Kitabı oku: «Toy gecəsi», sayfa 4
«KİŞİNİN OĞLUNU VURUBLAR!»
Tural Ağdam stansiyasına səhər tezdən düşdü. Stansiyada saysız-hesabsız taksilər, şəxsi maşınlar, avtobuslar dayanıb sərnişin gözləyirdi. Şoferlərin bəziləri hövsələsizlik eləyib sərnişinlərin qabağına çıxır, onların hara getməsi ilə maraqlanırdılar. Bəziləri isə maşınlarının. yanında dayanıb ucadan müştəri çağırırdılar:
– Ay şəhərə gedən!
– Ağcabədi, Ağcabədi!
– Füzuliyə bir nəfər!
– Hadrut, Hadrut!
– Stepanakert!
– Şuşa!
Tural qarayaxa şoferlərin əhatəsindən çıxıb üstünə «Ağdam» lövhəsi vurulmuş avtobusa mindi. Yol boyu taksilər, «Moskviç»lər, «Jiquli»lər avtobusun solundan şütüyüb keçir, saatda, yalan olmasın, iyirmiynən gedən avtobusu toza basırdılar.
Avtobus, axır ki, mənzil başına çatdı. Tural hövsələsizlik edib, kəndə gedəcək avtobusu gözləmədi. Piyada yola düşdü. Qınayan olmasaydı, kəndə – anasının yanına qaça-qaça gedərdi. Qarqarın körpüsünü keçib sağa buruldu. Dolu salxımları sallanan üzüm tənəklərinə heyranlıqda baxdı. Dərindən, köks dolusu nəfəs aldı. Təzə çalınmış kövşən ətirli, küləş qoxulu havanı acgözlüklə ciyərinə çəkdi.
Kəndə girdi. Barın bolluğundan budaqları çəpərlərin üstündən yola sallanan şaftalı, alma ağaclarına, üstü od tutub yanan nar kollarına baxa-baxa həyətlərinə keçdi. Burnuna çörək ətri dəydi. Haradasa təndirə çörək yapırdılar. Turalın ürəyindən keçdi ki, bu saat o çörəkdən olaydı, buğ çıxan çörəyin arasına əli yana-yana pendir basıb dürməkləyəydi. Özü də motal pendiri… Onu ilk qarşılayan köpəkləri oldu. İt əvvəl-əvvəl hürüb sürətlə Turalın üstünə cumdu. Yaxına gələn kimi tanıdı. Sahibini salamlayırmış kimi zingildədi. Quyruğunu bulaya-bulaya Turalın ayaqları altına sərildi, ləhləyə-ləhləyə ona baxdı. Tural itin pırpız başını oxşadı: «Culbars… Culbars… Darıxmışdın mənimçün?!»
Sonra evlərinə tərəf getdi. İt gah Turalın üstünə sıçrayır, gah da başını onun ayaqlarına sürtə-sürtə sağına-soluna keçirdi.
Turalın gözləri anasını aradı. Gördü ki, anası talvarın altında inək sağır. Görünür, başı işə qarışdığından, yəqin ki, dodaqaltı eydirmə oxuduğundan nə itin hürməsinə əhəmiyyət vermiş, nə də darvazanın kiçik gözünün cırıltısını eşitmişdi.
Tural asta-asta arxadan gəlib çömbələrək sərnici ayaqları arasına almış anasının gözlərini tutdu. Ana diksindi. Süd qoxulu əlini Turalın əlləri üstə gəzdirən kimi tanıdı:
– Buy, başıma xeyir, sənsən, Tural? – dedi.
Ana hövlnak ayağa qalxdı. Ana-bala qucaqlaşdılar. Kövrəldilər. İnək təpikləyib sərnici aşırdı. Ana təəssüflənmək əvəzinə oğluna təskinlik verdi:
– Aydınlıqdır, oğlum!
Tural sərnici qaldırıb başına çəkdi, dibində qalan isti südü son damlasına qədər içdi. Gözlərini oğlundan çəkməyən ana məmnunluqla dilləndi:
– Halal xoşun olsun, oğlum. – Sonra oğlunu qınadı: – Yaxşı, ay saqqalı ağarmış, aya yaxındır evdən çıxmısan, bir barmaq kağızsa göndərməmisən.
Tural qolunu anasının boynuna keçirdi.
– Bilirsən nə var, ana, axı, mən imtahanların hamısını verib qurtarmamış sənə nə yazaydım? Əvvəl-əvvəl yazıb səni sevindirəydim, sonra da kəsilib gələydim üstünə, qaraldaydım qanını, hə? Dedim qoy imtahanların hamısını verim, sonra da gəlib səni sevindirim. İndi, bax, nə qədər istəyirsən sevin! Nə qədər istəyirsən oxşa, ağla. Oğlun tələbədir, neft-kimya institutunun tələbəsi!
Ana oğlunu qucaqlayıb duz kimi yaladı.
– Kaş atan görəydi sənin bu gününü! Allah mərdimazarın evini yıxsın!
Tural kövrəldi. Söhbətin səmtini dəyişmək üçün dedi:
– Qatıq çalmısan, ana?
Ana önlüyünün ətəyi ilə yaşlı gözlərini sildi.
– Niyə çalmamışam, başına dönüm, əl-üzünü yu, bu saat üzünü yığım, yeginən.
Deyəsən anası Turalın təzə kostyumunu, çəkməsini, boynu qalstuklu köynəyini yalnız indi gördü.
– Ay saqqalı ağarmış, bu üst-baş hardan? Yəqin dayın alıb səninçün. Bir gör ey, heç dayıngili soruşmadım. Necədi dayıngil? Gəlin xanım, qızı necədirlər? Necə qarşıladılar səni? Yəqin sevindiklərindən heç bilməyiblər neyləyələr.
