Kitabı oku: «Orxan Pamukun evində», sayfa 3
18-20 dekabr 2017, İstanbul
ORXAN PAMUKUN EVİNDƏ
Uzun müddət Orxan Pamukla müsahibəyə hazırlaşdım, ondan soruşmaq istədiyim sualları düşündüm. Fevral ayında ona mesaj yazsam da, bir müddət cavab gəlmədi. Bu zaman ərzində xarici mətbuatdan İtaliyada, sonra isə İranda olduğunu oxudum. Külliyatını nəşrə hazırladığını, çəkdiyi fotolardan ibarət kitabın üzərində çalışdığını, sərgi üçün hazırlıq gördüyünü bilirdim. Cavab gecikincə düşündüm ki, ilk görüşümüzü də, müsahibə sözünü də çoxdan unudub. Ancaq bir müddət sonra Orxan Pamukla görüşən elmi rəhbərim “Afərin, Pamukun yadında qalmısan, söhbətimizdə sənin də adını çəkdi” – deməsi məni yenidən ümidləndirdi. Anladım ki, görüşəcəyik və bu, son görüşümüz olmayacaq…
Bir gün elektron məktub aldım. Orxan Pamuk bu qədər zamandır, cavab yazmadığı üçün üzrxahlıq edirdi. Görüş üçün vaxt təyin etdik. Görüşü dəyərli edən digər nüans məni evinə dəvət etməsiydi. Onun yazı mətbəxini görəcəyim üçün həyəcanlıydım.
Beləcə, İstanbulun ən gözəl səmtlərindən birinə yollandım…
Pamukun yaşadığı səmtə gələndə doğru binanın hansı olduğunu müəyyənləşdirməyə çalışırdım ki, binalardan birinin qapısının açıldığını eşitdim. Dönüb baxanda çox tanış simanı gördüm. Bu ucaboy, sarışın qadın yazıçının qızı Röya Pamukdu. Bu adla ilk dəfə “Qara kitab”da qarşılaşmışdıq. Romanın nəşrindən bir il sonra Orxan Pamukun qızı dünyaya gəldi və ona bu kitabın qəhrəmanının adını verdi. 2008-ci ildə isə “Məsumiyyət muzeyi” romanını qızına ithaf etdi. Tanış sima dedim, çünki “Başqa rənglər” kitabında Pamukun qızından bəhs etdiyi yazıları oxumuşdum və Nobel mükafatını alanda Röyanın qürurla atasının yanında durduğu fotolar hələ də gözlərimin önündəydi.
“Qara kitab”da Qalib bir səhər oyanıb görür ki, zövcəsi Röya yaşıl mürəkkəbli qələmlə on doqquz səhifəlik məktub yazaraq onu tərk edib. Qalib də İstanbulda küçə-küçə, səmt-səmt, ev-ev onu axtarır. Gerçək Röya da binadan çıxdı və “Qara kitab”ın Röyası kimi addım-addım uzaqlaşıb gözdən itdi. O anda ədəbi qəhrəmanların taleyinin gerçəkliyi fikri məni alıb uzaqlara apardı. Necə ki, Qalib Röyanı axtara-axtara, onun izindən gedərək, onun verdiyi nişanələri oxuyaraq qaranlıq mətləbləri aydınlaşdırdı, mən də gerçək Röyanın verdiyi nişanı oxudum: bəli, Pamuk ailəsi bu binada yaşayır…
Binanın girişində düyməni basdım. Üzümü kameraya tutub hazır dayanmışdım ki, içəridən “sən kimsən?” soruşsalar deyim, “salam, mən Ramiləm”. Ancaq belə olmadı. Binanın qapısı avtomatik açıldı. O anda gözlənildiyimi duydum. Pilləkənləri asta-asta qalxdım. Qapını döydüm. Və Orxan Pamuk qarşımda idi! Salamlaşdıq. Ayaqqabılarımı çıxarmağa gərək olmadığını dedi. Evin qonaq otağına keçəndə qarşımda boğaza açılan mənzərədən heyrətləndim. Otaq kitab rəfləriylə doluydu. Döşəmədəki qutularda isə Orxan Pamukun öz kitabları vardı. Bu zəngin kitabxanayamı, boğazamı, Pamukamı baxım, bilmədim. Gözlərim kitablar, Pamuk və boğaz arasında var-gəl edirdi.
