə telefon nömrəsini verdiyini bəlkə də unudub. Yazıb onu narahat eləmək istəmirdim. Onun üçün sərxoş gecənin bir parçasıydım, vəssalam, artıq heç nə. Yəqin məni xatırlamazdı…
Burda çalışan qızların bir arzusu var:ərə gedib ana olmaq, bununla da keçmişi qara duman kimi dağıdıb yox eləmək. Amma elə də asan deyildi. Niyə də olsun? Guya hansı arzu asandır ki?
Onun Whats App-da yazdığı bir cümləni öz Whats App-ıma da qoymuşdum. Həm cümlə xoşuma gəlmişdi, həm də düşünmüşdüm ki, bəlkə belə diqqətini çəkərəm. Cümlə bu idi: “Hər zaman sahib olduqlarımız sahib olacaqlarımızdan daha dəyərlidir”. Düzünə qalsa, üzümü çevirib öz gün-dirriyimə baxanda bu fikirlə razılaşa bilməzdim, amma yenə də şükür eləməliydim. Heç olmasa, bir parça çörəyim, başımı soxmağa damım var. Sabah isə Allah kərimdir.
Hərdən ikimizlə bağlı xəyallar qururdum. Düşünürdüm ki, nə zamansa evlənə bilərik, uşaqlarımız olar. Hərdən bu xəyallarımdan özüm də utanırdım. Amma bu bir ildə elə bir gün olmadı ki, onu düşünməyim, ona qovuşmağı arzulamayım, şəkilləri ilə zaman keçirməyim.
Gözlərimi ismarıcdan çəkə bilmirdim. O, kefimi soruşurdu. Demək adımı telefon dəftərinə qeyd eləyibmiş, çünki beləcə də yazmışdı: “Salam, Fidan. Kefin necədir?”. Cavabı əllərim titrəyə-titrəyə yazdım. Sonra dedi ki, bir azdan gələcəyəm. Ünvanı soruşdu, keçən dəfəki yerdə işləmədiyimi dedim, təzə ünvanı verdim. Tez makiyajımı təzələdim, paltarımı dəyişdim. Ümumi salona keçib ürəyim əsə-əsə gözləməyə başladım. 20 dəqiqə demişdi, düz 27 dəqiqəyə gəldi.
Onu görən kimi ayağa qalxdım. Yaxına gəlib məni qucaqladı. İlmi keçdi, aymı ötdü?! Sonra mənim otağıma keçdik. O, çarpayıda oturdu. Gözlərini üzümə dikmişdi, qayğıyla, sevgiylə baxırdı. Yanında oturub bərk-bərk ona qısıldım, başımı sinəsinə qoydum. O da bir əli ilə çiynimi qucaqladı. Bir neçə dəqiqə beləcə yan-yana oturduq. Ömrümün ən xoş anları, birillik həsrətimin meyvələriydi o dəqiqələr.
Sonra ayağa qalxdı, pencəyinin cibindən uzunsov qutu çıxartdı. “Sənə gətirmişəm” dedi. Allah, bu günü görmək də varmışqismətimdə: qapını bağlayan kimi ehtirasla üstümə atılan kişilərdən sonra mənə şokalad gətirən də olacaqmış. Özü də o gətirəcəkmiş bu şokaladı.
Onu yenidən bərk-bərk qucaqladım. Həyatda heç kimi belə qucaqlamamışdım. Düşündüm ki, biz hökmən xoşbəxt olacağıq, mən hər gün onu belə sevgiylə, belə ehtirasla qucaqlayacağam.
Sonra pencəyini birtəhər əynindən çıxartdım, yatağa oturdu, su istədi, gətirdim, içdi, “sağ ol” dedi. Telefonumda bir musiqi qoydum, saçlarımı boynuma yığıb bütün şövqümlə, ehtirasımla onun üçün rəqs eləməyə başladım. İçimdən gəldi. İnsan ömründə ancaq bir dəfə belə rəqs eləyə bilər. Sevgilisini itirmiş erkək qu quşunun ölüm rəqsi qədər sevgi doluydu mənim rəqsim.
