Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Atmacalar», sayfa 2

Yazı tipi:

– Sizin «Almaniya» lövhəsi altında açdığınız meyxanadan gəlirəm.

BOBORIKİN, PYOTR DMİTRİYEVİÇ

Dramaturq Boborıkinin (1836–1921) yeni əsəri oynandığı zaman yazıçı Şpajinski yatmış bir tamaşaçını ona göstərib demişdi:

– Baxınız, nə şirin yuxulamışdır.

Boborıkin susmuş və bir neçə vaxtdan sonra Şpajinskinin yeni əsərinə tamaşa etdikləri zaman yuxulamış bir tamaşaçını müəllifə göstərib demişdir:

– Baxınız, nə şirin yuxulamışdır?! Şpajinski özünü itirməyərək demişdir:

– Görürəm, görürəm, elə həmin adamdır, sizin əsərin tamaşasında necə yuxulamışsa, hələ də ayılmamışdır.

BUALO, NİKOLA

Ədib Bualo (1636–1711) bir ziyafətə çağırılmış və burada tənqidçi Şapla təsadüf etmişdi. İşrət zamanı Bualo öz şeirlərindən bir neçəsini oxuduqda Şapl onu tənqid etməyə başlamışdı. Bunu görən Bualo demişdi:

– Əfv edərsiniz, sərxoş olduğunuz üçün şeiri tənqid etməyə qadir deyilsiniz.

Şapl onun cavabında:

– Əfv edərsiniz… Siz öz şeirlərinizdə sərxoş olduğunuz qədər sərxoş deyiləm, – demişdi.

BOSSYE, ŞARL

Fransanın məşhur riyaziyyatçısı Bossye (1730 – 1814) ağır xəstə olduğu zaman dostları onun görüşünə gəlmişdilər. Xəstənin suallara cavab verməyə iqtidarı yox idi. Dostlardan biri:

– Onun nəfəsi gəlmir, – dedikdə başqası:

– İmtahan üçün ondan bir söz soruşun, – deyə təklif etmişdi. Xəstəyə sual vermişdilər:

– Bossye, on ikinin kvadratı neçə edər?

– Yüz qırx dörd! – deyə Bossye dərhal zəif səslə cavab vermişdi.

BOTKİN, SERGEY PETROVİÇ

Materialist alim və həkim, professor Botkin (1832–1889) xaricə səyahət etdiyi zaman kurort şəhərlərindən birinə getmişdi. Bunu eşidən yerli həkimlər onu təntənə ilə qarşılamaq üçün vağzala gəlmişdilərsə də görüş baş tutmamışdı. Çünki onlardan heç biri Botkini üzdən tanımırdı. Yeni gələn adamın isə baqajında iki vialon olduğunu görüb elə güman etmişdilər ki, bu, musiqi çalandır. Ona görə də ona yaxınlaşmamışdılar.

Botkin bütün ömrü boyu yorulmadan işləyir, ancaq musiqi çalmağı öyrənməklə əylənirdi. O, əlli yaşınadək musiqidən dərs alar və deyərmiş:

– Bu mənim yeganə istirahət vasitəmdir.

BRAMS, İOHANNES

Böyük alman bəstəkarı Bramsın (1833 –1897) görüşünə gəlmiş dostu çıxıb gedərkən demişdi:

– Sənin vəfatından sonra bu qapıya vurulacaq lövhədə nə yazılacağını indidən təsəvvürə gətirmək çox da çətin deyil…

Brams düşüncəli halda ona cavab verərək demişdi:

– Yəqin yazacaqlar ki: «Bu ev kirayəyə verilir».

* * *

Brams dəvət edildiyi bir ziyafətdə süfrə başında oturduğu zaman ev yiyəsi onun qədəhinə şərab tökmüş və demişdi:

– Hörmətli bəstəkar, bu şərabın dadına baxmağınızı rica edirəm. Bu mənim şərablarımın içərisində Bramsdır…

Brams təqdim edilən şərabı alıb içmiş və onu tərifləyərək ev yiyəsinə demişdi:

– Əzizim, indi də mənə sizin Bethovendən bir qədəh verin.

BRÜLLOV, KARL PAVLOVİÇ

Milyoner bir qadın məşhur rus rəssamı Brüllova (1799 – 1852) müraciət edərək şəklini çəkdirmək istəyir. Şəkil hazır olandan sonra qadın şıltaqlığa başlayaraq:

– Şəkil xoşuma gəlmir, rəngləri yaxşı deyildir, – deyir.