Tural əsl mətləbi açıb anasının könlünü sındırmaq istəmədi.
– Lap yaxşıdırlar. Məni də elə dil-ağızla qarşıladılar ki, hörmətlərindən xəcalət çəkdim. Dayım şəhərdə deyildi, Zivər xala da, Tərgül də elə sevindilər ki…
Tural yalan danışdığı üçün qızardı. bir qədər susub özünü ələ aldı və dedi:
– O ki, qaldı üst-baş məsələsinə, bu uzun əhvalatdır, ana. Danışaram, hamısını danışaram sənə! Bir de görüm kənddə nə var, nə yox? Gülbuta necədir?
Ana yanıqlı bir ah çəkdi. Bir istədi hər şeyi gizlətsin oğlundan, amma fikirləşib gördü yox, ondan-bundan eşidənəcən, özü desə yaxşıdır.
Anasının cavabı gecikdirməyindən Turalın dalağı sancdı. Sualını bir də təkrar elədi:
– Səndən Gülbutanı soruşdum, axı!
Ana yenə birbaşa mətləb üstə gələ bilmədi.
– Ağıllı baladır Gülbuta. Tez-tez mənə baş çəkib, hal-əhval tutub, hər dəfə də səni soruşub: «Bakıya gedəndən nə xəbər?» Mən də neyniyim, özüm nə bilirdim ki, ona da nə deyəydim.
Tural hiss etdi ki, anası ondan nəyisə gizlədir. Ürəyinə damdı ki, anasının bayaq köks ötürməsi əbəs deyil.
– Onsuz da günü bu gün hər şeyi biləcəm. Nə olub, açıq danış. Görürəm, sözlü adama oxşayırsan.
Ana yenə köksünü ötürdü:
– Ay oğul, sözlü deyəndə ki, nə deyim, vallah. O ciyəriyanmış gədə qıza göz verib işıq vermir.
Turalı od götürdü:
– Nə gədə? Kim?
– Kim olacaq? Sədrin ərköyün küçüyü.
– Əbil?
– Hə, o ciyəriyanmış. Görüm onu heç kişi olub kişilərə qoşulmasın, heç gərdək üzü görməsin.
– Əbil, bütün o həngamələrdən sonra utanmır, ona yaxın düşür?
– Nə bilim, vallah, abır-həya var ki, üzündə? Ya onun üzü, ya da çaylaq daşı.
– Nə deyir, axı?
– Deyir, öldü var, döndü yoxdur!
– Bəs qız?
– Neyləsin yazıq. Gücü çatır gözlərinə. Elə hey sıxır gözlərinin qorasını.
Turalın əzələləri gərildi. Yumruqları düyünləndi.
– Yaxşı. O, Əbil olsun, mən də mən! Ona öz həddini bildirməsəm, adımı dəyişərəm.
Ana narahatlıqla əl-ayağa düşdü:
– Qoşulma ona sən atanın canı. Dəlinin biridir, bir də gördün, maşını düz sürdü üstünə. Arxalı köpək qurd basar, oğlum. Sənin arxanda kimin var? Bir əmindi, o da belə…
– Doğrudan, neynir əmim? O əhvalatdan sonra gəlib gedirmi?
– Eh, allah atanın kölgəsini gendə olsa da üstümüzdən əskik eləməsin. Allah səni mənə çox görməsin. Nə əmi, nə dayı, hamısı özü üçündü…
– Yəni heç gəlib-eləməyib? Hal-əhval tutmayıb səndən?
– Cəmi bircə dəfə çəpərdən boylanıb, ağızucu səni soruşub, «Gədədən bir xəbər varmı?» deyib. Mən də demişəm bir xəbər yoxdu. Başlayıb dodaqaltı mızıldanmağa: «Uşağı nahaq yerə didərgin elədin. Ali məktəb havayıdı, bəyəm?!»
Tural daha heç nə soruşmadı. Otağa keçib üzüqoylu çarpayıya sərildi. «Hamısı Gülbutaya görədir. Eybi yoxdur… Bir gör Gülbutaya görə kimlərlə qarşılaşmalı, kimlərlə üz-göz olmalıyam. Çətindir, yaman çətindir…»
Tural gözlərini yumdu. «Gecə də çimir çalmamışam. Bir hovur yata biləydim». Ancaq mümkün idimi? Gülbuta sanki onun kirpiklərini qaldırıb gözünün aynasında dayandı. Gileyli baxışlarını ona zillədi. Heyran-heyran baxdı, baxdı, xeyli sonra astadan soruşdu: «Elə bilirsən, mənimçün asandır? Hər tərəfdən düşüblər üstümə. Səp də başını götürüb qaçmısan…»
«Pis eləmşəm, Gülbuta?»
«Demirəm ki, pis eləmisən. Ancaq mənimçün çox çətindir, Tural, sənin düşündüklərindən də çətin».
Tural qızın məhzun görkəminə, min-bir gileylə, umu-küsü ilə dolu gözlərinə baxdı, dözmədi. Hövlnak yerindən sıçradı.
Ana özünü oğlunun üstünə atdı.
– Nə oldu, bala? Yatırdın, axı, niyə birdən qalxdın?
– Mən elə bu saat Gülbutayla danışmalıyam. Qoy dilim dilinə dəysin, fikrini bilim, qalanı asandır!
Ana əl-ayara düşdü:
– Sən dəli olubsan, yoxsa? Evlərinə gedəcəksən? Güldürmə kəndi bizə, oğlum. Hövsələni bas, bir azdan hamı tarlaya axışacaq. Gedib danışarsan. Gülbutanın manqasındakılar hamısı cavanlardır, öz məktəb yoldaşların, tay-tuşlarındır. Həm onlarla görüşərsən, həm də Gülbutaya sözünü deyərsən.