Mənə baxıb elə səmimi gülümsəyirdi ki… Hərdənbir dodaqlarını dişləyirdi. İstədim var gücümlə qışqıram: “Bilirsənmi sənin dişlədiyin o dodaqlara necə həsrətəm?!”. Amma qışqırmadım, rəqsimi qəfildən yarımçıq saxlayıb pişik kimi üstünə atıldım. Dodaqlarından öpdüm. O da öpdü. Məni qucaqlayıb başını sinəmə sıxdı. O axşam o mənə toxunmadı, beləcə yan-yana uzanıb xeyli söhbət elədik – hər halda mənə elə gəldi ki, xeyli vaxt keçdi. Sahibə qapını taqqıldatmasaydı, yəqin sabaha qədər söhbət edəcəkdik. Gedəndə söz verdi ki, yenə gələcək.
Səhəri gün ismarıc yazdı ki, işdən kənar yerdə görüşə bilərik? Quruca “Olar” yazsam da, ürəyimdə nə qədər sevindim – bir Allah bilir. Sahibədən icazə alıb getdim, bulvarda görüşdük. Bizim sahibə həmişə deyirdi ki, həyatda bircə arzum var, kaş mənə bir dəvətnamə gələydi, toya gedib oynayaydım, pul yazdırıb gələydim, ondan sonra lap ürəkdən ölərdim. Bizim kimilər üçün bulvarda oğlanla gəzmək də arzudur, vallah.
Bulvarın bir küncündə xeyli gəzib-dolaşdıq, çoxlu suallar verdi, həyatımla maraqlandı, ailəmi soruşdu, başıma gələnləri öyrəndi. Sonra balıq restoranında oturduq. Deyəsən, burda onu yaxşı tanıyırdılar. Nə vaxtsa televizorda gördüyüm gözəl bir qız stolumuza yaxınlaşıb onunla öpüşüb-görüşdü, mənə də əl verdi. Gözucu məni başdan-ayağa süzdü.
Restorandan çıxıb gəzişdik. Axşam düşmüşdü. Oturub çay da içəndən sonra məni taksiylə yola saldı. Elə yoldaca ismarıc yazıb bu gözəl axşama görə ona təşəkkür elədim.
O gecə tərslikdən müştərimız yaman çox oldu. Amma ard-ardına görüşlər belə onun işıqlı surətini gözümün qabağından apara bilmədi.
İki-üç gün sonra zəng vurub məni evinə dəvət elədi. Məni qapıda qarşıladı, bir azdan sifariş etdiyi pizzalar gəldi. Soyuducudan götürdüyü pivələri içə-içə pizzaları ləzzətlə yedik. Yemək zamanı mənə yenə də çoxlu suallar verməyə başladı, mən də həvəslə cavab verdim. Bir film qoydu, adı beləydi: “Kabiriyanın gecələri”. Ona baxdıq. Məndən soruşdu ki, film haqda nə düşünürəm. Bu sualı eşidəndə özümdən gedəcəkdim, çünki hələ o vaxtadək heç kim məndən filmlə bağlı nə düşündüyümü soruşmamışdı. Fikrimi dedim, o da başıyla təsdiqlədi. Sonra yatağa girdik, o yenə də mənə yaxın durmadı, eləcə ona sarılıb qaldım. Saçlarımı oxşadıqca mən yuxu apardı. Məncə, sevgi budur, yanaşı uzanıb sarılmaq, gözəl xəyallara dalmaq, isti qucaqda yuxuya getmək…
Beləcə mütəmadi görüşməyə başladıq. Hiss edirdim ki, içimdə işimə nifrət oyanıb. Doğrusu, əvvəldən də bu işi sevmirdim, sadəcə, başqa nə edəcəyimi bilmədiyimdən bununla məşğul idim, lakin indi bu iş mənə əməlli-başlı əzab verməyə başladı. Maraqlısı bu idi ki, əzablarım artdıqca ona daha çox bağlanırdım. Doğrudur, o məni necə vardımsa eləcə də qəbul edirdi, evinə çağırırdı, mənimlə şəhərə çıxırdı, gəzirdik, yemək yeyirdik,amma… mənimlə sevişmirdi. Axı o niyə mənimlə sevişmirdi? Bəlkə xoşuna gəlmirdim? Yox, ola bilməzdi. Gözəl olduğumu, gözəl göründüyümü, geydiyim,az qala, hər paltarın mənə yaraşdığını mütləq deyərdi və bunu deməkdən də çox məmnun olardı. Özündən soruşmağa isə… utanırdım. Eləcə sarılıb susurdum. Bəlkə eşq dedikləri elə budur, sevişmədən sevmək, sarılmaqla mutlu olmaq və əlbəttə ki, bərabər çox zaman keçirdib heç zaman doymamaq. Eşqin tamını ruhumda hiss etdikcə çox xoşbəxt olurdum.