Rəssam belə cavab verir:

Əgər məsələ rəngdədirsə, onda heç söz ola bilməz. Mən bu şəklin rənglərini siz yanaqlarınıza sürtmək üçün rəng aldığınız mağazadan almışam.

BUDE, GİLYOM

Fəlsəfə, ədəbiyyat və hüquq elmləri sahəsindəki əsərləri ilə məşhur olmuş Fransa alimi Bude (1467–1540) kabinetində oturub işlədiyi zaman qulluqçusu qəflətən otağa girib:

– Ay aman, yanğın var, yanğın! – deyə qışqırdıqda, alim soyuqqanlılıqla ona sarı çevrilib:

– Bu barədə arvadıma xəbər vermək lazımdır, Sən bilirsən ki, mən təsərrüfat işlərinə qarışmıram, – demiş və kağızlarını qurdalamaqda davam etmişdir.

BUZƏRCÜMEHR

Buzərcümehrdən (VI əsrdə İran padşahı Ənuşirəvanın nədimi) soruşdular:

– O hansı sərvətdir ki, adamlar onun qədrini bilmirlər.

O, dedi: – təvazökarlıq.

* * *

Buzərcümehrdən soruşdular:

– Nə üçün dost asanlıqla düşmən ola bilir, amma düşmənin dost olması çətindir?

O dedi:

– Çünki evi yıxmaq tikməkdən asandır, qabı sındırmaq yamamaqdan qolaydır, pulu xərcləmək qazanmaqdan asandır.

* * *

Buzərcümehr deyərdi:

– Çiçək baharda, meyvə payızda yaxşıdır. Qızın gözəlliyi, oğlanın cəsarəti və insanın təvazökarlığı isə həmişə lazımdır.

* * *

Buzərcümehrin arvadı bir gün ona nə sual verdisə, əri ona cavab verə bilmədi. Arvad dedi:

Sən padşahın nədimisən, hələ bunun üçün maaş da alırsan. Amma mənim suallarıma cavab verə bilmirsən.

O dedi:

Mən bildiklərim üçün maaş alıram, bilmədiklərim üçün yox. Əgər bilmədiklərim üçün maaş versəydilər padşahın xəzinəsində pul qalmazdı.

BURXAVE, GERMAN

Məşhur holland həkimi Burxavenin (1738-ci ildə vəfat etmişdir) şeyləri içərisindən tapılmış yüz səhifəlik başı bağlı bir tibb kitabı hərraca qoyularaq on min dollar qızıl pula satılmışdı. Kitabın möhrü götürüldükdən sonra onun ağ səhifələri üzə çıxmış, yalnız birinci səhifədə:

«Başını sərin saxla, ayaqlarını isti. Bununla da sən ən yaxşı həkimi yoxsul günə qoyarsan» sözlərini oxumuşdular.

BUTLEROV, ALEKSANDR MİXAYLOVİÇ

Məşhur rus kimyagəri Butlerov (1828–1886) Qazan pansionunda oxuduğu zaman kimya ilə maraqlanıb gizlicə kimya təcrübələri ilə məşğul olurdu.

Bunun üçün onu bir neçə dəfə cəzalandırmışdılar. Bir gün pansionda güclü partlayış oldu. Gəlib Butlerovu üz-gözü yanmış, tükləri qarsalanmış halda tapdılar. Bunun üçün onu karserə saldılar. Hər gün onu nahar yeməyinə gətirdikdə döşünə «böyük kimyagər» sözü yazılmış taxta vurur və masqaraya qoyurdular.

Pansion rəhbərləri bilmirdilər ki, masqara üçün ona verdikləri bu ad gələcəkdə həqiqi mənasını kəsb edəcəkdir.

BÜLOV, HANS QVİDO

Alman pianoçusu, bəstəkarı və dirijoru Bülovdan (1830 – 1894) soruşdular:

– Yaxşı dirijor ilə pis dirijorun arasında nə fərq var?

O, fikirləşmədən cavab verdi:

– Yaxşı dirijor ifa olunan əsərin partiturasını başında saxlar, amma pis dirijor, əksinə, əsər çalındığı zaman başını partituradan ayıra bilməz».