Anasının sözləri Turalın ağlına batdı. Təzədən yatağına uzanıb yerində qurcalana-qurcalana qaldı.
…Tanış pambıq tarlası. Göz işlədikcə uzanan ağ çiçəkli cərgələr. Tural öz yoldaşları ilə bərabər nə qədər bu tarlada alaq eləmiş, pambıq yığmışdı! Gülbutanın gənclər manqasının üzvləri cərgələrin arasına səpələnmişdilər. Pambıq kolları ayaqlarını cızmasın deyə qızlar altdan ağzı büzməli yüngül şalvar geymiş, başlarına enli günlüklü həsir şlyapa qoymuşdular. Allı-güllü paltar geymiş qızlar pambıq kolları arasında sayrışan çiçəklərə bənzəyirdilər.
Pambıq kolları çiçək açmışdı: ağ, narıncı çiçəklər. Qozalar qoz boyda olmuşdu. Bu gün-sabah yığım başlanacaqdı. Gənclər kollarda ara-sıra görünən sovkaları dənləyib əllərindəki şüşələrə doldururdular.
Tural cərgələr arası ilə irəliləyərək tanış kənd cavanları ilə görüşüb hal-əhval tuturdusa da gözləri nigaranlıqla Gülbutanı axtarırdı. Birdən gündə yanıb pörtmüş Gülbuta özü onun qarşısına çıxdı. Elə bil Turalı yerə mıxladılar. Addım atmağa, qıza tərəf irəliləməyə taqəti olmadı. Onu uzaqdan görən Gülbuta yerişini pozmadan irəliləyirdi. Onlar qarşılaşdılar. Həyəcanlı baxışlar bir-birinə zilləndi. Bir anlığa hər ikisi sehrlənmiş halda susdu. Tural dillənməyə qorxur, səslə, sözlə bu mənalı sükutu, bu dilsiz baxışların nağılını ürküdəcəyindən ehtiyat edirdi. Gülbutanın titrək səsi eşidildi:
– Salam, Tural!
– Salam, Gülbuta!
Başqa cavanlarla əl verib görüşən, dil qəfəsə qoymadan danışan Turalın Gülbutaya əl verməyə cəsarəti çatmadı.
– İmtahanlarını verdin?
– Verdim. Qəbul olundum.
– Təbrik edirəm. Yaxşısını sən elədin, Tural! Ağıllı iş gördün ki, oxumağa getdin. Məni… – Gülbuta sözünün gerisini gətirə bilmədi. O, «məni odun içində qoyub getdin, tək qoyub getdin» demək istəyirdi, dili gəlmədi, sözünün səmtini dəyişdi: – Amma hamı elə bilirdi ki, ya kəsiləssən, ya da müsabiqədən keçməyəssən.
– Bəs sən necə?
– Mənim də ümidim az idi. Biliyindən arxayın . olsam da nigarandım. Eh, o qədər söz danışırdılar ki, adam bilmirdi kimə inansın.
Tural qızğınlıqla ona cavab verdi:
– Hamısı yalandır! Ara sözüdür. Biliyi olanı kəsmirlər, inan mənə!
– Bəs biliksizlər? Bəs kütlər? Onlar da ali məktəbə girirlər, axı. Bəs, buna nə deyirsən?
– Düz deyirsən, Gülbuta. Çox təəssüf ki, belədir. Elə bizim öz kəndimizdə də atalarının pulu gücünə əyri yolla institutlara yol tapanlar var. Bütün aləmi korlayan onlardır. Havayı yolla pul qazanan atalardır!
Tural hiss etdi ki, onlar əsl mətləbdən uzaqlaşıblar. Ona görə söhbətin axarını dəyişmək məqsədi ilə soruşdu:
– Atangil necədir, Gülbuta?
– Niyə, pis deyillər.
– Bəs özün?
– Özüm də pis deyiləm. – Gülbuta ətrafa boylandı. – Tural, yaxşı deyil, uşaqların gözü bizdədir.
Tural incik halda dilləndi:
– Qoy görsünlər! Lap istəyirsən elə bu saat uşaqları yığım başıma, bağıra-bağıra deyim ki…
Gülbuta pörtdü.
– Ayıbdır, Tural. Qoy mən gedim, gün də qızır. Özün bilirsən ki, sovkanı vaxtında qırmasaq, bütün zəhmətimiz əlimizdə qalar.
– Bəs nə vaxt görüşək?
– Nahar fasiləsində görüşərik.
– Onda saat 2-də səni arteziandan o yana yolun qırağında söyüd var ha, bax onun yanında gözləyəcəyəm, yaxşı?
Gülbuta başının hərəkəti ilə «yaxşı» deyib uzaqlaşdı. Tural həsrətlə sevgilisinin arxasınca baxdı.
Tural vədələşdikləri yerə gəlib çatanda saat ikiyə hələ 15 dəqiqə qalırdı. O, səhərdən bəri Gülbutaya deyəcəyi sözləri ürəyində dönə-dönə təkrar edirdi. Tural Gülbutanın qəti fikrini bilmək istəyirdi. Bu səhərki görüşlərində də Tural hiss eləmişdi ki, Gülbuta nədənsə ehtiyat eliyir, kimdənsə çəkinir. Bir sözlə, tərəddüd içərisindədir. Xüsusilə onun: «Yaxşı deyil, uşaqların gözü bizdədir», deməyi Turala yamanca yer eləmişdi. Necə yəni, uşaqların gözü bizdədir!? Cəhənnəmə ki, bizdədir! Oğurluq eləmirik ha. Əvvəla, uşaqlar hamısı bizim münasibətimizi bilir. Bilirlər ki, hələ yeddinci sinifdən bir-birimizi istəyirik. digər tərəfdən də günün günortaçağı məktəb yoldaşımla söhbət eləmək qadağandı bəyəm? Yox, deyəsən məsələ tündləşir. Deyəsən, qızın özü də bilmir neyləsin. Əbil sırtığın biri, atası da qansız, havalı.
