Kitabı oku: «Toy gecəsi», sayfa 5
Tural sıçrayıb çəpərə tərəf yüyürdü.
– Nə olub, xeyirdimi, Gülbuta?
– Ürəyim dözmədi. Başım da bərk ağrıyırdı. Briqadirdən icazə alıb gəldim sənə dəyim. Sən də ki, maşallah elə bil ulu yuxusuna getmisən. Bayaqdan alma qalmayıb üstünə tullamayam.
Tural məmnunluqla gülümsədi.
– Ay səni, mən də dedim, görəsən kimdi məni daşa basan?
– Yoxsa qorxdun? Bilsəydim atmazdım…
– Bu gün mən səni qorxuzdum, Gülbuta. Özün gördün ki, günah məndə olmadı.
– De görüm bir xəbər-ətər yoxdur ki? Tarlaya hay yayılıb ki, sədrin oğlu avariyaya düşüb, ölümcül aparıblar xəstəxanaya.
– Məndən şübhələnən, səndən bir söz soruşan yoxdur ki?
Gülbuta Turalın sualına sualla cavab verdi:
– Xəstəxanada səndən heç nə soruşmadılar? Soruşmadılar ki, sədrin ərköyünü niyə bu kökə düşüb?
– Soruşdular. Dedim ki, ayılar, özü danışar. mən heç nə bilmirəm. Gördüm vəziyyəti ağırdır, götürüb gəldim.
– Görəsən özü necə, satmaz ki? Tural, ürəyimə elə pis fikirlər gəlir ki… Qorxuram tutalar səni.
Tural tutqun halda:
– Əclafın biridir, – dedi, – satdı, satdı də… Nə deyəssən ona? Amma inanmıram sata. Özü üçün də yaxşı deyil, ona görə xəbər verməz.
Gülbuta birdən nəyi isə xatırlayaraq əlavə elədi:
– Əbil xalası qızını yanıma göndərmişdi. Qız məni kənara çəkib yavaşcadan qulağıma pıçıldadı: «Əbil deyir ki, əgər ağzından bir söz qaçırsan, özünü ölmüş bil».
Bəs sən nə dedin?
– Mən də özümü qoydum xamlığa: «Mən nə bilirəm ki, nə də danışam?»
– Mən sənə dedim axı, Əbil istəməz ki, döyüldüyünü kənddə bir kəs bilsin, dağalın, lovğanın biridir. O, pişik kimi heç arxasını yerə verər? Nə isə, heç şeydən qorxub eləmə. Nə olacaq, olacaq. Amma sən heç nə görməmisən, heç nədən də xəbərin yoxdur, bildin?
– Bildim, Tural, bildim. – Gülbuta kövrəldi. – Deyirəm, bizim günümüzə bax ey. Görürsən, əməlli-başlı sevinməyə də qoymurlar. Qoymurlar ki, bircə gün ürəyin açılsın. Qoymurlar ki, qayğısız, gileysiz-güzarsız yaşayasan.
– Darıxma, Gülbuta. Axırı yaxşı olar, di get, anana da məndən salam de.
Gülbuta dərindən ah çəkdi:
– Salam göndərən sağ olsun, – deyib uzaqlaşdı.
Tural onun arxasınca bir alma atdı. Bu, «yaxşı yol!» demək idi. Gülbuta tozlu yolda dığırlanan almanı götürüb çəpərin başından həyətə tulladı. Bu da «Salamat qal!» demək idi. Yol gedərkən Turalın son sözlərini öz-özünə təkrarladı: «Anana salam apar, deyirsən, Tural. Amma bilmirsən sədrin arvadı anamın başını necə bişirir, ona necə yağlı dillər tökür, onu necə tovlayır… Anam da bütün bunları hələlik atamdan gizlədir. Nə vaxtacan gizlədəcək, axı? Eh, heç bilmirəm bu işlərin axırı necə olacaq?!»
Toran qovuşanda Turalın anası gəlib çıxdı. Tarladan neçə yorğun qayıtsa da, ilk fikrindən keçən bu oldu: «Görəsən uşaq ağzına bir şey atıb, ya yox? Yazıq uşağa yarpaq dolması bişirmək istəyirdim. Macal tapmadım. Ciyarıyanmışlar icazə vermədilər».
Səhərki əhvalat ananın yadına düşdü.
Onu yenə od götürdü: «Ciyarıyanmış briqadirə deyirəm ki, uşaq Bakıdan gəlib, bir günlüyə icazə ver, anası ölmüşün biş-düşünə baxım. «İcazə məsələsinə mən baxmıram, – deyir, – get, sədr versin». Sədr də əfi ilan! Ona heç yaxın düşməkmi olar? Axır ki, canımı dişimə tutub sədrə yalvardım. Kaş heç deməyəydim! Üstümə elə qabardı, matım-qutum qurudu. Cəhənnəmə qabarmağı. Biz onun qaraqışqırığına, asıb kəsməyinə, hətərən-pətərən danışmağına alışmışıq. Bir də görürsən ağzını açıb gözünü yumdu. Nə ağsaqqal saydı, nə ağbirçək. Nə qız-gəlin tanıdı, nə uşaq. Nə ölü qoydu, nə diri… Amma gərək köylümə dəyməyəydi. Yetimin məktəbə girməyini lağa qoymayaydı: «Nə olsun ki, Bakıdan gəlib, nə olsun ki, instituta girib. Kərbəladan, Xorasandan gəlməyib ha! Gözümüz aydın, bilməmişdik, gərək işimizi-gücümüzü buraxıb kişinin qabağına çıxaydıq. Ayağının altına xəli-gəvə döşətdirəydik…»
Bağçaya keçdi. Tural hələ də uzanmışdı. Gəlib onun yanında çömbəldi. Zil qara tellərinə ehmalca əl gəzdirdi «Balama qurban olum, ağıllı balama».