BÜFFON, ERO DE SEŞEL

Fransanın XVIII əsr dövlət xadimlərindən biri, məşhur təbiətşünas Büffon (1707 – 1788) ilə görüşmüş və düha haqqında onun fikrini soruşmuşdu. Büffon demişdi:

– Düha ancaq səbirli olmaq istedadından ibarətdir.

* * *

Büffona botanika bağından iki ədəd banan göndərirlər. Meyvələri gətirən uşaq bananların təcrübə üçün göndərildiyini bilib: «Biri də kifayətdir» – deyə yolda birini yeyir. Büffon iki ədəd banan göndərildiyini bildiyi üçün uşaqdan soruşur:

– Bəs bunun birisi hanı?

– Yedim, – deyə uşaq cavab verir.

– Necə yedin?

– Bax, belə! – deyə uşaq o biri bananı da yeyir.

BÜNYADZADƏ, CƏFƏR

1914-1918-ci illərdə çıxan «Tuti» jurnalının redaktoru Cəfər Bünyadzadə şair Ə. Müznübün ədəbiyyatdakı xalturaçılığına qarşı apardığı mübarizədə qalib gəlmiş və bu şeiri yazmışdı:

 
Haradan gəldi bu Cəfər səni bərbad elədi?
Ədəbiyyatı əlindən əcəb azad elədi!
 
CAMİ, ƏBDÜLRƏHMAN

Fars və tacik ədəbiyyatının böyük simalarından olan Əbdülrəhman Cami (1414–1492) şəhərin məşhur mollalarından Şeyx Hüseyn haqqında birisinin:

– Şeyx Hüseyn bu gün öz əmmaməsini bir nəfər kafirin başına qoyub onu müsəlman etdi! – dediyini eşidib öz rəyini ifadə etmişdir:

– Şeyx o əmmaməni altmış ildir ki, öz başına qoyur, lakin müsəlman olmur. Kafirin başına bir kərə qoymaqla müsəlman ola bilərmi?

* * *

Qiyas Fəhimi adlı birisinin üzü çirkin və qulaqları da çox uzun idi. Cami yolda ona rast gəlib:

– Haradan gəlirsən? – deyə soruşduqda:

– Məsciddə moizəyə qulaq asırdım! – cavabını almışdı.

– Nə eşitdin?

– Minbərdən uzaq olduğumdan sözlər qulağıma çatmadı.

– Sözlər qulağına çatmasa da qulaqların ki, sözlərə çatırdı? – deyə Cami cavab vermişdi.

* * *

Bir şair yazdığı şeiri Camiyə oxumuş və demişdir:

– İstəyirəm bu şeiri qala divarından asam, camaat oxusun, məşhur olum.

– Elə olarsa, camaat şeirin müəllifini tanımaz. Yaxşısı budur ki, özünü də şeirin yanında divardan asasan.

* * *

Şair Abdulla Hatifi bir gün öz dayısı Caminin yanına gəlib:

– Nizami Gəncəviyə nəzirə yazmaq istəyirəm? – demişdir.

– Sən əvvəlcə Firdovsiyə nəzirə yazmağı bacar, sonra Nizamiyə nəzirə yazmaq fikrinə düş! – deyə Cami cavab vermiş və Hatifi bu cavaba təəccüb etmişdir. Cami onun təəccübünü görüncə farsca bu beyti oxumuşdur:

Şeir aləminin olubdur üç peyğəmbəri.

Firdovsi, Sədi, bir də Ənvəri!

Hatifi beyti dinləyib:

– Burada Nizaminin adı çəkilmir? – deyə soruşduqda:

– Biz şeirin peyğəmbərləri haqqında danışırıq. Nizami isə şeirin allahıdır! – deyə Cami cavab vermişdir.

CEMS CONS

Özünü frenblogiya elmi sahəsində mötəbər alim sayan amerikalı Cems Consun yanına bir gənc professor gəlmişdi. Cons ona demişdi:

– Mən sizin qafa tasınızı ölçməklə zehninizin keyfiyyətini müəyyən edə bilərəm.

O, bunu deyib gənc alimin başını yoxlamış və əlavə etmişdi:

– Cənab professor, təsdiq edirəm ki, sizin yaddaşınız fövqəladə dərəcədə inkişaf etmişdir.

Professor, Consu dinləyib belə cavab vermişdi:

– Ola bilməz… Elə isə, dediklərinizi tez kağızda yazıb mənə verin, yoxsa yadımdan çıxar.