Görüşməyimizdən bir ay keçməmişdi ki, gecə yarısı qəfildən iş yerimə gəldi. Sakitlik idi, heç kim yox idi. Salondakı divanda oturduq. Çantasını açdı, mənə bir gül dibçəyi gətirmişdi. Çantadan zərf də çıxardıb verdi və dedi ki, mən gedəndən sonra açım. Ürəyim quş kimi çırpınırdı, məktubda nə yazıldığını indi bilə bilməzdim. Odur ki, gözlərində məktubla bağlı nəsə bir işarə, xırdaca ipucu axtardım. O, qəribə şəkildə sevincli görünürdü. Çayı soyutmadan, tələsik içib getdi. Zərfi açıb içində 5 dənə yüz manatlıq və bir məktub tapdım.
“Əziz Fidan!
Məktubu oxumamış gözünə pul sataşacaq. O pul sənin haqqındır. Onu götür və istədiyin kimi xərclə. Əlbəttə, düşünəcəksən ki, mən bu pulu sənə niyə verirəm. Bunu bilməsən də olar. Hə, bir də…mən Türkiyəyə gedirəm, yəqin uzun müddət görüşə bilməyəcəyik. Vidalaşmağı sevmirəm. Ona görə də bunu sənə məktubla demək istədim. Salamat qal, əziz dost. Bəlkə nə vaxtsa bir də görüşdük.”
Məktubu götürüb boş otaqların birinə keçdim, səsimi eşitməsinlər deyə suyu axıradək şarhaşar açıb hönkürtü vurdum. Sonra zor-güc özümü sakitləşdirdim. Salona qayıdıb onun mənə bağışladığı dibçəyə xeyli tamaşa elədim, yarpaqlarını sığalladım, stolun üstündəki su şüşəsindən dibinə su tökdüm.
Bir neçə aydan sonra onu televizorda gördüm. Rejissor imiş. Yenə hər zamankı kimi dodaqlarını dişləyirdi, nədənsə narahat və əsəbi görünürdü. Aparıcı ondan yeni çəkəcəyi film haqqında soruşanda belə dedi: “Bilirsinizmi, bu film bir fahişə haqqındadır, onun arzuları, yaşantıları, gündəlik həyatı… Mən bu filmdə insan əzablarının sərhəddini göstərmək, ona müasir dövrün rakursundan baxmaq istəmişəm”.
Gözümü yana gəzdirib fikri telefonda olan qızların heç birinin onu eşitmədiyinə əmin olanda rahatlıqla nəfəs aldım. Bu dəm içəri hündür boylu bir kişi girdi. Mən ucadan gülə-gülə qaçıb özümü onun qollarına atdım. Məni tutmasaydı, yerə elə səriləcəkdim ki, xurd-xəşilim çıxacaqdı. Nədənsə o, fahişənin bu hərəkətinə zərrəcə təəccüblənmədi və məni dibçək kimi qucağına sıxıb otağa apardı.
25 sentyabr 2015
DVD
Vaqif teatrdan çıxıb asta və yorğun addımlarla Hüsü Hacıyev küçəsi ilə "İçərişəhər" metrosuna tərəf gedirdi. Onu adətən işdən sonrakı içki məclislərinə saxlamazdılar. Çünki azacıq içəndə belə dərin sükuta qərq olur və sanki dili-ağzı bağlanırdı. Vaqif teatrın truppasındakı qədər də içki məclislərində arzuolunmaz şəxs idi. Heç kimin yiyə durmadığı rolları ona verirdilər. Dərindən baxanda onun həyatdakı rolunu da heç kim oynamaq istəməzdi. Lakin bu həyatın təfərrüatlarından lap az adamın xəbəri vardı. Vaqif sirverməz olduğu kimi həm də maraqsız adam idi.