Tural gözlərin açdı:
– Gəlmisən, ana?
– Gəlmişəm, bala. Ciyarlarıyanmışlar icazə də vermədilər sənə ürəyim istəyən qulluğu eləyim.
Tural anasını pərtlikdən çıxarmaq istədi.
– Onları da qınamalı deyil. İşin bu məqamında heç gərək sənin özün icazə istəməyəydin.
– Nə bilim, vallah! Düz deyirsən, gərək heç ağız açmayaydım… Di yaxşı, bəsdir dincəldiyin. Dur geyin, səni əmingil gözləyir. Əmin deyir, uşağın məktəbə girməyin gərək əməlli-başlı qeyd eləyəm.
Tural tutuldu. Məlum əhvalatdan sonra əmisindən sidqi siyrilmiş, ürəyi sınmışdı. Amma məsələni ağ eləmək də olmazdı. Əmisinin təklifinə razı olmaması, sözünü yerə salması yaxşı düşməzdi. Ən azı ədəbsizlik olardı.
– Nə deyirəm, ana. Məsləhət görürsən, gedək. Amma bil ki, atamın canı üçün, heç ürəyimdən deyil bu qonaqlıq.
Anası sözün üstünü gətirdi.
– Elə bilirsən mənim ürəyimdəndir? Day neynəmək olar? Sayıb çağırıb, gərək biz də sayıb gedək. Necə olsa, böyükdür, ağsaqqaldır, sözün tutmamaq ayıbdır.
SARITELİN ETİRAFI
Əmisigildə Turalı çox təmtəraqla qarşıladılar. Əvvəlcə əmisi irəli çıxıb onu qucaqladı. «Təbrik edirəm!» dedi. Sonra əmisi arvadı qucaqlayıb duz kimi yaladı. Sarıtelin uçmağa qanadı yox idi: «Afərin mənim qaqaşım!»
Əməlli-başlı hazırlıq görmüşdülər. Əmisi qara qoçun buynuzundan tutub sürüyə-sürüyə düz Turalın ayağı altına gətirib kəsdi. Cəld soydu.
– Hə, indi başlayın doğramağa, mənim idarədə yarımca saatlıq işim var. İstəyirəm lap kişinin özünü də başının dəstəsiylə təklif eləyim, gələr, gələr, gəlməz – özü bilər. Tural bala, sən özün rəhbərlik eləyərsən arvadlara. Sarıtel qızım, Tural üçün sən də yaxşı bir çay dəmlə.
– Əti nəlik doğrayım, əmi? – Tural soruşdu.
– Nəlik doğrayacaqsan, bir az dolmalıq, bir az kabablıq, bir az da şüyüdplova parçadöşəmə.
Əmisi göstərişini verib getdi. Tural ət dəhrəsini götürüb işə başladı. Əmidostu qoymadı.
– Tələbəyə olmaz, – dedi, – sən qonaqsan, stolu götür qoy bağçadakı talvarın altına. Bu saat çay da hazır olar.
Tural deyilənə əməl elədi. Beş-on dəqiqə sonra Sarıtel Turala çay gətirib stolun üstünə qoydu.
– İç isti-isti, – dedi. – hind çayı ilə Azərbaycan çayının qarışığıdır. Mən də gedim anamgilə kömək eləyim. Çağırarsan yenə çay gətirərəm.
Sarıtel tez gedib, tez də qayıtdı. Sözlü adamlar kimi Turala yaxınlaşdı.
– Qaqaşım, çoxdandır sənə bir söz demək istəyirəm. Amma məqam olmur.
Elə bil Turalın başına bir qazan qaynar su tökdülər. Elə bil, onun ürəyini kobud bir əllə tutub sıxdılar.
O, Sarıtel məsələsi barədə hamı ilə, hətta əmisi ilə də açıq danışa bilər, sözünü çəkinmədən deyərdi. Amma Sarıtelin özünə heç nə deyə bilməzdi, ürəyi gəlməzdi. Məsələ bunda idi ki, Sarıtelin ürəyi sınıqdı. Anadan şikəst doğulan (sağ ayağı gödək idi) Sarıtelin qəlbinə toxunmaq olmazdı. Axı Tural özü neçə dəfələrlə Sarıtelin üstündə uşaqlarla savaşmışdı. Sarıtel Turala «Qaqaşım» deyir, onunla öyünür, onu özünə dayaq, arxa bilirdi. Kim onun çolaqlığına işarə vursa, ya da elə belə könlünə toxunsa Sarıtel həmin uşağı Turalla hədələrdi: «Qaqaşıma deyərəm ha!» «Qaqaşım eşitsə, qanın getdi».
Tural fikirlər içərisində vurnuxa-vurnuxa dönüb Sarıtelə baxdı. Gözlərini döydü. Qorxa-qorxa baxdı.
– Əyləş, Sarıtel! Niyə ayaq üstə durmusan?
Sarıtel Turalın yanındakı stulda oturdu. Qarşısındakı stəkana baxdı. Buğ qalxmırdı, deyəsən soyumuşdu.
– Qaqaş, çayın bumbuz olub ki! Qoy təzələyim.
Tural əlini stəkana vurdu.
