Kitabı oku: «Orxan Pamukun evində», sayfa 2
ORXAN PAMUKUN MÜSAHİBƏ SÖZÜ
Çıxışlar bitər-bitməz hamı Orxan Pamuka yaxınlaşmaq, onunla şəkil çəkdirmək istəyirdi. İnsanların bu canfəşanlığı, yazıçıya nəfəs aldırmayan şəkil çəkdirmək istəyi məni yorurdu. Yerlərində olsaydım, onunla ayaqüstü də olsa, söhbət edərdim. İnsan kitablarını sevdiyi yazıçıyla öncə danışmaq istəyər, sonra lazım gəlsə, şəkil də çəkdirər. Heç kəsə qaynayıb-qarışmadan bir kənarda dayanmışdım. Sonra öz-özümə “niyə də olmasın, niyə onunla dialoq qurmağa cəhd etməyim?” dedim. Şəkil çəkdirmək istəyənlərin arasına girib yenidən salamlaşdıq. Sizin haqqınızda elmi iş yazıram dedim. Gözlədiyimin əksinə təəccübləndi:
– Nə yazırsan?
– Romanlarınızda arzunun fəlsəfi, psixoloji aspektlərini araşdırıram, daha dəqiq desəm, Rene Jirarın nəzəriyyəsi əsasında təhlildir. Nitsşe və Maks Şellerdən “ressentiment”, Hegeldən “unhappy consciousness”, Sartrın “pozulmuş inanc”ına istinad edən tədqiqat olacaq.3
– Hə, Jirar! – dedi. Bu nəzəriyyə haqqında bilgisi olduğunu bildirmək üçün gülərək əlavə etdi. – Bir roman qəhrəmanı başqası olmadan arzu duymaz!
Minlərlə kitabın, bu qədər adamın arasında sanki bunu bizdən başqa heç kim bilmirmiş kimi göz-gözə gəldik, gülümsədik.
Arxada əlində telefon hazır dayanıb şəkil çəkdirmək istəyənlərin səbirsizliyini duyurdum. Bu vaxt Handan müəllim bizə yaxınlaşdı. Artıq tanış olsaq da, məni öz sözləriylə Pamuka təqdim etdi, azərbaycanlı və onun ən zəki tələbələrindən olduğumu dedi. Müəllimimin “zəki” sözündən güc alaraq bizdə yayımlanan kitablarından xəbəri olub-olmadığını soruşdum. “Yanılmıramsa, “Qanun” Nəşriyyatı” – dedi. Sonra Azərbaycan dilində nəşr olunan kitablarının tərcümələri haqqında nə düşündüyümü soruşdu. Beləcə, tərcümə prosesi barədə uzun bir söhbətimiz başladı.
… Və dedim ki, Məsumiyyət Muzeyinə üç dəfə getmişəm, hər dəfə də gözüm romanın bir çox dillərdə çap olunan nüsxələri üçün ayrılan guşədə Azərbaycanda yayımlanan kitabı axtarsa da, təəssüf ki, görmədim. Daha doğrusu, son sözlərimi bitirmədən nə deyəcəyimi anlayıb “Bilirsən, bunu mənə bir çox ölkədə dəfələrlə deyiblər” qarşılığını verdi. Cümlənin ardını yazmayacağam. Başqa nə danışdığımızı da. Məndə Orxan Pamukun kolleksiyasına əlavə oluna biləcək maraqlı materiallar vardı. Bunu özünə dedim, diqqətini çəkdi:
– Kaş ki, onları mənə göndərə bilsən, edə bilərsən?
Görünür, söhbətimizin səmimiliyindən, ya da o ankı cəsarətlə sanki Nobelli yazıçı mənəmmiş kimi şərtim olduğunu dedim. Çünki Pamukun mənim yaşımdakı tərsliyini bilirdim və az öncə çıxışında Tanpınarın türk romanına aid dediklərindən sitatlar gətirərək iyirmi dokkuz yaşındakı gənc yazarın bu qədər bilgili, özgüvənli olmasını sevdiyini demişdi. Mən də fikirləşdim ki, bir yanvarda iyirmi dörd yaşı olacaq Ramil ona özgüvən aşılasa, xoşuna gələr. Bir anın içində düşündüyüm bu uzun sözlərdən sonra, – mənə on dəqiqə müsahibə versəniz, sizinlə görüşərəm, – dedim.
