Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bəhlul Danəndə lətifələri», sayfa 2

Kollektif
Yazı tipi:

BƏHLUL VƏ MƏMURLAR

Günlərin birində Harun-Ər-Rəşidin məmurları Bəhlulu tutub xəlifənin yanına gətirirlər ki, bəs bu adam şəhərdə şaiyə yayır ki, guya sən ölübsən. Xəlifə bərk qəzəblənib Bəhluldan soruşur:

– Sən nəyə görə belə şaiyə yayırsan?

Bəhlul deyir:

– Sənin məmurların xalqa yaman divan tuturlar, onların bu zülmünə baxıb belə qərara gəldim ki, yəqin xəlifə ölüb, ona görə də bunlar belə azğınlaşıb hədlərini aşıblar.

ALLAH O QƏDƏR DƏ İNSAFSIZ DEYİL

Harun-Ər-Rəşid xalq içərisində özünü öyüb deyir:

– Gərək siz mənə gecə-gündüz dua edəsiniz ki, mənim vaxtımda ölkədə vəba kimi qorxulu xəstəlik baş verməyib.

Bəhlul gülüb deyir:

– Ya xəlifə, Allah o qədər də insafsız deyil ki, bir ölkəyə iki bəlanı birdən verə. Səni bu ölkəyə xəlifə göndərib, elə bu kifayət deyilmi?

ŞAH VƏ BƏHLUL

Bəhlul bir gün yolun kənarında oturubmuş. Padşah adamları ilə gəlib buradan keçəndə Bəhlulu görüb vəzirinə deyir:

– Vəzir, istəyirəm ona söz atam, görüm cavab verə bilərmi?

Vəzir deyir:

– Şahım, mən məsləhət görmürəm. Çünki o, söz altında qalan deyil.

Padşah deyir:

– Eybi yoxdur, deyəcəyəm.

Padşah yanaşıb əvvəlcə Bəhluldan xəbər alır ki, bəs sən kimsən? Buralarda nə eləyirsən?

Bəhlul cavab verir ki:

– Mən heç kiməm, heç nə də eləmirəm. Bəs sən kimsən?

Padşah deyir:

– Mən şaham.

Bəhlul deyir:

– Bəs səndən böyük kim var?

Padşah deyir:

– Heç kim. Bəhlul fürsəti əldən verməyib deyir:

– Deməli, mən səndən böyüyəm.

Padşah deyir:

– Mən nə əmr eləsəm, sözsüz-söhbətsiz hamı onu qəbul eləyir, kimi istəsəm asdıraram, haranı istəsəm darmadağın etdirərəm. Adımı eşidəndə hamı tir-tir əsir.

Bəhlulun oturduğu yerdə çoxlu milçək varmış, ona rahatlıq vermirmiş. Odur ki, deyir:

– İndi ki belə böyük adamsan, əmr elə bu milçəklər məni incitməsinlər.

Padşah pərt olub yoluna davam edir.

HEÇ ÖLÜ DƏ DİRİLƏRMİ?

Xəlifənin məmurlarından biri camaata çox zülm edirmiş. Cana döymüş adamlar bir gün onu tutub öldürürlər. Bu hadisədən qəzəblənən xəlifə həmin adamların yaşadığı kəndin əhalisinə olmazın divan tutur. Sonra onlara qırx gün möhlət verir ki, məmuru diriltsinlər.

Camaat bilmir nə etsin. Axırda Bəhlulun yanına bir neçə adam göndərib ondan kömək istəyirlər.

Bəhlul gələn adamlara deyir:

– Gedin evinizə, mən tədbir görərəm.

Səhər açılan kimi Bəhlul durub xəlifənin yanına gedir. Xəlifə, Bəhlulu görən kimi soruşur:

– Qardaş, çoxdandır mənim yanıma gəlmirsən, xeyir ola, nə xəbər var?

Bəhlul gülə-gülə deyir:

– Qardaş, sənə şad xəbər gətirmişəm. Xəlifə sevincək deyir:

– Bəhlul, nə olub, nə xəbər gətirmisən?

Bəhlul deyir:

– Qardaş, ata-anamız dirilib gəlirlər.