Turalın yadına bir neçə il bundan əvvəl olmuş bir əhvalat düşdü.
O, hər səhər xoruzun üçüncü banında oyanar, inəyi tövlədən çıxarıb yaylıma aparardı. Bunu ona atası öyrətmişdi. Tural beşinci sinfi bitirib altıncıya keçəndə atası onu yanına çağırıb demişdi:
– Oğlum, artıq sən kişisən, sabahdan gərək obaşdan oyanasan. İnəyimizi ata-bala qatarıq qabağımıza, yaylıma apararıq, doyunca otarıb gətirərik.
Tural sevinmiş, anasına xəbərə qaçmışdı:
– Ana, mən də sabahdan dədəmlə yaylıma gedəcəm!
Anası ərinin qarasınca gileylənsə də, «Kişi, qoysana uşaq doyunca yatsın, səhərin şirin yuxusunu körpəyə niyə haram eliyirsən?» desə də, atası fikrindən dönməmişdi: «Çox yatan tez qocalar, arvad», demişdi: – Qoy uşaq indidən zəhmətə alışsın. Özü əziyyət çəksə, təpəl inəyin südünü də nuşi-canlıqla içər».
İlk günlər Turalı atası durquzardı, sonra özü buna adət elədi. Bəzən də elə olardı ki, Tural atasından tez oyanar, onu yuxudan eləməz, inəyi özü yaylıma çıxarardı. Saleh kişi yuxudan qalxıb inəyi tövlədə görməyəndə «oğlum əsl kişidir!» deyib qürrələnər, sevinci yerə-göyə sığmazdı.
Çox vədə Tural özü ilə kitab da götürərdi. İnəyi kövşənə buraxıb dərslərini təkrarlar, öz-özü ilə sual-cavab edərdi. Bədii kitab oxumağa Turalın xüsusi həvəsi var idi. Hər həftə istirahət günləri atası ilə şəhərə çıxar, ona çoxlu kitab aldırardı. Yalan olmasın, məktəb kitabxanasında elə kitab qalmamışdı ki, Tural onu oxumamış olsun.
Əvvəllər kənddə heyvan saxlamaq o qədər də çətin deyildi. Otlaq bol idi. Son bir neçə ildə, xüsusilə təzə sədr gələndən sonra, vəziyyət dəyişmişdi. Təzə sədr kəndin yaxasınacan, həyətlərin çəpərinəcən hər yerdə pambıq, üzüm əkdirdiyindən mal-qara, qoyun-quzu saxlamaq mümkün deyildi. Tural buna da çarə tapmışdı. İnəyin başına uzun çatı bağlar, çatını əlində tutar, arxın kənarlarında, üzüm bağlarının arasında otarardı. Bir hadisədən sonra bu da mümkün olmamışdı. Bir səhər Tural üzüm bağları arasında inəyi otararkən, başı qarışdığından çatı əlindən çıxdı, inək üzümlüyə girib körpə tənəkləri qırıb tökdü. Birdən Tural kürəyinə dəyən şallağın şappıltısına diksinib dik atıldı. Atlı sədr başının üstündə dayanmışdı.
– Ziyankar köpəkoğlu, görmürsən inək üzümlüyü korladı?
Tural cəld inəyin dalısıyca qaçıb onu çəkə-çəkə üzümlükdən çıxartdı.
– Bağışlayın, başım kitab oxumağa qarışmışdı.
Sədr qışqırdı:
– Nə kitab, ə, qoduq, bura səninçün məktəbdir? Bir də səni buralarda girsəm, akt yazdırıb inəyini qoşduracam kolxozun fermasına.
Tural yazıq-yazıq ağlamış, üzr istəmiş, yalvarmışdısa da sədrin qəzəbi soyumamışdı:
– Ziyankarsınız hamınız! Üzümün də, pambığın da düşmənisiniz! – deyərək atını şallaqlayıb uzaqlaşmışdı.
Bundan sonra Tural inəyi yaylıma çıxarmağa cəsarət etməmiş, məcbur olmuşdu ki, hər səhər inəyə bir kisə ot biçib gətirsin…
Həyəcanlı dəqiqələr sona çatdı. Gülbuta gəlib çıxdı. Əlində çörək bağlaması var idi. Allanmış sifətini tər basmışdı. Sağa-sola ürkək bir nəzər salıb Turalın qarşısında dayandı. Başını aşağı dikdi.
– Eşidirəm səni, Tural.
– Mən səni eşitmək istəyirəm, Gülbuta. Kənddəki söz-söhbətlərdən xəbərdaram. İstəyirəm…
– Nə istəyirsən, Tural?
– İstəyirəm sənin qəti fikrini biləm.
– Hələ bu vaxta qədər bilməmisən mənim fikrimi?
– Bilməyinə bilmişəm. Amma yenə soruşuram.
Gülbuta kövrəldi.
– Bədbəxtəm mən, Tural, bədbəxtəm…
Tural da qəhərləndi.
– Niyə elə deyirsən, Gülbuta? Sən xoşbəxt olacaqsan. Sən yaxşı qızsan, Gülbuta. Sən ən böyük xoşbəxtliyə layiqsən.