Bu gün Vaqif üçün həmişəki günlərdən fərqli idi. Bunu onun üzündəki ifadədən tutmuş addımlarının sürətinə qədər hər hərəkətindən bilmək olardı. O, bu gün düz 22 ildən sonra ilk dəfə doğma kəndini, yurdunu, evini görəcəkdi. Yarım saat sonra gürcü dostu ilə "İçərişəhər" metrosunun qarşısında görüşü vardı. Vaxta hələ vardı, amma o tələsirdi. Görüşə on beş dəqiqə qalmışdan metronun qabağında var-gəl edirdi. Xoşbəxtlikdən dostu da tez gəldi, yubanmadı. Ondan DVD-ni alıb əlini cibinə atdı. Tələsdiyindən kartından pul çıxarmağı unutmuşdu. Metronun girişindəki bankomatdan iki aylıq maaşını çəkib dostunun ovcuna basdı. Sonra da əlini onun çiyninə vurub sürətli addımlarla turniketdən keçib evə tələsdi.
Evdə onu heç kim gözləmirdi. Ayaqqabılarını çıxartmadan birbaşa qonaq otağına keçdi. DVD-ni bilgisayara qoyub siqaret yandırdı. Bəli, bu onun illərdir yuxularına girən həmin kənd idi. Kəndlə bağlı hər şey onun yaddaşında dipdiri qalmışdı. Müharibə kəndə az zərər vermişdi. Doğrudur, görüntülərdə kəndin lapaz hissəsi əks olunurdu və bütün bu görüntülər onun xəyalı ilə, 22 il əvvəl qoyub getdiyi kənd ilə eyni idi. Sadəcə, adamsız kənd sanki köhnəlmiş, nimdaşlaşmış və qocalmışdı. Eynilə Vaqifin özü kimi… Məsələn, Vaqif ilk dəfə bu kəndin klubunda səhnə deyilən şeyin həzzini dadmış, qorxusunu udmuşdu. Nə olsun ki, bütün tamaşaçıları adbaad, sifətbəsifət tanıyırdı. Amma yenə də Qacarın qarşısında Vaqifin monoloqunu deyəndə XVIII əsrdəki adaşı Vaqif qədər qorxmuş, hürkmüşdü və bu hürkü ilə də sənətə əbədi olaraq bağlanmışdı. Tamaşanın sonundakı gurultulu alqışların fonunda aydın başa düşmüşdü ki, bundan sonra onun həyatında səhnədən başqa heç nəyə yer olmayacaq.
Həyat ona ağrıları sənətdən çox səhnə arxasında yaşadacaqdı – kəndin işğalı, ardınca da min cür əzab, əziyyət, zillət. Əslinin əsir düşməsi onu kəndin işğalından da çox ağrıtmışdı. Həyat belədir, insanın başına faciə gələndə bunu iztirabın son həddi sayır və bu iztirabı yalnız ondan da böyük növbəti iztirab sakitləşdirə bilir. Əsli kəndin işğal günü əsir düşsə də, Vaqif bu xəbəri bir həftə gec eşitdi. O bir həftə Vaqif üçün əzablı keçmişdi. Əslinin qonşuluqda, təhlükəsiz kənddə olduğunu düşünürdü deyə o sarıdan narahat deyildi. Həqiqəti biləndə avtomatı ilə özünü vurmaq istəmişdi. Kəndin işğal xəbərinin ardınca Əslinin əsir düşməsi xəbəri Vaqif üçün ölümdən də betər olmuşdu. Amma onu hələ bundan da ağır faciə gözləyirdi…
Bir neçə aydan sonra Əsli əsirlikdən azad edildi. O zaman Vaqif ağır əməliyyatlar keçirdiyi qospitalda yatırdı. Həmin vaxtlarda dünyanın ən yazıq adamı idi. Ermənilərin əsirlərin başına hansı oyunları açdığını körpə uşaqlar da bilirdi. Bu barədə qəzetlər yazır, televiziya danışırdı. Onsuz da darmadağın olmuş psixoloji vəziyyəti Əslinin əsirlikdən qayıtmasına hazır deyildi. Əvvəlcə gizlənmək, qaçıb başqa ölkəyə getmək istədi. Bəs Əslinin taleyi necə olacaqdı? Bu qızı illərlə sevmişdi, Əslinin bu dünyada ondan başqa kimsəsi yox idi. Bu barədə qərar verənədək Əsli özü gəlib onu qospitalda tapdı. Onu görəndə Vaqif həyatının dördüncü travmasını yaşadı: Əsli hamilə idi.