Xəlifənin kefi pozulur, qardaşının yenə də ağıllanmadığına təəssüflənir. Bəhlul isə halını pozmadan deyir:

– Qardaş, kefin niyə pozuldu?

Xəlifə deyir:

– Ay divanə, heç ölən adam da dirilərmi?

Bəhlul deyir:

– Ey Bağdadın "ağıllı" xəlifəsi, bəs onda camaata niyə əmr vermisən ki, sənin ölmüş darğanı diriltsinlər?

GÖR SƏNİ NƏ QƏDƏR DÖYƏCƏKLƏR

Xəlifə bir gün başqa otaqda vəzir ilə söhbət eləyəndə Bəhlul onun taxtına çıxıb yerində oturur. Xəlifənin saray xidmətçiləri başlayırlar onu döyə-döyə taxtdan düşürtməyə. Bəhlul başlayır ağlamağa. Xəlifə gəlib görür ki, Bəhlul ağlayır, soruşur ki, qardaş, niyə ağlayırsan?

Bəhlul deyir:

– Sənin taxtında cəmisi beşcə dəqiqə oturduğum üçün məni belə döydülər. İndi sənin halına ağlayıram ki, neçə illərdir bu taxtda oturursan, vaxtı çatanda gör səni necə döyəcəklər!

MOLLANIN TAMAHI

Molla bir qoca qarıdan on tümən borc alır. Aylar keçir, il ötür, borcu qaytarmır. Qarı nə qədər yalvarır ki, pulumu ver, molla müxtəlif bəhanələr gətirir ki, bəs bilmirəm səndən pul almışam, ya almamışam. Qarının əlacı kəsilir, mollanı da götürüb qazının yanına şikayətə gedir. Yolda Bəhlula rast gəlirlər. Qarı başına gələn əhvalatı ona söyləyir.

Bəhlul üzünü mollaya tutub deyir:

– Molla əmi, görürsən ki, qarının heç kimi yoxdur, yazıq adamdır, on tümən nədir ki, onu vermirsən? Gəl sənə elə bir xəzinə göstərim ki, ömrünün axırına kimi yesən, qurtarmasın.

Molla deyir:

– Haradadır o xəzinə?

Bəhlul əli ilə bir təpəni göstərib deyir:

– O təpəni görürsənmi? Onun dibində bir mağara var, içində də qırx küp qızıl. Gir içəri, nə qədər istəyirsən götür.

Molla qızıl adını eşidən kimi qarının on tümənini verib tez təpəyə tərəf qaçır. Bəhlul da qarğı atını minib "Ah, tamah, ah, tamah!" deyə-deyə gedir.

Molla təngnəfəs gəlib təpənin dörd tərəfini nə qədər axtarırsa, heç nə tapmır. Özünün aldadıldığını bilib kor-peşman evinə qayıdır.

BƏHLULUN YUXUSU

Günlərin birində Bəhlul yolla gedərkən ona bir kişi rast gəlir. Kişi deyir:

– Ay Bəhlul, mənim bir qədər pulum var, özüm də uzaq yerə səfərə gedirəm, pulu da evdə qoymağa ürəyim gəlmir. Səndən məsləhət istəyirəm, pulu kimin yanında qoyum?

Bəhlul deyir:

– Pulu elə adama tapşır ki, nə kor olsun, nə də çolaq.

Kişi Bəhluldan ayrılıb şəhəri gəzə-gəzə gəlib çıxır bir dükana, görür ki, dükanda bir nəfər oturub. Kişi öz-özünə deyir: "Yaxşı oldu, pulu verərəm saxlasın, yaxşı adama oxşayır".

Kişi içəri girib ədəb-ərkanla dükançıya salam verir, dərdini ona söyləyir. Tacir kişini dilə tutub pulları alır. Kişi fikirləşir ki, bu nə kordur, nə də topal, əsl Bəhlul deyəndir, yaxşı oldu ki, pulu buna verdim. Kişi bu fikirlə qapıdan çıxanda piştaxtanın böyründən görür ki, bunun bir qıçı yoxdur, tez qayıdıb pulunu geri istəyir, tacir deyir:

– Kişi, nə pul, nə zad, çıx get burdan.

Kişinin əli yerdən-göydən üzülür, bilmir neyləsin. Başına-gözünə döyə-döyə gəlir Bəhlulun yanına. Əhvalatı ona söyləyir.