– Sənə əziyyət olmasa…
Sarıtel cəld yerindən qalxıb stəkanı götürdü, ərklə dedi:
– Qaqaş, yaman forslanmısan ha, şəhərlilər kimi danışırsan. «Sənə əziyyət olmasa…» nədir? Qaqaşıma qulluq eləmək mənə ləzzət verir. Özü də tələbə qaqaşıma! Öz gücü ilə ali məktəbə girən qaqaşıma!
Tural zorla gülümsədi.
– Sən də lap artist kimi danışırsan! Mürəbbə də gətir. Özünə. də çay süz.
Sarıtel bənövşəyi gözlərini Turala zilləyib gülümsədi. Barmaqlarını bir-bir bükərək sadaladı:
– Zoğal, böyürtkən, ya gilənar?
Tural:
– Hansını özün bişirmisənsə, ondan, – dedi.
– Üçünü də özüm bişirmişəm.
– Onda üçündən də!
– Mənim gözüm üstə!
Tural qızın gerçəklədiyini görüb gülümsədi:
– Zarafat eləyirəm, Sarıtel, gilənar gətir!
– Qaqaş canı olmaz! Dedin, qurtardı, üçündən də gətirəcəyəm!
Sarıtel sürətlə addımlayır, yerimir, sanki uçurdu. Tural onun arxasınca baxdı. Ürəyindən odlu bir nida qopdu: «Yazıq qız! Belə deyirlər, tovuz quşu hər yerinə baxıb sevinər, qürrələnər, ayaqlarına baxandasa xəcil olar. Bu da belə! Gözəl-göyçək qızdır. İşgüzar, səmimi. Ayağı bütün ömrü boyu onu yandıracaq. Hər yerdə, hər dəfə…» Tural xüsusilə toy məclislərində Sarıtelə fikir vermişdi. Qızlar sındıra-sındıra süzəndə Sarıtelin neçə sıxıldığını, necə balacalaşdığını, necə tutulduğunu görmüşdü. Bayaq ürəyindən qopan odlu nida, dodağını bir də yapdırdı: «Yazıq qız!»
Sarıtel gümüşü məcməyidə iki «armudu» stəkanda pürrəngi çay, üç qabda da mürəbbə gətirib gəldi. Məcməyini şəstlə stolun üstünə qoydu.
– Hə, necədir səninçün?
Tural qəsdən özünü şən göstərmək istədi.
– Bax, bu başqa məsələ! İndi əyləş, ləzzətlə mürəbbəli çayımızı içək!
Tural əlini stəkana atanda Sarıtelin səsi titrədi.
– Qaqaş!
Tural diksindi. Elə bil bu səs Sarıtelin səsi deyildi – haradansa qeybdən gəlirdi.
Tural bütün iradəsini toplayıb gözlərini Sarıtelə zillədi.
– Nədi, Sarıtel?
Deyəsən Sarıtel Turalın ağardığını, həyəcan keçirdiyini hiss etdi.
– Qorxma, qaqaş, pis söz deyil, bəd xəbər deyil!
Turalın da titrək səsi eşidildi:
– Mən bilirəm ki, sən ağıllı qızsan, mənə bəd xəbər verməzsən.
– Bilirsən, qaqaş, atamın ürəyindən bir fikir keçir… İstəyirəm biləsən ki, mən bu fikirlə qətiyyən razı deyiləm. Birdən elə bilərsən elə belə deyirəm ha, qaqaş canı razı deyiləm! Bilmirəm bu fikir hardan gəlib düşüb bu kişinin beyninə! Heç elə də söz olar? Sən mənim qaqaşımsan, axı…
Elə bil, Turalın üstündən dağ götürüldü. O, dərindən, rahat nəfəs aldı. Elə bil, buludlar dağıldı, hava ayazıdı… Tural razılıq, məmnunluq dolu gözlərini Sarıtelə zillədi. Sarıtel qəhərlənmişdi, gözləri gilələnmişdi. Gərgin saniyələr uzun sürmədi. Sarıtel iradəsini toplayıb son sözünü dedi:
– Gülbuta yaxşı qızdır, qaqaş! Onu elə çox istəyirəm ki…
Sarıtel göz yaşlarını gizlətmək üçün üzünü yana çevirdi, tələsik qalxıb uzaqlaşdı…
Cəlil kişi idarədən çox pərt qayıtdı. Qapqara qaralmışdı. Çırtma vursaydın qanı damardı. Həyətdə közərən manqala, sacayaq üstə dəmlənən plova, buxarıda pıqqıldayan dolmaya gözucu baxıb içəri keçərkən arvadı soruşdu:
– Kişi, niyə tək gəldin? Bəs qonaqların hanı?
Cəlil heç nə demədən daş pillələri qalxıb otağa girdi, papağını çıxartdı, pencəyini soyunub divanın üstünə tulladı, həyətə çıxıb qızını səslədi:
– Sarıtel, qızım, su gətir əl-üzümü yuyum.
Tural cəld ayağa qalxdı, dolu aftafanı götürüb əmisinin qulluğunda hazır dayandı. Cəlil mənasını Turalın anlamadığı nəzərlərlə qardaşı oğlunu ötəri süzdü və dedi:
– Niyə əziyyət çəkirsən, oğlum? Qoysana uşaqlar töksünlər suyu.
Tural hazırcavablıqla:
– Əmi, – dedi, – mən nə vaxtdan böyük olmuşam? İstəmədim Sarıtel əziyyət çəksin.
Cəlil yuyundu. Sarıtelin əlində hazır tutduğu məhrəbanı alıb qurulandı və astadan:
– Gətirin, neynək… – dedi.
