Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Almas İldırım xatirələrdə», sayfa 3

Kollektif
Yazı tipi:

Türkiyədə

Almas İldırım İranda keçən 6-7 aylıq sürgün həyatından sonra 1934-cü ildə Türkiyənin Van şəhərinə sığına bilir. Vanda onlara Əhəd Əlizadə Ural adlı şəxs yardımçı olur. 10-15 gün Əhəd bəyin evində qaldıqdan sonra Elazığa yollanırlar.

Almas İldırım 1934-1935-ci təhsil ilində Palu ilçəsinə bağlı olan Karaca Bucağı/Karacabağ ibtidai məktəbində müəllimlik edir. 1935-ci ilin sonu – 1936-cı ilin əvvəllərində Palunun Karaçor nahiyəsinə müəllim təyin edilir. Ümumilikdə o, bu dövrdə müxtəlif fasilələrlə 1935-1946-cı illərdə Elazığın mərkəzində və mərkəz nahiyələrində çalışır. 1940-cı ilin əvvəllərində isə Paluya bağlı Karabegan nahiyəsinə müdir təyin edilir.

Bu illərdə “Boğulmayan bir səs” (1936, İstanbul, “Tecelli Basımevi”) adlı kitab çap etdirir. Azərbaycan Kültür Dərnəyinə üzv olur, yazıları “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə dərc olunur. Müsavatçılarla əlaqələr qurur, Rəsulzadənin tərəfində yer alır, Mirzə Bala Məhəmmədzadə ilə məktublaşır, Berlində çap olunan “Kurtuluş” jurnalına yazılar göndərir. Çətin günlər görür, Eldəgəz və Yurdavar adlı əkiz övladlarını bir gündə itirir.

Ailənin Türkiyədə daha sonra üç övladı olur: Aras (Keban, 22.03.1937), Odkan (Ağın, 09.03.1944) və Mehmet Bakühan (Elazığ, 28.07.1950).

1939-cu ildə anası Nisə xanımın vəfat etməsi ilə bağlı xəbər alır. Atası Əbdülməhəmməd kişi 1941-ci ildə Türkiyədəki oğlu ilə əlaqə saxlaması iddiası ilə bütün ailə üzvləri ilə birlikdə Nargin adasına sürgün edilir. Heç bir dəlil olmadığına görə 60 gündən sonra azad edilirlər. Bacısı Sona xanım isə Nargin hadisəsindən sonra bir qonşu vasitəsilə Almasa məktub göndərərək ailəsindən heç kimin qalmadığını, hamının öldürüldüyünü, məktub göndərərsə, məktubun çatdığı ünvanda da hər kəsin öldürüləcəyini qeyd edir. Bir dəfə küçədə birinin “satqının bacısı” deməsindən sonra Sona xanım əsəb sarsıntısı keçirir, yaxşı ifa etdiyi qarmonunu sındırır, evi axtardıqları zaman tapacaqları qorxusu ilə qardaşından gələn, çarpayının borusu içində saxladığı məktubları yandırır. 1941-ci ildə xəstələnən Sona xanım 1983-cü ildə vəfat edir. Sona xanımın son məktubundan sonra Almas geridə qalanları təhlükəyə atmamaq üçün artıq heç kimə məktub göndərmir. Atası Əbdülməhəmməd kişi 1945-ci ildə vəfat edir.

Almas İldırımın qardaşı Heydər 1950-ci illərdə Qroznıya köçür. Sonbeşik qardaşı Əhməd 1948-ci ildə 20 yaşında ikən vəfat edir.

Bakının Qala kəndində doğulan şairin özü isə 1952-ci il yanvarın 14-də Malatyanın Qala qəsəbəsində dünyasını dəyişir. Malatyanın Sancaktar məzarlığında dəfn edilən şairin qəbri təəssüf ki, hazırda bilinmir.

Almas vəfat etdiyi zaman Mehmet Bakühan 2, Odkan 8, Aras 15, Azər isə 18 yaşında idi. Bütün ailənin yükü Azərin üzərinə düşür. Şairin yoldaşı Zivər xanım isə 21 fevral 2007-ci ildə vəfat edir.

Aras Almas isə Bakıda vəfat edib, Şüvəlanda dəfn edilib. Kitabın sonunda Azər Almasın ailəsi adından Aras Almasa göndərilən məktubu da əlavə etmişik.