Bəhlul deyir:

– A kişi, sənə demədimmi pulunu çolaq adama vermə?

Kişi deyir ki, dükançının çolaq olduğunu bilməyib. Bəhlul görür ki, iş işdən keçib, odur ki, deyir:

– Kişi, indi mən gedib dükanda həmin adamla söhbət eləyəcəm, hər beş dəqiqədən bir içəri girib mənim yanımda ondan pulunu istəyərsən, nə qədər sənə acıqlansa da, pulunu almamış əl çəkməzsən.

Bəhlul gedir dükana, salam verib deyir:

– Tacir ağa, sənə elə bir sirr açacağam ki, heç olmayan kimi.

– Bəhlul, söhbət nədən gedir?

Bəhlul deyir:

– Yeddi küp qızıldan.

Qızıl sözünü eşidən kimi tacirin gözləri hədəqəsindən çıxır, elə bilir ki, Bəhlul da qızılları ona saxlamağa gətirəcək, odur ki, deyir:

– Bəhlul, söylə görək bu nə əhvalatdır?

Bəhlul deyir:

– Ağa tacir, bu gecə yerimdən durub yolnan gedirdim, o qədər getdim ki, bir də başımı qaldırıb gördüm şəhərin kənarında bir mağaranın qabağındayam. Mağaranın içinə girib gördüm…

Elə bu vaxt kişi dükana girib tacirdən pulunu istəyir. Tacir onu qovur ki, nə pul, rədd ol burdan. Kişi çıxıb dükanın dalında gizlənir ki, bir azdan yenə gəlib pulunu istəsin.

Bəhlul sözünə davam edir:

– Hə, tacir ağa, mağaranın içinə girib gördüm ki, bir qızı saçından asıblar. Qız məni görən kimi dedi: – Ey oğlan, nə yaxşı oldu ki, sən bura gəldin. Mən neçə ildir sənin yolunu gözləyirdim. Sonra qız barmağından bir üzük çıxarıb verdi mənə, dedi: – Bil və agah ol ki, bu üzüyün qiyməti yoxdur. Bütün padşahların xəzinəsini bir yerə yığsan, yenə də bu üzük onlardan qiymətlidir.

Bu vaxt kişi yenə içəri girib pulunu istəyir. Tacir yenə onu qovub dükandan çıxardır.

Bəhlul deyir:

– Qız üzüyü mənə verib belə dedi: – Bax mənim ömrüm tamamdır, bir azdan sonra ölüb gedəcəyəm, mənim heç kimim yoxdur, özümün də yeddi küp qızılım var. O da bax, bu palazın altındadır, çıxarıb apararsan, məni də həmin qızılları çıxartdığın yerdə dəfn edərsən. Qız sözünü deyib canını tapşırdı, mən də yeddi küp qızılı çıxardıb qızı orda dəfn elədim. Sonra öz-özümə dedim ki, bəs bu qədər qızılı harada saxlayacağam, gərək elə bir etibarlı adam tapım ki, özgənin pulunu yeyən olmasın, verim ona, saxlasın.

Elə bu vaxt kişi içəri girib deyir:

– Tacir qardaş, mənim pulumu ver.

Tacir bu dəfə də kişini qovmaq istəyəndə Bəhlul deyir:

– A kişi, axı sən bu tacirdən nə istəyirsən, o elə təmiz adamdı ki, heç kimin pulunu yeməz. Bu nə davadır çəkirsən?

Kişi ağzını açır ki, əhvalatı söyləsin. Tacir görür ki, bunun pulunu verməsə Bəhlul qızılları ona tapşırmayacaq. Odur ki, kişinin pulunu verir. Kişi pulunu alıb dükandan çıxan kimi Bəhlul deyir:

– Hə, tacir qardaş, mən elə bu fikirdəydim ki, qızılları gətirəm sənin yanına, küplərin axırıncısını atın belinə qoyurdum ki, həmin küp əlimdən yerə düşüb parça-parça oldu. Qızıllar ətrafa səpələndi. Küp yerə düşəndə guppultusuna elə diksindim ki, bir də baxıb gördüm, əşi nə qızıl, nə küp, bunların hamısını yuxuda görürmüşəm! İndi də sənin yanına elə ondan ötrü gəlmişəm ki, bu yuxunu yozasan, görək mənası nədir?