Süfrə açıldı. Ailə həyətdə, meynə talvarı altında açılmış stolun arxasında əyləşdi. Tural kababın yaxşı bişməsinə, yanmamasına xüsusi səy göstərir, şişləri alov bürüyəndə manqala duzlu su vurur, kababın əmisinin ürəyincə olmasına çalışırdı. Bu səyin əsas mənası bu idi ki, Turalın əmisinə yazığı gəlirdi. Sədrin başının dəstəsilə onun təklifini yerə salması (əmisi bunu deməsə də, Tural onun qırımından, pərtliyindən aşkar hiss eləmişdi ki, sədr onun sözünü yerə salıb. Turala bərk toxunmuşdu. Yaxşıca bilirdi ki, bu məsələlərin bir ucu atasına bağlıdırsa, digər ucu onun özü ilə əlaqədardır. Buna görə də o, əmisinin pərtliyində özünü haradasa günahkar hesab edirdi.
Tural bişmiş kababı manqalın üstündən götürüb, şişləri süfrəyə apardı. İstədi ki, çəkib geri qayıtsın. Cəlil fikirli halda başını qaldırıb qardaşı oğluna baxdı və dedi:
– Sən otur, oğlum, qoy uşaqlar bişirsinlər.
Tural etiraz etdi:
– İsti-isti yeyin əmi, qoy, anam, bibim də, Sarıtel də Yesinlər, mən bişirib gətirərəm.
– Bala, gəl otur. – Sonra bir qədər fikrə gedib əlavə elədi: – Bu, axı, sənin qonaqlığındır… Gəl otur, əmin sənin sağlığına vursun, sən də kababını ye. Qızım, Sarıtel, araq gətir.
Tural əmisinin yanında əyləşdi.
Cəlil ilk badəni Turalın sağlığına qaldırdı, instituta girdiyinə görə onu təbrik elədi və «Kaş qardaşım sənin bugünkü şənliyində iştirak edəydi», deyəndə kövrəldi də. Qadın xeylağının gözünün yaşı ovcunun içində olur deyiblər. Arvadlar Cəlilin qəhərləndiyini görəndə bir yumub beş tökdülər. Sarıtel də bəbəklərinə dolmuş göz yaşlarını saxlaya bilmədi, burnunu çəkə-çəkə için-için ağladı.
Cəlil dolu stəkandakı arağı başına çəkib kababa girişdi.
– Yaxşı bişirmisən, oğlum, çox sağ ol, toyunda, sağlıq olsa, əvəzini çıxaram. Allah qoysa sənə bir toy vurduracağam bütün Qarabağda misli-bərabəri olmasın – deyib qadınlara təpindi: – Çörəyinizi yeyin, yasxana açmayın burda, uşağın ürəyini qısmayın.
Cəlilin arvadı fürsətdən istifadə eləyib bayaqkı sualına bir də qayıtdı:
– Qonaqların niyə gəlmədi, kişi?
Cəlil yenə badəsini başına çəkib qəzəblə dedi:
– Cəhənnəmə gəlsinlər, gora gəlsinlər, çörəyinizi yeyin!
Araya sükut çökdü, heç kəs sual verməyə cəsarət eləmədi. Sükutu Cəlil özü pozdu:
– Nə bilim, vallah. Elə bil kabab iyinə sinov gedən sədr dəyişilib. Qəribə sözlər danışır. «Bilirsən nə var, Cəlil? – deyir, – mənim təmiz adımın korlanmasına gəl heç sən də razı olma. Qonaqlıq Turalın adına olmasaydı, gələrdim. Bilirsən də bu ağzıgöyçəkləri, birdən raykoma-zada çatdırarlar ki, sədr atası adam ölümü üstə tutulanın qonaqlığında olub, özü də başının dəstəsiynən. Ölən başqa adam olsaydı, yenə dərdyarıydı, əhəmiyyət verməzdim. Ölən mənim qardaşımdır, axı, özü də iş başında! Hamı cəhənnəm, elə bircə rəhmətlik qardaşımın arvadı eşitsə, onda gərək kənddən köçəm». – Cəlil sivə qabırğanı dişinə çəkib əlavə etdi: – Nə deyim, vallah, mən də qaldım mat-məəttəl… Bir də, nə bilim, dedi ki, Turalın başına ağıl qoy, Əbilin gözaltısı ilə işi olmasın, Əbildi də, beyni qanlı cayıldı, sonra əlindən bir xata çıxar, sənə də yaxşı olmaz, mənə də… Haqq üçün desəm, sədr özü Əbilin avariyası üstə gəlmədi, amma camaatdı da, ağızlarını bağlamaq olmaz ki… Söz gəzir ki, Tural tarlaya gedib Gülbutayla görüşüb, bu da Əbilin xoşuna gəlməyib, hirslənib avariya eləyib.
Bu yerdə Sarıtel özünü saxlaya bilmədi:
– Görüm ondan da pis günə düşsün o Əbili! Qaqaşım tarlaya gedib öz məktəb yoldaşları ilə görüşməyəydi ki, nə var, nə var, Əbilin xətrinə dəyəcək?!
Cəlil qızına tərs-tərs baxdı.
– Böyük danışan yerdə kiçik dilini çəkər qarnına!
Sarıtel dilini qarnına çəkmədi.
– Niyə qəzəblənirsən, dədə? Mən elə bir söz demədim, axı.