Çox dəyişmişdi: Başında ağ tüklər gözə dəyirdi, üzünə qırışlar düşmüşdü. Əslinin onda vur-tut 21 yaşı vardı, amma 50-dən az verməzdin. O, palataya girəndə Vaqifin gözünə birinci dəyən onun şişmiş qarnı oldu. Əsli yad kişilərin əhatəsində sıxılıraq gözləri ilə Vaqifi axtarırdı. Həmin anlarda Vaqif onun üzünə deyil, qarnına baxırdı. Çünki ilk baxışdan Əslini tanıya da bilməzdi. Baxışları toqquşdu. Oynadığı yüzlərlə pyesdə, baxdığı yüzlərlə filmdə belə səhnə yox idi, olmamışdı və yəqin ki, heç vaxt da olmayacaqdı. Əslini görən kimi palatadan çıxdı, qospitalın damında bir qutudan çox siqaret çəkdi. Ondan qaçmırdı, sadəcə, bu görüşə hazır deyildi. Dünyada bu qədər dözümlü neçə nəfər vardı ki…
Bir saatdan sonra damdan həyətə düşəndə Əslini gördü. Əsli skamyada elə yazıq oturmuşdu ki… Ağır döyüşlərdən salamat çıxmış, qucağında dostları can vermiş Vaqif həmin anda çox kövrəldi və heç kimdən və heç nədən çəkinmədən qaçıb Əslini qucaqladı. Bu, düz 21 il əvvəl olmuşdu və Vaqif də, Əsli də bu anı heç zaman unutmamışdılar. Lakin heç zaman da xatırlamamışdılar.
Kəndin işğalından cəmi bir neçə gün əvvəl Vaqif Əslini yoluxmağa gəlmişdi. Ardınca da Əsli əsir düşmüşdü. Bu uşaq onun da olabilərdi. Amma onun olmaya da bilərdi. Bu qeyri-müəyyənlik onu haldan çıxardırdı, bəlkə uşağın atasının özü olmadığını bilsəydi, rahatlanardı. Qəribədir ki, Əsli ilə bir dəfə də olsun bu barədə danışmamışdılar, danışa bilməmişdilər. Cəmi bir dəfə, Mətləbin (Vaqif oğluna atasının adını qoymuşdu) on yaşı olanda bir seriala baxdıqları zaman orada DNT testi barədə danışmışdılar. Həmin an Əsli bunun mümkün olduğunu öyrənmişdi. Qadın Vaqifin üzünə baxmışdı, o isə cavab əvəzində kanalı dəyişmiş, otaqdan çıxmışdı. Mətləb Vaqifin oğlu idi. İllərdir Vaqif bunu özünə belə qəbul etdirmişdi. Mətləbin isə nə anasının əsir düşməsindən, nə də ailədəki nigaranlıqdan xəbəri yox idi. Vaqif digər həmkəndliləri kimi çadır şəhərciyində deyil, Bakıda məskunlaşmışdı, burda, teatrda iş də tapmışdı. Kənddən tanıdığı adamlarla əlaqəni birdəfəlik kəsmişdi. Keçmişin bir zərrəsini belə xatırlamaq istəmirdi, bundan ötrü mümkün olan hər şeyi etmişdi. Eləcə də Əsli…
Mətləb böyüdükcə ailənin qorxuları da böyüyürdü. Uşaq elə balacalığından heç kimə qaynayıb-qarışmırdı, ünsiyyət qurmur, özünə qapanırdı. Beş-altı yaşından futbola bağlanmışdı. İndi ölkənin ən yaxşı klublarının birində oynayan Mətləb üçün futbol təkcə uşaqlıq sevdası deyildi, həm də peşə və qazanc yeri idi. Lakin futbol belə Mətləbi qaradinməzlikdən xilas edə bilmirdi. Yeniyetməlik dövründən qarışıq yuxular görməyə, xəyali dostları haqqında danışmağa başlamışdı. Əsli uşağın bu halından çox narahat idi, Vaqif isə narahatlığını büruzə vermir, bunu uşağın, sadəcə olaraq, qəribəliyilə bağlayırdı. Əslinin təkidlərindən sonra psixoloqun yanına getdilər. Psixoloq bütün həmkarları kimi uşaqlıq travmalarından söz saldı. Bu, əlbəttə ki, həm Əslini, həm də Vaqifi çox narahat edirdi. Lakin xoşbəxtlikdən onun yazdığı dərman effekt verməyə başladı və psixoloq yanına getməyə bir də ehtiyac qalmadı.
