Kitabı oku: «On bir gecə», sayfa 3
Lenayla sevişmədən ayrıldıq.
Vera Nikolayevna ilə evdə tək qalmışdıq. Lyuba da tək qalmışdı, çünki Nadejda “çamadan ticarəti”ylə məşğul olurdu, biz gəldiyimiz günlərdə Türkiyə səfərinə hazırlaşırdı, bu axşam Kiyevə yola düşmüşdü. Babuşka Vera dadlı borş bişirmişdi.
–Yaxşı yeməyim olanda istəyirəm qonağım gəlsin – dedi.
Mən buz dolabını açıb araq şüşəsini çıxartdım. Qadın ikrahla başını buladı. Ancaq gözucu baxışları şüşədən qopa bilmirdi.
–Sadəcə bir damcı.
–Hə, bir damcıysa, olar…
Bir qədəh içdik. Ukrayna araqları kimi təmiz içki görməmişəm. Vera xalanın içkiylə bağlı özünün nəzəriyyəsi vardı:
–Çox adam vodkanın quru yeməklə içəndə yaxşı getdiyini deyir, ancaq məncə vodka yalnız sulu yeməklə içilməlidir…
Bu arada qapının zəngi çalındı. Vera xala yüngül addımlarla, deyərdim ki, rəqs edə-edə qapıya doğru yeridi. Gələn Lyuba idi. Nadejdanı yola salıb geri qayıdırdı. Hər zaman olduğu kimi nəşəliydi. Özü ilə bir çanta pivə gətirmişdi. Bu qız pivə xəstəsiydi. İri, ətli dodaqları, parıldayan yanaqları, sıra ilə düzülmüş bəyaz inci dişləri xoşbəxtlikdən başqa bir anlayış tanımadığından xəbər verirdi. Başdan-ayağa ehtiras idi Lyuba. Yanımda oturub, elə belə olmalıymış kimi, əlimdən tutmuş, dizini dizimə söykəmişdi. Xəyalım Lenanın yanındaydı. İndiki ağlımla fikirləşəndə, Lyuba çox gözəl və seksual idi, hər bir kişi həyatında heç olmasa bir dəfə belə gonbul bir qadınla yatmalıdır. Ancaq o anda Lyuba mənə çirkin görünürdü. Üzümə baxıb tez-tez deyirdi:
–Mısmırığını sallama…
Məsləhət gördü, pivəyə araq qarışdırıb içim. Lap azacıq qatdım. Bunun adamı lülqəmbər sərxoş edəcəyi ağlıma gəlməzdi. Bir azdan artıq üçümüz də birlikdə var səsimizlə mahnı oxuyurduq. Lyubanın söylədiklərini güclə qavrayırdım. Ayağa qalxıb rəqs etməyə başladıq. Maqnit kimi biri-birimizə yapışmışdıq. Elə rəqs edə-edə qapıya doğru yönəldik. Bir azdan sonra artıq Lyubanın yatağındaydım. Bir begemont kimi məni ovlayıb yatağına salmışdı. Soyunub yorğanın altında onu gözləyirdim. Ancaq Lyuba tələsmək bilmirdi. Əsl həngamə də bundan sonra başladı.
Lyuba rəqs edirdi.
Dolabdan çeşidli rəqs kostyumları çıxarıb geyinir, mənə məlum olan-olmayan xalq rəqslərini çılğınlıqla oynayırdı. Rəqs bitdiyində artıq bu sonuncudur, indi yatağa girəcək deyə düşünürdüm. Ancaq belə olmurdu. Qaraçı rəqsi, qafqaz rəqsi, yunan rəqsi, hind rəqsi biri-birini əvəz edirdi. Lyuba kostyumları bir-bir çıxarır, ərinmədən geyinir və dəli kimi oynayırdı. Bədənindən sel kimi tər gedirdi. Əsl tamaşa idi. Artıq sonsuzadək bitməyəcəyini düşünürdüm bu dəliliyin. Hələ də yadıma düşəndə məntiqi izahını tapa bilmirəm onun bu hərəkətinin. Sevgiöncəsi bir ritual olsaydı belə bu qədər uzun sürməməliydi. Sonralar Lyubanın, Arxangelskə ərə getmədən öncə Vinnitsa rəqs ansamblının solisti olduğunu öyrənsəm də, yenə də mənə görə izaholunmaz idi onun bu sevgi ritualı. Ancaq yataqda bu incəsənətin heç izi tozu da yox idi. Qaranlıqda tikanlı bir dəliyə girmiş kimi oldum. Sadəcə bir dəfə hıqqıldayıb birdən-birə süstləşdi və dərin yuxuya getdi. Beləcə həyatımdakı ilk sevgi təcrübəm səfehcəsinə sona çatdı.
Gecəyarı rəqqasəsi səhər erkəndən oyanıb “xolodes” bişirmişdi. Bir erkəyə necə qulluq etmək, könlünü necə oxşamaq qaydalarını çox gözəl bacarırdı bu qadın. Parlaq al yanaqları və qırmızı boyalı dodaqları yenə də üstündə idi. Boyunumda öpüş izi buraxaraq öz sevgi oyununu gözəl bir şəkildə tamamlamışdı.
Günorta Zamin qayıdıb gəldi və biz axşam qatarıyla “malları” Çernovtsıya daşıdıq. Lyubanı bir daha görmədim.
3
Gənclikdə belə səhvlər olur
Kamilin hekayəti
Nə az, nə çox, düz 5 il keçib. Hər şey dünən olmuş kimi gəlir indi. Yəqin ona görə ki, çox sarsıntılı günlər idi o günlər.
Uşaqlıq dostum, sonradan tələbəlik yoldaşım Firişlə (Firudin) başımıza olmazın oyunlar gəldi. Nələr olduğunu indi danışa-cam. Bu gicbəsər gedənin üzündən onsuz da başım hər zaman bəlalar çəkib, ta beləsi də yox. 1986-cı ilin iyun ayının 5-ydi, – bu tarix beynimə əbədi həkk olunub, – üç yoldaş, üçümüz də gəncəli, Pərviz, mən və Firiş, imtahanları verib qurtarmış, axşam qatarıyla rayona yollanacaqdıq. O zamana qədər qalıb şəhərdə avaralanmağa qərar verdik. İyunun 5-i olsa da hava sərindi. Pərviz təklif edirdi, bir neçə gün daha şəhərdə qalaq, dənizə girək, sonra rayona yollanarıq, hər ikimiz buna etiraz etdik, çünki pulumuz qalmamışdı.
Sabir bağından üzüaşağı enəndə, gözünə döndüyüm Firiş qarşıdan gələn iki qıza söz atdı. Qızlar gülərək cavab verdilər, sonra Firiş nəsə dedi. Əslində Pərvizlə başımız elmi bir mübahisəyə qarışmışdı. Hadisənin necə baş verməsindən xəbərimiz olmadı. Pərviz Adəm və Həvva rəvayətinin uydurma olduğunu isbat etməyə çalışırdı, bizə gəlib çatan ən qədim informasiyanın yaşının 10 min ildən artıq olmadığını, Homo Sapiensin yaşının 50 min il olduğunu və s. dəlil gətirir, Adəm əhvalatının mifik təsəvvürlərdən qaynaqlanıdğını isbat etməyə çalışırdı. Mənsə bunun əksini iddia edirdim, Allah istərsə informasiyanın hazır şəkildə də çatdıra bilər deyirdim. Öz baxışlarımızda o qədər israrlıydıq ki, əsəbdən yanaqlarımız pörtmuş, az qala biri-birimizi yumruqlamaq həddinə gəlmişdik. Bu tərəfdən də Firiş beynimizi xarab eləyirdi. Artıq aralanıb kənarda qızlarla söhbət edirdi. Biz yenə mübahisəmizə davam etdik, Firişin bir dəqiqə sonra qızlardan qopub gələcəyini gözlədik. Ancaq söhbət çox uzandı, Firiş bir əlini ağaca sökəyib qızlarla mırt vururdu. Nəhayət əsəbiliklə onu çağırmağa başladıq. Firiş yanımıza gəldi, qızları bişirdiyini söylədi. Doğrusu, elə də gözəl qızlar deyildi. Biri bir az yaşca böyük olan qız uzunboyluydu, mənə görə əsla cazibədar deyildi, ancaq qısa boylu olan qızda gözəllik adına bir şeylər vardı, bir az da uşaq təsiri bağışlayırdı. Ancaq nə olursa olsun, onlara qoşulmaq fikrimiz yoxdu. Şəhəri dolaşıb rayona qayıtmalıydıq. Firiş gah bizim yanımıza gəlir, gah qızların yanına gedir, həm onları həm də bizi razı salmağa çalışırdı. Axırda Pərviz cana doyaraq sağollaşıb bizdən ayrıldı, hətta ona lağ da etdik, ana uşağı dedik, ancaq Pərviz də haqlıydı, zatən qızlar iki nəfərdi, üçüncü adam artıqdı. Firiş, mən, qızlarla bərabər qaldıq. Yadımdadır, Firiş arxadan Pərvizə çatıb ondan 10 manat pul aldı. Bu bizim eyş-işrətə xətrcləyəcəyimiz son pulumuz idi. 5 manatını taksiyə verib plyaja yollandıq.
Hava küləkliydi. Amma buna baxmayaraq dənizə girənlər vardı. Sezon açılmışdı, cəmi bir-iki günə günəş doğacaq, millət dənizə axışacaqdı. Bu günsə, şəhərdən fərqli olaraq suyun kənarı insanı üşüdürdü. Köpüklü dalğalar biri-birinin ardınca sahilə çırpılır, sanki özüylə soyuq gətirirdi. Firiş süni şəkildə ortalığı şənləndirirdi. Qızlardan boyca uzun olan, adı Gülşəndi, zarafatcıldı, qısa boylu olansa, adı Xəyaləydi, heç dinib-danışmırdı. Arada-bir rəfiqəsinə acıqlanır, gəl gedək, bizim burda nə işimiz var, deyirdi. Hər ikisi ayaqqabılarını soyundu, jiletlərini çıxardıb neylon torbaya, onu da qumun üstünə, ayaqqabılarının yanına buraxdılar. Suya girməyi heç düşünmədik də.
Mənim payıma Xəyalə düşmüşdü, ancaq, şənlənmək bir yana qalsın, onunla heç danışa da bilmirdim. Bu cür tanışlıq mənə çox süni görünürdü. Birlikdə yellənçəyə getdik. Yanaşı oturub fırlanmağa başladıq. Sürət artdıqca qışqırıb əlimdən tutdu, mən də ona bərk-bərk sarıldım. Yelləncək aramızdakı utancaqlıq pərdəsini qaldırdı, hər ikimiz sanki sərxoş olmuşduq, ayaq üstə güclə dayanırdıq. Aşağı enib dostlarımızın yanına qayıtdıq, ancaq paltarları qumun üstündə qalmış, özlərisə harasa getmişdilər. Əncir ağaclarının olduğu qumsallığa tərəfə baxdıq. Qəlbimdə dəhşətli bir həyacan vardı. Nitqim batmış kimiydi. Qızın əlindən tutub əncirliyə tərəf yönəldim. Kiçik təpəciklər insanları görünməz edəndə Xəyaləni qucaqlayıb qumun üstünə yıxdım. Bilmirəm, hansı bir duyğusa məni bu qızla sevişməkdən çəkindirirdi, cəmi 18 yaşım vardı, ilk dəfə oynadığım bu oyundan geri çəkilmək də istəmirdim. Xəyalə müqavimət göstərirdi, ancaq bu müqaviməti qırmaq çox asan idi, yox deyirdi, buna baxmayaraq dəlicəsinə öpüşürdü, üzümü yalayıb tamamən tüpürcəyə bulaşdırmışdı. İlk dəfəydi qadın döşünə toxunurdum, həyatda belə bir yumşaqlığın olduğunu heç vaxt təsəvvür etməmişdim. Uşaq anasının döşünü tapan kimi, artıq şüursuz bir instinktlə dodaqlarımla bu misilsiz həzz mənbəyinə qapanmışdım. Eyni zamanda bir qorxu və günah hissi vardı içimdə, təbiətin çağırışına tam təslim ola bilmirdim, qızın dodaqlarını, döşlərini əmdikcə əmirdim, ancaq qurşaqdan aşağı soyundurmağa və özüm də soyunmağa cəsarət etmirdim. Eləcə, yaxası açıq köynəyindən bayıra pırtlamış döşlərini əlləyir, öpür, dodaqlarını, boynunu yalayırdım. Qız hər şeyi unudub ürəkdən qopan səslər çıxarır, var gücüylə qasığını mənə sıxırdı. Yox, yalan danışmayacam, onu soyundurmağa cəsarət edə bilmədim. Əlimlə belə, yasaq bölgəyə toxunmadım. Bilmirəm nəyə görə belə etdim. Ancaq içimdəki, eşqdən daha güclü bir hiss bu addımı atmaqdan məni tutub saxladı. Bəlkə də bu qorxu hissiydi, sonradan bunu düşündüm, qorxu hissi, insanın özünü qoruma instikti sevgi hissindən və ya nəsil artırma instinktindən daha güclü idi mənə görə. Ola bilsin, başqalaraında sevgi hissi qorxu hissini üstələyərdi, ancaq məndə əksinəydi. Buna baxmayaraq, bu cür sevişmək də ləzzətliydi, çılğınlığın son həddinə vardıq və bir anda hər ikimiz boşaldıq. Balağım çəpəl oldu, elə bil şalvarıma işəmişdim. Xoşbəxtlik duyğusu gəlmədi bu sevişmədən, qızın üzünə baxmaq istəmirdim, bir an sonra ondan uzaqlaşmaq, aramızda olanları yaddaş qəbirstanlığında gömmək istəyirdim.
Avtobusda şəhərə gəlincəyə qədər, demək olar ki susdum, yol yoldaşlarımın zarafatlarına könülsüz cavablar verdim, mısmırığımı sallayıb oturdum. Firiş həvəslə qızların adresini, telefonlarını alırdı, gələcəkdə görüşməklə bağlı vədlər verirdi, arada Gülşən mənə söz atırdı, qızla olmağın mənə düşmədiyini deyirdi. Dodaqucu qımışsam da onun bu atmacasına cavab vermək istəmədim.
Bu hadisəni mümkün qədər tez unutmaqdan ötrü, Gəncəyə qayıdandan sonrakı günlərdə Firişdən uzaq qaçdım, normalda hər gün görüşdüyümüz halda bir neçə gün gözünə görünmədim. Ancaq, təqribən on gün sonra Firiş qorxulu xəbərlə üstümə gəldi:
“Poxun üstü açılıb” dedi. Ayaq üstə ölmüşdü, sifəti meyit rəngi almışdı. Gülşənin ata-anası, böyük qardaşı durub Bakıdan Gəncəyə gəlmişdilər. Soraqlaşıb Firişgilin evini tapmışdılar. Xəbəri eşidən kimi sancılandım, qarnıma ağrı doldu. Güclə ayaq üstə dura bilirdim. Dəhşətli fəlakət hissi hər ikimizi sarsıtmışdı. Bakıdan gələnlər ikinci suç ortağını görmək istəyirdilər. Getmək istəmirdim, ancaq Firiş üzünü bozartdı, gəlməlisən dedi.
Firişgilə yollandıq. Qonaqlar həyətdə, üzüm çardağının altındakı kölgəlikdə oturmuşdular. Suyum süzülə-süzülə salamlaşdım. Çox qəribədir ki, qadın məni gülər üzlə qarşıladı. Adı Seva xanım idi:
–Həə, ikinci qəhrəman sənsən? Adın nədir?
Ücretsiz ön izlemeyi tamamladınız.