– Küçüyün başından böyük qələt eləməyinə bax, ha! – Cəlil bağırdı. – Döyülməyin çatıb, deyəsən. «Qaqaşım, qaqaşım», nə «qaqaş»bazlıqdır? Bu, birinci mətləb! Qoymazsınız başımızın milçəyini qoruyaq? Qoymazsınız bir parça çörəyimizi yeyək? Bu, ikinci mətləb! Sədrlə durub çomaq-çomağa qoyacayıq? Sədrlə sədrlik eliyəcəyik? Raykom dalında, ispalkom dalında, nəzarət dalında. Bu, üçüncü mətləb! Planı da göynən gedir, bunu heç bilirsən, neçə faizə çıxıb? Bu da dördüncü mətləb!
Bu yerdə Tural özünü saxlaya bilmədi:
– Əmi, – dedi, – özünüz bilirsiniz ki, mən böyüklərin sözünə qarışmaram, amma elə belə ağlıma gəlib deyirəm, bəs üç il sonra, beş il sonra necə olacaq bu kəndin vəziyyəti?
– Necə yəni necə olacaq, lap əla! Plan dolur? Dolur! Keçici bayraq alırıq? Alırıq! Kolxozumuzun da, sədrimizin də hörməti rayonda artıb? Artıb! Camaatımızın gəliri çoxalıb? Çoxalıb! Day bundan sonra nə lazımdır kəndə?
Tural ürəyindəkiləri saxlamadı:
– Nə lazımdır? Dolanacaq lazımdır! Mən dünən anama demədim, inəyimiz heç bilirsən necə düşüb? Harda otlasın bu yazıq heyvan? Doqqazımızın ağzınacan pambıq-üzüm əkilib, hara çıxsın bu inək, bu qoyun? Əlac qalıb bircə həyətyanı sahələrə. Ona da su vermir kolxoz. Hər il bir-iki adam su oğurluğu üstə sədrin qəzəbinə düçar olub gedir girir qazamata. Onları qınamalı da deyil… Gözləri görə-görə yanır həyət, qovrulur meyvə ağacları, bostan, tərəvəz…
Turalın anası dərindən ah çəkdi.
– Eh, ay bala, – dedi, – kənddə həyətə baxan kimdi, qoyun-quzu, inək-camış saxlayan kimdi? Lap elə dava vaxtı, o ağır illərdə olan mal-qara indi yoxdur. Nə yaxşı ki, biz min-bir əziyyətlə, əzabla bu təkcə inəyimizi saxlaya bilmişik… Birdən kiməsə süd lazım olur, qatıq lazım olur, qaçırlar üstümə. O günü şəhərdən bir nəfər maşınla gəlmişdi qapımıza. Baxırdın ki, əməlli-başlı adamdır. Yalvarıb-yaxardı: «Bəlkə bircə kilo nehrə yağı ola», dedi. Mən də gətirib verdim. Pul çıxartdı, almadım: dedi, bacı, dəlisən vallah, heç bilirsən, nehrə yağının kilosu neçədi bazarda, lap ölüsü…
– Anamın sözünə qüvvət, – deyə Tural dilləndi. – İmtahan zamanı təsadüfən küçədə Həsənalını gördüm, traktorçu yoxdur, onu. Dedim, ay Həsənalı dayı, səndən nə əcəb? Dedi: «Oğlum, yağ almağa gəlmişəm, qızımın nişanıdır. Əmi, indi sən fikir ver. Həsənalı ki, kənddən şəhərə yağ dalınca getdi, day ölünü qoy, dirini ağla. Axı gərək yağı şəhərə kənd versin. Nəinki kənd camaatı işini-gücünü atıb şəhərə gəlsin, yağ alsın.
Əmisi Turalın sözünü kəsdi:
– Canı çıxsın Həsənalının, pulunu saymaqla qurtarmaz, inək saxlasın, qoyun saxlasın.
Bu dəfə Cəlilin arvadı sözə qarışdı:
– Sən də deyirsən, necə saxlasın, axı? Sən saxlaya bilərdin? Yaxşı ki, ferma var, beş-on qoyunu qoşubsan kolxozunkuna. Sabah səni çıxartdılar vəzifədən, qoyunlarını da gətirib tökdülər qapıya, kim baxacaq onlara? Kim otaracaq onları? Harda otaracaq, axı? Yaxşı ki, Qarqarçay varmış, daşmağının qorxusundan bir şey əkə bilmirlər çaylaqda, camaatın beş-on qoyunu, inəyi səhərdən axşamacan ağzını Qarqarın çaylağına döyür, Bu olmasaydı neynərdilər?
Cəlil çəp-çən arvadına baxdı:
– Arvad, sən də başladın siyasətə?! Qoy bir tikə çörəyimizi yeyək.
Cəlil qarşısındakı arağını içib çeçədi, öskürdü, üzünü Turala tutub dedi;
– Sən uşaqsan, bala. Bilmirsən camaat necə qazanır, bilmirsən ildə hər ailə nə qədər pul alır?..
– Yüzillik qoz ağaclarının, palıdların, qızıləhmədi almaların hesabınadır bu qazanc, əmi.
Cəlil Turalın mətləbini anlamadı:
– Adə, kənddən çıxdığın bir ay deyil, yad adam kimi danışırsan, nə alma, nə gilas, nə əzgil, day biz üzüm əkirik ey, pambıq əkirik! Palıd ağacına plan qoyublar, ya qarağaca, ya qoz ağacına?
Tural ədəb-ərkan qaydasını nə qədər gözləsə də, özünü saxlaya bilmədi.
– Əmi, bu yaxınlarda bir kitab oxudum. Təbiətin qorunmasından danışır. Çox maraqlı faktlar var kitabda. Kaş sizin hamınız, içi raykomqarışıq, ispalkomqarışıq, bizim sədrqarışıq, briqadirqarışıq, hamınız o kitabı oxuyaydınız.