Son bir neçə ayda Mətləb yenidən özünü qəribə aparmağa başlamışdı. Hər şey bazar sabahı başladı. Həmin gün ailədə hamı adəti üzrə yataqdan gec qalxırdı. Səhər yeməyində Mətləb babasından danışdı. Oğlan babasını heç vaxt görməmişdi, çünki babası o, doğulmazdan bir neçə il əvvəl, Vaqif hələ tələbə olanda dünyasını dəyişmişdi. Üstəlik, məlum səbəblərdən babasının bir şəkli də qalmamışdı. Lakin Mətləb babasını elə dəqiq xatırlayırdı ki, Vaqif narahat oldu. Kişinin hətta üzündəki xaldan da Mətləbin xəbəri vardı. Bu dəfə Əsli buna əhəmiyyət vermədi. Bir neçə gün sonra Mətləb yenə də babasından söz saldı, atasını suala tutdu. Vaqif bu sualların qarşısında gözünü döydü, lakin Mətləbin dedikləri o qədər dəqiq idi ki… Misal üçün, Mətləb babasının atının adını belə bilirdi. Oğlan durmadan babası haqqında atasına, ondan cavab gəlmədiyini görüncə anasına sual yağdırmağa başladı. Bir gün Vaqif onun bu suallarına dözməyib səsini qaldırdı, Mətləb də qapını çırpıb evdən getdi. Bu, onların ailəsində ilk söz-söhbət idi. Əslinin yalvarışlarından sonra Mətləb evə qayıtdı. Vaqif onun boynunu qucaqladı, atası haqqında ümumi bir söhbət edib mövzunu bağladı. Mətləb də daha suallar vermədi.
Bir müddət keçdi. Evdəki sakitlik bu dəfə daha qəribə şəkildə pozuldu: Mətləb babasının sağ olduğunu, hansısa çadır düşərgəsində yaşadığını elə əminliklə dedi ki, atasını öz əllərilə qəbrə qoymuş Vaqif xoflandı. Mətləb daha balaca uşaq deyildi ki, həkimə aparaydılar. Futbolçu idi, bir ay bundan əvvəl milli komandanın formasını geyinmişdi. Hər halda Əsli onu həkimə apardı, di gəl ki, həkimin dərmanları bu dəfə ona təsir eləmədi. Doğrudur, Mətləb babası haqqında bir də nə sual verdi, nə də danışdı. Lakin evə gec gəlməyə başlaşdı. Təsadüfdən Vaqif onun babasını axtardığını öyrəndi. Vaqif əlbəttə ki, öz atası sarıdan narahat deyildi, lakin bütün bu axtarışların gəlib Əslinin əsirliyinə çıxacağından ehtiyat edirdi. Mətləb isə inadkar idi.