Azərbaycan Kültür Dərnəyi 1953-cü ildə “Elmas Yıldırımın Seçilmiş şiirleri”, 1990-cı ildə isə “Yiğitlere sesleniş” adlı kitablar yayımlayır. A.İldırımın özü 1947-ci ildə Elazığda “Turan Basımevi”ndən “Azerbaycan manileri” adlı topladığı bayatılardan ibarət kitab çap edir. Həmin il kitabın daha geniş formalı ikinci nəşri “Bayatılar” adı ilə yayımlanır. İkinci nəşrin ön sözündə Almas İldırım kədərli bir əhvalat nəql edir: “Kitabdakı bayatıları toplayarkən qürbətin qəhri üzündən saçları ağarmış, zavallı bir azəri anasının yaşlı gözlərini məchul bir nöqtəyə dikərək söylədiyi bir bayatını yazdıqdan sonra o da, mən də susdum. Susmaq da başqa bir cür fəryaddır…

Əzizim vətən sarı,

Yol gedər vətən sarı,

Çıxaydım dağ başına

Baxaydım vətən sarı…”.

Dilqəm ƏHMƏD

İstanbul, 11 Dekabr, 2016

ƏDƏBİYYAT CƏMİYYƏTİNİN ANKETİ1

1. Familiyası – Almaszadə

2. Adı – Yıldırım

3. Atasının adı – Məhəmməd

4. Doğulduğu yer – Bakı

5. Doğulduğu tarix – 1907-ci sənə, 25 mart

6. Harada yaşayır – Bakıda

7. Nə işlə məşğuldur – tələbə və məktəb katibi

8. Kommunist firqəsində varmı – (xətt çəkilib, yəni yoxdur)

9. Gənclər İttifaqında varmı – (xətt çəkilib, yəni yoxdur)

10. Hansı ildən ədəbiyyat sahəsində çalışırsınız? – 1923-cü ildən

11. Çap olunmuş əsərləriniz varmı? – “Dün bu gün” adlı mənzum kiçik bir kitabçadır (Süleyman Rüstəmzadə ilə müştərək yazılmışdır). “Kommunist” qəzetəsi tərəfindən təb olunmuşdur.

12. Çap olunmamış əsərləriniz də varmı? – “Qandəmir” namında bir üçpərdəli pyes və bəzi mənzum parçalar vardır. Mənzum parçalara “Gecələr” namı vermişəm.

13. Əsərləriniz qəzetlərdə və məcmuələrdə məqalə sifətində dərc olunmuşdursa, hansı məsələlərə dair yazılmışdır? – “Şərq qadını”, “Gənc qızıl qələmlər” məcmuələrində bəzi mənzumələr dərc olunmuşdur.

14. İndiyə qədər neçə və hansı qəzetə və məcmuələrdə iştirak etmişsiniz? – “Şərq qadını”, “Gənc işçi”, “Ədəbi parçalar” kimi qəzetə və məcmuələrdə.

15. Hansı dilləri bilirsiniz, yaxşı bilirsiniz, yoxsa az? – Türkcə və rusca (az)

16. Qeyri-türk ədiblərindən hansının əsərlərinə aşinasınız? – Türkiyə şairləri Tofiq Fikrət, Əbdülhəqq Hamid, Namiq Kamal və bu kimi simaların əsərləri ilə, xüsusən gənc şairlər ilə pək maraqlanıyorum.

17. Ədəbiyyatda tutduğunuz məslək – realist

18. Hansı sinfə mənsubsunuz? – Orta kəndçilər sinfinə

19. İctimai vəziyyəti – tələbə

20. Hansı dərnəklərdə çalışmaq istəyirsiniz? – Şərq ədəbiyyatı, el ədəbiyyatı.

BİR KOMMUNİST MÜNƏQQİDİNƏ VƏD ETDİYİM CAVAB2

“Almas gəncdir, əgər o istəsə, keçmişindən əl çəksə, gələcəkdə bizimlə birlikdə çalışa biləcək. Əks təqdirdə zərbələrimizə dözməlidir. Almas son və qəti sözünü mətbuat vasitəsi ilə bizə deməlidir”.

Ə.R. (Əkbər Ruhi). “Zəhmət” qəzeti, Avqust, 1935. Aşqabad

Kommunist tənqidçi!