– Çətindir, Tural! Mənimçün çox çətindir! Evimizqarışıq bütün kənd mənə cəhənnəm olub. Başımı itirmişəm. Heç bilmirəm bu işlərin axırı necə olaсaq!
– Hər şey yaxşı olacaq, Gülbuta, inan mənə! Əgər özünə arxayın deyilsənsə, iradənin zəifləyəcəyindən ehtiyat edirsənsə, gəl aparım səni Bakıya.
Gülbuta diksindi.
– Sən nə danışırsan, Tural? Atam, anam, el-oba… Eşidən-bilən nə deyər bizə? Bir də axı sən özün tələbəsən, yerin-yurdun hardadı, pulun hardadı ailə dolandırmağa?
– İşləyərəm, Gülbuta! Lap gedib vağzalda hamballıq eləyərəm. Qorxma, bizə bir parça çörək qəhət olmaz. Baş-başa verib birtəhər dolanarıq.
– Yox, Tural, mən bunu eləyə bilmərəm.
Tural əlini Gülbutanın xurmayı saçlarında gəzdirdi.
– Bəs neyniyək, Gülbuta? Səni odun-alovun içində qoyub mən necə gedim Bakıya?
Elə bu zaman onların yanından vıyıltı ilə, dəli sürətlə bir maşın keçdi. Yel kimi, tufan kimi keçdi.
Gülbuta həyəcanla Turala sığındı.
– Əbildir, Tural! Yəqin bizi gördü. Qorxuram səndən Tural, tələsik çıx get evə. mən də tarlaya gedirəm. Sonra görüşərik, sonra…
Tural Gülbutanı bağrıma basdı. Tellərini oxşadı.
– Bu Əbil nə yaman qorxuzub sizi?
– Dəlidir, Tural. Vallah o yekəlikdə gövdədə bir çimdik ağıl yoxdur.
– Qorxma, Gülbuta, qorxma mənim bənövşə gözlüm.
Yenə kənd yolunda toz qalxdı. Gülbuta ha yalvardısa, Tural dayandığı yerdən bir addım da kənara çəkilmədi.
Maşın düz onların üstünə gəlirdi. Gülbuta dəhşət içərisində gözlərini yumdu. Maşın vahiməli bir tormoz verib Turalın önündə dayandı.
Əbil maşının butulka formalı sancağa keçirilmiş açarını əlində fırlada-fırlada ədalı addımlarla Turala yaxınlaşdı.
– Bayaq keçəndə yaxşı seçmədim. Sonra dedim, xətrinə dəyər kişinin, qoy qayıdıb görüşüm.
Onun «kişi» sözündəki eyhamı Tural aşkar sezdi. Ürəyi təlatüm içində çırpınsa da, zahiri təmkinini saxlamağa çalışdı.
– Maşını elə sürətlə sürənin gözü adamları seçməz də!
Əbil açarı fırladıb hırıldadı:
– Adamları seçər. Bəlkə Bakıdan sənin kimi havalı qayıtmış kişiləri seçməyə.
– Kənddə kişi varsa, bir sənsən, bir də atan, – deyə Tural cavab verdi.
– Atamla işin olmasın, Tural! Ağzını cıraram bez kimi! Yoxsa atamın kişiliyinə şübhən var? Nakişi sənin atandır ki, türmədə çürüyür. .
Tural özünü saxlaya bilmədi:
– Sənin atan kimi nakişilərin pulları ucbatından!
– Nə gic-gic danışırsan ə, yetim? Deyəsən ölümün yetib sənin?
– Hələ bilmək olmaz kimin ölümü yetib!
Gülbuta ağlaya-ağlaya özünü onların arasına atdı.
– Bəsdirin siz allah. Yalvarıram sizə, bəsdirin!
Əbil Gülbutanı itələdi. Qız yıxıldı.
– Rədd ol, həyasız! Gündə birinə dil verən ləçər!
– Tural dözmədi. Cəld atılıb Gülbutanı yerdən qaldırdı.
Əbil onların üstünə cumdu.
– Burax qızın qolunu, əclaf!
– Əclafın səsi gəlir!
Əbil qəfildən Turala möhkəm bir şillə çəkdi.
Tural söyüdə söykənib yıxılmaqdan özünü güclə saxladı.
Gülbuta gücü gəldikcə bağırdı:
– Köməyə gəlin, dalaşırlar!
Əbil bir də Turalın üstünə şığımaq istəyirdi ki, Tural onu qabaqladı. Üstünə şığıyıb qolundan yapışdı, ağzının üstündən möhkəm bir kəllə ilişdirdi. Kəllənin vurulmağı ilə qanın fışqırmağı bir oldu. Əbilin ağzının-burnunun qanı qarışdı bir-birinə. Tural dəhşətə gəldi. Əbil pencəyinin qolu ilə üzünün qanını silib əlini pencəyinin cibinə atdı. Gülbuta heç nəyi görməsin deyə əlləri ilə gözlərini yumdu.
– Əclaf köpəkoğlu, məni vurursan? Məni vuran anasından olmayıb. İndi ananı ağlar qoyaram sənin, onda bilərsən mənə əl qaldırmaq nə deməkdir.
Əbil cibindən bıçaq çıxardıb düyməsini basdı. Bıçaq atəş açırmış kimi şaqqıltı ilə açıldı. Əlacsız qalan Tural yerdən iri bir daş götürdü.
– Yaxın gəlsən başını partladacağam!
Əbil heç nəyə məhəl qoymadan Turalın üstünə cumdu. Tural idmançı çevikliyi ilə arxın o tayına atıldı. Əbil onun arxasınca arxdan sıçrayanda Tural onun qarnına möhkəm bir təpik ilişdirdi. Bıçağı əlindən düşən Əbil şappıltı ilə suya sərildi. Qalxmaq istədi. Arx sürüşkən olduğundan ayağı qaçdı. Əbil əllərini arxın dibinə dayaqlayıb ayağa qalxıb addımını atmaq istəyəndə, qurbağa kimi təzədən suya baş vurdu.