Pamukun üzündə videolentlərdə zaman-zaman gördüyüm bilgə gülüş parladı:
– Razılaşdıq. Sən onları mənə gətir, mən də sənə on dəqiqəlik müsahibə verim.
ORXAN PAMUKUN MƏNİMLƏ SELFİ ÇƏKMƏSİ
Bu məqamda Orxan Pamuk gözləmədiyim hərəkət etdi. Telefonu çıxarıb mənimlə selfi çəkdi. Sonra şəklə baxıb ciddi duruşumuzu bəyənməyib yenidən çəkdi və çəkməzdən öncə dedikləri sözü inanmıram ki, bütün ömrümcə unudum:
– Gəl gülümsəyək, bəli, biz çox zəkiyik!
Bu dəfə ikimiz də gülümsəyib Pamukun telefonuna baxdıq. Ondan elektron poçtunu deməsini istədim. Dedi ki, “mən yazım sənin üçün”. Öncə cibində kağız-qələm axtardı. Sonra çəkdiyi selfini mənə göndərməyi təklif etdi. Elektron ünvanımı dedim.
– E-poçtumu heç kəsə vermə, yaxşımı?
– Narahat olmayın.
“Göndər” düyməsinə basmazdan əvvəl mesaj qutusuna “burada bir şey yazım” dedi və təsadüfi bir düyməyə basıb “F” hərfini yazdı. Sonra mən də öz telefonumla bir selfi çəkməyi təklif etdim. İstanbulda nə qədər qalacağını soruşdum.
– Hələ ki, buralardayam. Şəkli göndərdim. Bir sözün olsa, buradan yaza bilərsən.
– Təşəkkür edirəm, Orxan bəy.
Bu məqamda Handan müəllim yenidən yanımıza gəlib “konuşuyorsunuz” dedi gülərək. Bunu bir az da mesaj kimi qəbul etdim. Yəni artıq bəsdir, qoy biz də ustadla söhbətləşək.
– Müəllim, Orxan bəy mənə müsahibə sözü verdi.
– A-a, şahanə!
Sonra Pamuk gülərək söhbətimizin son cümləsini dedi:
– Sənə müsahibə verəcəyəm, amma on dəqiqə.
– Ən çox on bir dəqiqənizi alacağam – dedim. Ürəkdən gülərək başını təsdiq mənasında hərəkət etdirib getdi.
Bütün salonun gözlərini üzərimizdə hiss edirdim. Hamı təəccüblənmişdi, onunla şəkil çəkdirməyi şiddətlə arzulayanlar nə danışdığımızla maraqlanırdılar. Necə olur ki, Nobelli yazıçı bir gənclə selfi çəkir, sonra Pamukun telefonunda nəsə yazırlar, bu qədər nə danışdılar, görəsən? Tələbə yoldaşlarımı maraq bürümüşdü: nə dedin ona?
Sevinirdim. Sevimli yazıçımı yaxından görməklə yanaşı diqqətini çəkə bilmiş, onunla söhbət etmişdim. Bəlkə də o fransız filosofu ilə bağlı bildiklərimlə təsirləndirmişdim onu. Bəlkə də kitabları haqqında fikirlərim xoşuna gəlmişdi. Bəlkə də onu “şəkilçəkdirən adamlar”ın əlindən aldığım üçün, bilmirəm. Söhbətimizin hamısını yazmadım. Nəyə lazım? Nə zamansa bəlkə yenə qayıdaram bu görüşə, onda bütün detalları açaram…
Hər söz zamanını gözlər, bu da sözlərin qədəridir…
Pamukun göndərdiyi e-poçt mənə gəlmədi. Bəlkə də adım soyadım ona qəribə gəldiyindən belə oldu (burada yaşadığım illərdə hələ ki, adımı düzgün tələffüz edən və yazan adamla rastlaşmamışam). Elektron poçtumu yazarkən bir neçə dəfə adımı səhv yazmışdı, mən düzəltdim. “Telefonu verin, yazım” dedim, amma “mən daha sürətli yazaram” cavabını verdi. Bəlkə də, bir hərf fərqinin ucbatından gəlmədi o e-poçt. Amma bu önəmli deyil. Əsas odur, sevimli yazıçımla ayaqüstü nə qədər söhbət etmək mümkünsə etmişdim və o, bir anlıq sanki Nobelli yazar mənəmmiş kimi mənimlə selfi çəkmişdi…