Son və qəti təklifinizi cavabsız buraxdığım üçün nə qədər mütəəssir olduğumu bilsəniz…

Hələ Aşqabadda ikən evinizə dəvət edib, bir boşqab da yemək yediyimiz əsnada, siz mənə “Sənə olan hücumlara sözdə yox, əməldə qəti bir cavab verməli, bizimlə bərabər olduğunuzu göstərməlisiniz. Yəni, milli Türk mənliyini ləkələyəcək və milli varlığımızı inkar edəcək bir əsər yazmalısınız” deyə, qəti tapşırıqlar verdiyiniz zaman mən:

– Cavab yazacam, deyə vəd etmişdim.

“Dostum” münəqqid!

Orada olarkən sizə verəcəyim bir cavabla bolşevik zirzəmilərinə, Sibirin qarlı, buzlu çöllərinə düşməklə yalnız sizi və bir də QPU heyətinin qərarını təmin etmiş olardım. Bu səbəbdən də mətbuatınız vasitəsi ilə həqiqi bir cavab vermək saflığını göstərə bilməzdim. Çünki mən sizin kimi bir ovuc çaşqın münəqqidləri deyil, ölməz bir millətin acı xatirələrini uzaqdan-uzağa olsa da, yaşatmaq və milli savaş yollarında yürüməsini təmin etmək üçün susmağı tərcih etdim. Bilsəniz, bu susmaq mənə nə qədər acı gəldi…

Şeirlərimin birində “günah” edib “Türküstan” kəlməsini istifadə etmişdim. Buna qarşı üsyan edərək: “Almasın “Türküstan” kəlməsi altında nələr düşündüyü bizə bəlli deyil. Fəqət, indi “Türküstan” adlanan bir yer yoxdur” deyə yazdınız. Buna qarşı da son və qəti sözümü söyləməyib susdum. Çünki “susmaq” da başqa cür fəryaddır. Lakin “Türküstan deyilən bir yer yoxdur” səfsətənizə qarşı mən deyil, nankorcasına tanımaq istəmədiyiniz Türk tarixinin üsyan edəcəyini hər halda bilməmiş deyilsiniz. Siz bəzi rus bolşevik alimlərinin belə “Türküstan” deyə yazdıqlarından utanmadınızsa, heç olmasa, Sovet dövründə çap olunmuş Sovetlərin xəritəsində “Türküstan” adı altında qeyd edilən bir ölkənin hüdudlarına baxıb utanmalıydınız!

“Almas İldırım, Orta Asiyada “Leninin milli siyasəti” nəticəsində vücuda gəlmiş milli cümhuriyyətləri görmür” deyə, söylədiklərinizə qarşı heç bir cavabım ola bilməzdi. Çünki mən Türküstanda olarkən bu “milli cümhuriyyətləri” görmədim və zənn edirəm ki, o mənfur “milli siyasət”in ortaya qoyduğu “milli” cümhuriyyətlər görünməz şeylər cinsindəndir. Türklüyün ana vətənini parçalayıb loxma-loxma udmaq üçün aparılan bu ayrı-ayrı “milli” cümhuriyyətləri ancaq və ancaq bolşeviklər görə bilir. Mən isə bu “milli” cümhuriyyətlərin yerində məzlum və məhkum müstəmləkələrdən başqa bir şey görmədim və bu kimi məhkum müstəmləkələrdən Azərbaycanda doğuldum, Dağıstanda da sürgün həyatı yaşadım.

Bu qədər… Daha sonra:

Məni Cavadın şagirdi, cavadçı, müsavatçı deyə ittiham etdiniz. Rus nökəri Mustafa Quliyev də vaxtilə mənə “Müsavatçılara aşiqdir” deyirdi. Rusun quyruğu olan Əkrəm Cənabın da “Cavadı sevən və onun məfkurəsini tərənnüm edən belə ağızlara bolşevik yumruğu vurulmalıdır” deyə mənə hücum etdiyi də gərək ki, sizlərə məlum olsun…