– De görək nə yazılıb axı o kitabda?
– Yazılıb ki, torpaqla zarafat eləmək olmaz. Təbiətin, torpağın öz qanunları var. Bu qanunlar elə müqəddəs, elə toxunulmaz, elə əbədidir ki, kim bu qanunların əleyhinə getsə, kim bu qanunlara etinasız yanaşsa, vay halına! Təbiət onu elə cəzalandırar ki, cızdağı çıxar. Təbiət heç kəsin iradəsinə, əmrinə, qərarına, qanununa tabe deyil! Yazılıb ki, biz təbiətə qarşı çox qəddar olmuşuq. Azərbaycanda turac qəhətə çıxıb, ceyran-cüyür azalıb. Nədir ağaclar bir nadanın baltasının, beş-on gecəlik rahatlığının, sobasının istiliyinin qurbanı olub. Yazır ki, Kür qırağının meşələri məhv olub gedir, bəzi dağlıq zonalarda yüzillik ağacları, dibində sürü yatan, karvan gecələyən ağacları qırıb yerində qarğıdalı əkirlər, üzümlük salırlar. Axı, bu qədim ağaclar, bu meşələr dayağıdır dağların, bərəkətidir, rütubətidir torpağın, çörəyidir, təmiz havasıdır insanların… Yalnız bu günü düşünənlər, yalnız beş ilin, on ilin rahatlığı üçün çalışıb gələcəkdə bu rahatlığın necə narahatlığa çevriləcəyini, necə dəhşətlərlə nəticədə nə biləcəyini düşünməyənlər cinayətkardırlar, gələcək nəsil qarşısında cavab verməli olacaqlar…
Cəlil axırıncı badəsini başına çəkib dedi:
– Sən qan-qan deyirsən, dəhşətli sözlər danışırsan, oğlum. Düzünü deyim, sözlərin ağlıma batsa da məsləhətim budur ki, başını aşağı salıb dərsini oxuyasan. Arığın nə işi var qoruqda, vurub qıçını qıralar. Özləri bilərlər, çayın daşı, çölün quşu – qoy nə qədər sapandlayırlar, sapandlasınlar.
QƏRİBƏ İŞLƏR OLUR HƏYATDA
Anası Turala əməlli-başlı yol tədarükü gördü. Professorgilə də ayrıca pay qoydu. Tural Qərib dayısıgildəki əhvalatı xatırlayıb etiraz elədi:
– Ayıbdır, ana, – dedi, – professorun ailəsi elə sənin payına qalmışdı?
Anası təkid elədi:
– Sənin işin yoxdur, deyərsən anam göndərib. Bir sərnic qatıqdı, üzlü pendirdi, bir səbət şəftəlidi, bir səbət gilənar, bir büküm əvəlik, bir torba kəkotu… Dünya yaxşı adamlardan xali deyilmiş, oğlum, yaxşı adamlar varmış dünyada. Verərsən bunları, deyərsən ki, anamın elə təkcə duası sizə bəsdi, qoy pambıqdan başım ayazısın, mütləq gedəcəm onlara…
…Tural vağzalda bir taksi saxlatdırıb əvvəlcə yataqxanaya sürdürdü, çamadanını, kitab-dəftərlərini yataqxanaya qoyub professorgilə getdi.
Xoşbəxtlikdən hamı evdə idi. Professor da, İsmət xanım da, Ülviyyə də. Turalı da əziz, ən doğma adamları kimi qapı ağzında qarşıladılar. Professor onu xüsusi təbrik elədi:
– Əhsən, qoçaq oğlanmışsan, – dedi.
Tural utana-utana gətirdiklərini küncə qoydu:
– İsmət xala, – dedi, – bunları anam göndərib sizə.
İsmət xanım gülər üzlə:
– Anan bizə lap xəcalət verib, oğlum. Payı çox olsun ananın! Nahaq əziyyət çəkib!
– Elə bir şey deyil, İsmət xala, kənd payıdır də… Qatıq, kəkotu, əvəlik, mer-meyvə…
Professor razılıqla:
– Bax, bu kəkotuynan əvəlik lap əla oldu! İsmət xanım, heç bilirsən kəkotulu çay nə deməkdir? Neçə dərdin dərmanıdır? Elə lap əvəliyin özü də məcundur, can dərmanıdır.
– Bəs heç bir sərnic qatığı demirsən? Üstündə əlqalınlıqda qaymağı, – Ülviyyə sevinclə əlavə elədi. – Kefir içməkdən kifirləşmişik. Çox sağ ol, Tural, qatığa görə xüsusi təşəkkür!
İsmət xanım söhbəti yekunlaşdırdı:
– Pay göndərən də sağ olsun, gətirən də.
Anasının göndərdiklərinin belə razılıqla, «bəh-bəh»lə qarşılanması Turala xüsusi ləzzət verdi. Professor Turalı qonaq otağına dəvət elədi:
– Gəl, keç otur görək, kənddə nə var, nə yox? Camaatın güzəranı, dolanışığı necədir?
Tural utana-utana dedi:
– Çox sağ olun, professor, Ülviyyə bacı sərnici boşaltsaydı, gedərdim. Anam tapşırıb ki, mütləq sərnici gətirərsən. Deyirəm, ayıbdır, mən necə istəyim sərnici. Deyir, ayıb-zad deyil. Sərnic şəhər adamının nəyinə gərəkdir?