Vaqif görüntülərə baxa-baxa elə bütün bunları düşünür, düşündükcə qarışıq hisslər keçirirdi. Bir-iki dəfə kövrəlsə də, qəhər gəlib boğazına tıxansa da, ağlaya bilmədi. Ağlasaydı, bəlkə də sakitləşərdi. Evin qapısı döyüləndə Vaqifin hönkürməyinə lap az qalmışdı. Tez ayağa qalxıb DVD-ni bilgisayardan çıxartdı və rəfdəki kitabların arasına qoydu. Qapını açdı, Mətləblə Əsli idi. Həmişəki kimi Mətləb məşqdən çıxanda anasını da işdən götürmüşdü. Əllərində market torbaları vardı. Oğlan anasının dalınca mətbəxə girib torbaları stolun üstünə qoydu və otağına keçdi. Əsli isə səhərdən hazırladığı yeməyi qızdırıb süfrə açdı. Ailə həmişə mətbəxdə şam edirdi, lakin Vaqif yemək dolu qabı götürüb qonaq otağına apardı. Əsli də süfrəni orda düzəltdi. On dəqiqə sonra onlar süfrə arxasında əyləşib ordan-burdan söhbət edə-edə yeməyə başladılar. Birdən Vaqifin ağlına nə gəldisə ayağa qalxıb Tiflisdən aldığı bahalı şərabı gətirib süfrəyə qoydu. Nə Vaqif, nə Mətləb və əlbəttə ki, Əsli içməyə meyilli deyildi. Ona görə də onun bu hərəkəti ana-balaya qəribə göründü. Vaqif şərabı açıb hamıya süzdü, sual dolu nəzərlərlə onu seyr edən oğluna və arvadına baxıb dedi:
– Mənə elə baxmayın. Deyəcəm hamısını. Bu gün bizim həyatımızda əlamətdar gündür.
Sonra əlindəki qədəhi yerə qoyub ayağa qalxdı. Kitab rəfindən DVD-ni götürüb televizorun altındakı tozlanmış DVD qurğusuna taxdı. Pultu götürüb düyməni basıb dedi:
– Bax, Mətləb. Bu bizim kəndimizdir. Bura klubdur. Kinolara da burda baxırdıq. Ananla burda o qədər kinoya baxmışıq ki. Hə, bura kənd sovetinin qabağıdır. Axşamlar kişilər bura yığışıb söhbət eləyər, domino oynayardılar. Burdan bir az qabaqda bizim evdi. Bu evi baban tikmişdi. Kənddə bizim evdən hündür ev yox idi. Çünki baban bənna idi. Bura bax, bax, burda futbol oynayırdıq. Daşlardan qapı düzəldirdik. Burda, bax, burda olub mənim toyum. Hə, elə küçədə. Mağar qurmuşduq. Niyaməddin gəlmişdi toya. Hə, bura Əsligilin evidir. Burda da çayı kəsib özümüz üçün üzməyə yer düzəltmişdik.
Əslinin göz yaşları əlindəki qədəhə damcılayırdı, Mətləb donub qalmışdı. Vaqif isə elə hey danışırdı…
Avqust
2018
Banan
Emrah Serbesə
Mağazadan çıxanda gördüm onu. Mənə baxıb gülümsəyirdi. Aramızda az məsafə vardı. Bu məsafənin çoxunu da o gəldi. Bir-birimizə bir neçə addım qalmış dayandıq. Üstü-başı tökülürdü. Geyimi çox nimdaş idi. Qırx yaşlarında olardı. Mən bir az heyrət, bir az da təəccüb içində idim, amma o gülümsəyirdi. Təbəssümündə nəsə yazıqlıq ifadəsi vardı. Xəstə uşağın içindəki ağrını boğub anasına baxıb gülümsəməyi kimi… Mən də gülümsədim. Amma mərhəmətlə yox. Çünki onun təbəssümü mərhəmət dilənmirdi: bu, sadəcə, ötüb-keçənləri unutmaq… bir az gülümsəmək istəyi idi. Dünyanın ən məsum istəyi… Vəssalam!
Üz-üzə dayandıq. Çox romantik alındığını bilməsəydim, güclü küləyin onun saçlarını üzümə toxundurduğunu da təsvir edərdim. Di gəl ki, XXI əsrdə belə təsvirlər dəbdən düşüb. Kişi olduğum üçün ilk sözü mən deməli idim.
-Bağışlayın, biz tanışıq?
O, “yox”u elə dedi ki, min ilin tanışı da bu cür səmimiyyətlə deyə bilməzdi. İnsanlar ya tanış olar, ya da nə zaman və harda tanış olduqlarını yada salmağa çalışarlar. “Biz tanış deyilik”lə başlayan dialoq çox uzana bilməz. Uzandı amma…
-Bəs indi biz nə edək?