Fəqət, bunu da bilməliydiniz ki, mən ölkədə olan zaman heç vaxt Müsavat firqəsinə mənsub olmadığım kimi, heç vaxt da Müsavat şairi dediyiniz Cavaddan belə bir öyüd də almamışdım. Məni müsavatçı və cavadçı edən vücuda gətirdiyiniz şəraitdir. Lakin bu, sizlərin həmişə istifadə etdiyiniz üsuldur. Müsavat firqəsinə mənsub olanları təhqir və söyüşlərlə ləkələyir, hər hansı bir milli hərəkatla da bildiyiniz dillə danışırsınız. Əcəba, vaxtilə sizə satılmış Xanbudaqov, Axundov və Həbib Cəbiyevlər də Cavaddan, yaxud Müsavatdanmı öyüd almışdılar? Siz az qala rejiminizə qarşı olanları da müsavatçı kimi qınayacaqsınız. Halbuki, nə baş vermişdi? Kommunist Xanbudaqov Azərbaycan üçün “Bura Türk ölkəsidir” demişdi, kommunist Ruhulla Axundov Azərbaycana “meymunlar cümhuriyyəti”dir deyən bir rusa qarşı çıxmışdı, Həbib Cəbiyev isə Azərbaycanı rəzilcəsinə təhqir edən rus müstəmləkəçisinə şillə vurmuşdu. Və digər kommunist və komsomol olan azərbaycanlılardan kimlər, nələr, nələr ediblər. Hər halda siz də əmin idiniz ki, onların heç biri müsavatçı olmadığı kimi cavadçı da deyildilər. Mənə görə, onların sizə qarşı üsyan bayrağı qaldıraraq, təbii olaraq milli yola, milli mücadiləyə sövq edən ən mühüm amil, kommunistlərin Azərbaycan və başqa əsarətdə olan ölkələrdə yaratdıqları yolsuzluqlar, qanlar, zülümlər, yalanlar və tətbiq etdikləri istismar və aparılan assimiliyasiya siyasəti olub. Bunu siz də inkar etmirdiniz, siz də bilirdiniz ki, işçiləri xilas etmək adı altında yalan vədlərlə bolşeviklərin Azərbaycan, Türküstan və bu kimi əsir ölkələrdə irəli sürdükləri “Lenin milli siyasəti”nin nəticəsi olaraq ortaya çıxan bu milli mücadilə yalnız və yalnız məbəd deyə tapındığınız Moskvaya qarşı son və qəti bir savaşdır. Azərbaycanda, Dağıstanda və Türküstanda olduğum vaxtlarda yaxından tanıyıb ünsiyyət qurduğum bir çox Türk kommunist və komsomolçuların bu milli mücadiləni tanıdıqlarına görə, adlarını və sevgilərini xatirəmdə yaşadıram. Sizlər isə “Leninin milli siyasəti” kimi yalan şüarlarla müstəmləkəyə çevrilmiş vətəniniz üçün məsləkdaşlarınız olan onlar qədər də ola bilmədiniz!..

Sonra da belə yazırdınız:

“Almas Türküstanı çox sevir, çünki burada rahatlıq tapmışdı. Azərbaycanda, Dağıstanda ona bu rahatlığı verməmişdilər, ona görə də istədiyini yazır…”

Necə olur ki, bilmirsiniz, kommunist mətbuatında hər hansı bir şair, yazıçı istədiyini yaza bilməz. Kommunist yazıçılar hakim rus kommunist firqəsinin istək və tələblərini, milli mücadilə cəbhəsinə mənsub olan yazıçılar da hər zaman olduğu kimi yurdunun, millətinin, xalqının dilək və istəklərini yazırlar. Mən də bu sonuncuların etdiklərini etdim. Açıq yazmasam da, “Amudəryanın aşıb-daşmasını, dağların dilə gəlməsini” istədim. Vətənimə və millətimə olan yanğı və gizli çağırışlarımı siz də anladığınız üçün çox məmnun oldum “dostum”. Sizə qarşı yalançı olmayıb qəti təklifinizə, kommunist senzuralı bülletenlər vasitəsilə yox, həqiqi, milli bir mətbuat vasitəsilə cavab verdiyimə görə nə qədər məmnun olduğumu bir biləydiniz. Bu da sizə söyləyəcəyim son sözüm.

Azərbaycanlı Almas İldırım”

“Kurtuluş” dərgisi, 12-ci say, 1935

Ücretsiz ön izlemeyi tamamladınız.

₺55,69

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
100 s. 1 illüstrasyon
ISBN:
978-995-255-791-6
Telif hakkı:
Hədəf nəşrləri