İsmət xanım gülümsəyərək:
– Lap ürəyimdən deyib anan. Hər pay gedən yerdə bir sərnic qalsa, üzü astarından baha çıxar axı… Bir də arvad olan kəs gərək qab-qacağını heç harda qoymasın.
Professor əlavə elədi:
– Darıxma, oğlum, bu saat boşaldarlar, keç əyləş, bir stəkan çay içib gedərsən.
Tural ayaqqabılarını çıxarıb içəri keçdi. Səhər yeməyi zamanı professor soruşdu:
– Qardaşdan, bacıdan nəyin var?
– Elə tək özüməm.
Professor başını buladı, Ülviyyəyə baxıb dedi:
– Hə, bax, bu olmadı. Deyəsən, şəhərin bu pis adəti kəndə də keçib. Vaxt vardı, hər kəndli ailəsində ən azı yeddi-səkkiz uşaq olardı.
– İndi də var, professor, – deyə Tural cavab verdi. – Səkkiz, on, on iki uşaqlı ailələr var. Dörd nəfər Qəhrəman ana var kəndimizdə!
– Hə, bax, bu əla! Bəs atan nə karın sahibidir, oğlum?
Tural professorun bu gözlənilməz sualından tutuldu, cavabı ləngitdi. Professor da uşağın halının dəyişməsini görüb ürəyində özünü danladı. Tural astadan dilləndi:
– Atamı tutublar, professor.
Professor pərt oldusa da söhbəti yarıda kəsmək istəmədi. .
– Nə üstə tutublar, oğlum?
Tural xəcalət çəkə-çəkə cavab verdi:
– Adam öldürüb…
– Adam öldürüb? – deyə İsmət xanım təəccübünü gizlədə bilmədi.
– Bəli, İsmət xala, adam öldürüb.
– Nə üstə, oğlum?
Tural əhvalatı olduğu kimi söylədi. Hamı mütəəssir oldu. Professor fikirli halda:
– Çox qəribə kişi olub sənin atan, – dedi. – Lap orta əsr cəngavərləri kimi hərəkət eləyib. Əsl kişilik göstərib! – Professor dərindən köksünü ötürüb hüznlü bir səslə əlavə elədi: – Çox təəssüf ki, azalıb belə kişilər… Yaxşı adamlar defisit olublar… – Professor çayını buğlana-buğlana qoyub ayağa qalxdı, auditoriyada mühazirə oxuyurmuş kimi bir xeyli gəzindi, sonra Turala. müraciətlə: – Heç bilirsən «defisit» nə deməkdir? – soruşdu.
Tural çiynini çəkdi. Professor öz sualıma özü cavab verdi:
– Defisit azlığın dəbdə olması, azlığın təntənəsidir! Defisit məfhumunun çox qəribə bir fəlsəfəsi var: «Hamı üçün yox, tək-tük şəxslər üçün. Kütlə üçün yox, seçmələr üçün, başqa sözlə desək – vəzifəlilər üçün! Bəli, bəli, defisit yemək, geyim, defisit dərmanlar… Prinsip isə belə olmalıdır: varsa – hamı üçün, yoxsa – heç kəs üçün!
Professor otaqda var-gəl eləyərək danışır, Tural da matı-ququ qurumuş halda, gözlərini döyə-döyə ona baxırdı. Birdən professor ayıldı. Turala baxıb özünə gəldi. Eynəyimi çıxarıb silə-silə ona yaxınlaşdı, əlini çiyninə qoydu:
– Əslinə baxsan bu ayrı-seçkilik bəlasına düçar edilənlərdən biri də mənəm! Amma, səmimi deyirəm sənə, hər dəfə telefonu götürüb öz mağazamıza zəng eləyəndə, «filan-filan şeyləri evə gətirin», deyəndə xəcalət çəkirəm… Axı niyə, axı nə üçün?.. – sözünün dalını gətirmədi. Eynəyini gözünə taxıb bayaqkı yarımçıq qalmış söhbəti xatırladı, mətləb üstə qayıtdı:
– Deyirsən ki, qız sənə bu günlərdə deyib əhvalatı?
– Bəli, kamal attestatı aldığım günün səhəri.
Professoru fikir götürdü. İsmət xanım təəssüfünü bildirdi:
– Yazıq kişi heç nəyin üstündə özünü işə salıb. Amma gərək gizlətməyəydi, necə olubsa məhkəmədə hamısını deyəydi.
Professor səsini ucaltdı:
– İsmət xanım, elə məsələ də bundadır ki, əsl kişilik eləyib Turalın atası. Əlbəttə, hadisəni olduğu kimi söyləsəydi, bəlkə də özünü müdafiə elədiyi üçün ona heç vədə verməzdilər. Versələr də belə yüngülvari, şərtidən-filandan. Amma, çox güman ki, qızın nişanlısı ondan üz döndərərdi. Fədakarlıq eləyib Saleh kişi. Öz həyatını başqasının səadəti yolunda təhlükəyə atıb, əzaba-əziyyətə salıb. Hüqonun Jan Valjanı kimi qıza görə eləyib hamısını. Tural, oğlum, görəsən məsələ ciddiləşsə qız sözünün üstündən qaçmaz ki?
Tural professorun fikrini başa düşmədi.
– Təzədən necə ciddiləşə bilər məsələ, professor?
Professor əlini Turalın çiyninə qoydu.
– Deyirəm, yəni qız sənə dediklərini danmaz ki?