Tacir Bəhluldan bu sözləri eşidəndə cin vurur beyninə, kişinin pulunu verdiyinə bərk peşman olur. Bəhlulu söyüb dükandan qovur.

BƏHLULUN BƏZİRGANLARA BEHİŞT SATMASI

Günlərin birində Bəhlul bazarda üç qarğını baş-başa bağlayıb, üstünə də bir keçə parçası atıb çadır düzəldir. Özü də girib çadırın içində kef-damaqla qəlyan çəkir.

Uzaq ölkələrdən ticarətə gələn bir dəstə bəzirgan bazarın lap ortasında qurulmuş bir qarğı mərəyini görüb yaxına gəlirlər, baxırlar ki, Bəhlul burada bir kefdədir, gəl görəsən.

Bəzirganlardan biri xəbər alır ki, Bəhlul, bu nə həngamədir düzəldibsən?

Bəhlul deyir:

– Bu, behiştdir, özü də satıram.

Bəzirganlar qəhqəh çəkib gülürlər. Soruşurlar ki, de görək, sənin bu behiştinin qiyməti nədir?

Bəhlul deyir:

– Yüz tüməndir!

Bəzirganlar bir-birinin üzünə baxıb daha bərkdən gülürlər ki, Bəhlul dəli olub. Bəzirganbaşı deyir:

– Bəhlul, cəhənnəmə getməyə razı olaram, amma sənin bu behiştinə o qədər pul vermərəm.

Bəhlul deyir:

– Əgər siz yalvara-yalvara bu behiştə yüz tümən verməsəniz, onda mənə nə istəsəniz deyərsiniz. Bəhlul bilirdi ki, bəzirganlar mallarını satandan sonra geri qayıdacaqlar, özü də yolları elə yerlərdən düşəcək ki, orda daldalanmağa bir yer yoxdur. Hər yan qumlu cəzirədi, yayın günəşi bunların beyninə vurduqca başlarını soxmağa bir toyuq hinini də satın alacaqlar. Odur ki, ata minib, qarğılarını və keçə parçasını götürüb, yollandı həmin yerə. Bəzirganların keçəcəyi yolun üstündə qarğı mərəyini qurub girdi içinə.

Aradan bir xeyli keçdi, bəzirganlar mallarını satıb geri qayıtdılar. Yolda bərk istiyə düşdülər. Bir yer tapmırdılar ki, başlarını ora soxub nəfəs boğan bürküdən canlarını qurtarsınlar.

Bəzirganlar bir də baxıb gördülər ki, budur, Bəhlul, burda, çadırın içində qəlyan çəkir. İstədilər girsinlər içəri, Bəhlul qoymadı. Axırda bəzirganbaşı dedi:

– Bəhlul, on tümən verək, bizi çadıra burax.

Bəhlul dedi:

– Yox.

Dedilər otuz tümən verək, əlli tümən verək. Bəhlul yox deyib durdu ki, yüz tüməndən bircə qəpik də əksik olmaz.

Bəzirganlar baxdılar ki, axşama az qalır, bir-iki saat da dözsələr sərin düşər, odur ki, pulu canlarından artıq bilib başladılar yol getməyə.

Bu dəfə də Bəhlul atını minib kəsə yolla onları qabaqladı. Gəlib bir dərya kənarına çıxdı. Bu yerin iqlimi elə idi ki, hər gün yağış yağırdı, daldalanmağa isə bir yer yox idi. Bəhlul çadırını burada, yol qırağında qurdu. Bəzirganlar ora çatanda bərk yağış yağdı, yolçuları möhkəmcə islatdı. Gördülər ki, bir az da belə getsə, tamam şil-şüt olacaqlar. Gəlib çıxdılar Bəhlulun çadırının yanına, tez özlərini içəri salıb dedilər:

– Bəhlul qardaş, al bu yüz tüməni, behişti ver bizə.

Bəhlul bəzirganlardan yüz tümən alıb çadırı verdi onlara.

DƏMİR AL, KÖMÜR AL

Günlərin birində bir nəfər Bəhlulun yanına gəlib soruşur:

– Danəndə Bəhlul, mən nə alım, nə satım ki, varlanım?