Qonaq otağında bir neçə masa vardı. Otağın ən küncündəki masa tanış gəldi. Üstü kitablarla doluydu. Divardan çoxlu qeyd, bir neçə şəkil asılmışdı. Pamukun yazı masasıydı. Bu masanı fotoşəkillərdə çox görmüşdüm.
Əliylə pəncərənin yanındakı böyük masanı göstərib “burada oturaq” dedi. Çantamı çıxardım. Qeyd dəftərçəsini səliqəylə masanın üzərinə qoydum. Bütün bunları edərkən onunla danışmağım, suallar verməyim vaxt itirməmək istəyindən irəli gəlirdi. Böyük yazıçıyla keçirdiyim bu zamanı dəyərləndirməliydim. Əslində, bütün bunları sonradan düşünüb yazıram. Yazdıqca düşünürəm ki, doğurdanmı danışmağımın səbəbi bu idi? Bilmirəm, yəqin ki, bilməyəcəyəm də. Onu bilirəm ki, qarşımda duran adamı çoxdan bioqrafiyamın bir hissəsinə çevirmişdim. Bir il boyunca bütün kitablarını, müsahibələrini oxumuş, videosöhbətlərini izləmişdim. Bu azmış kimi, Pamuka dair yazılan hər kitabı oxumuş, məqalələri su kimi içmiş, sonra da bütün bu araşdırmalara istinadən haqqında yazılanlara birini də mən əlavə etmişdim. Üç gün sonra magistr müdafiəm vardı. Hafizəmdə ona dair bütün məlumatların rabitəsi, dialoqu vardı. Haqqında kim harada, nə vaxt, nə deyibsə hamısını xatırlayırdım. Ürəyim rahat idi. Üç gün sonra hansı professor qarşıma çıxırsa-çıxsın, nə soruşursa-soruşsun, bütün sualların cavabını bilirdim, hətta soruşulmayanların da. Qərarlı, möhkəm idim. Bir az da elə bilirdim, Pamukun mənə vəfa borcu var. “Mənimlə illərdir, baş-başa qaldığın, mənim dünyamı anlamağa, anlatmağa çalışdığın üçün sağ ol” – deyə bilərdi hər an…
Söz başqa ölkələrdə nəşr olunan kitablarından düşdü. Digər otağa keçdik. Pamuk dünyanın müxtəlif dillərində yayımlanan kitablarından ibarət kitabxanasını mənə göstərdi. Kitabxana o qədər böyük idi ki, qarışıqlıq olmasın deyə, hər rəfdəki kitablar ölkələrin adlarına uyğun, əlifba sırasıyla düzülmüşdü. Rəfdən təsadüfi bir neçə kitab çəkib hansı dildə olduğunu anlamağa çalışdım. Birlikdə “A” hərfi yazılan rəfdə Azərbaycan dilindəki kitabların harada olduğunu axtarıb tapdıq. “Mənim adım Qırmızı” romanını alıb bir səhifə açdım və bir şey gözümdən yayınmadı. Yazıçıya orijinalda “otuz bir çəkmək” kimi işlətdiyi ifadənin dilimizə “narkotik maddə” şəklində tərcümə edildiyini göstərəndə ikimiz də dünyada bundan daha gülməli heç nə yoxmuş kimi ürəkdən güldük.
Müsahibədə yer almayan mövzulardan biri elmi işimlə bağlıdır. Qısaca bu barədə söhbətləşdik. Qarşı divardakı rəfə doğru gedib Jirarın kitablarının olduğu yerə baxdı. Tapıb mənə göstərdi. Kitabların hamısının ingiliscə olduğu diqqətimi çəkdi. Bu kitabların şəklini çəkmək istədiyimi deyəndə kitabları qucağına alıb gülümsəyərək “sənə jest edim, belə çəkə bilərsən” dedi. Bu sadəliyindən təəccüblənərək şəklini çəkdim. Sonra həmin şəkli magistr müdafiəmin sonunda bir növ bu nəzəriyyə əsasında onun romanlarını təhlil etməyin nə qədər doğru olduğunun təsdiqi kimi münsiflərə də göstərdim. Professor Baki Ayxan sonda “Jirar kitablarıyla belə poza veribsə, demək, bu onun üçün də önəmli mövzudur” – dedi.
Ücretsiz ön izlemeyi tamamladınız.