–Bilmirəm.
–Onda ayrılaq.
–Bəlkə nə zamansa görüşmüşük?
–Yox, mən dəqiq bilirəm.
Bu qəribə görüşü bitirib qaynar çay içmək üçün yaxınlıqdakı kafeyə girdim. Çayımı içəndən sonra saata baxdım. Gec idi, evə getməliydim. Pulu stolun üstünə qoyub kafedən çıxdım. Kafe ilə üzbəüz marketdə hay-küy qopmuşdu. Bir oğlanı oğurluq üstündə tutmuşdular, marketin işçiləri onu dövrəyə almışdı. Oğlan oğurluq etmədiyini deyirdi, amma onu danışmağa qoymurdular. Bir nəfər “oğru”nun, ya da oğlanın qolundan tutub ətrafdakılara nəsə başa salmağa çalışırdı. “Bir nəfər” o idi. Oğlanın yaxasını buraxdılar, o da iti addımlarla mənə tərəf gəldi. Yenə gülümsəyirdi. Bu dəfə də sualı mən verdim:
-Adın nədir sənin?
–Neynirsən?
–Sənə nə deyim bəs?
–Nə istəyirsən de.
–Aişə necədir? Olar?
–Olar…
Bunu deyib çay içdiyim kafenin vitrininə baxdı.
-Bəlkə çay içək? İstəyirsən?
“Əlbəttə” dedi və arxamca düşüb kafeyə girdi. Girişdə qapını bizim üçün açan oğlanı qəribə nəzərlərlə süzdü. Sanki o vaxtadək heç kim onun üçün qapı açmamışdı. Qarşımızdakı menyuya gözünün ucuylada baxmadı. Soruşası oldum:
-Bəlkə acsan?
–Yox, çay istəyirəm.
–Böyük stəkanda?
–Fərqi yoxdur. Sən hansından istəyirsənsə, ondan olsun.
Başımızın üstündə dayanan ofisiantdan iki fincan çay istədim. Ofisant çayları gətirib qarşımıza qoyanadək o, uzun-uzadı mənə baxdı. Çay gələn kimi bir qurtum alıb dedi:
-Bilirsən, burda, yaxında bir market var. Orda mer-meyvə ucuz olur.
–Hardadır?
–Elə bir az qabağa gedib sola dönürsən. Göstərərəm sənə…
–Göstərərsən.
–Həmişə ordan alıram.
–Bəs harda yaşayırsan?
–Qara Qarayevdə.
–Burdan meyvə alıb sonra o boyda yol gedirsən?
–Hə, burda ucuzdur.
Bu söhbəti davam etdirmək üçün nə bir sual, nə də söz tapıb deyə bildim. Doğrudur, bir dəfə sərxoş olanda kafenin barmeninə ölkədə pambıqçılığın inkişafı haqqında uzun-uzadı mühazirə oxumuşdum. Pambıq sahəsini ancaq televizorda, AzTV-nin “Torpaq 97” verilişində görməyimin söhbətə heç bir dəxli yox idi. Sonralar dövlət bu sahəyə diqqət ayırdı, lakin nəticə çox da ürəkaçan olmadı. O zamandan indiyədək də kənd təsərrüfatı mövzularına qoşulmuram. İndi meyvənin qiyməti də məni qətiyyən maraqlandırmırdı. Çünki hər meyvədən iki dənə, uzağı, üç dənə alırdım. Amma onun fikri uzaqlara getmişdi. Bu sözləri pıçıltı ilə dedi: “Bir dəfə anam iki banan almışdı, doqquz yerə bölüb yedik”.
Nə vaxtsa, meyvəni kilo ilə aldığım zamanlarda “Banan qabığındakı kədər” adlı kitab oxumuşdum. Xəyalım o kitabın yanına getdisə də, orda çox ləngimədi.
-Doqquz yerə niyə bölürdünüz ki?
–Yeddi uşaq idik.
–Hə, belə de…
–Elə o banan yeməyimizdən bir neçə gün sonra anam öldü.
–Allah rəhmət eləsin.
–Sonra atam təzədən evləndi.
Ücretsiz ön izlemeyi tamamladınız.