Bəhlul deyir:

– Get dəmir al, kömür al, vur anbara, üstünə də su səp. Bir il qalsın sonra çıxart sat.

Kişi Bəhlulun dediyi kimi eləyir. Üstünə su səpilmiş dəmirlə, kömür rütubət çəkir, ağırlaşır. Kişi satıb xeyli qazanır. Bu qədər qazanc kişini qudurdur, heç kimi saymır, hətta Bəhlula da salam vermək istəmir. Aradan bir müddət keçəndən sonra həmin kişi Bəhlulu dayandırıb yenidən soruşur:

– Ə, Divanə Bəhlul, indi nə alıb-satım ki, yenə xeyli qazanım?

Bəhlul deyir:

– Soğan al, sarımsaq al, vur anbara. Üstünə də su səp. Bir il qalsın, sonra satarsan.

Kişi obaları, kəndləri gəzib nə qədər soğan, sarımsaq var, hamısını alıb doldurur anbara, üstünə də su səpir. Aradan bir il keçir, soğanın, sarımsağın hamısı göyərib xarab olur, çürüyür. Kişi böyük ziyana düşür, qəzəblənib başılovlu Bəhlulun yanına gedir.

– Bəhlul, birinci dəfə mənə ağıllı məsləhət vermişdin, xeyli qazancım oldu, amma ikinci dəfə ağıllı məsləhət vermədin, sözünə baxdım, xeyli ziyana düşdüm!

Bəhlul deyir:

– Sən birinci dəfə gələndə dedin ki, Bəhlul Danəndə, mən də sənə danəndə kimi ağıllı söz dedim. İkinci dəfə gələndə mənə Bəhlul divanə deyə müraciət elədin. Mən də sənə divanə kimi məsləhət verdim.

SƏNDƏN BƏHLUL OLMAZ

Bir tacir Bəhlulun şöhrətini eşidib istəyir onun kimi olsun. Axtarıb Bəhlulu tapır, istəyini ona danışır.

Bəhlul deyir:

– Bu fikrə düşmək istəyən gərək ölümündən qorxmasın, həqiqəti danışsın, xalqın qeydinə qalsın, səxavətli olsun, var-dövlət, şöhrət dalınca qaçmasın.

Tacir deyir:

– Bu dediklərinin hamısına əməl edərəm.

Bəhlul deyir:

– Onda get bütün var-dövlətini gətir bura.

Tacir bütün varını satıb, qızıla çevirir, bir dağarcığa doldurub gətirir. Bəhlul dağarcığı alıb atır dəryaya. Tacir bu hadisəyə heyfslənir, Bəhlula deyir ki, niyə belə elədin?

Bəhlul deyir:

– Səndən Bəhlul olmaz. Tacir cavab verir ki, mən qızıla heyfsilənmirəm, istəyirdim o sənə qismət olsun.

Bəhlul deyir:

– Sənə dedim ki, mən pul düşkünü deyiləm.

Bəhlul taciri də götürüb başqa bir məmləkətə gedir. Hər ikisi acırlar.

Tacir deyir:

– Ay Bəhlul, cibimizdə bir qəpik pulumuz yoxdur, indi biz nə yeyəcəyik?

Bəhlul deyir:

– Bu yerlərdə hər şey pulsuzdur. Sənə nə lazım olsa, get bazara, salavat çevir, nə istəsən verəcəklər.

Tacir belə də eləyir. Bir salavat çevirən kimi hər nə lazımdırsa götürüb gətirir. Tacir baxıb görür ki, bura qalmalı, kef çəkməli yerdir, bir ev tapıb qalır o şəhərdə. Aradan bir müddət də keçir, tacir gedib Bəhlula deyir:

– Mən bu qərib yerdə darıxıram, istəyirəm evlənəm, nə edim, yol göstər.

Bəhlul deyir:

– Bu şəhərin adəti belədir ki, bazardan bir alma almalısan, cümə günü çıxmalısan şəhərin kənarındakı dağın başına, şəhərin bütün qızları bir-bir gəlib sənin qabağından keçəcəklər, hansı qızdan xoşun gəlsə, almanı ona atarsan. Qız almanı götürsə, bil ki, sənə ərə getməyə razıdır. Onda qolundan tutub apararsan evinə, olar sənin arvadın.