Gülbuta Turala yalvardı:
– Başına dönüm, Tural, kömək elə bu əclafa, birdən boğular, xataya düşərsən.
Tural Gülbutanı sakitləşdirdi…
– Sən çıx get burdan. Birdən şahid çəkərlər səni. Heç nə görməmisən, heç nə eşitməmisən!
Gülbuta aralandı. Dönüb baxdı.
– Unutma!
– Məktub yaz!
Tural arxın içində qurbağa kimi çapalayan Əbilə tərəf əyildi. Onun pencəyinin boynundan tutub dartdı. Leş kimi sürüyüb sudan çıxartdı. Əbil taqətsiz halda torpağa sərildi. Onu qan aparırdı.
Tural bir anlığa fikrə getdi. Əbili burada qoyub getmək olmazdı. İşin gerisi tündləşə bilərdi. Digər tərəfdən, onun vicdanı da buna yol verməzdi…
Tural Əbili birtəhər sürüyüb maşının arxa oturacağına uzandırdı. Yerə düşmüş açarı götürüb sükanın arxasına keçdi. Düzdür, Tural «Volqa», «Jiquli» sürməmişdi, məktəbdə onlara ancaq yük maşını sürməyi öyrətmişdilər. Cəsarətini toplayıb maşını işə saldı. Asta-asta sürüb Əbili kəndin tibb məntəqəsinə gətirdi. Maşın səsinə həyətdən, küçədən boylananlar Əbilin «Volqa»sının belə ehmal-ehmal getməsinə təəccüblənir, «deyəsən Əbil ağıllanıb», deyə şükür edirdilər.
Tibb məntəqəsində hərə bir tərəfdən düşdü Turalın üstünə. Suallar dolu kimi yağdı:
– Harda gördün?
– Yanında kim var idi?
– Avariyaya düşüb deyəsən.
– Bəlkə vurublar?
Tibb bacısı ucadan bağırıb özünü Əbilin üstünə atdı.
– Can, ay xalaoğlu, səni kim bu kökə salıb?
Tural bu sualların heç birinə cavab vermək fikrində deyildi. Əbil də saysız-hesabsız sualların yağışına sükutla cavab verirdi. Tural tibb işçilərini qınadı:
– Dilinizə güc verməkdənsə əlinizə güc verin. Görmürsüz qan aparır. Tez yuyub sarıyın.
Kimsə Turala qabardı:
– Bəs bilməyək uşağa nə olub? Birdən kişi gəlib soruşdu, nə deyərik kişiyə?
– Özünə gələr, soruşarsınız. Yəqin özü başına nə gəldiyini hamıdan yaxşı bilir. Mən getdim!
Tural cəld uzaqlaşdı. Kəndə hay düşdü. Xəbər həyət-həyət, ev-ev, tarla-tarla gəzdi:
– Kişinin oğlu avariyaya düşüb!
– Kişinin oğlunu vurublar!
Əhvalat sədrin özünə də çatdı. Cəld maşınına minib tibb məntəqəsinə gəldi. Həkimlər, tibb işçiləri onun başına fırfıra kimi dolandılar.
– Şükür, yaxşı qurtarıb.
Sədr soruşdu:
– Bəs bu vəziyyətdə maşını necə sürə bilib?
Həkim izahat verdi:
– Özü sürməyib, ha! Tural gətirdi. Bir az gec çatdırsaydı, yazığı qan apara bilərdi.
Sədr dişləri ilə bığını çeynədi:
Kim? Tural? Bəs o Bakıda deyil?
– Gəlib. Deyirlər dünən gəlib.
Sədrin dalağı sancdı. Gülbuta əhvalatını ucundan-qulağından ona demişdilər. Ürəyində qərar verdi: «Yaxşı fürsət düşüb əlimə. Basdıraram gedər atasının yoluyla. Yoxsa əl-ayağa dolaşa bilər».
Sədr həyətə çıxıb maşına diqqətlə nəzər saldı. Maşında heç bir qəza əlaməti yox idi. Sədrin fikri qətiləşdi: «Yəqin Turalla dalaşıb».
Oğlunun yanına gəldi. Dübarə bir də soruşdu:
– Əbil, – dedi, – maşının heç yeri əzilməyib, axı, bu necə avariyadır belə?
Əbil astadan cavab verdi:
– Nə bilim, oldu də!
– Bəlkə dalaşmısan? Bəlkə vurublar səni?
«Vurublar səni» ifadəsi Əbili açmadı. Necə yəni onu, «kişinin» oğlunu vurublar? Kimin nə həddi var ona gözün üstə qaşın var desin? Yox, o, döyüldüyünü qətiyyən boynuna almayacaqdı! Bundan sonra maşına minib kənd arasına necə çıxa bilərdi? Yenə Ağdamın şəhər dəliqanlıları ilə, ya da Kirovabadın cayılları ilə savaşıb bu kökə düşsəydi, bir yeri vardı. Gopa basmaq, «belə vurdum», «belə yıxdım» demək çətin deyildi. Yoxsa, kəndə söz yayılsaydı ki, onu Tural bu kökə salıb, tamam batardı. Bəs Gülbuta? Gülbuta hamısını gördü, axı. «hə, bax bu Gülbuta məsələsi işləri tamam korlayır. Bundan da bərk döyülməyimə razı olardım, təki Gülbuta görməyəydi. Köpəkoğlu, dilimi qızın yanında yaman gödək elədi. Günah özümdə oldu. Gərək qızın yanında onunla sözləşməyəydim. Axı nə biləydim ki, dəlinin biriymiş? Mən onu başıaşağı bir uşaq bilirdim. Sən demə, buynuzu qarnındaymış… Heç yaxşı olmadı Gülbutanın görməyi… Nə deyərəm ona? Hə, deyərəm ki, səndən keçmədim. Sənə bağışladım o əclafı, yoxsa bağırsaqlarını çoxdan tökmüşdüm yerə. .Dedim, səni şahid kimi ora-bura çəkəcəklər, sorğu-suala tutacaqlar. Kənddə də nə çox ağzıgöyçəklər. Deyəcəklər ki, Gülbuta qırdırdı cavanları… Görəsən qız ağzından bir sez qaçırmaz ki?