CENNER, EDVARD

Çiçək xəstəliyindən mühafizə olunmaq metodunu ilk dəfə tapmış ingilis həkimi Cenner (1749–1823) kəndə gəlib, kəndlilərə çiçək peyvəndi vururdu. O yenə bir dəfə kəndə gəldiyi zaman çoxlu kəndlinin onu gözlədiyini gördükdə sevinmiş və bunun səbəbini soruşduqda, ona demişdilər:

– Onları buraya keşiş göndərmişdir!

– Görünür, keşiş çiçək döydürməyin xeyrini başa düşüb?

– Yox, o, kilsənin illik büdcəsini hesabladıqda görüb ki, çiçəkdən ölən kəndlilərə tabut alınmasına çox pul xərc edilmişdir. Buna görə də kəndliləri çiçək döydürməyə göndərib ki, ölməsinlər, kilsənin pulu azalmasın.

CÜHA

Ərəb ədəbiyyatında öz hazırcavablığı və yumoru ilə məşhur olan Cühanın yanına bir ərəb şairi gəlmiş və yazdığı qəsidəni oxuyub onun fikrini bilmək istəmişdi.

– Qəsidə çox pis yazılmışdır! – deyə Cüha cavab verdikdə şair acıqlanmış, onu söyməyə və təhqir etməyə başlamışdı.

– Nəsrin nəzmindən min qat qüvvətlidir, – deyə Cüha cavab vermişdi.

* * *

Cüha bir xəstənin görüşünə gedib vəziyyətinin ağır olduğunu gördükdə, onun adamlarına başsağlığı verməyə başlamışdı. Ev yiyəsi:

– Xəstəmiz hələ sağdır, başsağlığı verməyin nə lüzumu? – dedikdə:

– Hər vaxt gəlməyə vaxtım olmadığından elə gəlmişkən başsağlığı da vermək istəyirəm! – deyə Cüha cavab vermişdi.

* * *

Cühanın başdan-ayağa qara geyib küçəyə çıxdığını görənlər bunun səbəbini soruşduqda şair demişdir:

– Oğlumun atası vəfat etmişdir. Ona matəm saxlamışam!

* * *

Cühanın dostlarından biri atı ilə bərabər ona qonaq gəlmiş və qapıya çatdıqda atı döyməyə başlayıb:

– Ay yaramaz, un yükləyirəm gətirmirsən, yağ yükləyirəm gətirmirsən, dostların yanında məni xəcalət çəkməyə və utanmağa məcbur edirsən, – demişdi.

Bunu görən Cüha başını pəncərədən çıxarıb demişdi:

– Narahat olma… Burada xəcalət çəkməyə səbəb yoxdur. Kənddə yüklənib bizə bir şey gətirmədiyi kimi, burada da yüklənib kəndə bir şey aparmaz, bununla da əvəzi çıxar.

* * *

Cüha Bəsrə şəhərinin küçələrində gəzərkən bir evin qarşısında dayanıb heyran-heyran baxırmış. Bunu görənlər səbəbini soruşduqda o demişdir:

– Bu evi keçmiş Bağdadda görmüşdüm. Buraya necə gətirildiyinə təəccüb edirəm.

* * *

Cüha dostlarından birinə təsadüf edib dedi:

– Nə üçün məni qonaq çağırmırsan?

– Çünki sən çox qarınqulusan, tikənin birini ağzına qoymamış, əlini o birisinə uzadırsan!

– Sən məni qonaq çağır, söz verirəm ki, iki tikənin arasında üç rəkət namaz qılım, – deyə Cüha cavab vermişdi.

* * *

Atası Cühanı bazara göndərib dedi:

– On arşın uzunluğunda bir kəndir alıb gətir!

Cüha yarıyoldan qayıdıb atasından soruşdu:

– Kəndirin eni nə qədər olsun?

* * *

Cüha gecə yarısı dama çıxıb xoruz kimi banlayırdı. Səsə ayılanlar onun nə üçün banladığını soruşdular.

Sabah tezdən çox təcili işim var. Xoruzları aldadıram ki, mənə qoşulub banlasınlar, bəlkə Günəş tez çıxsın! – dedi.

₺57,59

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
120 s. 1 illüstrasyon
ISBN:
978-9952-8032-3-5
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre