Kitabı oku: «Almas İldırım xatirələrdə», sayfa 2
1927-ci ildə Almas Azərbaycan Dövlət Universitetinin Şərqiyyət fakültəsinin Ədəbiyyat bölümünə daxil olur, lakin atasının tacir olması əsas gətirilərək xaric olunur. Bolşeviklər həmçinin Əbdülməhəmmədin Şüvəlandakı bağını, Çəmbərəkənddəki evlərini də ələ keçirirlər.
Təbii ki, onun universitetdən qovulmasının səbəbi təkcə atasının tacir olması deyildi. E.Aras yazır: “Ən önəmli səbəblərdən biri milli düşüncələri ilə xalqın hislərinə dərman olmasıydı. Hətta 1927-ci ildə Bakıda yazıb, “Qiyabi çox sevdiyim Faruk Nafizə” sözləri ilə Faruk Nafizə ithaf etdiyi “A dağlar” şeiri mərkəzi Ankarada yerləşən, İstanbulda nəşr edilən “Həyat” jurnalında yayımlanması mühüm səbəb idi”.
Almas İldırım təhsili ilə yanaşı o dövrdə fəaliyyət göstərən ədəbi dərnəklərin də üzvü idi. O, 1919-cu ildə Seyid Hüseynin qurduğu “Yaşıl qələmlər”, 1922-ci ildə Əhməd Cavadla Hüseyn Cavidin təşəbbüsü ilə qurulan, gizli şəkildə fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəklərində yer alır.
“Yaşıl yarpaq” dərnəyinin “Yaşıl yarpaqlar” adlı divar qəzetində şeirləri çap edilən Almas İldırımın bu illərdə dostluq etdiyi şəxslərdən biri də şair Mikayıl Müşfiq olur.
Bu barədə Süleyman Rüstəm yazır: “Köhnə bolşevik Həbib Cəbiyevin köməyi ilə Qızıl Gənc Qələmlər Cəmiyyətini təşkil etmişdik. Həmin Cəmiyyətin rəhbərlərindən biri də mən idim. Biz komsomolçular, Gənc Qızıl Qələmləri yaradarkən sosialist varlığının əleyhinə gizli fəaliyyət göstərən bir sıra millətçi ruhlu, müsavatçı düşüncəli adamların təsirinə düşən gənclər də Sabir kitabxanasında “Yaşıl qələmlər” təşkilatı yaratmışdılar. Onlar burada “Yaşıl yarpaq” adlı divar qəzeti də buraxırdılar”.
A.İldırım daha sonra Azərbaycan Ədəbiyyatı Cəmiyyəti, 1928-1929-cu illərdə qurulan Kitab Dostları Cəmiyyətində təmsil olunur. O, sonuncu dərnək vasitəsilə Mirzə Ələkbər Sabir adına Dövlət Kitabxanasında tərdib edilən toplantılarda iştirak edir. “Kitab Dostları Cəmiyyəti”nin üzvləri arasında Süleyman Rüstəm, Seyid Hüseyn, Hüseyn Namiq, Zərbəli Hafiz, Məmməd Rahim, Mikayıl Müşfiqi kimi şair və yazıçılar da vardı.
Şübhəsiz ki, Sovetlərin ilk illərində Azərbaycan yazıçılarının yaratdığı və getdikcə nüfuz qazanan bu cəmiyyətlər Çekanın diqqətindən yayınmır. Ona görə də cəmiyyətlər nəzarət altına alınmaq üçün birləşdirilir, 1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti yaradılır. Almas İldırım bu quruma üzv olmaq məcburiyyətində qalır.
Bu cəmiyyətin ədəbiyyat qarşısında qoyduğu əsas məqsəd yeni rejimə xidmət etmək, onu xalq arasında tərənnüm etmək idi. Ona görə də cəmiyyət tərəfindən üzv olan ədiblərin yaradıcılığı sərt senzuradan keçirdi. Almas İldırımın bu cəmiyyət haqqında yazdığı xatirəsindən də oxuyuruq ki, hər kəlmənin üzərində ciddi müzakirə gedirmiş.
Bu dövrdə Almas İldırımın yeni rejimin yaratdığı mühiti tərənnüm edən şeirlər yazmaması ilə yanaşı onun latın qrafikalı əlifba ilə bağlı söylədikləri qara siyahıya düşməsinə səbəb olur:
“Qardaşlar, ərəb əlifbasından latın əlifbasına keçmək çox vacib işdir. Türkiyə türkləri də bu yoldadırlar. Ancaq əminəm ki, bu, yaxın gələcəkdə məruz qalacağımız dəhşətli bir hadisəyə hazırlıqdır. Bununla vəzifəli yoldaşlar Moskvadan verilən fətva ilə kiril/rus əlifbasına keçməyə qədəm qoyurlar”.
Almas İldırım əminliyində haqlı çıxır. Necə ki, latın qrafikasının ardınca 1940-cı ildə ölkədə kiril qrafikası tətbiq edilir.
Almas İldırımın Əhməd Cavad, Hüseyn Cavid kimi şairlərin yanında olması, sovet rejiminin əmrlərinə canla-başla əməl etməməsi başda Cəmiyyətin sədri Mustafa Quliyev tərəfindən olmaqla ağır tənqidlərə məruz qalır. Proletar şairlərin və tənqidçilərin (Əkbər Ruhi, Əsəd Əyyubi, Süleyman Rüstəm) onun haqqında yazdıqları şairə sürgün qapısını açmış olur.
Şair hətta “Vahid Türküstan”, “Vahid Cağatay” adlı dövlət qurmaq istəməkdə də ittiham edilir. Əkbər Ruhi onun haqqında yazır: “Yazıçılar arasında müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi bulunanlar arasında Almas İldırımın da olması meydana çıxmışdır. Bunlar Əhməd Cavad və Hüseyn Cavidin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədiylə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik… Cavad ədəbiyyat sahəsində bəzi gənclərimizi zəhərləməyə müvəffəq oldu. Almas İldırım Cavadın qurbanıdır. Cavad onun beynini o qədər zəhərləmişdir ki, nəticədə Almas İldırım komsomol təşkilatından atıldı. O, Cavadın qeyri-mətbu şeirlərinə nəzirələr yazdı”.
Əsəd Əyyubi isə yazır ki, “Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir”.
Almas İldırım fondunda qorunan “Öz haqqımda” adlı yazıda Almas məcbur qalaraq müsavatçıların əleyhinə fikirlər işlədir, artıq “islah” olduğunu bildirir. Almas İldırım bir neçə il sonra “Kurtuluş” jurnalında bu tənqidçilərə cavab verir.
Mətbuatdakı bu tənqidlər onun siyasi idarə tərəfindən cəzalandırılmasına bəs edir və o, 1929-cu ildə Dərbəndə sürgün edilir.
Nazif Ələkbərli Almas İldırımın bu dönəmdəki həyatı ilə bağlı maraqlı iddia da irəli sürür: “1920-1930-cu illərin ayrıcında Bakıda müsavatçı “Gənc Azər” təşkilatı fəaliyyət göstərib. Görünür, gənc Almas İldırım da bu təşkilatın işində iştirak edib. “Gənc Azər” təşkilatı üzrə istintaq materiallarından bəlli olur ki, A.İldırım “Leninə” şeirini antitəbliğat məqsədilə Müsavat Partiyası gizli Bakı Komitəsinin rəhbərlərindən olan Mirqasımovun tapşırığı ilə yazıbmış”.
DƏRBƏNDDƏ
Ailəsi və bir neçə dostu 22 yaşlı Almas İldırımı Dərbəndə yola salırlar. Bu ilk sürgünündə o, “Dağlara vida” şeirini yazır. Azərbaycandakı kimi burada da yeni rejim eyni məqsədlə Dağıstan Proletar Yazıçılar Cəmiyyətini qurmuşdu. Almas İldırım bu cəmiyyətə üzv olur. Buranın şair, yazıçıları olan Məhəmmədkazım Ələkbərli, Əli Səmədzadə, Osman Alp Əfəndizadə ilə dostluq qurur. “Dağıstan füqərası” qəzetinin redaktoru da olan Məhəmmədkazım Ələkbərlinin dəstəyi ilə müxbir vəzifəsinə işə düzəlir, “Dağlardan xatirələr” şeirini ona ithaf edir. Həmçinin bu qəzetdə yeni şeir və poemalarını (“Potyomkin”, “Səlim xan”, “Allah naminə”) dərc etdirir. Daha sonra bu qəzetin müxbiri kimi Şamilqalada (Mahaçqala) işləyir. Qasımkənd, Axdı bölgələrindəki ədəbi fəaliyyətlərə qatılır, “Ləzgi ellərində” şeirini yazır.
Almas İldırımın gənclər tərəfindən sevilməsi, yazdığı şeirlərin mövzusu siyasi idarə tərəfindən onun burada olması da təhlükəli hesab edilir və ona yeni sürgün qapısı açılır.
Amma 1930-cu ildə maraqlı bir hadisə olur. Bakıda “Azərnəşr”də Məhəmməd Səid Ordubadi onun “Dağlar səslənirkən” adlı şeir kitabını yayımlayır. Lakin tezliklə bu kitab haqqında tənqidi yazılar peyda olur, kitab qadağan edilir, satışdan yığışdırılır.
Onu ittiham edən yazıların birində (“Kommunist” qəzeti. B.Zəngili, 02.03.1931, “Dağlara səslənirkən” məqaləsindən) Almas haqqında yazılır: “A.İldırım yeni həyatın bütün müvəffəqiyyətini qadın və qızlar üzərində görür. O, hələ də öz ilhamını qızlar və yaşıl təpələrdən almaqdadır”.
Bu kitabdan sonra onun Bakıdan Aşqabada sürgün edilməsinə qərar verilir.
AŞQABADDA
Dərbənddən Bakıya gələn (və ya gətirilən) şair qısa müddət sonra Aşqabada sürgünə göndərilir.
Almas İldırım əllərini onu Bakıdan Aşqabada yola salmağa gələnlər arasında olan şair dostu Mikayıl Müşfiqin çiyninə qoyaraq deyir: “Bunların məqsədi mənə indi aydın olur. Yəqin, hər dəfə bir türk məmləkətinə göndərməklə Böyük Türküstanımızı mənə qarış-qarış gəzdirmək istəyirlər”.
24 yaşlı Almas İldırım Bakı ilə əbədi vidalaşır. Bunu hiss etdiyinə görədir ki, “Əlvida, Bakı” şeirini yazır:
Səndə keçib getdi, iyirmi dörd yaşım,
Bir zaman bəladan çıxmadı başım,
Sən oldun həmdəmim, dərdli yoldaşım,
Laylalar söylədin, mənə, əlvida.
Aşqabadda ikən Almas İldırım Türküstandan, Azərbaycandan sürgün edilən ailələrin uşaqlarının təhsil aldığı məktəbdə müəllimlik (bəzi yazılara görə direktor) fəaliyyətinə başlayır. Burada “Zəhmət” qəzetində də çalışır. Almas Aşqabadda Şamaxıdan sürgün edilən, əslən Güney Azərbaycandan olan bir ailənin qızı ilə tanış olur. 1932-ci il mayın 1-də Zivər xanımla ailə həyatı qurur. Burada “Zəhmət” qəzetində və Aşqabad radiosunda yayımlanan şeirləri ona böyük nüfuz qazandırır. Bakıda bu uğurlarbilindikdən sonra, yenidən dövrəyə girən Əkbər Ruhi, Süleyman Rüstəm kimi rejimin tənqidçi və şairləri ona qarşı çıxışlar edirlər. Hətta QPU agenti olan Əkbər Ruhi şairin fəaliyyətini təftiş etmək üçün Aşqabada göndərilir.
Ə.Ruhinin Almas İldırım əleyhinə bu qədər fəaliyyət göstərməsinin başqa bir səbəbi da vardı. Ə.Aras kitabında qeyd edir: “Ruhinin İldırıma qarşı aşırı kin və nifrət bəsləməsinin bir səbəbi də Humay xanımdır. Çünki Yazıçılar İttifaqının ilk şairələrindən olan, daha sonra Əkbər Ruhiylə evlənən Humay xanımın gənclik illərində, evlənməmişdən əvvəl şairə qarşı xüsusi bir marağının olması, Ruhinin də Humayı qısqanması söylənilir. Hətta şair Humay xanım üçün elçi gedilməsini ailəsindən istəyir, ancaq şairin atası səbəb göstərmədən onun istəyini qəbul etmir”.
Şairin əmisi oğlu Hacıağa Almaszadə də Ənvər Arasla söhbətində bu faktı təsdiqləyir.
Nazif Ələkbərli də tədqiqat əsərində bu məsələyə toxunur.
Əkbər Ruhi Aşqabad Dövlət Pedaqoji İnstitutunda müəllim olaraq işə başlayır. Aşqabad radiosunda və “Zəhmət” qəzetində Almas İldırım və digərləri haqqında çıxışlar edir, yazılar yazır. 12 avqust 1932-ci il tarixli “Almas İldırımın yaradıcılığı” adlı məqaləsində açıq şəkildə Alması hədəf alır: “Almas, … Müsavat Firqəsinin ən irəlidə olan və bizə dəfələrlə Müsavat cəbhəsindən hücuma keçən əks-inqilabçı şairdir. Cavadçı, müsavatçı gənc şair kimi tanınmış və son günlərə qədər də “Gənc İşçi” qəzetində söyülməkdədir… Almas Azərbaycanda və Dağıstanda azadlıq və rahatlıq hiss etməmiş, ona bu imkanı verməmişlər. Burada ona azadlıq və rahatlığa geniş meydan verilmiş, o da istədiyini yazmışdır. Ancaq bu düşüncələrlə Almas burada da rahat yaşaya bilməyəcəkdir… Almasın dünyagörüşündə bizə yad fikirlər çoxdur. O istəsə və keçmişindən əl çəkərsə, gələcəkdə bizimlə birlikdə işləyə biləcəkdir. Əks halda zərbələrimizə dözməlidir. Almas son və qəti sözünü mətbuat vasitəsilə bizə deməlidir… Almasın eli haradır? Bu el Müsavatdır. Bu el Kamalçılar Türkiyəsidir. Almasın gözlərini oraya dikməsi bugün deyil, 6-7 il bundan əvvəl orada dərc olunandan bəri bizə məlumdur”.
Qeyd edək ki, Əkbər Ruhi 1981-ci il aprelin 20-də Aşqabadda vəfat edib. Humay xanım isə 1947-ci ildə iki övladı ilə birlikdə Aşqabaddan və Əkbər Ruhidən ayrılaraq Azərbaycana dönüb.
İRANA DOĞRU
Artıq Almas İldırımın heç bir çıxış yolu qalmamışdı. Ya Ruhinin dediyi kimi təslim olaraq kommunistlərin sırasına qatılmalı, ya da Sibirdə həlak olmalı idi. Çox düşünərək o başqa bir yolu seçir: Türkiyəyə qaçmaq. Zivər xanım atası Məhəmmədağa kişini də razı saldıqdan sonra İldırım ailəsi 19 iyun 1933-cü il saat 21:30-da evdəki lampanı da söndürməyərək yola çıxırlar. Üç aylıq övladları Azərlə birlikdə bir dəvə karvanına qoşulurlar. Bir neçə gün bu karvanla birlikdə yola düşürlər, lakin bunun təhlükəli olduğunu bilib Firuzə yaylağında karvandan ayrılırlar. Günlərlə ac-susuz qalırlar. Hətta Azər yaşasın deyə onu buraxıb getmək istəsələr də, bunu bacarmırlar, bir neçə metr getdikdən sonra geri qayıdıb övladlarını götürürlər.
Zivər xanım o illərlə bağlı bunları xatırlayır: “Səhrada azmışdıq. Ancaq ümid edirdik ki, kimsə bizi bu səhrada xilas edəcək. Lap əldən düşmüşdük ki, təpələrin birinin üstündə ağ paltarlı, qoca bir atlı göründü. O, bizə doğrudan da, yol göstərdi. Hara getməli olduğumuzu başa saldı, sonra da gözdən itdi”.
Min bir əziyyətlə İran sərhədinə keçdikdən sonra tutulurlar. İran sərhədçiləri sərhədi pozduqlarına görə ailəni həbs edir. “Stalin, Sovet casusu” adı ilə şairə 25 gün işgəncə verilir, 24 saat bədəni soyuq suyun içinə salınır, sorğu-sual edilir. Səhhəti ağırlaşır, nəhayət Tehrandan gələn əmrlə sərbəst buraxılırlar. Ailə Məşhədə yola düşür. Bir müddət burada qalan Almas İldırım Türkiyəyə getməyin yollarını axtarır.