Əbil öz aləmində buna da əlac tapdı: xalası qızından Gülbutaya xəbər göndərər ki, bir adama söz desə, özünü ölmüş bilsin. Sonrası asandır. Turalın dərsini özü verər. Lap Bakıya gedib tinlərin birində alar maşının altına…
– Tural səni harda gördü?
Əbil əsəbiləşdi, gücü gəldikcə bağırdı:
– Dədə, dedim ki, avariyaya düşmüşəm! Sözü niyə çevirirsən?
Həkim ehtiyatla əlini dodağına apardı: yəni, dinməsə yaxşıdır, susmağı məsləhətdir, uşaq əsəbləşsə, qanın qabağını almaq çətin olar.
Sədr oğlunun qızışdığını, əsəbiləşdiyini görüb susmağı qərara aldı. Başını aşağı salıb xəstəxanadan çıxdı. Şofer motoru işə salıb maşını onun qarşısına sürdü. Sədr fikirli-fikirli şoferə baxıb dedi:
– Mən piyada gedəcəyəm. Saat 8-də gələrsən evə.
Maşın aralandı. Sədr addımlarını yavaş-yavaş ata-ata kəsə cığırla evlərinə tərəf gedir, ürəyində dağı arana, aranı dağa daşıyırdı. Oğlu məsələni açmasa da, sədr maşında zədə olmadığını yəqin edəndən sonra qəti qərara gəlmişdi ki, qəza məsələsi Əbilin uydurmasıdır. «Yəqin Gülbutanın üstündə Turalla dalaşıblar». Bəs necə olub ki, Turala can verib Əbil? Bəs necə olub ki, Tural cəsarət eləyib Əbilə əl qaldırıb?»
Sədr oğlunun dəliqanlılığına .bələd idi. Buna görə də ürəyində dönə-dönə şükür elədi: «Yaxşı qurtarmışıq. Yenə zibilə salacaqdı məni. Yaxşı ki, bıçaqla Turalı vurmayıb, yaxşı ki, «Volqa»nın təkərləri altına alıb xıncımlamayıb gədəni. Day bu dəfə qurtarmaq çətin olardı. Partbilet də gedərdi, vəzifə də, hələ bir zırpı felyeton yazıb biabır eləyərdilər məni el içində… Allah axırından saxlasın».
Bəli, sədr məsələnin axırından ehtiyat eləyirdi. Yəqin Əbil xəstəxanadan çıxan kimi maşına əyləşib birbaşa cumacaq Bakıya. Orda da ya Lələ şələni, ya da şələ Lələni. Hər ikisi sədr üçün qorxulu idi. Bircə çıxış yolu var idi; Gülbutanı tezliklə Əbilə ad eləmək və bununla həm Əbili sakitləşdirmək, həm də Turalın kənddən uzaqlaşmasına nail olmaq. Yoxsa, nə qədər ki, məsələ belə açıq qalıb, nə qədər ki, Tural Gülbutadan əlini üzməyib, bu işdən qap qoxusu gəlir.
Onu da bilirdi ki, Gülbutanın meyli Turaladır. Axı niyə də olmasın? «Övladım olsa da, avaranın biridir bu Əbil. İndiyə kimi elə hey zibil qaynadıb, mən də zibillərinin bir-bir üstünü örtmüşəm. Bir işdən çıxıb, o biri işə düşmüşəm. Bir yaranın üstü qaysaqlamamış, qartmaq bağlamamış, o biri yara açılıb… Bir tərəfdən yaxşıdır ki, Gülbutadan ötrü dəli-divanədir gədə. Deyir: «Ölsə yerindi, qalsa mənim. Başqasına getsə dağıdaram aləmi, qıraram hamını. Cəhənnəmə ki, qoy məni də tutub güllələsinlər». Gülbuta da ağıllı qızdır. Bəlkə o Əbili tutduğu yoldan döndərə bilər, içkini, papirosu, day nə bilim, hansı zəhrimarı tərgitdirə bilər. Yəqin ki, Tural Bakıya gedənəcən Əbil xəstəxanada yatacaq. Gərək həkimlərə tapşıram möhkəm nəzarət altında saxlasınlar. Gecənin birində xəstəxanadan çıxıb gədəyə xətər yetirə bilər. Elə ki, Tural getdi, bir neçə cəbhədən keçərəm hücuma. Anasını göndərərəm Qaratelin yanına. Düzdür, bir neçə gün qabaq ağzını arayıb Qaratelin. O da ikibaşlı cavab verib Xavərə. Deyib ki, «Biz sizinlə qohum olmağımıza çox sevinərik. Söynalı papağını göyə atsın gərək. Sizin kimi qohumu hardan tapacağıq? Amma gərək qızın da razılığı olsun». Birinci dəfə elə belə deyərlər də. O saat «allah xeyir versin» deməzlər ki… Xavərə bələdəm, Qarateli yola gətirəcək. Mən də gərək Söynalını şirnikdirəm. Çoban adamdı, sadəlövh, savadsız, bir balaca şirin dil, bir balaca qayğı, qulağına yağlı bir vəzifə pıçıltısı, vəssalam! Söynalıdı də, hələ dağlardan yenməyib. Bircə qalır Gülbutanın razılığı. Bu bir az çətin məsələdir. Çətin deyəndə ki, bir balaca çək-çeviri var. Briqadirə tapşıraram, tez-tez mükafatdan-zaddan yazar. Manqasındakı qızlardan bizə simsar olanları öyrədib salarıq üstünə, oğurlarlar saqqızını… Turalın məktəbə girməyi yaxşı oldu. Yoxsa, kənddə qalsaydı, məsələ tündləşərdi. Tural gedər, qızın başı işə-gücə qarışar, bu tərəfdən də mükafat-zad…»
Sədr tökdüyü planlardan özü razı qalıb qımışdı. Başını qaldırıb gördü ki, dəmir darvazalarının qabağındadır…
…Tural Əbili xəstəxanada qoyub evlərinə gəldi. Bir istədi Gülbutanın dalınca tarlaya getsin. Bilirdi ki, nigarandır. Amma fikrindən döndü: «Bu lap ağ olar. Bir gündə iki dəfə tarlaya getmək yersiz düşər. Lüzumsuz söz-sova səbəb olar». Anası evdə yox idi. Yəqin ki, o da sovka yığmağa getmişdi. Axı pambıq yığımı dövründə, lap elə omun alağında da, sovkasını qırmaqda da, necə deyərlər, məmə yeyəndən pəpə deyənə kimi hamı tarlada olardı.