– Yox, qətiyyən danmaz. Özü mənə dedi ki, mənim üstümdə getdi atan, məhkəmədə gərək hər şeyi açıb deyəydim. İndi də xəcalət çəkirəm: hər dəfə o əhvalat, o dəhşətli səhnə yadıma düşəndə odsuz-ocaqsız yanıram. Səni görəndə, ananı görəndə bilmirəm özümü hayanda gizlədim. Üzünə baxa bilmirəm ananın, vicdanım əzab verir mənə, istəyirəm gedib hər şeyi olduğu kimi danışım.
Professor xeyli fikrə getdi, hannan-hana dilləndi:
– Mən məsələni belə qoymayacağam, oğlum. Bu adi məsələ deyil. Atanın adam öldürməsi sənin üstündə ömürlük ləkədir. Heç bilirsənmi bu necə dəhşətli məsələdir? Cavansan, gələcəyin var. Gələcəkdə harasa səni irəli çəkə bilərlər. Sən də gərək öz anketinə, tərcümeyi-halına düzünü yazasan, atanın adam öldürdüyünü göstərəsən. Bilirsənmi heç bu nə deməkdir? Hamı sənə şübhə ilə yanaşacaq… Bir də niyə axı yazıq kişi nahaqdan yatsın?
Elə bil Turalın üstünə gün doğdu.
– Deyirsiniz bir kömək olar atama?
– Olar, oğlum, olar. Bu saat belə məsələlərə xüsusi əhəmiyyət verirlər. Yaxınlarda tanışlarımdan biri mənə qəribə bir əhvalat danışdı. Oğurluq üstə ələ keçən cinayətkara deyiblər ki, onsuz da sənin cinayətin sübuta yetib. İstəyir iki evdən oğurluq elə, istəyir üç, cinayət cinayətdir. Gəl sənə bu qədər pul verək, filan evdən aparılan malları da boynuna al. Bu evin ünvanı, bu da oğurlanan şeylərin siyahısı. O da pula tamah salıb eləmədiyi oğurluğu da götürüb boynuna. İndi gör nə olub? İkinci mənzilin əsl oğrusu tapılıb. Başlayıb əsl oğru ilə yalançı oğru arasında yaxalaşma. O deyir, mən oğurlamışam, bu deyir mən.
Bu yerdə Ülviyyə sözə qarışdı:
– Deməli, Üzeyir bəyin hambalı demiş, qızın iki namızadı çıxıb.
Professor qarnını tutub pıqqıldaya-pıqqıldaya xeyli güldü. İsmət xanım da, Ülviyyə də ona qoşuldu. Təkcə Tural gülmədi. Onun fikri atasının yanında idi. Arzusu da bu idi ki, professor bu haşiyəsini bir yapa qoyub atası üstə gələydi.
Professor isə deyəsən Turalın düşündüyü mətləb üstə gəlmək fikrində deyildi.
– İndi oğrular yalan olub, milislər gerçək. O deyir, mənim oğrum haqlıdır, bu deyir mənimki.
– Bəs onlara nə düşüb? – Bunu İsmət xanım soruşdu.
– Burada bir incə mətləb var. Əgər birinci oğrunun əldəqayırma olduğu, öyrədildiyi sübut olsa, necə ki, sübut olub, bu işi düzüb-qoşan milis işçisini tutub basarlar dama, necə də ki, basıblar… İsmət xanım, hələ bu harasıdır, – deyə professor başqa bir əhvalat danışmağa başladı. – Bu günlərdə evlərdən ancaq qiymətli şeylər – qızıl, istiqraz, xarici maqnitofon, bir sözlə, vəzndən yüngül, qiymətdən ağır şeylər oğurlayan bir dəstə əla keçiriblər. Onları bir-bir oğurluq elədikləri evlərə aparır, haradan nəyi apardıqlarını soruşurlar. Bir görün necə qəmədiyyə olub? Sən demə, ev yiyəsi oğurluğun üstünü vurmayıb, aparılan şeylər barədə milisə xəbər verməyibmiş.
– Görəsən niyə? – deyə İsmət xanım maraqlandı.
– Bilirsən niyə görə? Ev yiyəsi görünür bu var-dövləti əyri yolla yığıbmış. İndi qorxur soruşsunlar ki, bu qədər qiymətli qaş-daşı hansı pulla, hansı maaşla almısan… İndi oğru deyir, bir mücrü qızılı bax buradan, hamamxanadakı nimdaş pal-paltar yığılmış bu köhnə paltaryuyan maşının içindən götürmüşəm. Ev yiyəsi də iki ayağını bir başmağa dirəyir ki, qardaş, keçi handa, qaya handa, mənim nə mücrüm olub, nə də evimdən bir şey oğurlanıb.
Turalın təəccübdən gözləri böyüdü, öz-özünə:
– Doğrudan nə qəribə işlər olur həyatda… – dedi.
İsmət xanım elə bil yuxudaydı, ayıldı, söhbəti Turalın atasının üstə gətirib təkidlə dedi:
– Sən canın, kişi, bu işdən möhkəm yapış, Tural yazıqdır, həmişə əzab çəkəcək, atası yazıqdır, nahaq yerə həbsdə yatacaq.
Ülviyyə də əlavə elədi:
– Bu iş düzəlsə, özün demiş, olar lap əla!
Professor qəti fikrini söylədi:
– Respublika prokurorluğundakı yoldaşlara müraciət edərəm, məsləhətləşərəm, lazım olsa, lap yuxarılara gedib məsələni ətraflı danışaram, xahiş elərəm ki, bu məsələyə bir də qayıtsınlar. – Əlini Turalın çiyninə qoyub əlavə elədi: – Gələn həftə bir mənə dəy, mütləq!