Tacir elə o günü bazardan bir alma alıb, gedir Bəhlulun dediyi həmin dağa, görür doğrudan da, qızlar bir-bir gəlib keçirlər. Onların içində birisini bəyənib almanı atır ona, qız o saat almanı götürür. Tacir qızın qolundan tutub aparır evinə. Qız evə girən kimi deyir:

– Mən sənə arvad olaram, amma iki şərtim var. Birincisi odur ki, izafi xərc eləməyəsən. İkincisi də özgənin işinə qarışmayasan. Əgər şərtlərimi pozsan, demək, iradəsiz adamsan, onda çıxıb gedəcəyəm, daha bir də məni tapa bilməyəcəksən.

Tacir söz verir ki, dediklərinə əməl edəcək… Bir gün tacir arvadına tapşırır ki, axşam plov bişirsin. Evdə hər şey olduğundan arvad plov bişirir. Tacir bazardan gələndə yolda qəşəng bir quzu görür, bir salavat çevirib quzunu alır. Evə gələndə arvadı deyir:

– A kişi quzunu neyləyirdin, niyə alıbsan?

Tacir deyir:

– Çox xoşuma gəldi, dedim bunu da qoyarsan plovun başına.

Arvad deyir:

– A kişi, evdə ət ola-ola neyləyirdin izafi xərci, axı mən sənə deməmişdimmi ki, izafi xərc eləmə?!

Kişi deyir:

– Buna pul verməmişəm, bir salavata almışam.

Arvad deyir:

– Salavat bizim yerlərdə puldan da qiymətlidir.

Aradan bir gün keçmiş kişi çıxıb küçədə bir az hərləndikdən sonra içəri girib deyir:

– Arvad, məəttələm, bu camaat hara gedib, küçədə bir nəfər də yoxdur, özü də hava yaman qaralıb, deyəsən, yenə yağış yağacaq.

Arvad ərindən bu sözləri eşidən kimi deyir:

– Kişi, mən sənə deməmişdimmi özgənin işinə qarışma?! Sən mənim ikinci şərtimi də pozdun. Deməli, sözünün üstündə dura bilməyən iradəsiz, hamının işinə qarışan bir adamsan. Məndən sənə arvad olmaz.

Arvad sözünü qurtarıb gözdən itir. Tacir nə qədər axtarırsa, arvadını tapa bilmir. Məcbur olur Bəhlulun yanına gedib əhvalatı ona söyləsin. Yolda görür ki, bir adam başqasını döyür. Döyülən adam bərk haray-həşir salır. Tacir onun harayına fikir verməyib yoluna davam edir. Döyülən adam döyənin əlindən birtəhər qaçıb tacirin yanına gəlir, ona belə deyir:

– Qardaş, heç insafın yoxmuş, səni köməyə çağırırdım, barı bir-iki kəlmə söz deyəydin ki, məni döyməyəydi.

Tacir deyir:

– Mənə öyrədiblər ki, heç kimin işinə qarışmayım.

Döyülən adam deyir:

– Kişi, sən düz başa düşməyibsən. Sənə deyiblər ki, adamların daxili işinə qarışma, daha deməyiblər ki, birisi haqsız yerə döyülərsə, yanından gözünü yumub keçəsən.

Qərəz, tacir Bəhlulun yanına gəlib başına gələnləri ona danışır. Bəhlul taciri də götürüb dərya kənarına gedir, qızılla dolu dağarcığı sudan çıxardıb ona qaytarır, özünə də belə deyir:

– Mən sənə demədimmi səndən Bəhlul olmaz?!

Ücretsiz ön izlemeyi tamamladınız.

₺48,23

Türler ve etiketler

Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
73 s. 6 illüstrasyon
ISBN:
9789952240719
Telif hakkı:
Altun Kitab / Алтын Китаб
Metin
Средний рейтинг 4,5 на основе 4 оценок
Metin
Средний рейтинг 5 на основе 4 оценок
Metin PDF
Средний рейтинг 4,7 на основе 3 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 4,3 на основе 7 оценок
Metin
Средний рейтинг 4,9 на основе 8 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 4 на основе 1 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
444
Kollektif
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 1 оценок