Turalın ürəyi yanırdı. Dəhrəni əlinə götürüb tələsik qımqal düzəltdi. Samovarı odladı. Açılıb-örtülən çarpayını bağçaya keçirib neçə il bundan əvvəl tingini özü basdırdığı, sevə-sevə böyütdüyü qızıləhmədi alma ağacının kölgəliyində açdı. Ağacın üstünə elə bil qırmızı yaylıq sərmişdilər. Ağac pıtraq bar gətirmişdi. Gündöyən üzü qızarmış almalar nazik budaqlardan sallanmışdı. Az qala budaqları çəkib yerə salacaqdılar.
Tural özü əkdiyi ağacın barına baxıb sevindi. O qədər də böyük olmayan qızıləhmədidə azı yarım ton alma var idi. Qızıləhmədi Qarabağın «bağat» sayılan ərazisində yetişən nadir alma sortlarından idi. Gözəlliyinə, tamına söz ola bilməzdi. Özü də uzunömürlü idi. Samanlıqda basdırdınmı, lap novruza qədər saxla, qətiyyən xarab olmaz. Ətri on addımlıqdan adamı bihuş edir. Heyif ki, bu gözəl, bu nadir meyvənin kökü kəsilmək üzrədir. Əbilin atası sədr seçiləndən bəri bu proses daha da güclənmişdi. Sədr yüzillik qoz, palıd, alma ağaclarını kökündən qopartdırıb odununu Ağdam bazarında satdırmışdı. Nədi-nədi, yerində üzümlük saldıracaqdı. Halbuki, kolxozun üzümlüyə nə qədər yararlı yeri var idi!
Artıq samovar zümzümədə idi. Tural çaynikə kəkotu atıb dəmə qoydu. Uzandı. Gözlərini ağaca zilləyib fikrə getdi… Deyəsən ağac yanırdı. Kənddə su məsələsi əvvəlki kimi problem olduğundan min bir əziyyətlə becərilən ağaclar yanır, meyvələr yetişməmiş yerə tökülür, xiyar tağları sanki hirsindən qaralır, pomidor kolları üstündəki məhsul bozara-bozara, bürüşə-bürüşə adamın üzünə baxırdı. Əlbəttə, bütün bunlar indinin söhbəti deyildi. Tural gözünü açıb kəndin suya möhtac görmüşdü. Kəndli üçün iyul-avqust aylarında həyətin, bağçasını bircə dəfə suvarmaq ən böyük səadət idi. Son illər su məsələsi daha da tündləşmiş, az qala faciəyə çevrilmişdi. Nə qədər ki, meşə var və bağlar vardı, quraqlıq o qədər də hiss olunmurdu. Dağ ətəyində uzanan nəhəng ağaclı bağlar rütubəti saxlayır, həyətyanı sahələri qurumağa qoymurdu. Dörd para kəndin ərazisindəki iki-üç artezianın suyu isə içməyə və bir də kolxozun üzüm bağlarını, pambıq tarlalarını suvarmağa güclə çatırdı.
Qəribədir, Tural elə bil bütün bunları indi, cəmi-cümlətanı bircə ay kənddən uzaqlaşandan sonra görməyə başlamışdı…
Tural iki stəkan çay içib yanğısını söndürdü və uzandı, onu elə beləcə də yuxu apardı. Gün qüruba əyilənəcən yatdı. Bəlkə də çox yatardı. Amma yuxulu-yuxulu hiss etdi ki, çarpayısının yanına nəsə düşdü. Sonra qarnına nəsə dəydi. Hövlnak oyandı. «Birdən Əbilin dostları daşa basarlar məni», deyib ayağa qalxdı. Elə bu zaman kürəyinə bir alma dəyib yerə düşdü. Zərbədən hiss etdi ki, bərkdən atmırlar, elə-belə onu oyatmaq üçün atırlar. Bəlkə də atmırlar, ağacdan özü qopub düşür. Ətrafa boylandı. Gülbuta çəpərin üstündən küçəyə əyilmiş alma ağacının budaqları arasından ona baxırdı.